“Hərdən deyirlər ki, Heydər Əliyev o zaman Əbülfəzə kömək elədi, yalan söhbətdi…”
“Dedim, Nemət, indiki halda səni Bəy yox, heç Allah da müdafiə edə bilməz…”
“Hələ 1970-ci ildə Əbülfəz deyirdi ki, Sovet hökuməti 1980-ci illərin axırında dağılacaq”
Səhərisi məni buraxdılar, onu da dedilər ki, Heydər Əliyev də dünən səni müdafiə elədi, dedi ki, uşaq özü təhlükədədir, amma mənim qayğımı çəkib…
Son illərdə bəzi şəxslər Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəy haqqında müxtəlif ittihamlar, Elçibəyin KQB agenti olması, kimlərə işləməsi ilə bağlı fikirlər səsləndirir.
Elçibəylə bağlı səsləndirilən bu və ya digər ittihamlara tələbəlik illərindən Əbülfəz Əliyevlə yaxın dost, daha sonra əqidə yoldaşı, nəhayət Əbülfəz Elçibəyin prezidentlik dönəmində müşaviri olmuş Aydın Abbasovla aydınlıq gətirmək qərarına gəldik.
– Aydın bəy, xahiş edərdik ki, öncə Elçibəylə bağlı fikirlərinizi bizimlə bölüşəsiniz, uzun illərə dayanan dostluğunuzdan danışasınız.
– Son vaxtlar görürəm ki, kimlərsə Elçibəyə bir təsadüf kimi yanaşırlar, ancaq Elçibəy qətiyyən təsadüf deyildi. Elçibəylə biz tələbəlik illərindən yaxın dost olmuşuq. 1960-cı illərin əvvəlləri idi, universitetin tələbələri idik, Əbülfəz məndən bir kurs yuxarı oxuyurdu. O zaman şərqşünaslıq kompakt bir fakültə olduğundan I kursdan IV kursa qədər hamı bir-birini tanıyırdı, bir-birləri ilə təmasdaydılar. O dövrdə də həmin fakültədə sanki seçmə uşaqlar toplanmışdı, orada oxuyan uşaqların əksəriyyəti elit uşaqlar idi, hakimiyyətdə olanların övladları idi. Məsələn, Əbülfəzgilin qrupunda Nəsir İmanquliyevin qızı Aida İmanquliyeva, məşhur professor Əli Sultanlının qızı Nərmin İsa, bizim qrupda birinci katib Vəli Axundovun bacısı, Xarici İşlər naziriTahirə Tahirovanın qızı Elvira Byramova, Mirvarid Dilbazinin bacısı oğlu Vəfa Quluzadə kimi seçmə uşaqlar təhsil alırdı.
Günlərin birində uşaqlar mənə dedilər ki, tələbələrin içində xüsusi seçilən Əbülfəz ana dili məsələsi ilə bağlı qrup yaratmaq istəyir. Mən də onlara qoşuldum və 4-5 nəfərdən ibarət romantik bir qrup yaratdıq. Məqsədimiz dilimizi hər yerdə müdafiə etmək, mümkün qədər dilimizi dövlət səviyyəsinə qaldırmaq, nüfuzunu artırmaq, hər yerdə Azərbaycan dilini təbliğ etmək idi. İstəyirdik ki, milli dilimizə sayqıyla yanaşılsın, dilimiz rusun basqısı altından xilas olsun. Düşünürdük necə edək ki, Mərkəzi Komitənin katibi Bakılı yox, rayonlu olsun. Elə düşünürdük ki, rayonlular rus dilini bakılılara nisbətən zəif bilir və katib rayonlu olsa, rus dilini pis bildiyinə görə məcbur olub Azərbaycan dilində danışacaq. Bununla da dilimizin nüfuzu artacaq.
Bu romantik fikirlərimiz yavaş-yavaş böyüdü və biz ali məktəbi bitirdik, hər ikimiz xaricə getdik. Ancaq qayıdıb gələndən sonra həmin fikirlərimizi canlandırmağa başladıq. Artıq düşünməyə başladıq ki, Cənubla Şimalı necə birləşdirək, Türkiyəylə necə inteqarsiyaya gedək, çünki çıxış yolumuz Türkiyə ilə inteqrasiyada idi.
Bu fikirlərlə çağlayan Əülfəz bir gün mənə dedi ki, gəl bir rəsmi təşkilat yaradaq. Soruşanda “nə təşkilat”, belə cavab verdi ki, Aydın, 1918-ci ildə Azərbaycan müstəqilliyə nail olanda kadr çatışmazlığına görə dövlət 2 il duruş gətirmədi, bunun birinci səbəbi Rusiyanın basqısı idisə, ikinci tərəfi yetərli sayda kadr çatışmazlığı, ziyalı azlığı var idi və buna görə dövləti qoruya bilmədilər, indi gəl biz bir təşkilat yaradaq, bu gün-sabah ki, Sovetlər dağılacaq, o zaman biz də avara qalmayaq, qoy uşaqlar yetişsinlər, dövlətə sahib çıxsınlar. Dedim sən nə fikirləşirsən, KQB-nin güclü vaxtında biz bu təşkilatı yaratsaq, az-çox ətrafımıza uşaqlar toplasaq, həmin uşaqları zərbə altında qoyarıq axı, o uşaqların valideynləri sonra bizi ittiham edərlər. O zaman Əbülfəz mənə bir söz dedi və mən o sözü xüsusi vurulamaq istəyirəm. Dedi ki, Aydın, mən düşünürəm ki, Sovet hakimiyyəti 85-86-da dağılacaq. Bu söhbət olunanda hələ 1970-ci il idi və Bəyin bu sözü mənə qəribə gəlmişdi. Bəyin dedikləri çin çıxanda anladım ki, bu insanda həm də güclü fəhm, duyum var.
