Demokratiyaya açılım yalnız gənclərlə mümkündür.
Respublikanın mövcud durumunu;
- İndiki iqtidarın idarəçilik metodlarına, ölkəni bürümüş korrupsiya və rüşvətxorluğa xalqın dözmək gücünün daha qalmadığını, əvvəlki kimi yaşamaq istəmədiyini və Respublikamızda hər an kortəbii xalq üsyanının, qanlı toqquşma və dağıntıların baş verə biləcəyini,
- İqtidarın ölkədəki stabilliyi əvvəlki kimi basqı metodları ilə saxlamaq cəhdlərinin daha böyük faciələrə yol aça biləcəyini,
- Müxalifətin mövcud durumu demokratik və dinc mübarizə vasitələri ilə dəyişdirmək gücündə olmadığını,
- Xalqın mütləq əksəriyyətinin iqtidarı və eyni zamanda, müxalifəti dəstəkləmədiyini,
- İqtidar və müxalifət güclərinin bir-birinə tam qalib gəlmək imkanlarının olmadığını və bu durumun Respublikamızın inkişafında durğunluq, kütlələrdə isə gələcəklə bağlı ruh düşkünlüyü yaratdığını və bunun da insanların sağlamlığına ziyan vurduğunu,
- Bəzi xarici qüvvələrin Respublika daxilində gərginliyin artmasında maraqlı olduğunu və hər an daxilimizdə qarşıdurma yarada bilmək ehtimallarını nəzərə alaraq aşağıdakı təkliflə çıxış etmək zərurəti duydum.
Təklifimi nəzərinizə çatdırmadan öncə, mövcud vəziyyətdən mümkün çıxış variantları və onların nəticələri barədə, eləcə də, edəcəyim təklifi zəruri edən səbəblər barədə dəyərli vətəndaşlarımızla fikirlərimi bölüşmək istəyirəm.
Əziz həmvətənlər!
Mövcud durum və bizi gözləyən təhlükələr çoxlarına məlumdur.
Bu vəziyyətdən çıxmağın aşağıdakı mümkün nəzəri və praktiki yolları var:
1-ci variant.
Ölkədə normal, qanuni seçkilər keçirilir.
Bu variantda, hakimiyyət mütləq dəyişir və hansı qüvvənin gələcəyini isə indidən proqnozlaşdırmaq mümkün deyil. Bu da hamımıza bəllidir ki, indiki iqtidar bütün Respublikanı qan içində boğsa da, özlərini də məhv etməklə bu variantın gerçəkləşməsinə imkan verməməyə və əvvəllər də olduğu kimi, saxta seçkilərlə hakimiyyəti zorla əllərində saxlamağa çalışacaqlar.
O da hamıya bəllidir ki, indiki müxalifətə qarşı iqtidarın törətdiyi qanunsuz hərəkətlər onları gələcəkdə qisasçılığa yönəldə, daha böyük problemlərin yaranmasına səbəb ola bilər.
Digər tərəfdən, etiraf edilməlidir ki, uzun müddət dövlət idarəçiliyindən kənar saxlanılan müxalifət qüvvələri kadr ehtiyatı baxımından da hakimiyyəti tam götürməyə hazır deyillər və bu da bəlli problemlər yarada bilər.
Deməli Respublikanın gələcəyi ilə bağlı təhlükəli vəziyyət qeyri-müəyyən vaxtadək uzanacaq. İqtidar hər an çevriliş, üsyan təhlükəsi yaşayacaq. Müxalifət isə indiki pərakəndə və daxili didişmələrini davam etdirməklə mübarizə imitasiyası yaratmağa məhkum olacaq.
Demək ki, bu variant ya mümkün olmayacaq, ya da dövlətimiz üçün çox böyük qanlar hesabına başa gələcək və yaranmış vəziyyətdən xarici qüvvələr və bədxahlarımız yararlanacaqdır. Liviya və Suriyada olduğu kimi.
