Əlaqə vasitələri

Sərdar Cəlaloğlu: “Rusiyada türk mənşəli çarların hakimiyyətinə kimlər və niyə son verdi?”.Jirinovskiyə dərs.

Sərdar CƏLALOĞLU

Azərbaycan Demokrat Partiyasının sədri 

Cənab Jirinovski!

Azərbaycanda özünə hörmət edən heç bir siyasətçi sənin türk, islam və Azərbaycan dövləti haqqında tarixi həqiqətləri ört-basdır və təhrif etməklə, zaman-zaman sərsəm çıxış və bəyanatlarına cavab verməyi özünə sığışdırmır. Çünki səni Azərbaycanda “Kreml təlxəyi” kimi tanıyırlar.

Avropada da sənin çıxışlarına məhəl qoymurlar. Sənin partiyan ilk dəfə Dumaya seçkilərdə 6 milyon səs yığdıqdan sonra, Avropa analitikləri rus xalqının ruhi vəziyyəti ilə bağlı əndişələrini ifadə etmişdilər. Onlar belə hesab edirdilər ki, ağlı başında olan kimsə sənin kimi ağır psixoloji-ruhi vəziyyətdə olan insana səs verməz..

Rusiya dövlətində tutduğun mövqe və titulların səbəbindən, bəzi sadəlövh insanların sənin sözlərinə inana bilməsini nəzərə alıb, mən bu yazımla sənin bu günə kimi səsləndirdiyin və bundan sonra da səsləndirəcəyin fikirlərə cavab yazmağa ehtiyac hiss etdim.

“Erməni dövlətini erməni xalqı yox, rus dövləti yaradıb”


Bu yazımda sənin Rusiya Erməniləri İttifaqının (REM) media kanalına verdiyin müsahibənə əsaslanmağı məqsədəmüvafiq hesab edirəm. Hər şeydən əvvvəl, ədalət naminə, sənin verdiyin müsahibədə “Ermənilər unutmasınlar ki, Rusiya tarix boyu onları farslardan, türklərdən xilas edib. Biz Ermənistanı ələ keçirdik, Ermənistan yarandı. Bizim köməyimizlə… Azərbaycanı biz ələ keçirməmişik… Dağıstan müsəlmanların yaşadığı yerdir və oranın əhalisinin əksəriyyəti türkdillilərdir. Ümumiyyətlə, qaraçaylar, çərkəzlər – Şimali Qafqazdakı xalqların əksəriyyəti türkdilllilərdir…  Oktyabr inqilabına qədər Şimali Qafqazda türk dili tədris olunurdu… 
Türkiyənin şimal-şərq əyalətlərini türklərdən alıb ermənilərə vermək lazımdır. Ermənistan bu ərazilərlə birləşməlidir. Onda ermənilər Dağlıq Qarabağı unudacaqlar… Türklər isə çıxıb Orta Asiyaya, vətənlərinə getsinlər, Daşkəndin yanında yaşasınlar. Bu, 21-ci əsrin ortalarına olan vəzifədir…”
 kimi fikrinə görə təşəkkür etməliyəm. Bizdə buna “dəlidən doğru xəbər” deyərlər. Əslində, biz də dünyaya və özünü erməni adlandıran qonşu xalqa məhz bunu inandırmaq istəyirik ki, Qafqazda “haylar” (özlərini erməni adlandıran müasir ermənilər- müəl.) son yüzilliklərdə peyda olublar. Rusiyanın işğal etdiyi Azərbaycan topraqlarını ilhaq etdikdən sonra, Yaxın Şərqdən “haylar”ı sürəkli olaraq bu ərazilərə köçürməsi nəticəsində müasir Ermənistan meydana çıxıb.

Sən bu müsahibəndə rus dövlətinin ənənəvi türk düşmənçiliyini, həm də Dağıstanın Azərbaycan-türk topraqları olduğunu, burada əsasən türkdilli xalqların yaşadığını və rusların zorla onları öz sərhədlərində saxladığını açıq şəkildə etiraf etmisən. Bəli, indiki Dağıstan Azərbaycanın tarixi ərazisidir. Nadir şahın vaxtında Əfşar türk imperiyasının Rusiya ilə sərhədləri indiki Stavropol vilayətindən keçirdi. Sonralar ruslar Azərbaycanın Şimali Qafqaz ərazilərini işğal və ilhaq etmişdir. Amma Dağıstanda türk dilinin yalnız çar dövründə tədrisi ilə bağlı dediklərin həqiqətəuyğun deyil. Bu, sovet dönəmində olmuşdur. Sovet dönəmində nəinki Dağıstanda türk dili tədris olunurdu, hətta 60-cı illərədək Dağıstana rəhbərlər Bakıdan təyin olunurdu. Çünki Dağıstan Bakıya tabe idi. Dağıstanın mərkəzi İnciqala da ruslar tərəfindən sonradan – 1844-cü ildə I Pyotr vaxtında “Petrovski”, sovet dönəmində isə “Maxaçkala” adlandırılmışdı.

