NƏ PUL, NƏ KİTAB ADAMI ADAM ELƏMİR
Milli Şuradan çıxarılmağım xəbərini 40-dan çox saytda gördüm. Gerisinə baxmağa hövsələm çatmadı. Bir xəbəri 40 qəzet yazırsa, demək, ölkədə olay olmuş.
İki kəlmə ilə deyim ki, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyanın Şurasını və Monitorinq Qrupunu “hesabatlarında” deyildiyi kimi, 50+1 və 2/3 səslə ələ keçirmiş, Koalisiyanın koordinasiyasına sahib olmaq hərisi olan qrup çirkin bir oyun qurdu. Lakin qurğunun müəllifi qaldı bir tərəfdə, qələbəni öz adına çıxmağa tələsən birisi Milli Şuraya raport verdi. Yalan və böhtan dolu bu yazı da tərs kimi mənim qarşıma çıxdı. Mən də onu aid olduğu ünvana göndərdim, araşdırın, dedim. Araşdırın, görək bu 400 mini kim alıb? Əslində bu araşdırmanı Milli Şura tələb etməliydi.
İndi özünüz baxın, Milli Şura yalançını, böhtançını dəstəkləyir, mənə mənəviyyatdan dərs keçir. Susmalıydımmı? Göz yummalıydımmı? Koalisiyanın idarəsini ələ keçirib Milli Şuraya yalan raport verənlərə şərik olmalıydımmı susmağımla?
Belə… Elçi Bəy deyirdi; bizi mənafebazların mənafebazlığı, təvazökarların təvazökarlığı uduzdurdu. MHŞA Koalisiyasının işini də məhz mənafebazların mənafebazlığı və siyasi hərislər qəzaya uğratdı. Nəticədə Koalisiyanın Şurası və Monitorinq Qrupu legitimliyini itirdi. O yalan-böhtan məktubu ifşa etdiyimə görə isə mən Milli Şuradan çıxarıldım.
Bu olay Aydınlar Birliyinin, Bütöv Azərbaycan Birliyinin, Milli Müqavimət Hərəkatının və müəyyən bir dönəmin şirin və acı xatirələrini oyatdı. O uzaq illərdə baş verənlər yadıma düşdü. Əslində acılarını unutmuşdum, daha doğrusu, unutmamışdım, sadəcə, kini-kidurəti keçib getmişdi. Suallarımın çoxu isə hələ də cavabsız qalıb.
Aydınlar Birliyi 1999-da yarandı. Təşəbbüskarı Elçi Bəy idi. Elçi Bəy ölkə ziyalılarının təşkilatlanmağını arzu edirdi. Ümumiyyətlə, vətəndaşımızın bütün sahələr üzrə təşkilatlanmağı və yığışmağı Elçi Bəyin xüsusi marağında idi. O özü təşkilatlanma işinin ustası idi. Sovet rejiminin düşmən kəsildiyi və məhv etdiyi qeyri hökumət quruluşlarının ilk nümunələrini 70-cı illərdə yenidən bərpa etmiş, gizli təşkilatlanmanın ən yeni dövrünün əsasını qoymuşdur. Elçi Bəy 3 nəfərlik qruplardan başlayaraq nəhəng siyasi-ictimai təşkilat qurmuş, həmin təşkilatı Milli Azadlıq Hərəkatımızın sükançısına çevirə bilmişdir. Elçi Bəy cəmiyyətimizin təşkilatlanmaq və yığışmaq kimi siyasi mədəniyyətini stimullaşdırmış, inkişaf etdirmiş ən bacarıqlı liderdir. O, qeyri hökumət təşkilatlarının əhəmiyyətini gözəl bilir, çoxalmasını təşviq edirdi. Bir dəfə belə bir fikir demişdi; siyasətçi olmasaydım, QHT qurardım.
Vətəndaşlıq sadəcə pasport qeydiyyatı deyil, bu, öz ölkəsinin ictimai işlərində vicdanla iştirakçılıq etməkdir. Amma vicdanla. Hərisliklə yox.
O ərəfədə Aydınlar Birliyinin təşkilat işlərinə dəvət aldım. Yeri gəlmişkən, təsis yığıncağı Yazıçılar Birliyində olmuşdu. O zaman ölkədə belə azadlıqlar vardı hələ. Heç gözləmədiyim halda mənə həmsədrlik təklif olundu. Qəbul etdim və adım namizədlər sırasına salındı. Sonradan bildim ki, bu da Elçi Bəyin təşəbbüsü imiş.
