‘Cahangir Hacıyev ilk dəfə Məhərrəm Əliyevə zəng edib”
Ötən ilin sentyabrında Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən çıxarılması ilə Azərbaycanda “MTN işi” başladı. Nazirliyin yüksək rütbəli zabitləri həbs olundu, qurum iki xidmətə bölünməklə tarixin arxivinə gömüldü. Hətta nazirliyin yüksək rütbəli zabitlərindən biri İlqar Əliyev həbsxanada müəmmalı şəkildə öldü.
Ötən müddətdə Eldar Mahmudov və komandası ilə bağlı müxtəlif fikirlər səsləndi. Bunlardan daha çox müzakirə olunanlardan biri keçmiş nazirdə 2 mindən çox seks-video kasetlərin olması xəbəridir. Çəkilişlərin daha çox nazir, məmur və deputatları əhatə etdiyi bildirilir. Hüquqşünas, “Femida” qəzetinin baş redaktoru Əyyub Kərimli Meydan.tv-ə müsahibəsində gündəmin sual doğuran məqamlarına aydınlıq gətirib.
– Əyyub müəllim, siz DİN və keçmiş MTN-lə bağlı məsələlərdə həmişə üzdə olan, media diliylə desək, sensasiya yaradacaq açıqlama verən hüquqşünas və jurnalist hesab edilirsiniz. Ona görə də söhbətimizi ötən həftənin müzakirə olunan xəbərindən başlayacam. Sualım ənənəvidir-siyasi şərhçi Ərəstun Oruclunun “keçmiş nazir Eldar Mahmudovda 2800 seks videosu olub və bunların əksəriyyəti nazirlər, deputatlar və onlara yaxın adamlar barədədir”- açıqlaması haqda nə deyə bilərsiniz?
– Çox maraqlı açıqlamadır və bu barədə məlumatlar 4-5 ay əvvəl məndə də olub. Ancaq məndə olan məlumata görə, disklərin sayı 2800-dən də çoxdur. Hesab edin ki, bu haqda bir sıra hakimiyyət mənsubları artıq məlumatlıdırlar. Bu üsul 2004-cü ildən – Eldar Mahmudov nazir təyin olunandan sonra istifadə olunub. Amma onun qrupu bu cür videoların çəkilişində hakimiyyətin də sifarişlərini yerinə yetirib.
– Yuxarı təbəqənin…?
– Bəli.
– Yəni yalnız öz təşəbbüsü olmayıb?
– Xeyr. Hesab edək ki, 3 sifariş yuxarının olubsa, biri özünün təşəbbüsü ilə olub. Ümumiyyətlə, bu üsul əvvəllər də olub.
” Bu, “verbovka” olunmaq üsulu sayılır”
– Sabiq MTN zabiti İlham İsmayıl da seks şantajının tarixən xüsusi xidmət orqanlarının populyar metodlarından biri olduğunu deyib…
– SSRİ kimi imperiyanın DTK-sı bu üsuldan Qərb diplomatlarına qarşı istifadə edib və bu, “verbovka” olunmaq üsulu sayılır. Rusiyanın Yeltsin dövrünü xatırlayın, ədliyyə naziri Kovalyov və baş prokuror Skuratov bu üsulla şantaj olundu. Bu haqda Rusiyanın məşhur “Soverşenno sekretno” qəzeti Larisa Kisniskinin yazısını verdi. Məqalə dərc olunan zaman Yeltsin səfərdəydi və baş prokuror istefa ərizəsini verdi. Düzdür, sonra müqavimət göstərməyə başladı. Həmin dövrdə o qədər tanınmayan indiki prezident Putinin də bu hadisədə böyük rolu olmuşdu.
– Ancaq keçmiş DTK zabiti Kaluqin demişdi ki, həmin şantaj saxta idi…
– Ola bilsin elədir. Ancaq bir daha deyirəm, sovet illərində bu üsuldan istifadə edilirdi, çünki məmurlar, siyasilər çarpayıda hər şeyi danışırlar. Məsələn, yuqoslaviyalı siyasətçi Jozef Pol-Bankur əlaqəda olduğu qadına demişdi ki, sənin qolların arasında olmaq üçün Yuqoslaviyaya tüpürərdim də. Yaxud siyasətçi Qambetta “kiçik kraliçamı Fransadan da çox istəyirəm” – deyə bildirmiş və bunlar onların karyerasına son qoymuşdu. Çünki məmur, siyasətçi bir içkili, bir də qadınla əlaqədə olanda istər-istəməz hər şeyi danışır. Demək istəyirəm ki, bu üsulla məmurun, siyasi xadimin karyerasına ya son qoyulur, ya da həmin adam verbovka olunur. Qayıdaq Azərbaycana, seks-video disk yalnız Eldar Mahmudovun şəxsən özünə lazım olub, amma say daha çoxdur və 4-5 ay əvvəl mənə də bu barədə məlumat vermişdilər ki, sabiq nazir təkcə qorxutma ilə yox, seks videolarla da insanları şantaj edirmiş. Və yaddan çıxarmayaq ki, sayı tam məlum olmayan həmin kasetlərin bir hissəsi Hacı Məmmədovdan qalma idi, hansı ki, onları Qara Bulaqda çəkmişdi.
“Bir nazirin xanımı oğurlanmalıydı”
– Güman ki, həmin disklər etibarlı əllərdədir və o, bununla müqavimət göstərir…?
– Dəqiq fikir söyləmək çətindir. Ancaq real yanaşaq, doğrudanmı Eldar Mahmudov Elşad Abdullayev qədər də deyil? Axı keçmiş rektor özünə studiya qurub çəkdiyi kasetləri Fransaya aparıb ordan yayırdı. Belə götürdükdə, 11 il ölkənin xüsusi xidmət orqanına rəhbərlik edən Eldar Mahmudov qəfildən hər şeyin dəyişə biləcəyini düşünərdi. Bir məsəl var, şaha yaxın olmaq ölümə yaxın olmaq kimi bir şeydir.
– Çox maraqlıdır, bu informasiya Eldar Mahmudovun qudası Zamirə Hacıyevanın həbs olunması barədə məhkəmə qərarının gündəmə gəlməsi, ardınca onun bankdan 18 milyon avro çıxarması və Böyük Britaniya vətəndaşı olması barədə xəbərlərdən sonra yayıldı. Bir əlaqə görmürsünüzmü?
– Sözsüz ki, müəyyən əlaqə var. Məsələ ondadır ki, Eldar Mahmudov “Qara kəmər” əməliyyatından sonra istənilən prosesdə üstün roldaydı. Daxili İşlər Nazirliyi nüfuzdan düşmüşdü, Respublika Prokurorluğu müqavimət göstərmək iqtidarında deyildi və birdən-birə MTN 2005-ci ilin martın 10-da “Qara kəmər” əməliyyatıyla önə çıxdı.
– Martın 2-də isə jurnalist Elmar Hüseynov qətlə yetirilmişdi…
– Bəli. Bu hadisədən sonra Hacı Məmmədov əməliyyatın bir az da ləngiyəcəyini düşünürdü. Çünki əməliyyat daha tez keçirilməliydi.
