Əlaqə vasitələri

Tərtər-1767: Dövlət Terroru !

Azərbaycan Respublikasının Baş Prokuroru

K.Əliyevə

Ərizəçi: : Ocaxverdiyeva Rəvanə Səlim qızı

(zərərçəkmiş Ocaxverdiyev Ruslan İlham oğlunun hüquqi varisi )

Ünvanı: Şəki şəhəri, M.Cəbrayılov küçəsi-14.

Əlaqə telefonu: ———–

Ocaxverdiyev Ruslan İlham oğlunun öldürülməsində

bütün iştirakçıların: təşkilatçı, təhrikçi, köməkçi və icraçıların hamısının

müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi

və zərərçəkmiş kimi hüquqlarının bərpa edilməsi barədə.

ŞİKAYƏT

Hörmətli Baş Prokuror.

Mənim həyat yoldaşım Ocaxverdiyev Ruslan İlham oğlu xidmət etdiyi 190 saylı hərbi hissədə 2017-ci ilin iyun ayının  16-da saxlanmış, verilmiş vəhşi işgəncələr nəticəsində elə həmin gün də qətl edilmişdir. Həyat yoldaşımı öldürənlər ona, ermənilərə işlədiyini, dövlətə xəyanət etdiyini boynuna almağa məcbur etmək üçün işgəncə veriblər.

Həyat yoldaşımın qətlinin əsil səbəblərini, sifarişçiləri və təşkilatçıları gizlətmək məqsədilə, 2018-ci ildə Respublika Hərbi Prokurorluğu tərəfindən 172286049 saylı saxta, görüntü naminə bir qurama cinayət işi aparılmış, baş leytenant Niftalıyev Nicat Hünbət oğlu, çavuş  Poladov Nemət Əlizamin oğlu,  əsgər Paşayev Nicat Rafil oğlu, kiçik çavuş Məmmədəliyev Allahyar Vidadi oğlu, əsgər Əhmədov Zaməddin Novruz oğlu və əsgər Vəliyev Elvin Elbrus oğlu və tibb xidməti kapitanı Əkbərov Gündüz Famil oğlu müxtəlif ittihamlarla simvolik müddətlərdə azadlıqdan məhrum etmə cəzasına  məhkum edilmişlər.

Zərərçəkmişin hüquqi varisi kimi mənim heç bir hüququm təmin edilməmiş, dövlətçiliyimizə, xalqımıza və Ordumuza  qarşı yönəlmiş bu qorxunc cinayətin əsil sifarişçi və təşkilatçıları məsuliyyətdən yayındırılmışlar.

Bununla da Respublika Hərbi Prokurorluğu işini bitmiş hesab etmişdir.

  Cənab Prokuror!

Youtube üzərindən yayınlanan AzerFreedom TV və başqa TV kanallarında,  2021-ci ilin 5 martından başlayaraq,  canlı efirlərdə ifadə verən, həmin cinayət hadisələrində işgəncəgörən yüzlərlə zərərçəkmişlərin verdikləri məlumatlardan mənə aydın oldu ki, 2017-ci ilin 28 aprelindən həmin ilin iyul ayının sonlarınadək minlərlə əsgər və zabit eyni ittihamlar, eyni metodlarla istintaqa cəlb edilmiş, onlarla adam vəhşicəsinə verilmiş işgəncələr nəticəsində öldürülmüş, minlərlə adam şikəst edilmiş, sonsuzlaşdırılmış, əmək qabiliyyətini itirmişdir.

Bu da onu sübut edir ki, bu masştabda cinayət– hər bir əsgər və zabitin, eləcə də hərbi hissələrin  hərəkəti, yerdəyişməsi üzərində nəzarət edən Müdafiə Nazirliyinin, hərbi cinayətlər üzrə cinayət təqibini həyata keçirən, təhqiqatına və istintaqına nəzarət etmək vəzifəsi daşıyan  Respublika Hərbi Prokurorluğunun, bütövlükdə Respublika miqyasında prokurorluq və istintaq orqanlarına ümumi rəhbərliyi həyata keçirən o vaxtkı Respublika Baş Prokuroru və onun müavinlərinin xəbəri, razılığı və göstərişləri olmadan—  10-15 əsgər, çavuş və ya kiçik zabit heyəti tərəfindən törədilə bilməzdi.

 172286049 saylı saxta, qondarma, razılaşdırılmış cinayət işi üzrə bir çox suallar cavabsız qalıb. Həmin suallara, yuxarıda qeyd etdiyim kimi, müxtəlif Youtube kanallarında danışan yüzlərlə işgəncəgörənlərin ifadələrində aydınlıq gətirilib.

Çox hörmətli Prokuror!