“Əbülfəz Türk müğənnisinin konsertinə bir xeyli bilet alıb uşaqlara payladı ki…”
Nəhayət Bəyin dediyi təşkilatı yaratdıq, təşkilatımıza da Turan adını verdik, xeyli tərəfdaşımız var idi artıq. Sən demə biz artıq KQB-nin nəzarətindəymişik, izlənilirmişik. Bunu bilsək də əksinə olaraq yavaş-yavaş başladıq daha da qol-qanad açmağa, “harada qırıldı-qırıdı” deyib fəaliyyətimizi davam etdirdik. Səhv etmirəmsə, 1973-cü ildə Bakıya Türk müğənnisi Nesrin Sipahi gəlmişdi, Yaşıl Teatrda konsert verirdi. Əbülfəzlə gedib bir xeyli bilet aldıq və uşaqlara payladıq, dedik qoy konsertə gedib görsünlər ki, bizlər elə türkük. Həm də müğənni hiss eləsin ki, zalda onu ürəkdən duyan, sevən insanlar var, yad məmləkətə gəlməyib, öz vətəninə gəlib, İstanbulla Ankara, Bakı elə eyni şeydir.
Bu cür romantik duyğularla fəaliyyət göstərirdik. Daha sonra Əbülfəz bu ideyalarımızı “Millətləşmə, Dövlətləşmə və Bötüvləşmə” adı altında konsepləşdirdi. Biz hakimiyyətə gələndə də o tezislə gəldik. 1993-cü ili də Bəy Dövlətçilik İli elan etmişdi.
“Yəhudilər bütün dünyanın gizli düşmənidir, ruslar, farslar, yunanlar bizim tarixi, ermənilər, gürcülər, kürdlər, qaraçılar daxili, Amerikalılar gələcək düşmənimizdir”
Bu sevgimizin, duyğumuzun üstü 1975-ci ildə açıldı. Həmin il Vasim Məmmədəliyev Tiflisdə elmi işini müdafiə edəcəkdi və Əbülfəz bir dəstə uşaqla bərabər Tiflisə getdi, mən ancaq gedə bilmədim. Mən hələ aspirant idim, Əbülfəz isə artıq müdafiə etmişdi, Tarix fakültəsində dosent idi. Əbülfəzgil Tiflisdən qayıdanda qatarda söhbət edirmişlər və söhbətin mövzusu da hər zamankı kimi millətçilik imiş. Həmin vaxt orada Əbülfəz bəzi uşaqlara deyir ki, siz özünüzü qəribə aparırsız, olmaya siz KQB-nin agentisiz və sizi bilərəkdən bizim aramıza salıblar. Sonra da əsəbi şəkildə deyir ki, xəbər eləsəniz də tüpürüm sizə də, sizin dövlətinizə də. Tiflis səfərindən 2 gün sonra, 1975-ci ilin yanvarında Əbülfəzi tutdular. Mən bilirdim ki, Əbülfəz tutuldusa, dalğa bizə gəlib çatacaq. Əbülfəzin evində axtarış aparanda mənim ona verdiyim bir məktubu tapmışdılar. Həmin məktubda da mən Nihal Atsızın Türk mətbuatından oxuduğum oğluna vəsiyyətini yazmışdım. Nihal Atsız həmin məktubda oğluna yazırdı ki, Oğlum, bu gün sənin yaş yarımın tamam olur, mən sənə fotomu göndərirəm. Fotodan sonra da belə yazmışdı ki, kommunizm bizim düşmənimizdir, yəhudilər bütün dünyanın gizli düşmənidir, ruslar, farslar, yunanlar bizim tarixi düşmənimizdir, ermənilər, gürcülər, kürdlər, qaraçılar bizim daxili düşmənimizdir, Amerikalılar bizim gələcək düşmənimizdir və s. Bəydən soruşmuşdular ki, bu məktubu sənə kim verib, demişdi ki, bilmirəm. Sonra demişdilər ki, axı bu Aydının xəttidir və bundan sonra mənim də izimə düşdülər, aprel ayında da tutub apardılar, 10 gün saxladılar. Uzun dindirilmələr, sual-cavab etdilər, amma məni tora sala bilmədilər. Mənə dedilər ki, sən Heydər Əliyevin əleyhinə niyə kampaniya aparırsan? Bu sözü eşidəndə çox təəccübləndim, soruşdum ki, harada etmişəm bunu? Dedilər ki, bir dəfə demisən ki, Heydər Əliyev saldafondur, ondan partiya və dövlət rəhbəri olmaz, bir dəfə də demisən ki, generalın sivil cəmiyyətdə dövlətin başına gətirilməsi hərbi çevrilişdir. Dedim ki, mən bunları ümumi demişəm, bunun Heydər Əliyevə nə aidiyyatı. Həmin məqamda ağlıma qəfil bir fikir gəldi və bunlara dedim ki, mənə elə gəlir siz özünüz Heydər Əliyevin əleyhinə kampaniya aparırsınız. Çünki artıq başqa müdafiə yeri yox idi, artıq hücuma keçməliydim. Dedilər ki, nəyə görə qəfil bu fikrə gəldin və cavab verdim ki, siz çalışırsınız ki, bizim dairəmizi genişləndirəsiniz və həmin dairəyə daha çox Naxçıvanlı uşaqları salasınız. Heydər Əliyevə nəzarət etmək istəyirsiniz, ancaq edə bilmirsiniz, Heydər Əliyevi Moskvanın gözündən salmaq üçün başqa arqument tapa bilmirsiniz, ona görə də “Naxçıvanlı uşaqlar antisovet cəmiyyət yaradıblar və Heydər Əliyev də onlarla bərabərdir” deyərək ləkələmək istəyirsiniz. Bundan sonra mənimlə mülayim danışdılar, hətta diplomat olmağımı belə təklif etdilər. Dedilər ki, Sovet hökuməti elə bir gücə malikdir ki, onu Amerika belə silkələyə bilməz, o ki qaldı Əbülfəzlə siz Soveti yıxasınız. Səhərisi məni buraxdılar, onu da dedilər ki, Heydər Əliyev də dünən səni müdafiə elədi, dedi ki, uşaq özü təhlükədədir, amma mənim qayğımı çəkib.
