Əlaqə vasitələri

Əsl müxalifətçi ailəsinə “Koronavirus (COVID-19) yardımı” verməmək üçün rejimin alçaqlığı barədə. Gərəyiniz olar!

Bakı Apellyasiya Məhkəməsinin

İnzibati Kollegiyasına

Iddiaçı: Məmmədova Günel Qurban qızı

Ünvanı: iddia ərizəsində olduğu kimi

Əlaqə tel: iş materiallarında olduğu kimi

Bakı İnzibati Məhkəməsinin

(Hakim: Nəriman Abıyev)

2-1(112)-5644/2021 saylı

 08.09.2021-ci il tarixli Qərarına dair

APELLYASİYA ŞİKAYƏTİ

Mübahisənin predmeti və işin faktiki vəziyyəti

Hörmətli hakimlər!

Mən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə 07.01.2021 -ci ildə elektron qaydada ərizə ilə, 12.01.2021-ci ildə isə poçt vasitəsi ilə ərizə göndərərək,  qanunla dövlətim tərəfindən mənə ödənilməli olan aylıq  190 manatın, ödənilməmiş bütün aylar üzrə hesablanaraq ödənilməsini tələb etdim.

Cavabdeh mənim tələbimi rədd etdi və mövqeyini də belə əsaslandırdı ki, mən ailəliyəm və həyat yoldaşım Məmmədov Natiq Əziz oğlunun (FİN: 1D2EWPN) “Əmək müqaviləsi bildirişi” alt sistemində 14.09.2009-cu il tarixində bağlanılmış 1D2EWPN000102 nömrəli və hal hazırda qüvvədə olan aktiv əmək müqaviləsi olması səbəbindən,  Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş sözügedən Qaydanın 2.3.9-cu bəndinə əsasən, mənə qeyd edilən birdəfəlik ödəmə verilməməlidir.

Mən Bakı İnzibati Məhkəməsinə müraciət etdim və Məmmədov Natiq Əziz oğlu ilə aramızdakı nikahın 11 il əvvəl pozulduğunu sübut edən AZ-I 110391 №-li “Nikahın pozulması haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətini məhkəməyə təqdim etdim. Həmin sənədlə sübut edilir ki, Məmmədov Natiq Əziz oğlu ilə Məmmədova Günel Qurban qızı arasında olan nikah ləğv edilmişdir və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2010-cu ilin 05-ci ayının 05-ci günündə 98 № ilə qeyd edilmişdir.

Hətta məhkəməyə AZ-I seriyalı 301544 №-li nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətini təqdim etməklə sübut etdim ki, mən nəinki Məmmədov Natiq əziz oğlu ilə evil deyiləm, hətta ikinci dəfə ailə qurmuşam və o ailəm də dağılıb və mən dul qadınam. Həmin sənədlə də sübut edilir ki, Muradov Cəsarət Süleyman oğlu ilə Məmmədova Günel Qurban qızı arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2018-ci ilin 09-cu ayının 19-cu günündə 289 № ilə qeyd edilmişdir.

Cavabdeh isə icra hakimiyyət orqanının elektron informasiya ehtiyatından əldə etdiyi və  mənə aid olmayan hansısa məlumatlara əsaslanaraq mənim qanuni tələbimi icra etməkdən imtina edib.

Bakı İnzibati Məhkəməsi ona təqdim edilən rəsmi sənədlər və mötəbər sübutlar  əsasında qanuna uyğun qərar qəbul etmək əvəzinə,  cavabdehə vəkillik edib  iddia tələblərindən kənara çıxaraq, mənə yardım verilməməsi üçün öz təşəbbüsü ilə müxtəlif sorğular verdi və “müəyyən etdi” ki, sən demə mən nəinki evliyəm, hətta mənim Respublikanın müxtəlif yerlərində, o cümlədən: Kürdəmir rayonu, Atakişili kəndində ümumi birgə mülkiyyətimdə 0,03 həyətyanı torpaq sahəsi, Kürdəmir rayonu, Qarasaqqal kəndində ümumi birgə mülkiyyətimdə 0,24 ha və 0,51 ha həyətyanı torpaq sahəsi varımdır və bu məlumatlara əsaslanaraq iddiamı rədd etdi.

