Əlaqə vasitələri

MİLLƏT VƏ MİLLƏTÇİLİK ÖZƏTLƏMƏSİ- Nəsib Nəsibzadə

 

Başqa dillərdə olduğu kimi, Azərbaycan Türkcəsində də millət ilə yanaşı, ona sinonim, ya yaxın xeyli anlayış işlədilir.  Millətdən başqa xalq, etnos, etnik birlik, etnik qrup, etnoqrafik qrup günlük həyatımızda ən işlək anlayışlardır. Zamanında qövm anlayışı çox populyar idi.

Biz burada həmin anlayışları gələcək bölümlərə buraxıb, millət üzərində duracağıq.[1] Özü də ilk öncə Avropa materialı üzərində.[2] Beləliklə, bu gün müxtəlif variantlarda işlədilən Britaniya İngiliscəsindəki, ya Fransızcadakı nation anlayışı[3] əski Latıncadakı nasci sözündən yaranmış, doğulmuş, törəmiş deməkdir.

Millət (nation) anlayışı lap əskilərdən məlumdur. Ancaq zamanla dəyişik anlamlar daşımışdır. Belə ki, əski Romalılar dövrün çeşidli tayfalarını natio adlandırır, daha çoxsaylı və önəmli tayfa birliklərinə gentes deyirdilər. Özlərini isə bir qayda olaraq populus romanus adlandırırdılar. Orta çağlar boyu Avropadakı tayfaların əsasən natio adlandırılması yayğın hal idi. Bu anlayış son orta çağlar, feodal toplumların çiçəklənməsi dövründə daha qeyri-müəyyən şəkildə işlədildi. Universitetlərdə tələbələr nationes adlanan qruplara bölünür, onlar da bir qayda olaraq indiki etnik anlamdan fərqli tələbə birlikləri anlamını daşıyırdı. Martin Lüther 1520-ci ildə “German millətinin Xristian zadəganlarına” müraciət edərək onları xalqla ədalətli rəftar etməyə dəvət edirdi.[4] Onun üçün millət, dini və mülki zadəganlar, qalanları isə xalq idi. Böyük Fransız  inqilabı dövründə artıq bu nation yeni anlam qazanmağa başladı; o, danışılan dil və əhalinin etnik özəllikləri ilə yanaşı, sosial  siniflərə münasibətdə də fəal işlədilməyə başlandı. Kral və aristokratiyanı nation sayan retroqradlarla yanaşı, onun (nation’un) burjuaziyaya aid olmasını iddia edənlər də vardı.[5] Beləliklə, millətin kimlərdən – aristokratiya, yoxsa üçüncü sinifdən – ibarət olması məsələsi qızğın müzakirə mövzusuna çevrildi. Özünün sosial və  siyasi dayaqlarını möhkəmləndirmiş burjuaziya daha artıq əzmlə nation’un (millətin) məhz kraldan, klerikal və mülki zadəgan sinfindən azad olduğu, burjuaziyanın demokratik hakimiyyətini qurduğu təqdirdə yaşaya biləcəyini iddia etməyə başladı. Klassik burjua inqilabı olan Fransız inqilabında suverenlik prinsipi mütləq hökmdardan millətə keçdi. Avropada burjua inqilablarının daha çox ölkəni əhatə etməsi ilə artıq “millət kimlərdən ibarətdir?” sualından daha çox “millət nədir?” sualı ətrafında Avropanın fikir adamları çeşidli yanaşmalar ortaya qoydular.

İngilis pozitivizminin görkəmli nümayəndəsi John Stuart Mill (1806-73) yazırdı ki, milli birlik işlək, azad təmsilçi hökumət üçün əsas şərtdir. “Təmsilçi idarəçilik haqqında” adlı əsərində Mill göstərirdi: “Öz aralarında ortaq rəğbətlə birləşdikləri halda bəşəriyyətin bir hissəsini millət [nationality] adlandıra bilərik. Bu rəğbət onlar və başqa biriləri arasında olmur. O, başqa xalqlara nisbətən bir-biri ilə daha sərbəst şəkildə əməkdaşlığa məcbur edir, eyni hökumət altında olmaq arzusunu, özünə aid hökumətin, ya bu hökumətin bir hissəsinin məhz ona aid olması arzusunu   [yaradır]. Bu millət hissi müxtəlif səbəblərdən ortaya çıxa bilər. Bəzən bu irq və əcdad kimliyinin nəticəsidir. Onun yaranmasında dil birliyi və din birliyinin böyük rolu var. Coğrafi sərhədlər bu səbəblərdən biridir. Ancaq bunlar arasında ən güclü olanı siyasi keçmiş kimliyidir; özünəməxsus milli tarix və müvafiq olaraq yaddaş birliyi; keçmişin eyni hadisələrinə münasibətdə ortaq qürur və utanc, məmnunluq və məyusluq hissi.”[6] Çağdaş anlayışlarla ifadə etmiş olsaq, Mill, millətin mövcudluğu üçün milli şüurun olmasını zəruri sayır. Bu milli şüur da özünəməxsus idarəçiliyin (hökumətin) olmasına, ortaq irq, dil, din, coğrafi birlikdən, özəlliklə tarixi keçmiş birliyindən doğur.

Mill, millətin yaranmasında milli hissləri (şüuru) əsas amil hesab edirdisə,  məşhur Fransız filosofu  və tarixçisi Ernest Renan (1823-92) bu amilin iradə olduğunu iddia edirdi. 1882-ci ildə Sorbon Universitetində “Qu’est qu’une nation?” (Millət nədir?)  mövzusunda etdiyi çıxış  Fransız fikir həyatında sonrakı onillərdə də təsirini itirmədi, Fransada rəsmi millət anlayışının qəbulunda əsas oldu. Renan çıxışını modern dövlətlər kimi millətlərin də tarixi kateqoriya olduğu iddiası ilə başlamış, daha sonra fərqli tayfalardan ibarət əhalini millətə çevirən amillər üzərində durmuşdur. O, etnoqrafiya ilə milləti bir-birinə qarışdırmağı böyük səhv saymışdır:”Çağdaş millətlərin yaranmasında etnoqrafik amillərin heç bir rolu olmamışdır. Fransa Kelt, İber və Germanlardan; Almaniya German, Kelt və Slavyanlardan ibarətdir. İtaliya mürəkkəb etnoqrafik quruluşa malik ölkədir. Orada Qallar, Etrusklar, Pelasqlar, Yunanlar, başqa çoxsaylı elementlər ifrat şəkildə bir-birinə qarışmışdır.” Renan’a görə, irqin, dinin, dilin, ticarət, ya sərhədlərin də millətyaranması sürəcində rolu olmamışdır. Onun fikrincə, müxtəlif tayfaları bir yerə gətirən zordur (dövlətdir). Bir dövlətin tərkibibdə olan vətəndaşlar “gündəlik plebisit” vasitəsilə millət olduğunu təsdiq edir. Bu plebisitdə keçmişdə verilmiş və gələcəkdə veriləcək qurbanlara münasibət bildirilir.