2-ci variant.
İqtidarla müxalifət danışıqlara gedir, müəyən razılaşmalar əsasında
“müqavilə üzrə seçkilər” keçirilir.
Müqavilə şərtlərinin necə olacağından asılı olmayaraq, bu variantın alınması da qeyri-mümkün görünür. Çünki, Prezidentin ətrafında indiyədək müxtəlif cinayətlər törətmiş elə qüvvələr var ki, onlar indiki “status-kvo”nun istənilən qaydada dəyişməsini özləri üçün həyati təhlükə hesab edirlər və prezidentə bu addımı atmaq imkanı verməyəcəklər—indiyə qədər olduğu kimi.
İP-nin “Yol xəritəsi”nə və müxalifətin dialoqla bağlı dəfələrlə etdiyi təkliflərə qarşı tərəfdən göstərilən münasibət ortadadır.
3-cü variant
İnqilab, dövlət çevrilişi və ya kortəbii üsyan yolu ilə hakimiyyətin dəyişdirilməsi.
Bu yol istənilən millət və dövlət üçün ən arzuolunmaz yoldur, bizim Respublika üçün isə daha qorxuludur. Çünki, yuxarıda da qeyd etdiyim kimi, bir çox xarici qüvvələr və düşmənlərimiz Respublikamızın parçalanması ilə bağlı öz məkrli planlarını həyata keçirmək üçün fürsət gözləyirlər.
4-cü variant
İlham Əliyevin könülü istefa verməsi və öz ətrafını qanuni seçkilərin keçirilməsi zərurəti və faktı ilə üz-üzə qoyması.
Təbii ki, bu variant çoxlarının arzu etdiyi, müxalifətə də xeyirli olan bir variantdır. Bu halda İlham Əliyev Azərbaycan tarixinə demokratik seçkilərə şərait yaradan və qurucu (etiraf edək ki, 2003-dən bəri görülən tikinti-abadlıq işləri korrupsiya yemi olsa belə həqiqətən də heç kimin dana bilməyəcəyi tarixdir) bir prezident kimi düşür, hakimiyyətdən sonra da xalqın arasında alnı açıq, təhlükəsiz yaşamaq şansı əldə edir.
Bunun baş verməsi isə xəyal olaraq qalacaqdır. Çünki, İlham Əliyevin öz ətrafından ciddi səbəblərə görə tam asılı olması bu variantı istisna edir.
5-ci variant
İndiki vəziyyətin – “status-kvo”nun davam etməsi.
2013-cü il prezident seçkiləri yenə də saxtalaşdırılır və hakimiyyətin zorla saxlanılması davam edir.
Mümkün variantdır.
Lakin Dövlətimizə Liviya və Suriyanın, hörmətli İlham Əliyevə və ailəsinə Qəddafi və Hüsnü Mübarəkin, ya da Bəşər Əsədin, xalqa — bizə isə ərəb ölkələrində küçələrdə cəsədi qalmış insanların aqibətini vəd edir.
6-cı variant
“Putin variantı”ndan istifadə.
Prezident İlham Əliyev öz postunu danışıqlar əsasındanövbəti prezidentlik dövründə öz komandasından olan başqa bir şəxsə saxtalaşdırılmış seçki yoluyla ötürür və 2018-ci ildə yenidən prezidentliyini eyni üsulla bərpa edir.
Bu variant istənilən halda siyasi oyundur, dövlətçilik və demokratik dəyərlərin oturuşması baxımından ziyanlıdır və gələcək yenitəhlükələrin əsasını qoya bilər. Bu yolla hakimiyyət dəyişikliyi qeyri-müəyyən gələcək vəd etdiyindən İlham Əliyevin özü üçün də təhlükəlidir və buna görə də istisna edilməlidir.
7-ci variant
İnsan faktoru olmadan hakimiyyətin dəyişməsi.