Beş həmsədr olduq; Cavanşir Quliyev, Vaqif Bayatlı, Əhməd Qəşəmoğlu, Aydın müəllim (soyadını xatırlamıram) və mən. Heç necə oldu bilmirəm, təşkilatın yükü düşdü çiynimə. Deyim ki, o vaxt bu qurum çox mötəbər idi və bizim hər bir fəaliyyətimiz qəzetlərdə əksini tapır, hər bir ictimai-siyasi hərəkət haqda bizim fikrimiz alınır, qəzetlər az qala günaşırı Aydınlar Birliyinin adını çəkirdi.
Jurnalistlər üçün, görünür, ən əlçatan həmsədr mən idim, “dostlar” demiş, “şəklim qəzet səhifələrindən düşmürdü”.
Bir müddət bu minvalla davam etdik.
Elçi Bəydən sonra… 2000-in sonlarında durum dəyişdi.
Hələ payızda biz, Aydınlar Birliyi olaraq AXCP-nin parçalanmaması üçün tərəflərlə uzunmüddətli və çoxmərhələli danışıqlar aparırdıq. Lakin öz içimiz artıq qarışmışdı. Mənim vəziyyətim isə xüsusi idi, bunu görürdüm, lakin səbəbini tam anlamırdım. Hətta bir iclasda müzakirəmiz mübahisəyə çevriləndə tez-tez sözümü kəsən, hər sözümə qaba etiraz edən bir professordan soruşdum; niyə mənimlə belə rəftar edirsiniz, mən sizə neyləmişəm, bəlkə xətrinizə dəymişəm, deyin.
O, mənə çox aydın bir cavab verdi:
– Hansı qəzeti açıram oradan sizin şəkliniz çıxır…
– Neyləyə bilərəm – dedim – müxbir sual verir, cavab verirəm.
– Sizdən başqa dörd həmsədr var, deyin ki, onlardan soruşun – dedi.
İclas iştirakçılarının üzlərinə baxa-baxa qaldım, onlar isə gözlərini məndən yayındırıb susurdular.
Hə, həqiqətən Aydınlar Birliyinin böhranı ümumi deyildi, xüsusi idi və mənimlə bağlı idi. Mən isə bu keyfiyyətdə bir dalğanın önündə duracaq gücdə deyildim. Hətta o zaman həmin dalğanın gerçək gücündən belə xəbərsiz idim. Ən əziz dostların belə məni tərk edəcəyi ağlıma gəlməzdi. Həqiqətən də, qələm düşmən əlindədirsə, təbliğat sənin əleyhinədirsə… istəyirsən barmağının beşini də bal elə, xeyri yoxdur. Qara təbliğat nəinki bir çevrəni, hətta bütöv bir xalqı belə çaş-baş sala, doğrulardan sapdıra bilər. Bu, sınanmış təcrübədir.
Dönəm bu idi. Sevgili Füzuli demiş, dost vəfasız, düşmən hədsiz, tale zalım…
…O vaxtlar böyük dostum, rəhmətlik Sabir Əhmədli ilə yay günlərində ara-sıra bulvara çay içməyə gedərdik. O, “Ədəbiyyat və İncəsənt” qəzetində ilk hekayəmi nəşr etmişdi. Mən onu Aztv-dəki müəllif proqramıma dəfələrlə dəvət etmişdim. Milli Müqavimət Hərəkatında birgə çalışmağımız isə – o sədr, mən müavin – bizi daha yaxın etmişdi.
Gözəl yay günlərinin birində “Venesiya”da salxım söyüdlərin altında oturub pürrəngi çay içib dərdləşirdik ki, bir də gördüm bizim sədarətdən və idarə heyətindən bir neçə nəfər üzübelə yürüyür. Salamlaşdıq, “çaya gəlin” dedik, təşəkkür edib keçib getdilər. Az keçmiş bizimkilərdən ibarət daha bir dəstə keçdi, ardıyca daha bir dəstə. Sabir müəllim dedi, Mehriban, bunlar hara gedirlər üzübelə, xeyirdimi, tədbiriniz var? Dedim, xeyir olar, amma tədbirimiz yoxdu, olsa mən bilərdim. Dedi, bəlkə sən bilmirsən? Dedim, yox, elə olmur, bütün qərarların verilməsində iştirak edirəm.