“Bəziləri deyir ki, Heydər Əliyev o zaman Əbülfəzə kömək elədi…”
Çıxanda soruşdum ki, bəs Əbülfəzin işi necə olacaq? Dedilər onun işi bir qədər mürəkkəbdir. Sən akademiyada işləyirsən, o isə müəllimdir, bu təbliğatı daha çox tələbələr içərisində aparır və bu da cinayətdir. İkincisi də tələbələrdən Əbülfəzə qarşı donos yazanlar var və az da olsa ona mütləq cəza kəsməliyik. İyun ayında Əbülfəzin məhkəməsi oldu, il yarım iş kəsdilər.
İndi bəziləri hərdən deyir ki, Heydər Əliyev o zaman Əbülfəzə kömək elədi. Yalan söhbətdi bütün bunlar. Həmin ərəfədə elə bir dalğa getdi ki, Gürcüstanda Akademiyanın əməkdaşları Z.Qamsaxurdiya, M.Kostavanı tutmuşdular, sonradan Qamsaxurdiya da Gürcüstanın prezidenti oldu. O vaxt onlara da il yarım iş vermişdilər, yəni bu, H.Əliyevin xidməti deyildi. O zaman Sovet hökuməti planlaşdırmışdı ki, gənclərin içərisindəki disident hərəkatlarını dağıtmaq üçün onlara heç olmazsa il yarım iş versinlər. Çünki onların bir cinayət yox idi axı, sadəcə öz düşüncələrini paylaşırdılar. Əbülfəzi də il yarım yatandan sonra 76-cı ilin iyun ayında buraxıldı. Və ondan sonra heç nədən çəkinmədən, qorxmadan yenə də öz fəaliyyətimizə davam etdik.
– Siz Elçibəyin prezidentlik dönəmində də onun yanında olmusunuz. Mümkünsə, bir qədər də o illəri xatırlayardınız.
– 17-18 yaşından başlayan dostluğumuz, bərabərliyimiz AXCP-də, daha sonra prezidentlik dönəmində də davam etdi. Elçibəy prezident oldu, mən şöbə müdiri, müşavir. Elçibəy ölənə qədər də fəaliyyətimiz bərabər olub.
Bəziləri indi deyir ki, Elçibəy Heydər Əliyevin, yaxud da KQB-nin adamı olub. Bütün bunlar düşük söhbətlərdir, heç bir həqiqəti əks etdirmir.
“Həqiqətən də o vaxt Elçibəy Neməti müdafiə etmək gücündə deyildi”
– Bu məsələyə toxunmuşkən qeyd edim ki, elə nemət Pənahlı da bu yaxınlarda Elçibəyin KQB-nin agenti olmasıyla bağlı bir sənəd yaymışdı. Çoxu belə bilir ki, Nemətin Elçibəyə olan kininin arxasında bir liderlik məsələsi dayanır. Yəni Nemət azadlıq hərəkatının lideri kimi Elçibəyin yox, öz adının çəkilməsini istəyir. Bu, həqiqətən də belədir, yoxsa bu ədavətin arxasında heç kimin bilmədiyi başqa səbəb yatır?
– Nemət ilkin baxışda yaxşı oğlan idi, sözünü deməyi bacarırdı və buna görə də Bəy onu qaldırb birdən-birə tribun, natiq elədi. Özü də ona böyük sevgi ilə yanaşırdı, amma bu tribunluq Nemətdə müştəbehlik, özündən razılıq yaratdı, elə düşündü ki, təkbaşına camaatı meydana taplaya bilər, mitinqi idarə edə bilər. 20 yanvar ərəfəsində dağılışma baş verəndə Nemət də İran vasitəsilə Türkiyəyə getdi, orada gizlənirdi. 1990-cı ilin oktyabrında biz ilk dəfə avtobusla Türkiyəyə getdik, Atatürk mərkəzində tədbirimiz oldu. Orada Nemət gəlib məni tapdı, dedi ki, Aydın müəllim, məsləhətdirsə, mən Bakıya qayıtmaq istəyirəm. Mən ona dedim ki, məsləhət deyil. Səbəbini soruşanda da bildirdim ki, 20 Yanvar hadisələrinə görə o qədər mənfi təbliğ olunmusan ki, orada artıq camaat sənə qarğış edir, güya qırğını sən təşkil eləmisən, silah söz vermisən, amma gətirməmisən deyə, sənə qarşı güclü antitəbliğat gedir, Azərbaycana gəlmə, gəlsən səni fiziki öldürə bilərlər. Bunu deyəndə Nemət mənə belə bir sual da verdi ki, bəs sən necə düşünürsən? Dedim mən sənə inanıram, səni müdafiə edirəm, hesab edirəm ki, sən hərəkatın liderlərindən birisən, təbliğatı da səni gözdən salmaq üçün KQB aparır. Dedi ki, onda Bəy məni niyə müdafiə eləmir, axı Bəy AXCP-nin sədridir. Dedim, Nemət, Bəy bu gün səni müdafiə edə bilməz, mümkün deyil, sənə qarşı elə abu-hava yaradılıb ki, Bəy səni müdafiə eləsə, özünə də sənin kimi baxacaqlar, Bəy indiki anda bu məsələyə girişə bilməz. Bu cavabımdan sonra Nemət dedi ki, görünür sən dostluğu siyasətdən üstün tutursan, Əbülfəz sənin dostundur deyə ona tərəf çıxırsan. Dedim, Nemət, indiki halda səni Bəy yox, heç Allah da müdafiə edə bilməz, sən gözlə, qoy bir qədər abu-hava dəyişsin, ondan sonra gələrsən. Bütün bunları əlbəttə ki, Nemətin xeyrinə deyirdim, həqiqətən də o vaxt Bəy Neməti müdafiə etmək gücündə deyildi, etsəydi özünü məhv edərdilər.
“Elçibəy sözün həqiqi mənasında lider idi və ona altenativ çıxacaq ikinci birisi yox idi”
– Belə çıxır ki, Nemətin Elçibəyə olan düşmənçiliyinin kökündə Elçibəyin zamanında onu müdafiə etməməsi dayanır?
– Bəli, o səbəb görə Nemət sonradan məndən də incidi. Sonra gəlib burada başladı Elçibəyə qarşı kampaniya aparmağa. Bəyi də ittiham edirdi, elə məni də. Halbuki Elçibəyin gördüyü işi nə mən görmüşdüm, nə Nemət görmüşdü, nə də başqa biri. Məsələn, mən güya antisovet idim, təbliğatçı idim, amma mən rayon-rayon gəzmirdim. Ancaq Elçibəy rayon-rayon, kənd-kənd gəzirdi, təbliğat aparırdı. Bu adam sözün həqiqi mənasında lider idi və ona altenativ çıxacaq ikinci biri yox idi.
AXC-yə sədr seçkilərində Yusif Səmədoğlunu sədr eləmək istədilər. Dedim Y.Səmədoğlu hara, sədrlik hara, onun nə xidməti var axı. Onun partiyaya gətirilməsi də Bəyin öz xidməti idi. Bəy Yusifi də, Vaqifi də, İsmayıl Şıxlını da, Murtuz Ələsgərovu da, Azad Mirzəcanzadəni də şəxsi nüfuzundan istifadə edərək AXC-yə gətirib Ali Məclisin üzvü eləmişdi. Bəy fikrini belə əsalandırıdı ki, bunları xalq AXC-nin sadəcə uşaq-muşaqdan, küçədən yığılan adamlardan ibarət olmadığını başa düşsün deyə etməliyik, görsünlər ki, millətin ziyalıları da bu mübarizəyə qoşulub.
Elçibəy bu hərəkata canını qoydu, ömrünü həsr etdi. Onu ailəsi normal insan həyatı yaşamırdı, evi sanki idarəydi, gecə 2-3-də belə Bəyin yanına adamlar gəlirdi, məsləhət alırdılar, partiyaya yazılmaq istədiklərini deyirdilər. Həyat yoldaşı Həlimə xanım, qızı Çilənay, oğlu Ərtoğrul sanki Bəyə yad adamlar idi. Bəyin onlara diqqət, zaman ayırmağa vaxtı belə olmurdu.
İndi də Nemət kimilər çıxıb hədyanlar danışır. Halbuki Elçibəy lider idi və ona indi də lider kimi sayqı göstərməliydilər. Bəlkə də hansınınsa hansı bir xüsusiyyəti Bəydən üstün imiş, amma bu o demək deyil ki, lider həmin şəxs olmalıydı. Elçibəyin düşüncə tərzi, sistemi, bu millətə, xalqa bağlılığı, sevgisi, ümumiyyətlə bəşəri sevgisi, təfəkkürü, Dədə Qorquddan başlamış bügünə qədər tarixi bilikləri heç kimdə yox idi axı. Bəlkə Elçibəy olmasaydı, heç Nemət də olmayacaqdı.
“Rəhim Qazıyev nazir olandan sonra elə düşündü ki, Bəy ona tabe olmalıdır”
Nemət kimi düşünən tək deyildi, indi haqqında ziddiyyətli fikirlər səsləndirilənRəhim Qazıyev də Nemət kimi oldu, Elçibəyə qarşı mövqeyini sonradan dəyişdi. R.Qazıyev o zaman indiki Memarlıq və İnşaat Universitetində müəllim idi. Həmin vaxt da bizim yataqxanamız vardı, bir neçə dəfə gedib orada görüş keçirmişdik və həmin görüşdə Rəhim Elçibəyi tanımışdı, yaxınlaşmışdılar. Ancaq sonradan nə oldu? Günlərin birində Rəhim başladı ki, Elçibəydən lider olmaz, o kiməsə, nəyəsə bağlıdır. Rəhim nazir olandan sonra elə düşündü ki, o gerçəkdən də nazirdir və Bəy ona tabe olmalıdır. Məlum oldu ki, bunların içində karyera eşqi var, hansısa mənsəb sahibi olmaq kimi müxtəlif fikirlərlə yaşayırlar. Ancaq inanın ki, Bəyin heç bir təmənnası olmadı, nə kapitalı oldu, nə sərvəti, nə də yaşamağa evi. Bu dünyaya evsiz prezident kimi gəlib, evsiz prezident kimi də getdi.
– Söhbətimizin bu məqamında soruşmaq istərdim ki, Əlizadələrin Elçibəylə düşmənçiliyinin arxasında bilmədiyimiz hansı səbəblər dayanır?
– Əlizadələrin Elçibəylə düşmənçiliyi onların ata və anasından gəlir. Belə ki, atası Mübariz Əlizadə vaxtilə bizim dekanımız idi, həyat yoldaşı Zinət də universitetdə müəllim idi. M.Əlizadə cənubdan gəlməydi, ancaq kommunist təfəkkürlü insanlar idilər. Bizim müstəqil düşüncəmiz, davranışımız, ideyalarımız onların xoşuna gəlmirdi. Əbülfəz ideyalarını qabarıq şəkildə ifadə etdiyindən bunlarda Əbülfəzə qarşı antipatiya vardı. Əbülfəz sonradan universitetdə müəllim işlədi və onlarla sıx təmasda olmaq məcburiyyətində qaldı. Universitetdə keçirilən bütün tədbirlərdə Mübariz və onu sevənlər, ona yaxın görünənlər də Əbülfəzin əleyhinə gedirdilər. Məsələn, o zaman Şulan müəllim vardı, baxmayaraq ki, Əbülfəzin yerlisi idi, ancaq Mübarizi, Zinəti müdafiə edirdi. Bunun qarşılığında da sonradan Mübarizlə Zinət Şulanın dekan keçməsinə kömək etmişdilər. Şulan Zinətə “Ana Zinət”, Mübarizə də “Dədə” deyirdi və bu yaltaqlıq da Əbülfəzin xoşuna gəlmirdi, deyirdi ki, adamın şəxsiyyəti olar, bu nə danışıqdır, sən bazar arvadına ana deyirsən. Belə-belə M.Əlizadə ilə Əbülfəz arasındakı ziddiyyət bir qədər də gərginləşdi.
Sonra Mübarizin uşaqları Zərdüşt, Nüşabə, Araz da şərqşünaslığa gəldilər. Sanki ata-ananın ruhu balalarına keçmişdi və Elçibəyə olan nifrətləri o qədər böyüdü ki, az qala sinfi ziddiyyət səviyyəsinə çatdı. M.Əlizadə İran ədəbiyyatını çox yaxşı bilirdi, ancaq müəllim kimi onda bir acılıq var idi. Bu yaxınlarda Sərdər Cəlaloğlunun qəzetində bir yazıya rast gəldim. Bizim məşhur alimimiz Mikayıl Rəfilini 1953-cü ildə antisovet adı ilə ləkələyiblər. Yazıda Mübarizin Mikayıl Rəfili haqqında o zamankı çıxışı verilmişdi. Həmin yazını oxuyanda bir daha əmin oldum ki, o kişidən törəyən uşaqlar da elə Araz kimi, Zərdüşt kimi olmalıdır. M.Rəfili Azərbaycanda çox nəhəng, nüfuzlu ədəbiyyatşünas, jurnalist olub. Axundov haqqında rus dilində böyük bir monoqrafiya yazaraq dünyaya yayıb. O zaman onu düşmənləri vurmaq istəyirmiş və Mübariz də çıxışının az qala hər kəlməsində Mikayılı Türkçü olduğu üçün ittiham edib. Sonra da Əbülfəz üçün pantürkist, antikomunist deməyə başladılar. İndi də bu qardaşlar “Elçibəy Əliyevə bağlı idi” kimi axmaq fikirlər ortaya atırlar. Bu qardaşlar əqidəsiz insanlardır, Türkizmə və Türkizmi müdafiə edənlərə nifrət edirlər. Əlizadələr təkcə Elçibəyə yox, ümumiyyətlə Türkçülüyə, Türklüyə düşməndilər.
“Nə qədər ki, Təbriz bizim əlimizdə deyil, Qarabağ heç vaxt azad olmayacaq”
Əbülfəz də təpədən dırnağa Türkçüydü, imkanı olsaydı, hətta Türkiyəylə Azərbaycanı birləşdirərdi. Yəni millətin gələcəyini Türkçülükdə, bötövləşməkdə görürdü. Deyirdi ki, Qarabağın azadlığı Təbrizdən keçir, nə qədər ki, Təbriz bizim əlimizdə deyil, Qarabağ heç vaxt azad olmayacaq. Əbülfəz bunu düşünərək deyirdi, deyirdi ki, biz bu gün Qarabağı azad eləsək də, sabah başqa yeri tutacaqlar. Atatürkün çox gözəl bir sözü var: “Milli mənliyi olmayan xalqlar başqaları üçün işğal yeridir”. Elçibəy də deyirdi ki, biz hələlik şikar vəziyyətindəyik, bu vəziyyətdən çıxmaq üçün də Cənubla Şimal birləşməlidir və Təbriz paytaxt olmalıdır. Bu olmayandan sonra Qarabağı almağımız mümkün deyil.
Əlizadələrin isə Türkçülüyə dşmənçilikləri o qədər güclüdür ki, Araz çıxıb Milli Məclisdə Nuru Paşa haqqında ağzına gələn fikirləri səsləndirir. Halbuki mən Nuru Paşanın çap olunmamış bir məktubunu oxuyub xəcalət çəkmişdim. Məktubda yazırdı ki, Gəncəyə silah gətirmişəm, elan edirəm ki, igid oğlanlar ətrafıma yığışsınlar, silah verim, öyrədim, gedib Bakını işağalçılardan təmizləyək, ancaq çağırışıma vur-tut 300 adam gəlib. Sonra da deyirdi ki, bununla savaşmaq istəyirlər. Nuru Paşa məcbur olub hərbi nazir Ənvər Paşaya teleqram vurur, deyir ki, Paşam, bunlar savaşmaqdan qorxurlar, gözləyirlər kimsə gəlib buranı azad eləsin, ona görə də bir qədər əsgər göndər ki, mən gedib azad edim. Ənvər Paşa da əsgər göndərir və Nuru Paşa Qafqaz İslam Ordusunu yaradaraq gəlib Bakını azad edir. Yəni, Nuru Paşa bu qədər əziyyətlə gəlib bizi azad edib, indi Araz durub onun haqqında bayağı, alçaq söhbətlər edir. Şərəfli, millətini sevən adam elə sözü deyərmi?
