Əlaqə vasitələri

Daş sənin dövlət başına

Ali  Məhkəmə Parlamentin və Konstitusiya Məhkəməsinin səlahiyyətlərini mənimsədi.

 Özünü hüquqşünas sayan bütün hüquqşünasların, bu dövlətin gələcəyini düşünən bütün savadlı insanların, məsuliyyətini dərk edən, övladlarının gələcəyini düşünüən bütün vətəndaşların   nəzərinə: Azərbaycanda hüquq ölür, yazılı qanunlar işləmir, dövlətimiz və məhkəmələrimiz insanlara məlum olmayan telefon hüququ ilə idarə edilir. Dövlətimiz hüquq müstəvisindən çıxıb.

Bu isə cəmiyyətdə, insanların təfəkküründə qeyri-müəyyənlik qorxusu, gələcəyə ümidsizlik, bu günündən vahimə hissi  yaratmaqla onları son nəticədə öz vətənlərini, yurd-yuvalarını tərk etmətyə sövq edir.  Bu, gizli, incə üsullarla xalqımıza qarşı yeridilən qenosid siyasətinin tərkib hissəsidir.

Hamınıza bəllidir ki, Azərbaycanda, 500 mindən çoxu tək Bakı şəhərində olmaqla, iki milyondan artıq evin, torpaq sahəsinin rəsmi sənədləri yoxdur. Yəni, bu evlər, mənzillər özbaşına tikili, zəbt torpaqları sayılır, onların üzərindəki mülkiyyət hüquqları qanuni müdafiədən məhrumdur.

Yeni tikililərin qeydə alınması qaydası bu günkü qanunvericilikdə müəyyən edilib və bu sahədə olan problemlər mülk sahiblərindən müxtəlif məbləğlərdə rüşvət qoparmaqdan, yaxud da adamların sürndürülməsindən, onlara özlərinə ev tikməyə imkan verilməməsindən ibarətdir.

Bəs qanunda “özbaşına tikili”,  “qanunsuz” hesab edilən evlərin, torpaqların hüquqi taleyi necə olmalıdır? Bu mülkləri qanunlaşdırmaq, rəsmiləşdirmək, qeydə aldırmaq imkanı varmı?

Bu gün Ali Məhkəmədə övladımın Bakı şəhəri Xocəsən qəsəbəsində olan evinə dair aparılan bir mülki iş üzrə həmin suallara aydınlıq gətirildi.

Qəribə görünsə də, Ali Məhkəmə, səlahiyyət həddini aşaraq,  Mülki Məcəllənin 180.3-cü maddəsini faktik olaraq qüvvədən saldı və bu gün qəbul edilən qərarla “özbaşına tikili”lərin hüquqi əsaslarla qanunlaşdırılması yolu birdəfəlik bağlandı.

Həmin qərarı qəbul edən üç hakimin (sədrlik edən: Əsgərov Qürbət Ağa oğlu, hakimlər; Şadiyev Ənvər Əhməd oğlu, Rüstəmov Əli Məhəmməd oğlu) hüquqşünaslıq təcrübəsi cəmisi bir yerdə 108  il,  hakimlik təcrübəsi isə 82 ildir.

Ənvər Şadıyev 31 il,  Əli Rüstəmov 35 il, Qürbət Əsgərov 16 ildir ki hakim işləyirlər.

Onlar qərar qəbul etdilər: Mülki Məcəllənin 180.3-cü maddəsi “kaput” !

 

Məsələ belədir: mən övladımın Xocəsən qəsəbəsində olan evinin əsasında, qanunsuz tikililərin  qanunlaşdırılması üçün, vətəndaşlarımızın istifadə edə biləcəyi  bir hüquqi nümunə yaratmaq, məhkəmə təcrübəsi formalaşdırmaq istədim.

2007-ci ildə övladıma Xocəsən qəsəbəsində, üzərində ikinci dünya müharibəsindən sonra tikilmiş  iki otaqlı ev olan  211kv. metr (  iki “sot”) torpaq aldım.

Sonra 4 mərhələli bir hüquqi prosedur başlatdım.