Sonralar bildim ki, böyük dostum haqlı imiş, elə də olur. Artıq Aydınlar Birliyi məndən gizlin toplaşıb müzakirələr aparır və məni həmsədrlikdən düşürmək üçün yol xəritəsi çızırdı. Bu yekəlikdə aydınların bulvar görüşmələri, sərf etdikləri vaxtın mövzusu, bu imiş.
Həmin günlərdə Türkiyədə Dünya Türk Qadınlarının I Qurultayı keçirilirdi. Mən də oradaydım. Tədbir günlərindən birində Xanım Xəlilova bir-iki qəzetdən ksero-üz yaydı, birini də mənə verdi. Aydınlar Birliyinin üzvləri – bəzi həmsədrlər, idarə heyəti təmsilçiləri o vaxtın ən məşhur qəzetlərində mənim haqqımda müsahibə vermişdilər. Həmin ünlü qəzetlər də hər müsahibə, olay olmuş kimi bir sütun ayırmışdı. Bu qədər aydının sözünün canı o idi ki, mən pis həmsədrəm, ümumiyyətlə, pis adamam. Hətta biri uzağa gedib demişdi ki, hiss edirəm ki, Mehriban Vəzirin qaranlıq idarələrlə əlaqəsi var. Senarinin tərkibinə uyğun olaraq bu gözdənsalma qurultayın təşkilatçıları arasında da yayılmışdı. Həmin o təşkilatçı MHP-çilər sonradan Azərbaycanda kimlərin ciblərinə düşdülər, bir bilsəydiniz.
Nəhayət, Aydınlar Birliyinin ümumi yığıncağı çağırıldı. Partiya liderlərinin, ictimai-siyasi xadimlərin iştirakı ilə keçirilən bu ədalətsiz ümumi yığıncaq AXCP-nin dağıdılmış, indi yox olmuş binasında (nə işləklərə şahid), Xaqani 33-də keçirildi. Ümuni yığıncaq nizamnaməyə dəyişiklik edib struktur islahatına getdi, Vaqif Bayatlını tək sədr seçdi. Bu, məni devirməyin ən sadə yolu idi. Nizamnamə tələbi ilə… amma, özümə desəydilər sakitcə çıxıb gedərdim, bu qədər zəhmətə ehtiyac yox idi.
Bir dəfə bunu yaşamışdım. Aztv-də məni şöbə müdirliyindən çıxarmaq üçün Babək Hüseynoğlu struktur dəyişikliyi edib teleradio üzrə bütün şöbələri ləğv etmişdi. Olsun. Əsas odu qanunsuz iş görülmür bu ölkədə, nə iqtidarında, nə müxalifətində… hər şey nizamnaməyə uyğundu…
Lakin bu struktur dəyişikliyi toplantısında Aydınlar Birliyi yığışıb məni dara çəkdi. Mən isə dinməzcə rəyasət heyətində oturub “harada yanlış yapdığımı, günahımın nə olduğunu fikir edirdim”.
O yığıncaqda Ədalət Tahirzadədən başqa kimsə etiraz etmədi. Bu hərəkəti nizamnamə pozuntusu adlandıran Ramiz Yunusa isə mən, sədarətdən etiraz etdim. Dedim ki, rahatsız olmayın, mən yaxşıyam.
Əziz dostum Ədalət Tahirzadə ümumi yığıncağın əhvalından heyrətə gəlib sonda məşhur bir partiya funksionerindən soruşub ki, Mehribana qarşı olan bu ədalətsizliyə niyə susdunuz. Aldığı cavab belə olmuşdu – rəhbərliyimiz bizə “siz qarışmayın” dedi.
Bir müddət sonra Aydınar Birliyi dağıldı. Bu, postElçiBəy dövrünün ilk simptomlarından sayıla bilər. Bir səbəbi də o idi ki, mənim kimi bir fəhləsini itirmişdi. Pulsuz-parasız, cani-dildən hamballıq edən birisini. Kim havayı işləyəcəkdi ki.