Hakim Nəriman Abıyev öz Qərarında müxtəlif qanunlardan bol-bol sitatlar gətirib qərara guya savadlılıq donu biçdikdən sonra mövqeyini  belə “əsaslandırıb” :

  1. “MAS tərəfindən iddiaçının məlumatlarının təhlili zamanı Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrində evli kimi qeyd olunmuşdur və əri Məmmədov Natiq Əziz oğlu (FİN: 1D2EWPN) “Əmək müqaviləsi bildirişi” altsistemində 14.09.2009-cu il tarixində bağlanılmış 1D2EWPN000102 nömrəli və hal hazırda qüvvədə olan aktiv əmək müqaviləsi olması səbəbindən Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş sözügedən Qaydanın 2.3.9-cu bəndinə əsasən iddiaçıya birdəfəlik ödəmənin verilməsindən imtina olunmuşdur.”
  • “İşsiz şəxslərə birdəfəlik ödənişin verilməsi zamanı vətəndaşlarla bağlı məlumatlar müvafiq qaydada digər icra hakimiyyət orqanlarının elektron informasiya sistemlərindən əldə olunur. Məmmədova Günel Qurban qızı ilə bağlı məlumatlar da müvafiq qaydada icra hakimiyyət orqanının elektron informasiya ehtiyatından əldə olunan məlumatlara əsasən yoxlanmış və şəxsin yuxarıda qeyd edildiyi kimi evli olduğu müəyyən edilmişdir.”
  • “Həmçinin iş araşdırılan zaman müəyyən edilmişdir ki, iddiaçı Məmmədova Günel Qurban qızı kənd təsərrüfatına yararlı pay torpaq mülkiyyətçisidir.”
  • “İddiaçı hazırki tələblə cavabdeh inzibati orqana müraciət etdiyi zaman Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrində evli kimi qeyd olunduğundan və əri Məmmədov Natiq Əziz oğlunun (FİN: 1D2EWPN) “Əmək müqaviləsi bildirişi” altsistemində 14.09.2009-cu il tarixində bağlanılmış 1D2EWPN000102 nömrəli və qüvvədə olan aktiv əmək müqaviləsi olması səbəbindən, həmçinin iddiaçının mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq aztəminatlılıq meyarına cavab verməmiş, bu səbəbdən birdəfəlik ödəməni almaq hüququ yaranmamışdır.”
  • İnzibati Prosessual Məcəlləsinin  68.1-ci maddəsininə əsasən,  “mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında” bu qərarı qəbul etmişdir.

                              Apellyasiya şikayətinin əsaslandırılması.

Möhtərəm hakimlər!

  1. Hakim Nəriman Abıyevin bir insan kimi normal olmasına məndə şübhə var. belə xəstə adamların hakim işləməsi yol verilməzdir. Çünki adam görür ki, öz əlində tutub oxuduğu rəsmi dövlət sənədində göstərilib ki, Məmmədova Günel Qurban qızı ailəli deyil, Məmmədov Natiq Əziz oğlu ilə onun nikahı pozulub və bu rəsmi dövlət orqanlarında qeydə alınıb. Hakim Nəriman Abıyev Qərarda özü bu barədə yazıb və iki cümlə sonra da yazıb ki, yox, hansısa sənədə əsasən, Məmmədova Günel Qurban qızı Məmmədov Natiq Əziz oğlu ilə evlidir və sonuncunun aktiv olan əmək müqaviləsi var. Psixiatr həkimlərin dediyinə görə, bir-birinə zidd olan iki fikrin bir başda olması şizofreniya əlamətidir.
  • Hakim Nəriman Abıyev öz Qərarında Məmmədova Günel Qurban qızının mülkiyyətində müxtəlif ünvanlarda (Kürdəmir rayonu, Atakişili kəndində 0,03 həyətyanı torpaq sahəsi, Kürdəmir rayonu, Qarasaqqal kəndində  0,24 ha və 0,51 ha həyətyanı torpaq sahəsi) torpaq sahələrinin olması barədə yazır.  Lakin həmin torpaq sahələrinin məhz mən Məmmədova Günel Qurban qızına məxsus olub-olmadığını sübut edən heç bir rəsmi sənədə, sübuta əsaslanmır. Halbuki, hakim Nəriman Abıyevin istinad etdiyi   Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 213020741011 №li 22 iyul 2021-ci il tarixli məktubla bildirilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən təqdim edilən məlumata əsasən Məmmədova Günel Qurban qızının adına Kürdəmir rayonu, Atakişili kəndində ümumi birgə mülkiyyətində 0,03 həyətyanı torpaq sahəsi, Kürdəmir rayonu, Qarasaqqal kəndində ümumi birgə mülkiyyətində 0,24 ha və 0,51 ha həyətyanı torpaq sahəsi vardır. Lakin, elektron məlumat bazasında və arxiv sənədlərində vətəndaşın təvəllüdü barədə məlumat olmadığından həmin şəxs olub-olmamasını dəqiqləşdirmək mümkün olmamışdır.” 