– Bir məqam da var, Hacı Məmmədov Zamirə Hacıyevanın azad olunması üçün əvvəl 15 milyon, sonra isə 2 milyon avro tələb edib…
– Aydındır, amma məndə olan məlumatlar tamam başqa cür idi və sonra Hacı Məmmədov etiraf etdi ki, o, məhkəmədə bəzi şeyləri olduğu kimi deməyib. Əslində, Hacı Məmmədov Zamirə Hacıyevanı oğurlamaq istəmirdi. Ancaq həmin vaxt Zamirə Hacıyeva ilə bərabər indi də yüksək postda olan bir nazirin xanımı oğurlanmalıydı. Hər iki xanım rəfiqə olduqlarından eyni salona gedirdilər, Hacı Məmmədovun dəstəsi isə onları daim izləyirdi. Son anda Hacı Məmmədov əməliyyat planını dəyişib, yəni iki xanımın birdən oğurlanmasının böyük hay-küy salacağını bildirib. Zamirə Hacıyevanın oğurlanması o qədər ajiotaj yaratmasa da, adını çəkmək istəmədiyim nazirin xanımının oğurlanması hay-küy yaradacaqdı. Ona görə də xanımlar salondan çıxıb bir-birindən ayrılandan sonra onlar Zamirə Hacıyevanı oğurlayırlar. Bir daha deyirəm, əvvəlki planda hər iki xanımı bir yerdə götürmək olub. Hacı Məmmədov düz qərar qəbul etmişdi, çünki o, cinayətin açılmayacağına ümidli idi, yəni pulla məsələ qapanacaq. Məndə olan məlumata görə, Hacı Məmmədova Zamirə Hacıyevaya görə pul almaq sərf etmirdi, o, Cahangir Hacıyevin prezidentə birbaşa çıxışını bildiyindən elə kobud səhvə yol verməzdi. Sadəcə, pul məsələsi şişmişdi, çeçenlər öz pullarını tələb edirdi.
“Məhərrəm Əliyev məsləhət görür ki…”
– Bəs nədən əvvəl 15, sonra 2 milyon avro səslənir?
– Bilirsiniz ki, Hacı Məmmədovanın dəstəsində xeyli sayda çeçenlər vardı və Beynəlxalq Banka xaricdən onların adına pul gəlmişdi. Bankın rəhbərliyindən çeçenlər pulu istəsələr də, vermirdi, xəbərdarlıq edilsə də, Cahangir Hacıyev bundan imtina edirdi, elə dediyiniz məbləğ odur. Məhz ona görə Hacı Məmmədov Zamirə Hacıyevanı oğurladı.
– Bir az detallara gedək, Zamirə Hacıyevanın azad olunması əməliyyatını Eldar Mahmudovun rəhbərlik etdiyi MTN həyata keçirdi. Ancaq sonradan yayılan xəbərlərə görə, bu barədə ilk məlumat Məhərrəm Əliyevdə olub. Onda niyə əməliyyatı DİN yox, MTN keçirib?
– Yox, sizin məlumat müəyyən qədərdir. Mən bildiyim qədər Məhərrəm Əliyevlə Cahangir Hacıyevin tanışlığı olub. Hadisə baş verəndə Məhərrəm Əliyev Cavadağa Sultanovla toyda imiş. Cahangir Hacıyev ona zəng edib baş verənləri danışır, bir az sonra Əliyevlə Sultanov Beynəlxalq Banka gedir. Bildiyimə görə, Cavadağa Sultanov aşağıda onu gözləyib, içəri keçmir. Söhbət zamanı Məhərrəm Əliyev Cahangir Hacıyevə məsləhət görür ki, ölkə başçısına xəbər versin. Elə bir yerdə prezidentin qəbuluna gedirlər. Cahangir Hacıyev müəyyən məsələləri bilməsə də, Məhərrəm Əliyev adam oğurluğu ilə bağlı prosesləri “beş barmağı” kimi bilirdi. Ancaq o zaman Məhərrəm Əliyevlə nazir Ramil Usubov və Cinayət-axtarış İdarəsinin rəisi Zakir Nəsirov arasında ziddiyyətlər var idi. Nəzərə alın ki, sonuncular Məhərrəm Əliyev paytaxt polisinin rəisi olduğu son dövrlərdə bir dəfə də olsun ora gəlməmişdilər. Heydər Əliyevin sağlığında şəhər polisi adam oğurluğuyla bağlı müəyyən işləri araşdırmışdı. Sonradan nazirlə paytaxt polisinin rəhbəri arasındakı fikir ayrılıqları yarandığından prezident göstəriş verir ki, bu məsələləri şəhər polisi araşdırmayacaq. Ondan sonra bu işlə sırf DİN məşğul olurdu. Əgər o zaman Məhərrəm Əliyevlə nazir Usubov və Zakir Nəsirov arasında ziddiyyətlər olmasaydı, Hacı Məmmədovun dəstəsi daha tez ifşa olunacaqdı.
– Məgər, Hacı Məmmədov daha yuxarılara arxalanmırdımı?
– O, haralara arxalansa da, Məhərrəm Əliyevin əlindən qurtula bilməyəcəkdi. Amma bu istiqamətdə işlər şəhər polsindən alınanda, Hacı Məmmədov bir az da cəsarətləndi.
– Bu mənada kriminalist Rövşən Əliyevin də qətli sıradan bir hadisə sayılmaya bilər?
– Bəli, Rövşən Əliyevin qətli də sıradan deyil. Nazir Ramil Usubov 2005-ci ilin martında dedi ki, dağıstanlı Maqomedovu Heydər Əliyevin göstərişiylə buraxıb, sonuncu şəhər polisinin əməliyyatı nəticəsində saxlanmışdı. Demək istəyirəm ki, Məhərrəm Əliyev Bakı Şəhər Baş Polisinin rəisi kimi adam oğurluğu haqda olduqca məlumatlıydı. Sözsüz ki, o, Cahangir Hacıyevlə prezidentin qəbulunda olanda onu inandıra bilib. Bildiyimə görə, o, deyib ki, əməliyyatı DİN aparsa, ya Hacı Məmmədov, ya da Zamirə Hacıyeva sağ qaytarılmayacaq. Zamira Hacıyeva fevralda oğurlanmışdı və jurnalist Elmar Hüseynov da bunu bilib. Onun azad olunması əməliyyatına türklər də qoşulmuşdu, ancaq Hacı Məmmədovun dəstəsi düşünürdü ki, Elmar Hüseynovun qətli onunla bağlı əməliyyatı bir az da geri çəkəcək. Və Elmar Hüseynovun ölümü ilə bağlı prezidentin yanında keçirilən Təhlükəsizlik Şurasının toplantısından Hacı Məmmədovun dəqiq məlumatı vardı. Onun məhkəmədə verdiyi ifadələrdə də bu sezilirdi.
Cahangir Hacıyevin mükafatı
– Ümumiyyətlə,Cahangir Hacıyev necə oldu ki, Beynəlxalq Bankın prezidenti təyin edildi?