(təyyarə qəzası, zəlzələ, meteor yağışı və s.)
Çoxlarına qeyri-ciddi görünsə də, mümkün bir variant kimi nəzərə alınmalı, lakin insan əxlaqına və dəyərlərimizə uyğun olmayan bir variant kimi arzulanmamalıdır.
Yuxarıda sadaladığım variantlar, içində olduğumuz indiki vəziyyətdən mümkün çıxış yollarıdır. Başqa yollar da düşünülə bilər. Azərbaycan bizim yeganə Vətənimizdir və hamımızın borcu onu gələcək faciələrdən qorumaqdır.
Bu mənada mən iddia etmirəm ki, qeyd etdiklərim mütləq həqiqətdir və ya başqa həqiqətlər ola bilməz.
Ona görə də, niyə məhz yuxarıdakı 7 variantın nəzəri cəhətdən mümkünlüyü, lakin təcrübi baxımdan qeyri-mümkünlüyü barədə düşündüyümün səbəblərini sizinlə bölüşmək istəyirəm.
1993-cü ildə mərhum prezident Heydər Əliyev hakimiyyətə gələndə məhz normal insan psixologiyası və yaşına uyğun olaraq, özünü aralarında rahat hiss edə biləcəyi hakimiyyət komandası formalaşdırdı. Hətta keçmiş yaşlı sənətkarları və dostlarını ətrafına cəlb etdi. Bu birmənalı qarşılanmasa da əslində çox normal idi. Diqqət etsəniz görərsiniz ki, hakimiyyətin ən vacib postlarında oturan adamların hamısının yaşı 55-80 arasıdır.
İstənilən zaman kəsiyində üç nəsil var: gənc, orta və yaşlı nəsil. Hər nəslin özünəməxsus xüsusiyyətləri; yeniliyə və ya konservatizmə meyli, əxlaqi və mənəvidəyərlər sistemi, şəxsi və ictimai maraqları, enerjisi, həvəsi və s. fərqli keyfiyyətləri vardır.
Hər bir fərd özünü mənən və psixoloji olaraq daha çoxöz həmnəsilləri arasında rahat hiss edir.
Heydər Əliyevin formalaşdırdığı komanda yalnız onun özü tərəfindən və öz istədiyi kimi idarə edilə bilərdi və öz “eqo”sunu, mənəvi rahatlığını təmin etmək üçün idi.
Yeni şərtlər yeni şəxslər tələb edir.
Artıq sosiologiya elmi sübut edib ki, yaşlı nəslin hakimiyyətdə olması dövlətin və millətin həyatında durğunluqla və neqativ halların bolluğu ilə, orta nəslin hakimiyyətdə olması stabil inkişafla, proqressiv mövqeli yaşlı və ya orta nəsil nümayəndəsinin ətrafında birləşən gənc nəslin hakimiyyətdə olması isə irəliyə, inkişafa doğru sıçrayışla müşayiət olunur.
Bunun səbəbləri barədə elmi nəzəri fikirlərlə sizi yormaq istəmirəm. Bu barədə kifayət qədər elmi ədəbiyyat mövcuddur.
Yaşlı nəslin nümayəndəsi olan Elçibəyin ətrafına toplaşan gənc komandanın iş qabiliyyəti ilə, gənc İlham Əliyevin ətrafına toplaşan yaşlı komandanın iş qabiliyyəti və keyfiyyəti müqayisə edə biləcəyimiz tarixi faktlardandır.