“İsa Qəmbər hər vasitəylə Elçibəyi aşağılamağa çalışırdı”
– Aydın müəllim, Əlizadələri, Neməti başa düşdük, axı Elçibəyə yaxın olan elə insanlar var idi ki, sonradan onlar da Bəyə düşmən kəsildilər. Bu barədə nə deyərdiniz?
– Haqlısınız, Bəyin ətradında o qədər karyeraya həris insanlar var idi ki, sonradan hamısı iç üzünü göstərdi, Bəyə düşmən oldular. Sanki bu, bizdə bir milli xəstəlikdir. Bir dəfə Elçibəyə dedim ki, Bəy, İsa Qəmbər, Tamerlan Qarayev bizə işləmirlər, onların öz məqsədləri var. Bu, həmin ərəfə idi ki, bizi “Sovetskidə” döymüşdülər, Bəyin qabırğasını sındırmışdılar. Həmin günün səhərisi Bəygildə oturub söhbət edirdik. Bu sözü Bəyə deyəndə mənə cavabı o oldu ki, mənə elə gəlir sən hissə qapılırsan, o uşaqlar bizə bağlıdılar, bizə xəyanət etməzlər, sən şübhəli baxma onlara. Sonradan nəticə etibarilə mənim fəhmim daha güclü çıxdı.
1998-ci ildə Bəyin yenidən prezident olmaq şansı var idi, ancaq ona İsa Qəmbər mane oldu. İsa Qəmbər Bəyə hələ prezident olduğu vaxt da xəyanət edirdi. Bir faktı deyim, İsa Qəmbər Ali Sovetin sədri olan vaxt bir junalistə müsahibə vermişdi. Həmin müsahibədə jurnalist qız ona belə sual verdi: “İsa bəy, son vaxtlar Hindistanda buddist-müsəlman qarşıdurması güclənib. Siz necə düşünürsünüz, Əbülfəz Elçibəyin bu və ya digər auditoriyada İslamın əleyhinə danışmasının ora təsiri ola bilərmi?” Sual təxribat xarakterli idi, mən də diqqətlə qulaq asdım ki, görüm İsa bu suala necə cavab verəcək. İsa belə cavab verdi: “Düzdür, Əbülfəz bəy indi dünyada tanınan bir şəxsiyyətdir. Ona görə də ola bilər ki, onun bu və ya digər auditoriyada dediyi söz o məsələyə təsir edib”. Bu cvabı eşidəndə dəli oldum, bu, həm Bəyin əleyhinə fikir idi, həm də İsa “dünyada tanınan bir şəxsiyyətdir” ifadəsini ürəkdən demirdi, sarkazm idi, çünki Bəy o ərəfədə dünyada tanınmırdı. Bu cavabdan sonra Bəyin yanına getdim, soruşdum ki, qulaq asdınmı İsanın cavabına? Bəy məni sınayırmışcasına soruşdu ki, nə dedi ki? Dedim İsa deyir ki, Əbülfəz dünya şöhrətli liderdir və onun İslamın əleyhinə danışması Hindistanda buddistlərlə müsəlmanlar arasında qarşıdurma yaradıb. Bəy gülməyə başladı, dedi ki, bəs sənə bu sualı versəydilər, necə cavab verərdin. Dedim mən deyərdim ki, əvvəla Əbülfəz çox istedadlı, ağıllı şəxsiyyətdir, ancaq hələ ki, dünya səviyyəsində tanınmış prezident deyil, ikincisi də o, heç bir auditoriyada İslamın əleyhinə danışmayıb, necə ola bilər ki, Hindistanda olan hadisəyə Əbülfəz Bəyin Bakıdakı danışığı təsir edib. Bəy güldü, dedim niyə gülürsən, axı sənin yavərin də bunu deməliydi, ancaq o hər vasitəylə səni aşağılamağa çalışır, güya səndən savadlıdır.
“Əli Kərimli Elçibəyə qarşı indikı FETÖ oyununun primitiv variantını aparırdı”
İsadan başqa Əli Kərimli də Elçibəyə düşmən kəsildi, qınından çıxıb qınını bəyənmədi. Özünü Bəydən böyük hesab etdi, güya partiyanı bunlar yaratmışdılar. Halbuki Əlini, Fazili və digər gəncləri Bəy ortaya çıxarmışdı. Əli kim idi axı, hansı dünyagörüşü, hansı savadı, hansı xidməti əsas verirdi ki, Bəydən üstün görünsün.
Bəyin bir illik hakimiyyəti dövründə yurdçularla cəbhəçilər arasında görünməmiş rəqabət gedirdi. Əligil çalışırdılar ki, Prezident Aparatında, strukturlarda, icra hakimiyyətlərində hamısı yurdçular olsun. Əli bununla Elçibəyə qarşı indi Türiyədəki FETÖ-nun oyununun primitiv variantını aparırdı. Əli özünü reformist, Bəyi isə konservativ hesab edirdilər, güya reformistlər konservativlərə, yəni köhnə düşmənlərə üstün gəlməliydi. İdeya yaxşı idi, ancaq onlar bu ideyanın daşıyıcıları deyildilər, dəstəbazlıq edirdilər. Mən də bir müşavir kimi, şöbə müdiri kimi bunları görürdüm və Bəyə deyirdim. Ancaq Bəy əhəmiyyət vermirdi, xırda məsələlər hesab edirdi.