– Beynəlxalq Bankla bağlı apardığım bir işdə bu barədə məlumat əldə etdim. Bilirsiniz ki, Beynəlxalq Bankın açılışında sabiq prezident Heydər Əliyev özü iştirak etmişdi, bankın ilk rəhbəri başqa şəxs idi, Moskvadan gəlmişdi, Moskvanın meri Luşkova bağlıydı. Həmin şəxs Cahangir Hacıyevi ordan uzaqlaşdırsa da, onun bankda əlaqələri qalırdı. Bank sistemi qapalı olduğundan iş vaxtı bitəndə hamı ordan getməlidir. İlk rəhbərlik isə bankın pul kodlarını bildiyindən gecələr birjalarda oynadırdılar, məsələn, Nyu-York birjasında. Nə qazanırdılarsa, ofşor zonalara ötürürdülər, qalanı isə yerinə qoyulurdu. Elə olur ki, rəhbərlik bankın pulunun yarısını uduzur, ofşordan nə qədər pul gətirsələr də, itkiləri örtməyə yetmir və fors-major yaranır. Cahangir Hacıyev də hakimiyyətdəki yaxınları vasitəsilə olayı Heydər Əliyevə çatdırır. Bundan sonra həmin adama məsləhət görülür ki, zərəri qəpiyinə qədər ödəmək şərtilə ölkəni tərk edə bilər. Beləliklə, Cahangir Hacıyev Beynəlxalq Bankın rəhbəri təyin olunmaqla mükafatlandırılır.
“İş adamını incidirdilər”
– Eldar Mahmudovun nazir işlədiyi dövrdə sahibkarlar daha çox hədəfdə idi. Bu mənada sizin də müdafiə etdiyiniz şəxslər arasında belələri olubmu və bununla bağlı nazirliyə yolunuz düşübmü?
– Bəli, 2005-ci ilin yay fəslində belə hadisə baş verib. İndi həmin adam həbsdə olduğundan adını çəkmək istəmirəm. Mən bir iş adamının nümayəndəsiydim, onu şahid qismində çağırmışdılar. Cənub bölgəsindən deputatlığa namizədliyini irəli sürmüşdü və qeydə alınmışdı da.
– Keçmiş AMİP-çi Vaqif Musayev deyildi ki?
– Ad çəkməyəcəm. Bizi bir neçə saat MTN-nin qarşısında saxladılar, sonra yuxarı apardılar. Dindirmədən əvvəl məni istintaq rəisinin otağına çağırıb “bəlkə müdafiədən imtina edəsiniz” desələr də, razılaşmadım. O zaman Eldar Mahmudovun nüfuzunun yüksək dövrüydü, təsəvvür edin, bu dindirmə “Qara kəmər” əməliyyatından sonra idi. İşin mahiyyəti o idi ki, nümayəndəsi olduğum adamın 70-ci illərdə bir “Jiquli”si olub, ondan sonra 11 dəfə həmin maşın satılıb və nəhayət, Hacı Məmmədovun dəstəsinin cinayətlərində istifadə olunub. Bunlar DYP-dən aldıqları sənədləri araşdıranda məlum olur ki, avtomobil vaxtilə filan iş adamında da olub. Biz maşının 70-ci illərin sonunda satıldığını və ondan sonra da 11 dəfə alqı-satqıda olduğunu söyləsək də, onlar sorğu-sualı davam etdirirdilər. Bir daha deyirəm, o zaman MTN favorit idi, məlum əməliyyatdan sonra mükafatlandırılmışdı, hələ qarşıda 2005-ci ilin nazir həbsləri var idi. Onlar siyahıya baxırdılar, görəndə ki, maşını alan hansısa göyərti satandırsa, kənara qoyurdular, yox, tanınmış iş adamıdırsa, onda çağırırdılar. Mənim müdafiə etdiyim adam da ürək xəstəsi olduğundan müstəntiqdən soruşdu ki, dindirmə nə qədər davam edəcək, cavab “müəllim, bəlkə bu gün burdan getmədiniz” deyiləndə narahatlığı artdı. İndi adamın halını təsəvvür edin də, mən etiraz edib təzyiq olduğunu bildirdim.
– Bəs nə istəyirdilər?
– Əlbəttə ki, pul istəyirdilər. Amma məbləği birbaşa demirdilər. Bununla belə, dindirmə sona qədər getmədi, o, 70-ci illərdə “Jiquli”si olduğunu dedi, amma qardaşına etbarnamə verib və maşın satılıb. Hətta maşının harda olduğunu soruşurdular, siz 20 il əvvəl satılan maşının harda olduğunu bilərsinizmi?! Bəlkə heç maşın yox idi, əsas məqsədləri pul almaq idi. Sonradan müstəntiq bir neçə dəfə rəhbərliyin yanına qalxdı, qayıdıb anlaşılmazlıq olduğunu deyib üzr istədi və lazım olsa, bir daha çağıracaqlarını söylədi.
“Namiq Abbasovun Eldar Mahmudovla əvəzlənməsi yanlış addım idi”
– Milli Təhlükəsizlik Nazirliyinə Eldar Mahmudovdan əvvəl rəhbərlik etmiş şəxslərin zamanında bu cür hallar baş verməmişdi. Yəni iş adamlarından, məmurlardan hədə-qorxuyla pul almaq, adam oğurlamaq, seks videoları və s. Bu barədə nə deyə bilərsiniz?
– Bir hüquqşünas kimi düşünürəm ki, Namiq Abbasovun Eldar Mahmudovla əvəzlənməsi prezident tərəfindən buraxılmış ən kobud səhvlərdən biri idi. Sözsüz ki, mən kadr məsələlərinə müdaxilə edə bilmərəm, amma vətəndaş kimi belə düşünürəm. Namiq Abbasovdan sonra MTN-ə “OBXSS” işçisi yox, xüsusi xidmət orqanında çalışan, yetkin və peşəkar şəxs gətirilməliydi. Kənardan da gətirib ətrafına peşəkarları yığmaq olardı. Bu qurumun tarixində belə hadisələr olub, Namiq Abbasov jurnalistikadan gəlib, yaxud Vaqif Hüseynov partiya orqanlarından gətirilmişdi. Amma Vaqif Hüseynovla çalışanlar onu bacarıqlı və peşəkarları irəli çəkdiyini deyirlər.
– Ancaq Eldar Mahmudov təkcə MTN-də yox, hakimiyyətin başqa qollarında da kök salmışdı. Və belə bir adamı prezidentə kim təqdim etmişdi sualı gündəmə çıxır…
– Əvvəla, 1994-cü ildə Vaqif Novruzov vəzifəsindən azad olunduqdan sonra onu Ramil Usubov əvəz etdi və onun ilk işdən kənarlaşdırdığı adamlardan biri Eldar Mahmudov idi. Vaxtında atılmış addım idi…
– Nəyə görə azad etmişdi?
