Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənova AÇIQ MƏKTUB

Cənab Kərəm Həsənov!

Sizin rəhbəri olduğunuz Komitənin yanında fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində “daşınmaz əmlakın yüklülüyünə dair arayış”a (Forma-1) görə Azərbaycan vətəndaşlarından “xidmət haqqı” adı altında qanunda nəzərdə tutulmayan artıq pul alınması hələ də davam etməkdədir. Məncə, bütün bunların səbəbi DƏDRX rəhbərliyində qanunlardan xəbərsiz, ya da qanunları saymayan vəzifəli şəxslərin olmasıdır.

Belələrindən biri DƏDX-nin sədr müavini Rafiq Cəlilovdur.

Buyurun, bu adamın növbəti qanunsuz hərəkətini diqqətinizə çatdırıram.

Rafiq Cəlilov 19 yanvar 2017-ci il tarixli, 179120200465 saylı aşağıdakı məktubla Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edib:

“Sumqayıt Apellyasiya Məhkəməsinin 10 aprel 2012-ci il tarixli, 2(105)-66/2012 nömrəli qətnaməsi ilə iddiaçı Nuriyevə Ella Maşallah qızının apelyasiya şikayəti qismən təmin olunmuş, Şamaxı Rayon Məhkəməsinin iş üzrə 13.09.2011 -ci il tarixli qətnaməsi Şamaxı rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 18.09.1990-cı il tarixli qərarının, torpağa mülkiyyət hüququna dair şəhadətnamənin və digər hüquqmüəyyənedici sənədlərin ləğv olunması tələbi, habelə Rövşən Qasımovun torpaq sahəsindən çıxarılması tələbi hissəsində ləğv olunmuş, Şamaxı rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 18.09.1990-cı il tarixli qərarı Rövşən Qasımova torpaq sahəsi ayrılmasına dair hissədə JN-012A kodlu, 41001004 saylı Rövşən Qasımovun adına verilmiş torpağa mülkiyyət hüququna dair şəhadətnamənin, habelə cavabdehlə Şamaxı şəhər mənzil təsərrüfatı təmir-istismar müəssisəsi arasında bağlanmış 19.10.1990-cı il tarixli müqavilənin ləğv olunması, Rövşən Qasımovun mübahisə predmeti olan torpaq sahəsindən çıxarılması hissəsində təmin olunması qət edilmişdir.

Sumqayıt Apellyasiya Məhkəməsinin 10.03.2015-ci il tarixli, 2(105)-66/2012 nömrəli qərardadında göstərilmişdir ki, qətnamə cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması hissəsində onun iddiaçının evinə bitişik olan, iddiaçının istifadə hüququna malik olduğu torpaq sahəsindən çıxarılması kimi izah olunsun.

Nuriyevə Ella Maşallah qızının etibarnamə üzrə nümayəndəsi Nuriyev Vidadi Mazan oğlu torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması üçün qeydiyyat orqanına çoxsaylı müraciətlər edir.

Göstərilənlərə əsasən, Qasımov Rövşən Əli oğlunun hansı torpaq sahəsindən çıxarılması, Nuriyevə Ella Maşallah qızının isə hansı torpaq sahəsi (təsdiq olunmuş cizgi ilə birlikdə) üzərində hüquqlarının qeydiyyata alınmasının mümkünlüyünə münasibət bildirməyinizi xahiş edirik”.

 Cənab Kərəm Həsənov, bu məktubun birinci, ikinci və sonuncu abzaslarına diqqət edin.

Birinci abzasda Rafiq Cəlilov Sumqayıt Apellyasiya Məhkəməsinin 10 aprel 2012-ci il tarixli, 2(105)-66/2012 nömrəli qətnaməsini, ikinci abzasda isə Sumqayıt Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsinin izah edilməsi barədə olan 10 mart 2015-ci il tarixli, 2(105)-66/2012 saylı qərardadını şərh etmiş, məktubun sonuncu abzasında isə, həmin qətnamə və qərardadda göstərilməyən hal barəsində məhkəmədən “münasibət bildirməyi” xahiş etmişdir.

  1. Cənab Kərəm Həsənov!

Bir Komitə rəhbəri kimi, Siz özünüz deyə bilərsinizmi, Sizin əməkdaşınızın, yaxud da rəhbərlik etdiyiniz idarənin məhkəmə orqanına belə bir məktubla müraciət etmək hüququ varmı? Hüququ varsa, hansı qanuna görə, hansı normativ akta görə bu məktub yazılıb? Ümumiyyətlə, bu məktubun prosessual adı nədir və Rafiq Cəlilov özünün hansı çirkin niyyətinə məhkəmənin əli ilə dəstək əldə etməyə çalışır?

