Əziz xalqım, Müsəlman bacı və qardaşlarım!
Məlum olduğu kimi, müqəddəs Məhərrəm ayı gəlib çatdı. Bəli, bu ayın 10-cu, yəni Aşura günü 14 əsr bundan əvvəl Kərbəla çölündə əziz İslam Peğəmbərimizin (c) istəkli nəvəsi İmam Hüseyn (ə) və O Həzrətin vəfalı tərəfdarları Yezidin zülmkar hakimiyyətinə qarşı mübarizə apardıqlarına görə qeyri-bərabər döyüşdə düşmən tərəfindən amansızcasına qətlə yetirilərək şəhadət zirvəsinə qovuşdular.
Bu hadisələrdən əsrlər keçməsinə baxmayaraq, İmam Hüseynin təsis etdiyi “Aşura” məktəbi zaman və məkan anlayışının fövqündə duraraq, öz müqəddəs missiyasını bəşəriyyətə çatdıraraq, insanların ağıl və vicdanlarına xitab etməkdədir. Xüsusilə, çağdaş dövrümüzdə İmam Hüseyn məfkurəsi dünyanın dörd bir tərəfinə yayılmaqdadır. Azadlığın, Hürriyyətin simvoluna çevrilmiş İmam Hüseyn (ə) xalqların ruhiyyəsində əsarətə qarşı apardıqları AZADLIQ mücadiləsində dərin izlər buraxmaqdadır. O cümlədən Azərbaycanımızda da bu əzəmətli məktəbin prinsip-dəyərlərinin həqiqi fəlsəfəsi xalqımız tərəfindən dərk olunmaqdadır. Belə ki, artıq Azərbaycanda bu ilin Məhərrəm-Səfər mərasimləri, xüsusilə “Aşura” günü fərqli bir atmosferdə qeyd olunacaq. Çünki 1400 il bundan əvvəl Yezid hakimiyyətinin “Aşura” günü İmam Hüseynə (ə), O Həzrətin Əhli-beytinə və vəfalı tərəfdarlarına qarşı törətdiyi cinayətlərin oxşarını Azərbaycan hakimiyyəti keçən il (20 noyabr 2015-ci il) Məhərrəm-Səfər aylarında İmam Hüseyn (ə) aşiqlərinə qarşı Nardaranda törətmişdi.
Kərbəla müsibəti və Nardaran faciəsi arasındakı oxşarlıqlar…
Hadisələrin üzərindən müəyyən zaman keçəndən sonra aydın görünür ki, Kərbəla müsibəti ilə Nardaran faciəsi eyni mahiyyətin fərqli zamanlarda təzahürüdür. O zaman da Yezidin qana susamış ordusu Kərbəlanı mühasirəyə alaraq, körpə-uşaq, qadın-qoca demədən həm suyun qarşısını kəsmişdi, həm də yolları bağlayaraq, heç kimə İmam Hüseyn (ə) və onun haqq aşiqi olan tərəfdarlarına yardım etməyə imkan vermirdi. Buna bənzər şəkildə keçən il Azərbaycan hakimiyyəti Nardarana gedən bütün yolları bağlayaraq, uşaq-körpə, qadın-qoca demədən, ən zəruri ehtiyaclarını belə, qarşılamağa İmam Hüseyn (ə) aşiqlərinə imkan vermirdi.
Necə Yezid ordusu “Aşura”da körpə uşaqların canına qorxu salmışdı, Həzrəti Zeynəbi, Rübab və digər fədakar qadınları qamçıladı, təhqir etdi, eləcə də Azərbaycan hakimiyyəti Nardaranda basqın etdiyi evdə ana-bacılarımıza qamçı deyil, rezin güllələr vurdu, onları təhqir etdi, körpə uşaqları vahiməyə saldı. Onu da vurğulayım ki, həmin evdə hadisə vaxtı 6 aylıq körpə var idi. Sadəcə olaraq, 6 aylıq Əli Əsgər kimi boynundan ox vurmadılar.