Ernest Renan’ın dövlət-vətəndaş milləti modelindən fərqli olaraq özəlliklə Alman məktəbi, milləti etnik və kültür (milli mədəniyyət) birliyi sayır. Johann Herder (1744 –1803) və Johann Fichte (1762 – 1814) ətraf mühitin millətin xarakterinin formalaşmasına birbaşa təsir etdiyini iddia etmişlər. Onlar milli birliyin yaranmasında birinci rolu dil amilinə vermişlər. Böyük Alman filosofu Georg Wilhelm Friedrich Hegel ( 1770 – 1831) milləti fərqləndirən əsas əlamətin xalqın ruhu (Volkgeist) olması ideyasını daha da irəli apardı. Onun fikrincə, hər millət xalq ruhunun xüsusi inkişaf mərhələsi ilə seçilir. “Tarixin fəlsəfəsi” adlı məşhur əsərində o yazırdı ki, müəyyən formalarda özünü göstərən xalqın ruhu “özü-özündən həqiqi əyani dünya yaradan ruhdur, o, … öz dinində, öz kultunda, öz adətlərində, öz dövlət quruluşunda və özünün siyasi qanunlarında, özünün bütün qurumlarında, hərəkətlərində və əməllərində mövcuddur.”[7]

Millətin yaranmasında kültür, dövlət, eləcə də psixoloji amilləri əsas sayan idealizmdən fərqli olaraq marksizm bu yeni fenomeni özünün əsas müddəaları ilə izah etməyə çalışdı. Karl Marks və Fridrix Engels, əsərlərində millətin yaranması və tərəqqisində iqtisadi amillərin, özəlliklə iqtisadi həyat birliyinin; milli və millətlərarası proseslərdə sinfi amillərin, proletar beynəlmiləlçiliyi və burjua millətçiliyinin mühüm rolunun olması ideyasını irəli sürdülər. Marksizm banilərinin bu fikirləri sonralar Avropa sosial-demokratiyası və sosialistlərinin baxışlarında bu, ya başqa formada əksini tapdı. İosif Stalinin 1914-cü ildə formulə etdiyi millətin tərifi uzun onillər marksizmin bu məsələ ilə bağlı ən populyar yanaşması sayıldı: “Millət, etnik birliyin ən yüksək inkişaf mərhələsi olub, dil, ərazi, iqtisadi həyat və mədəniyyətdə özünü göstərən psixi xüsusiyyətlərə dayalı insanların birliyidir.” Bu tərifdən dərhal sonra Stalin əlavə edir ki, sıralanmış amillərdən birisi çatmadıqda insanların bu “dayanıqlı birliyi” millət olmaqdan çıxır, o, “bütün əlamətlər birlikdə mövcud olduğu təqdirdə millət olur.”[8]

XVIII və XIX yüzillərdə millət (və millətçilik) haqqında yuxarıda örnəklərini verdiyimiz pərakəndə araşdırmaları Birinci Dünya Savaşından sonra sistemli akademik araşdırmalar əvəzlədi. Carleton Hayes, Hans Kohn, Alfred Cobban, Louis Snyder kimi tarixçilər milləti hazır (given) bir ictimai kateqoriya kimi ələ almış, onun varlığını və qaynaqlarını sorğulamamışlar. Primordialist (ilkçi) və perennialist (əzəlçi) tarixçilər üçün millət ən təbii və keçərli siyasi təşkilatlanma vahididir; bugünün millətləri yüzillərdən bəri var olan bir birliyin günümüzdəki uzantısıdır; millətlərə orta çağlarda, hətta antik dövrlərdə belə rast gəlmək mümkündür; dəyişən tək şey isə millətlərin büründükləri biçimdir; “milli mahiyyət” eyni qalır. Bu görüşü müdafiə edən yazarlara görə, millət ortaq kültürü, tarixi, dili və torpağı paylaşan insanların yaratdığı topluluqdur/birlikdir.[9]

İkinci Dünya Savaşı və yeni müstəqil dövlətlərin yaranmasından sonrakı dövrdə millət (və millətçilik) mövzusunda aparılan akademik araşdırmalarda modernist baxış üstünlüyə malik idi. Karl Deutsch, Elie Kedourie, Tom Nairn, John Breuilly, Eric J. Hobsbawn, Ernest Gellner, Benedict Anderson kimi araşdırmaçıların əsərlərinin ortaq tərəfi  millətin (və millətçiliyin) modern dövrə (ya son bir neçə yüzilə) aid fenomen olduğu görüşüdür. Bu görüşə görə, millət (və millətçilik) kapitalizm, sənayeləşmə, mərkəzləşmiş dövlətlərin qurulması, şəhərləşmə, laikləşmə (dünyəviləşmə) kimi modern sürəclərlə birlikdə, ya onların məhsulu olaraq ortaya çıxır. Əski çağlarda millətin (və millətçiliyin) ortaya çıxmasını təmin edəcək ictimai, siyasi və iqtisadi şərtlər olmamışdır. Bu şərtlər modern dövrdə yaranıb.

Modernistlərin 20-25 il sürən hegomonluğuna təpki olaraq 1980-90-cı illərdə etno-simvolçu deyilən cərəyan yarandı. John Armstrong, Anthony D. Smith, John Hutchinson kimi nəzəriyyəçilərin qatıldığı bu cərəyan millət (və millətçilik) məsələlərinə yanaşmada etnik keçmişə və kültürə ağırlıq vermişdir. Onlara görə, modern dönəmin millətləri yüzillərlə tarixi olan etnik kültürlərin kölgəsi altında şəkillənmişdir. Keçmişdən gələn miflər, simvollar, adət-ənənələr bugünün millətlərinin/millətçiliklərinin mahiyyətini müəyyən edir. Etno-simvolçular, millətlərin/millətçiliklərin modern dövrün məhsulu olduğunu qəbul edərək primordialistlərdən (ilkçilərdən) fərqlənirlər. Obiri yandan, onlar milləti/millətçiliyi kapitalizm, sənayeləşmə kimi modern sürəclərlə izah edən nəzəriyyələrin də yetərli olmadığını, bu cür yanaşmaların etnik bağlılıqların qalıcılığını nəzərə almadığını iddia edirlər.[10] Etno-simvolçu cərəyanın görkəmli nümayəndəsi Anthony D. Smith’ə görə, hər hansı etnik birliyin, etnosun (Smith buna ethnie deyir) altı təməl özəlliyi vardır: kollektiv bir ad, bir ortaq soy mifi, paylaşılan tarixi yaddaş, ortaq kültürün ayırdedici bir, ya bir neçə ünsürü, bəlli bir ana vətənə duyulan bağ, topluluğun önəmli bir bölümü üçün keçərli olan bir dayanışma/həmrəylik duyğusu.[11] Etnosdan fərqli olaraq millət daha mürəkkəb quruluşa malikdir. Smith’ə görə, millət, “tarixi bir torpağı paylaşan, ortaq mifləri və tarixi yaddaşı, kütləvi bir ictimai kültürü, ortaq iqtisadiyyatı, bütün üzvləri üçün keçərli haqq və vəzifələri, müəyyən bir adı olan insan topluluğudur.”[12]