Bir sözlə, Rusyanın öz toraqlarını başqa xalqarın topraqları hesabına genişləndirmə ənənəsi sənin Ermənistanı Türkiyə dövləti hesabına böyütmək kimi sərsəmləmələrinə səbəb olub. Ağlı başında olan erməni yaxşı başa düşür ki, rusların onları gah Azərbaycana, gah Türkiyəyə, gah Gürcüstana, gah da İrana qısqırtması erməni məhəbbətindən qaynaqlanmır. Rusiyaya türk-islam dünyası ilə münaqişdə tərəf olacaq bir xalq lazımdır – hansı ki, müsəlman dünyası ilə münaqişə meydana çıxarsın, özü isə bu münaqişdə vasitəçi kimi çıxış edərək, öz dövlətinin maraqlarını təmin etsin

Dağlıq Qarabağ problemini də, sənin də etiraf etdiyin kimi, ermənilərin adından ruslar yaradıb, bu problemin tezliklə və ədalətli həllinə də ruslar mane olur və problemin həllində vasitəçi kimi siyasi alver edirlər. 

Azərbaycan necə işğal olunub?

Sənin “Azərbaycan isə Çar Rusiyasının tərkibinə İranın qərarından sonra daxil olub – Tehranda Rusiyanın səfiri Qriboyedov qətlə yetiriləndən sonra” fikrin isə tam sənə xas sərsəmləmədir.

Əvvala, dünya tarixində, o cümlədən Şimali Azərbaycan ərazilərinin Rusiya tərəfindən işğal edilməsi dövründə dünyada İran adında dövlət olmayıb. Bunu sübut etmək üçün həmin dövrdə imzalanan dövlətlərarası rəsmi əhdnamələrə baxmaq kifayətdir. İstər Napaleon Fransası, istər Çar Rusiyası, istərsə də Osmanlı İmperiyası ilə bütün müqavilələrdə tərəf Qacariyyə dövləti olmuşdur. İran coğrafi yer adıdır. İran adında dövlət rəsmən 1922-ci ildə sonuncu Qacariyyə türk şahı – Əhməd şah ingilis-rus-fars ittifaqının birgə səyi ilə taxtdan salındıqdan və fars mənşəli Pəhləvi sülaləsi hakimiyyətə gətirildikdən sonra meydana çıxıb.

“Gülüstan” və “Türkmənçay” müqavilərinin Qacariyyə dövləti adından imzalanması da bununla bağlıdır. Qacariyyə xalis Azərbaycan türklərinin bu bölgədəki 500 illik imperiyasının tarixi varisi olub və bütün Qacariyyə hökmdarları Azərbaycan türkü olub.

Azərbaycanın Rusiyanın tərkibinə qatılmasının səbəbi ilə bağlı dediklərin də sərsəmləmədir. Qacariyyənin tərkibində olan iki Azərbaycan xanının – İrəvan və Qarabağ xanının şahlıq iddiasında olması və bunun üçün Çar Rusiyasından kömək istəmələri, rusların isə bundan sui-istifadə edib Azərbaycanın Ermənistan və Qarabağ ərazilərini işğal etməsi və bu iki əraziyə özünün də etiraf etdiyin kimi, erməniləri yerləşdirməsinə səbəb olub.

Bəs Qriboyedovun ölümü ilə bağlı həqiqət necədir?

Azərbaycanın Rusiyaya birləşdirilməsi iki müqavilə – “Gülüstan” və “Türkmənçay” müqaviləri ilə həyata keçirilib. “Gülüstan” müqaviləsi 1813-cü il oktayabrın 12-də Rusiya İmperiyasi ilə Qacariyyə arasında imzalanıb. Bu müqavilə ilə coğrafi Azərbaycan rus dövləti ilə Qacariyyə arasında bölünüb. Bu müqavilənin imzalanmasında İngiltərənin Qacariyyə hokmdarına təzyiqləri ciddi rol oynamışdır. Bunun səbəbi haqqında aşağıda şərh verəcəyik. Hansı ki, bu müqavilə birinci Rus-Qacariyyə müharibəsinin başa çatdırılmasına xidmət edib. 

Müqaviləyə Qacariyyənin adından şahın vəkili Mirzə Əbdülhəsən xan, Rusiya tərəfindən Ratişev imza atib. Bu müqavilə ilə, İrəvan və Naxçıvan istisna olmaqla, Araz çayından şimaldakı topraqları Rusiya işğal və ilhaq edib. Rusiya işğal etdiyi ərazilərin etnik mənzərəsini dəyişdirmək məqsədilə, orada erməniləri məskunlaşdırmağa başlayıb. Sonra Rusiyanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi nəticəsində ikinci Qacariyyə-Rusiya müharibəsi başlamışdır. Bu müharibədə də Avropa müttəfiqlərinin xəyanəti nəticəsində Qacariyyənin məğlub olması “Türkmənçay” müqaviləsi ilə başa çatıb. Bu müqaviləyə görə, İrəvan və Naxçıvan xanlıqları da Rusiya tərəfindən ilhaq edilib. Həmin müqavilənin imzalanmasında müşahidəçi kimi Qacariyyə tərəfindən vəlihəd Abbas Mirzə, Rusiya tərəfindən səfir A.S.Qriboyedov, tərcüməçi kimi Bakıxanov iştirak edib. Müqavilə Mirzə Əbdül Həsən xan və İvan Paskeviç tərəfindən imzalanıb.