Necə Yezidin ordusu İmam Hüseyn (ə) və onun vəfalı səhabələrini qətlə yetirdikdən sonra onların mübarək cəsədlərinin üzərinə atları sürərək, şəhidlərin cəsədlərini tapdaladılar, eləcə də Azərbaycan hakimiyyətinin insanlığa qənim kəsilmiş polisləri şəhid olan Hacı Fərail, Rəfail, Əkbər və Sarvanın mübarək cəsədləri üzərinə çirkin ayaqları ilə çıxaraq, tapdalayıb təhqir etdilər.
O zaman da qana susamış Yezid hakimiyyəti Kərbəlada qanına qəltan etdiyi məsum şəhidlərin cəsədlərinin başlarını kəsərək apardılar, bənzər formada da Azərbaycan hakimiyyəti Nardaranda xüsusi amansızlıqla qətl etdiyi şəhidlərimizin dəfninə belə, imkan verməyib, cəsədlərini də girov götürdü.
1400 il bundan əvvəl mövcud olmuş Yezid hakimiyyəti ilə zaman və məkan fərqi olmaqla, mövcud Azərbaycan hakimiyyəti arasında tam bir mahiyyət və zehniyyət eyniliyi var.
İmam Hüseyn bugünkü Azərbaycanda necə davranardı?
Əziz müsəlman bacı və qardaşlarım! Görəsən İmam Hüseyn (ə) Azərbaycanda olsaydı, bu zalım rejimə münasibətdə hansı mövqedə olardı? O Həzrətə qarşı bu rejim nələr edərdi? O zaman bizlər O Həzrəti mübarizə meydanında müdafiə edərdikmi?
Bəli, tarixin bütün dövrlərində İmam Hüseynin (ə) “Aşura” məktəbinin davamçıları O Həzrətin özü tək zalım rejimlərin zülm siyasətinə qarşı qətiyyətli mübarizə aparıblar. Bu baxımdan, Azərbaycan hakimiyyətinin zülm və haqsızlıqla barışmayan insanlara qarşı əl atdığı qəddarlıq dövrümüzdə Yezid hakimiyyətinin insanlığa qarşı cinayətlərinin təkrarlanmasıdır.Yezid hakimiyyəti İmam Hüseynin (ə) şərəfli və qətiyyətli mübarizəsinə dözməyərək, “Aşura” faciəsini törətdiyi kimi, zamanımızda da Azərbaycan hakimiyyəti İmam Hüseynin şərəfli yolu və izi ilə gedən ardıcıllarının mübarizəsinə dözməyərək, Nardaran faciəsini törətdi. Bəli, bizim bu hadisələrə münasibətimiz Həzrəti Əlinin (ə) qəhrəman qızı, “Aşura” məktəbinin mənəvi yükünü öz çiyinlərində daşıyan Həzrəti Zeynəbin Kərbəla hadisəsinə verdiyi qiymət ilə eynidir. O əzəmətli qadın buyurur: “Kərbəlada gözəllikdən başqa bir şey görmədim”. Bu yolun davamçısı olaraq, biz də əminliklə deyə bilərik ki, Nardaranda gözəllikdən başqa bir şey görmədik.
