Kəramət Böyükçöl
Cəmiyyət çox böyük psixoloji gərginlik içindədir. Adamlar yorulub. Mövzular tükənib. Camaat boğaza yığılıb. Sonrası nə ola-ola, harda qırıla-qırıla janrında bir həyat yaşayır hər kəs. Ədalətsiz hakimiyyət, anormal idarəçilik, cahil kütlə və bütün bunların fonunda kənardan dəli kimi görünən ağıllı adamlar. Heç nə öz yerində deyil. O gün bir nəfər gəlib kitabımı aldı. Çox səmimi bir oğlan idi. Axırda məlum oldu ki, adam polismiş. Mənə deyir ki, borc pul tapıb iki sot torpaq almışam, İcra hakimiyyəti və əlavə 10-15 yerdən rüşvət istəyirlər, tikməyə qoymurlar. Neyləyim, bilmirəm. Deyir, gedib çəkib işıqlandıra bilərsən? Sona tərəddüd edir, deyir, amma bilməsinlər mən ev tikdirirəm, birdən işdən çıxararlar. Sonra qayıdır ki, ya da çəkmə, lazım deyil. Adama əmr versələr, boynumdan cırcıramanı quyruğundan tutan kimi tutub aparacaq. Amma məndən kömək istəyir. Adam məntiq tapa bilmir. Prezidenti tənqid edən status yazıram. O statusun silinməsini məndən kim xahiş eləsə yaxşıdır? Ölkənin ən radikal müxalifətçisi. Allah haqqı başım xarab olub. Heç nə anlamıram. Bu nə deməkdir? Ümumi bir məntiq yoxdur, ya mən tuta bilmirəm, başım çıxmır. Dünən dostum Rüfət Səfərov zəng eləyib mənə ağzına gələni dedi. Qayıdasan ki, səni dostluqdan silirəm. Silib də. Niyə, Rüfət? Sən niyə qızlarla şəkil paylaşmısan? Valla, ya mənim başım çatmır, ya da Rüfətin. Ölkə mənə dəlixana kimi gəlir. Keçən il psixoloq yanına getmişdim ki, mənə kömək eləsin. O günlərdə psixoloq zəng edib ki, hardasan, sənlə oturub içmək istəyirəm, çox gərginəm. Öz mənəvi dünyamla həyat, cəmiyyət arasında Berlin hasarı çəkməlisən ki, bütün bunlar sənin vecinə olmasın. Məndə o hasar yoxdur. Bir dəfə hasar çəkdim, heç nə vecimə deyildi, Allah gəlib o hasarı uçurtdu ki, qanunsuz tikilidir, mən səni belə yaratmamışam. Atam, anam da məni bir tərəfdən bezdirib. Onlara hələ də elə gəlir ki, mənə öyüd-nəsihət verib istədikləri adam eləyə bilərlər? Özləri də hansı xarakterdə adamlardı? Apar bir milyon pul ver, çölə çıxanda 10 manat istə ki, taksiyə verim, başlayacaqlar mızıldanmağa. Beləcə heç yerdə rahatlıq tapa bilmirsən. Alınmayan arzular adamın içində nifrətə çevrilir. Mən adam olmadığıma görə arzular içimdə lağlağıya, mırta çevrilib. Heç nəyə ciddi baxa bilmirəm. Bu nə oyundur, bu nə hoqqadır, siz Allah? İndi guya biz müharibə elədik, torpaqlarımızı geri aldıq? Camaatın balaları gedib şəhid oldu, qazi oldu. Uğrunda döyüşdüyü vətəndə bir tikə çörəyə, müalicəyə, əlil arabasına, gözə, dərmana, evə möhtac qalıb. Dövlətdir bu? Dövlət YAŞAT fondu yaradıb dilənçilik edir, camaatın maaşından zorla pul tutur. Şəxsən mən əsl intiharlıq adamam. Qərara gəlmişdim ki, intihar edim. Sonra özüm-özümə dedim ki, ağlın olsun, intihar edəcək qədər cəsarətin varsa ondasa ağlına