Buradan belə bir sual meydana çıxır: əgər Azərbaycan Qriboyedovun “qanbahası” kimi Rusiyaya verilibsə, onda Qriboyedovun ölümündən çox-çox əvvəl “Gülüstan” müqaviləsi necə bağlanıb və o, “Türkmənçay” müqaviləsinin bağlanmasında səfir kimi necə iştirak edib?!

Tarixin saxtalaşdırılması rusların və ermənilərin adətidir. Azərbaycan Rusiya tərəfindən işgal olunub və həmin dövrün şərtlərinə görə, bir neçə yüz illiyə ilhaq edilib. Heç kəs Azərbaycanı Rusiyaya hədiyyə etməyib. Bəs Qriboyedov məsələsi necə olub?

Cəvahirat tarixindən məlumdur ki, Rusiyanın almaz fondunda dünyanın ən bahalı brilyantlarından biri – “Nadir şahın almazı” adlanan 88,7 karatlıq brilyant saxlanır. Həmin brilyant Azərbaycan hökmdarı Nadir şahın Hindistan yürüşündən qənimət götürülmüşdü və rus-erməni fitnəkarlığı nəticəsində Tehranda rus səfiri Qriboyedovun terror edilməsi zamanı Qacariyyə ilə Rusiya arasında yeni müharəbənin qarşısını almaq üçün Qacariyyə şahı bu brilyantı və bununla bərabər, çoxlu olduqca bahalı cəvahiratı I Nikolaya göndərib. Bu faktı orta məktbdə oxuyan hər bir rus uşağı bildiyi halda, görəsən, səni nə məcbur edir ki, tarixi saxtalaşdırasan?

Onu da nəzər-diqqətinə çatdırım ki, Şimali Azərbaycan ruslar tərəfindən işğal olunduqdan sonra, Çar və Sovet Rusiyasının əsarətindən qurtarmaq üçün Azərbaycanda onlarla nəhəng üsyanlar olub və bütün bu üsyanlar ruslar tərəfindən qan içində boğulub. Şeyx Şamilin rus işğalına 25 il müqavimət göstərməsi də bu dirənişin şanlı səhifəsini təşkil edir. Rus əsarəti dövründə ruslar imperiya sərhədlərində “haylar”ın türklərdən “üstünlüyünü” saxlamaq üçün bizim xaqımıza qarşı genosid siyasəti aparmış, Azərbaycan xalqının elitasını zaman-zaman müxtəlif adlar altında məhv etmiş, milli sərvətlərimizi talan etmiş, mədəni, iqtisadi inkişafımızı əngəlləmiş, tariximizi saxtalaşdırmış və Azərbaycan türklərinə qarşı assimilyasiya siyasəti aparmışdır. Azərbaycan türklərinin rus işğalına qarşı son ayaqlanması 1990-cı ilin 20 yanvarında rusların son türk-müsəlman qırğını ilə istiqlal əldə etməyimizlə nəticələndi.

Rusların erməni sevgisi

Görəsən, Qafqaz xalqları arasında rusların ermənilərə olan “tarixi sevgisi” nə ilə bağlıdır? Bunu dinlə əlaqələndirmək olmaz. Çünki Qafqazda ruslarla sərhəddə olan gürcülər yaşayır və ruslar, ermənilərdən fərqli olaraq, həmişə gürcülərə düşmən münasibətdə olub. Hətta gürcülər çar dövründə ruslardan qorunmaq üçün Azərbaycanın himayəsinə sığınıb. Bu münasibət bu gün də davam edir. Deməli, “erməni sevgisi” dinlə bağlı ola bilməz. Bəlkə, bu, ermənilərlə rusların etnik yaxınlığı ilə bağlıdır? Bu suala cavab vermək üçün rusların və ermənilərin etnogenezinə baxmaq lazımdır.

Ruslar kimdir?

Ruslar, iddia edildiyi kimi, hibrid slavyan və ya türk mənşəlidir? Tarix elmində “İqor polku haqqında dastan”dan da qabaq, yazılı ədəbiyyatda ruslar haqqında ilk məlumata X əsrə aid edilən naməlum məllifin yazdığı “Dünyanın qəriblikləri – Əcaib Dünya” adlı coğrafiya kitabında rast gəlmək olar. Həmin kitabda rusların “zəif inkişaf etmiş türk tayfası” olduğu qeyd edilmişdir. Nəzərə alsaq ki, həmin kitabda əksər xalqların etnogenezi haqqında təcrübəyə əsasən dəqiq və təkzibedilməz ətraflı şərh verilmişdir, bu faktı da şübhə altına salmaq mümkün deyildir. 

Ruslar, doğrudandamı, bəzi sovet rus alimlərinin iddia etdiyi kimi, monqol-tatar və slavyan hibridinə aiddir, yoxsa həqiqətən zəif inkişaf etmiş (türklərə xas etnik əlamətlərin zəifliyi) xalis türkdürlər? Bunun üçün rusların antropologiyasına, tarixinə, coğrafi toponomikasına, dilinə və s. baxmaq lazımdır.

