Aydın Canıyev: Mehdibəy Səfərov, “zənci” olma!

I YAZI

Yazmayacaqdım! Çünki mənim bu dünya, bu Azərbaycan və milli mənsubiyyət haqqında düşüncələrim handabir azərbaycanlıda ola bilər – sayı təxminən 3, 5, vur-öldür, 10. Yekəxanalıq etmirəm! Bu, həqiqətdir – bu ÖLKƏNİN Vahid Rzayevi, Tehran İmranoğlusu, Kamil Vəlisi, İbrahim Vəliyevi, Xudu Məmmədovu, Şirməmməd Hüseynovu, Rafiq Qurbanovu, Heydər Hüseynovu varsa, olubsa, ayrı cür düşünməzlər. Amma düşünürlər! Düşünürlər, düşünə bilirlər, düşündürülməyə təhrik olunurlar deyə, günümüz bu!

SÖZARASI: Mən eyni vaxtda iki qadınla sevgi-intim münasibətiylə görüşmədiyim kimi, eyni vaxtda iki cəbhədə də düşmən kimi döyüşmürəm. Bunu ən azından az ağlımla ona görə edirəm ki, zərbə olanda bilim ki, düşmən kimdir! Yalan da ona görə danışmıram ki… məni gülmək tutur, yalanımı həmən tuturlar.
Niyə yazdım və nəyi yazmayacaqdım?
Bir Mehdibəy Səfərov var. İki Mehdibəy Səfərov var – adı soyadı ayrıdır. Üç Mehdibəy Səfərov var – onda da ayrı addır, ayrı familiyadır. Amma hamısı elə bil bir-birinin ağzına tüpürüb. Amma hamısını elə bil Rusya FSB-si əkib, İran Ettelaatı doğub, Azərbaycan DTX-sı işlədir!
O 1 Mehdibəy Səfərov da, o 2 Mehdibəy Səfərov da, o 3 Mehdibəy Səfərov da hər yerdə talışın adından, diskriminasiyasından, daha nələrdən danışır… yalanı yalan yerində, həqiqəti həqiqət yerində. Üzr istəyirəm, nəcisi nəcisə yox, nəcisi təzəyə qarışdırmaqla, bulaşdırmaqla. Yüz yalanla ən ali həqiqəti puça çıxarırlar!
Mənim üçün isə həqiqət namusdan irəlidir. Mən istər TMR, istər AXC hakimiyyəti, istər sonrakı dönəmlər haqqında 30 ildə 30 yazı, – ildə bir dəfə olaraq, – yazmışam. Faciə ondadır ki, hər 1000 talışdan 999-u məni güllələmək istəyir, tapançanı humanist silah sayır, hər 1000 türkdən də 2000-i məni separatçı sayır: mütləq evindən də arvad-uşaqdan birini qoşur ki, birdən mən ölərəm, xalq böhtanımı yadından çıxarar, mənim əvəzimə sən deyəsən Aydın separatçıdır!
Ardıcıllıqla deyim: talışlar niyə düşmən bilir və mən talışların ən üzdə olanı haqqında – əlbəttə, böyük kişilər istisna olmaqla, – niyə xoş söz yazmıram?
Bu TMR söhbəti ortaya atılmamışdan “Azadlıq” qəzetində (4-8 mart 1993-cü il) yazmışam, xəbərdar eləmişəm, dolayısıyla çatdırmışam: burada əllərdə silah var və bunun nə demək olduğunu bilmirsinizsə, nəzərinizə çatdırım: hətta divardan asılan tüfəng də ildə bir dəfə atəş açır!
Nə ondakı MTN, nə prokurorluq, nə polis bir tədbir gördü! – cəmi 4 ay keçdi günəgün!