Artıq bütün Respublika ictimaiyyətınə məlum olan faktlardan (yeni məlumatlardan) sonra, aşağıdakı suallara aydınlıq gətirilməsi zərurəti yaranıb:

  1. Mərhum həyat yoldaşım Ruslan Ocaxverdiyevi  xidmət yerindən kim harasa, daha dəqiq desək, əvvəlcədən hazırlanmış işgəncə yerlərinə aparmaq hüququna malik olub və faktik olaraq kim aparıb?
  2. Mərhum həyat yoldaşım Ruslan Ocaxverdiyevi xidmət yerindən işgəncə yerlərinə alçaldıcı formada, zorla  aparmaq, orada ona vəhşi işgəncələr vermək  əmrini kim verib, kimə verib?
  3.  Mərhum həyat yoldaşım Ruslan Ocaxverdiyevi guya “dindirmə”yə cəlb edənlərin buna səlahiyyətləri olubmu və həmin şəxslərə bu səlahiyyətləri və ya tapşırıqları kim verib?
  4.   1-ci Korpusun rəisi general Hikmət Həsənov şəxsən bu işgəncələri təşkil etməsinə, işgəncə prosesində şəxsən iştirak etməsinə baxmayaraq (bu barədə danışan artıq çoxsaylı şahidlər var) niyə cinayət məsuliyyətinə cəlb edilməyib?
  5. O vaxt polkovnik olan, indi isə 3-cü Korpusun rəisi general Mübariz Rzayev gecə və gündüz  işgəncə yerlərində olaraq, işgəncə verilməsini təşkil etməsinə baxmayaraq, niyə məsuliyyətdən kənarda qalıb?
  6. İşgəncə prosesində general Hikmət Həsənovun qanunsuz əmr və göstərişlərini yerinə yetirən, vəhşicəsinə verilmiş işgəncələr nəticəsində öldürülən əsgər və zabitləri aparıb onların yaşadıqları yerlərin qəbirstanlıqlarından kənarda, ekskvator vasitəsilə, heyvan kimi, 3 metr dərinlikdə torpağa basdıran və işgəncəverən qatillərin üzərində qurulmuş saxta məhkəmələr zamanı biz zərərçəkmişləri, düşdükləri ağır iqtisadi durumdan sui-istifadə etməkl aldadaraq pulla ələ almağa çalışan (bu barədə çoxsaylı şahidlər var) Səmidli Babək niyə cinayət məsuliyyətinə cəlb edilməyib?
  7. İşgəncə prosesində general Hikmət Həsənovun qanunsuz əmr və göstərişlərini yerinə yetirən, 2016-cı ilin aprel döyüşlərində Selsuan əməliyyatında kapitan Elmar Allahverdiyevə, döyüş əməliyyat şəraitinə və hərbi məqsədlərimizə uyğun olmayan “geri çəkilmə” əmri verərək düşmənə yardım edən, sonra da bu əməlini ört-basdır etmək üçün, faktik olaraq, işgəncə prosesinin təşkilatçılarından biri olan polkovnik (indi 1-ci Korpusun rəisi) Qiyas Abbasov niyə cinayət məsuliyyətinə cəlb edilməyib?
  8. İsdtintaqın gedişi zamanı əsgər və zabitlərə işgəncə verdirən və şəxsən  döyən müstəntiqlər, həmin müstəntiqlərə nəzarət etməli olan, ancaq tam əksinə, işgəncəgörənlərə işgəncə vermək göstərişini şəxsən verən Respublika Hərbi Prokuroru general Xanlar Vəliyev və onun  müavini general Şəfayət İmranov niyə cinayət məsuliyyətinə cəlb edilməyiblər.

Suallar çoxdur, hörmətli Baş Prokuror!

AR Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəis müavini- Kriminalistika şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Nihad Şıxəliyevin imzaladığı 28.06.2019-cu il tarixli məktubu ilə mənə bildirilib ki, sən demə, mənim mərhum həyat yoldaşım Ruslan Ocaxverdiyev   həmin “işgəncəvermə yolu ilə Vətən xaini axtarma kompaniyası”nda heç bir istintaqa cəlb edilməyib, “ümumiyyətlə istintaqa belə bir məlumat daxil olmamış və araşdırılmamış, Ruslan Ocaxverdiyev cinayət prosesində hər hansı prosessual statusda cəlb edilməmiş, ona görə də barəsində hər hansı bir qərar qəbul edilməmişdir.

Ancaq…

Ancaq, hörmətli Prokuror, həmin məktubda həm də yazılıb ki, “Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Müdafiə Nazirliyinin müxtəlif hissələrinin hərbi qulluqçularının dövlətə xəyanət etmələri faktları ilə bağlı istintaq olunmuş cinayət işinin istintaqı zamanı Ruslan Ocaxverdiyevin dövlətə xəyanət faktı müəyyən edilməmişdir.”

Bu məktubdan siz nə anladınız, cənab Prokuror?

  1. “Ümumiyyətlə istintaqa belə bir məlumat daxil olmamış və araşdırılmamış, Ruslan Ocaxverdiyev cinayət prosesində hər hansı prosessual statusda cəlb edilməmiş”sə, o zaman onun əməlində  “dövlətə xəyanət faktının olmaması” necə müəyyən edilib?
  2. Ümumiyyətlə, istintaqa belə bir məlumat daxil olmamış”sa mənim mərhum həyat yoldaşımı kim və hansı əsaslarla xidməti yerindən zorla, qanunsuz olaraq, alçaldıcı formada işgəncə yerlərinə aparıb və qəsdlə, bəli, bəli qəsdlə öldürüb?  Ruslan Ocaxverdiyevin qəsdlə və amansızlıqla, dəhşətli işgənclərlə öldürülməsi barədə artıq çoxsaylı şahidlər AzerFreedom TV-də bu barədə danışıblar.
  3. Bütün bu suallara aydınlıq gətirilməli deyilmi, cənab Baş Prokuror?

