Əlaqə vasitələri

Özünüzə və Azərbaycan dövlətinə hörmət edin.

 AR Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi

Xanlar Zeynalova

 Quliyev Ənvər-Paşa Məlikoviçin nümayəndəsi

 Məmmədov Qurban Cəlal oğlu tərəfindən

Ünvanı: Bakı şəh., Həsənoğlu küç., korpus.-7, ev-12, mən.-7/8

Əlaqə tel.: (012) 567-46-62(04), (050) 200-66-10

“Qanuni qüvvədə olan, Abşeron Rayon Məhkəməsinin 16 may 2007-ci il tarixli qətnaməsinin qanunsuz olaraq icra edilməməsi və Abşeron rayon icra şöbəsinin icra məmurlarının qanunsuz hərəkətlərinə dair”

ƏRİZƏ

Hörmətli X.Zeynalov!

Abşeron Rayon Məhkəməsinin 16 may 2007-ci il tarixli qətnaməsinin qanunsuz olaraq vaxtında icra edilməməsi ilə bağlı mən Ə.P.Quliyevlə birlikdə 16 mart 2015-ci ildə sizin şəxsi qəbulunuzda oldum. Sizə məlumat verdim ki, həmin qətnaməni icra etməmək üçün Abşeron Rayon İcra Şöbəsinin məmurları müxtəlif qanunsuz bəhanələr gətirərək uzun müddətdir öz vəzifələrini icra etməkdən yayınırlar. Xüsusi olaraq diqqətinizə çatdırdım ki, şəxsən Sizin imzanızla Ə.P.Quliyevə verilmiş cavablarda “borcluların Ağdam rayonundan məcburi köçkün olmaları”na istinad etməklə məhkəmə qətnaməsinin icra edilməməsinə haqq qazandırılması cəhdi tamamilə qanunsuzdur və Sizin bu hərəkətiniz faktik olaraq Azərbaycan dövlətinin adından çıxarılmış və icrası (müzakirəsi yox!!!) hamı üçün məcburi olan məhkəmə qətnaməsinin təftiş edilməsi və qüvvədən salınmasıdır. Qəbul zamanı onu da Sizə bildirdim ki, 1994-cü ilin may ayında Bişkek şəhərində bağlanmış atəşkəs müqaviləsinə əsasən, Respublikamızda “qaçqın və köçkün əmələ gəlməsi prosesi”nə son qoyulmuş, o vaxta qədər gələn qaçqınlar dövlət orqanları tərəfindən əvvəlcədən müəyyən edilmiş ünvanlarda yerləşdirilmişlər. Borclular isə Sizin imzaladığınız məktublarda istinad etdiyiniz kimi Ə.P.Quliyevə məxsus Abşeron rayonu, Goradil kəndi, Fizuli küçəsi-14 saylı mənzildə qaçqın kimi yerləşməmişlər. Tam bunun tərsinə olaraq cavabdehlər həmin mənzili saxta etibarnamədən istifadə olunaraq (bunu iddiaçının doğma bacısı etmişdir) 07 sentyabr 2002-ci il tarixli alqı-satqı müqaviləsi ilə öz mülkiyyətlərinə keçirmişlər.

Siz məsələyə yenidən baxmaq üçün işin Abşeron Rayon İcra Şöbəsindən tələb edilərək yenidən öyrənilməsi barədə Rüstəm adlı əməkdaşınıza göstəriş verdiniz və bundan sonra onunla əlaqə saxlamalı olduğumuzu bizə bildirdiniz.

Hörmətli X.Zeynalov!

6 aprel 2015-ci ildə mən, Ə.P.Quliyevlə birlikdə Rüstəm bəylə görüşdüm. O mənə bildirdi ki, prezidentin sərəncamına əsasən, mülkiyyət formasından asılı olmayaraq qaçqınların məskunlaşdıqları yerlərdən onları çıxartmaq olmaz və bu məhkəmə qətnaməsi icra edilməyəcəkdir.

Mən Sizin əməkdaşın, Sizin adınızdan ifadə edilən bu mövqeyin milli qanunvericiliyimizə və Avropa Məhkəməsinin məhz qaçqınların zəbt etdikləri xüsusi mülkiyyətə dair Azərbaycana qarşı qəbul etdiyi qərarlarda müəyyənləşdirilən hüquqi mövqeyə zidd olduğunu burada bir daha izah etməyə ehtiyac duymuram.

Ancaq deyə bilərsinizmi 2002-ci ildə Azərbaycana yeni qaçqınlar hansı ölkədən gəlmişlər? Yoxsa ölkə rəhbərlərinin 1994-cü ilin may ayından atəşkəs müqaviləsinə imza atıldığı andan şəhid verməməyimiz, qaçqın prosesinə son qoyulması və sair “uğurlar” barədə verdikləri bəyənatların həqiqi olduğunu Siz qəbul etmirsiniz?

Digər tərəfdən isə şəxsi qəbul zamanı Sizə bildirdiklərim və işin faktiki halları barədə bu ərizədə yazdıqlarım Abşeron Rayon Məhkəməsinin hələ də qüvvədə olan 23 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə mötəbər sübutlarla müəyyən edilmişdir.

İndi Siz Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hansısa qanunsuz və əsassız məktubuna istinad edərək, Azərbaycan dövlətinin adından çıxarılan məhkəmə qətnaməsini icra etməməklə nə məqsəd güdürsünüz və “qaçqınkom”un məktubunun məhkəmə qətnaməsini qüvvədən salması barədə hansı hüquq normasına istinad edirsiniz?  Bəs bu günə qədər qaçqın və köçkün kimi məskunlaşdıqları bir çox yerlərdən qışın oğlan çağında zor tətbiq etməklə qaçqınların çıxarılması zamanı indi tətbiq etdiyiniz qaydalar mövcud deyildimi?

Hörmətli Xanlar Zeynalov!

Bir daha diqqətinizə çatdırıram ki, əvvəla, məhkəmə qətnaməsi müzakirə və təftiş edilmək üçün yox, icra olunmaq üçündür. İkincisi isə, Sizin, əsassız olaraq, cavabdehlərin qaçqın olması barədə istinad etdiyiniz hal və şəxsi qəbul zamanı şəxsən mənim Sizə bildirdiyim hallar Abşeron Rayon Məhkəməsinin 23 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə öz hüquqi qiymətini almışdır. Əgər borclular, həqiqətən də, Siz iddia etdiyinizə görə, həmin mənzilə qaçqın kimi yerləşmiş olsaydılar, bunu məhkəmələr mütləq nəzərə alardılar.

İndiki halda Siz, Azərbaycan dövlətinin adından çıxarılmış qətnaməni heç bir qanuni əsas olmadan icra etməməklə dövlətə və qanuna tüpürmüş, faktik olaraq məhkəmənin səlahiyətini mənimsəmisiniz.

Mənə çox yaxşı məlumdur ki, mənim nümayəndə olduğum bəzi işlərdə yaradılan bu problemlər mənim siyasi mövqeyimlə bağlıdır. Ancaq unutmayın: müxalifətə nifrət etdiyinizə görə siravi vətəndaşların hüquqlarını pozmağınız nə Sizə şəxsən, nə də Azərbaycan dövlətinə baş ucalığı gətirməz. Əksinə, olsa-olsa, beynəlxalq aləmdə dövlətimizin onsuz da aşağı olan nüfuzuna bir qədər də zərbə vurar.

Mən Sizdən xahiş və tələb edirəm, özünüzü məhkəmə yerinə qoymayın, vəzifələrinizi layiqincə icra edin, vətəndaşlarımızın öz dövlətlərinə nifrət etməsinə baiskar olmayın. Xüsusilə də, Azərbaycanın sürətlə Suriyanın indiki durumuna sürüklənməsi prosesinə töhfə verməyin.

“İcra haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2001-ci il tarixli, 243-IIQ saylı Qanununun 16 (icra hərəkətlərinin təxirə salınması) və 17-ci (icraatın dayandırılmasının məcburiliyi) maddələrinə əsasən, icra hərəkətlərinin təxirə salınması və icraatın dayandırılmasının məcburiliyi əsasları, halları həmin maddələrdə dəqiq göstərilmişdir.

İcra haqqında” Qanunun 16-cı maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsinə çətinlik yaradan hallar olduqda, məhkəmə icraçısı icra hərəkətini 10 gündən çox olmayan müddətə təxirə sala bilər”.

Artıq 8 ildir ki, qətnamə icra olunmur.

Həmin Qanunun 17-ci maddəsinə əsasən, “aşağıdakı hallarda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır:

  • məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə iqtisad məhkəməsi borclunun iflası barədə məhkəmə icraatına başladıqda;
  • borclu fəaliyyət qabiliyyətini itirdikdə;
  • borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda, yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda;
  • icra sənədinə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə;
  • inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə;
  • icra sənədi üzrə tələbin yönəldiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə;
  • iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda”.

Bu maddələrdə göstərilən əsaslardan isə heç biri mövcud deyildir.

Bunu əzbər bilmək Sizin vəzifənizdir. Özünüzə və Azərbaycan dövlətinə hörmət edin.

06 aprel 2015-ci il

                                                                       İmza:                                   / Q.C.Məmmədov /

Loading