Millət və millətçilik məsələlərini araşdırmış bəzi araşdırmaçılar millətləri coğrafiyaya görə də təsnif edirlər.  Avropanın batısı və Amerika ilə Avropanın qalan hissələri və Asiyadakı millətlər fərqli yaranma yolu keçmişlər. Alman tarixçisi Friedrich Meinecke 1907-ci ildə yazırdi ki, kültürə dayalı millətlər etnik yekcinsliyin yüksək səviyyəsi ilə fərqlənir; onlarda etnosla millət demək olar eynidir. Bu tip millətlərə o, Yunanları, Almanları, Rusları, İngilis və İrlandiyalıları aid edir, Kürdlər, Tamillər və Çeçenlər kimi etnik qrupları da eyni xarakterə malik hesab edirdi. Bunları “orqanik millətlər” saymaq olardı; onlar hansısa siyasi xarakterli hadisələrin deyil, daha çox təbii-tarixi sürəclərin nəticəsində meydana çıxmışdır. Bu kültürə dayalı millətlərin gücü ondadır ki, tarixən yaranmış güclü milli birlik hissinə sahib olan bu millətlər bir qayda olaraq daha möhkəm, daxilən daha mütəşəkkil olur. Obiri yandan, bu millətlər bir qayda olaraq müstəsnalığa iddialıdırlar; bu millətlərin üzvü olmaq üçün təkcə siyasi loyallıq yetmir, həm də bu etnosun üzvü olmaq lazımdır. Başqa sözlə, kültürə dayalı millətlər özlərini qohum-əqrabadan ibarət olan böyük ailə sayırlar; sadəcə dilini və dinini mənimsəməklə Alman, Rus, ya Kürdə “çevrilmək” mümkün deyil. Bu cür müstəsnalıq, qapalı və ifrat konservativ formalı millətçilik yaradır; çünki insanların şüurunda faktik olaraq millət və irq arasında fərq itib gedir. Hans Kohn’a görə, iki cür millət vardır: İstəyə bağlı Batı millətləri və orqanik Doğu millətləri. Birinci qrup millətlər – İngilislər, Amerikalılar və Fransızlar – ona görə, daha rasional, plüralist və optimist yapıya sahibdirlər. Bu ölkələrdə millətçilik “ictimai müqavilə”yə dayandığından, orta siniflərin müdafiə etdikləri ictimai inkişaf düşüncəsinə xidmət edir. Doğuya gəldikcə, daha emosional və avtoritar bir millət/millətçilik tipi ilə qarşılaşırıq.[13] Sonralar Anthony Smith, Hans Kohn’un bu təsnifatını bir qədər dəyişdirib,  torpağa bağlı (territorial) və etnik millətlər adlandırdı.[14] Peter Alter’ə görə, siyasətə dayalı millətlərə (political nations) Fransızlar, İngilislər və Amerikalılar daxildir; kültürə dayalı millətlər (cultural nations) isə Almanlar, İtalyanlar və Doğu-Orta Avropadakı millətlərdir.[15]

Burada verilmiş məhdud sayda örnəklər də göstərir ki, dünyada “millət nədir?” sualına çeşidli cavablar vardır. Bu çoxçeşidlilik, dəyişik siyasi-ideoloji və akademik məktəblərin əsas prinsiplərindəki fərqdən əlavə, çeşidli ölkələrdə millətin yaranmasının çeşidli yolla baş verməsinin göstəricisidir. Odur ki, dünyada nə qədər ölkə varsa, millətin bəlkə də o qədər  tərifi vardır.

Yuxarıda göstərildiyi kimi, primordial (ilkçi) və perennial (əzəlçi)  yanaşmalardan fərqli olaraq millət haqqında çeşidli ideoloji-siyasi cərəyanlar millətin tarixi kateqoriya olduğunu iddia edir. Millətdən əvvəlki birlik formasının tayfa, ya tayfalar birliyindən ibarət olması, dünya akademik fikrində ən geniş yayılmış tezisdir.[16] Bu ayrıntılara girmədən, mövzumuz gərəyi, milləti yaradan əlamətlər üzərində durmaq daha məqbul sayılmalıdır.

 

Tayfanı millət yapan nədir?

 

Millətin yaranmasında iştirak edən amillərin sayı və önəmi haqqında da çeşidli görüşlər vardır. Biz daha çox rast gəlinən və mütəxəssislərin xüsusi etirazına səbəb olmayan amillərdən başlamağı uyğun gördük.

Bütün mütəxəssislər dil birliyini millətin yaranması üçün vacib şərt sayırlar.

1789-cu il Fransasında xalqın yüzdə əllisi Fransızca danışırdı, bunların da yalnız yüzdə on ikisi- on üçü “doğru-düzgün” bir şəkildə (ədəbi dildə) danışa bilirdi. İtaliyanın birləşdiyi 1860-cı ildə isə əhalinin yalnız yüzdə iki yarımı (2,5%-i) İtalyanca bilirdi.[17]

Tarixinin müəyyən dövrlərində başqa dili də mənimsəməsinə, ikidilli olmasına baxmayaraq, dil birliyi oxşar tayfaların bir millət yaratması üçün zəruridir. Dil özü də onlar arasında yalnız ünsiyyət vasitəsi deyil, həm də mənəvi mədəniyyətin inkişafında mühüm vasitədir. Lap uşaqlıqdan qavranılan və gəlişdirilən ana dili insanların mənəvi dünyasının incə çalarlarını ifadə etməyə qadirdir, onların bir-birini asanlıqla başa düşməsinə imkan verir. Öz dilini dəyişmiş bir insan qrupu daha sonra adətən özünün etnik mənsubiyyətini də dəyişir.

