Mən Aprel Şəhidlərindən yazmalıydım. Yazmadım! Yazmadım ki, qənaətimdə budur: Azərbaycana Tarix Şəhidləri, Tarix Qəhrəmanları, Tarix Sərkərdələri, lazımdı, Təsəlli şəhidləri yox! Və özü də Bütöv Azərbaycanı əldə edən şəhidlər! Bir təpəlik qəhrəmanlığa Tarix və Düşmənlər hər zaman istehza edib, edir, edəcək! Hətta bütün Qarabağ və ətraf 7 rayon azad edilsə belə, bir kənd düşməndə qalsa, yenə… kafi deyil! Ancaq Aprel şəhidlərindən yazılan hər yazının (oçerkin, portretin, şeirin, poemanın, hekayənin, romanın) ürəyimin başında yeri var…
SÖZARASI: Babam kənddə – kolxozda işləyirmiş, hər ilin də axırında kolxoza borclu qalırmış. Hər dəfə bizim üçün zülmlərə qatlaşdığını deyən, əməyini qiymətləndirməyini istəyən atam bunu tez-tez bizə danışardı, bir dəfə soruşdum ki, bu necə ola bilər axı?
Danışdı. Və mən o söhbətdən sonra yaxşı işi də, pis işi də təpcəyəcən edirəm. Həyatda maksimalist olmağım da ondan yanadır! Heç bir işi (hətta əclaflığı da) yarımçıq görməyin tərəfdarı deyiləm, bəzən aqressivləşib “Hacıəli” deyib söyürəm də.
Deməli, kolxoz sədri adi fəhlə olan babama tapşırır ki, Hacıəli kişi, bu sahəni axşamacan çəpərlə. Bəli, babam müharibədə çolaq olmuş əlləri ilə sahəni çəpərləyir və axşamın qaranlığında gəlir sədrə deyir ki, çəpərlədim. Sədr bilir axı Hacıəli kişi işi necə görür, ürəyi narahat olur, gəlir baxır və görür ki, bir metrə qalıb. Gecənin bir aləmi, zil qaranlıqda o bir metri çəpərləmək üçün uyğun bir şeylər axtarır, tapır, yerbəyer eləyir və səhər babama həm töhmət verir, həm əməkgünündən kəsir.
İndi deyəcəksiniz niyə?
Sədrin dediyini deyirəm: nə fərqi var, sahə 300 metr çəpərsiz oldu, ya 1 metrə? İnək də “QAZ-53”, ya da “Zil-130” deyil ki, keçə bilməsin, bir metrdən də keçəcək də!
“Tak ışto”… haranı “çəpərləyirsinizsə, çəpərləyin”, amma “inəklik” boşluq saxlamayın!
Bizim qələbələrimizin bir “inəklik” boşluğu var!
Bu vətənin həqiqi hərbi xidmət, ehtiyatda olan əsgər, vətəndaş, məhbus və sair borclarından çoxdan çıxmışam, qalıb jurnalist borcum, haçan qələbəni tam və qəti qazanacağıq, onda yazacam.
Bağışlayın ki, Aprel… görüb zənnə saldım sizi. Mənim vinetkamın birinci şəkli… Elçin Sadıqovdandır. Vəkil. Həyatda minnətdar olduğum bir dost.
1-ci şəkil
Elçin Sadıqov o insanlardandır ki, etdiyi yaxşılığın əvəzini qaytarmağın heç bir yolu yoxdur və etdiyi yaxşılıqların əvəzinin də ona qaytarılmasını allah heç kimə qismət eləməsin!
Dedim axı, Elçin Sadıqov vəkildir!
Mən həbs olunana qədər onu tanımırdım. Və deyim ki, tutulmağım ağlıma gəlsə də, müdafiə olunmağım ağlıma gəlmirdi. Çünki… bir dəfə rəhmətlik Elçin Səlcuqla Buzovnada onun bağ evində oturub dərdləşirdik, qayıtdı ki, Aydın, məni tutsalar, müdafiə edən olacaq, amma sən tutulsan, heç kim müdafiə etməyəcək. Siyasilər iqtidarlı-müxalifətli bir yana, heç dostların da. Səbəbini də belə izah elədi ki, sən bütün cəbhəboyu atəş açırsan! Və heç kimi özün kimi səmimi bilmə.
Və mən özümə təsəllini MSK-da Üzeyir… Mehdizadənin “Vezyətim əladı mənim” meyxanasıyla verirdim.
