Əlaqə vasitələri

Bədbəxtlik haradan gəlir?

sahveled_cobanogluŞahvələd Çobanoğlu

Tibbi sığortanın tətbiqi bu gün bizim üçün təcili can və ləyaqət davasıdır. İndi onu tələb etmək “Azərbaycanın Gilqameş dastanı”dır…

Dördüncü yazı

Tibbi sığortanın olmaması yoxsullar üçün faciə, digərləri üçün yoxsulluq üçün ciddi səbəbdir – bunu əvvəlki yazıda ciddi rəqəm və hesabatlarla göstərdik. Ümumdünya Səhiyyə Təşkilatının rəsmi mövqeyi də budur. Həmin yazıdan bu yana Azərbaycanda qazın, işığın, suyun qiyməti xeyli bahalaşdırıldı. Adamlar onlar üçün qiymət artımının necə ağır olduğunu elə ifadə edirlər ki, dil töküb ağlasalar daha yaxşıdır. Yoxsulluğun toplumda böyük bir kəsimi əhatə etməsi isə çox sayda əlavə problemlər yaradır. Soruşa bilərsiniz ki, məsələn, hansı problemləri. Təhsildən yayınmalar artır – böyük bəladır.

Cinayətkarlıq, narkomaniya, fahişəlik yüksəlir – hamı təsdiq edər. Üstəlik, xəstəliklər çoxalır – bunu ÜST-ün rəqəmləri ilə sübut etdik. Adamların ciddi qismi pulu olmadığından, yaxud az olduğundan həkimə getmir, müalicə almır. Ona görə də pulsuz imkan yaranan kimi Uqandada xəstəxanalara müraciət 84%, Zambiyada 55 % artmışdı.

Bir də mənəvi yoxsulluq var. Təbii ki, mənəvi yoxsulluq varlılar arasında da var. Korrupsiya və talan yolu ilə varlananlar isə mənəvi yoxsulluğun ən ağır və təhlükəli formasını daşıyırlar. Lakin maddi yoxsulluq sosiallığı, mədəni və mənəvi bağları tarıma çəkir və bu baxımdan da təhlükəlidir. Kasıbın mərd olması barədə çox yayılmış deyimlərə heç bir iradımız yoxdur, amma ehtiyacın qarşısında dayanmaq qəhrəmanlıq tələb eləməsə də, buna hər kəsin mənəvi zənginliyi çatmır. Avtoritar hakimiyyətlər də bu səbəbdən pulla adamları ələ ala bilir, kasıbların arasından çıxmış adamları kasıbların əleyhinə yönəldirlər.

Qəbul etməliyik ki, zənginlik xoşbəxtliyin qarantı olmasa da, yoxsulluq doğrudan da bədbəxtlik mənbəyidir. Tibbi sığorta isə bu mənbəni xeyli dərəcədə zəiflədə bilir.

Qazın bahalaşmasının kasıblara təsir etməyəcəyini izah edərkən, bizim hökumət onların əhatəsi barədə ağzından bir rəqəm qaçırmış oldu – 62 faiz. Yoxsulluq səviyyəsinin 5 faizdən aşağı olması barədə uydurmalara bunsuz da heç kim inanmırdı. İndi düşünün ki, qaz və işıq pulu verə bilməyənlər xəstəliklər, bahalı tibbi prosedurlar və dərmanlar qarşısında nə edəcəklər? Hələ bir çoxları keyfiyyətli müalicə üçün xaricə getməlidir…

Xoşbəxtliyin nə olması barədə çox gözəl sözlər deyilib indiyəcən, amma dəqiq bir anlam, tərif, düstur, tapa bilməyəcəksiniz. Bədbəxtliyin isə dəqiq ünvanları var. Yoxsulluq, işsizlik, sosial müdafiənin zəif olması, ayrıca tibbi sığortanın qurulmaması bədbəxtliyə açılan geniş bir qapıdır.

