
Sərdar Cəlaloğluna təşəkkürlərlə…
Biz heç vaxt nəyin nədən sonra baş verdiyini bilməyənlərik.
Biz heç vaxt nə edəcəyimizdən sonra nə olacağını və ola biləcəyini hesablamaq qədərincə praqmatik deyilik – mən hələ ayrı mizan-tərəzi yarlıqlarından istifadə etmirəm.
Üç debat olub – prezidentliyə namizədlərin arasında və iştirakı ilə! Mən orasını demirəm ki, bu debat sosial şəbəkədə “de-(özünü) bat(ır)!” kimi assosiasiya yaratdı və həqiqət payı yüzdə səksəndi.
Namizəd olub seçkini, deyib özünü batırmayanlardan ikisini vurğulamaq istəyirəm: biri Qüdrət Həsənquliyevdi, biri də Sərdar Cəlaloğlu!
ZƏRURİ İZAHAT: Qüdrət Həsənquliyevdən yazdığım portret cizgilərinə görə əyilmiş ağızları, bərəlmiş gözləri, turşudulmuş sifətləri görüb də açıqlamasını verib keçirəm Sərdar bəyə!
Bəsit, məhəlli, situativ, intuitiv, genetik düşüncə və aqressiv impulslarla cəmiyyətdə, ölkədə, hakimiyyətdə baş verən proseslərə öləri şəkildə reaksiya verən – mızıldanan və mırıldayan “kütlə oratorları” bir nüansı nəzərdən qaçırırlar!
Əvvəla, mən BİRBAŞA oxucusuna, bu birbaşalıqdan sonra da xalqına, ilk növbədə isə Sözün şərəfinə baş əyən, ona səcdə edən, bundan qürur duyan biriyəm. Əgər yazıramsa LƏYAQƏTLİ ALTERNATİV, bunun həqiqət olduğunu yazıda görmürsənsə, anlamırsansa, mən bunu görməyəni, anlamayanı görürəm də, anlayıram da, hələ özümə “man” bilmədən bir də izah edirəm, çünki mən yazdığımı kiminçünsə, indiki halda Qüdrət Həsənquliyevin və tərəfdarlarının, Sərdar Cəlaloğlu və tərəfdarlarının, eləcə də onların toxum-tayfası üçün yazmıram, tarix üçün yazıram. Ki… bilinsin ki, 2018-ci ildə seçkidə kimlər olub və özlərini necə aparıblar, statusları nə olub, dedikləri nə olub!
Bir an bu debata fərqli prizmadan yanaşın: dünya və Azərbaycan praktikasında siyasi nou-haular, ekstremal situasiyalar olub, var və olacaq! İndi təsəvvür edin: qəfildən məlum olur ki, İlham Əliyev seçkidə iştirak edə bilmir, seçkidə iştirakdan məhrum olur, seçkidə iştirakına qarşı əngəllər meydana çıxır!
Qaldınızmı 7 namizədlə üz-üzə? Kimi seçərsiniz? Kimdi o 7 namizədin (xüsusi vurğulayıram: o 7 namizədin – A.C.) içində ləyaqətli alternativ? Ləyaqətli saydıqlarınız qalıb prosesdən kənarda. Seçim şansınız ancaq bunlardır və ağlınıza da gətirməyin boykot etməklə yeni seçkilər təyin etdirə bilərsiniz – 1993-cü il variantını unutmayın və nağıllara inandırmayın tərəfdarlarınızı!
Ən azından, Qüdrət Həsənquliyev Zahid Oruc deyil, Hafiz Hacıyev deyil, Araz Əlizadə heç deyil, Fərəc Quliyevlə müqayisəyə gəlmir, qalır Sərdar Cəlaloğlu…
Sərdar Cəlaloğlunun seçkidə iştirakını və çıxışlarını çözməzdən öncə daha bir izahat verim!
