Gülənin başçılıq etdiyi dünyəvi çevriliş cəhdi barədə…
Seymur Həzi
Türkiyədə baş vermiş çevriliş cəhdi barədə xeyli ziddiyyətli və qarışıq fikirlər var. Söz yox ki, məntiqin mənafe ilə toqquşmasında birincinin qalib gəlmək şansı elə də çox deyil. Fəqət, məntiq daim yaşamaq haqqını özündə saxlayır. Bu doğrudan da sekulyarların (dünyəvilərin) qiyamı idimi? Yaxud çoxluğun hakimiyyəti niyə qəzəbə tuş gəlir? Təbii ki, bir sıra başqa suallar da vəziyyəti təhlil etməyə kömək edəcək.
Əsas fakt budur ki, 52 faiz səs almış mülki hökumət qiyamla çevrilmək təhlükəsi yaşadı. Bu o deməkdirmi ki, yerdə qalan 48 faiz Ərdoğanın əleyhinədir? Əlbəttə, yox. Çünki bu məsələdə CHP və MHP kimi seçki barajını əməllicə keçmiş partiyalar da Ərdoğanı (sivil siyasəti) dəstəklədi. Ordu doğrudan da elan etdiyi dünyəvilik dərdindədirsə, o zaman 52 faiz səsi Ərdoğana ərmağan edən xalqın beynini dəyişməlidir. Əks halda, qutudan çıxacaq bir Ərdoğan hər zaman var – o olmasın, bu olsun.
Ərdoğanın aldığı səslərə arxalanıb hakimiyyətin digər qollarını zərərsizləşdirmək cəhdi də anlaşılan olduğu qədər də, əks effektivivdir. Budur, biz bir Pir qələbəsi ilə üz-üzəyik. Ölən var, yaralanan var, qalib gələn yoxdur.
Ərdoğana qarşı…
Ikincisi, əgər doğrudan da dövlətin çox mühüm qanadlarından bu qədər vəzifəli şəxs Ərdoğana qarşı çıxıbsa və hədəf az öncəki seçkilərin nəticələrini zorla aradan qaldırmaq olubsa, o zaman bu bir anti-Türkiyə əməliyyatı olub. Niyəsi barədə bir qədər sonra…
Bir ölkədə mülki sistemi sıradan çıxarmaq onun əsas damarlarını kəsməkdir. O damarlardan nə axır axsın, qanı dəyişmək üçün damarı kəsmək yol deyil.
Bu, dünyəvilik dərdi deyildi
Azacıq soyuq məntiqlə düşünmək göstərir ki, bu, sekulyarların “dünyəvilik qayğı”sından baş qaldırmış qiyam deyildi. Başında Fətullah Gülənin durduğu hansı dünyəvilik mücadiləsindən danışmaq olar? Bu olsa-olsa, sekulyarizmə karikatura olar. Bəs bu nə idi?
Şübhəsiz ki, bu, dini və hərbi çevrələrin ortaq narazılığının təbii ifadəsi idi. Ona görə “təbii” ki, hər iki qrupun mücadilə metodu radikallığa əsaslanır – cihad və savaş.
Başqa sual odur ki, bu qrupları bir arada kim tuta bilərdi? Gülənçi dindarlar və NATO-çu əsgərlər. Əslində, hər şey bu sualın cavabında yatır. Biz isə oxucumuzun savadına arxayın olaraq, onu açıq saxlayırıq.
Qiyamın iki nəticəsi – “tələ”
Cəhd edilmiş qiyamın iki mümkün nəticəsini gözdən keçirək. Hesab edək ki, bu cəhd uğur qazandı. O zaman 1980-ci il çevrilişindən daha ağır nəticələr doğuracağına şübhə yoxdur. Bu, demokratiya və mülki cəmiyyətin edamı olacaqdı. Bütün partiyalar qapadılacaq və ölkə fövqəladə vəziyyət rejimində idarə olunacaqdı. Indiki, ikinci halda isə, biz edam hökmünün yenidən bərpa oluna biləcəyi ehtimalını eşidirik. Generallar qanundan öncə Ərdoğanın şəkillərinin önündə cəzalandırıldı. Bunun eyni məntiqlə davam edən sonrasını düşünmək çətin deyil. Görünən odur ki, hər iki nəticə “qisas” mühiti yaradır. Hər iki nəticə Türkiyə demokratiyası üçün tələdir. Bu tələyə düşməmək indi ancaq Ərdoğanın təmkinindən asılıdır. NATO-da üzvlük və Avropa Birliyinə üzvlük məsələsi isə ayrıca gündəmdədir.
Türk müxalifəti: 1:1
Ötən seçkilərdə koalisiyaya girməməklə türk demokratiyasına ağır zərbə vuran Türkiyə müxalifəti son addımı ilə özünün bir öncəki səhvini düzəltdi. Amma bunu məntiqin deyil, qorxunun gücü ilə etdi. Çünki dəstək verəcəkləri və ya səssiz qalacaqları qiyamın yatırılacağı təqdirdə Ərdoğanın onları “süpürəcəyindən” qorxdular. Əslində, bu qorxu Türkiyənin işinə yaradı. Bu dəfə isə müxalifət qisasın deyil, hüququn işləməsinin qarantı olmalıdır.
Mehmetcik gözdən düşdümü?
Şübhə yoxdur ki, bu olaylar tük əsgərinin toplumdakı etibarını zədələdi. Amma bir məsələyə də aydınlıq gətirdi ki, ordu bundan sonra daxildə düşmən axtarmamalıdır. Daxili məsələləri həll etməyin yolu başqadır. Hər halda, hətta Fətullah Gülən də olsa, birləşib Ərdoğanı devirmək cəhdinin arxasında dünyəvi bir qayğı axtarmaq çox yersiz olardı.
Gələn seçkilər üçün…
Heç şübhəsiz ki, Ərdoğan bu prosesi düzgün idarə etsə, o, dünyaya və türk xalqına yeni bir Türkiyə qazandıra biləcək. Əks halda, qorxu səhnələri…