“Bəy bir dəfə dedi ki, İsayla Əlinin münasibəti məni sındırdı”
“Tamerlan Qarayev KQB-dən cəbhəyə məxsusi göndərilmiş adam idi”
– Tamerlan Qarayevin başqalarına işlədiyini hansı əsasla deyirdiniz?
– Yanvar qırğınından təxminən 20 gün qabaq Akademiyanın dəyirmi zalında bir cəbhənin növbədənkənar konqresini keçirdik. Orda Nemətlə Rəhim Bəyin metoduna, iş üslubuna etiraz əlaməti olaraq istefa verdilər. Məclisə sədr seçmək məsələsində isə kimlərsə Tamerlanın namizədliyini verdi. Gördüm ki, Bəy də bununla razılaşır, fasilədə soruşdum ki, Bəy, Tamerlan axı bizə sonradan mitinqlərdə qoşulub, xeyir ola mitinqlərdə gələn adamı sədr təsdiqləyirsən? Dedi ki, Aydın, Tamerlan hüquq elmləri namizədidir, cəbhədə belə adamların olması bizə lazımdır. Halbuki, Tamerlan KQB-dən cəbhəyə məxsusi göndərilmiş adam idi, ancaq Bəy buna inanmırdı. Tamerlan bir yerdə özü də bilmədən ağzından qaçırmışdı ki, Elmira Qafarova ona cəbhəyə girməyi məsləhət görüb, cəbhəyə gir və cəbhənin limitindən istifadə edərək səni deputata edək, yoxsa sən deputat ola bilməzsən deyib. Sonradan elə cəbhənin limitindən də istifadə edərək deputat oldu. Bəy isə həmişə deyirdi ki, onlar öyrədilmiş adamlar olsalar da təndiq edərək yox, tərif edərək özümüzə bağlamalıyıq. Bəyin fəlsəfəsi belə idi, heç vaxt tənqid axtarmırdı.
Ancaq nəticədə bəlli oldu ki, Tamerlan da, İsa da, Nemət də, Əli də Bəyi istəmir. Hətta Əligilin əhvalı o qədər yetişmişdi ki, Bəyi cəbhədən çıxarmaq istəyirdilər. Bəy bunları görəndən sonra bir dəfə mənə dedi ki, məni heç Heydər Əliyevin represiyası bu qədər əzməmişdi, nəinki İsayla Əlinin, onların münasibəti məni sındırdı.
“Düşünürlər ki, Elçibəy epoxası bitdi, yeni epoxa başlayır”
– Fikirlərinizdən belə anlamaq olarmı ki, Azərbaycanda müxalifət Elçibəylə birlikdə məhv oldu?
– Bu fikri mən dəfələrlə demişəm. İndiki müxalifətçi uşaqlarla da ara-sıra görüşəndə onlara deyirəm ki, əgər müxalifətçisinizsə, Elçibəy kimi bir hərəkat edin də. Özünüzə lider deyirsiniz, bəs hanı sizin liderliyiniz? Bugünkülər sadəcə görünmək xatirinə müxalifətçidilər.
– Elçibəydən sonra AXCP də parçalandı, bir neçə partiya yarandı. Sizcə, onlardan hansı sırf Elçibəyin ideyalarına sadiqdir?
– Mənə elə gəlir ki, az-çox KXCP-də, yəni Mirmahmud Fəttayevin rəhbərlik etdiyi partiyada Elçibəyin ruhu var. Oradakı uşaqlar Bütöv Azərbaycan ruhunu yaşadırlar, ancaq o birilərdə görmürəm. O birilərin heç birində Bəyin qoyduğu “biz Azərbaycanı necə görmək istəyirik, idealımız, məqsədimiz nədir” klassik düşüncə sisteminin ruhu yoxdur. Bəziləri bunu arxaizm, keçmiş etap sayır, düşünürlər ki, Bəy epoxası bitdi, yeni epoxa başlayır. Məsələ bundadır ki, dövlətçilik, milli şüur epoxa ilə bağlı deyil. Hər bir işdə ana xətt olmalıdır, o ana xətti yaşatmadan nəyəsə nail olmaq mümkün deyil. Hazırda Türkiyədə gedən proseslərə nəzər salaq, əgər Atatürkə qarşı düşmən kəsilsələr, bu dövlət də özünü doğrultmaz. Yeni Türkiyə qurmaq üçün Atatürkdən bəhrələnib, ona əlavə etmək lazımdır.
– Elçibəyin o zamankı müavinlərindən bir çoxu bu gün Milli Məclisdə əyləşib. Necə düşünürsünüz, Elçibəy sağ olsaydı, bu gün onlar yenə də Milli Məclisdə oturardılar, yoxsa Elçibəyin yanında olardılar?
– Düşünürəm ki, Elçibəy sağ olsaydı, onlar Elçibəyin yanında olardılar, çünki Elçibəyə sağlığında çox bağlı görünürdülər. Amma bəlkə də mən səhv edirəm… Bəzən onların hansısa fikirlərini eşidəndə şübhə edirəm, xüsusən Asim Mollazadənin, Qüdrət Həsənquliyevin bəzi fikirlərini görəndə özlüyümdə deyirəm, axı, Elçibəyin törəmələri belə danışmamalıydı, yox, Elçibəy sağ olsaydı, bunlar onun yanında olmazdı. Amma dərinlikdə inanmaq istəyirəm ki, yanılıram, onlar Elçibəyi tək qoymazdılar. Bəlkə də yenilik onların belə danışmalarını tələb edir, ancaq beynəlmiləlçilik də milli dəyərlərin üzərində durmalıdır.
“Heydər Əliyevin adminstrativ xüsusiyyəti ilə Elçibəyin humanizmi bir şəxsiyyətdə olmuş olsaydı, Bəy dinməz-söyləməz ona səs verərdi”
– Aydın müəllim, Əbülfəz Elçibəyin Heydər Əliyevlə məşhur 8 saatlıq görüşü haqqında da bir qədər danışmağınızı xahiş edirəm. Həmin məşhur görüşdə nə danışmışdılar?