Fərhad Əliyev və qardaşı, o cümlədən başının dəstəsi düşməncəsinə, heç bir şərəf və ləyaqət ölçüsü, hüquqi-inzibati sərhəd qorunmadan tapdananda bir yazı yazmışdım: bu günəcən ki sınmadınız, bundan sonra sizdən nəyi istəsələr, razılaşın, yazın, imza atın. Eşq olsun sizə. Ki… bu qədər işgəncədən sonra belə sınmadınız! İki il aramsız işgəncələrə dözmək özü də qəhrəmanlıqdır. Sonradan bu nümunəni Əli İnsanov sərgilədi. İlqar Məmmədov sonradan qoşuldu, Tofiq Yaqublu da həmçinin… Qalanları da eləcə. Göründüyü kimi, yetərli deyil!
Əfəndilər, serlər, müsyölər, cənablar, ağalar, “tovariş”i, “nuvoriş”i, mərdliyin də, dözümün də, mübarizənin də bir sınma məqamı var, əgər artıq qələbə əldə olunmayıbsa! – o halları nəzərə almaq şərtiylə ki, mübarizə metod və üsulları yanlış olub, ya da gərəkən güc və resurslar yetərli olmayıb.
Mən Sərdar Cəlaloğlunu heç vaxt unutmaram!
Heç vaxt da haqqında bir cümlə belə tənqid yazmamışam – hesab etsəm də ki, siyasi mübarizəsində onu zərbələrdən dəf edəcək iki cümləlik çəkisi var. Amma, lakin, ancaq, axı… niyə unudursunuz ki, bu adam NÜMUNƏDİR!
Heç də uzaq və unudulası qədər çox da böyük olmayan zaman çərçivəsində baş verənləri niyə unudursunuz? Niyə unudursunuz ki, bu hakimiyyətlə, bu hakimiyyətin dədəsi ilə mübarizədə Sərdar Cəlaloğlunun balasına zülm olunub!!! Orta məktəbdə oxuyan uşağına olan işgəncənin təsviri belə adamı ürpərdir!
Özünü, qardaşlarını, qardaşları və bacısı uşaqlarını zillətdə, əziyyətdə darmadağın ediblər!
Və mən… bugünkü ölkədə Sərdar Cəlaloğlunun məktəbdən evə gələndə incidilən oğluyla üz-üzə gəlməkdən utanıram – görəsən, sizlərdən neçəsi utanır o uşaqdan? Görəsən, o uşağın yaşadığı sarsıntıları (nə yaxşı ki, qorxudan yaranan xəstəliklərə tutulmadı!) nəynən kompensasiya etdik, etdilər?
Görəsən… Sərdar Cəlaloğlu və onun kimi, ilk növbədə qardaşı Qurban Məmmədov olmaqla, mübarizə aparan insanların hansısa məqamda dəstək ehtiyacı olanda heç olmasa kininizi, nifrətinizi gücə çevirməyi demirəm, dualarınızımı səsləndirdiniz!?
Əgər bu gün… bəli, bu gün… saxtalaşdıqılacağı külleyi-ərzə bəlli olan bir ölkədə Sərdar Cəlaloğlu ÖZ İMİCİNİN ZİYANINA olaraq, namizədliyini irəli sürübsə və qeydə alıblarsa, o da durub birbaşa efirdən Azərbaycan acılarını – həqiqətlərini deyirsə, Zahid Oruc, Fərəc Quliyev, Araz Əlizadə, Hafiz Hacıyev, Əli Əhmədov, Razi Nurullayev kimi aparmırsa özünü, heç olmasa, heç olmasa, a kişi, HEEEEÇ OLMASAAAA, “sağ ol” de.
Axı bu ölkədə oğraşlıq, işverənlik etmək üçün təmənnasız növbəyə duran “ordu” var, axı…
Heçmi təşəkkürlü olmaq damarınız yoxdu?
Cəmi bircə fakta görə də “sağ ol” düşür: azərbaycanlı qadınların xarici ölkələrdə həbsdə olması, edam edilməsiylə bağlı! Laaap belə bircə belə fakt varsa da, o faktı bu hakimiyyətin üzünə çırpırsa, “sağ ol” niyə deyilməsin?
