
Mətləb MÜTƏLLİMLİ
İstiqlalçı millət vəkili
BUĞDA GÖSTƏRİB, ARPA SATANLAR …

“Tam məsuliyyəti ilə bəyan edirəm ki, cavabdeh olduğum sahədə çalışan şəxslərin heç biri və heç vaxt öz opponentlərinin şərəf və
ləyaqətinə, milli vətəndaş heysiyyatına toxuna biləcək leksikondan istifadə etməyiblər və belə hərəkətləri həmişə sərt formafda qınayıblar.”
Əxlaqdan bizə dərs deyən, cənab Əli Həsənov! Sizin təmsilçisi olduğunuz YAP hakimiyyəti sizin nəzarətinizdə olan tele kanallarda, qəzetlərdə jurnalist Xədicə İsmayılovanın yataq səhnələrini təkrar-təkrar yayanda siz harda idiniz? Budurmu sizin mənəvi dəyərləriniz, milli mentalitetiniz? Yazırsınız ki:
“Görünür, mədəniyyət, əxlaq, tərbiyə və şərəf barədə anlayışları
plintusdan da aşağı səviyyədə olan
Vidadi İskəndərli, İsa Sadıqov, Elşad Abdullayev kimilərdən qısa müddətdə möcüzəvi transformasiya gözləmək əbəs imiş…”
Bəri başdan deyim ki, adlarını çəkdiyiniz bu üç nəfəri tanıyıram, lakin, heç biri ilə əlaqəm yoxdur. Bununla belə, sizdən soruşuram: Hüquq müdafiəçisi Vidadi İskəndərli cəmiyyətdə, xüsusən də, bir müddət işlədiyi prokurorluqda, baş verən haqsızlıqlardan, özbaşınalıqlardan, cinayətlərdən danışanda niyə onu topa tutdunuz, təqib etdiniz, həyatına sui-qəsd edildi, baş götürüb getdiyi Gürcüstanda da rahat buraxılmadı, arxasınca killer də göndərildi? Bütün bunlar azmış kimi,onun atasının qəbrini də murdarladınız. Budurmu sizin əxlaqınız? Müdafiə naziri
Z.Həsənovdan fərqli olaraq, peşəkar zabit İsa Sadıqov nə vaxtdan xalq düşməni oldu? Axı, 1993-1995-ci illərdə siz onu Azərbaycan Respublikası Müdafiə nazirinin müavini təyin etdiniz, indi isə, nədən, sizi tənqid etdiyinə görə tərbiyəsi plintusdən aşağı oldu? Bu gün torpaqlarımızın işğalda olduğu bir vaxtda gecə-gündüz təriflədiyiniz müdafiə nazirliyində İ.Sadıqov kimi neçə nəfər hərbçi, Leninqrad Hərbi Akademiyasını qurtaran peşəkar zabitiniz var? İndi İ.Sadıqov nə deyir ki? O deyir ki, sizin də rəhbərliyinə daxil olduğunuz YAP hakimiyyəti ölkəni çapıb talamaqla məşğuldur. Siz bu bərli-bəzəkli cümlələri özünüzdən düzüb qoşduğunuz dəqiqələrdə ictimaidən uzaq – İctimai Televiziyada prezidentliyə namizədlərin debatına baxırsınızmı? Prezidentliyə namizəd Sərdar Cəlaloğlu beynəlxalq hesabatlara istinadən deyir ki :

“ Bu il Azərbaycandan 20 milyard dollar( ölkənin illik büdcəsi qədər) kölgə iqtisadiyyatı yolu ilə pul çıxarılıb “ ,
“ Azərbaycandan çıxarılmış 100 milyard dollardan çox vəsait ofşor zonalarda saxlanılır”.
Bəs, İ.Sadıqov nə deyir, elə bunu deyər də. Bir də , əgər, siz, ölkə prezidentinin köməçisi olaraq müsahibənizdə
“ Mən ailə biznesimlə fəxr edirəm “
– deyirsinizsə, burda əlavə şərhə ehtiyac varmı? O ki, qaldı Elşad Abdullayevə, onu bizim hamımızdan daha yaxşı siz tanıyırsınız, o ağ binanın divarları tanıyır … Necə deyətlər :
“Bağda ərik var idi, salamməleyk var idi. Bağda ərik qurtardı, salamməleyk də qurtardı.”
Bundan başqa, cənab Əli Həsənov, siz, 58 illik həyatınızda bircə dəfə də olsa eşitmisinizmi, dünyanın hansısa ölkəsində Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli zabiti oğurlanır(?!),
hakimiyyətdə təmsil olunan quldurlara pul verib qardaşını qurtarmaq istəyən
şəxs ölkəsindən didərgin salınır, “xalq düşməni” elan edilir? Axı, siz hansı uğurlarınızla öyünürsünüz, cənab Əli Həsənov? 25 ildə torpaqları işğalda saxlamağınızlamı?! Millətin indiki ac gününəmi?” Yalançı 1 milyon 900 min iş yerinizləmi?! Büdcənin talanıb şəxsi hesablara doldurulması iləmi?! Siyahı ilə seçdiyiniz deputatlarlamı?! Əldə qayırma, təlxək prezidentliyə namizədlərinizləmi?! Sizin ətrafınızda fırlanan partiyalardan başqa bütün siyasi partiyaları, mətbuatı boğmağınızlamı?! Prokurorluqda, daxili işlər orqanlarında, məhkəmələrdə, dövlət orqanlarının mütləq əsəriyyətində tüğyan edən korrupsiya, rüşvətləmi?! Yazırsınız ki:


“Unutmaq olmaz ki, biz azərbaycanlıyıq, öz adət-ənənəmiz, əxlaq və şərəf ölçülərimiz var. Siyasi mübarizəni də həmin çərçivədə, cəmiyyətimizə, vətəndaşlarımıza utanc gətirməyəcək formada, milli-mənəvi və əxlaqi dəyərlərə uyğun şəkildə aparmalıyıq.”


22.03.2018