Təsəvvür edin ki, rəhmə gəlib, qardaşımla bircə dəfə görüş veriblər, o da soruşur ki, Rəisə (anam) deyir mənə düzünü desin, vəziyyəti necədir, bu momentdə də Lənkəran polisinin MSK-da dustaqları “proqulka”ya çıxarıblar, Üzeyir də oxuyur. Elə onun oxumağına işarə edib, bircə kəlmə dedim: deynən Aydın meyxanaya qulaq asır, vəziyyəti əladı onun!
Ümumiyyətlə, mən heç vaxt etdiyimə içimdə peşman olmamışam, heç dilimə də gətirməmişəm, səhvi boynuma alıb üzrxahlıqla qarışdırmamaq şərtiylə deyirəm. O an anam özü yanımda olub soruşsaydı, əminəm ki, onu hətta tutulmağımın gözəlliyinə də inandırardım. Ancaq axı içimdə bir dəhşətli həqiqətin ağrısı vardı: mən kimlərlə vuruşurdumsa, onlar indi və bundan sonra yenə də işlərinə davam edirdilər, edəcəkdilər: qəhbəlik edən qəhbəliyini edirdi, rüşvət alan rüşvətini alırdı, narkotik satan narkotikini satırdı…
İlk dəfə onda anladım ki, kişilik təkcə həqiqəti demək deyil, kişilik həm də həqiqəti deyib tutulmamaqdı, kişilik bunun da üstündən, həqiqəti deyib… cinayətkarı cəzalandırmaqdı, rüşvətxora öz yerini, qəhbəyə öz yerini, narkotik alverçisinə öz yerini göstərib, onları öz yerində oturtmaqdı.
Mən bu mübarizədə elə babam Hacıəli kimi “çəpərləmişdim” – bir “inəklik” boşluğum vardı!
Və belə məqamın birində… çöldəki sonuncu qalam və dayağım Əvəz Zeynallının da həbsi çöldən tamam əlimi üzdürdü. Ancaq Əvəz son an üçün bacardığını eləmişdi: Elçin Sadıqov mənə vəkil gəlmişdi!
İlk dəfə Kürdəxanıda görüşdük: heyrətləndirmişdim ki, uzağı 40 günə çıxacam.
Mən inanmırdım! İnanmırdım ki, gəlininin şəklini redaksiyalardan yığışdırdığım, əleyhinə yazanların hərçi-bətərini mətbu şəkildə söydüyüm, bütün rəqiblərini “Şahab-1000”, “S-300”-ün qabağına verdiyim adam bu qədər cılız olar! Mənə tutulmağım yox, nəinki “mətbu cangüdəni”, hətta “killer”i olduğumun namərdliyi təsir edirdi. Onu da deyim niyə tutulmağım təsir etmirdi: bəzən adamın həyatında elə adam olur ki, ondan qurtulmaq üçün ya gərək tutulasan, ya da öləsən! Eləsindən hətta mühacirət də xilas etmir! Məndə də təxminən elə bir situasiya idi!
Və mən türmədə o qədər yaxşı oğlan gördüm ki… öz tutulmağım dərd olmadı! Həm də anladım: insanı heç nə namərdlik qədər qocaltmır, gücdən salmır.
Mən sürətlə qocalırdım və gücdən düşürdüm!
Mənə adı-soyadı “Elçin Sadıqov” olmasa da, elə biri lazım idi: bir dəfəmi, uzağı iki dəfəmi, maksimum üç dəfəmi gəlsin, amma… gəlsin!
Və o Elçin Sadıqov gəldi!
Kürdəxanıya!
Şirvana!
Şüvəlana!
Bir burasını da təsəvvür edin: Elçin bəy məndən soruşdu ki, nə lazımdır sənə, gətirim?
Sizcə, mən nə istədim Elçin bəydən?
“Quran” kitabını – transkripsiyalı.
Kim olsa Elçin bəyin yerinə şaqqanaq çəkərdi! İçkili vəziyyətdə məscid pəncərəsini sındıran adam ondan “Quran” istəyir, özü də ərəbcə, deyilmi?
Elçin bəy təmkinlə mənim təqdimatımda istədiyim “Quran”ı tanıdı və növbəti görüşdə gətirdi!
Mənə bir blok “Vest” də gətirmişdi üstündən. Səhv etmirəmsə, şax “əlliminlik”lərdən də vermişdi!