Birincilərin təcrübəsizliyi, idarəetmənin səriştəsizliyi və s. kimi gəncliklə bağlı olan nöqsanları ilə yanaşı vəzifələrinin öhdəsindən gəlmək üçün əzm və iradə göstərmələri, maksimum hədəflər müəyyən edərək onların uğrunda qətiyyətlə mübarizə aparmaları, yeri gəldikcə bir-birilə və prezidentlə qızğın müzakirələrə girmələri, ikincilərin isə, çox böyük təcrübə və idarəçilik qabiliyyəti ilə rüşvətxorluğa və korrupsiyaya qurşanmaları, özündən yuxarı vəzifəli şəxsə etiraz etmək və ya şəxsi fikir söyləmək, situasiyaya uyğun şəxsən qərar qəbul etmək qabiliyyətindən məhrum olmaları, bürokratik əngəllərlə və süründürməçiliklə dövləti durğunluğa və real faciələrə sürükləmələri də müqayisə edə biləcəyimiz yaxın tarixi faktlardandır.
Yuxarıda qısa şəkildə şərh etdiyim reallıqları nəzərə alaraq, bu reallıqların hər iki tərəfdən: iqtidar və müxalifət tərəfindən obyektiv və milli maraqlar baxımından düzgün qiymətləndiriləcəyinə ümid edərək,
T Ə K L İ F E D İ R Ə M :
Dövlət idarəçiliyində varisliyi təmin etmək məqsədi ilə, indiki iqtidar komandasında təmsil olunan orta və yaşlı nəsil nümayəndələrinin 15-20 faizinin saxlanılması şərti ilə qalanlarının gənclərlə əvəz edilməsi,
Başlanmış bir çox layihələrin uğurla başa çatdırılmasını təmin etmək məqsədi ilə, növbəti 5 illik müddətdə iqtidar komandasından olan və ya onların təklif etdiyiistənilən üçüncü şəxsindövlətə başçılıq etməsi,
Qalan 80-85 faizdövlət vəzifələrinə təyin ediləcək gənclərin 60 faiz hissəsinin prezidenttərəfindən təyin edilməsi, qalan 40 faizinin isə,müxalifət tərəfindən müəyyən edilərək prezidentə təqdim edilməsi,
2015-ci il parlament seçkilərinin proporsional və mojaritar seçki sistemi ilə, 2018-ci il prezident seçkilərininisə paritet əsaslarla formalaşacaq MSK, DSK və MNSK-lar tərəfindən tam qanuni və azad şəraitdə keçirilməsi,
Qarşılıqlı nəzarətin təşkilivə korrupsiyalaşmanın qarşısının alınması məqsədi ilə,bütün dövlət orqanlarında birinci vəzifələrin prezidentin təklif etdiyi gənclər tərəfindən, ikinci və üçüncü postların isə müxalifət tərəfinin təklif etdiyi gənclər tərəfindən tutulması,
Əvəzlənəcək dövlət məmurlarının, şəxsiyyət əleyhinə törətdikləri cinayətlər istisna olmaqla, heç bir halda və heç bir formada təqib edilməyəcəkləri, mal varlıqlarının sorğulanmayacağı,
Yuxarıdakı şərtlərin reallaşması üçün, qanunvericilik səviyyəsində birgə səylər göstərəcəkləri barədə iqtidarla müxalifət arasında razılaşma əldə edilsin və seçkilərdə bu şərtlər üzrə razılaşdırılmışvahid mövqedən çıxış edilsin.
Bu təkliflə çıxış etməyimi zəruri edən səbəblər barədə.
Respublikamızın düşdüyü siyasi böhranla və onu gözləyən mümkün faciələrlə bağlı yuxarıda qısaca qeyd etdim. Ancaq bununla yanaşı, dövlətimizin gələcək inkişafının əmin əllərdə olması və əqidəsi kirlənməyən kadr potensialı hazırlamaq baxımından bu təklifi zəruri edən başqa səbəblər də var. Gənc dövlətin, gənc rəhbərinin qocalmış və sağalmaz korrupsiya xəstəliyinə tutulmuş komandası dövləti və milləti irəliyə götürə bilərmi? Fikir verin görün, neçə nazir, icra başçısı, məhkəmə sədri, millət vəkili, bələdiyyə sədri 25-35 yaş arasındadır və ya xaricdə ali təhsil (heç olmasa bakalavr səviyyəsi) alıb. Mən hələ bunlardan neçəsinin xarici dil bildiyini demirəm. Burada statistik rəqəmlər gətirməklə Sizləri yormaq istəmirəm. Ancaq bu faiz o qədər aşağıdır ki, Respublikamızın müasir dövlət adlandırılması üçün qətiyyən əlamət sayıla bilməz.