Hörmətli Kamran Əliyev!

Daha vacib bir sual da var.

AzerFreedom TV və başqa TV-lərdə danışan işgəncəgörənlərin dediklərindən məlum olur ki, mərhum həyat yoldaşım Ruslan Ocaxverdiyevə və minlərlə başqa əsgər və zabitlərə işgəncə vermək üçün müxtəlif hərbi hissələrin şəxsi heyətləri bütövlükdə bu işgəncə prosesinə cəlb edilib.

Sual:  Azərbaycan Ordusunda hərbi hissələrin yerdəyişməsinə və ya hansısa tapşırıqların icrasına göndərilməsinə Müdafiə Nazirliyinin rəhbərliyi başçılıq edir, yoxsa baş leytenant Nicat Niftəliyevlə çavuş Nemət Poladov?   İstintaq mütləq bu suala aydınlıq gətirməlidir.

Əks təqdirdə, belə çıxır ki,  saxta, qondarma cinayət işi üzrə simvolik cəzalar verilmiş  15-16 nəfər əsgər və çavuş xidmət etdikləri hərbi hissələri özbaşına tərk etmiş, mənim mərhum həyat yoldaşım Ruslan Ocaxverdiyev də daxil olmaqla, aralarında onlarla polkovnik, mayor, kapitan olan  minlərlə əsgər və zabitimizi  özbaşlarına işgəncə yerlərinə daşımış, orada əvəvlcədən, aylar, bəlkə də, illər öncə işgəncə mexanizmləri qurmuş, yenə də onlarla hərbi texnikanı: əsgər və zabitləri işgəncə yerlərinə daşıyan maşınları və sair texniki vasitələri  bu prosesə özbaşına cəlb etmişlər.

Hörmətli Prokuror!

Mən hüquqşünas deyiləm. Orta savadlı sadə bir Azərbaycan vətəndaşıyam. Həmin cinayət işində olan nöqsanları siz məndən də yaxşı müəyyən edə bilərsiz.

Bu günədək müxtəlif dövlət orqanlarına  verdiyim onlarla şikayətim nəticəsiz qalıb. Çünki şikayətlərimin hamısı  sonda Respublika Hərbi Prokurorluğuna-bu dəhşətli cinayətin təşkilatçılarından və icraçılarından birinə göndərilir.

Hörmətli Baş Prokuror!

Şahidlərin: mərhum həyat yoldaşım Ruslan Ocaxverdiyevi şəxsən tanıyan əsgər və zabitlərin, YouTube sosial şəbəkəsi üzərindən yayınlanan  müxtəlif canlı efirlərdə (AzerFreedom TV, Kim TV, Xural TV, Reaksiya TV, LAF TV, Hürriyyət TV) verdikləri məlumatlara əsasən mənə aydın olub ki, mərhum həyat yoldşıma və onunla birlikdə saxılanılan əsgər və zabitlərə  aşağıdakı işgəncələr verilib:

