Əlaqə vasitələri

Heç olmasa Heydər Əliyevin kursuna qayıdın…

Son zamanlar ölkənin ictimai-siyasi gündəmində əsas müzakirə olunan mövzu sosial şəbəkələrdə söyüş və təhqirlərlə bağlıdır. Söyüş və təhqirlər artıq ölkənin milli təhlükəsizliyi üçün böyük təhdidə çevrilməkdədir. Hökümət rəsmiləri və ictimai-siyasi xadimlər təhlükəli tendensiyaya son qoyulması ilə bağlı çağırışlar edirlər. Həm hakimiyyət, həm də müxalifət düşərgəsində prosesin gərginləşməsində maraqlı olan qüvvələr olduğu üçün siyasi münasibətlər kəskinləşməkdə davam edir.

Maraqlıdır ki, bu mövzuda bəzi hakimiyyət rəsmilərinin açıqlamaları və onlara yaxın media qurumlarının fəaliyyəti prosesin daha da alovlanmasına səbəb olmaqdadır. Xüsusi ilə qeyd etmək lazımdır ki, Azərbaycanın milli-mənəvi dəyərlərinin deqradasiyası fonunda hüquqşunas Qurban Məmmədovun sosial şəbəkələr vasitəsi ilə yaydığı video-çixışlar alqışlanmalıdır. Qurban Məmmədov çıxışlarında tərəfləri təmkinli olmağa və təxribatlara uymamamağa çağırması bəzi qüvvələr tərəfdən müsbət qarşılanmayıb. Nəticədə Qurban Məmmədov da söyüşlərin hədəfinə gətirilib. Bununla belə söyüş və təhqirlə müşayiət olunan proses gündən günə böyüməkdədir. Artıq əksər tanınmış media təmsilçiləri və ictimai siyasi xadimlər məsələyə münasibət bildiriblər. Bu münasibətlər içərisində jurnalist Zahir Əzəmətin “Facebook”da yazdığı status xüsusi ilə diqqəti cəlb edib. Zahir Əzəmət statusunda prosesin gerçək səbəblərinə aydınlıq gətirməklə yanaşı çıxış yolu da təklif edib.

Həmin statusu olduğu kimi təqdim edirik:

“Siyasətçi deyiləm. Heç bir siyasi partiyanın üzvü və ya təssübkeşi deyiləm. Söz adamıyam. Bütün söz adamlarının bir vəzifəsi də həmişə toplumun ağrıyan yerlərindən sıxması- diaqnoz qoymasıdır. Bir həkim necə edirsə, məhz elə. Bir ziyalının, bir yazıçının, bir şairin, bir sənətkarın cəmiyyət qarşısında əsas vəzifələrindən biri də budur düşünürəm: Diaqnoz qoymaq, ağrıyan yerlərini göstərmək. Son vaxtlar “söyüş” trendinin gündəmə bu qədər daşınmasının səhv olduğunu yazmışdım. Yazmışdım ki, bunun əsas səbəbi digər ifadə formalarının ya tam sıradan çıxarılması, ya da minimuma enməsidir. Əlbəttə, siyasi mübarizədə, ünsiyyət formasında, efirdə, sosial şəbəkələrdə – istənilən platformada söyüşün ünsiyyət dilinə və ifadə formasına çevrilməsi təhlükəlidir, buna qarşıyam. Həmçinin ailələrdən imtina məktublarının alınması da, onları TV və qəzet redaksiyalarında “danışdırmaq” da, mühacirlərin yaxınlarını ora-bura dartmaq da eyni şəkildə pislənməli, qarşısı alınmalıdır. Əsas düşündürücü məqamlardan biri də budur ki, niyə dünənə qədər adı cəmiyyətə heç nə ehtiva etməyən şəxslər “əsas rəqib” statusuna qədər şişirdilir? Bütün təbligat resursları bu şəxslərin adlarını təkrarlayaraq, təbliğ edir, reklam edir? … Ki, sonra da yaranan axmaq situasiyanın girovuna çevrilirlər?

Ölkəiçi platformalarda normal, etik müzakirələrə, diskussiyalara, tənqidlərə meydan verilsə, sizin təhlükə kimi gördüyünüz şəxslər heç kimin yadına da düşməyəcək. Tənqid və müzakirələrdən qorxmaq lazım deyil, istənilən cəmiyyətin inkişafında alternativ fikirlər ən önəmli faktorlardan biridir. Özünəvurğunluqdan – tolerantlığa keçid lazım. Başqalarını da dinləmək, alternativ fikirləri də təhlil etmək, dəyərləndirmk lazım.

Ən qısası, heç olmasa Heydər Əliyevin kursuna qayıdın, cənablar. Rəhmətliyin dönəmində pis-yaxşı bütün alternativ platformalar mövcud idi. Bəs indi? Nə baş verdi 2010-cu ildən bəri? Suallar çoxdur, amma bunları kimə ünvanlayaq, kimlərlə və harda müzakirə edək, kimdən cavab umaq, tələb edək? Biz niyə bu labirintə düşdük? Bəlkə elə əksəriyyət kimi mən də, “əşşi, cəhənnəmə” deyib bir kənarda qarnımı otarım? Axı bunu da sınaqdan çıxardım, mən də başqaları qədər günahkaram, mələk deyiləm, amma yalnız qarnımı düşünməklə də yaşamaq olmur, vallah olmur, billah olmur”.

GunAz.org

Loading

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir