Əlaqə vasitələri

Ataxan Əbilov: “Hüquqi dövlət nədir?”

 

Siyasi leksikonda çox cəlbedici görünən “hüquqi dövlət” termininə tez-tez təsadüf edilər. Xalqa müraciət edən siyasilər nitqlərində bu ifadəyə istinad etməyi xoşlayır, bununla bir növ öz intelektlərinin göstəricisini nümayiş etdirirlər. Müşahidələrə görə geniş oxucu kütləsinin bu təzahürün məzmunundan lazımi səviyyədə məlumatı yoxdur.

Sosial şəbəkələrin birində gedən müzakirələrin nəticəsi olaraq dostum, keçmiş diplomat, hazırda Vətəndə olan avtoritar rejimdən dolayı Almaniyada yaşayan Rövşən bəyin xahişilə bu siyasi fenomenə onun geniş xalq kütlələri üçün anlaşılan səviyyədə izah etmək məqsədilə baş vurmalı oldum. Qiymətini isə qoy sıravi oxucu versin.

Bəri başdan deyim ki, “hüquqi dövlət” deyilən hadisənin vətəni də elə Almaniya hesab edilir. Beynəlxalq nəşrlərdə çox vaxt bunu alman dilində də: “Rechtsstaat” ifadə edirlər.

Adından göründüyü kimi bu dövlətlə bağlı olan hadisədir. Bu ifadədə “hüquq” sifətdir, ifadədə yer alan ikinci sözün: “dövlət”in əlaməti kimi çıxış edir. İlk baxışdan çox sadə görünür. Yəni dövlətin hüququ olmalıdır. Əslində isə hüquqsuz dövlət yoxdur. Binayi qədimdən “dövlət” və  “hüquq” bir-birilə bağlı olan məsələlərdir, onlardan biri digərisiz mövcüd ola bilməz.  Lakin bu bütün dövlətlərin hüquqi dövlət olmasına dəlalət etmir. İnsan cəmiyyəti və dövlət tarixi “hüquqi dövlət” kimi nəaliyyətin əldə edilməsinə qədər böyük bir yol qət etmişdir.

Məlumdur ki, bir siyasi hadisə olaraq “dövlət” çoxformalıdır. Dövlətin idarəçilik (respublika və monarxiya), quruluş (unitar, federasiya, konfederasiya) və rejim formaları hazırda mövcüddür. Bu formaların hər birinin hüquqla əlaqələri vardır. “Hüquqi dövlət” deyilən təzahür isə 3-cü forma ilə – dövlət rejimilə bağlıdır. Dövlət rejimi dövlət hakimiyyətinin həyata keçirilməsinin üsül və metodlarına deyilir. O, demokratik və anti-demokratik ola bilər. Hüquqi dövlət isə demokratik dövlətin ayrılmaz əlaməti hesab edilir. Anti-demokratik dövlətlərin “hüquqi dövlət” olmasından söhbət gedə bilməz, çinki bu fenomenin orada mövcüdlügü istisnadır. “Hüquqi dövlət” deyilən nəsnə demokratiya ilə bağlıdır və onun sifətlərindən biridir.

Qeyd etdiyimiz kimi demokratiya bir dövlət formasıdır. Müasir demokratik dövlət formasının zəruri əlamətlərdən biri də “hüquqi dövlətdir”. Yeri gəlmişkən burada bizim demokratik dövlət formasının “hüquqi dövlət”lə yanaşı digər əlamətlərini də sadalamağımız qarşıya qoyduğumuz məqsədin xeyrinə işləyəcək. “Hüquqi dövlət” əlamətilə yanaşı bu sıraya həm də daxildir: 1) azad və həqiqi seçkilər vasitəsilə seçilən xalq nümayəndəliliyi; 2) dövlət idarəçiliyi üstündə nəzarət mexanizminə malik olan parlamentar (xalqnümayəndəliliyi) sistem; 3) hakimiyyətə münasibətdə hər bir fərdə muxtarlıq təminatı verən bir sıra fundamental hüquqlara malik olma.

Sadalan əlamətlər bir yerdə müasir demokratik dövlət formasının məzmununi təşkil edir və onların hər biri digərlərini həlledici hesab edir.

“Hüquqi dövlət”in “dövlət sistemi”ndə yerini müəyyənetdikdən sonra bu fenomenin məzmununa aydınlıq gətirmək olar. Hüquqi dövlətin mövcudluğu üçün aşağıdakılar şərtdir:

1) Hakimiyyətin fəaliyyəinin hüquq normalarıla tənzimlənməsi. Söhbət bütün dövlət orqanlarından gedir. Məlumdur ki, müasir demokratik cəmiyyətlərdə hakimiyyət üç qoldan: qanunverici, icraedici, məhkəmə hakimiyyətindən ibarətdir. Hakimiyyətin hər üç qolunun fəaliyyəti hüquq normalarıla tənzimlənməlidir. Bununla bağlı hüququn bütün sahələrində çoxlu sayda normalara rast gəlmək mümükündür. Bu o deməkdir ki, dövlət başçısından tutmuş ən xırda məmura qədər, onların bütün fəaliyyəti hüquq çərçivəsində olmalı və ondan kənara çıxmamalıdır.

2) Hakimiyyətdən müdafiə hüququ. Bu fərdlərə aid olan hüquqdur. Hakimiyyət orqanı səlahiyyət həddini aşdıqda, hüquq normasının onun üçün cızdığı dairədən kənara çıxdıqda fərdin bundan qorunmaq – müdafiə olunmaq hüququ olmalıdır.