İstisnalar, xüsusi hallar da var. Məsələn, İrlandiyalılar hazırda iki dildə danışırlar. Ya Skotların (Şotlandiyalıların) əksəriyyəti hazırda İngiliscə danışmaqdadırlar.

XVI – XVII yüzillər  Avropasında millətyaranma sürəcində İncilin Latıncadan Almancaya, daha sonralar başqa dillərə çevrilməsi, Avropa dillərinin təhsil, ədəbiyyat, elm dilinə çevrilməsinin birinci dərəcəli rolu olmuşdur.

Ayrı-ayrı ləhcələrin (ağızların) bir-birinə qovuşması nəticəsində vahid ədəbi dilin (dildə standartlaşmanın və unifikasiyanın olması) yaranması millətləşmə sürəcində mühüm mərhələdir. Əslində millətin şəkillənməsinin (formalaşmasının) əsas əlamətlərindən birisi məhz yazı dilinin standartlaşmasıdır.

Elə buradaca XVI yüzildə Avropa tarixində Roma Katolik kilsəsindən ayrılıb, ayrı  məzhəbə aid  “milli” kilsələrin (Protestant, Kalvinist, Anqlikan, Pesbeterian və b.) yaranmasını göstərmək gərəkdir. Bir millətin daxilində bir neçə məzhəbin olması, ya qalması (məsələn, Fransızlardakı kimi) milli birliyə xidmət etməmiş, milli təmərküzləşmənin qarşısında duran problem olaraq qəbul edilmişdir.

Millətləşmə sürəcində maddi (əmək alətləri və üsulları, yaşayış yeri, paltar, bəzək əşyaları, nəqliyyat vasitələri, yemək, mətbəx əşyaları və s. ) və mənəvi (xalq yaradıcılığı, incəsənət, adət-ənənələr, inanışlar və s.) mədəniyyət sahəsində başqa etnosdan fərqli özəlliklərə malik olmağın önəmi böyükdür. Obiri yandan, ortaq kültür dəyərləri fərdlər arasında birləşdirici rol oynayır. Bir ölkənin ayrı-ayrı bölgələri arasında kültür fərqlərinin aradan qalxması millətləşmə sürəcinin irəlilələməsinin aydın əlamətidir. Eləcə də ayrı-ayrı siniflərə məxsus spesifik  kültür dəyərlərinin aradan qalxması, ya bu fərqlərin zəifləməsi millətləşmənin vazkeçilməz gərəyidir. Şifahi və yazılı ədəbiyyatın ümumi dəyərə çevrilməsi etnik birliyin tarixində mühüm mərhələ sayılmaqdadır.

Millətin yaranması üçün ərazi maddi baza, ilkin şərt rolunu oynayır. Çünki insanların təmas qurması üçün onların yan-yana yaşaması gərəkdir. Dil və mənşə fərqi olan insan qrupları belə eyni ərazidə yaşadıqları təqdirdə zamanla bir xalq yarada bilər (Amerika qitəsindəki bir çox millət belə yaranıb). Əksinə, eyni bir millətin ərazi baxımından bölünməsi bu bölmələrdə ayrı-ayrı etnik birliklərin yaranması ilə sonuclana bilər. Yüzillərlə eyni ərazidə məskunlaşan xalq, bu ərazini “vətən”, “yurd” sayır, tarixi taleyini onunla bağlayır. Bununla belə etnosun məskunlaşdığı ərazinin (etnik ərazinin) sərhədləri dəyişə bilər, hətta etnos əski oykumenini tərk edib, tamamilə yeni əraziyə köçə bilər. Məsələn, Ruslar son beş əsrdə etnik ərazilərini dəfələrlə genişləndirmiş, onların indiki vətəni (Rusiya) dünyanın ən geniş etnik ərazisi sayılmaqdadır. Ya Fransızların “vətən” saydıqları ərazi  indiki Paris ətrafındakı kiçik “İle-de-France”dan ibarət olmuş, “Fransa” anlayışı sonralar genişlənmiş, zamanla indiki Fransa ərazisinə aid edilmişdir. Mövzumuz üçün gərəkli olan da məhz bu məqamdır: Millət üçün zəruri olan “vətən”in coğrafiyası tarixən sabit qalmamış, son variantınadək müxtəlif dəyişmə mərhələlərindən keçmişdir. Millət, ayrı-ayrı torpaqların cəmindən təşkil edilmiş “vətən”i özünün dəyəri sayaraq onu başqalarının iddialarından və hücumlarından qorumağa hazır olmuşdur.

Millətin yaranması məsələsi ilə məşğul olmuş mütəxəssislərin əksəriyyəti bu prosesdə iqtisadi amillərin rolunun olduğunu göstərməkdədirlər. Özəlliklə materialist-Marksist yazarlar Stalinin  yuxaridakı tərifinə dayanaraq iqtisadi amilin (“iqtisadi birlik”) birinci dərəcəli rola malik olduğunu vurğulamaqdadırlar. Məsələn, Sovet araşdırmaçılarından A. Aqaev, “iqtisadiyyatı istənilən xalqın etnik əlaməti” saymışdır.[18] Başqa Sovet araşdırmaçısı Viktor Kozlov millətin yaranmasında “iqtisadi birliyin” olması haqqında Stalinin tezisini rədd etmiş, siyasi-dövlət sərhədləri ilə paralanmış millətlərdən “iqtisadi birlik” tələb etməyin doğru olmadığını göstərmişdir. Məsələn, Avstriya-Macarıstanın tərkibində olmuş Batı Ukraynalılarla Rusiya içindəki Ukraynalılar arasında “iqtisadi birliyin” pozulması nədənindən bu millətin iki hissəsini ayrı-ayrı etnik vahid saymağın yersiz olduğunu bildirmşdir. Bununla belə o, haqlı olaraq kapitalizm dövründə iqtisadi-sosial gəlişmənin millətləşməyə birbaşa təsir etdiyi tezisini müdafiə etmişdir.[19] Həqiqətən, millətləşmə sürəcinin Avropada və dünyanın başqa bölgələrində kapitalizmin yaranması ilə meydana gəlməsi, kapitalizmin inkişafı ilə bu prosesin daha da sürətlənməsi və dərinləşməsi təsadüf sayılmamalıdır. Milli burjuaziyanın milli hərəkatları dəstəkləməsi, milli dəyərlərə sahib durması məlum tarixi faktdır.