Möhtərəm hakimlər!

Vətəndaşlar dövlət orqanlarının fəaliyyətindəki nöqsanlara görə məsuliyyət daşımırlar və buna görə onların hüquqları pozulmamalıdır. Hansısa dövlət orqanı, indiki halda DƏDRX öz işini lazım olan səviyyədə qurmayıbsa, daşınmaz əmlaka dair qeydiyyat sənədlərində vətəndaşlar haqqında məlumatlar natamam (təvvəllüdü, ata-anasının adı, əlavə şəxsi məlumatlar və s.) və ya qeyri-müəyyəndirsə, buna görə vətəndaşlar əziyyət çəkməməlidirlər. Bu, dövlətimizin ayıbıdır, Günel Məmmədovanın  günahı deyil.

  • Nəhayət, əgər hakim dövlət orqanlarının verdiyi arayışları və ya hansısa sənədləri Quran ayəsi kimi qəbul edəcəksə, onda bu məhkəmələrə nə ehtiyac var? Məhkəmə özünün araşdırdığı, tədqiq etdiyi sübutlar əsasında, dövlət adından qanun qüvvəli qərar qəbul edən orqandır. Yox əgər, hansısa dövlət idarəsində, icra hakimiyyəti orqanının elektron informasiya ehtiyatlarında hansısa qızcığazın səhlənkarlığı əsasında  yazılmış  yalan-yanlış məlumata əsaslanaraq qərar qəbul edəcəksə, onda məhkəmə araşdırmasına nə ehtiyac var və bu hakimlər nə üçün müftə əmək haqqı almalıdırlar?

Ola bilməz ki, mənim təqdim etdiyim, notarial qaydada təsdiqlənmiş “Nikahın pozulması haqqında” rəsmi sənəd də düz olsun, onun əksini deyən hansısa arayış da. Bir-birini təkzib edən bu iki sənədin ikisini də düz kimi qəbul etmək dəlilik əlamətidir. Ya bunlardan yalnız  biri düz ola bilər, ya da hər ikisi saxtadır. Ancaq heç bir halda hər ikisi də düz ola bilməz. Deyəsən, hakim Nəriman Abıyev universitetin hüquq fakultəsində  məntiq elmindən olan dərslərə getməyib. Bu adamın diplomunun həqiqiliyi yoxlanmalıdır. Çünki bu qədər savadsız olmaq mümkün deyil.

  • Möhtərəm hakimlər! İddiamın rədd edilməsi o deməkdir ki, mənim təqdim etdiyim sənədlər saxtadır.  Onda niyə mənim haqqımda saxta sənəd düzəltdiyimə görə, cinayət işi qaldırılmır? İkimizdən birimiz mütləq cinayət etmişik: ya mən məhkəməyə saxta sənəd təqdim etmişəm (CM-nin 320-ci maddəsi) ya da indiki rejimə qarşı müxalif mövqedə olan, Youtube üzərindən yayılan AzerFreedom TV-nin sahibi və aparıcısı  atam Qurban Məmmədovun məhz siyasi mövqeyinə görə, hakim Nəriman Abıyev qəsdlə və bilə-bilə qanunsuz  qərar qəbul edib (CM-nin 295-ci maddəsi)
  • İnzibati prosesdə istinad edilməsi mümkün olan (İPM-nin81.3-cü maddəsi: “Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, … Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur.) MPM-nin 385-ci maddəsinə ( Məhkəmə qətnaməsinin apellyasiya qaydasında l[GM1] əğv olunması üçün əsaslar) əsasən, “385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi;

385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

MPM-nin 389-cu maddəsinə (məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut olunmaması) əsasən,Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.”