Sonra həmin 4 aydan sonra TMR elan olunanda bildirdim: ay kişi, sən talışı tanıtmaq istəyirsənsə, ölkəni parçalama e, oxut talışını, böyüt, elm ver, yüksəlt o səviyyəyəcən ki, Nobel mükafatı alsın, o İsveç Kralının xarabasında çıxış edəndə cəmi 5-cə dəqiqə talışca çıxış eləsin və orda desin ki, mən talışam, yəni Miri Cavadzadə kimi talış olmasın da – talış qızından dünyaya gəlib, türkcə oxuyub alim olub, amma nəinki talış, hətta türk dilində danışmağı ayıb saymasın! Belə tanınmaq olmaz – bu, müvəqqətidir və ziyanlıdır. Bax, buna görə məni “türkə satılmış”, “talışın Kantemirovu” saydılar. Üstəlik də, başına it oyunu açılandan sonra belə, deyilənə görə dayısı türk olan (talış olmağı da heç nəyi dəyişmir!) Əlikram Hümmətovda o qeyrət bu günəcən də yoxdur və bundan sonra da olmayacaq ki, boynuna alsın və desin: “bu TMR ideyası Heydər Əliyevin qoltuğuma verdiyi qarpızın nəticəsidir. Məni o təhrik etdi və guya biz ermənilərin qabağına beynəlxalq miqyasda kötük atacaqdıq!” Mən elə o vaxtdan bunu deyirdim – talışlar (hökümətin “separatçı”, özlərinin özlərinə “ruşinfik” (ziyalıları, əslində ziyanlıları) dedikləri talışlardan, yəni Mehdibəy Səfərovlardan söhbət gedir) həm də buna görə mənə nifrət edirdilər! Sən demə, bunlar talış xalqının milliözünüifadə mücahidləri imiş!
Növbəti təhdid də o idi ki, guya mən bunların qəzetinin redaktoru olmaq istəmişəm. Halbuki, bunların qəzetinin – cəmi bir nömrə çıxan “Cənub mirvarisi”, yoxsa “Cənub” qəzetinin baş redaktoru bu gün “Azərbaycanın əməkdar jurnalisti” olan İdris Şükürlü olub!
Sonra adımı TMR-in, dolayısıyla Əlikram Hümmətovun mətbuat xidmətinin rəhbəri kimi hallandırdılar – halbuki TMR-in mətbuat xidmətinə baxıb Cavanşir Qasımov və kişi kimi də Prezident Aparatına qəbula gələndə “sən kimsən” soruşulanda deyib ki, “TMR-in mətbuat xidmətinin rəhbəri”, tutub qoyublar içəri!
Bəs bu söhbətlər haradan çıxıb?
Bir Ümidvar Kəlbiyev var – Azərbaycan torpaqları uğrunda vuruşan cəsur oğlan. Eyni vaxtda oxumuşuq. Tanıyrdı məni tələbəlikdən. Əlikram Hümmətovun əlinə keçən hərbi hissədə qulluq edirdi onda.
Lənkəranın prokuroru Nazim Tağıyev (Füzulidən idi deyəsən və sonra Yasamalda prokuror oldu, səhv etmirəmsə) sağdış, Lənkəranın polis rəisi Əlövsət Əliyev soldışlıq edəndə Əlikram Hümmətova Lənkəran şəhər icra hakimiyyətindəki mətbuat konfransında verdiyim köntöy suala görə (“Prezident deyir qiyam olub, dövlət katibi deyir qiyam olub, biriniz sağında, biriniz solunda əyləşibsiniz, bu nə postulatdır?”) hərbi paltarda olan xolmilili Cəmil Hacıyev cumub bir şillə atdı və diktofonu məndən aldı. Ayəddin Əliyev və Umudvar Kəlbiyevin dəstəyi ilə diktofonu aldılar ondan və Əlikram Hümmətov otağında üzrxahlıq edərək qaytardı. Onda səhv etmirəmsə, könlümü almaq üçün Ümidvar başlamışdı ki, Aydını redaktor qoyacağıq. Rus demiş, “poşlo-poyexalo!” Və MTN-in Lənkəran şöbəsinin rəhbəri Hüseynağa müəllim də şəxsən tanıyırdı, yazılarımı izləyirdi, çıxışlarımı görürdü deyə, hər şey yoluna qoyulanda, böhtanlar mənə yapışmadı. Hətta xuliqanlıq etdiyimdə belə heç kimi gözünə almayan polis rəisi Allahverdi Əliyevə zəng eləyib mənimlə işi olmamasını da xahiş etmişdi Ağacəfər Həsənli ağız açandan sonra.