Başqa sosial orqanizmlər kimi millət də onu təşkil edən fərdlərin müəyyən özünüdərk şüuru ilə səciyyələnir. Əks təqdirdə o, tarixi prosesin subyekti kimi vahid sosial kollektiv olaraq özünü göstərə bilməz. Sosial varlıq olaraq hər bir insan üçün də daha geniş dairəli insan topluluğuna aid olma şüuru nəinki təbiidir, həm də zəruridir. Bu, həmin şəxsə həyatda güvən hissi verir, hətta onun yaşamasına haqq qazandırır. Milli şüur – müəyyən bir xalqa aid olma şüuru, bu xalqın vahid adının istifadə edilməsində özünü göstərir. O, insan qruplarının uzun müddət birgə yaşaması prosesində müxtəlif amillərin təsiri ilə yaranır. Milli şüurun biçimlənməsində ortaq mənşə haqqında təsəvvürlər, ortaq tarixi keçmiş haqqında  baxışlar, “ana dili” və “doğma vətən” haqqında anlayışlar mühüm  rol oynayır. Bəlli inkişaf mərhələsinə çatmış milli şüur, müəyyən müstəqillik qazanır, onu törədən amillərə əks təsir göstərə bilir. Viktor Kozlov etnik/milli şüurun əhəmiyyəti haqqında maraqlı fikirlər ortaya qoymuşdur: “Ümumiyyətlə, insanların xüsusi birlik forması kimi hər bir xalq, yalnız üzvlərinin etnik şüurunun inkişaf etdiyi halda özünü yetərli dərəcədə gerçək ifadə edə bilir. Etnik (milli) şüurun az inkişaf etdiyi hallarda yaranmaqda olan milli ziyalı sinfi, ya dövlətin siyasi xadimləri bu şüuru hələ oyatmağa çalışırlarsa, bu birliyin varlığı belə şübhə altına düşə bilər.”[20] İngilis alimi Peter Alter də milli şüurun millətin varlığında rolunu yüksək qiymətləndirməkdədir: “Milli şüur – siyasi və sosial icmaya məxsus olma hissidir; o, dövlət formasında təşkil olunan millət yaradır, ya onu yaratmağa çalışır; mədəni, ya siyasi millətin fundamental əsasıdır. Prinsipcə, milli şüur milli dövlətin var olmasından asılı deyildir; fəqət milli şüur olmadan milli hərəkat məğlubiyyətə məhkumdur.”[21]

Millət quruculuğu sürəcində dövlət təkanverici, ya qabaqlayıcı rol oynayır. Çoxmillətli, ya  təkmillətli ölkələrdə bu rol bir-birindən daha artıq dərəcədə fərqlənir (bu barədə növbəti məqalədə).

Beləliklə, millət haqqında qısa icmalımızı yekunlaşdırmalı olsaq, bir neçə fikrin altını cızmaq məcburiyyətindəyik. Millət haqqında fərqli, hətta bir-birinə zidd obyektiv və subyektiv, idealist və materialist, territorial və etnik təriflər vardır; onun yaranmasında iştirak edən amillərin də tərkibi və rolu haqqında dəyişik yanaşmalar mövcuddur. Araşdırmaçılar bu prosesdə dil, din, məzhəb, mədəniyyət, kültür, ərazi, iqtisadiyyat, milli şüur, dövlət amillərinin rolunu  qabardırlar.

Millətin yaranması gedişində millətçiliyin də meydana çıxdığı fikri ən yayğın fikirdir. Ancaq milləti yaradan əsas amilin məhz millətçilik olduğu fikrini irəli sürən alimlər də var. Məsələn, bu sahənin görkəmli mütəxəssisi sayılan Ernest Gellner qətiyyətlə göstərir ki, “milləti doğuran millətçilikdir.”[22] Mövzumuz gərəyi, bu iki məfhum arasında əlaqəni də qısaca ələ almaqda fayda ola bilər.
Millətçilik.
Millətə yanaşmada nə qədər fikir ayrılığı varsa, millətçiliyə münasibətdə bu ayrılıq daha çoxdur. Müxtəlif izmlər müxtəlif yanaşma tərzi sərgiləmiş, indi də sərgiləməkdədirlər.

Millətin yaranması haqqında primordial (və perennial), modernist və etno-simvolçu axınların yuxarıda qısaca ələ aldığımız yanaşmaları millətçilik üçün də keçərlidir. Yalnız onu əlavə edək ki, modernistlər millərçiliyin millətlər tərəfindən deyil, əksinə millətçiliyin millətləri yaratdığı düşüncəsini müdafiə edirlər.[23] Etno-simvolçulardan John Amstrong isə millətlərin millətçilikdən öncə də var olduğuna inanır.[24]

Fərqli millətlər olduğu kimi, bu sahənin uzmanları fərqli millətçilik tiplərinin olmasını bildirirlər. Yuxarıda deyildiyi kimi, Hans Kohn’un Batılı-Doğulu millətlər və millətçiliklər ayrımını sürdürərək Anthony Smith, “torpağa bağlı” və “etnik” millətçiliklərdən bəhs edir. Sonuncuları isə “bağımsızlıq öncəsi” və “bağımsızlıq sonrası” deyə ikiyə ayırır. John Breuilly isə “ayrılıqçı”, “reformçu” və birləşməçi” olmaq üzrə üç ayrı kateqoriyalar müəyyənləşdirir. Peter Alter “risorgimento” (aşağıdan, xalqdan gələn), “reform” və “bütünləşdirici” (inteqral) millətçilikdən söz edir. Peter Sugar isə Doğu Avropada “burjua”, “aristokrat”, “populyar” (xalq), və “bürokratik” millətçilik olmaq üzrə dörd növ millətçiliyin olduğunu iddia edir.[25]