  1. 2007-ci ildə Xocəsən bələdiyyəsinə müraciət edib evin altındakı torpaq sahəsini bizə satmağı təklif etdim. Rəy üçün ərizə göndərildi Bakı şəhər İcra Hakimiyyətinə. Hamınıza bəlli olan səbəblərdən, yəni rüşvət vermədiyimə görə, imtina cavabı gəldi. Məhkəməyə müraciət etdim. Məhkəmə qərarı ilə Xocəsən bələdiyyəsi ilə alqı-satqı müqaviləsi bağlandı.
  2. Torpaq sahəsinin kadastr-planını almaq üçün Torpaq Komitəsinə müraciət etdim. Rüşvər vermədiyimə görə, imtina edildi. Məhkəməyə verdim. Məhkəmə qətnaməsi ilə kadastr aldım.
  3. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün DƏDRX-ə müraciət etdim. Rüşvət vermədiyimə görə, imtina edildi. Məhkəməyə verdim. Nərimanov rayon məhkəməsinin 10 mart 2010-cu il tarixli qətnaməsi ilə mülkiyyət hüququnun qeydə alınması vəzifəsi DƏDRX-in üzərinə qoyuldu. Qətnamə 6 il icra edilmədi. Nəhayət, Prezidentin elektron poçtuna yazdığım müraciətdən sonra, bu ilin martında bir gün ərzində “Çıxarış” verildi.
  4. İndi növbəti mərhələyə keçmək olardı. Yəni torpaq üzərində mövcud olan tikili ilə birlikdə, evi vahid obyekt kimi qeydiyyatdan keçirməliydim.

Buna da yeganə hüquqi əsas Mülki Məcəllənin 180.3-cü maddəsidir.

Xüsusi olaraq qeyd edirəm ki, bu günkü qanunvericiliyimizdə  “özbaşına tikili”lərin,  “qanunsuz tikililər”in,  “köhnə tikililər”in üzərində mülkiyyət hüququnun tanınmasının yeganə hüquqi yolu budur. Başqa qanuni yol yoxdur.

Növbəti addım olaraq, mülkiyyətdə olan torpaq sahəsindəki  ev üzərində mülkiyyət hüququnun tanınması barədə iddia ilə Binəqədi rayon məhkəməsinə müraciət etdim. İddianın hüquqi əsası kimi Mülki Məcəllənin 180.3-cü maddəsini göstərdim.

Binəqədi rayon məhkəməsinin gənc hakiminin qərardadı ilə İddia mümkün sayılmadı.  Qəribəsi də o oldu ki, həmin gənc hakim açıq-açığına bildirdi ki, məhkəmə qaydasında mülkiyyət hüququnun tanınması barədə indiyədək iş aparmayıb və onunçun də yuxarı məhkəmələrin mövqeyi maraqlıdır.

Burada həmin gəncin adını yazmağı lazım bilmirəm, çünki sonrakı apellyasiya və kassasiya instansiyalarında gördüklərim sübut etdi ki, o gənci  də “yoldan çıxaran”  yuxarı məhkəmələrdir, xüsusilə də,  Ali Məhkəmə. Təbii ki, yuxarıların qanunsuzluğu o gənc hakimə haqq qazandırmır.

MM-nin 180.3-cü maddəsində deyilir:  “ 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.”

Maddənin məzmunundan görünür ki, mülkiyyət hüququnun məhkəmə qaydasında tanınması kimi bir hüquqi yol var. Bu gün yüz minlərlə vətəndaşımızın probleminin həll edilə biləcəyi yeganə yol da budur.

Haşiyə: Bundan əvvəl,  mən Prezidentə müraciət edərək, dövlət büdcəsinə yardım olsun deyə,  “özbaşına tikili”lərin müəyyən məbləğ müqabilində prezident fərmanı ilə qeydə alınmasını da təklif etmişdim. Eşidilmədim.

Bakı  Apellyasiya Məhkəməsinin hakimi Fuad Talışinski Binəqədi rayon məhkəməsinin qərardadını qüvvədə saxladı. Yəni apellyasiya məhkəməsinin 3 qismən təcrübəli hakimi də bu mövqedə oldular ki, mülkiyyət hüququ məhkəmə qaydasında tanına bilməz.