Rusların antropologiyası – irqi mənsubiyyət. 

Əgər ruslar slavyandırsa, onda gərək onlar hind-avropa irqinə aid olsunlar. Cənab Jirinovski Putinlə özünün antropologiyasını müqayisə etsə, adi gözlə görər ki, Putunin antropologiyası ona yox, Qazaxstan prezidenti Nursultan Nazarbayevə, yəni qıpçaq-türk antropologiyasına uyğundur. Rusiyanın yerli əhalisinin 99 faizi məhz türk-monqol antropologiyasına aiddir. Uzun illər bunu, guya, rus slavyanlarının monqol istilaları nəticəsində irqlərin qarışması ilə izah ediblər. Amma müasir rus alimləri monqol-tatar istilasının mif olduğunu, Avropaya yürüş edən monqol-tatarların Rusiya ərazisinə ayaqlarının dəymədiyini sübut etmişlər. Deməli, rus xalqı aborigen olaraq monqol-tatar antropologiyasına malikdir. Bunun belə olub-olmadığını bilmək çətin deyil. Bunun üçün Rusiya əhalisini DNK testindən keçirmək olar. Onda sübut olunar ki, etnik ruslar mənşcə slavyan yox, həqiqətən türkdür. 

Rusiya çarları. 

Rusiya tarixinin ən möhtəşəm çarları – Boris Qodunov, İvan Qroznı və I Pyotr mənşəcə kim olub? Bunun üçün rus alimlərinin tədqiqatlarına baxmaq kifayətdir. I Yekaterinaya kimi Rusiyanı idarə edən bütün çarların mənşəcə Krım türklərindən olduğunu rus alimləri etiraf edir. Hətta Rusya tarixinin ən möhtəşəm çariçası – Rusiyanın Yelizavetası hesab ediləcək Narışkinanın Krım xanının qızı olduğu da məlumdur. Yalnız I Pyotrdan sonra alman-ingilis mənşəli çarlar – Romanovlar Rusiyaya ağalıq edib. 

Bəs türk-rus hakimlərini alman-ingilis hakimlərin əvəz etməsi necə baş verib?

Bu, əslində rus tarixinin ən ciddi suallarından biridir. Rus tarixindən məlumdur ki, I Pyotrun anası Natalya Krılovna Narışkinadır. Narışkinlər xalis Krım türkləri olmuşdur.

Haşiyə çıxım ki, rus türklərinin adları ilk baxışdan çaşqınlıq yarada bilər. Amma bu gün türk dünyasında “Tövrat” və “İncil”dən götürülmüş müqəddəs şəxslərin adları geniş yayılmışdir. Eləcə də şimal türkləri arasında İsa Məsihin davamçılarının adları dəbdə olmuşdur.

Rusiyada türkmənşəli çarların alman, ingilis mənşəli çarlarla əvəzlənməsi I Pyotrun vaxtına təsadüf edir. I Pyotr 05 fevral 1722-ci ildə rus taxtına varsliklə bağlı qanun vermiş (niyə?!), kişi xətti ilə taxta varisliyi ləğv etmişdir və varisin hakm çar tərəfindən təyin edilməsi ilə bağlı qərar qəbul etmişdir (Bu qərarla yalnız bir çariça – I Yekaterina hakimiyytə gəlmişdir!!). Bu qərarın verilməsinin səbəbləri hələ də məlum deyil. Bununla da taxta əsilzadə mənşəyi olmayan təsadüfi insanların gəlməsinə yol açılmışdı. Bu fərmandan sonra rus taxtına istənilən adam gələ bilərdi. I Pyotrun yeganə varisi – böyük oğlu Aleksey senatda istintaq zamanı dar ağacından asılmaqla öldürülmüşdür! 

I Pyotrun öz yeganə varisini – Petr Alekseyi öldürməsi hadisəsi rus tarixində birmənalı izah edilmir. İlkin səbəb kimi I Pyotrun apardığı islahatları müdafiə etməməsinə görə oğlunu edam etdirdiyi göstərilir. Lakin tarixdən məlumdur ki, Petr Aleksey Rusiyada formalaşmış alman-ingilis lobbisi tərəfindən Avropda alman-ingilis düşməni olan fransız-italyan dövlətlərinə casusluqda ittiham edilmiş və Pyotrun oğlunun əfv edilməsi ilə bağlı israrlı göstərişinə baxmayaraq, senat, guya, onun günahını sübut etmiş və dərhal da edam etmişdir. Bununla da Pyotr, faktiki olaraq, varislikdən məhrum edilmişdir. Bu da Pyotrun məlum qanunu verməsinə əsas yaratmışdır.

Rus zadəgənları – Dolqorukiy, Qolıçin çar kimi onun oğlunu, zadəgən nəslindən olan nəvəsi Petra Alekseyeviçi görmək istəmişlər. Lakin qraf Tolstoy, baş prokuror Yaqıjinskiy, kansler qraf Qolovkin və Menşikov (Pyotrun varisini edama məhkum edən əsas simalar) hakimiyyəti Petr Alekseyeviçin əldə saxlaya bilməyəcəyini bəhanə edərək, buna razı olmamışlar.