Sonra mən əfv olundum çıxdım. Elə hey zəng elədim ki, ay Elçin bəy, görüşək, bir çay içək, bir tikə çörək yeyək! Gəlmədi – mənə etdiyi yaxşılığın qarşılığında bir stəkan çayımı belə içmədi!
Fəqət o bilmirdi ki, onu mənə təmənnasız vəkilliyimə razılıq vermiş biri kimi yox, türməyə yanıma gəldiyinə görə çox istəyirəm! Məhkəmədə iştirak etdiyinə görə çox istəyirəm!
Və… Elçin Sadıqov Azərbaycanın minlərlə vəkilindən təmtək yeganəsidir ki, mənə… vəkilliyə razı olub!
Arada vəkillərin təqdimatına baxıram, onlar haqqında yazılanları oxuyuram, sadəcə, hər dəfəsində düşünürəm ki, vəkillərin haqqını tam ödəmirlər, onların iştirakını onların iştirakına layiq ifadələrlə ifadə etmirlər!
6 ildir ki, Elçin Sadıqovu yaxalaya bilmirəm: səhv etmirəmsə bircə dəfə görüşmüşük, o da təsadüfən. Heç bəlkə də görüşməmişik. Heç kimdən də eşitmədim ki, Elçin Sadıqov mənə təmənnasız vəkillik etdiyini dilinə gətirib!
Elçin Sadıqov 1 aprelin ilki və yaraşığıdır! Dedim, biləsiniz…
Mənim “1 aprel” vinetkamda əvvəl Aqil Abbasdır, sonra Elçin Sadıqov, sonra… Ayxan Ayvaz!
2-ci şəkil
Ayxan Ayvaz… vaxtından tez böyük oğlan olub, böyük yazıçı da olacaq, inşaallah və yaxud da belə də demək olar ki, vaxtından əvvəl böyük yazıçı olub, böyük oğlan da olacaq, o mənada ki, bu ölkənin böyük yazıçılarının-şairlərinin hamısı BÖYÜK OĞLAN olmadılar, böyük oğlan sözünün ilk hecasından sonra çat verdilər. Ayxan Ayvazı hal-hazırda, yaxın gələcəkdə, tam səmimi deyirəm, nə böyük oğlan, nə də böyük yazıçı kimi görmürəm, gördüyüm bir odur ki, böyük oğlan və böyük yazıçı olmaq üçün tam potensialı var – üslubu, dili, istedadı, təhsili, mütaliəsi, ədəbi düşüncəsi, yazı materialını tapması, əlinin altında bütün xammal, həyat təcrübəsi və dərsləri, zərbələri, mühit, dəstək, hər şey… Yetkin olmayan siyasi baxışları, çiy ittiham təfəkkürü (dolayısıyla “ədəbi tənqid” donundakı natamamlıq kompleksi) inanmıram ki, onun istedadına qənim ola bilər! Böyük yazıçı və böyük oğlan olmaq onun borcu, mükəlləfiyyətidir! Olmalıdır, zənnindəyəm. İnanıram da, əminəm də. Amma olmasa neyləyəcəyik ki? Bir vaxtlar Aqşin Yenisey yazırdı ki, işığı kəsməyə gələn montyor fikirləşmir ki, qapının o üzündə yazıçı-şair qaranlıqda qalır. Nə olsun? Onda işığı kəsilən Aqşin Yenisey indi işığı kəsilməyən Aqşin Yeniseydən milyon dəfə gur bərq vururdu! Onda əlində təkcə kəlbətin olan montyor da tanımırdı onu, indi dünyanın son model texnikası və silah-sursatı əlində olan Kəmaləddin Heydərov şəxsən tanıyır! Fərqi çıxarıb heç kimin gözünə soxmağa ehtiyac yoxdu!
3-cü şəkil
Etibar Etibarlı mənim qədim-köhnə dostumdur və qədimdə qalmayan, köhnəlməyən dostumdur. Müəllimdir, şairdir, publisistdir deməsəm, xətrinə dəyər, xasiyyətini allah kəssin.
Azərbaycan ədəbiyyatında biz oxumuşuq, danışıblar istedadlı adamların sıxışdırılmağını, onlara paxıllıq edilməyini, amma görən olmayıb. Olubsa da, az olub, o görənlərdən biri də mənəm.