“Talışın ruşinfikləri” məni söyürdülər, söyürlər ki, yazılarımda talış adı çəkmirəm!
“Dövlətçilər, türk millətçiləri” də söyürdülər, söyürlər ki, mən separatçıyam və niyə tutulmuram!?
AYDINLADIM – 1996-cı ilin oktyabrında MTN əməkdaşına sorğu zamanı dediyimi bir də deyirəm: “Əzizim, Əlikram Hümmətova salam verənlərin anasını belə ağladıblar! Dilrüba Camalovadan çox əliyevçi olacaqsınız? Adamdan 1994-cü ildə yazı yazmışam: “Xan Lənkəran, xanım Lənkəran!”. Hər hansı bağlılığım olsaydı, elə o tutdurardı da. İndi də görəndə, “oğlum” deyir! Üstəlik də, bir işə görə neçə nəfəri ləkələmək, həbs emək olar axı? Mətbuat xidmətinin rəhbəri tutulub da, çıxıb da, qəzetin redaktoru da artıq əməkdar jurnalistdir!”
İndi talışların özlərinə “ruşinfik” saydığı, dünəndə-sragagündə ölümünün ildönümü olan Əli Nasir elə həmin o mətbuat konfransında üzütüklü, tör-töküntü paltarda səsini başına atdı ki, eyyy, prokuror Nazim Tağıyev, sən niyə Əlikram Hümmətovun qoluna qandal vurmursan? Amma və lakin… səhər icra hakimiyyətində otağıma gələrkən gördüm ki, vuuuyy nənə, Əli Nasir tərtəmiz görkəmdə, səliqəli geyimdə TMR-in ərazi idarəetmə orqanları şöbəsinin müdiridir!
Mən elə də ağıllı və praqmatik adam deyiləm, amma indi əziz talışlar və “ruşinfik talışlar”, hörmətli “dövlətçilər və millətçilər”, bildiniz niyə o “ruşinfik”lərin dalınca düşmək bir yana, dediklərinə inanmadım? Ondan sonra… “Heydər Əliyevi oturdarıq “kaçalka”nın bu başında, tullanarıq o başına, onu tullayarıq göyə” deyən həmin o Əli Nasirə türmədən sonra yardımı elə həmin Heydər Əliyevə “peyğəmbərdir” deyən Allahşükür Paşazadə edirdi! Siz ağıllısınız da elə, mən aldanaram da sizə: Heydər Əliyevə “peyğəmbərdir” deyən adam Heydər Əliyevi təhqir edən adama yardım edir, Aydın Canıyev də ona “tolışi ruşinfik” deyəcək, hə?
Mən sizə inanaram?
1997-ci ildə Lənkəranın polis rəisi Allahverdi Əliyev otağında mənə indi özünü “tolışi ruşinfik” kimi soxuşdurulan neçəsinin səsyazısını dinlədib, o səs yazılarına görə nə qədər lənkəranlı var-yoxundan məhrum olunub, nahaqdan nə qədər adam tutulub, ölkədən qaçıb, mən sizin o “ruşinfik”lərin “dudka”sına gedərəm??? O “ruşinfik” dediklərinizin “zapiska”larıyla nə qədər adamı gecəylə evlərindən aparıblar, xəbəriniz var?