  • Taxta, plasmas, dəmir alətlərlə döymə.
  • Bütün əsgər və zabitlərin soyundurularaq, bir-birinin yanında lüt saxlanması.
  • Daxili orqanların zədələnnməsi ilə nəticələnmiş təpik və küt alətlərlə döymə.
  • Günlərlə ac, susuz saxlama.
  • Əl-ayaq dırnaqlarının çəkilməsi,
  • Maqqaşla bədən ətlərini qopartma,
  • 1,5-2.0 metr hündürlüyə qaldırılıb oradan döşəməyə  çırpılması,
  • Yaxın qohumları bir-birinə təhqir etdirmə (oğulu atanın, bacıoğlunu dayısının başına sidiyə getməyə məcbur etmə, bir-birilərinin əleyhinə ifadə verməyə məcbur etmə).
  • əsgər və zabitləri zorla bir-birinə kamera qarşısında zorlatma,
  • Ucu biz alətlərlə (avtomatın süngüsü və s.) bədənin müxtəlif nahiyyələri deşmə,
  • Drellə ayaq-bud sümüyündə deşik açma,
  • Plasmas materialı əridib bədəninin müxtəlif yerlərinə tökmək (əlin üstü, sinə, kürək və s.), kürəkdəki qabarmış yaraların qabarını qopardıb yerinə duz-istiot töküb çəkmələrlə tapdalamaq,
  • Azyaşlı uşaqlıarının və həyat yodaşının zorlanması ilə hədələmə,
  • Dırnaq altına ucu biz alətlərin (iynə, mıxça, taxta parçası və s.) yeridilməsi yoluyla ağrı vermə.
  • Çəkilmiş dırnaq yerlərindən elektrik cərəyanı vermə.
  • Ayaqlarından asılmaqla başını su dolu qablara salıb böğma,
  • Su əvəzinə sidik içirtmə,
  • Təbii ehtiyaclarını ödəməyə günlərlə imkan verməməklə insanların nəcis və üfunət içində saxlanması.
  • Laxtalanmış insan qanı və insanın daxili orqanları ilə dolu olan, divarları, döşəməsi və tavanı insan qanına bulaşmış otaqlarda saxlama,
  • Bir çox əsgər və zabitlərin arxa dəliyinə (anus) lom (dəmir alətlər), taxta reykaları və ayaq yeritməklə daxili orqanlarının sıradan çıxarılması ilə ölümünə səbəb olma.
  • 5 litrlik su qablarından ağzına su tökməklə qarnından təpiklə basıb insanlara boğulma hissi yaşatmaq.
  • Ağız və burnunu nəm əski parçası ilə örtərək, üstündən su tökməklə nəfəs almasını çətinləşdirib, boğulma hissi yaratmaq.
  • Insanların dişlərinin dəmir əşyalarla sındırlması və çəkilib atılması (bir xadimənin verdiyi məlumata görə, işgəncə yerindən bir 10 litrlik vedrə diş toplanmışdı).
  • Bir çox əsgər və zabit başqalarının gözü qarşısında zorlanıb. (Bir şahidin verdiyi ifadəyə görə, belə zorlamaların biri Azərbaycan Respublikasının yerə sərilmiş bayrağı üzərində olub.)
  • Bütün əsgər və zabitlərin bədənlərinin müxtəlif nahiyyələrindən (ağız boşluğundan, çıxardılmış diş yerlərindən, dırnaqları çıxarılmış barmaq uclarından, cinsiyyət orqanlarından, arxa dəliyindən və. s) elektrik ötürmə.
  • Əsgər və zabitləri lüt söyundurub bir-birindən yapışmağa məcbur etməklə ( qatar formasında) birinci və sonuncu əsgərə elektrik cərəyanı qoşmaqla kütləvi işgəncə vermə,
  • Insanların komaya düşənədək döyülməsi, elektrikə verilməsi (bəzi zərərçəkənlər 3 ayadək komada olduqlarını deyirlər),
  • Müalicə adı ilə aparıldıqları hospitallarda günlərlə əlləri və ayaqları çarpayıya bağlı vəziyyətdə saxlama.
  • İşgəncə məkanlarının birindən digərinə aparılması zamanı insanların lüt, yarımçılmaq vəziyyətdə yük maşınlarına üst-üstə yığılması.
  • Beton, daş və asfalt səthlərdə  sürümə.
  • Əlləri arxada bağlı olmaqla günlərlə başı divara tərəf diz üstə oturtma.
  • İşgəncə məkanlarının ikinci, üçüncü  mərtəbələrindən asfalt və ya daş döşənmiş yerlərə atılma (bu metodla iki yüksək rütbəli zabitin öldürülməsi barədə şahid ifadələri var).
  • Zərərçəkmişlərə məlum olmayan iynələrin vurulması ilə sağlıq problemlərinin, xüsusilə də yaddaşsızlığın yaradılması və zəhərli iynələrlə öldürmə.
  • Saxlanılan əsgər və zabitlərin bir çoxunun həyat yoldaşına, eləcə də azyaşlı uşaqlarına  fiziki, psixoloji  təzyiqlərin göstərilməsi.
  • Arxa dəliyindən və ağzından elektrikə qoşmaqla ağız boşluğunda lapma yandırmaq və  lampa partlatmaq.
  • Kamera qarşısında cinsiyyət orqanlarını zərərçəkmişlərin ağzına soxmaq, onları zorlamaq, müxtəlif alçaldıcı hərəkətlər etmək.
  • Yemək otağına gedərkən, bir nəfəri giriş qapısında üzü üstə yerə uzadaraq yüzlərlə başqalarını onun üstündən keçməyə məcbur etmək.
  • Lüt vəziyyətdə ilanlı və tikanlı  sahəyə atmaqla ilana çaldırmaq.
  • Bu baş verənlər haqqında məlumatı olanları zəhərləmə və başqa üsullarla aradan götürmək.
  • Ananı oğlunun ağzına sidiyə getməyə məcbur etmək,
  • Bacı və qardaşı lüt vəziyyətdə, üz-üzə bir-biri ilə bağlayıb saatlarca saxlamaq,
  • “erməniyə casusluq etmək”də ittiham olunan bəzi əsgər və zabitlərin xanımlarını, ana və bacılarını onların gözləri önündə döymək, alçaltmaq və təhqir etmək.
  • Uzun müddət yüxusuz saxlamaq və s.

Mənim mərhum həyat yoldaşıma bu işgəncələrdən hansının verildiyini dəqiq bilmirəm. Ancaq elə saxlandığı gündə  öldürülməsi göstərir ki, bu işgəncələrin hamısını verməyə bu alçaqların imkanları olmayıb. Ancaq işgəncələrin ən dəhşətlilərin verdikləri üçün Ruslanı vəhşicəsinə öldürüblər.