3) Qanunun aliliyi və qanunçuluq. Bu əlamət bir tərəfdən Qanunun göstərişlərinin hüququn bütün subyektləri üçün eyni məna və qüvvə kəsb etməsini, digər tərəfdən isə hüquqi aktların “nərdivan”ında aşağıda duran aktın yuxarıda durana uyğunluğunu ehtiva edir. Ən yuxarıda isə – birinci yerdə Qanun (Konstitutsiya, referendum yolula qəbul edilən aktlar və s.) durur ki, aşağıda duran aktda mövcüd olan normanın ona mütləq uyğun olmasını, olmadıqda isə hüquqi qüvvə kəsb etməməsini şərtləndirir.

4) Hakimiyyətin bütün hərəkətlərinin hüququn ümumi prinsiplərinə uyğunluğu. Çox vaxt hakimiyyət orqanının çox cəhətli fəaliyyətinin bütün tərəflərini zaman, təbii fəlakət, gözlənilməyən hadisə və digər səbəblərdən dolayı vaxtında normativləşdirmə imkanı olmur. Amma onun fəaliyyəti zəruri və qaçılmaz olur. Belə hallarda da hakimiyyətin fəaliyyəti hüququn ümumi prinsiplərindən kənara çıxa bilməz. Bu halda qəbul edilən qərarın ədalətə söykənməsi, ümuminin (cəmiyyətin) mənafeyinə cavab verməsi mütləq olmalıdır. Bununla bağlı  lex iniusta non est lex – ədalətsiz qanun qanun deyil başlanğıcından çıxış edilir və qərarın leqitimlik məsələsi əsas görürülür. Hüququn ümumi prinsiplərinə cavab verməyən norma leqitim hesab olunmur. Son dövrlərdə belə prinsiplər daha çox beynəlxalq hüquq normalarıla müəyyən edilir. Məsələn, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa konvensiyasının 6-cı maddəsinə görə “hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Tək bu normanın özündə bir neçə prinsip (məhkəmələrin qanun əsassında yaradılması, müstəqil və qərəzsiz olması, məhkəmə prosesinin ağlabatan müddətdə baş tutması, onun ədalətli və açıq olması və s.) ehtiva olunub.

Beləliklə biz deyilənlərə qısa xülasə olaraq deyə bilərik ki, “hüquqi dövlət” demokratiyanın, onun mahiyyətini ifadə edən, əsas əlaməti olub, özündə hakimiyyət orqanlarının hər bir fəaliyyətinin hüquq normalarıla tənzimlənməsini, hakimiyyətdən müdafiə hüququnu, Qanunun aliliyini və qanunçuluğu, hakimiyyətin bütün hərəkətlərinin hüququn ümumi prinsiplərinə uyğun olmasını ehtiva edir. Bunu hüquqi dövlətin ümumi tərifi kimi də qəbul etmək olar. Əlbəttə “hüquqi dövlət” kateqoriyasıla bağlı məsələ bununla bitmir və o, bir sıra digər geniş spekterli məsələlərlə (hüquq, dövlət, qanun, ədalət mühakiməsi, hüquq mədəniyyəti və s.) əlaqədə öyrənilir və tədqiq edilir.

Hesab edirik ki, bir neçə kəlmə də qeyd edilənlərlə hazırda Azərbaycan dövləti arasında hansısa bir paralelliyinin olub olmamasıla bağlı deyilsə, məqsədə müvafiq olar. Beynəlxalq təşkilatların hesabatlarına görə Azərbaycanda anti-demokratik bir rejim hökm sürür. “Hüquqi dövlət” demokratik dövlətlərə xas olduğundan artıq onunla bağlı Azərbaycana münasibətdə hansısa fikrin yürüdülməsi düzgün olmaz. Azərbaycanda hüquq illuziyadır. Bu zaman “hüquqi dövlət” ifadəsinin hansı formada və səviyyədə hallandırılması heç bir əhəmiyyət kəsb etmir.

Onu da qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin 1-ci hissəsində Azərbaycanın hüquqi dövlət olmasına bir başa vurğu edilir: “Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır”. Əvvəla, bu normanın hüquqi dili bərbad vəziyyətdədir, məntiqi deyildir. Əgər bu norma ilə qanunverici Azərbaycan dövlətinin formasını normativləşdirmək istəyibsə, onda bu norma belə ifadə olunmalı idi: Azərbaycan respublika üsul-idarəçiliyinə malik olub, demokratik və unitar dövlətdir.

Göründüyü kimi sözü gedən normada taftaloji xətaya yol verilib. Belə ki, dövlət demokratik elan edilirsə, bu artıq onun hüquqiliyini özündə ehtiva edir. Demokratiya xaos deyildir. Demokratiya ilk növbədə “hüquqi dövlət”liliyi özündə ifadə edir və onsuz mümkün deyil. Bunun nə olduğuna da yuxarıda aydınlıq gətirdik. Bu baxımdan Azərbaycanın dövlət başçısı da daxil olmaqla bir sıra yüksək ranqlı məmurların (onlar həm də oliqarxdırlar) özlərinin merkantil maraqlarına görə altdan-altdan “Azərbaycan demokratiyaya hazır deyil” bəyanatları onların məsələnin mahiyyətindən xəbərsizliyinə dəlalət edir.

Və sonda. Azərbaycan cəmiyyəti demokratiyaya layiqdir, və onun da demokratiyanın əsas komponenti olan hüquqi dövlətdə yaşamaq haqqı vardır. Seçim Azərbaycan xalqınındır.

Ataxan Əbilov,

Niderland, Haaqa

Loading