Üstəlik də (bir dəfə yazmışdım, bir də yazıram): məni “Azərbaycan” qəzetində İsmayıllıdan olan Mehman Cavadoglu işə təyin edib, talış əmrimi dəyişdirib, məni Şəmkirdən olan Rusvat Bayramov işə qoyub, talış imkan verməyib Rusvat Bayramov otağında otursun, əmrimi dəyişdirib, məni “Xalq qəzeti”ndə ağdaşlı Məmməd Nazimoğlunun qapısının ağzından talış qaytarıb ki, özünü, sözünü hörmətdən salma, işə ancaq Ramiz Mehdiyevin göstərişiylə götürürlər. Üstündən 10 il keçib, ailəlikcə rəhmətlik Məmməd Nazimoğlunun evində qonaq olanda çay süfrəsi arxasında söhbət açılıb, qayıdıb ki, ay Aydın, sən ölkəyə bu ağılla ağıl verirsən? O talışa niyə demədin ki, Mirbağır Yaqubzadəni, Ramiz Çıraqlını Ramiz Mehdiyev götüzdürüb? Mirbağırı Ramiz Mehdiyev tapşıran idisə, elə “Azərbaycan” qəzetində korrektor niyə işlədirdi ki, şöbə müdiri qoyardı da! Rəhmətlik Məmməd müəllimə qayıtdım ki, neynim, inandım da, mənim tələbə yoldaşım olan bu talış hətta mənə desəydi ki, camaat Dubayda dəfəylə verir özünü, anan kiloyla, inanardım, heç ağlıma da gəlməzdi ki, adını yaza bilməyən anamın Dubaya getməsi üçün xarici pasport almamışam!
İndi bildiniz sizə niyə inanmıram, sizi niyə təbliğ etmirəm, ay “ruşinfik”lər – hara və kimə işləməyiniz bəlli deyil! Nəyi niyə elədiyiniz də, əziz “ruşinfik talışlar”…
Hələ o birisinə bax, türmə rəisi mənə deyir ki, sənin əfv üçün sənədlərin hazır idi, xüsusi priyomla sənin talışın əfv komissiyasındakı siyahıdan adını çıxarıb, bu da hər yerdə deyir mən buraxdırdım, halbuki dəqiq bilirəm ki, növbəti əfvdə azadlığa çıxmağıma görə Ramiz Ənvəroviç Mehdiyevin müstəsna obyektivliyi əvəzsizdir!
MÜTLƏQ DƏ DEMƏLİYƏM Kİ: məni naxçıvanlı nazir, polis rəisi, Naxçıvandan olan hər üç prezident şərləmədən belə tutdura bilərdi, amma talış üzümə durub böhtan atıb tutdurdu – hardaydınız e, əziz “ruşinfik”lər?! Yalan yazmışdım, ya yazdıqlarım yalan idi? Sındırdığım pəncərələrin arxasında müqəddəslik qalmışdı?
Qoy bunu da deyim, daha bu mövzuya qayıtmamaq üçün: yubileyimlə bağlı “yeraz” “qraz”, qarabağlı, naxçıvanlı, şəkili zəhmət çəkib, meydan verib, xərc tutub, iştirak edib, dəyər və şərəf verib, yubileyin paylaşılan videosuna youtubedə “talışi online” girib altından şərh yazıb: alkaş… “Ruşinfik”lər, baxmamısınız, bilmirsiniz kimdir, vicdanınız sizi cəsarətə gətirmədi ki, girib altından nəsə yazasınız ki?
Bəs səsiniz niyə gəlmədi arvadı İsa Məmmədova gözəlçəlik eləyənin videomu youtubeyə yerləşdirdiyində?
Bunları niyə yazdım? Bezdim! Doğrudan bezdim və yoruldum özümə deməkdən ki, gündəyməzdən murdar yer yoxdu, onu hələ də kəsib atan olmayıb, nə qədər olmasa da, özününkülərdi, dinmə. Amma həm də gözümə almamaqdan bezdim. Mən dünyaya özünü-sözünü bilməyənlərə özümü sübut etmək üçün gəlməmişəm, missiyam ayrıdır! Amma həm də day bu qədər də yox da! Əvvəldə dedim axı mən iki cəbhədə mübarizə aparmıram: bu yandan xalq şairi özünü “37-ci il adamı” kimi aparır separatçı damğası vurur, o yandan da “tolışi ruşinfik” ağlına və ağzına gələni yazır!