Bir şey isə mənə və Respublika ictimaiyyətinə artıq tam aydındır: istər mənim həyat yoldaşımın, istərsə də minlərlə başqalarının işgəncəyə məruz qalmaları, öldürülmələri, şərlənərək saxta sübutlar əsasında həbs edilmələri, sağ qalanların isə sonradan müxtəlif bəhanələrlə Ordu sıralarından-xidmətdən uzaqlaşdırılmaları vahid qəsdin, vahid cinayətkar niyyətin nəticəsidir.

Bu, dövlətimizə, dövlətçiliyimizə, xaqımıza, müzəffər  Ordumuza və dövlət təhlükəsizliyimizə qarşı törədilmiş çox, həm də çox böyük və xüsusilə ağır cinayətdir!!!

Hörmətli Prokuror!

Şahidlərin və zərərçəkmişlərin verdikləri məlumatlardan aydın olur ki, işgəncə verənlər, müstəntiqlər, şəxsən Respublika Hərbi Prokuroru Xanlar Vəliyev, onun müavini Şəfayət İmranov, 1-ci Korpusun sabiq rəisi general Hikmət Həsənov və onun əmrini icra edənlər, mənim mərhum həyat yoldaşım da daxil olmaqla, əsgər və zabitlərimizə işgəncə verərək onları “ermənilərə işləmələri, ermənilər tərəfindən cinsi istismara məruz qalmaları, zorlanmaları, Vətənə xəyanət etmələri barədə” etirafedici ifadələr verməyə məcbur edirmişlər.

İşgəncələrə dözməyənlər “etiraf etmiş”, dözənlərin isə bir hissəsi Ruslan  kimi öldürülmüş, sağ qalanları isə hələ də bizə dəqiq məlum olmayan səbəblərdən (bəzi şahidlərin dediyinə görə, DTX-nın müdaxiləsindən sonra) qurtulmuşlar.

Hörmətli Prokuror!

Eyni metodlarla, eyni işgəncə növləri ilə, eyni müstəntiqlər və prokurorlar tərəfindən aparılan bu “cinayət işində”,  eyni “etirafedici” ifadələr verənlərin 25-30 nəfəri müxtəlif uzun müddətli azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, qalanları isə, ya cəzasız qalmış, ya da əlavə qondarma, saxta ittihamlarla az müddətli cəzalara məhklum edilmişlər. “Vətənə xəyanət” ittihamı yaddan çıxmışdır.

Bu isə sübut edir ki, Ruslan Ocaxverdiyevin və onlarla başqalarının ölümü, minlərlə əsgər və zabitin işgəncəyə məruz qalaraq sağlamlıqlarını, əmək və nəsilartırma qabiliyyətlərini itirmələri  ilə nəticələnmiş bu xüsusilə ağır cinayətləri   törədənlərin əsl məqsədləri heç də Vətənə xəyanət edənləri aşkar etmək yox, tam əksinə, əsil xainlərdən diqqət yayındırmaq, Azərbaycan Ordusunun döyüş qabiliyyətinə və Azərbaycan əsgərinin döyüşkən ruhuna zərbə vurmaq olmuşdur.

Hörmətli Prokuror!

Mənim mərhum həyat yoldaşım vəhşicəsinə verilmiş işgəncələr nəticəsində, qəsdlə və bilə-bilə öldürülmüşdür.

Sonradan  Respublika Hərbi Prokuroru Xanlar Vəliyevin təşkilatçılığı  və rəhbərliyi altında aparılan “istintaq” nəticəsində Ruslan Ocaxverdiyevin ölümü adi bir ölüm kimi qələmə verilmiş, məhz Xanlar Vəliyev, Hikmət Həsənov və başqa yüksək vəzifəli şəxslərin əmr və göstərişlərini yerinə yetirərək minlərlə əsgər və zabitə işgəncə verən 15-16 çavuş və əsgəri həbs etməklə, Ruslanın və yüzlərlə başqalarının qanı batırılmışdır.

 Hörmətli Baş Prokuror!

 Mənim mərhum həyat yoldaşım da daxil olmaqla, minlərlə Azərbaycan əsgər və zabitinə qarşı bu dəhşətli, xüsusilə ağır cinayəti törədənlər hamısı bəllidir.

 Cinayətin iştirakçıları;

Müdafiə Nazirliyindən:  cinayətin təşkilatçıları-Müdafiə Naziri general Zakir Həsənov, Baş Qərargah rəisi general Nəcməddin Sadıqov, N. Sadıqovun yaxın qohumu general Ramin Əsgərov, 1-ci Korpusun rəisi general Hikmət Həsənov, polkovnik Babək Səmidli, polkovnik Mübariz Rzayev,  polkovnik Qiyas Abbasov, Teymur Məmmədov və başqaları,  cinayətin icraçıları –  Maşıyev Sənan, Əliyev Elçin, Poladov Əziz və mən tanımadığım, lakin Müdafiə Naziri Zakir Həsənovun, Baş Qərargah rəisi Nəcməddin Sadıqovun, general Hikmət Həsənovun şəxsən yaxşı tanıdıqları yüzlərlə başqaları.

