Naxçıvanvari qanunçuluq
Bir müddət bundan öncə, Naxçıvanda yerləşən “N” saylı hərbi hissənin çavuşu Nizami Ağasıyevə qarşı Naxçıvan MR-nin keçmiş Milli Təhlükəsizlik Naziri Vəli Ələsgərov tərəfindən törədilmiş qanunsuzluqlar barədə mən bir video-müraciət yaymışdım. (https://www.youtube.com/watch?v=RKAlqAU5yFY&list=PLvFLPnK7ruwj3fo4JG-8TJbxIWxDxtXoz&index=9)
İndi N.Ağasıyevlə bağlı yeni olaylar baş verməkdədir. Bu barədə danışmamışdan öncə əvvəlki hadisələri yada salaq.
Hadisənin qısa tarixçəsi belədir: “kişi” cinsindən olan bir əxlaqsız adam Azərbaycan Ordusunun çavuşu, kəşfiyyatçı Nizami Ağasıyevi tez-tez telefonla narahat edir. Bu zənglərdən bezən N.Ağasıyev həmin adamın haqqında Naxçıvan MR Daxili İşlər Nazirliyinə məlumat verir. Bundan iki gün sonra Naxçıvan MR-nin keçmiş Milli Təhlükəsizlik Naziri Vəli Ələsgərovun rəhbərliyi altında çavuş N.Ağasıyev şərlənərək Təhlükəsizlik Nazirliyinin zirzəmisinə salınır. Ondan tələb edilir ki, ermənilərə, İŞİD-ə işləməsi barədə izahat versin. İstəklərinə nail olmadıqda isə, N.Ağasıyevə olmazın işgəncələri verilir, ayaq dırnaqları əzilir, həyat yoldaşına onun haqqında əxlaqsız məlumatlar verilir, ailəsini dağıtmağa çalışırlar. Hərbi hissə rəhbərliyi olaydan xəbər tutanda isə çavuş azad edilir və.. .Vəli Ələsgərovun tapşırığı ilə hərbi hissənin əsgər və zabit heyyəti qarşısında soyundurularaq, alçaldılaraq hərbi xidmətdən qovulur.
Sonradan Vəli Ələsgərov həbs edilir və 14 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilir. Ona elan edilən ittihamlardan biri də çavuş N.Ağasıyevə qarşı törətdiyi əməllər olub.
Məhkəmə gedişində Vəli Ələsgərova verilən ittiham sübut edilir. Yəni sübut edilir ki, çavuş N. Ağasıyev şərlənərək, qanunsuz olaraq hərbi xidmətdən qovulub, işgəncələrə məruz qalıb.
Məntiq və qanunçuluq tələb edir ki, bundan sonra N.Ağasıyevin hüquqları bərpa edilməli, haqqı özünə qaytarılmalıdır.
Ancaq belə olmur. Vəli Ələsgərovun haqqındakı cinayət işinə baxan hakimlər N.Ağasıyevin mülki iddiasını qəbul etmir, ona izah edirlər ki, bu barədə ayrıca mülki iddia qaldırması məsləhətdir. Bu məsləhətin qanunsuzluğuna baxmayaraq, N.Ağasıyevin razılaşmaqdan başqa çarəsi olmur.
Çüvuşumuzun xahişi ilə mən onun adından ” məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi və əvvəlki vəzifəsinə bərpa edilməsi” barədə iddia ərizəsi ilə Naxçıvan MR İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdim.
11 avqustda iddiaya baxan hakim Faiq Heydərovun qərarı isə, sadəcə olaraq, ağlasığmazdır: iddia mümkün hesab edilmir.
Niyə?
Hakimin izahı belədir: Nizami Ağasıyev işdən azad edilməsi barədə əmrin surətini iddia ərizəsinə əlavə etməyib.
N.Ağasıyev hakimə öz izahatında bildirib ki, həmin əmrin surətini hərbi hissədən ona vermirlər, deyirlər ki, bu hərbi sirrdir, məhkəmə sorğu versə, məhkəməyə göndərərik.