Etibar Etibarlı sovet dövründə Nəbi Xəzrinin uğurlu yol yazdığı şairdir!
1988-ci ildə Etibar Etibarlını redaksiyada görən Şakir Yaqubov ona 1969-cu ildə “Ulduz” jurnalında çıxan şeirlərini əzbərdən deyib.
Mən Etibar Etibarlı ilə bir redaksiyada işləmişəm. Yaxindan tanıyıram: klassik şirvanlıdır! Xas şamaxılıdır – adamlar belələrinə öz aralarında “acıdil” deyirlər. Həqiqəti qırmızı-qırımızı deməklərinə görə. Yaltaqlığı bacarmadığına görə. Bir dəfə Zahid Sarıtorpaqla “Ədəbiyyat söhbətləri” layihəsinə başlamaq üçün söhbət etdim (təəssüf ki, bu günə qədər də hazırlayıb ortaya çıxarmamışam, amma ilk imkandaca Zahid Sarıtorpağın adına layiq formada təqdim edəcəm – hələ dəmə qoyulmuş kimidir) və sözarası dedim ki, sizi çox istəyirəm. Əlbəttə ki, mənim bu Ustad sənətkarla elə dostluğum-yoldaşlığım olmayıb, elə münasibət yaradacaq xeyirxahlıqlar, dəvətlər, təkliflər, dəyərlər olmayıb, duruxmağına həmən aydınlıq gətirdim:
– Ustad, məhz Şirvan ədəbi məktəbinin nümayəndələrindən yaltaq-yalaq çıxmır, rast gəlməmişəm. İstər musiqi, istər ədəbiyyat, istər jurnalistika olsun, istərsə də siyasi sferadan şirvanlı yaltaq çətin tapılar. Tapılsa da ya ərəbin burda qalan tör-töküntüsüdür, ya da qanıqarışığın biri.
Deyim, hesabınızı götürün: Etibar Etibarlı ilə Məzahir Süleymanzadə bir sinifdəmi, ya bir sinif fərqiylə bir məktəbdə oxuyublar, deyəsən. Hər necədirsə, dəqiq bildiyim odur ki, bu iki nəfər bir-birini orta məktəbdən tanıyır, mən bu yaxınlarda bilmişəm ki, Məzahir Süleymanzadənin həm də şeir yazmağı varmış. Deməli, Məzahir Süleymanzadə “Kommunist” qəzetinin baş redaktorunun müavinidir, özü də sözü keçən müavini! Etibar Etibarlı bu redaksiyada hansı işdə işləsə yaxşıdır?
Korrektor! – texniki heyətdə, yəni! İndi o “Kommunist”, yəni indiki “Xalq qəzeti”ndə elə imzaları müxbir, şöbə müdiri, hətta redaktor müavini görürəm ki…
Etibar Etibarlı şeirləri illərlə yaddaqalan şairdir. 1988-ci ildə oxumuşdum əl boyda kitabından:
“Görən neçə qarışdır uzandığım torpaq, ayağımdan başımacan, dünyada qazandığım bu yaşımacan!”
“Qanana da yazıq, qanmayana da, dad yarımçıq əlindən!”
Həə, Etibar Etibarlını 90-cı illərin əvvəlində qoyub getmişəm. İndi baxıram ki, Etibar qocalıb, Etibar yeriyə bilmir, Etibar… yaşlaşıb!
Ad günü olmasaydı, çox pis danlayardım. Çünki, Etibar müəllim bilir xasiyyətimi: mən adamı harda qoyuramsa, onu qoyduğum yerdə axtarıram, qayıdanda qoyub getdiyim kimi görmək istəyirəm!
Bu nədi, ala? Nə qocalmaq, nə xəstələnmək, nə yaşlaşmaq!?
“Ömür deyir, qocalmışam? ”, yırt sinəni, çıxar ürəyini, əmt et: “Yaşa hələ!”
Mən gündə “Dayan, Ürəyim, Dayan” deyirəm, həyasızcasına döyünür, sənə nə gəlib, ay Etibar müəllim?
Kim bilməsə də, mən bilirəm axı, bu həyatda sənin ən ETİBARlı dostun ÜRƏYİNDİR!
Onunla dil tap, anlaş, yaşa, mən sənin 70 illik yubileyinə hazırlaşıram, bu yazı da “vinetka” üçündür deyə, balaca alındı – Sən böyük imzasan, böyük kişisən, Sənin Portretini çəkmək borcum var! Məni borclu saxlamaq olmaz!