Millətçilik, millətin bütününə xitab edir; sinif ayrılığı tanımaz; onun bütün fərdlərini qardaş sayır. Bununla belə millətçilik fikri və hərəkatının  yaranmasında müəyyən siniflər və sosial qruplar daha fəal rol oynamışdır/oynamaqdadır. Avropada iqtisadi və sosial durum ölkələr üzrə fərqli olduğundan  burada milli ideologiya və hərəkatların aparıcı sinifləri də fərqli olmuşdur. Anthony Smith territorial-siyasi millətlərdə millətçilik ideologiyasının biçimlənməsində peşəkarların (hüquqşünaslar, həkimlər, mühəndislər, mülki məmurlar və b.) aparıcı rol oynadığını iddia edir. Etnik millətlərdə bu rola aydınlar (ziyalı) sinfi üstlənmişdir. Aydınlar, kütlələri siyasi meydana toplamaq kimi ən kiçik bir niyyət bəsləmədikləri halda belə, etnik təsəvvürü daha açıq şəkildə “siniflərarası” və “ümumxalq” halına salan sosial təbəqədir. Bu nədənlə o, xalqın səfərbər edilməsi işində əxlaqi və ritorik olaraq ən önəmli bir rol oynayır.[26] Peter Alter məsələyə daha ayrıntılı yanaşmışdır. Onun iddiasına görə, Avropa feodalizminin son mərhələsində yüksələn burjuaziya risorgemento millətçiliyinin aşağı-yuxarı yeganə daşıyıcısı olmuşdur. Əslində “burjua millətçiliyi” anlayışı risorgimento millətçiliyinin sinonimi kimi işlədilmişdir. Bu fikir, Fransa inqilabından sonrakı demək olar bütün hərəkatlar üçün keçərlidir; millət adından danışmağa iddialı olan kiçik burjua eliti milli hərəkatların nüvəsini təşkil etmişdir. Maraqlıdır ki, ticarət və sənaye burjuaziyasına nisbətdə təhsil görmüş orta sinif nümayəndələri (yazıçılar, jurnalistlər, vəkillər, klerikallar,müəllimlər, aşağı rütbəli mülki qulluqçular, azad məslək sahələrinin nümayəndələri) daha fəal şəkildə hərəkata qatılmışlar. XIX yüzildə burjua təbəqələrinin nisbətən zəif olduğu Doğu-Orta Avropada milli hərəkatlarda “aydınların” (intelligensiyanın) fəallığı xüsusi göstərilməlidir.[27]

Napoleona qarşı azadlıq savaşı dövründə Alman millətçiliyini oxumuş kəsim, özəlliklə tələbələr təmsil edirdi. 1840-larda bu hərəkatın sosial bazası yüksək rütbəli mülki məmurlar, ticarət və əmlak burjuaziyası, professorlar, eləcə də sənətkarlar hesabına genişləndi. Hətta Bavariya və Prussiyanın iki tanınmış monarxı milli hərəkata rəğbəti ilə fərqlənirdi. Bölünmüş İtaliyada XIX yüzilin birinci yarısında milli proqramı olan sənaye burjuaziyasının varlığı belə əsaslı şübhələr doğururdu. Almaniyada olduğu kimi burada da milli hərəkatın gücünü və enerjisini jurnalistlər, yazıçılar, elm-təhsil adamları və vəkillər – geniş anlamda intellektualar, eləcə də liberal ruhlu aristokratiya və daimi ordunun  zabitləri təşkil edirdi. 1857-ci ilinSocieta Nazionale’ında liberal aristokratlar, sərbəst sənət sahibləri yüksək mövqeləri tutmuşdular. Bununla belə yerli torpaq sahibləri, sənətkarlar, mülki məmurlar, silahlı qüvvələrin nümayəndələri, kənd təsərrüfatı, ticarət və sənayedəki orta biznes sinfi də yaxşı təmsil edilmişdi. İrlandiyada eyni dövrdə milli hərəkatın əsas hərəkətverici gücü torpaq sahibləri, kəndlilər, şəhərin orta sinifləri və Katolik ruhanilər idi.[28]

Keçmiş çoxmillətli Avstriya imperiyasında milli hərəkatlarda təmsil olunmuş sosial təbəqələrin nümayəndələri daha artıq dərəcədə çoxrəngli idi; burada liberal dairələrdən olduğu kimi mühafizəkar təbəqələrin nümayəndələri də var idi. Belə ki, Macarıstan zadəganları Avstriya ilə bərabər statusa can atırdılar; Xorvatiya və Qalisiyada müxtəlif formada siyasi muxtariyyətə yalnız burjuaziya deyil, həm də mülkədarlar can atırdılar; milli dil haqlarının təmin olunmasında  məzlum millətlərin bütün sosial təbəqələri maraqlı idilər. Avstriya imperiyasında müxtəlif milli-azadlıq hərəkatlarında hər halda ən fəal qüvvə kiçik burjuaziya, özəlliklə ona yaxın olan aydınlar təbəqəsi idi.[29]

Millətçiliyin XIX yüzil Avropasında modernizmin yetirməsi olduğu və uyğun olaraq onun gəlişməsində önəmli rol oynadığı haqqında mütəxəssislər arasında aşağı-yuxarı fikir birliyi vardır. Ancaq daha sonralar konstruktiv səciyyəli millətçiliyin bəzi ölkələrdə (İtaliya, Almaniya kimi) ifrat hal alıb, irqçilik ideologiyasının və şovinist siyasətin yaranmasına təkan verməsi bu anlayışa münasibətin haçalanmasına nədən oldu. Özəlliklə İkinci Dünya Savaşından sonra solçu görüşlü elm adamlarının (Eric Hobsbawm, Elie Kedourie, Ernest Gellner kimi) bu elm sahəsində əsas söz sahiblərinə çevrilmələri ilə millətçilik mövzusuna akademik yanaşma mürəkkəb xarakter aldı.

Obiri yandan, XIX və XX yüzillərdə Avropa millətçiliyi bir ideologiya kimi dünyanın başqa yerlərinə yaydı. Ancaq Penguinsözlüyünün iddia etdiyi kimi, “Avropa imperializmi özünə rəva gördüyü milli müqəddəratı təyin etmək haqqını ikiüzlülüklə başqalarına aid etmədi; bu millətçi ideologiya Avropa nəzarətinə qarşı yönəldi və milli azadlıq [hərəkatının] silahına çevrildi.” [30]  Yerli millətçiliklərin Qərbin dominantlığına qarşı yönəlməsi Qərbin akademik, özəlliklə siyasi fikrində bu cərəyana (millətçiliyə) ehtiyatlı, hətta ikili münasibəti şərtləndirdi.  Siyasətçilər bir qayda olaraq “ifrat millətçiliyin” arzuolunmaz hal olduğundan, ona qarşı mübarizənin zəruriliyindən bəhs etməyə başladılar. Siyasi ritorikada millətçilik ideoloji və siyasi cərəyan kimi əsasən “vətənpərvərlik” (vətənçilik, patriotizm) anlayışı ilə ifadə edildi.