İstər iqtidar mənsubları, istər müxalifət nümayəndələri, istərsə də bitərəf şəxslər külli miqdarda vəsait xərcləyərək, min bir əziyyətlə övladlarını oxutmuş, onları yüksək ixtisaslı mütəxəssislər kimi yetişdirmişlər. Azərbaycan dövlətinin vəsaiti hesabına minlərlə gənc xarici ölkələrdə yüksək səviyyəli təhsil almışdır. Türkiyədə, Avropada, Amerikada, Rusiyada və müxtəlif xarici ölkələrdə təhsil almış, dünya standartlarını bilən, mənimsəyən, Avropa dəyərlərinə, dünyəvi biliklərə sahib olan minlərlə gəncimiz öz enerji və bacarığını reallaşdırmaq imkanından məhrumdur və ya keçmiş sovet diktaturası rejimindən qalma naqis əxlaq sahiblərinin rəhbərliyi altında pozulma prosesini yaşamaqdadırlar.
Son vaxtlar, respublikadaxili vəziyyətin gərginləşməsinə səbəb olmuş artan əsgər ölümləri, əslində vaxtilə Türkiyə Respublikasının hərbi məktəblərində təhsil almış gənclərin ordu rəhbərliyinə gətirilməməsinin nəticəsidir.
Kim nə deyir desin, ömrünün 30-60 ilini rüşvətlə, yaltaqlıqla, təşəbbüs qabiliyyətindən məhrum olaraq yalnız göstəriş əsasında işləməyə vərdiş etmiş, müstəqil qərar qəbul etmək qabiliyyətindən məhrum şəxsin islah edilməsi mümkünsüzdür.
Rüşvətxorluq ehtiyac və iqtisadi imkansızlıq əlaməti deyil, əxlaq və mənəviyyat problemidir.
Belələri gənc nəslin də tərbiyəsini pozur və Millətimizi sonu görünməyən təhlükəli gələcəyə doğru sürükləyir.Buna “dur!” demənin vaxtı çatmışdır.
Mən onların cəzalanmasını təklif etmirəm. Milli barışıq və milli inkişafımız naminə o adamlar bağışlanmalı, sərvətlərini sərbəst şəkildə istifadə etmələri üçün onlara iqtisadi və siyasi amnistiya yolu ilə qanuni əsaslar tanınmalı, şərait yaradılmalıdır.
Gəncliyimizi xilas etmək hamımızın vəzifəsidir.
Gənclər kütləvi şəkildə dövlət idarəçiliyinə cəlb edilməlidirlər. Gürcü prezidenti M.Saakaşvilinin təcrübəsi burada bizə örnək ola bilər.
Ola bilsin bəzi müxalifətçi dostlarım mənim bu təklifimi iqtidarın xeyrinə olan bir təklif kimi qiymətləndirsinlər. Şübhəsiz ki, bunda səhv etməyəcəklər.
Çünki bir tərəfdən iqtidar bəri başdan səs və söz üstünlüyü əldə etmiş olur (15-20 faiz köhnə kadrlar+yeni təyin ediləcək gənclərin 60 faizi), digər tərəfdən də iqtidar mənsublarının övladlarının valideynlərini əvəz etməsi qanuniləşdirilir.
Bu təklif arzularımızın yox, reallıqların tələb etdiyizərurətdir.
Müxalifətçi dostlarım nəzərə almalıdırlar ki, indiki oliqarxların və vəzifəlilərin övladlarının çoxu, yuxarıda qeyd etdiyim kimi, Avropada və Türkiyədə yüksək təhsil almış, dünya dəyərlərini və standartlarını mənimsəmişlər. Əgər onlar indiki durumda idarəçilik sisteminə nüfuz edəcəklərsə, tezliklə yaşlıların əxlaqını götürməyə məhkum olacaq və atalarının yolunu gedəcəklər. Bu da müxalifətin ideya və məqsədlərinə uyğun olmayan ziyanlıbir nəticədir. Bunun əksi isə, yəni həmin gənclərin cəmiyyətimizə qazandırılması həm də müxalifətin və bütövlükdə cəmiyyətin qazancıdır.
Ancaq çoxları üçün qəribə və anlaşılmazolsa da, fakt belədir ki, insanlıq tarixi həm də nəsillərin mübarizəsi tarixidir. 80-90-cı illərdə Xalq hərəkatına qoşulan gənclərin öz valideynləri ilə mənəvi, siyasi və əqidə konfliktində olması çoxlarımızın yaşadığı bəlli faktlardır.
Valideynləri nə qədər rüşvətxor, yaltaq və qorxaq olsa da, misal üçün, xaricdə təhsil alan gənclər atalarının tam tərsidir və onları uzun müddət mənəvi cəhətdən pozmaq mümkün olmayacaqdır.
Ancaq bu müddət nə qədərdir? İndiki korrupsiya bataqlığına düşən həmin gənc sonsuza qədər dözə biləcəkmi? Şübhə edirəm.
Ona görə də, övladlarının gələcəyini və dövlətimizin tərəqqisini istəyənlər bu təkliflə razı olmaya bilməzlər.
Bəs müxalif əqidəli gənclər necə, onlar harada idarəçilik təcrübəsi keçməlidirlər ki, yeri gələndə dövlətlərinə sahib çıxmağa hazır olsunlar?
Axı İlham Əliyev və ətrafı hakimiyyətlərinin əbədi olmayacağını, sonsuzadək davam etməyəcəyini yaxşı bilirlər. Birdən günlərin bir günühakimiyyətə gəlmək şansı əldə edən müxalifət dövləti hansı kadrlarla idarə edəcəkdir? Əgər İlham Əliyev və komandası, həqiqətən də, bu Dövləti və bu Milləti sevir və onun gələcəyini düşünürlərsə, öz övladlarının, nəvə-nəticələrinin taleyinin əmin əllərdə olmağını istəyirlərsə bunun fərqində olmalı deyillərmi?
Xalqımıza bu gün və gələcəkdə də kifayət edəcək qədər milli sərvətimiz var.
Milli barışıq yollarının tapılmaması indiki iqtidarı—əlində olanından, müxalifəti isə —-gələcəyindən mütləq məhrum edəcək.
Nəticədə yenə də ziyan çəkən dövlətimiz, millətimiz və özümüz olacağıq —Liviya, Misir, İraq, Suriyada olduğu kimi.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “AzərTac”a verdiyi 14 mart 2013-cü il tarixli müsahibəsində bildirib: “Əlbəttə, müxalifətin, müəyyən xarici antiAzərbaycan dairələrin təsiri altına düşən belə qeyri-vətənpərvər gənclərin sayı çox azdır. Çünki bu gün dövlətin həyata keçirdiyi siyasət gənc nəslin hərtərəfli inkişafına, problemlərinin həllinə, onların dövlət idarəçiliyində, ictimai həyatda, cəmiyyətdə gedən proseslərdə fəal iştirakına, vətənpərvər, öz dövlətinin və xalqının təəssübünü çəkən vətəndaş kimi formalaşmasına tam şərait yaradır.”
Tərsini ifadə etsək, demək ki “müxalifətin, müəyyən xarici antiAzərbaycan dairələrinin təsiri altına düşməyən vətənpərvər gənclərinin sayı çoxdur”.