Budur cavabım:
– hörmətli Mehdibəy Səfərov məni İsgəndər Həmidovu tərifləməkdə qınayır, İsgəndər Həmidovu da körpə talış uşağını qətl etməkdə suçlayır. Və… onun ağlınca, mən gərək Sevinc Osmanqızına professionallıq dərsi yox, İsgəndər Həmidovun hardasa nəsə deməyinə cavab yazmalıymışam!
“Ruşinfik” Mehdibəy Səfərova bircə kəlmə deyirəm: Rövşən Bağırov sənin talış deputatın hacı İqbal Məmmədovla 10 ildən çoxdur e minib çapır Leriki. O oturduğun kənddən gündəyməzini qaldırıb İstanbulacan gedə bilirsən, bir Lerikin Şivləsinə də get, gör lerikliləri necə qətl edirlər – uşaqlı-böyüklü, kişili-qadınlı, qocalı-cavanlı. İsgəndər Həmidov bir astaralı uşağın qətlinə bais olubsa, astaralılar səndən zəif oğlan deyil, həqiqəti bilirlər ki, oturublar yerlərində. Sən Şivləyə get, Şivləyə. Sən İqbalın talışa, türkə zülmündən danış! Sən İqbalın hacı ola-ola çıxartdığı oyunları dilə gətir! Və… məndən umma talış üçün səni kimi “ruşinfik” olmağı!
Çünki… səndən fərqli olaraq, mənim Azərbaycan türkü qarşısında utanmaz üzüm yoxdur!
Bu ölkənin 40 ilə yaxındır ki, şeyxi talışdır!
Bu ölkənin sosial siyasət komissiyasının sədri Milli Məclisdə 30 ilə yaxındır ki, talışdır!
Bu ölkənin prokurorluğunda istintaqa nəzarət idarəsinin rəisi talış olub! Generaldır!
Bu ölkənin DİN-ində baş idarə rəisi talışdır! Generaldır!
Bu ölkənin ən varlı iş adamı, – baxmayaraq ki, özünə türk deyir, dədəsinin talış aksenti 100 kilometrdən seçilir, – talışdır!
Bu ölkənin baş nazirinin müavini talış olub!
Bu ölkənin ən azı 5 rayonunda icra başçısı talışdır!
Bu ölkənin prezidentinin və xanımının məsləhətçiləri, referentləri, işçiləri arasında saysız-hesabsız talış var!
Bu ölkənin parlamentində ən azı 5 talış var!
Səfir təyin olunan talış da var!
Orden-medal verilən, təqaüd təyin olunan talış da var!
Jurnalist kimi nə talış, nə türk, nə də Azərbaycan üçün yazısının beş qəpiklik xeyri olmasa da, ev verilən ən azı beş talış da var!
Orduda generallıq verilən, komandanlıq etibar olunan talış da var!
Bu ölkənin polis, prokurorluq, məhkəmə orqanlarında yüzlərlə talış rəhbər vəzifədədir! Hamısı da ilk növbədə türkün mənafeyinin ziddinə fəaliyyət göstərir!
Sənin gözə soxub xal qazanmaq istədiyin problemlər türkün özündə yüz dəfə artıqdır! Sən öz dilində dərs kitabı istəyirsən, amma türk öz dövlətinin banisinin adını nəinki kitabında görmür, adına bir küçə, özünə bir heykəl qoydura bilmir, qəbrinə ziyarətə min zülmlə gedir!!!