– Yəqin ki, tanıyıb. Ramil Usubov nazir vəzifəsinə kənardan gətirilməyib, DİN-də bir çox vəzifələrdə çalışıb, iki dəfə Naxçıvanın naziri olub, Cinayət-axtarış İdarəsinin rəisi işləyib. Ona görə Mahmudovun kim olduğunu yaxşı bilirdi. Vaqif Novruzovu isə Heydər Əliyevə Bakı şəhərinin sabiq icra başçısı Rəfael Allahverdiyev təqdim etmişdi. Vaqif Novruzovun YAP qarşısında müəyyən xidmətləri vardı, Nərimanov rayonun polis rəisi işləyirdi, bunlar haqqında Heydər Əliyevə məlumatları Rafael Allahverdiyev vermişdi. Vaqif Novruzov nazir təyin olunandan sonra iqtisadi-cinayətkarlığa qarşı idarənin rəhbərliyinə çox namizədlər olub, amma o deyib ki, Eldar Mahmudov olacaq, çünki onun namizədliyini Cəlal Əliyev irəli sürüb. Güman ki, Mahmudovun təyinatında AMEA üzvü olan atasının Cəlal Əliyevlə münasibətlərinin də rolu olub. Bir daha deyirəm, Usubovun nazir təyin olunan kimi Mahmudovu işdən uzaqlaşdırması cəsarətli addım idi.
– Bəs necə oldu ki, 1997-ci ildə yenidən onu qəbul edib, işə götürdü?
– Bəli, qəbul edib vəzifə verdi, amma 1 ay sonra yenə çıxardı.
– Niyə?
– Çünki tanıyırdı. Bilirsiniz, nazir olmaq rahat deyil, siyasi konyuktura da var, kimsə rəhbərliyə deyir ki, bərpa etməlisən. Amma Eldar Mahmudovun səsi 1998-ci ildən 2004-cü ilə qədər gəlmədi.
Zakir Nəsirovun ömürlük həbsinin səbəbi…
– Bildiyimə görə, nazir Usubov Mahmudovu Zakir Nəsirovla birgə qəbul edib və hətta hər ikisini danlayıb. Və vəziyyət elə gətirdi ki, Zakir Nəsirov MTN-nin əməliyyatından sonra həbs olundu və ömürlük azadlıqdan məhrum olundu. Nəhayət, Nəsirovun vəkili Adil İsmayılovun o zaman mübahisə və müzakirə olunan “Zakir Nəsirovdan bir nəfərin əleyhinə ifadə almaq istəyirlər” açılqmasını da xatırlayaq. Bu, o demək deyildimi Eldar Mahmudov Zakir Nəsirovu Ramil Usubova qarşı danışdırmaq istəyib?
– Müəyyən qədər dediklərinizi bölüşürəm. DİN-də tanıdığım insanlar olub ki, böyük vəzifələr tutub və onlardan biri bu barədə mənə danışıb. Tarixi dəqiq bilməsəm də, hadisə belə olub: nazir hər iki şəxsi kabinetinə çağırıb, Eldar Mahmudov içəri daxil olanda Usubov Zakir Nəsirovu danlayırmış və onu da tənqid edib. Amma Eldar Mahmudov Zakir Nəsirovdan fərqli olaraq özünü çox ərköyün aparıb, yəni “işləyirəm də, mənə nə irad tuta bilərsən, nə etməliyəm” deyə bildirib. Onlar kabinetdən bir yerdə çıxıblar və liftin qarşısında Nəsirov nazirdən narazılıq edib. Hətta Eldar Mahmudov “nələr bilirsən, aç da sandığı” – deyib. Bu hadisənin üstündən illər keçir, Mahmudov milli təhlükəsizlik naziridir, Nəsirov isə həbs olunub. Beləliklə, Mahmudov onu qəbul edib liftin qarşısındakı söhbəti xatırladır və bildiyimə görə, ondan Usubovun əleyhinə ifadə almağa cəhd göstərir, amma nail ola bilmir. Məlumatıma görə, Nəsirov ona belə cavab verib: “Mən Usubovla işlədiyim dövrdə də tənqidi fikirlərimi onun özünə demişəm”. Nəticədə Nəsirov ömürlük azadlıqdan məhrum olunur. Zaman elə gətirdi ki, Mahmudov sağına-soluna baxmadan istədiyini edirdi. Baxın, Hacı Məmmədov qanunsuz olaraq MTN-də saxlanılırdı. Ona görə ki, o, daim DİN üçün qorxu olsun, sanki Hacı Məmmədov MTN-dən Daxili İşlər Nazirliyinə baxırdı və nazirlik nüfuzdan salınmışdı. Respublika Prokurorluğunda da Eldar Mahmudovun qarşısına çıxmağa müəyyən xətlər yox idi. Nəhayət, 2005-ci ilin oktyabr hadisələri onu bir az şişirtdi. Bir daha deyirəm, “Qara kəmər” hazırlanmış əməliyyat idi, sadəcə, prokurorluq cəsarət göstərə bilmirdi.
– Bəs kim mane olurdu?
– Əməliyyatın keçirilməsi üçün ciddi göstəriş, siyasi qərar lazım idi. Məhərrəm Əliyev də kənarlaşdırılmışdı…
“MTN-ə də bir Hacı Məmmədov lazım idi”
-Belə çıxır ki, Zamirə Hacıyeva oğurlanmasaydı, heç əməliyyat da keçirilməyəcəkdi?
– Bəli, keçirilməyəcəkdi. Əgər Hacı Məmmədov Zamirə Hacıyevada səhvə yol verməsəydi… Hesab edin ki, Hacı Məmmədovun özünü ayrı yolla sıradan götürərdilər, amma bu məsələ açılmayacaqdı. Sadəcə, Hacı Məmmədov o səhvi özünə bağışlaya bilmirdi. DİN-də bir Hacı Məmmədov peyda olduğu kimi Eldar Mahmudova da bir Hacı Məmmədov lazım idi və o, Akif Çovdarovu tapdı. Müqayisə etsəniz, Hacı Məmmədov Akif Çovdarovdan qat-qat savadlıdır, Hacı 10 Çovdarov ağırlığında mütailəyə malik idi. Onunla söhbət edən müstəntiqlər bunu gizlətmirlər. Həm də yaradıcılığa meylliydi, onun şəkil çəkməsi havadan gəlməyib. Ona şəkil çəkməyə kim şərait yaradıb? Eldar Mahmudov bununla kimə işarə verirdi?! Şəkillərin biri belədir, qara eynəkli oğlan və arxa fonda Londondakı Biq-Ben saatı. O zaman da deyirdim ki, bunlar yalnız Hacı Məmmədovun beyninin məhsulu deyil, ideya Eldar Mahmudovdan gəlirdi. Yoxsa Hacı Məmmədovu “qara gözünə” görə orda saxlamırdılar. Deməli, Hacı Məmmədov şəkilləri çəkirdi, rəhmətlik Elçin Behbudov da gedib onunla görüşüb şəkilləri mətbuatda yayımlayırdı, hətta deyirdi ki, ona hədiyyə verib. Bunlar hamısı məqsədli şəkildə gerçəkləşirdi.
– Nəhayət, MTN olaylarından sonra Elçin Behbudov vəfat edir…
“Ramil Usubovla görüşəndə dedim ki…”
“Sevinc Babayevanın öldürüləcəyini demişdim”
Ötən ilin sentyabrında Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən çıxarılması ilə Azərbaycanda “MTN işi” başladı. Nazirliyin yüksək rütbəli zabitləri həbs olundu, qurum iki xidmətə bölünməklə tarixin arxivinə gömüldü. Hətta nazirliyin yüksək rütbəli zabitlərindən biri İlqar Əliyev həbsxanada müəmmalı şəkildə öldü.