Əziz xalqım! İmam Hüseyn (ə) məktəbinin əzəməti ondadır ki, onu hansısa məzhəb və ya dinlə məhdudlaşdırmaq mümkün deyil. Əksinə, ən nəcib ideyaları özündə daşıyan “Aşura” məktəbi qeyri-müsəlmanların AZADLIQ mübarizəsinə belə, böyük töhfələr vermişdir. 20-ci əsrin əvvəllərində İngiltərənin müstəmləkəsi altında inləyən Hindistan xalqı çox acınacaqlı bir durumda idi. Təsəvvür edin, 100 min ingilis 300 milyonluq Hindistan xalqını əsarət altında saxlayırdı. Bu əsarətin əsas səbəbi o idi ki, Hindistan xalqı ingilislərin zalım idarəçiliyinə qarşı toplum şəklində dirəniş göstərə bilmirdi. Məhz belə bir məqamda Hindistanın böyük oğlu, dahi inqilabçı Bahatma Qandi xalqının xilaskarı, yol göstərəni olaraq, meydana çıxdı. O böyük şəxsiyyət anlayırdı ki, bu çətin mübarizədə xalqının əsaərtdən xilas olub AZADLIĞA qovuşması üçün böyük bir inqilabçı nümunəsinə ehtiyac var. Ona görə də o müdrik şəxsiyyət xalqına belə bir müraciət etdi: “Əgər bu əsarətdən xilas olub, azad, demokratik Hindistan dövləti qurmaq istəyirsinizsə, onda gərək İmam Hüseyn şəxsiyyətini bu mübarizədə özünüzə örnək seçəsiniz”.
Mahatma Qandi xalqına deyirdi: “Təhlükə ilə qarşılaşdığında siçan kimi davranan adam qorxaqdır”.
Əziz həmvətənlərim! İndi aydındır ki, azərbaycan hakimiyyəti niyə “Aşura” dəyərlərinə qarşı belə amansız “mübarizə” aparır. Qara bayraqlara, dini şüarlara qoyduğu qadağa, xüsusilə “Aşura” günü insanların dinc, açıq və kütləvi şəkildə öz dini ayinlərini küçə və meydanlarda keçirmələrinə mane olur. Çünki rejim bizləri Qandinin təbirincə desək, qorxaq siçan kimi görmək istəyir. “Aşura” məktəbi isə bizlərə zülmə qarşı mübarizədə aslanlar kimi dirəniş göstərməyi və təslim olmamağı aşılayır.
Sizcə Qarabağımızı erməni vandallarının əlindən hakimiyyətin çirkin, yaramaz siyasətinə qarşı etiraz etməkdən qorxub siçan kimi qaçıb canını qurtarmaq istəyənlər xilas edəcək, yoxsa İmam Hüseyn (ə) məktəbində tərbiyə alıb, aslanlar kimi dirəniş göstərənlər?!
“Hamınızı zülmə qarşı dinc mübarizəmizdə birləşməyə və Haqqın yanında yer almağa çağırıram!”
Əziz xalqım! Əgər istəyiriksə ki, hüquqi, qanunların şah olduğu , şahın qanun olmadığı bir cəmiyyətdə yaşayaq, o zaman gərək bu böyük məqsədə qovuşmaq üçün İmam Hüseyn (ə) kimi böyük şəxsiyyətin mübarizəsini öz həyat amalımıza çevirək.
Bu çətin günlərdə və müqəddəs Məhərrəm ayında İmam Hüseynin (ə) şəhidlik məktəbinin müqəddəs dəyərlərini öz düşüncə və əməllərimizdə yaşatmaq, ölkəmizdə zülm və haqsızlıqlar qarşısında aktiv siyasi proseslərə qoşulmaq, milli vəhdət şəklində ölkəmizi haqq etdiyi xoş gələcəyə qovuşdurmaq işinə öz töhfəmizi vermək hər birimizin müqəddəs vəzifəsidir. Sizi bu yolda bir olub, bütün firqə maraqlarını, ideoloji fərqlilikləri, dünyagörüşü müxtəlifliklərini bir kənara qoyub, zülmə qarşı dinc mübarizəmizdə birləşməyə və Haqqın yanında yer almağa çağırıram!
Sonda, sizlərdən bir xahiş və istəyim var: edəcəyim dualara səmimi qəlbdən “Amin!” deyəsiz…
Allahım! Xalqımızı, dövlətimizi bu hakimiyyətin şərindən və kənar qüvvələrin fitnə-fəsadından hifz elə! İşğalda olan Qarabağımızı tez bir zamanda azad etməkdə bizə yardım et! Dünyada ədalətin bayraqdarı olacaq Həzrəti Mehdinin zühurunu tezləşdir!