  1. Rafiq Cəlilovun özünün də istinad etdiyi həmin qətnamə və qərardadlarda açıq ana dilimizdə yazılıb ki, “qətnamə cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması hissəsində onun iddiaçının evinə bitişik olan, iddiaçının istifadə hüququna malik olduğu torpaq sahəsindən çıxarılması kimi izah olunsun”. Burada Rafiq Cəlilovun anlaya bilmədiyi nə var? Əgər bu qədər aydın yazılan ifadələri Rafiq Cəlilov başa düşə bilmirsə, onda hansı qabiliyyətinə görə o, uzun müddətdir həmin vəzifədə oturub və bizim verdiyimiz vergilər hesabına əmək haqqı alır? Belə birisinin hesabına Azərbaycan vətəndaşlarının öz dövlətindən, hakimiyyətdən və prezidentdən narazı qalmasına göz yummaqda Sizin məqsədiniz nədir?
  2. Rafiq Cəlilov hələ bilmir ki, məhkəmə “torpaq verən orqan” deyil və həmin məktubda istinad etdiyi qətnamə və qərardadda da Nuriyeva Ella Maşallah qızının hər hansı torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması barədə heç bir göstəriş yoxdur və bu barədə DƏDRX üzərinə heç bir vəzifə qoyulmamışdır. Onda, sual olunur, Rafiq Cəlilov hansı qanuna, hansı normativ akta əsasən, “Nuriyeva Ella Maşallah qızının isə hansı torpaq sahəsi (təsdiq olunmuş cizgi ilə birlikdə) üzərində hüquqlarının qeydiyyata alınmasının mümkünlüyünə münasibət bildirməyi” məhkəmədən xahiş edir? Bu nə məktubdur belə? Mülki Prosessual Məcəllənin hansı maddəsinə uyğun olaraq tərtib olunub bu məktub? DƏDRX-də hüquq şöbəsi varmı? Rafiq Cəlilovun mövcud qanunlarımızdan və hüquqdan xəbəri varmı? Məhkəmə cizgi çəkən orqandırmı?
  3. Nəhayət, Sumqayıt Apellyasiya Məhkəməsinin 10 mart 2015-ci il tarixli 2(105)-66/2012 saylı qərardadında göstərilib ki, “qətnamə cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması hissəsində onun iddiaçının evinə bitişik olan, iddiaçının istifadə hüququna malik olduğu torpaq sahəsindən çıxarılması kimi izah olunsun”.

Məhkəmənin bu izahatında göstərilib ki;

– cavabdehin çıxarılmalı olduğu torpaq iddiaçının evinə bitişik olmalıdır,

– cavabdeh yalnız iddiaçının istifadə hüququna malik olduğu torpaq sahəsindən çıxarılmalıdır.

Bu qədər aydın yazılan ifadələri Rafiq Cəlilov başa düşmürmü?

Rafiq Cəlilov torpaq üzərində istifadə hüququnu müəyyən edən sənədlərin nədən ibarət olmasını bilmirmi? Belə elementar savadı yoxdursa, həmin vəzifədə niyə oturub?

Ən əsası isə, məhkəməyə aid olmayan bir məsələ barədə məhkəmədən “münasibət bildirməyi” xahiş edən Rafiq Cəlilov hansı çirkin niyyət güdür?

Cənab Kərəm Həsənov, Rafiq Cəlilovun əsl niyyətini müəyyən etmək və qanuna zidd fəaliyyətlə məşğul olduğuna görə, haqqında tədbir görülməsini təmin etmək Sizin vəzifənizdir və bu vəzifənizi yerinə yetirib Rafiq Cəlilov haqqında tədbir görməyinizi Sizdən xahiş edirəm.

Onu da nəzərinizə çatdırım ki, Rafiq Cəlilovun bu “sevgi məktubu”na Sumqayıt Apellyasiya Məhkəməsində (sədrlik edən Nazim Nəsibov) 30 may 2017-ci il saat 12:00-da münasibət bildiriləcəkdir.

Yuxarı inzibati orqan kimi, ilk vəzifəniz həmin məktubu geri götürməkdir.

Göstərəcəyiniz diqqətə görə, öncədən minnətdarlığımı bildirirəm.

27 may 2017-ci il.

Hörmət və ehtiramla, həmin iş üzrə cavabdehin nümayəndəsi

Məmmədov Qurban Cəlal oğlu.

 16,299 dəfə ümumi oxunub,  2 dəfəsi bu günə aiddir.