Bir anlığa yenidən düşünün. Neft və milyonlar səltənəti… Əsrin müqaviləsi… Regionun lider dövləti… Azərbaycanı bu ibarələrlə iyirmi ildən çoxdur hərləyən bir hökumət tibbi sığortanı tətbiq etmədi. Pullar isə vardı. İndi də var.

ÜST-ün rəhbəri doktor Marqaret Çen 2010-cu ildə “Dünya səhiyyəsinin durumu: tibbi köməyə hər kəsin əlinin çatması yolları” adlı hesabatından sonra yeni iddia irəli sürdü: yaxşı səhiyyənin olmamasının, adamların keyfiyyətli tibbi köməyə əlinin yetməməsinin başlıca səbəbi maliyyə resurslarının azlığı deyil.

Başlıca problemlərdən biri effektiv və düzgün olmayan idarəçilikdir. Korrupsiyadır. Kasıb Gürcüstan demokratik idarəçiliyə keçdi, korrupsiyanı aradan qaldırdı, indi tibbi sığortası ilə öyünə bilər. Hər bir vətəndaşın müayinə və müalicə xərclərinin (dərmanlar da daxil olmaqla) 70 faizini tibbi sığorta sistemi ödəyir. Pensiyaçıların, müəllimlərin və təcili yardımla gələn istənilən vətəndaşın xərclərini tibbi sığorta 100 faiz ödəyir. Xəstələr özləri istənilən klinikanı seçə bilər – hara daha çox etibar edirsə. Dövlətin heç bir xəstəxanası yoxdur. Gürcülər bu sistemin tətbiqinə görə çox sevinirlər.

Bizə baxın. Ölkədə qaz və işıqla birlikdə dərmanlar da bahalaşdı. Fəqət bu, adamları daha az narahat etdi. Çünki əksəriyyət xəstəxanalara müraciəti ertələyə bilir, təxirə sala bilir, işığı və qazı isə kəsirlər. Belə hallarda sağlıq qayğıları çox uzaqda görünür. Bədbəxtlik buradadır – qapıdan içəri girib. Siz ha deyin ki, müsəlmanın sonrakı ağlı, ən sonda gedir həkimə. Gündəlik ehtiyacların yanında həkimə getmək dünyanın hər yerində asanlıqla təxirə salınır, sadəcə olaraq.
Amerika yazıçısı Con Qrinin “Ulduzlar günahkardır” romanı məşhurdur, əksəriyyətiniz isə onun əsasında çəkilmiş filmə baxmısınız. Əsər ölümcül xəstəliyə düçar olmuş iki gəncdən bəhs edilir. Əvvəldən axıracan görürsən ki, xəstə gənclərlə bağlı hər şeyi edirlər. Səhiyyə sistemi, dövlət, valideynlər, ictimai qurumlar. Xərçəng olmadığı halda xəstəliyi sağaldardılar, bununla belə xəstələrin ömrü uzadılır, yüksək müalicə alırlar, tam qayğı ilə əhatə olunublar.

(Yenə də göz yaşları çaya, üsyanı əfsanəyə dönmüş igid Gilqameş yada düşür. Onun dostunun yarasını asanlıqla sağaltmaq olardı indiki tibbi uğurlarla.)

Ona görə də, adam əsərin adına etiraz etmək istəyir: ulduzların nə günahı var ki!

Əvvəllər qəzetlər ulduz falı dərc edərkən sonda yazırdılar: Ulduzlardan yuxarıda Tanrı var. Yəni ən düzünü o bilir.

O zaman mən təklif etmişdim ki, daha bir cümlə əlavə edin: Ulduzlardan aşağıda hökumət var. Çünki onların idarəçiliyindən çox asılıdır günümüz, ömrümüz. Hökumətlər əsl bəla ola bilir vətəndaşlara – onların problemlərini həll etməməklə.

Loading