Onda niyə onlardan istifadə edilməsin? Niyə bu gənclər öz dövlətlərindən incik salınsın? Niyə onlar niyyətləri bəlli olmayan şübhəli xarici güclərin qucağına itələnsinlər? Niyə? Bəs onlar harada və kimdən, nə vaxt və necə idarəetmə təcrübəsi əldə edəcəklər?
İqtidar və müxalifət gənclərinin təmasının zəruriliyi barədə də hörmətli Ramiz Mehdiyev dəyərli fikirlər bildirib: “Bu gün sağlam gənclik müxtəlif antimilli qrupların təsiri altına düşmüş həmyaşıdları ilə təmas qurmalı, onları səhv yoldan çəkindirməlidir. Bunun üçün onlar müxtəlif tədbirlərdə, auditoriyalarda, kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə disput və müzakirələrdə daha fəal iştirak etməli, öz mövqelərini ortaya qoymalıdırlar. Universitetlərdə tələbə gənclər təşkilatları bu istiqamətdə səylərini artırmalıdırlar.”
Bunlar hamısı doğru və gözəl fikirlərdir.
Ancaq mən şübhə etmirəm ki, iqtidaryönlü gənclərin də müxalifətyönlü gənclərdən öyrənə biləcəyi çox müsbət şeylər var. Ancaq bu qarşılıqlı zənginləşmə təkcə Ramiz müəllimin qeyd etdiyi üsullarla həyata keçirilməməlidir.
İctimai-siyasi və fəal vətəndaşlıq mövqeyinə görə gənclərin cinayət məsuliyyətinə cəlb edilməsindəndirsə, onların idarəçilik məsuliyyətinə cəlb edilib dövləti vəzifə və məsuliyyətlə yüklənmələri cəmiyyətimiz və dövlətimiz üçün daha xeyirli olmazdımı?
Elə iqtidar yönlü gənclərin də belə məsuliyyətli işlərə cəlb edilməsi müxalifətin və bütövlükdə millətimizinxeyrinə deyilmi? Bu gənclər niyə yaşlıların etməli olduğu işlərə (xarici ölkələrdə lobbiçilik, xeyriçəlik və s.) cəlb edilib dövlət idarəçiliyindən kənarda saxlanılırlar? Yaxud da bu gənclər nə üçün birinci postlara təyin edilməyərək yaşlı rüşvətxorların rəhbərliyi altında yeni korrupsioner məmur dalğası üçün yem kimi yetişdirilirlər?
Dövlət idarəçiliyində birgə iştirak etmək iqtidar və müxalifət yönlü gənclərin yaxınlaşması, ortaq dəyərlərə sahib olmaları üçün və milli barışığa aparan ən yaxşı yol deyilmi? Əlbəttə, bunu yalnız yüksək dövlət təfəkkürünə malik olan və ürəyində həqiqi millət sevgisi olanlar dərk edə bilər. Şübhə etmirəm ki, İlham Əliyev, məhz özünün gənc olması ilə bağlı,bununmümkünlüyünü və zəruriliyini qəbul edə bilən bir şəxsdir. Qəbul etməyəcəksə, dövlətimizi gözləyən bütün təhlükələrin məsuliyyətini də daşımış olacaq.
Heç kim unutmasın ki, tarix ilk növbədə hökmdarları ittiham edir, onun xidmətkarlarını, ona yaltaqlananları, onu səhv yönləndirənləri yox …
P.S. Bu təkliflərə iqtidar, özünü kifayət qədər güclü hesab etdiyi üçün, indiki mövqeyindən, müxalifət isə seçki öncəsi xarici qüvvələrdən və beynəlxalq təşkilatlardan dəstək alaraq güclənə biləcəyi xülyası ilə yanaşmamalıdır.
Vətəndaş sülhü – ölkəmiz viran olmadan əldə edilməlidir.
02 aprel 2013-cü il, Bakı.
Hüquqşünas Məmmədov Qurban Cəlal oğlu