Bu gün, yəni 18 noyabr 2016-cı ildə Ali Məhkəmənin 3 təcrübəli, yuxarıda qeyd etdiyim kimi, 108 il hüquqşünaslıq, 82 il hakimlik təcrübəsi olan  hakimləri də eyni qərarı verəndə, bir daha təsdiq olundu ki, Azərbaycan dövləti, onun məhkəmələri yazılı qanunlarla yox, telefon tapşırıqları ilə,  millətə məlum olmayan qaydalarla idarə edilir.

Haşiyə: Qanun varsa, o icra edilməlidir. Yox əgər icrası arzu olunmayan qanun varsa, o dərhal ləğv edilməlidir.

Çünki insanlar yalnız yazılı və rəsmən elan edilən qanunlarla idarə edilməli və yalnız həmin şərtlərə cavab verən qanunları pozduqlarına görə məsuliyyət daşımalıdırlar. Vətəndaş ona məlum olmayan, rəsmi olaraq yayımlanmayan qanunu pozmağa gərə məsuliyyət daşıya bilməz.

Bu, məsələnin hüquqi tərəfləridir. Kim necə istəyir elə də başa düşsün.

Haşiyə:  “Zəbt torpaqları”nın qanuniləşdirilməsinin isə yeganə hüquqi yolu “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”  29 iyun 2001-ci il tarixli Qanunun 16-cı maddəsidir.

Həmin maddədə deyilir:

“Maddə 16. Qeyri-qanuni istifadə edilən torpaq sahələrinə dair tələblər

 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır.

16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır.

16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə  verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir.

16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir.”

Mən bu mərhələni, yəni torpağın mülkiyyətə alınması mərhələsini artıq  keçmişdim.

Məni maraqladıran və əziz həmvətənlər, sizi də maraqlandıracaq tamamilə başqa bir məsələ də var.

Adi hesablamalar göstərir ki, məhkəmələrimizdəki indiki rüşvətxorluq və korrupsiya şəraitində təkcə bu yolla, yəni MM-nin 180.3-cü maddəsini tətbiq etməklə ,  ən aşağı qiymətlərlə 2 milyard manat pul qazana bilər hakimlərimiz.

Ən azı İki milyon “özbaşına tikili”dən ən azı 1000 manatdan hesablayın.

Ancaq nəzərə alsaq ki, bəzi villa sahibləri nəinki 1000, 10 min  də verməyə razı olarlar, onda məhkəmələrin  hansı məbləğdən imtina etdiyi sizləri də heyrətləndirəcək.

Mən çox düşündüm:  hakimlər bu qazancdan, görəsən, nəyin hesabına imtina ediblər?

Tapdım.

Uzun illərdir ki, rayon icra hakimiyyətləri məhkəmələrin bu səlahiyyətlərini mənimsəyiblər və qaz vurub qazan doldururlar. Görünür, məhkəmələr vasitəsilə yığılacaq iki milyard kimlərisə qane etməyib.

Axı icra hakimiyyətlərinin əliylə daha çox alırlar.

Bilirsinzi ki, başına gələnlər isə daha dəqiq bilir, Bakı şəhərində, sadəcə, artıq eyvanı, yaxud da kiçik bir otağı qeydə aldırmaq üçün azı 5-10 min manat tələb edilir. Bəzi vətəndaşlarımız milyonlarla qiyməti olan villalarını qeydə aldırmaq üçün yüz min, iki yüz min də verirlər.

Deməli, orta hesabla hər “qanunsuz tikili”dən  10 min alanda,  iki milyon adamdan alınacaq məbləğ nə qədər edir, özünüz hesablayın.

Daş sənin dövlət başına, kül sənin məhkəmə başına, vay sənin millət halına ki, bu gündəsən !

P.S. Mən və ailə üzvlərim  Azərbaycanın müstəqilliyi uğrunda döyüşəndə, məhrumiyyətlər çəkəndə, bilən varmı Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İbrahimov nə işlə məşğul idi? Xahiş edirəm bilən varsa, yazsın.

18 noyabr 2016-cı il                                                     Hüquqşünas  Qurban  Məmmədov

Loading