Ötən müddətdə Eldar Mahmudov və komandası ilə bağlı müxtəlif fikirlər səsləndi. Bunlardan daha çox müzakirə olunanlardan biri keçmiş nazirdə 2 mindən çox seks-video kasetlərin olması xəbəridir. Çəkilişlərin daha çox nazir, məmur və deputatları əhatə etdiyi bildirilir. Hüquqşünas, “Femida” qəzetinin baş redaktoru Əyyub Kərimli Meydan.tv-ə müsahibəsində gündəmin sual doğuran məqamlarına aydınlıq gətirib.
Elçin Behbudovun müəmmalı vəfatı…
– Nəhayət, MTN olaylarından sonra Elçin Behbudov vəfat edir…
– Müəmmalı şəkildə vəfat etdi. Yenə də fikrimin üstündə dayanıram, Hacı Məmmədovun çəkdikləri Eldar Mahmudovun siyasi sifarişləri idi. Görün, Eldar Mahmudov necə işləyirdi, Hacı Məmmədova rəsmlər çəkdirib ictimailəşdirirdi, sahibkarları hədəfə alırdı və video çəkilişlər, bütün vasitələrdən istifadə edirdi.
– Başqa maraqlı fakt, o vəzifəsindən uzaqlaşdırılandan 10 gün sonra Elşad Abdullayevin prokurorluqda işləyən qardaşı işdən çıxarıldı. Vaxtilə danışan Abdullayev isə son vaxtlar nədənsə susur. Dediklərimi necə izah edərdiz?
– Mənim məlumatıma görə, Elşad Abdullayev həmin çəkilişləri rəhbərlik etdiyi universitetdə aparmayıb. Nərimanovun heykəlinin yanında studiya üçün ofis götürüb, kimi çəkəcəkmişsə, ora dəvət edirmiş. İndi sual yaranır; adi universitet rəhbəri necə studiya qurub, kameralar üçün xətlər çəkib çəkiliş aparır və sonra kasetləri ölkədən çıxarır? Bunların hamısı ona dəstəkdən irəli gəlirdi. İndi 11 il milli təhlükəsizlik naziri olan Eldar Mahmudov diskləri çıxarda bilməzmi? Siz bir ironiyaya baxın, Elşad Abdullayevin qardaşının itməsi haqda ilk məlumatı “Femida”da mən yaymışam və onunla dəfələrlə görüşlər keçirmişəm, amma deyilən yerdə yox. Şahidlərin iştirakı olmadan görüşməmişəm. O, mənə təzyiq edirdi ki, qardaşıyla bağlı araşdırmaları dayandırım. Hətta deyirdi ki, araşdırmaları dayandırmırsansa, cinayətkar dəstəylə əlaqədarsan. Və o, ölkəni tərk edəndən sonra məlum videolar yayımlandı. Sualınızın məğzinə gələk, Mahmudov nazir olduğu vaxt Elşad Abdullayevin qardaşına toxunmurdular, o, çıxarılandan 10 gün sonra uzaqlaşdırıldı, sadə məsələ deyil.
Ramiz Mehdiyev Eldar Mahmudovun nazir olmasına etiraz edib
– İki məqama diqqət etmənizi istərdim. Birinci, Elşad Abdullayevin yaydığı videolarda hədəf Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev idi. İkinci, jurnalist Pərviz Həşimli də məhkəmədə deyirdi ki, MTN-dən ona Ramiz Mehdiyevin əleyhinə ifadə vermək üçün təzyiq edirlər. Bu, Eldar Mahmudovun hakimiyyət daxilində müəyyən söz sahibi olan məmurları hədəfə aldığını deməyə əsas verirmi?
– Bildiyimə görə, Eldar Mahmudovun nazir təyin olunmasına Ramiz Mehdiyev qəti etiraz edib. Ramiz Mehdiyev Eldar Mahmudovu o vəzifədə görmək istəməyib. Eldar Mahmudov da onun namizədliyinin əleyhinə kimlərin çıxdığını bilirdi. Təbii ki, fəaliyyəti dövründə administrasiya rəhbərini hədəfə almaq üçün müəyyən xətlərlə işləyirdi.
– Yeri gəlmişkən, sabiq maliyyə naziri Əvəz Ələkbərov bir neçə ay əvvəl bildirmişdi ki, Eldar Mahmudovun kəsdiyi başa söz ola bilməzdi…
– Bəli, Əvəz Ələkbərov həmin sözü elə-belə işlətməmişdi. Məsələ ondadır ki, o, 2005-cü ildə həbs olunmalıydı, Fərhad Əliyevlə, Əli İnsanovla və Akif Muradverdiyevlə birgə. Yəni o dəstənin üzvü kimi həbs edilməliydi. İkinci, Əvəz Ələkbərovla Cahangir Hacıyev arasında fikir ayrılığı vardı. O, Beynəlxalq Bank barədə çox şey bilirdi. Onu həmin dövrdə dindirmələrə çox çağırmışdılar. Sadəcə, siyasi rəhbərlik həbsə razılıq vermədi. Yalnız ona gücləri çatdı ki, onu vəzifədən uzaqlaşdırdılar. Bununla belə, maliyyə naziri vəzifəsinə öz adamlarını gətirə bilmədilər. Ancaq sabiq nazir Ələkbərov bu gün də bu barədə susur.
– Deməli, Eldar Mahmudov Maliyyə Nazirliyinə də öz adamını qoymaq istəyirmiş və belə bir namizədi var idi?
– Var idi, əgər Maliyyə Nazirliyini götürsəydilər, dairə qapanırdı. Bu gün Cahangir Hacıyev nəyə görə deyir ki, onunla birgə maliyyə naziri də məsuliyyət daşıyır? Samir Şərifova qədər də nazir olan Əvəz Ələkbərov Cahangir Hacıyevin nəylə məşğul olduğunu və kimə arxalandığını bilirdi. Daha vacib məqam, Eldar Mahmudovla Cahangir Hacıyevin qudalığı ikinciylə bağlı deyil, Zamirə Hacıyeva xəttidir.
Qudaların xətti
– Onların qohumluğu “Qara kəmər” əməliyyatından sonra baş tutub?
– Əlbəttə. Məntiq var axı, əgər onlar qudaydısa, Cahangir Hacıyev Zamirə Hacıyeva oğurlananda niyə Məhərrəm Əliyevə zəng edirdi, elə Eldar Mahmudova zəng edərdi də. Beləliklə, Mahmudov nazir olandan sonra Hacı Məmmədovu MTN-nin təcridxanasında saxlayıb, onun vasitəsilə müəyyən adamlara mesaj verirdi. İkinci Hacı Məmmədov isə Akif Çovdarov oldu. MTN-də zabitlər tanıyıram ki, Çovdarov vəzifəyə təyin olunanda havalanmışdılar.