– Həmin görüşdə çox da əlamətdar məsələlər danışılmamışdı. Elçibəy Heydər Əliyevə demişdi ki, sənin təşkilatçılıq qabiliyyətin bu gün millətə daha çox lazımdır. Bu baxımdan sənə səlahiyyəti veririk, ancaq bir şərtlə. Hakimiyyətə tabe olmayan bəzi qüvvələr var ki, onlar lokallaşdırılmalıdır. Lokal qüvvələrdən də biri elə Sürət Hüseynov idi ki, Rusiyaya bağlıydı, bəziləri İran kəşfiyatına işləyirdi. Bəy də Heydər Əliyevə deyirdi ki, sənə bu səlahiyyəti veririk ki, özünü doğruldasan, göstərəsən ki, sən əlsində heç vaxt millətinin əleyhinə olmamısan, sadəcə Sovet dövründə bəzi addımları atmağa məcbur olmusan. Ancaq bu səlahiyyəti sənə müəyyən vaxta qədər veririk, 1998-ci ildə dinməz-söyləməz kənara çəkilməlisən ki, biz fəaliyyətimizə davam edək.
Söhbətin kökündə bu məsələ dayanmışdı. Bəy onu da bildirmişdi ki, bu gün təslim olmayan qüvvələri mən represiya edə bilmərəm, vicdanım yol verməz, amma sən mənə baxma, bunu eləməlisən. H.Əliyev də həmin qüvvələri məhv elədi. Elçibəy zəif, qorxaq deyildi ki, bunu bacarmasın, sadəcə o qədər rəhmli idi ki, vicdanı ona yol vermirdi.
– Çoxları bəlkə də Elçibəyin bu xüsusiyyətlərini nəzərə alaraq deyir ki, gərək Bəy özü prezident olmazdı, ətrafındakılardan kiminsə prezident olmasına razılaşardı. Bu barədə siz necə düşünürsünüz?
– O zaman əgər hərtərəfli yetişmiş bir kadr olsaydı, sizi inandırım ki, Bəy heç seçkiyə getməzdi. Təəssüf ki, o vaxt həmin kadr yox idi. Əgər Elçibəy prezident olmasaydı, ya Ayaz Mütəllibov, ya Etibar Hüseynov, ya İsa Qəmbər, ya da Heydər Əliyev prezident olmalıydı. Ancaq bunlardan heç biri bizim ideyarımızı həyata keçirməyə layiq deyildi. Bəy bir növ bilərəkdən özünü qurban verdi. Deyirdi ki, mən gedirəm, ancaq bilirəm ki, bir azdan məni aşıracaqlar, bu millət bizim yerişimizi dərk etməyəcək, əleyhimizə də işləyənlər çoxdur. Bəy buna baxmayaraq yürüdü. Əgər Heydər Əliyevin adminstrativ xüsusiyyəti ilə Elçibəyin humanizmi bir şəxsiyyətdə olmuş olsaydı, Bəy dinməz-söyləməz ona səs verərdi.
“Etibar Məmmədova dünyanı da versək, doymazdı”
– Etibar Məmmədov necə, dediyiniz kriteriyalar onda da yox idimi?
– Yox, o da prezident olmağa layiq deyildi. Etibar da hərəkata sonradan gəlmə idi, onu mənlə Bəy özü universitetin həyətində tanış etmişdi. Demişdi ki, bu, mənim keçmiş tələbəmdir, partiyaya götürək. Tanış edəndə də demişdi ki, Etibar o qədər şəhvətli yaşamağa meyillidir ki, ona dünyanı da versək, doymaz. Sonradan elə də oldu, gördük ki, onda vəzifəyə, dəbdəbəli həyata o qədər hərislik var ki, gözü doyan deyil. Bəy ona görə də prezidentliyi Etibara verməzdi.
– İndi necə, elə bir lider yetişibmi ki, Elçibəyin yarımçıq qalmış Bütöv Azərbaycan kimi böyük ideyalarını həyata keçirsin?
– Yox, indi də yoxdur. Bunu hər gün düşünürəm. Bu gün İlham Əliyev prezidentlikdən getsə, yerinə keçə biləcək başqa bir adam görmürəm. Buna da çox təəssüf edirəm… Elçibəy kimi birinin yetişməsinə görünür ki, zaman lazımdı, təkan lazımdır.
“Plan elə idi ki, Elçibəy 2003-cü il seçkilərinə çatmamalıydı”
– Elçibəylə sonuncu görüşünüzü necə xatırlayırsınız, nə demişdi sizə?
– Sonuncu dəfə Bəy Türkiyəyə, Gülhanəyə gedəndə görüşdük. Dedim ki, Bəy, deyəsən biz müxalifətdə qala-qala gerçəkliyi yeridə bilməyəcəyik. Çox nikbincəsinə cavab verdi ki, nə danışırsan, gedirəm, qayıdım gəlim hər şey tamamilə başqa cür olacaq, pessimist düşünmə. Gedəndən sonra da dəmirəllərin əliylə Bəyin xəstəliyini bir qədər də sürətləndirdilər. Plan elə idi ki, Elçibəy 2003-cü il seçkilərinə çatmamalıydı, çünki artıq onda heç kim Bəyə mane ola bilməyəcəkdi. Yolu açmaq üçün də Elçibəy mütləq getməliydi…
Rumiyyə MİRASLAN
Qeyd: Bu müsahibə “Moderator az” saytının 4-6 may 2017-ci il tarixli saylarından götürülüb.