Hakimin təklifi: onda sən, əvvəl əmrin surətini almaq üçün ayrıca iddia ilə məhkəməyə müraciət etməlisən. Bununçün də , öncə, hərbi hissəyə müraciət edib əmrin surətini istəməlisən, verməsələr, bir ay müddətində inzibati məhkəmədə iddia qaldırmalısan. Məhkəmə vasitəsi ilə əmrin surətini aldıqdan sonra işə bərpa barədə iddi qaldıra bilərsən.
Çavuş izahat verir: mənim hərbi biletimdə nə vaxt və niyə işdən azad edilməyim barədə yazılıb və mən də hərbi biletimin surətini indiki iddia ərizəmə əlavə etmişəm. Mənə əmrin surəti yox, pozulmuş hüququmun bərpası lazımdır. Əmrin surəti vacibdirsə, xahiş edirəm, məhkəmə özü tələb edib alsın, mənə vermirlər.
Hakim öz mövqeyində israrlıdır. İddia ərizəsinin mümkünsüzlüyü haqqında qərar qəbul edir və Azərbaycan Ordusunun çavuşunun ağzını dağa dirəyir.
Bu da sənə qanun, bu da sənə məhkəmə, bu da sənə orduya, əsgərə qarşı olan real münasibət.
Bəs qanun nə deyir? Hakim düzmü edib? Əmrin surəti olmadan iddia mümkün sayıla bilərmi?
Əmək Məcəlləsini 83-cü maddəsinə (əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası) əsasən,
1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
Bəs, bu maddədə nəzərdə tutulan sənədlərin işçiyə verilməməsi onu məhkəməyə müraciət etmək hüququndan, imkanından məhrum edirmi? Buna qanun belə cavab verir:
Əmək Məcəlləsi.
Maddə 294. Fərdi əmək mübahisələrinə baxan orqanlar
1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.
Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
Gördüyünüz kimi, 296-cı maddənin 2-ci bəndində deyilir ki, “işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.”
Qanunverici, məhkəməyə müraciət etmək imkanını və anını əmrin surəti ilə bağlamır, hüququn pozulmasının aşkar edilməsi anı ilə əlaqələndirir. Maddənin 3-cü bəndi isə “hüququn pozulmasının aşkar edilməsi”nin nə demək olduğunu, yəni “hüququn pozulmasının aşkar edilməsi” anının nə vaxtdan başladığını izah edir : işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün.
Göründüyü kimi, əmrin surətinin verilməsi həmin anın başlandığını göstərən əsaslardan biridir. Axı başqa əsaslar da var. Çavuş N.Ağasıyev hərbi hissənin qarşısında soyundurularaq xidməti yerindən qovulduğu andan hüquqlarının pozulduğunu aşkar edib. Daha hansı sənədlər lazımdır? Bəlkə, heç hərbi hissə “əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozmuşdur”.
Təbii ki, yuxarıda qeyd etdiklərim Əmək Məcəlləsinin müəyyən etdiyi qaydalardır və ƏM-nin 6-cı maddəsinə əsasən, bu Məcəllə hərbi qulluqçulara şamil edilmir.
Burada bunları qeyd etməkdə məqsədim oxşar vəziyyətdə qanunvericinin hüquqi mövqeyinin necə olduğunu göstərmək və başqa vətəndaşlarımızı da maarifləndirməkdir.
“Hərbi qulluqçuların statusu haqqında” Qanunun 22-ci maddəsinin 2-ci bəndinə (təklif, ərizə və şikayət hüququ) əsasən, “hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.”
Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”nin 108-ci maddəsinə əsasən, “hər bir hərbi qulluqçu komandirlərin (rəislərin) onun haqqında qeyri-qanuni sərəncamları və hərəkətləri, xidməti hüquqlarının və üstünlüklərinin pozulması və ya ona çatası təminatın verilməməsi haqqında şikayət edə bilər.”
