Əlaqə vasitələri

Mətləb Mütəllimli, İstiqlalçı millət vəkili: Vay səni… Şahin bəy!

           Image result for Mətləb Mütəllimli foto

Sizi bilmirəm, şəxsən mən hələ də şokdayam. Ona görə şokdayam ki, nə az, nə çox, məhkəmələrin lap təpəsində oturan, Ali Məhkəmənin Cinayət kollegiyasının sədri Şahin Yusifov (hələ ki, bu yazı çapa gedənə qədər sədr idi) Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının ümumi yığıncağında siyasi  xətaya yol verib, loru dildə desək, yekə bir xoruz buraxıb.  Xoruz da nə xoruz!  Şahin bəy, həqiqi şahin kimi şikarının üstünə necə  şığıyıbsa… YAP-ın çürük ideologiyasını, lap elə polisin də kürəyini bir göz qırpımında yerə çırpıb. Şir ürəyi yemiş Şahin bəy nə desə yaxşıdır?  O, deyib ki,  “ən bəlalı məsələlərdən biri Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bağlıdır. Bu gün azadlıqdan məhrum etmə cəzası çəkənlərin 7 nəfərdən biri bu maddə ilə ittiham olunmuş şəxslərdir. Cəzaçəkmə müəssisələri, istintaq təcridxanaları bu maddə ilə cəza çəkən şəxslərlə doludur.”

Bilmirəm, indi siz mənə inanırsınız ya, yox, amma, bizi yaradana and olsun ki, bu mənim sözlərim deyil, Şahin bəyin fikirləridir. Hələ bu harasıdır, hakimlər hakimi bir az da uzağa gedərək deyir ki, məhbuslardan … “bəziləri bildirirlər ki, qanunsuz yerə məhkum olunublar. Biz də baxılmış işləri təhlil edəndə, görürük ki, polislər yenə də plan doldurmaqla məşğuldurlar.”

Image result for Şahin Yusifov

Möhtərəm Şahin bəy burda bir balaca pauza verir, sonra YAP-ın şərəfinə bir partiya asqırıb-öskürüb yenə sözünə davam edir ki, “cinayət təqibi orqanlarını başa salmalıyıq ki, belə olmaz. Narkomandırsa, narkotik dövriyyəsi ilə məşğuldursa, məsuliyyətə cəlb olunsun. Əgər, əvvəllər dəfələrlə məhkum olunubsa və həmişə “kalpak” altında saxlanılırsa ki, lazım olanda həbs olunsun, bu düzgün deyil. Nəyə lazımdır bu? “

Bu sözlərdən  sonra, sizi bilmirəm, şəxsən məni tər basdı, nitqim tutuldu, Şahin bəyin acı taleyi durdu gözümün qabağında. O, özü fərqinə varmasa da mən yüz faiz əminəm ki, bu düz sözlərə görə indi hökmən  onunçun da maddə axtarırlar.                                                                           Deyən lazımdır ki, ay zalım oğlu zalım, bu sənə lazım idimi, “eto tebe nada?” Məgər, sən anlamırsan ki, YAP-GOP hakimiyyəti  indi ölkədə baş verənləri olduğu kimi desə, danışsa, bu  millət yuxudan oyanıb onları daş-qalaq edər? Bilmirsən ki, bu hakimiyyətin nəfəsi də yalanla gedib gəlir? Məgər, bilmirsən ki, özün  də  üzvü  olduğun bu hakimiyyətin iki üzü var:  biri—xalqdan, vətəndən, olmayan inkişafdan dəm vuran, o biri üzü də: pul, pul, yenə də pul!!!                                                              Axı, sən ilk baxışda ağıllı kişiyə oxşayırsan, özün də  millətin bildiyi-bilmədiyi bütün zibillərin içindəsən, məhkəmələrin lap təpəsində oturub hökm verirsən.

Yoxsa, üskük fırladırsan?