– O zaman Zamirə Hacıyevanın Böyük Britaniyada vətəndaşlıq almasında Mahmudovun da rolu olub…
– Siz bilirsinizmi, rus oliqarxları Londonu “Londonqrad” adlandırırlar? Bilmirəm, bizimkilər necə adlandırır, amma azərbaycanlı oliqarxlar harda təminatlı sığınacaq olduğunu bilirlər. Hər halda Maliyyə Nazirliyini götürə bilmədilər, amma səhv etmirəmsə, Ərəstun Oruclu demişdi, Çovdarov daim ətrafındakılara bildirirmiş ki, Eldar Mahmudov tezliklə baş nazir olacaq. Buna hazırlıq gedirdi.
Mahmudovun ən yola getmədiyi adam Əli Nağıyev olub
– Deməli, MTN işindən sonra bəzi media orqanlarının Eldar Mahmudovun hakimiyyəti götürmək iddiası barədə yazdıqlarında həqiqət var imiş?
– Bu barədə konkret heç nə deyə bilmərəm. Amma prezident Astanadan qayıdan kimi Mahmudov barədə sərəncamı imzalayıb. Yəqin bilirsiniz ki, Mahmudov ən çox yola getmədiyi fiqur Əli Nağıyev olub, çünki ikinci öz sahəsində peşəkar idi. Mahmudov həmişə Nağıyevdən çəkinib, birinci səbəb peşəkarlıq idisə, ikinci savadlılıq. 90-cı illərdə Əli Nağıyev MTN-nin Nərimanov rayon şöbəsinin rəisi olub. Sonra MTN-də daha yüksək post tutub, necə oldusa, onu ordan çıxardılar, amma Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə gətirildi. Mahmudov onun haqqında daha ciddi ölçü götürülməsini istəyirmiş. Görünür, Ramiz Mehdiyev ona bu imkanı vermədi. Yadınıza salın, jurnalist Pərviz Həşimli məhkəmədə ona Ramiz Mehdiyev və Əli Nağıyev əleyhinə ifadə almaq üçün təzyiq olunduğunu, işgəncə verildiyini deyirdi. Baxmayaraq ki, Nağıyev MTN-dən uzaqlaşdırılmışdı, yenə də Mahmudov əl çəkmirdi. Məsələ ondaydı ki, o zaman prezidentin Mahmudova etimadı böyük idi, həm də başqa bir qohumluq əlaqəsi yaranmışdı. Bütün bunlara baxmayaraq, prezident ötən ilin sentyabrında qərarını verdi, başqa yolu yox idi. Bilirsiniz, MTN də artıq OBXSS-ə çevrilmişdi. Bir məqamı xatırladacam; niyə Vaqif Novruzov 2012-ci ilin martında birdən-birə çıxıb geniş müsahibə verdi? O söyləyirdi ki, Eldar Mahmudova milli qəhrəman adı verilməlidir. Və keçmiş baş prokurorlar Əli Ömərovla Eldar Həsənovu hədəfə alırdı. Vaqif Novruzov Eldar Mahmudovun rəisi olmuşdu, ikinci də ona olan borcundan çıxmaq istəyirdi.
Vaqif Novruzov üçün general rütbəsi
– Borc nədən ibarət idi?
– Birinci, Vaqif Novruzov barədə cinayət işini Əli Ömərov qaldırmışdı. Mən Vaqif Novruzovun əməllərilə bağlı araşdırma aparıb, yazı yazmışdım və bunun əsasında cinayət işi açıldı, amma çox təəssüf ki, həmin iş məhkəməyə göndərilmədi.
– Cinayət işinin motivi nə idi?
– Rüşvət istənilməsi və sair məsələlərlə bağlıydı. Ona görə də Əli Ömərov cəsarət göstərib cinayət işini qaldırmışdı. Deməli, Vaqif Novruzov danışırdı və ardınca onun MTN-ə vəzifəyə gətirilməsi üçün zəmin hazırlanırdı, ardınca general rütbəsi.
– Axı onun yaşı keçmişdi…
– Kim idi ona baxan? Əgər Eldar Mahmudov hər şey edə bilirdisə, hansı yaşdan danışırsınız? Bax, indi Vaqif Novruzovdan soruşmaq lazımdır; budurmu milli qəhrəman, heç olmasa, bu sözə görə utanırsanmı?
– Həmin sual ona verildi, amma yayındı…
– Təbii ki, yayınacaq. Məsələ ondadır ki, Vaqif Novruzov daxili işlər naziri kimi DİN-in üzqarası idi. Yeganə nazir olub ki, polkovnik gəlib, polkovnik də getdi. Heydər Əliyevin rəhbərlik tarixində olmayıb ki, nazir gətirdiyi adama general rütbəsi verməsin. Necə oldu ki, Usubova nazir təyin olunandan 1 ay sonra general rütbəsi verildi, amma 9 aydan çox işləyən Vaqif Novruzova heç nə verilmədi? Başqa bir fakt, Eldar Mahmudovun ətrafına yığdıqlarının əksəriyyəti Nərimanov polisindən idi, özü də orda Vaqif Novruzovla işləmişdi. Akif Çovdarov da vaxtilə Nərimanov polisində çalışıb, sonradan Rusiyaya biznesə gedib. Vaqif Novruzov bütün gücü ilə Məhərrəm Əliyevin şəhər Polis İdarəsinin rəisi olmamasına çalışırdı. O zaman Məhərrəm Əliyev Səbail Polis İdarəsinin rəisi idi. Məndə olan məlumata görə, Məhərrəm Əliyev və Vaqif Novruzov Ramiz Mehdiyevin kabinetində görüşürlər. Məhərrəm Əliyev deyir ki, o, bir daha bura gəlməyəcək, cənab prezident paytaxt polisində kimi rəis görmək istəyir? Ramiz Mehdiyev cavab verir ki, sizi. Məhərrəm Əliyev yenidən sual verir, əgər cənab prezident məni görmək istəyirsə, bəs nazir kimi rəis görmək istəyir? Bundan sonra Vaqif Novruzov Məhərrəm Əliyevin təqdimatını verməyə məcbur olur, ona qədər təqdimatını vermirdi. Mən həmin görüş barədə məqalə yazdım, amma Vaqif Novruzov buna cavab vermədi. Yalan yazmışdımsa, çıxıb deyərdi ki, belə söhbət olmayıb.
