Əlaqə vasitələri

Sərdar Əlibəyli: “Saxlayın bu rəzaləti, söyüş siyasətinə “dur” deyin”!!!

OYUN BAKIDAN İDAƏ OLUNUR!!!(???)

Azərbaycan Respublikasının prezidenti

İlham ƏLİYEVƏ

Azərbaycan Respublikasının I vitse-prezidenti

Mehriban xanım ƏLİYEVAYA

Hörmətli cənab prezident !!!

Çox hörmətli Mehribab xanım!!!

Açığını deyim ki, bu müraciətimin də, illərdən bəri, Sizlərə ünvanladğım yüzlərlə digər müraciətlərim kimi, nə cavablandırlacağına, nə də hər hansı şəkildə nəticə verəcəyinə gümanım var. Ancaq, bəzən insan  həyatda elə vəziyyətə düşür, elə durumla üzləşir ki, atdığı addımın güman əmsalı milyonda bir olsa belə, o addımı atmaq zorunda qalır,  hətta bu yöndə risk almaqdan belə çəkinmir. Çünki yaranmış durum dərhal  təxirəsalınmaz cərrahi müdaxilə tələb edir və necə deyərlər, bircə anlıq gecikmə millətin, xalqın, dövlətin taleyində illərllə qan verəcək yaralar açmaqla cəmiyyətin tamamını böyük faciələrlə üzbəüz buraxa bilir…

Söhbəti çox da uzatmadan deyim ki, Sizə bu müraciəti ünvanlamağımın səbəbi ölkənin ictimai-siyasi və sosial sferasını bürümüş söyüş, qarğış ritorikasının, əxlaqa, mədəniyyətə və mənəviyyata zidd olan leksikonun açıq efirlərə daşınmasnın kritik həddi keçməsi ilə bağlıdr. Və nə yazqlar olsun ki, bunu edənlərin bir qismi, məhz Sizə və hakimiyyətinizə qarşı nifrətlərini, yerli-yersiz narazılıqlarını bəhanə kimi ortaya qoyur, bir qismi isə bu addımı guya sizi müdafiə etmək adı altında həyata keçirirlər. Əslində isə, hər iki tərəfdə dayananların fikir babaları da, məqsəd və hədəfləri də eynidir. Güdülən mətləb isə  qarşlıqlı söyüşün, təhqirin və tərbiyəsizliyin adiləşərək, cəmiyyətin bütün təbəqələrinin, istənilən müstəvidə ünsiyyət və mübarizə vasitəsinə çevrilməsini təmin etməkdir. Görünəni isə odur ki, artıq buna, qismən də olsa, nail olunub və proses artan xətlə davam etməkdədir…

Bilmirəm, bu günlərdə  sosial şəbəkələrdə yayılmış və Cəlilabad rayonunda müəllim olduğu deyilən bir Azərbaycan vətəndaşının vedeomüraciətini izləmisiniz ya yox, amma dəhşətin bu qədərini, yəqin ki, bu oyunları quranların özləri belə gözləmirdilər. Guya sizi müdafiə pərdəsi arxasında gizlənən bu neondertal düşüncə sahibinin belə bir addımı atmaq cürətini, açıq efirə bu cür ritorika ilə çıxmaq  cəsarətini haradan və ya kimdəm aldığını çox mərak etdim açığı. Yəni ölkə başçısnın və onun xanımının, eləcə də mərhum Heydər Əliyevin  adlarını dəfələrlə bu söyüşlərin, tərbiyəsiz ifadələrin  və əxlaqsız ibarələrin içərisində hallandırmağın, üzürü günahından betər bir hərəkət olduğunu yaşlı-başlı bir müəllimin, ağsaqqal yaşına gəlmiş bir adamın anlamaması, şəxsən mənə mümkünsüz göründü. Oysa, burda prezidenti və onun ailəsini müdafiə istəyindən daha çox, məkrli bir oyunun olduğu bir an belə şübhə doğurmur. Əgər ona bu cür danışığa görə cəzasız qalacağı haqda ən etibarlı məqamlardan təminat və təlimatlar verilməsə, özü də bundan tam əmin olmasa, min canı olsa belə, bircəciyini də bu boyda riskə ata bilməzdi. Oysa, oyunların daha fərqli və daha böyük müstəvilərdə dəzgahlandığına şübhə yeri qalmır. Bu boyda tərbiyəsizliyə imza atan və az qala bütün dünyanın qarşısına belə əxlaqsızca çıxan birinin hakim ailəyə olan “sonsuz sevginin” arxasında gizlənmək cəhdi iaə, nə sizə, nə də təmsil etdiyiniz dövlətə baş ucalığı gətirir. Əksinə, bu əməl dövlətin də, elə sizin özünüzün də olan-qalan nüfuzunuzu yerlə bir etməkdən başqa heç nəyə yaramır.  Burada bir çox mətləblərdən söz açıb, xeyli məqamlara aydınlıq gətirməklə, əslində bu adamın az qala peyğəmbər kimi təqdim etməyə çalışdığı Heydər Əliyev sevgisinin də, boğazdan yuxarı deyilmiş sözdən və klassik yaltaqlıq nümunəsindən başqa heç bir anlam daşımadığını sübuta yetirmək problemi yoxdur. Zira bu tip insanlar üçün nə şəxslər, nə də şəxsiyyətlər heç zaman maraqlı olmayıb, onlar üçün əsas məsələ, üzərində rahat oturub namaz qıla biləcəkləri ətəklərdir. Bu baxımdan, sabah Azərbaycan hakimiyyətinin taxt-tacına sahib olacaq şəxsin adı Serj,  soyadı Sarkisyan olacaqsa belə, heç  fərq etməz. Yəni, demək istədiyim odur ki, həmin vəziyyət yaransa, bu adam eynən indiki kimi çıxış edərək, Sarkisyan barəsində də bu cür danışacaq və onu da bizə peyğəmbər övladı kimi təqdim etməkdən çəkinməyəcək. Bu dediklərimin həqiqətlə nə qədər uzlaşıb-uzlaşmadığını öyrənə bilmək üçün kiçicik bir araşdırma aparmanız yetər. Məsələn, bu məmləkətdə Heydər Əliyevin adına yasaq qoyulanda və sizin ailəlikcə Azərbaycan sərhədlərindən bircə addım da olsa bu yana keçmək imkanlarınız olmayanda, bu müəllimin sevgi ünvanının kimə aid olduğunu və hansı ətəklərdə namaz qıldığını öyrənsəniz (ki, sizin bunu öyrənmək üçün bütün imkanlarınız var) o zaman hər şey öz-özünə aydınlaşacaq…