 Respublika Hərbi Prokurorluğundan:  cinayətin təşkilatçıları-Respublika Hərbi Prokuroru Xanlar Vəliyev, onun müavini Şəfayət İmranov, cinayətin icraçıları- müstəntiqlər: Hümmət Məmmədov, Elçin Əliyev və başqaları.

Hörmətli Prokuror!

Ruslan Ocaxverdiyev saxlandığı andan etibarən, ona ailə üzvləri ilə əlaqə saxlamaq, vəkil tutmaq  imkanı verilməyib və ona görə də,  qanunda nəzərdə tutulan müdafiə hüquqlarından istifadə edə bilməyib. Qəsdlə köməksiz vəziyyətə salınaraq vəhşicəsinə qətl edilib.

Mənim yoldaşım Azərbaycan Respublikasının qanunları ilə yox, cəngəllik qanunları ilə  dindirilib  və qəsdlə, məhz qəsdlə və bilə-bilə vəhşicəsinə öldürülüb.

Hörmətli Prokuror!

Bilirəm ki, mənim həyat yoldaşıma  və minlərlə əsgər və zabitimizə qarşı bu cinayəti törədənlər özləri də hərbiçilərdir və bu işi Respublika Hərbi Prokurorluğu araşdırmalıdır.

Lakin…

Hörmətli Prokuror!

  1. Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında” 30 sentyabr 2015-ci il tarixli, 1308-IVQ saylı Qanununun 7.13-cü maddəsinə əsasən, “Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır.”

Ona görə də sizdən xahiş edirəm ki, mənim şikayətimi Respublika Hərbi Prokurorluğuna göndərməyəsiniz.

  • CPM-nin 15-ci maddəsinə ( Şəxsiyyətin toxunulmazlığı hüququnun təmin edilməsi) əsasən,

 15.2. Cinayət təqibi gedişində aşağıdakılar qadağandır:

15.2.1. işgəncələr vermək, fiziki və psixi zorakılıqdan, o cümlədən tibbi preparatlardan istifadə etmək, aclığa, hipnoza məruz qoymaq, tibbi yardımdan məhrum etmək, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etmək;

15.2.2. uzun sürən və ya kəskin fiziki iztirabla, yaxud səhhətin müvəqqəti pozulması ilə müşayiət olunan eksperimentlərdə və ya digər prosessual hərəkətlərdə iştiraka cəlb etmək, habelə buna bənzər hər hansı digər sınaqlar keçirmək;

15.2.3. zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almaq.

   3.  CPM-nin 125.2-ci maddəsinə əsasən, “ Aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir:

125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda;

125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə”

CPM-nin  126-cı maddəsinə (Şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri)  əsasən, “126.6. Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.”

Hörmətli Prokuror!

Respublika Hərbi Prokurorluğu Ruslan Ocaxverdiyevin istintaqa cəlb edilmədiyini, haqqında heç bir istintaq hərəkəti aparılmadığını yalandan iddia etsə də, istər Ruslan Ocaxverdiyevin, istər müxtəlif müddətlərə azadlıqdan məhrum edilmiş 30-dək əsgər və zabitin, istər sonradan tam buraxılmış, istərsə də ilkin ittihamla heç bir əlaqəsi olmayan saxta ittihamlarla müxtəlif  cəzalara məhkum edilmiş minlərlə əsgər və zabitimizin  əleyhinə işgəncələr nəticəsində alınmış ifadələr, üzləşmələr və  xüsusilə də, məhkum edilənlərin “etirafedici ifadələri”  başqa heç bir sübutla təsdiq edilmir.

  • CPM-nin 161-ci maddəsinə (İstintaq təcridxanasının müdiriyyətinin vəzifələri) əsasən,

 161.1. İstintaq təcridxanasının müdiriyyətinin aşağıdakı vəzifələri vardır:

161.1.1. istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etmək və dərhal aşağıdakı məlumatları qeydə almaq:

161.1.1.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar barədə şikayəti;

161.3. Həbs edilmiş şəxsin prosessual hərəkətlərdə iştirak etməsi ilə əlaqədar onun barəsində aşağıdakı məlumatlar qeydə alınır:

161.3.3. prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar barədə şikayət.”

Ruslan Ocaxverdiyevin və başqa işgəncəgörənlərin saxlandıqları yerlərdə qanunun bu tələblərinə əməl edilməyib.

 5.  CPM-nin 215.7-ci maddəsinə əsasən, “Cinayət işi üzrə ibtidai istintaqın hərtərəfli, tam obyektiv aparılması üçün işin aidiyyəti olan istintaq orqanından digər istintaq orqanına verilməsinə aşağıdakı müstəsna hallarda Azərbaycan Respublikası Baş prokurorunun əsaslandırılmış qərarı əsasında yol verilir:

215.7.2. cinayət işinin istintaqı aid olan orqan tərəfindən işin istintaqı zamanı təqsirləndirilən şəxsin qanunsuz həbsdə saxlanılması və ya ona işgəncə verilməsi müəyyən edildikdə;

Hörmətli Prokuror!