“Prezident Eldar Mahmudovu tanıya bilməzdi”
– Əyyub müəllim, prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovun da Eldar Mahmudova yaxınlığını yəqin ki, bilirsiniz. İkinci vurulandan sonra əleyhinə danışmadı, hətta yüksək qiymət verdi, amma ona toxunulmadı…
– Hər bir insan başqasını yüksək qiymətləndirə bilər. Məncə, prezident Eldar Mahmudovu tanıya bilməzdi, çünki onların yolları kəsişməyib, güman ki, onun namizədliyini sıradan bir nəfər irəli sürməyib ki, prezident qəbul etməsin. Həmişə demişəm ki, Çovdarovun elədiklərinin yanında Hacı Məmmədovun tərətdikləri toya getməlidir. Çovdarovun törətdiyi əməllərin heç 5 faizi açılmayıb, ortada çox böyük cinayətlər var. Guya MTN-də ölüm işləri olmayıbmı, işgəncə olmayıbmı? 11 ildə insanları çağırıb hədə-qorxu, işgəncə ilə öldürmək azmı olub? Bəs nədən Çovdarov da daxil həbs olunanlara özünü öldürmə dərəcəsinə çatdırma ittiahamı irəli sürmürlər? Xatırlayırsınızsa, sabiq nazir Namiq Abbasov açıq şəkildə deyirdi ki, Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin oğurlanması işi olduqca qəliz və müəmmalıdır. Bəs nə üçün Eldar Mahmudov o işi açmadı? Axı Mahir Abdullayev də MTN-çi olub, heç olmasa paqon yoldaşlığı vardı. Elşad Abdullayev isə bu gün susur. Mən iddia etmirəm ki, söylədiklərim Quran ayəsidir, razılaşmaya bilərlər. Ancaq bir vaxt Elşad Abdullayev müsahibələr verirdi və Fransada mühacir həyatı yaşayan Ramin Nağıyev də onu müdafiə edirdi…
Sevinc Babayeva ilə bağlı açıqlamam təsdiqləndi
– Ramin Nağıyev sizi ittiham etmişdi ki, Əyyub Kərim Bakıda olsa da, baş verənlərdən xəbərsizdir…
– Bəli, elə bir cümlə işlətmişdi. Mənim ölçü cihazım, yaxud vəzifəm yoxdur ki, bütün baş verənlərdən xəbərim olsun. Mənə lazım olanlardan xəbərim olur və bu barədə də yazıram. Ancaq Ramin Nağıyev özünü qorusun, çünki bir azdan Elşad Abdullayevlə intriqaları yaranacaq. Və söylədiklərim oldu və o zaman “Azadlıq” qəzeti bu barədə sual verəndə, münasibət bildirməyəcəyimi dedim. Elə məsələlər olur ki, o barədə susmaq daha yaxşıdır. Buna bağlı bir hadisəni danışacam. Elçibəyin ölümü ilə bağlı bir cinayət işi açmışdılar, o zaman Rövşanə adlı xanımı bir neçə yerdə dindirirdilər, Bakı şəhər Prokurorluğunda da. Dindirmədən çıxanda mənə zəng edib Sevinc Babayevanın açıqlamaları haqqında sual verdilər. Cavab verdim ki, bu cür məsələlərdə şahidi sağ saxlamırlar, aradan götürməyə çalışırlar, belə davam etsə, Sevinc Babayeva aradan götürülə bilər. Mən sadəcə münasibətimi demişdim, 2-3 saat sonra xəbər çıxdı ki, Sevinc Babayeva ölüb. Azadlıq Radiosu zəng etdi ki, siz bunu hardan bilirdiniz? Məndə heç bir informasiya yox idi, yalnız ehtimal şəklində münasibətimi demişdim.
– Rövşanə xanım kim idi?
– Onu həm MTN-də, həm də prokurorluqda dindirirdilər, Elşad Abdullayevin yaydığı kasetlər və Pərviz Həşimlinin işi haqda da sual verirdilər. MTN-də xanıma təzyiqlər vardı, bir neçə adamın əleyhinə ondan ifadə almağa cəhd edirdilər.
– Kimlərin əleyhinə?
– Pərviz Həşimlinin və Əli Nağıyevin. 4-5 saat dindirmə getdi, Eldar Mahmudov çıxarılandan sonra məlumat aldım ki, əgər mən olmasaydım, həmin xanım orda saxlanılacaqdı və təzyiqlər nəticəsində müəyyən ifadələr alınacaqdı. Hətta Eldar Mahmudov tabeliyində olanlara deyib ki, hansı ağılla Əyyub Kərimovu içəri buraxmısınız? Onlar cavab veriblər ki, məni içəri buraxanda kim olduğumu bilməyiblər. Amma yalan deyiblər, çünki mən sənədlərimi təqdim etmişdim, güman ki, rəhbərliyə tam məlumat çatdırmadan içəri buraxılmışdım. Bəlkə də düşünüblər ki, yuxarıda məni kənarlaşdıracaqlar.
– Dindirmə zamanı hazırda həbsdə olan Elçin Quliyev və həbsxanada müəmmalı şəkildə ölən İlqar Əliyevlə üz-üzə gəldinizmi?
– Rövşəna xanım dindirilən zaman Mövlan Şıxəliyev daxil olmaqla adlarını çəkdikləriniz otağa girib-çıxırdılar. Onlar xanıma təzyiqlər etməyə çalışırdılar. Amma müdaxilə edib deyirdim ki, suallarınızı verin, amma hədə-qorxu olmaz.
– İlqar Əliyevin ölümü barədə nə deyə bilərsiniz?Artıq Akif Çovdarovun da ürəyinin ağrıdığını deyirlər…
– Bu cür məlumatlar MTN-nin üsullarıdır. Necə oldu ki, Çovdarov MTN təcridxanasında sahibkarlara, dindarlara, jurnalistlərə işgəncə verəndə, ürəyi ağrımırdı, ancaq bu gün ağrıyır? Onun ağrıyan ürəyi varmı? Əgər varsa, gərək o dövrdə də ağrıyardı. Belə hallarda, istəyir azadlıqda olana, yaxud məhbəsdə olana deyirlər ki, bizə problem yaratma, özün məsələni həll et.
– Yəni İlqar Əliyevə də o cür mesaj veriblər?
– Ola bilər. Ən yaxşı yol budur, Stalinin məşhur kəlamında olduğu kimi: “İnsan var, problem var, insan yoxdur, problem yoxdur”. Biz bəzən sual veririk ki, Eldar Mahmudov niyə həbs olunmur, bəlkə ona da şərait yaradırlar. SSRİ-nin sabiq daxili işlər naziri Şelokov özünü necə vurmuşdu? Ona dedilər ki, sənə şərait yaratdıq, ancaq başa düşmədin, gəlirik. O da general formasını geyindi və tüfənglə özünü öldürdü. Bəzən çöldə də, içəridə də olana eşitdirirlər ki, sənə məhkəmə qarşısına çıxmaq lazımdır?
“Ramil Usubov məni məhkəməyə verdi…”
– Şelokovdan söz düşmüşkən, o keçmiş SSRİ-nin ən çox işləyən daxili işlər naziri olub, 16 il. Amma o rekordu Azərbaycanın daxili işlər naziri Ramil Usubov yenilədi, 22 ildir nazirdir. Vaxtilə o da sizi məhkəməyə vermişdi. Səbəb sizin sabiq polislərin valyutadəyişmə məntəqəsinə basqın etmələrilə bağlıydı, nə oldu o işin sonu?