Nəhayət ki, anla: özünü seçdirməyin, haqqına sahib olmağın yolu “mənə onu ver, bunu ver”dən keçmir, “onu belə elə, bunu belə elə” deməkdən də. Haçan bu ölkənin xalqları ilə bir sırada olub ÖLKƏNİN PROBLEMLƏRİNİ həll edəcəksən, onda başlayarsan ki, qardaşıq, cibimiz ayrı!
Bəsdir kiflənmiş məntiqlə İsgəndər Həmidovdan düşmən obrazı qayırmaq! İsgəndər Həmidov etdiklərinə görə də, etmədiklərinə görə də 10 il həbsdə yatıb! Kişisənsə kişi kimi, talışsansa talış kimi, BU GÜN səni qətl edənlə mübarizə apar!
Səni qətl edənin adı nə türkdür, nə İsgəndər Həmidov!
Talışların toxumu kəsilmədi günahsız ölən bir uşaqla!
Narkotikin dövriyyəyə buraxılması ilə hər gün Lənkəranda, Lerikdə, Astarada, Masallıda onlarla oğul ölür, yüzlərlə ailə dağılır, minlərlə gənc həbsə gedir! Bu barədə düşün!
O ki qaldı məni zatıqırqlıqda ittiham edəcəyinə, buna da cavabım hazır:
BİRİNİCİ HAŞİYƏ – Evez Zeynalli türmədən təzə çıxanda onunla “Nərimanov” metrostansiyasındakı parkda görüşdüm. Yanında bir cavan oğlan vardı (sonradan bildim ki, Dayanat Babayev imiş). Nəsə işləri oldu, aralandılar, ayrıldılar, Əvəz təzədən qayıtdı. Qayıdanda dedi ki, o oğlan məndən soruşur ki, o kişi kimdir? Deyir dedim ki, hansı kişi? Səni göstərdi. Mən də qayıtdım ki, o kişi deyil. Dəli oldu. Necə yəni? Dedim ki, o Aydın Canıyevdir, a kişi!
Təfəkkürlərdə olan kişilikdən uca Aydın Canıyev!

İKİNCİ HAŞİYƏ – rəhmətlik Tehran İmranoğlu danışmışdı bu hekayənin motivini: deməli, zənci Con iki yüz qram araq içir və özünü bıçaqlayır. Ki, baxsın görsün qanı doğrudandamı qaradır? Qanı axdıqca ağlayır ki, qanım qaradır. Müəllif isə təhkiyəsində deyir ki, qan heç vaxt qara ola bilməz, yalnız ölən adamın qanı axanda qaralır! Ona elə təlqin, onu elə təhqir eləmişdilər deyə, gözünə də elə görünürdü. Əslində, Conun bədbəxtliyi ondaydı ki, o, zənci hüquqları uğrunda mübarizə aparırdı, halbuki insan hüquqları zənci hüquqlarından qat-qat artıqdır!

BƏLİ, əzizlərim…

Mən talış deyiləm. İnsanam, insan! Talışlıqdan və hər hansı millətçilikdən üstün missiyada!
Bir daha deyirəm: Mən kişi deyiləm! Mən talış deyiləm! Mən Aydın Canıyevəm – möhtərəm və möhtəşəm! Bildiniz də nə deyirəm???
Bu “ruşinfik”liyinizlə, “millətçiliyinizlə” özünüzə gedin, məndə üç tuzdu!
Bu sözlər… mənə separatçı damğası vurmaq istəyənlərə də aiddir!
Gələn dəfə belə ağılvermələrə və ittihamlara cavabım kobud olacaq…
p.s. ikinci yazı mənə və eləcə də digərlərinə “separatçı” damğası vurmağa həvəsli olanlara olacaq!
p.p.s. hər hansı artıq-əskik ifadəyə, guya da ki, “cavaba” yalnız bircə söz yazacam: yalançının… kim də istəsə, əlimizi “Quran”a basmaqla həqiqətimizə şəhadət verə bilərik!

 2,449 dəfə ümumi oxunub,  4 dəfəsi bu günə aiddir.