Əlaqə vasitələri

Səni sorğusuz-sualsız sevməli idim…

zumrud-yagmur-yeniZümrüd Yağmur

yagmurzumrud@gmail.com

Bütün yollar hara gedir, doğrudanmı Romaya?
Gülümsünürsən bu düşüncəyə, çünki bilirsən, indi qarşında uzanıb gedən yol səni Romaya aparmayacaq. Uzaq sandığın bu yolda istəsən belə azmayacaqsan, hətta bunu arzulasan da. Eləcə baş alıb getmək istəsən də bir anda tanımadığın yolları irəlilədikcə qorxumu, ya da bəlkə adını qoya bilmədiyimiz başqa bir hiss səni dayandıracaq və insanlardan uzaq olmaq üçün çıxdığın bu yolda bir insan görmək üçün boylanacaqsan ki, getdiyin yolun səni hara aparacağını soruşa biləsən…
“Kimsəyə inanmıram” dediyin halda tanımadığın, yol kənarında ilk dəfə qarşılaşdığın o adama güvənib yenə davam edәcәksәn.
Qaçdığımıza ehtiyac hissi bizi utandırıb içimizdəki duyğuları qarmaşaya çevirsə də, bilinməzlik bizi bir şəkildə yenə həqiqəti oyrənməyə sövq edəcək.
Bu yol hara gedir?
Nə Romaya, nə də səni insanlardan uzaq tutacaq bir yerə…
Ruhunda halay çəkən acıların atəşində qovrulub yana-yana qaçmaq istədiklərindən bu yola sığınsan da, onun səni uzaqlara aparacağını zənn etsən də, bilirsən, bu səfər sadəcə başqa acılara yolçuluqdur. Çünki sevə bilmədiyimiz, sahiblənmədiyimiz, ruhunu düymadığımız bir ölkənin səfil, yoxsul, bədbəxt insanlarının yaşadığı bir məkandan başqa bir məkana götürür səni sadəcə…
Sən uzaq olmaq üçün qaçdığın özündən belə bir yerə gedə bilməyəcəksən, yol uzandıqca, qarşında açılan çiskindəki gözəlliyin nakamlığını hiss etdikcə, əksinə, içinə bir yolçuluğunun başladığını anlayırsan.
Özündən heç bir yana gedə bilməyəcəkən…
Sən sən olmaqdan çıxmağa çan atdığın o zaman kəsiyində etdiklərinin acısını da unutmağa başlayırsan. Acıların, içindəki nisgil, hər nə varsa, bir anda sənə kiçik və adi görünməyə başlayır. Sanki bir əl uzanır, hər şeyi içindən söküb alır və ancaq bir şeyi pıçıldayıb durursan.
Səni sənin üçün ölə biləcək qədər sevə bilmədim.
Hər şeyimizi yarımçıq yaşadığımız kimi, səni yaşamağı, sevməyi, uğrunda ölməyi bacara bilmədik. Sevgimizi sənə köçürmədik, “biz hamımız sənin üçün ölə billik” dedik, sevgilərimiz kimi, ölə bilməyi də dilimizə yüklədik, amma ölmədik. “Sənsiz ölərəm” dediyimiz insanlar öldükdə ölə bilmədiyimiz kimi… “Namusunu hifz etməyə hazırıq” dediyimiz bu ölkənin ruhunda yatan namus və ləyaqəti hər gələnin zorlayıb məhv etməsinə izn verdik.
Onu özümüzdən, sevgisizliyimiz və pisliklərimizdən belə qoruya bilmədik. İstisna, bizə olan lütf kimi də dəyərləndirmədik, tükədib param-parca etdik, bölünüb didilməsini sakitliklə, hətta laqeyidliklə izlədik. Onu hansısa çirkin ehtiraslarımızın şikarına çevirib sadəcə, yaşamaq üçün məkana çevirdik.
Bizə vətən, ruhumuza yurd olacaq bir yeri yataqxana sandıq.
Bu ölkənin ruhunu küsdürdük, sözlərimiz, sevgilərimizi küsdürdüyümüz kimi…

***

Yol və kənarlardakı dağ olmağa çan atan təpələr…
Baxırsan və düşünürsən ki, kiçik, hər küləyə sovrulmağa hazır təpə olmağa razılaşdıq, dağ olmağa can atmadıq. Özümüzə inanmadıq.
Çünki heç vaxt Azərbaycana inanmadıq.
“İnanıram” deyənin Tanrı ilə münasibətlərindəki bulanıqlıq, “inanmıram” söyləyənin inamsızlığındakı cəsarətsizlk kimidir bizim vətənə sevgimiz.
Heç vaxt sevgiyə də inanmadıq. Bu üzdən də nifrət etməyi bacarmadıq.
“Vətənimiz” dediyimiz bu ölkəni də bu üzdən kimsəsiz buraxdıq, sevə bilmədiyimizdən ona düşmən olanlara nifrət edə, qoruya bilmədik.
İnana, güvənə bilmədiyin birini sevmək olmadığı kimi, Azərbaycanı da sevmədik..
Bəzən, istisnalar olur, güvənmədiyin, inanmadığın birini sevirsən. Bu xəstəhal, aşiqi belə məmnun edə bilməyən sevgininsə nəticəsi hər zaman hüsranla bitir.
Azərbayanı sevənlərin sonunun bitdiyi kimi…
İstisnalar az olaraq qaldı, onları tək buraxdıq, həbslərdə, yad ölkələrdə sərsəfil bitişini bir anlıq qüssəmizdə yaşayıb bitirdik. Bəzən sevgi, bəzən də sevgi olduğunu zənn etdiyimiz hər münasibətdə belə hüzur aradıq, hüsranı gözə ala bilmədik. “El üçün ağlayan göz kor olar” deyib məntiqimizi sevgimizin önünə keçirdik.
Biz Azərbaycanı Leylaya çevirib onun üçün Məcnun olmadıq.

***

Yol uzanır… İrililədikcə oturduğun isti maşındakı sobanı sondürüb üşümək, özündən qisas almaq istəyirsən. Bilirsən, o anda gözündən axan damcının sadəcə, bir göz yaşı olmadığını bildiyin kimi… İnsanın ruhu sevgisizlikdən üşüdüyu kimi, bu ölkənin də ruhu üşüyür.
İnsan yaşadıqları anıların acılarında üşüdüyü kimi, bu ölkənin də tarixi üşüyür.
Bu günü, hətta gələcəyi belə…
İçindəki xəcalət hissi insanı boğur, qəhərin göz yaşına çevrilib yanağına süzülür və o yol kənarında əllərini çibinə qoyub büzüşmüş adamın çiskində itən selüetinə baxa-baxa bu ölkənin də o anda artıq tarixə çevrilən kölgəsinə baxıb acı ilə pıçıldayırsan:
Bağışla, mən, içi bu qədər sevgi və üsyanla doluykən belə səni sevə bilmədim… Hüzur istədim, hüsranı gözə alamadım.

İnamsızlıq bu sevgini zədələdi, sorğuladı… Amma mən səni sorğusuz-sualsız sevməli idim… Bütün fədakarlıqları etməli, səndə əriyib itməliydim. Susuz torpağın suyu özünə çəkdiyi kimi ruhuma hopdurmalıydım səni…, Azərbaycan.

Loading