John T. Rourke millətçiliyi xarakterizə edərək onu əski Roma qapı ilahı Janus’a bənzədir.[31] Onun bənzətməsinə görə, millətçiliyin bir üzü harmoniyadırsa, o birisi münaqişədir. Bu elm adamı daha sonra millətçiliyin qurucu və dağıdıcı özəlliklərini qısa şəkildə özətləyir. Onun qurucu (müsbət) yanları aşağıdakılardır: Millətçilik  demokratiyanı dəstəkləyir; millətçilik xalqları öz müqəddəratını təyin etməyə yönləndirir; millətçilik imperializmin qarşısında bir maneədir; millətçilik iqtisadi gəlişmənin yolunu açır;[32]millətçilik çoxkültürçülüyün və kültürlərin çulğalaşmasının yolunu açır. John T. Rourke bu müsbət keyfiyyətləri ilə yanaşı, millərçiliyin müəyyən şərtlərdə mənfi rol oynaya bildiyini də göstərir. Bu dağıdıcı (mənfi) rol aşağıdakı kimi təsnif edilir: Millətçilik təcridə apara bilər; millətçilik tez-tez başqa xalqlara münasibətdə üstünlük hissi yaradır; millətçilik bəzən başqa millətlərə şübhə, nifrət, ya qorxu ilə yanaşır (ksenofobiya); millətçilk bəzən təkəbbürə yol açır (şovinizm); millətçilik bəzən messianik xarakter ala bilər; millətçilik aqressiv davranışa nədən ola bilər.

Burada ən çox diqqəti çəkən millətçiliklə demokratiya arasında əlaqədir. Özəlliklə liberallar və kommunistlər millətçiliyin demokratiyaya zidd olması fikrində israr etməkdədirlər. Onların israrına baxmayaraq, millət və millətçilik mövzusunu araşdırmış elm adamlarının xeyli hissəsi  bu iki anlayışın (millətçilik və demokratiyanın) mütləq ziddiyyətdə olması fikrinin yanlışlığını ortaya qoymuşdur. Özəlliklə bu mövzuda müzakirələr Soyuq Savaşın bitməsindən sonra millətçiliyin yeni dalğasının yaranması ilə yenidən başladı. 1992-ci ilin payızında nüfuzlu “Journal of Democracy” dərgisi deyilən mövzuda müzakirə açdı. Gürcü aradırmaçısı Ghia Nodia’nın bu dərgidə çap olunmuş “Millətçilik və demokratiya” adlı məqaləsi geniş əks-səda yaratdı.[33] Yazar bu məqalədə millətçiliyin demokratiyanı rədd etmədiyi fikrini müdafiə edir, əksinə onların bir-birini tamamladığını göstərirdi: ” Millətçilik ideyası demokratiya ideyası olmadan mümkün ola bilməz – həqiqətən bu, ağılalmaz bir iş olardı – və demokratiya heç vaxt millətçiliksiz var ola bilməz.”[34]

Dərginin elə eyni sayında bu məqaləyə iki şərh verilmişdir. Onlardan biri Qərb siyasi fikrində böyük nüfuz sahiblərindən olan Francis Fukuyama’ya məxsusdur. Fukuyama yazır: “Nodia’nın, millətçiliyin bütün əlamətlərinin pis olduğunu önə sürən doqmatik liberal inanışı rədd etməsini təqdirlə qarşılayıram. Nodia’nın da işarə etdiyi kimi, son zamanlarda Mixail Qorbaçov bu bariz inanışı yayanların başında gəlməkdədir. Bu inanışdan istifadə tərzi, əlbəttə, tamamilə öz maraqlarını qorumaq biçimində olmuşdur. Ona görə, prezidenti olduğu və bir çox etnik kökdən ibarət bildiyimiz əski SSRİ qorunmazsa, hər şey birdən-birə xaosa dönəcəkdi; odur ki, yaxşı millətçilik deyə bir şey yoxmuş. Əslində Sovet İttifaqına xas olan bu durumda, onun yıxılmasından sonra yaranan respublikalarda demokratiyanın ortaya çıxa bilməsi üçün millətçilik zəruri bir ilkin şərtdir.”[35] Ghia Nodia’nın bu məqaləsinə öz münasibətini bildirmiş başqa bir elm adamı Shlomo Avineri daha aydın və qəti mövqe ortaya qoyur: “Nodia’nın millətçilik və demokratiya haqqında yazmış olduğu dərin məqaləsi millətçiliyin çağdaşlaşma məsələsində oynadığı, insanda müxtəlif duyğular oyandıran rolunu ən açıq bir şəkildə ortaya qoymaqdadır. Millətçilik ibtidai və irrasional struktura malik olan ənənəvi cəmiyyətlərin qalığı deyildir və siyasi bir güc olaraq  (təkcə etnik özəlliklərə dayanmayan bir şəkildə) son dərəcə modern bir fenomendir. Nodia’nın ortaya qoyduğu kimi millətçilik, insan şəxsiyyəti və müstəqilliyi məsələsindəki Kantçı doktrinlə olduğu qədər Fransız inqilabında ortaya çıxan xalq suverenliyi konsepti ilə də qarmaqarışıq bir şəkildə iç-içə durumdadır. Millətçiliyi atavizm olaraq görən liberallar, onu tarixin zibilliyinə göndərmək məqsədilə “proletariatın ana vətəninin olmadığını” elan edən ağaları tərəfindən aldadılan marksistlər qədər yanlış düşünməkdədirlər.”[36] Eyni dərginin başqa bir sayında başqa bir araşdırmaçı Robert Cooper bu məsələ ilə bağlı iddia edir: “Demokratiya güclü milli kimlik tələb edir, ancaq liberalizm, onun yaranmasına artan güclə mane olur.”[37]

Beləliklə, millət və millətçilik mövzusuna yekun vurarkən bir daha vurğulayaq ki, “millət və millətçilik nədir?” sualına onlarla cavab vardır. Bu cavablar ölkələrdən və siyasi-ideoloji cərəyanların özünəməxsus yanaşmasından asılı olaraq bir-birindən fərqləndirilmiş və yetərincə siyasiləşdirilmişdir. Bununla belə elm adamları millətlərin yaranmasında ölkədən asılı olaraq çeşidli nisbətdə dil, din-məzhəb, kültür, iqtisadi, coğrafi, sosial kimi amillərin rolunu  göstərməkdədirlər. Siyasi-dövlət amilinin rolu həssaslığı ilə fərqlənir və özəl araşdırılmağa layiqdir.

____________________________________________________________

[1] Millət sözünün İbrani, ya Aramey kökənli olub, Ərəbcəyə keçməsi təxmin edilir. Quranda o din, toplum anlamında işlədilmiş, uzun zaman məhz Müsəlman icmasını ifadə etmişdir. Bu sözün qarşılıqlısı əl-zimma, ya əhl əl-zimma Müsəlman olmayanları ifadə etmək üçün istifadə edilmişdir. (İslam Ansiklopedisi, 8. Cilt, İstanbul, 1979, s. 317) Bu söz son yüzillərdə Müsəlman Şərqində etnik anlam daşımağa başlamışdır.