Ruslan Ocaxverdiyev və minlərlə başqaları  həm qanunsuz həbsdə saxlanılıb, həm də onlara dəhşətli işgəncələr verilib. Bu işgəncələri təşkil edənlərdən biri olan Respublika Hərbi Prokurorluğu bu işi apara bilməz.

  • CPM-nin 449-cu maddəsinə (Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət verilməsi) əsasən,

449.1. Məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər:

449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi”

Hörmətli Prokuror!

Ruslan Ocaxverdiyev bu hüququndan vaxtında  istifadə edə bilməyib. Çünki, sadəcə olaraq, onu öldürmək üçün saxlayıblar. İstintaq Azərbaycan Respublikasının qanunları ilə yox, bizə məlum olmayan cəngəllik qaydaları ilə aparılıb.

AR Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.”

Hörmətli Baş Prokuror!

Onlarla adamın öldürülməsində, minlərlə adama işgəncə verilməsində, yüzlərlə adamın nəsilartırma və əmək qabiliyyətlərinin itirilməsinə səbəb olmuş dəhşətli işgəncə vermə prosesində iştirak edənlərə 2-7 il və onlardan yalnız birinə-Fuad Ağayevə 10 il azadlıqdan məhrumetmə cəzası verilməsi, sizcə, “cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarların şəxsiyyətinə” uyğundurmu?

Hörmətli Prokuror!

AR CPM-nin 461-ci maddəsinə (məhkəmənin hökm və ya qərarlarına yeni açılmış hallar üzrə baxılması üçün əsaslar) əsasən, “461.0. Məhkəmənin hökm və ya qərarlarına yeni açılmış hallar üzrə baxılması üçün əsaslar aşağıdakılardır:

461.0.1. düzgün olmayan (səhv) hökm və ya qərarın çıxarılmasına səbəb olan zərər çəkmiş şəxsin, şahidin bilə-bilə yalan ifadə verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə yalan tərcümə etməsi, maddi sübutların, istintaq və məhkəmə hərəkəti protokollarının və digər sənədlərin saxtalığının məhkəmənin qanuni qüvvəyə minmiş hökm və ya qərarı ilə müəyyən edilməsi;

461.0.2. cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat zamanı təhqiqatçının, müstəntiqin, prokurorun və ya hakimin məhkəmənin qanuni qüvvəyə minmiş hökm və ya qərarı ilə müəyyən edilmiş sui-istifadələrinin düzgün olmayan (səhv) hökm və ya qərarın çıxarılmasına səbəb olması;

461.0.3. Özü-özlüyündə və ya əvvəllər müəyyən edilmiş digər hallarla birlikdə məhkumun təqsirsizliyinə və ya onun məhkum olunduğu cinayət əməlindən ağırlıq dərəcəsinə görə fərqlənən cinayət törətməsinə, yaxud bəraət almış və ya barəsində cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verildiyi şəxsin təqsirliliyinə dəlalət edən, hökm və ya qərarın çıxarılması zamanı məhkəməyə və cinayət prosesinin tərəflərinə məlum olmayan digər hallar.”

Son vaxtlar, AzerFreedom TV və Youtube üzərindən yayınlanan başqa TV-lərdə çıxış edən işgəncəgörənlər və zərərçəkmişlərin çıxışları ilə həmin dəhşətli cinayətin haqqında xalqımıza yeni hallar məlum olub. Ona görə də, bu hallar tələb edir ki, mənim mərhum həyat yoldaşım da daxil olmaqla, onlarla adamın öldürülməsində, minlərlə adama işgəncə verilməsində iştirak etmiş Fuad Ağayev və başqalarının işlərinə yenidən baxılsın və onlar ömürlük azadlıqdan məhrumetmə cəzalarına məhkum edilsinlər. Çünki bir nəfərə qarşı sui-qəsdə görə (Elmar Vəliyevə atəş açan Yunis Səfərovu nəzərdə tuturam) bu məmləkətdə ömürlük azadlıqdan məhrumetmə cəzası verilirsə, Fuad Ağayev və başqalarına bu cəzanın yüz qatı verilməlidir, cənab Prokuror!

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 3-cü maddəsinə (İşgəncələrin qadağan olunması) əsasən,  

“Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.”

Həmin Konvensiyanın 5-ci maddəsinə (Azadlıq və toxunulmazlıq hüququ) əsasən,

1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz:

a) səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra şəxsin qanuni həbsə alınması;

b) məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədi ilə şəxsin qanuni tutulması və ya həbsə alınması;

c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması;

d) yetkinlik yaşına çatmamış şəxsin tərbiyə nəzarəti üçün qanuni qərar əsasında həbsə alınması və ya onun səlahiyyətli orqana verilməsi üçün qanuni həbsə alınması;

e) yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün şəxslərin, habelə ruhi xəstələrin, alkoqolizmə və narkomaniyaya mübtəla olanların və ya səfillərin qanuni həbsə alınması;

f) şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədi ilə və ya barəsində deportasiya yaxud ekstradisiya tədbirləri tətbiq olunan şəxsin qanuni tutulması və ya həbsə alınması.