Mənim mülkiyyətimdə torpaq sahələrinin olması barədə hakim Nəriman Abıyevin gəldiyi nəticə, “iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir”. Qanuni sübutlar mənim təqdim etdiyim rəsmi sənədlərdir, hakimin istinad etdiyi arayışlar isə mənim təqdim etdiyim rəsmi sənədlərin əksinədir, yəni hakimin istinad etdiyi sübutlar “qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlardır”.

MPM-nin 390-cu maddəsinə (məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması) əsasən, Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə göstərdiyi dəlillərişin hallarına uyğun hesab edilmir.”

Mənim ailəli olmağım və mülkiyyətimdə torpaq sahələrinin olması  işin hallarına uyğun deyil. Tam əksinə, işin məhz mötəbər halları ilə sübut edilir ki, mən ailəli deyiləm və mülkiyyətimdə yaşayış yeri kimi istifadə etdiyim və 5 sentyabr 2020-ci ildə, Nərimanov Rayon İcra Hakimiyyətinin versiyasına əsasən “qəzalı olduğuna görə”, “Atlant-İnşaat” MMC və “Gilan Holding”in versiyasına əsasən “müqavilə üzrə pulunu ödəmədiyimə görə” vəhşicəsinə dağıdılaraq küçəyə atıldığım  Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, 4/6 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən başqa heç bir mülkiyyətim yoxdur.

  • Bəlkə də gəliri (mən əmək haqqını nəzərdə tutmuram) statistik orta Azərbaycanlıdan milyon dəfə çox olan siz hakimlər düşünürsüz ki, indiki iddia məbləğinə görə əsəblərini pozmağa, məhkəmələrdə vaxt və sağlamlığı itirməyə dəyməz. Bu mənada haqlı da ola bilərsiz, möhtərəm hakimlər. Ancaq məni düşündürən təkcə məbləğ, para-pul deyil. Dövlətimizin idarəçiliyindəki nöqsanların müəyyən edilməsi, üzə çıxarılması və insan hüquqlarının pozulmasını dünyaya bildirmək, Nəriman Abıyev kimi hakimləri ifşa etmək  baxımından bu iş mənimçün çox önəmlidir. Çünki bu gün sizin kimi hakimlərin hesabına Azərbaycanımızda aclıq çəkən yüz minlərlə ailə, aylarla ət, keyfiyyətli qida üzünə həsrət qalan milyonlarla uşaq var.
  • MPM-nin 265-ci maddəsinə (məhkəmənin xüsusi qərardadları) əsasən,265.4. Məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.”

8.  İPM-nin 87-ci maddəsinə (Apellyasiya instansiyası məhkəməsində icraat) əsasən, 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını … ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Yuxarıda qeyd edilənlərə əsasən,

                                          XAHİŞ  EDİRƏM :

  1. Bakı İnzibati Məhkəməsinin (Hakim: Nəriman Abıyev) 2-1(112)-5644/2021 saylı, 08.09.2021-ci il tarixli Qərarı ləğv edilsin və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilsin.
  2. Bilə-bilə və ya savadsızlığı üzündən qanunsuz qərar qəbul etdiyinə görə, hakim Nəriman Abıyevin haqqında xüsusi Qərardad qəbul edilsin və baxılması üçün Məhkəmə Hüquq Şurasına göndərilsin.

24 sentyabr 2021-ci il

                     İmza:                                (G.Q. Məmmədova)


 [GM1]

 242 dəfə ümumi oxunub,  2 dəfəsi bu günə aiddir.