4-cü şəkil
Orası düzdür ki, dövlətlərin güclənməsi üçün elm, elmi-texniki tərəqqi, iqtisadiyyat inkişaf etməlidir. Amma xalqların inkişafı üçün… tarixi bilmək lazımdır! Tarixi bilmək azdır, həm də tarixi yazmağı bacarmaq lazımdır!
Bu gün Qurban Məmmədov tarix yazmağın, tarix yaratmağın həndəvərində, yaxınlığındadır. Rus demişkən, “on krutitsya okolo da vokruq”.
Mən bildiyim qədərincə son 50 ildə tarix üç nəfərə bu şansı verib: Əbülfəz Əliyevə, Heydər Əliyevə və… nə qədər absurd görünsə də, Qurban Məmmədova.
Əbülfəz Əliyev tarix müəllimi olsa da, öz adını tarixə yazsa da, xalqın ürəyinə həkk etsə də, Tarix Yaratmaq fənnindən “2” aldı. Etimad istifadə olunmamış qaldı
Adını tarixə yazmış olsa da, Tarix Yaratmamış Heydər Əliyev öz şansından çox yüksək peşəkarlıqla yararlandı və Tarix Yaratdı – etimaddan sui-istifadə etsə də!
Hər ikisinə yardımçı həm də Əlahəzrət Tarixin özü idi.
İndi Qurban Məmmədova şans verən bircə amil var: Əbülfəz Əliyevə etimad göstərən xalqın ümidlərinin doğrulacağını zənn edən yerdə qalan kontingent və Heydər Əliyevin sui-istifadəsindən əli yanıb ağzına təpənlər – bu dəstəyi vəhdətə gətirmək, montaj, demontaj, şantaj etmədən, bütün xalqın iddialarını sintezləşdirib, ortaya yeni bir xalqla çıxmaq!
Nə Əbülfəz Elçibəyin “xalqıyla”, nə Heydər Əliyevin “xalqıyla” heç hara getmək olmaz!
Azərbaycana yeni xalq lazımdır!
Qurban Məmmədovun çətinliyi bundadır: o, öz Xalqını Yaratmalıdır! Və öz Tarixini Yazmalıdır, öz Tarixini Yaratmalıdır! Əlbəttə, bunu demək mən tərəfdən əclaflıqdır o biri siyasilərə qarşı, amma deməsəm də olmur: Qurban Məmmədov bir-biriylə dalaşan iki güclü siyasi rəqibin məhvində maraqlı olmalıdır (necə ki, tarixboyu belə olub) və buna əlaltdan dəstək olmalıdır: efirindən birbaşa olmasa da, dolayısıyla – əlahəzrət faktlarla və məntiqlə. Seçimi xalqa saxlamalıdır, deməməlidir, ay xalq, ay dost. Yarıgerçək, yarızarafat bunu da deyim: olur e, görürsən, oğlan qıza naz edir (bəli, bəli! Oğlan qıza naz edir!), bilir ki, hara fırransa, zırrandığı aeroport özü olacaq! Bax, həylə, qoy xalq özü dost desin! Bu xalq özü “dost” olmaq istəməsə, xeyri yoxdur – bu qədər bəsit həm də! Üstəlik də… Azərbaycanın siyasi durumu bunu diktə edir: çünki heç bir siyasi höt-hötünü yerə qoymur. Çünki bu adamlar guya lider olsalar da, əslində kiminsə kurasiyasındadır!
Vəziyyət bu qədər faciəli. Azərbaycan isə sürətlə həm əldən gedir, həm də müstəqilliyini de-yure saxlasa da, de-fakto itirməyin astanasındadır!
Dəhşət həm də ondadır ki, artıq xalq da əriməkdədir!
Dünən 60 yaşı tamam olan Qurban Məmmədova “nəyi necə et” deməyin anlamı yoxdur – adam kifayət qədər informasiyalıdır! Çıxışlarına əl gəzdirmək baxımından məsləhətə də qulaq asmaz – yaş o yaş deyil!
Taktika və strategiyası, hədəfləri bəlli olmadığından, təkcə məqsədini populizm üzərində yayımlayan Qurban Məmmədov heç özü də fərqində deyil ki, artıq ona inananların sayı günbəgün artır! Yetər ki, yanlış yapmasın! Yetər ki, o arvadını qoyub Rusiyaya gedən kişilər kimi, yalan vədlər verməsin, ümidləndirməsin!