2. Tutulmuş hər bir kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilir.

3. Bu maddənin I bəndinin “c” yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş digər vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Azad edilmək məhkəməyə gəlmə təminatlarının təqdim edilməsi ilə şərtləndirilə bilər.

4. Tutulma və ya həbsə alınma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir.

5. Bu maddənin müddəalarının pozulması ilə tutulmağa və ya həbsə alınmağa məruz qalan hər kəsin iddia ilə təmin olunan kompensasiya hüququ var.

Həmin Konvensiyanın  6-cı maddəsinə (Ədalətli məhkəmə araşdırması hüququ) əsasən,

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər.

2. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.

3. Cinayət törətməkdə ittiham olunan hər kəs ən azı aşağıdakı hüquqlara malikdir:

a) ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq;

b) öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq;

c) şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək;

d) onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsi hüququna malik olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlərin çağırılması və dindirilməsi hüququna malik olmaq;

e) məhkəmədə istifadə olunan dili başa düşmürsə və ya bu dildə danışa bilmirsə, tərcüməçinin pulsuz köməyindən istifadə etmək.

  • BMT Baş Məclisinin16 dekabr 1966-ci il tarixli Qətnaməsi ilə qəbul edilmiş “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq Pakt”ın 7-ci maddəsinə əsasən,

“Heç kim işgəncələrə və ya ağır, qeyri-insani və ya onun ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Əsasən də, heç bir şəxs özünün sərbəst razılığı olmadan tibbi və ya elmi təcrubələrə məruz qalmamalıdır.”

Həmin Paktın 9-cu maddəsinə əsasən,

 “ 1. Hər bir insan azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir. Heç kim özbaşınalıqla həbs edilə və ya dustaqda saxlanıla bilməz. Heç kim qanunla müəyyən edilən əsaslardan başqa və qanuni prosedura uyğun olmadan heç bir halda azadlıqdan məhrum edilməməlidir.

2. Həbs edilən hər bir kəsə həbs zamanı onun həbs olunmasının səbəbləri barədə məlumat verilir və irəli sürülən istənilən ittiham təcili qaydada ona bildirilir.

3. Cinayət ittihamı ilə həbs edilən və ya tutulub saxlanılan hər bir şəxs təcili qaydada məhkəməyə və yaxud məhkəmə hakimiyyətinin həyata keçirilməsinin qanunla həvalə edildiyi 3 digər vəzifəli şəxsə çatdırılır və məntiqi müddət ərzində məhkəmə araşdırması və ya azad edilmə hüququna malikdir. Məhkəmə araşdırmasını gözləyən şəxslərin həbsdə saxlanılması ümumi qayda şəklində olmamalıdır; lakin azadlığa buraxılma məhkəməyə getməyə, məhkəmə araşdırmasının istənilən mərhələsinə gəlməyə və zəruri halda isə hökmün icrası üçün gəlməyə təminat verilməsindən asılı hala salına bilər.

4. Həbs və ya dustaq edilmək nəticəsində azadlıqdan məhrum edilən hər kəs işinin məhkəmədə araşdırılması hüququna malikdir ki, bu məhkəmə, təxirə salınmadan onun tutulub saxlanılmasının qanuniliyi barədə qərar çıxarsın və ya əgər onun tutulub saxlanılması qanuni deyilsə, azadlığa buraxılmasına sərəncam versin.

 5. Qeyri-qanuni həbs və ya dustaq edilmənin qurbanı olan hər bir kəs iddia qüvvəsində olan kompensasiya hüququna malikdir.”

9.  Azərbaycan Respublikası Konstitusiyasının  28-ci maddəsinə(Azadlıq hüququ) əsasən,  

I. Hər kəsin azadlıq hüququ vardır.

II. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.

Konstitusiyamızın 46-cı maddəsinə(Şərəf və ləyaqətin müdafiəsi hüququ) əsasən, 

I. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır.

II. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

III. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz.

Hörmətli Kamran Əliyev Ruslan Ocaxverdiyevin və onun hüquqi varisi kimi mənim yuxarıda qeyd etdiyim  CPM-də, Beynəlxalq Konvensiyalarda və Konstitusiyamızda nəzərdə tutulan hüquqlarımız vəhşicəsinə pozulub.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq,

                                                         X A H İ Ş    E D İ R Ə M :

-Fuad Ağayev və başqalarının haqqında olan hökmlərə yenidən baxılması,

  • Mərhum həyat yoldaşım Ruslan Ocaxverdiyevə qarşı xüsusilə ağır cinayət törədənlərin hamısının müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi,
  • İşin Dövlət Təhlükəsizlik Xidmətinin istintaq orqanları tərəfindən araşdırılması,
  • Bizə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi,
  • Ruslan Ocaxverdiyevə şəhidlik statusunun verilməsi ilə bağlı  hüquqlarımızın bərpa edilməsi haqqında qanuni tədbirlər görəsiniz.

20 sentyabr 2021-ci il.

                                                               İmza:                                   ( R. Ocaxverdiyeva )

Loading