Tarixdən məlumdur ki, bir çox hallarda monarxlar lap kiçik yaşlarında taxta əyləşdirilmiş, onun əvəzindən dövlət qəyyumlar tərəfindən idarə olunmuşdur. Rusiya da belə idarə oluna bilərdi. Amma bunu istməyənlər qalib gəlmiş və nəticədə mənşəyi bu günə qədər heç kəsə məlum olmayan, əxlaqı haqqında fantastik şaiyələr gəzən və I Pyotrun yatağına necə gəlib çıxması, onun sevgisini qazanması haqqında söz səviyyəsində bilgilər olan I Yekaterina taxta çıxmışdır. Pyotrun ömrünün son 20 ilini Yekaterina ilə küsülü yaşaması ortalıqda ciddi bir eşqin yaşanmadığını sübut edir. Bununla da rus taxt-tacında türk mənşəli çarların erası başa çatmışdır.

Rus zadəganları 

Hər bir xalqın etnik kimliyi həm də zadəgan silkinin tərkibi ilə müəyyən oluna bilər. Ola bilsin ki, rus çarları təsadüfə görə türkmənşəli olub. Bəs rus zadəganları – rus xaqının aristokratik elitası mənşəcə kimlərdən təşkil olunub? 

Rus tədqiqatçıların apardıqları tədqiqata görə, rus zadəganların böyük əksəriyyəti – ən məşhur rus familiyalılar – türkmənşəlidir. 

Rus dili 

Hər bir xalqın dilinin lüğət tərkibi onun milli kimliyini göstərir. Bu gün rus dilində 100 mindən çox türkmənşəli söz vardır. Dillərin bir-birinə təsiri bir xalqın uzun illər digərinin hakimiyyəti altında olması ilə bağlıdır. Buradan sual doğur: əgər Rusiya uzun illər türklərin hakimiyyəti altında olmayıbsa, onda rus dilində bu qədər türk sözü necə meydana çıxıb? Halbuki rus dilində slavyan, ingilis, alman mənşəli sözlər bundan qat-qat azdır. Ruslar öz dillərindəki “mama” və “papa” protosözlərin belə, mənasını slavyan dilində izah edə bilməsələr də, hər bir türkə məlumdur ki, türklər ananın südünü uşağa məmə (mama) kimi, yeməyi pəpə (papa) kimi tanıdırlar. Yəni, mamanın – südverən, papanın – yeməkverən mənasında işləndiyi aydın olur. Buradan rusların protosözlərinin belə, türk dilində olması sübut olunur. Yəni əslində əsl rus dili də türk dilinin bir qoludur.

Rus toponomikası 

Hər bir xalqın etnik mənşəyi həm də həmin xalqın məskunlaşdığı coğrafiyanın yer adları toponimikası ilə müəyyən oluna bilər. Bu gün heç bir slavyan Moskva, Kreml, Sibir, Tayqa, Ankara, Yenisey, Ural v s. kimi sözlərin mənasını izah edə bilməz. Ancaq istənilən türkdilli xalqın nümayəndələri bu sözlərin mənasını sizə asanlıqla izah edə bilər.

I Pyotrun vəsiyyəti?!

Rusiya tarixinin ən müəmmalı məsələrindən biri də I Pyotrun vəsiyyətnaməsidir. Rus tarix elminə rəsmi sənəd kimi belə bir vəsiyyətnamənin olması məlum deyil və obyektiv rus alimləri belə bir vəsiyyətnamənin mövcudluğunu inkar edirlər. Bu vəsiyyətnaməni ondan sonra taxta çıxan I Yekaterina və onun varisləri rus siyasətinin istiqamətəni müəyyən edən bir sənəd kimi ortalığa qoymuşdur. Buradan da aydn olur ki, əslində Rusiyada türk hakimiyyətinə son qoyanlar həm də I Pyotrun “vəsiyyəti”nin müəllifləri olmuşlar. 

Sənəddə iki məsələ – isti sulara – Hind okeanına çatmaq üçün Qacariyyənin (ruslar bunu İran adlandırmağa üstünlük verirlər -müəl.) işğal edilməsi və Qafqazda hayların (ermənilərin) himayə edilməsi məsələsi qırmızı xətt kimi keçir.

Əslində rus dövlətinin strateji hədəfləri bu sənəddə iqtisadi maraqlarla əlaqləndirilsə də, məqsəd heç də Qafqazı əldə etmək və Qacariyyədən Hind okeanına çıxışı təmin etmək olmamışdır. Ruslar bir dəfə də olsun, bu marşrutdan istifadə etməmişlər. Məqsəd uzun əsrlər dünya tarixini diqtə edən üç türk imperiyasını – Teymuri-moğol, Səfəvi-əfşar-qacar və Osmanlı imperiylarını bir-birindən ayırmaq üçün parçalamaq və ayrı-ayrılıqda hər birini məhv etmək olmuşdur. Bunun üçün Azərbaycan Türk İmperiyasını dağıtmaq tələb olunurdu.