[2]  Bu məqalə monoqrafiyanın bir bölməsi olaraq nəzərdə tutulmuşdur. Müzakirə üçün təqdim edilir. Yerli material başqa bölmələrdə araşdırılacaq.

[3] Amerika, ya daha dəqiq ifadə edilmiş olsa, ABŞ İngiliscəsində nation sözü bir qayda olaraq dövlət anlamında işlədilir,millət anlamını verən söz peopledır. Dövlətlərarası təşkilat olmasına baxmayaraq, Birləşmiş Millətlər Təşkilatının (Organization of United Nations) adı da “nation” sözünün məhz ABŞ İngiliscəsindəki anlamında işlədilmişdir.

[4] Альфред Козинг, Нация в истории и современности, Москва: Прогресс, 1978, с. 38-39.

[5] Yenə orada.

[6] Дж. Стюарт Милль, Представительное правление, Спб, 1907, с 275; Аlıntı: Альфред Козинг, Нация в истории и современности,с.57-58)

[7] Гегель, Сочинения, т. VIII, Москва-Ленинград, 1935, с. 75.

[8] И.В.Сталин, Сочинения, т.2, с. 296-297.

[9] Baxın: Umut Özkırımlı, Milliyetçilik Kuramları. Eleştirel Bir Bakış, İstanbul: Doğu-Batı, 2009, s.81-94.

[10] Umut Özkırımlı, Milliyetçilik Kuramları. Eleştirel Bir Bakış, s. 210.

[11] Anthony D. Smith, The Ethnic Origins of Nations, Oxford: Basil Blackwell, 1986, pp. 22-24.

[12] Anthony D. Smith, National İdentity, London: Penguin, 1991, p. 14.

[13] Umut Özkırımlı, Milliyetçilik Kuramları. Eleştirel Bir Bakış, s. 60-61.

[14] Anthony D. Smith, National İdentity,s. 79-84.

[15] Peter Alter, Nationalism, p. 9.

[16] Sovet marksist etnoqrafiya elminə görə, ictimai-iqtisadi formasiyalarda fərqli etnik birlik formaları olmuşdur; ibtidai icma və quldarlıq  quruluşuna tayfa, feodalizmə xalq (rusca народность), kapitalizmə kapitalist milləti, sosializməsocialist milləti uyğun gəlir. Məsələn, baxın: Ю.В. Бромлей, Очерки теории этноса, Москва: Наука, 1983, özəlliklə 4-cü bölüm. Bəzi araşdırmalarda etnik inkişafın üç mərhələsi – tayfa, ümmət, millət – olduğu fikri qəbul edilmişdir. Məsələn, baxın:Orhan Türkdoğan, Türk Ulus-Devlet Kimliği, İstanbul: İQ Kültür Sanat Yayıncılık, 2005, s.22.

[17] Eric J. Hobsbawm, Nations and Nationalism since 1780: Programme, Myth and Reality, Cambridge: Cambridge University Press, 1990, p. 60/

[18] А.Г.Агаев, Нация, ее сущность и самосознание, Вопросы истории, 1967, N 7, с. 98.

[19] Baxın: В.И.Козлов, Динамика численности народов. Методология исследования и основные факторы, Москва: Наука, 1969, с.32-35.

[20] Yenə orada, s. 48-49.

[21] Peter Alter, Nationalism, Second edition, London etc.: Edward Arnold, 1994, p. 12.

[22] Ernest Gellner, Nations and Nationalism, İthaca: Cornell University Press, 1983, p. 55.

[23] Modernistlərin, millətçiliyin modern dövrdə yarandığı fikrini irəli sürmələrinə baxmayaraq, onun (millətçiliyin) məhz nə zaman yarandığı haqqında fikir ayrılığı mövcuddur. Kimiləri İngiltərədə vətəndaş müharibəsini, kimiləri Latın Amerikasında bağımsızlıq hərəkatlarını, Peter Alter Fransa inqilabını, Breuilly və Kedourie isə Alman romantizmini millətçiliyin qaynağı olaraq göstərir. Umut Özkırımlı, Milliyetçilik Kuramları. Eleştirel Bir Bakış,s. 106.

[24] Yenə orada, s. 212.

[25] Baxın: Umut Özkırımlı, Milliyetçilik Kuramları. Eleştirel Bir Bakış,s. 79-80.

[26] Anthony D. Smith, Etnik kimlik, İstanbul: İletişim, 1991, s. 29.

[27] Peter Alter, Nationalism, p.49-50.

[28] Yenə orada, s.50-53.

[29] Baxın: В. И. Фрейдзон и др. (ред.), Освободительные движения народов Австрийской империи. Период утверждения капитализма, Москва: Наука, 1981, с.119-120.

[30] Graham Evans and Jeffrey Newnham, The Penguin Dictionary of International Relations, London: Penguin Books,1998, p. 347-348.

[31]John T. Rourke, International Politics on the World Stage, Connecticut: DPG, 1989, p. 149-157.

[32] John T. Rourke bu tezisi belə izah edir: “Bir sıra araşdırmaçı, millətçiliyi modernizasiyanın yaradıcısı və məhsulu sayır. Millətçilik ticarətin genişlənməsinə şərait yaradan daha böyük siyasi vahidlər törətmişdir. 1787-ci il Amerika Anayasasında milli hökumətin dövlətiçi tarifləri və dövlətiçi ticarət üzərində nəzarəti yasaq etməsi bu gəlişməyə bir misaldır. Sənayeləşmə və şəhərləşmənin meydana çıxması ilə kütlənin yerli hakimiyyətlərə bağlılığı azaldı və o, millət-dövlətlərə bağlılıqla əvəz edildi.” Yenə orada, s. 150.

[33] Ghia Nodia, Nationalism and Democaracy, Journal of Democracy, October 1992, vol. 3, no 4, p. 3-22.

[34] Yenə orada, p. 4.

[35] Frencis Fukuyama, Comments on Nationalism and Democracy, Journal of Democracy, October 1992, vol. 3, no 4, p. 25.

[36] Shlomo Avineri, Comments on Nationalism and Democracy, Journal of Democracy, October 1992, vol. 3, no 4, p. 28.

[37] Robert Cooper, The Post-Cold War World: Integration and Disintegration, Journal of Democracy, January 1999, vol.10, no 1, p. 11.

Prof. Nəsib Nəsibli,  nasibnasibli@gmail.com
N.S

 

© 2010-2012, Güney Azərbaycan Televiziyonu
001 773 388 01 00 | obali@gunaz.tv

 

Loading