gələni yaşa da, harda qırıla-qırıla. Sən öl, adam axtarıram, məni öldürsün. Oturub şərlənməyi, həbs olunmağı gözləyirəm. Küçədə kitablarımı satıram, əlimə 5-3 manat pul düşür. Gedib içirəm. Baxıram adamlara, onların məzlum, müti, kasıb, yoxsul baxışlarına, dözə bilmirəm. Ağlayıram. Pulu olan, imkanı olan başqa bir adamın baxışlarına fikir verirəm. Tamam da, adam yaxşı adamdır. Amma yaltaqdır. Qorxaqdır. Pulundan qorxur. Pulunu itirməkdən qorxur. Amma düz danışan adamı sevir, ona baxmaqdan zövq alır. Məni it kimi hürdürüb gülürlər. Çünki mən onların altşüuruyam. Necə eləyim, necə yaşayım? Doğrudanmı məni anlamırsınız? Heç nə zövq vermir. Kayf alacağım yeganə şey haqq, ədalətdir, o da yoxdur. Dünən babat içdim. Neçə aydır içmirdim. İçimdə nə qədər gərginlik yığılmışdı. Əvəz Zeynallı zəng elədi gecə, getdim. Tural Abbaslı ilə görüşdük, o mənə baxıb gülür, mən ona. Pənah Hüseyn də maskanı ağzına yox, üzünə taxıb hüzürdə aşı çörəklə yeyən yazıq adamlar kimi elə yeriyir, elə yeriyir, adam istəyir çıxarıb cibinə pul qoysun. Tural gözəl insandır. Gülüşləri kifayətdir. Valla, heç kim pis deyil. O gün polis rəisləri məclisdə içib ofisiantın telefonu ilə məni yığıblar. Deyirlər, səni oxuyuruq. Adam təsəlli tapır belə şeylərdən. Adamlar çox istəyir məni. Dəqiq bilirəm ki, hökumət də nifrət eləmir mənə, çünki təmiz və təhlükəsiz bir adam olduğunu bilirlər. Sizcə, mən istəsəm ev ala bilmərəm bunlardan? Yoxsa pul ala bilmərəm? Bunlar çox yaxşı bilir ki, mənə pul lazım deyil və madiyyat məni heç vaxt xoşbəxt edə bilməz. Bəs mən nə istəyirəm? Ədalət istəyirəm. İstəyirəm təbiətin verdiyi ömrü insanlar xoşbəxt yaşasın. Azad olsun. Saxtakar olmayaq. Bir-birimizi sevək. Ürək olaq. Bir yerdə döyünək. Amma heç kim xoşbəxt deyil. Hərə bir cürə bədbəxdir. Yorulmuşuq, tükənmişik, bezmişik, getmir, ömür getmir, zövq ala bilmirik. İçimdə dəhşət qorxu, həyacan var. Bu əbədi bir qorxudur. İlahi bir qorxudur. Aldana bilmirəm. Çox istəyirəm kimsə məni aldatsın, aldada bilmir. Qadın mənasızlığı, yarım saatlıq kayf, sonrası gic bir yuxu… Qadın gözəlliyindən iyrənirəm. Bilirəm ki, çox mənasız bir duyğudur. Çatan kimi gözündən düşəcək. Görəsən, bu dünyada övlad, bala sevgisindən gözəl başqa bir şey varmı? Balanı qoxlamaq, onun tər qoxusunu içinə çəkmək, dincəlmək… Başqa bir təsəlli varmı bu dünyada? Qızım, oğlum. Oğluma baxıram, ilahi, mələkdir, mələk. Necə yaraşıqlıdır. Gül kimi uşaq böyüyüb Allah uzaq eləsin, birdən deputat olar deyə çox qorxuram. Qızım, iraq-, iraq olsun, Allah heç kimə göstərməsin, birdən qızım media başqanı olar. Onlar burdan getsin istəyirəm. Bu ölkə minadır, bu vətən minadır. Getsinlər. İnsan hüquqlarının və azadlığının hörmət olduğu cəmiyyətdə yaşasınlar. Düz söz danışan kimi şərlənmək həyacanı onlarda olmasın, Allah, olmasın. 🙁