I Pyotrun vəsiyyətinin birinci hissəsi əslində Azərbaycan Türk İmperiyasını parçalamaq olmuşdur – hansı ki, bu niyyətini ingilis, fransz və farsların iştirakı ilə həyata keçirməyə başlamışlar. Bunu sonralar aşkarlanmış ingilis, rus, fars və fransız ittifaqının gizli müqaviləsi də sübut edir. İstər çar, istər sovet və istərsə də müasir dövrdə bu bölgənin siyasi çoğrafiyasını “İran” adlandırmaq, burada min ilə yaxın hökm etmiş türk imperiyalarını “fars imperiyaları” kimi təqdim etmək, əslində düşünülmüş planın tərkib hissəsi olmuşdur. Bu dördtərəfli xəyanətkar razılaşmaya görə, Şimali Azərbaycan, Rusiya, Hindistan (o vaxt Azərbaycan Türk İmperiyasının tərkibində idi) – ingilislərin, İran – farsların, Ermənistan – ermənilərin əlinə keçmişdir. Bəs fransızların qazancı nə olmuşdur?

Haylar kimdir və onlar necə erməni olmuşlar? (Fransızların və rusların erməni sevgisinin sirləri)

Dövlətlərin yaranmasının iki yolu məlumdur. Bir – yerli xalq öz tarixi ərazisində dövlət yaradır, bir də miqrasiya nəticəsində meydana çıxan coğrafiyadan çox-çox uzaqlarda yeni ərazilərdə.

ABŞ, Türkiyə, İngiltərə, Skandinaviya dövlətləri, İrlandiya, Ermənistan və s. ikinci yolla meydana çıxmışdır.

Bir xalqın son mənzilədək tarixi miqrasiya yolunu müəyyənləşdirmək üçün həmin xalqın tarixin müxtəlif dövrlərində kompakt yasadığı əraziləri bir-biri ilə biləşdirmək kifayətdir. Ermənilərin məskunlaşmasının tarixi statistikasina nəzər salsaq, aydın olar ki, tarixin gedişinə uyğun ermənilər ən çox sayda ardıcıl olaraq Fransa, Livan, Suriya, Türkiyə və müasir Ermənistanda məskunlaşmışlar. Bu, nəyi göstərir?

Etnoqrafiya elminə ermənilərin türk tayfaları olduğu məlumdur. “Erməni” sözü yalnız türk dilində mənaya malikdir. Müasir Ermənistanda yaşayan, hamının erməni adlandırdığı xalq isə özünü “hay” adlandırır.

Qafqaz tarixinin heç bir araşdırmaçısı hayların bu bölgədə nə vaxtsa yaşaması ilə bağlı heç bir elmi məlumata malik deyil.

Eləcə də tarixi mənbələrdə haylarla bağlı məlumat yoxdur. Tarixdə “erməni” adi ilə bağlı bilgilər avtomatik olaraq hayların adına yazılır. Bəs, bu haylar kimdir, ermənilərlə hayların nə kimi əlaqəsi vardır və onlar Ermənistana hardan gəlib çıxıb?

Əgər haylar doğrudan da Qafqazın aborigen xalqıdırsa, o halda qonşu xalqlarla – gürcü və türklərlə oxşar genetik yaxınlığa malik olmalıydılar. Lakin hayların nə gürcülərlə, nə də türklərlə hər hansı bir uyğunluğu yoxdur. Hətta bu xaqların şifahi xalq yaradıcılığında haylar haqqında məlumat belə, yoxdur. Qafqazda yalnız hayların tibb elmində bu günədək sirri açılmamış “erməni xəstəliyi” adlanan xəstliyə tutulması da hayların Qafqazda aborigen olmadıqlarının digər sübutlarındandır.

Bəs bu xalq Qafqaza hardan gəlib? Bunun üçün əcnəbi və erməni müəlliflərinin verdiyi bilgilərə nəzər salmaq kifayətdir.

Keçən əsr qafqazşünaslarından biri İ.Şopen haylar haqqında yazır: “Aydınlaşdırmaq çətindir ki, bizim ermənişünas alimlər nəyə əsasən özlərinə rəva biliblər ki, bütün hallarda haykanların və onların vətəni “Hayıstan”ın adını tamamilə başqa xalqın adı ilə dəyişib tərcümə ediblər: Aydındır ki, Yafəsmənşəli, şimaldan gəlmiş dağlı Armenlə – Ermənistanla, cənubdan gəlmiş samimənşəli haykanların (hayların) heç bir ümumi cəhətləri yoxdur və ola da bilməz … Ermənilərdən, Parsuqdan, haykanlardan və yəhudilərdən yeni qarışıq bir xalq əmələ gəldi ki, nəinki öz tipik müstəqilliyini, hətta özünün həqiqi, doğma adını da itirdi”.