Məgər bircə belə fakt da çox deyilmi cəmi-cümlətanı 10 milyonluq xalq üçün?
Milli təhlükəsizliklə bağlı ittihamları yetərli deyilmi?
Axı, Sərdar Cəlaloğlu lap belə əleyhdarlarının dediyi kimi, bu hakimiyyətlə alverə gedib, amma axı xalqın ələnən namizədlərindən fərqli çıxış edir, fərqli aparır özünü!
Durub Zahid Oruc, Əli Əhmədov kimi danışsa, neyləyəcəkdiniz ki?
Bu xalqı… top-tüfənglə ələ almayıblar axı! – 2003-cü ildə dubinkaya alternativ tapmayan, dubinka ilə meydanı tərk edən xalqın “Sərdar Cəlaloğlu niyə seçkidə iştirak etdi” ittihamına haqqımı var?
Sərdar Cəlaloğlunu 2003-ə qədər iqtidardan da pis küncə sıxıb özlərini “xilaskar” adlandıranların şəbəkəsi bu gün bu hakimiyətin məddahları olublar!
Bu xalqın siyasətçilərini top-tüfənglə ələ almayıblar axı!
Oğlunun əsgərliyinə dözməyən “xilaskar” bütün mövqelərdə xalqı və onun rəyini düzdü masa üstünə: professional siyasətçi ilə “oyun” oynadı və bilə-bilə ki, uduzacaq, uduzanda da hesabı xalq verəcək!
Mövqeləri əldən verib Azərbayanı bugünkü duruma salanların içində Sərdar Cəlaloğlu varmı, günahının çəkisi nə qədərdi? Varsa, nə qədərdisə, kimdən sonradı? Sərdar Cəlaloğlumu legitim olmayan parlament seçkilərində üç-beş mandat müqabilində bu gün “rejim” dediyiniz hakimiyyətin güclənməsinə razı oldu?
Sərdar Cəlaloğlumu…
Sərdar Cəlaloğlumu…
Sərar Cəlaloğlumu…
Və mən Sərdar Cəlaloğlunu dinləyirəm – ən azından, Sərdar Cəlaloğlu heç olmasa… heç olmasa… heç olmasa… hər dəfə 7 dəqiqə 30 saniyə olsa da, bu xalqın danışan dili olur, bu xalqın dərdlərini, acılarını, əzablarını, aşağılanmalarını dilə gətirir, hərçənd öz imicinə ziyan gətirəndən sonra
Daha nə fədakarlıq eləsin?
Həqiqi vətənpərvər öz şəxsi mənafeyini xalqın, dövlətin mənafeyinə qurban verən vətəndaşdır!
Sizlərdən hansı biri bunu özünə rəva görərdi?
Bir az mütərəqqi, bir az vətənpərvər, bir az müdrik, bir az praqmatik olun.
Bu çıxışlara görə heç olmasa… heç olmasa… heç olmasa… sağ ol deyin ki… Sərdar Cəlaloğlu dönüb Zahid Oruc olmasın, Razi Nurullayev, Əli Əhmədov olmasın…
Olsa, neyləyərsiniz ki? Anlamırsınız ki, bizim sıradan bircə nəfər belə itki çox ağır başa gəlir? Ay sizə qurban olum, görmürsünz bu ölkədə nə qədər Zahid Oruc var, Əli Əhmədov var, Araz Əlizadə və dədəsi Məmmədmübariz olub, var, olmaqda davam edirlər, Fərəc Quliyevi niyə görməzlikdən gəlirsiniz, Hafiz Hacıyevin varlığını niyə nəzərə almırsınız?