Bütün bunları edib-etməmək, araşdırıb-araşdırmamaq sizin öz biləcəyiniz işdi və bu mənada mənim xüsusi qayğım-filan da yoxdu.  Mən ölkəni başına götürmüş və getdikcə artan, tüğyan edən söyüş siyasətindən narahatam. Eyni zamanda hesab edirəm ki, proseslərin bu cür inkişafınıb bütün yanları və yönləri dövlətlə bərabər sizin özünüzü də, içəridə və dışarıda hörmətdən salmaqla yanaşı, cəmiyyətin də əxlaqında silinməz izlər buraxan fəsadlar yaradır. Bu mənada düşünürəm ki, belə bir siyasətin baş alıb getməsinə ilk növbədə Sizlərin “dur!” deməsi vacibdi və lazımdı…

Cənab prezident, ya sizin özünüzün, ya da çox hörmətli Mehriban xanımın dərhal bu biabırçılığa “dur!” deyəcək bircə kəlməsi yetər ki, ən azından bu yaltaqlar sürüsünün və hakimiyyətin içərisindən bu cür siyasəti dəstəkləyənlərin əl-qolu bağlansın. O ki qaldı Azərbaycandan kənarda olan və istər sizlərin, istərsə də bütövlükdə  hakimiyyətin nəzarətindən kənarda kimi görünən  qüvvələrə  və şəxslərə, ki, onlar da bu cür siyasətin ayaq açıb yeriməsində az rol oynamayıblar, belələrinin öhdəsindən gəlmək cəmiyyətin sağlam qüvvələrinin işidir. Belə ki, hər nə qədər onlara qarşı, ölkə içərisində hakimiyyətin bəzi qüvvələrinin dəstəyi ilə atılan addımlar və duruma qeyri-adekvat münasibət mövcuddur, sağlam qüvvələrin prosesə müdaxiləsi də mümkünsüz kimi görünür. Başqa sözlə, dövlət adından atılan addımlar və qarşı tədbirlər kimi təqdim olunan hərəkətlər əslində bu prosesin qarşısını almaqdan daha çox böyüməsinə xidmət edir…

Kim nə deyir desin, şəxsən mənim hesablarım o qənaətə gətirir ki, içli-dışlı baş verənlərin hamısının mənbəyi mövcud iqtidarda təmsil olunan bəzi qüvvələrin, bilərəkdən, ya da bilməyərəkdən yalnış hərəkətlərindən qaynaqlanır və bütövlükdə prosesin özü Bakıdan idarə olunur. Ona görə də hesab edirəm ki, bu qüvvələri durdurmaq üçün Sizin birmənalı və kəsərli sözünüzə ehtiyac var. Məncə yalnız Sizin “dur!” deməyinizdən sonra, gerisini həll etmək və cəmiyyətimizi böyük faciələr, fəlakətlər vəd edən söyüş siyasətindən xilas etmək daha asan başa gələcək. Bütün hallarda mən belə hesab edirəm ki, cəmiyyətin sağlam qüvvələrinin bunu bacaracaq gücü və imkanları kifayət qədərdir. Əks təqdirdə olmuşların və olacaqların məsuliyyəti, ölkənin ali rəhbərliyində təmsil olunan şəxslər kimi,  tamamilə Sizin üzərinizdədi. Saxlayın, bu söyüş, qarğış  və tərbiyəsizlik sacan rəzaləti, cəmiyyəti məhvə sürükləyən, dövlətin dayaqlarının sarsıdan, xalqın və millətin əxlaqına sağalmaz yaralar vuran  siyasəti.  Bir şeyi də unutmayın ki, bunu etmək üçün zaman da çox daralıb, necə deyərlər, bəlkə  bu gün tezdi, amma sabah gec olacaq. Bu tarixi məqamda dövlətin və millətin xilası kimi tarixi məsuliyyət Sizlərin üzərindədi.  İndiki halda susmaq qızıl deyil, razılıq əlamətidi. Bunu unutmayın! 

Loading