Bəri başdan bəyan etmək lazımdır: hakimiyyət dəyişikliyi olsa, nələr olar! Məhz o həqiqətlərə dəstək olanların gücünü nəzərə alıb fəaliyyəti ya davam etdirirsən, ya da əlavə güc axtarırsan!
Qurban Məmmədov, mənim şəxsən bu an, ad gününə görə Sizə ən böyük hədiyyəm bu etirafdır: bütün digər siyasi lidelərdən fərqli olaraq, mübarizəyə başlayanda Əli Kərimliylə ortaq və şərik ola biləcəyiniz bütün təkliflərinizi verdiniz, əmin oldunuz ki, bu adam Sizi öz yanında görmür, özünü Sizin yanınızda və doğru qərarınızı bəyan etdiniz!
İstəsələr, bu fikrimi kimə dediyimin şahidi olan – adlarını çəkmədiyim – şəxslər özləri şərhdə etiraf edərlər: qəti qənaətimdir ki, Azərbaycanda hakimiyyət dəyişikliyi o halda sürətlə və uğurla baş verəcək ki, heç kim nə Əli Kərimlini özünə müttəfiq bilir, nə də Elçibəyi lider!
Biriləri kimi hələ də “Ağ atlı oğlan” nağılına inanmaq lazım deyil!
Qurban Məmmədov bəyan etsə ki, hakimiyyət dəyişikliyi Rusiyanın Azərbaycanda terror aktları, İranın təriqət toqquşmaları, ermənilərin yeni torpaqları işğala cəhdiylə müşayiət olunacaq və qarşısı bacardıqca alınacaq, amma qarşısı alına bilinməyən fəsadlarla mübarizə də zəruri olacaq, bu bəyanata kimlər hazır olacaqsa, o insanlar vətəni, torpağı, dövləti xilas edəcəklər!
Hər gün efirə çıxıb bu hakimiyyətə korrupsioner, xəyanətkar, rüşvətxor deməyin xeyri yoxdur! Hökmən deyil ki, vedrədəki nəcisi tamam yeyib deyəsən, hə, içindəki nəcisdir, bir halda bir qaşıq da bəs edirsə!
Efirdən özünü elə aparmaq lazımdır ki, inam yaransın ki, artıq hakimiyyət dəyişikliyi qaçılmazdır və biz hakimiyyətə gələcəyik, gələndə də belə olacaq!
Hə, haçan sayımız 100 minə, 1 milyona çatsa, “ya Hu” deyib oturursan təyyarəyə, gəlirsən Bakıya və görürsən ki, bu hakimiyyətdən heç bir əsər-əlamət yoxdur!
Yoxsa ki, lap 21-ci əsrin sonunacan otur İngiltərədə, burda Əli Kərimlinin, İsa Qəmbərin, Arif Hacılının, Tofiq Yaqublunun dediklərini bir az daha sərt de, heç bir xeyri olmayacaq. Sən orda hakimiyyəti bir az da tünd yıxacaqsan, Əli Kərimliyə indi ildə iki dəfə mitinqə icazə verirdilərsə, sənin çıxışından sonra kvartalda iki dəfə icazə verərlər, o da daha kəskin, daha ciddi ittihamlar səsləndirəcək “Məhsul”da və barsız söyüd kimi oturacaq evində.
Hərçənd ki, bu gün ad gününüzdü, mən sizə xoş sözlər deməliyəm.
Nəzərə alın ki, Siz artıq o qədər yüksəklikdəsiniz ki, sizə hər hansı xoş söz yaltaqlıq kimi görünəcək – kimiləri bunu belə yozacaq ki, FSB-dən, CİA-dan, Mossaddan, “Ettelaat”dan daha informasiyalı Aydın Canıyev yəqin bilir ki, Qurban Məmmədov kimin adamıdır, hakimiyyətə kim gəlir, odur indidən özünə bir yerdə yer eləmək istəyir!
Tövbə, əstəğfürullah!
Bildiyim elə bir şey yoxdur, amma bildiyim belə bir şey var ki, o da tarixdən a, Qurban Məmmədov tipində adamlar onların ömründən ömür almış hakimiyyəti bağışlamırlar və yaranan ilk tarixi fürsətdəncə səfərbər olurlar!