Haylaşan yəhudilərin bir hissəi “Zok” adı ilə seçilirlər. Əsl haylar öz adlarını heç də unutmayıblar. Onlar öz dillərində özlərini düzgün olaraq “hay”, vətənlərini də “Hayıstan” adlandırırlar. Ancaq, “ermənişünasların” onlara verdikləri “erməni” və “Ermənistan” adlarından çox məharətlə istifadə edirlər. Əslində ermənilər həmişə də özlərini “hay”, vətənlərini “Hayıstan” adlandırıblar. Həqiqətdə isə belə bir ərazi heç vaxt mövcud olmayıb. Təbii olaraq tarixi mənbələrdə də “hay” və “Hayıstan” haqqında məlumat verilmir. Hazırda erməni mənbələri kimi tanınan mənbələr isə “haylar”a deyil, məhz ermənilərə məxsusdur. 

Hay dili ilə bu mənbələri ayıran ciddi fərqlər də buna sübutdur. Hay alimi X.Abovyan yazır: “Mənə elə bir müasir dil məlum deyildir ki, o, yeni erməni dilinin qədim erməni dilindən fərqləndiyi qədər fərqlənsin… heç bir dil mənim üçün bu qədər çətin olmamışdır”.

Bu sözləri altı dili sərbəst bilən yazıçı və alim yazmışdır. Əsl həqiqqətdə yeni erməni dili – “haylar”ın, qədim erməni dili – türklərin dilidir. Ona görə bu iki dil bu qədər fərqlənir.

X.Abovyan yazir: “… ona görə ki, bütün anlayışlar, sözlərin quruluşu, hətta ayrı-ayrı sözlər müasir dövrdəki ifadə tərzinə və şərhlərə uyğun deyildir”. Əgər doğurdan da bu qədim dilin xüsusiyyətləri “hay” xalqının müasir dilindən bu qədər seçilirsə, bəs bu dil hansı xalqa məxsusdur? Bu suala da yenə erməni-hay alimləri cavab verirlər. Qədim erməni dili kilsə dili, yəni mədəni dil olub. Kilsə xadimi Narses bu dil haqqında yazmışdır: “Köhnə erməni dilinin quruluşu, konstruksiyası əksəriyyət etibarilə tatar (türk) dili ilə uyuşur. Köhnə erməni dilinin halları var, yeni erməni dilində sözlər arasında ədatlar qoyulur”. Bu da alban kilsəsinin dili olan qədim erməni dilinin türk dili olduğunu sübut edir. Bunu da sübut edən erməni alimidir. Bu fakt həm də xristianlaşmış türklərin bu bölgələrdə əvvəldən mövcud olduqlarını bir daha sübut edir.

Akademik N.Y.Marr qeyd edir: “Erməni xalqı kimi, erməni dili də hibrid, calaq dildir”.

Erməni alimi, akademik M.Abeqyan da həmin fikri təkrar edir: “Erməni dili hibrid dildir. O biri yandan, erməni qəbiləsi də hibriddir, Urartu və başqa qonşuları assimlyasiya etmişdir”.

Hibrid xalq nə deməkdir? Bu gün metis və ya mulat adlanan insanlar vardır: iki xalqın və ya iki irqin qarşığından meydana çıxıb. Bu da onu göstərir ki, müasir ermənilər hayların fiziki mövcudluğunu türk-ermənilərin tarixini özlərində hibridləşdirməklə meydana çıxıblar. Yəni xalq – hay, tarix və coğrafiya isə erməni türk tayfasına məxsusdur. 

Bəziəri hayları farslara qohum kimi qələmə verərək, onları Qafqaza bağlamaq istəyirlər. Müasir erməni-hay dilinin İran dillərinə daxil edilməsinin düzgün olamadığını da məhz erməni alimi M.Abeqyan sübut edir. O yazır: “Hay dilinin təxminən 800-dək kökü iranmənşəli olması bəhanə olmuşdur”. Deməli, hay dili İran dillərindən deyil və ola da bilməz. Çünki haylar özləri samimənşəlidirlər, hayların mənşəyi, hay xalqının törəməsi hay dilinin mənşəyini açmaq üçün də mühüm açardır.

Bəs haylar Qafqaza doğru nə vaxt, necə və nə üçün miqrasiya etmişlər?

Tarixi mənbələrdən məlumdur ki, haylar Fransanın cənubundan eramızdan təxminən 2500 il əvvəl qaraçıların Hindistandan çıxarılmasına uyğun şəkildə çıxarılmışlar. Buradan Aralıq dənizin cənubuna, indiki Livan ərazisinə keçmişlər. Bir necə yüz ildən sonra Livandan Dəclə-Fərat vadisinə – Assuriyaya keçmişlər.

Eramızdan əvvəl VIII əsrdə Urartu şahı Assuriyaya qarşı on dörd hərbi yürüş edir və nəticədə 91 min kişi, 52 500 nəfər qadın və 74 min nəfər uşaq ələ keçirə bilir. Bu insanların böyük əksəriyyəti Assuriyaya köçmüş “hay” kimi tanınmış xalq olublar.

Erməni alimi Kapanasyan hayların ilk məskəni olan Xa-ya-sa-nı “təpə”, “şəhər” kimi izah edir. Bəzən bu sözü hayların eponimi “hayk” adı ilə bağlayırlar. 

Assuriyalıların birbaşa qalıqları ilə bağlı Aysor mənşəli sovet alimi D.S.Sadayev yazır: “…Assuriyaya on minlərlə əsir aparıb, bu ölkəni də Nairi adlandırıblar”.