Və həm də niyə nəzərə almırsınız ki… Sərdar Cəlaloğlunun, Qüdrət Həsənquliyevin əvəzinə Hafiz Hacıyevə dəstək üçün çıxarcaqdılar ora Fazil Mustafanı, qoşulacaqdı Razi Nurullayevə, “Kərimov Əli” deyə-deyə, dedirdilə-dedirdilə ağzını açacaqdı, gözünü yumacaqdı, Sərdar Cəlaloğluna, Qüdrət Həsənquliyevə göstərdiyiniz təpkini göstərəcəkdiniz, nəinki Elçibəyi, hətta Şah İsmayılı kürüyüb siləcəkdi tarixdən, prezidentlik platforması heç yadına düşməzdi!
Həə… o ayrı söhbətdi… Ki, namizədlərin heç biri demir: “mən prezident olsam…”, ya da ötəri deyirlər.
Ay sizə qurban olum, siz niyə yalana bu qədər həssassınız? Niyə sizə yalan danışanlara rəğbət bəsləyirsiniz?
Eramızdan iki min il əvvəl Afinada küçə tamaşalarından bilginiz var, burdan bura bilmirsiniz ki, “Komedi Klab”a baxırsınız?
Siz haçan KÜLLƏN QLADİATOR oldunuz, romalı Spartak oldunuz?
Sizi də anlayıram: bizim Spartakımızı bu xalqın ən yaxşı yazıçısı Anar obrazlaşdırıb!
Qınamıram!
Və deyirəm: Sərdar Cəlaloğluna təşəkkür edin!
Bu… tarix üçün fiksasiyadır: hətta iqtidarın razılığğı ilə namizədliyi qeydə alınıbsa da (buna mən də şübhə etmirəm), elə bu hakimiyyətin zibillərini açıb-ağartdığı yetərlidi! Tarix üçün lazımdır – siz onun dediklərini lağa qoymaqla, faktiki rejimə yaşam haqqı verirsiniz!
Prezident seçə bilmirsiniz, bilmirsiniz, haqqınıza yiyə dura bilmirsiniz, bilmirsiniz, heç olmasa, haqqınızın tapdandığını HAKİMİYYƏTİN TƏRƏFİNDƏ DURMAQLA DA OLSA, deyənləri etiraf edin.
Əli Əhmədov da Sərdar Cəlaloğlunu inkar edir, siz də.
Fərqiniz var?
VƏ NƏHAYƏT: 30 ildi şahidəm – bu ölkənin söz danışa bilənlərinə meydan verən kimi bu xalq üçün vuruşanları inkar edir! Keçmişini, bu gününü, sabahını baltalayır!
100 ilin həqiqətinin hələ də görməzlikdən gəlindiyini görürəm: Vladimir İliç Lenin (Ulyanov) deyirdi ki, qığılcımdan alov doğar!
Azərbaycanda qığılcıma da ehtiyac yoxdu, başdan-ayağa yanır, od içindədi… amma və lakin… başa düşmürəm ki, daha nə lazımdı?
Həqiqəti deyənlərə “sağ ol” deməyi bacarmayanlar çox olduqca, yalan deyənlər əl çaldıqca, alçalmaq olar ancaq!
Ələ alınan xalqın isə həqiqət simvolları ələndikcə, yerdə qalan əllənən namizədlər olacaq!
p.s. İlk dəfədir ki… yazı yazanda nəticəsindən qorxuram! Qorxuram ki, sabah təşəkkür etdiklərimi bu yazının anasını ağladıb əksini danışdırsınlar debatda! Bu məhz ona görə mümkündü ki… onun da niyəsini mən izah edim?
p.p.s.p.p.s. Biz siyasətçilərimizə də müğənnilərimizə qiymət verdiyimiz kimi qiymət veririk: müğənnilər oxuyur bizim üçün, onları sevək deyə, bizim üçün oxusunlar deyə, ərlərindən boşanırlar, soyunurlar, bütün sirlərini deyirlər bizə, oxuduqlarından zövq alırıq, şəkillərindən kayf tuturuq, ardınca da deyirik… amma xaricdə onlara primadonna deyirlər, diplomat deyirlər. Elementar “sağ ol” deyə bilmirik, hələ üstəlik Avropa olmaq istəyirik!
Miq.Az