Bu normalarda isə, hərbi qulluqçunun məhkəməyə şikayət verməsi üçün , onun hüququnu pozan sənədin (indiki halda, hərbi xidmətdən buraxılmağa dair əmrin surəti) məhkəməyə təqdim edilməsi şərt kimi nəzərdə tutulmur.
Bu məsələ ilə bağlı qaydalar Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilir.
Naxçıvan MR İİ Məhkəməsinin hakimi iddianın mümkünlüyünü əmrin surətinin olmaması ilə əlaqələndirəndə maraqlı izahat verib çavuşumuza: mən nə bilim səni işdən həqiqətən də çıxarıblar ya yox?
Cənab hakim, sən yox, hüququ pozulan şəxs bilməlidir ki, onun hüququ pozulub, ya yox. Sən , sadəcə olaraq, AR İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan vəzifələrini icra etməyə borclusan.
Orada isə deyilir:
Maddə 12. İşin hallarının araşdırılması prinsipi
12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər.
Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi
Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
Maddə 14. Sübut etmə vəzifəsi
14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür.
Gördüyünüz kimi, Mülki Prosessual Məcəllədən fərqli olaraq, İPM tamam fərqli prinsiplər müəyyən edib. İnzibati işlərdə hakim vətəndaşa kömək etməyə borcludur.
Ən vacibi isə, iddianın mümkünlüyü barədə İPM-nin 35-ci maddəsində deyilənlərin nəzərə alınmaması, Naxçıvan MR İİM-nin hakimi Faiq Heydərovun, sadəcə olaraq, qərəzli olduğunu sübut edir.
Maddə 35.İddianın mümkünlüyü
35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
Çavuş N. Ağasıyev hərbi biletini təqdim etməklə və faktiki olaraq iş yerinə buraxılmamasını bildirməklə hüquqlarının pozulduğunu əsaslandırmışdır. Əlavə sübut lazımdırsa, zəhmət çəkin, İPM-nin 13-cü maddəsində nəzərəd tutulan “məhkəmənin yardım etmək vəzifəsi” tələbini yerinə yetirin. Yoxsa, Azərbaycan Ordusunun çavuşunu süründürməçiliyə salmaqda qanuni maraqların güdüldüyü iddia edilə bilməz. Olsa-olsa, ”Vəli Ələsgərovun paralel”inin maraqlarından şübhələnməyə əsas verər.
Bəlkə də, çavuş N.Ağasıyevdən Vəli Ələsgərovun intiqamı alınır. Görünür, kimlərsə onun məhkəmədə Vəli Ələsgərovun əleyhinə ifadə verməsindən bərk narahat olub. İndi ondan qisas alırlar.
Mən qəti əminəm ki, Nizami Ağasıyevlə bağlı baş verənlərdən Naxçıvan MR Ali Məclisinin sədri hörmətli V.Talıbovun xəbəri yoxdur. Aşağıdakı məmurların özbaşınalığı isə insanlarda məhz rəhbərliyə qarşı, dövlətə qarşı narazılıq yaradır. Vəli Ələsgərov cinayətkardırsa, Nizami Ağasıyev dərhal, həm də heç bir məhkəmə qərarı gözlənilmədən, əvvəlki işinə bərpa edilməli, ona dəymiş ziyan ödənilməlidir. Yox əgər, Nizami Ağasıyevin hüquqları bərpa edilmirsə, deməli, Vəli Ələsgərov qanunsuz olaraq həbs edilib. Bu dəfə o dərhal azadlığa buraxılmalı, on avurulmuş ziyan ödənilməlidir.
Bir-birinə zidd olan iki həqiqət ola bilməz.
Söz Naxçıvan MR-nın rəhbərliyindədir.
P.S. Cənab Vasif Talıbovun müdaxiləsindən sonra N.Ağasıyev ordu sıralarına bərpa edildi.