Tədqiqatçı M.Xorenli də hayların cənubdan Dəclə-Fərat tərəfdən gəldiyini təsdiq etmişdir.

Erməni alimi M.Abeqyan yazır: “Haykın nəsli oğlu Armenakın başçılığı ilə Xarkdan şimali-qərbə yayılıb, Ayraratda məskunlaşmışlar. Burada qədim sakinlər (türklər!) var idi. Sonra haylar (ermənilər) Şiraka, Qexakuni və Siyunikə doğru hərəkət etmişlər”.

Bu məlumatları hayların tarixən kompakt yasadığı ərazilərlə əlaqələndirsək və hayların tarixi ilə bağlı digər mənbələrə baxsaq, hayların Qafqaza gəlişinin marşrutu eramızdan təxminən 2500 il əvvəl Fransanın cənubundan başladığı (hayların Fransanın cənubundan qovulması faktı bir çox tədqiqatçı tərəfindən sübut olunub), Aralıq dənizinin cənub tərəfinə – Livana keçdiyi, bir neçə əsrdən sonra Livandan Dəclə-Fərat arasına Suriya-İraq ərazisinə köçdükləri, eramızdan əvvəl VIII əsrdə Assuriyaya gətirildikləri, oradan indiki Türkiyə ərazisinə yayıldıqları və XVIII əsrdən başlayaraq rus dövlətinin həyata keçirdiyi demoqrafik siyasət əsasında Qafqazda konsentrasiya olunduqları aydın olar.

Bunu hayların dili də sübut edir. Bu dil nə fars, nə gürcü, nə də türk dilinə yaxındır, hansı ki, minillər qonşu yaşamış xalqların dillərində uyğunluqlar aşkarlanır. Hayların dili öz kökünə görə daha cox fransız dilinə yaxındır. Bu da hayların Fransadan çıxdığını sübut edən digər bir faktdır. 

Bütün bunlardan sonra Azərbaycan Türk İmperiyasının – Qacariyyənin süquta uğradılmasında rus, fars və inglislərlə yanaşı, fransızların da iştirakının səbəbi aydın olur. Fransızlar məhz mənşəcə özlərinə yaxın olan hayların Qafqazda Azərbaycan topraqları hesabına dövlət qurmalarında maraqlı olduqları üçün bu gizli müqaviləyə qoşulmuş və Napoleonun müttəfiqi olmuş Qacariyyəyə xəyanət etmişdir. Bu dörd dövlət Azərbaycan türklərinin birləşməsi, bu bölgədə gücə çevrilməsi qarşısında əsas mane kimi son bir neçə yüz ildə ortaq siyasət yürüdür. 1956-cı ildə Pişəvəri hərəkatının süquta uğradılması, Azərbaycanın biləşməsinə imkan veriməməsi, ermənilərin Azərbaycana qarşı zaman-zaman meydana çıxan haqsız iddalarının müdafiə edilməsinin də səbəbini burada axtarmaq lazımdır.

Tarixin ironiyasıdır ki, slavyanlaşdırılmış bir türk tayfası olan ruslar, bir türk tayfasının adını mənimsəmiş haylarla birləşib, uzun illərdir ki, bu bölgədə gizli türk düşmənlərinin əlində alət olaraq türk düşmənçiliyini körükləyirlər. Təəssüf ki, etnik ruslar həm öz tarixlərinin, həm də hayların tarixinin saxtalaşdırılmasına hələ də laqeyddir.

Jirinovski açıq şəkildə rusların ermnilərin hamisi olduğunu, Rusiyanın Ermənistanın strateji müttəfiqi olduğunu və özünün Azərbaycan üzərində gücünü nümayiş etdirməsininin vacibliyini vurğulayır. Təbii ki, Azərbaycan xalqı öz gücü ilə Ermənistan kimi bir neçə dövlətə qalib gələ bilər. Amma etiraf edim ki, Rusiya qarşısında hələ ki, gücsüzük. Lakin dünya artıq dəyişir. İndi Azərbaycan da əvvəlki ilərdən fərqli olaraq bir milyard yarımlıq İslam dünyası ilə strateji müttəfiqdir. 2 milyonluq İslam ordusunun tərkibində 300 minlik ordu ilə təmsil olunur. Aprelin əvvəlində dord günlük müharibə ərəfəsində Pakistan (Nüvə dövləti), İran, Türkiyə, Qazaxıstan, Türkmənistan və bəzi ərəb ölkələrinin Azərbaycanla həmrəylik ifadə edən birmənalı mövqeləri Rusiyanın İslam dünyası ilə üz-üzə gələ biləcəyindən xəbər verir. Məncə, bu qarşıdurmada Rusiya kifayət qədər gücsüz olacaq. Nəzərə alsaq ki, Rusiyanın daxilində də 50 milyondan artıq türk-müsəlman əhalisi yaşayır, bu qarşıdurmanın açıq müstəviyə keçəcəyi təqdirdə Rusiyanın gözlənilməz sürprizlərlə qarşılaşacağı şəksizdir.

Cənab Jirinovski, bunu da avanturist ağlınla düşünsən, pis olmaz! 

Loading