Axı, özün də lap yaxşı bilirsən ki, indiki  məhkəmələrdə haqqı nahaqqa verən, bütün sifarişlərə “bəçeşm” – baş üstə deyib o saat icra edən, gündə yüz dəfə ədaləti yıxıb sürüyən, addımbaşı femidanı zorlayıb, hüququn  anasını ağladan saysız-hesabsız əldəqayırma hakimlər vardır.                                                                                                                       Gəl, sən məndən incimə, a kişi, vallah, mənə elə gəlir, sənin başına at təpib, vallahi-billahi sənin tamam vələdin dönüb, vəzifənin yekəliyindən başın tamam itib. Sənin deməyindən belə çıxır ki, polis adam şərləyərək cibinə narkotika atıb qapazlayırsa, plan doldurursa, deməli, bu plan tapşrığını ona verən rəhbər var, nazir var. Kişi, plan nədir, zad nədir, nə danışdığının heç fərqindəsənmi? Görünür, sənin əsas məqsədin odur ki, gənc bloger Mehman Hüseynovun da şərlənərək tutulduğunu, “türmə”lərə doldurulan bütün narkomanların da, bizim şanlı polisə “müqvimət göstərilməsinə” görə ora basılan insanların da müdafiəsinə qalxırsan. Bununla da bizim möhtərəm, hörmətli, cənab daxili işlər nazirimiz Ramil bəy Usubova şər atırsan. Sənin məntiqindən belə çıxır ki, polis bölmələrində “polisə müqavimət” bəhanəsi ilə baş-gözü partladılan, döyülərək şikəst edilən, bu bölmələrdə döyülməkdən yox, öz əcəli ilə o dünyaya könüllü gedənlərin sifarişin də möhtərəm nazirimiz verir? Belə çıxır ki, hər 7 nəfərdən biri möhtərəm nazirimizin şəxsi göstərişi ilə “narkoman” damğası  ilə tutulub içəri dürtdürülür?  Bu ağ yalandır, tamamilə böhtandır, cəfəngiyyatdır və düşmən dəyirmanına, daha dəqiqi, ölkəni it gününə qoyan müxalifətin dəyirmanına su tökməkdir.                                                                   Bəli, bizim başımıza nə gəlirsə, gözü götürməzlikdən, paxıllıqdan , xainlikdən gəlir. Yəqin, qulağınıza çatıb ki, cənab nazirimiz  29 apreldə özünün halal malı kimi ona bağışlanan  qüdrətli kreslosunun  23 illiyini  təntənəli  qeyd edəcək. Bununla da, o, dünyada ən uzunömürlü nazir kimi “Ginnesin rekordlar kitabı”na  düşəcək.                                                                                   Ay zalım, məgər, sən hələ də bilmirsən ki, bu balaca ölkədə bütün qanunları toparlayıb zibil qutusuna tullamaq olar, amma,  ölkənin “xozeyni”nin iradəsinin ziddinə getmək olmaz?

Bəlkə, sən də istəyirsən  cibindən narkotika çıxsın? Ya da, gənc müstəntiq Rüfət Səfərov kimi, səni də şərləyib başına  oyunlar açsınlar, kürəyinə  “rüşvət alma” damğası basıb  9 il iş oxusunlar və elə etsinlər ki, sənin yetişmişin qala-qala kalın tökülsün.

Məgər, sən xəbərsizsən? Xəbərsiz deyilsən axı.

Bilməlisən ki, bu gün ölkəni kölgə hökuməti “idarə”edir , kefləri istəsə, səni 1 dəqiqədə şalvar-pencək edərlər?! Sənin  isə, gələcəkdə sağ qalacağına mənim heç ümidim yoxdur.                     Nə qədər gec deyil , tez çıx efirə, denən mən yeddi arxadan dönənimlə q….qəti şəkildə deyirəm ki, bu müxalifət tərəfindən mənə qurulan tələdir, atılan böhtandır. Tez cum bir çox satılmış saytlara, aldığın yüzlüklərdən  onların ciblərinə 5-10 dənə dürt, yazdır ki, bu bir anlaşılmazlıqdır, düşmən təxribatıdır, ölkəni çapıb talayan, bütün sərvətlərimizi ofşor zonalara daşıyan müxalifətin işidir. Əlini Qurana bas, (qənim olacağından qorxma) and-aman elə ki: ”ə tövbə, heç vaxt mən belə  şey deməmişəm, son damla qanıma qədər mənə yağlı əppək verən xozeyinə sadiqəm,  sədaqətliyəm. Bütün nəsil-nəcabətimlə q…..qarantam ki,  cənab prezidentin bütün elədiklərini və eləmədiklərini 200 faiz dəstəkləyirəm. O, bu millətə nə edirsə, düz edir, hələ bir az da az edir. Məhz , onun analoqsuz  siyasəti hesabına  vaxtilə xəstəlikdən, acından qırılan millət indi ağ günlərə çıxıb, amma, hələ də şaddığına şitdik edir.”                                     Amma, bax haa, belə  yağlı təriflər söyləyəndə, çalış, duzun biraz az elə ki, məqam axtaran müxalifətçi müxbirlər  o saat  sual verməsin ki, ”Əgər, doğrudan da indiki prezidentdən qabaq  əhalinin yoxsulluq səviyyəsi 50 faiz idisə, ölkədə işsizlik  50 faiz idisə, büdcə boş idisə, onda, əcabə, ümum milli lider məsələsi necə olsun?

05.03.17

 

Loading