– Bəli, Şelokov SSRİ-də ən çox müddətə nazir olmuşdu, Brejnev onunla Andropovu eyni vaxtda vəzifəyə təyin etmişdi, ikinci dövlət təhlükəsizlik naziri idi. Bu qurumlar arasında həmişə intriqa olub. Azərbaycanda da oxşar durum idi, Eldar Mahmudov yatıb yuxusunda da Ramil Usubovun həbsini görürdü. O, Ramil Usubovun onu iki dəfə vəzifədən çıxarmasını həzm edə bilmirdi. Göstərmək istəyirdi ki, məni adi idarə rəisi görmürdün, amma mən indi hardayam?! Bir daha deyirəm, Usubovun qətiyyəti alqışlanmalıdır. Bununla belə, “Qara kəmər”lə bağlı o dövr nə yazmışamsa, üstündə dayanıram, çünki düz yazmışam. Gələk sualınıza, valyutadəyişmə məntəqələrinə basqınla bağlı mətbuatda məlumatlar gedirdi, elə oldu ki, mən zərərçəkənlərdən birinin nümayəndəsi oldum. İşi Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsi aparırdı. Dindirmə zamanı Bakı və Sumqayıt da daxil olmaqla valyutadəyişmə məntəqələrinə hücumla bağlı açılmayan 26-27 epizod aşkarlandı. Digər tərəfdən, sabiq və işləyən polis işçilərinin də basqınlarda əli olduğunu bilirdim, Hacı Məmmədov həbs olunsa da, DİN-də müəyyən xətlər qalırdı və bir-birinin sahəsinə müdaxilə etmirdilər. Onda mən “Azadlıq”qəzetinə müsahibə verdim ki, əməliyyat tapşırığını yerinə yetirmək üçün prokurorluq DİN-ə göstəriş verirdi, amma iş açılmırdı. Ona görə əməliyyat tapşırığı “Qara kəmər”də olduğu kimi MTN-ə verilsin və inanıram ki, cinayətin üstü açılacaq. Bir ay sonra Baş Prokurorluqla MTN birgə məlumat yayır ki, cinayətin üstü açıldı və “Mehdinin dəstəsi” deyilən bir qrup həbs olundu. Məhkəmə istintaqı zamanı zərərçəkənin nümayəndəsi kimi Mehdiylə toqquşmamız oldu və hətta o, mənə hücum etmək istədi. Onda hakim Əlövsət Abbasov dedi ki, elə bilirdin sənə kimsə sual verməyəcək? Həmin cinayət işində 2 məxfi məktub vardı, hakimdən ala bilməsəm də, işlə tanış olarkən həmin məktubları köçürə bildim. Məktublar Baş Prokurorluğun bir polis mayorunun valyutadəyişmə məntəqələrinə hücumda iştirakda şübhələndikləri haqdaydı. Həmin mayor Nərimanov polisində işləyirdi, sonradan onu çıxardılar, çünki məktub mətbuatda dərc olundu. Mən o ərəfədə bir müsahibəmdə demişdim ki, MTN-də DİN barədə bütün məsələlər hazırlanıb, çuval hazırdır, sadəcə, bağlamaq lazımdır. Bu müsahibədən sonra DİN-də bir sıra adamlar naziri məni məhkəməyə verməyə yönəltdilər. Hələ o dövrdə Eldar Mahmudovun çəkilişlər aparması haqda məlumatlar alırdım. Məsələ ondaydı ki, Elşad Abdullayev videoları yayırdı, DİN-də bəzi qüvvələr həmin çəkilişlərin məndə də olduğunu düşünüb haqqımda ciddi ölçü götürmək üçün naziri məni məhkəməyə verməyə yönəldirdilər. Bax, Ramil Usubovun məhkəməyə müraciət etməsində ikinci amil bu idi və böhtanla bağlı xüsusi ittiham qaydasında məhkəməyə şikayət verdi. Məhkəmə çəkişməsinin müəyyən mərhələsində nazirlə görüşdük.
– Təklikdəmi?
– Xeyr, nazirlə bərabər başqa bir şəxs də vardı. Ancaq şərtim belə idi ki, DİN-ə arxa qapıdan yox, üzü univermağa baxan qapıdan gələcəm. Qarşı tərəf bu və digər şərtlərimlə razılaşdı. Nazirin bütün suallarını cavablandırdım və hiss olundu ki, onu tamamilə səhv yola yönləndiriblər. Mən o zaman da nazirə mətbuata verdiyim açıqlamanı xatırlatdım ki, MTN-nin xırda narkotik satıcılarını həbs etməsi düzgün deyil, bu, DİN-in işidir. Onda “Bizim Yol”da mənə cavab vermişdilər ki, MTN-nin bu əməliyyatları strateji səciyyə daşıyır, mən də dedim ki, o zaman OBXSS-liklə də məşğul olsunlar da.
– Narkotikdən söz düşmüşkən, necə olur ki, gənc fəalların evindən narkotik maddəni tapa bilirlər, amma İrandan Azərbaycana girib Gürcüstana keçən tonlarla heroini aşkarlaya bilmirlər?
– Əslində, görüblər, ancaq özlərini görməzliyə qoyublar. O qədər heroini görməyə bilməzdilər və bu xətt tamam başqa xətdir. Bir məqamı deyim ki, MTN işində müəmmalar olduqca çoxdur. Hacı Məmmədovun məhkəmədə səsləndirdiyi “Mən və dəstəmin 5-6 nəfər üzvləri bu “osminoq”un bir barmağıdır. Mən burada olduğum müddətdə həmin “osminoq” böyüyüb, artıb və məndən də böyük barmaqları var” fikirləri qüvvədədir. Məsələ ondadır ki, “qara kəmər” əməliyyatından sonra ölkə başçısı ciddi çıxış etsə də, “MTN işi”ndən sonra belə çıxış yoxdur. Bəlkə siyasi hakimiyyət məsələlər tam aydın olandan sonra sözünü deyəcək, bilmirəm. Ancaq bəzi nazirlər və deputatların danışmasına baxmayaraq, birinci şəxs hələ susur. Bütün hallarda bu “xəmir hələ çox su aparacaq”. Həmişə bir mövqeyimdə qalmışam və bunu nazir Usubovla görüşümdə də dedim. Ki, nazirlərin neçə il vəzifədə qalacağını yalnız prezident bilir, amma inkişaf etmiş ölkələrdə xalq səsverməsi prezidentin neçə il hakimiyyətdə qalacağını müəyyən edir. Amerikalıların belə bir məsəli var: prezident 4 il, jurnalist isə həmişə hakimiyyətdədir. Əlavə etdim ki, cənab nazir inciyə bilərsiniz, mənim kimi düşünməyə də bilərsiniz, bəs niyə bir dəfə dəvət edib soruşmadınız ki, nə üçün filan məqaləni yazmısan? Hanı sizin mətbuat xidməti? Hansı bir materialı göndərdiniz və mən çap etmədim? Əgər sizin tabeliyinizdə olanlar mətbuata məlumat sızdırırsa, orda jurnalistin günahı yoxdur, mətbuat sızdırılan bütün məlumatları verməlidir, biz onunla işləyirik. Biz istənilən nazirlikdəki xəyanətkarları sevirik, xəyanətə nifrət etsək də. Müəyyən fikirlərimlə razı olduğunu dedi. Cavab verdim ki, jurnalistə qarşı çıxmaq özünə qarşı çxımaqdır, hələ dünya tarixində jurnalistə qalib gələn hakimiyyət olmayıb.