QİYAMIN AYAQ SƏSLƏRİ HAKİMİYYƏTİN İÇƏRİSİNDƏN GƏLİR !!!
Bu günlərdə ölkənin gündəmini tamamən zəbt etmiş hakimiyyət-Orduxan, iqtidar-Mirzəli, hökumət-Tural və digər anlaşılması zor olan davalarından qəti bir şey qanammadım. Gerçəkdən də, bir dövlətin 3-5 uşağa qarşı savaş elan edib, bütün gücünü onları yenməyə, ya da yendirməyə qədər özünü küçümsəyə bilməsini anlamaq zor bir işdi. Bəzən adama elə gəlir ki, bu uşaqlardan “Çe Qavara” düzəltmək istəyi var işin içində. Kimlərdir bu davaları dəzgahlayanlar və hər iki tərəfin durub-dururkən, niyə məhz indi belə aktivləşməsinin önündə, arxasında kimlər və nələr var görən?! Hər kim(lər)disə, oynanan oyun(lar) nədirsə, olsun, amma olub-bitənlərin tək adı var – rəzalətdi, biabırçılıqdı və Azərbaycanı küll halında, həm içəridə, həm də dışarıda yerdən yerə vurmaqdı, onsuz da dövlətin qədərindən çox yıpradılmış nüfuzuna öldürücü zərbə vurmaqdı bunun adı. Heç şübhəsiz ki, burda, hakimiyyətin içərisində olan və yaxşı-pis yürüdülən, güc-bəla ayaqda tutulan siyasətin söykəndiyi divarları yerlə bir edən güclər, ya da qruplardır bu prosesin önündə gedənlər. Hamı bəlli iki qruplaşmanın varlığından bəhs edir, bu xüsusda ölüm-dirim savaşından danışır. Amma, “Ayi və şir” təmsilindəki “tülkü” misalı, bir azca kənarda durub prosesdən yararlanacağı zamanı güdən üçüncü, dördüncü və daha neçənci qrupların olmaması nə məlum?! Zatən bu hakimiyyətin tamamı müəmmalardan oluşmuş kimi görsənir. Yoxsa, hələ-hələ seçki ərəfəsində, həm də legitimliyi şübhə doğuran növbədən kənar seçkinin ərəfəsində bu olayların olması, bu olanların yaşanması nə ağıla sığır, nə də məntiqə. Hətta iş o yerə gəlib ki, bu olanaqlar, illərdən bəridir ki, “siyasi məbus” kəlməsindən, “ilan vuran ala çatıdan qorxan” kimi hürkən Səyavuş Novruzovu, kəndisinə xas olmayan sensasion açıqlama ilə bu məsələdə 180 dərəcə mövqe dəyişikliyi sərgiləmək zorunda buraxıb. Amma onun bu açıqlamasını da, faktiki olaraq batırmağa hesablanmış yayqaranı anlamaqda da zorluq çəkirəm mən.
Bütün hallarda görünəni odur ki, iqtidar gəmisində sürünən qiyama start verilib və bütün bu olub-bitənlər kimə desən, hansı cinaha desən sərf edə bilər, amma proseslərin bu yöndə gedişi İlham Əliyevin oturduğu budağın sürətlə və sürəkli şəkildə mişarlandığına şübhə yeri buraxmır. Zira, məncə hər şey məqsədli şəkildə baş verir və bütünlüklə və sözün bütün mənalarında İlham Əliyevi, oturduğu yerdən yıxmağa hesablanıb. Dediyim kimi, bu hərəkatın başını çəkənlərin ayaq səsləri hakimiyyətin içərisindən gəlir. O biri yandakı tərəf müqabilləri kimi görünənlər isə, ya bilərəkdən, ya da bilməyərəkdən, bu hərəkatın əlamanları kimi görsənirlər…
Hər halda bunlar mənim şəxsi və subyektiv görüşlərimdir. Zaman kimin haqlı olduğunu göstərəcək, mütləq göstərəcək, amma yaralar çox dərinə işləyir və axan qanlara məmləkətin nə qədər dözə biləcəyi qorxudur adamı. Bu qanaxmanın bəlli sınırlarının ötəsində isə tək bir nəsnə var – bu nəsnənin adı ölümdür və göz görə-görə məmləkəti öldürürlər, Azərbaycanın varlığı söz konusudur artıq. Sürünən qiyama qoşulanlar da, ciddi cəhdlə qarşı gələn bütün tərəflərin də bunu anlamaması bir az zor görsənir mənə. Oysa, bilə-bilə yapırlarsa, bu, ən yaxşı halda cinayət, onun ötəsində isə gerçək bir xəyanətdir, bilmirlərsə, o zaman, nələr olur, mən də bilmirəm, hər halda daha vahim sonuclara hazırlanmamız gərək. Kimsə də demədi deməsin !!!!!!!!!!!
——————————————————————————————————
P.S.
Bu arada, mənim nə İlham Əliyev dərdim var, nə də onun ya hakimiyyətini sürdürə bilməsi, ya da yxılması. Artıq söhbət bir xalqın, bir millətin taleyindən, bir məmləkətin ölüm ayağına sürüklənməsindən, bir ölkənin və bir dövlətin var olub-olamasından, Azərbaycan adının dünya xəritəsindən silinməsindən gedirsə, o zaman İlham Əliyevin də, bir başqasının da hakimiyyətdə qalıb-qalmayacağı, iqtidara gələcəyi, ya da gedəcəyi söz konusu belə deyil.
—————————————————————————————————–
P.P.S.
Bu rəzaləti, bu alçaqlığı və məkan olaraq olayların yaşandğı yeri bir daha seyr edin, lütfən. Mükəmməl ssenaridi, hədəfləri vura bilmək anlamında, film də pis alınmayıb, oyunçuların professionallığı da şübhə doğurmur. Bunula belə, bu oyunları dəzgahlayanların özləri də, rejissorları da, ssenaristləri də, bütün cəmiyyət də, beynəlxalq aləm də arxın nəyin üstündən axdığını çox gözəl bilirlər, çox primitiv və köhnəlmiş metoddur. Amma aydın olmayan tək bircə sual qalır, niyə filmin məhz burda çəkilməsi maraq doğurur, Allah mühafizə, burası sürünən qiyamın və planlı oyunların mənzil-qərargahı ola bilirmi əcəba ???!!!