Ad günündə Sizə deyəcəyim ən xoş söz həm də bu olacaq: buraxın Əli Kərimlinin başını. Siz başı öz əlində olanlarla döyüşə başlayın!
Mənə ayıbdı Sizə misal çəkmək, amma deməsəm də olmaz.
Mənim bir qohumum vardı, deməli, mən nə qələt edirdim, o da eynilə təkrar edirdi. Hətta çalışırdı ki, mənim işlədiyim yerlərdə işləsin. Mənim işlədiyim yerlərdə alınmayanda, gedib qardaşımın işlədiyi yerlərdə işə girirdi və deyim də ki, müəyyən qədər xeyir də tapırdı. O cinin ələ keçirilməsi söhbəti olmasın, bir dəfə şeytanlıq elədim. Ki… bu dəyyusu, qurumsağı yaxalayım da pis niyyətinə görə.
Qurban müəllim, təsəvvür edin, dollar 1200 manat olanda 30 faizə sələmə pul götürdüm. Dollar qalxdı oldu 5200 manat. Bu adam görəndə ki, mən arvadın qır-qızılını, mebelini, atamın buğdasını, qapı-pəncərəsini, mal-heyvanını satdım, güc-bəla qurtardım, yenə də getdi faizə pul götürdü. Və atasıyla oturub ona deyəcəyimi atasının şahidliyiylə özünə dedim:
– Ay dümbələk, nə cin kimi düşmüsən dalımca, mən öz ağzımnan yediyimi sən dədənin ağzıynan yeyirsən. Belə izə düşənsən, düş Heydər Əliyevin izinə, onda prezident olarsan, sən təsəvvür elə ki düşmüsən Ayaz Mütəllibovun dalınca, didərgin düşərsən e sən bu xislətlə!
Doğrudan da… bu gün mühacirdir! Dədəsinin yanında 1998-ci ildə demişəm üzünə! Dədəsiynən də, özüynən də birdəfəlik bitirmişəm. Canım dincəlib!
İndi bunu niyə dedim – o qohumum mənim dalımca düşən kimi, siz də Əli Kərimlinin dalınca düşüb onu sıradan çıxarmağa hikkə sərf etməyin: indi bir baxış sayı 100 minə çatırsa, belə davam etsə, düşəcəksiniz Əli Kərimlinin gününə.
Nə də o Qənimət Zahid kimi gündə birini çıxardın efirə ki, ay millət, bax, görürsünüz, şəhid ailəsini belə elədilər, ay filankəsin obyektini yandırdılar filan çıxışına görə, ay hökümət filankəsi şişirdir…
Qənimət Zahid jurnalistdir, ondan heç vaxt siyasətçi olmaz, cəhd eləsə bəlkə alababat və ortabab bir salnaməçi çıxar, heç yazıçı da yox ha! Salnaməçi də ona görə ki, kifayət qədər mənasız informasiyası olduğu kimi, kifayət qədər də ciddi “kompromat bankomatı” var!
Sevinc Osmanqızı hədəf və cavab personası qədərmi böyükdür? – öyrənin də Heydər Əliyevdən nəsə!
Nələr demirdilər, nələr yazmırdılar, nələr göstərmirdilər – birinə cavab yazdırdı? Hanı Heydər Əliyevin əleyhinə işləyənlər? Bu xalqı tanıyın da! Guya Heydər Əliyevi “pripiska”da ittiham etdilər, ölkəyə rüşvəti gətirdiyini yazdılar, bu xalq seçmədi ki, onu? Guya bilmirdilər kimi kim haçan və niyə öldürüb? Guya bilmirdilər ölkədə rüşvət olacaq?
Kim bilməsə də, siz bilirsiniz axı, Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) deyib ki, desələr dağ yerini dəyişib, inanın, desələr adam xasiyyətini dəyişib, inanmayın!
“Tak ışto”, hər gün efirə çıxmaqdansa, taktika və strategiya seçin, o sizdə bu gün yoxdur! Təklif olunan etiraz variantları çox populist və effektsiz alındı.
Hərçənd bu gün tez olmasa da, sabah artıq gecdir, – qəbirsiz qalan Leninsayağı “formulirovka” versək!
İlk növbədə isə, ondan başlamaq, etiraf etmək lazımdır: bəli, hakimiyyət dəyişikliyi zamanı bu problemlər yarana bilər.
Və mən az ağlımla (göründüyü kimi də saat 12-dən sonra yazmışam) nəzərinizə çatdırıram ki, bəyan edin:
– Mən, Məmmədov Qurban Cəlal oğlu bəyan edirəm ki, hakimiyyətə gəlsəm, isitisnasız olaraq, mövcud rejimə xidmət etmiş hər kəsin – hətta kənd icra nümayəndəsindən, kənd bələdiyyə sədrindən tutmuş bütün seçki məntəqələrinin üzvləriylə birgə başda baş korrupsionerlər olmaqla, – sərvətlərini əllərindən alacam, bütün mülklərini milliləşdirəcəm, yol verilmiş özəlləşdirmə saxtakarlıqlarını üzə çıxaracam, torpaqların işğalında cüzi dəstəyi olmuş hərbçiləri gözünüzün qabağında güllələtdirəcəm, əlqərəz, Heydər Əliyev və onun hakimiyyətinə salam vermiş hər kəsi cəzalandıracam! Bütün sərvətlərini, mülklərini müsadirə edəcəm. Rusiyaya bac verməyəcəm, ABŞ-a, Avropaya kürü göndərməyəcəm, nə varsa, xalqın olacaq, son damla qanımıza qədər kürü, ağ balıq, qızıl balıq, özümüz yeyəcəyik, özümüz döyüşəcəyik, öləndə də kişi kimi öləcəyik. Üstəlik də döyüş vaxtı hərbi xidmətə çağrılan hər bir əsgərin hesabına 20 min dollar pul qoyulacaq, həmin pul əsgər şəhid olan dəqiqədən avtomatik olaraq aktivləşəcək və şəhidin hərbi xidmətdən əvvəl özünə varis etdiyi şəxsin adına keçiriləcək, bu, birdəfəlik qan pulu, aylıq da tutaq ki, minimum istehlak səbətinin 5 misli. Müəllimlərin maaşı həkimlərin və polislərin maaşından yüksək olacaq. Ölkə üzrə maaş beynəlxalq səviyyədə müəyyənləşəcək.
Day orasını demisiniz də indiyənəcən – korrupsiya, rüşvətxorluq-filan, başqa girdirmə məsələlər olmayacaq. O ki qaldı sosial yardımlar, güzəştli kreditlər alınmasına, onu da yalnız “yalan detektoru”ndan uğurla keçənlər alacaq – yəni, sizin xeyirxahlığınızdan “moşennik”lər sui-istifadə etməsin!
Ölüm hökmü bərpa olunacaq – azərbaycanlını qətlə yetirən azərbaycanlı istisnasız ölüm hökmünə məhkum olunacaq! Narkotik və fahişəlik də həmçinin ölümlə mükafatlandırılacaq!
A kişi, bu millətin axırına çıxıblar e!
Yaxın 20 il üçün yalnız bir telekanal fəaliyyət göstərəcək, yalnız bir qəzet olacaq – milli doktrina qəbul ediləndən sonra o şərtlər təbliğ və təşviq olunacaq! Bu ölkənin, bu dövlətin milli doktrinası yoxdur e hələ də!
Yoxsa ki, biz heç kimə dəyməyəcəyik, amma sizi kommunizmə aparacağıq, monopoliya olmayacaq. Birinci yalan budur elə – monopoliya, əlbəttə olacaq. Sən Ziya Məmmədovdan, Fazil Məmmədovdan, Cavid Qurbanovdan pulları alma, sonra da sahibkarlığa imkan ver, fəhlə Məmməd nəynən biznes quracaq? Pul onlarda, onların oğlanlarında, onların nəvələrində, keçəcəklər sabotaja, hökümətini edəcəklər bihörmət. İndi deyəcəksiniz ki, bolşevik təfəkkürüdü! Əlbəttə ki, demoktarik təfəkkürü olmayan adamlarnan necə ölkə qurarsan? Adamlara demoktarik ölkə verdi də Elçibəy, neylədilər? Həm də bolşeviklərin övladları, nəvələri, nəticələri ilə necə davranmaq olar ki?!
Nə isə..
Bəy, mən hesab edirəm ki, 50 yaşınız var (azadlığınızdan məhrum edildiyiniz 10 ili ömrünüzdən saymıram, siz onu hələ yaşamalısınız), mübarizə aparmaq eşqiniz və qələbə şansınız çox yüksəkdir, sizə uğurlar arzu edirəm!
Mənim vinetkamın ən qiymətli şəkli, təbrik edirəm!