Az sonra həmin o həmsədrlər də, yeni tək sədr də, idarə heyəti də, bütün müxalifət çevrəsi də – onların çoxu sözdə Elçibəyçi idi – Elçi Bəyin təşəbbüskarı olduğu, düzən verdiyi Aydınlar Birliyini dağıdıb və ya dağılmasına tamaşa edib hərə öz işinin dalıyca getdi. Cavanşir Quliyev ölkəni tərk etdi, Vaqif Bayatlı evinə qapandı, Əhməd Qəşəmoğlu elminə davam etdi, Aydın müəllim hökumətin nəzdində iş tapdı. İdarə heyətindən Məzahir Avşar Türkiyədə iş buldu, Xaləddin İbrahimli siyasətdən birdəfəlik təhsilə keçdi. Eləcə də, bir çoxları siyasi-ictimai proseslərdən uzaqlaşdılar.
Yenə Sevgili Füzulim demiş “mənə təən eyləyən qafil”lərin çoxu siyasi çevrəyə salam verməyə belə cəsarət etmədilər. Mən isə buradayam. Meydandayam. Demokratik qüvvələrdən aldığım bütün dəvətləri qəbul edirəm ki, bəlkə güclərinə güc qatam. Bu gücü quş dimdiyindəki bir damla su ilə müqayisə edə bilərsiniz. Mənim şüarım isə budur – yanğına biganə qalma.
Aydınlar Birliyinin bəzi ünlüləri hesab edirmişlər ki, məni bu təşkilata Elçi Bəy gətirib. “Elçi Bəy yoxdu, o da getsin”. Məntiq əcaib idi. Özünə Elçibəyçi deyənlərin məntiqi idi bu. Düzdür, deyə bilmərəm ki, bu “sui-qəsd”də hər kəs iştirakçı idi. Amma demokratik düşərgədən istisnasız olaraq hər kəs Elçi Bəy düzəninin pozulmasına susması ilə şərik oldu.
Məni öz aləmində “qaranlıq idarələrə” bağlı sayan biri isə, adını çəkməyim, bilən bilir, dəfələrlə o zamanın gənc BAB faalı olan Bəhrama zəng etdirib dediklərinə görə üzr istəmək üçün görüş istədi. İmtina etdim. O adama dərin hörmətim varıdı bir zamanlar, onun belə bir iş tutub sonra üzr istəməyi ağır gəlirdi. Nə görüşmək istədim, nə üzürü dinləmək, uzaqdan uzağa “qətiyyən üzr istəməsin, bağışlayıram” dedim.
…Günlərin birində bir rəfiqəmlə “Torqovı” dan keçirdik. Gördüm, həmin adam dayanıb yolun üstündə, İbrahim İbrahimli və Sülhəddin Əkbər də yanında. Söhbət edirlər. Salamlaşdıq. Məndən xahiş etdi ki, bir dəqiqə ayaq saxlayım. Dayandım. Dedi, bax, bu adamların yanında o söhbətə görə sizdən üzr istəyirəm, məni bağışlayın, o mənim səhvim idi. Düzü, heç bilmirəm niyə xəcalət təri məhz məni basdı. Çox utandım, çünki üzr istənilən durumda olmaq elə də asan iş deyil mənim üçün. Amma bu hərəkətindən bir daha aydın oldu ki, o adam elə həqiqətən hörmətə layiq adammış. Çünki əleyhimə müsahibə verən aydınların içində vicdan əzabı çəkən yeganə adam bu imiş.
Ümumiyyətlə, Elçi Bəydən sonra həmin toplum məni çox sınaqlara saldı. Çevrə düşmən kəsildi. Onun sağlığında toplanmış bütün kin küdurət şahə qalxdı. Demə, bu kin-kidurətdən onun da xəbəri varmış. Mənim adətən, arxa baxçadan xəbərim olmur. Çevrənin dedi-qoduları içində olmuram və bunu heç yaxşı keyfiyyət də saymıram. Ictimai fəal insan gərək ətrafında baş verənlərdən, özünə münasibətdən xəbərdar olsun ki, kimdən nə gözləyəcəyini az-çox təxmin edə bilsin. Mənim kimi qəfil yaxalanıb çaş-baş qalmasın.
…Günlərin birində, çevrənin intriqalarından söhbət düşərkən Elçi Bəy dedi ki, sən bizim çevrəyə gələndə artıq ölkə ilə bir adın vardı, tanınmış televiziya aparıcısı idin, yazıçı idin. Gəlib burada məşhurlaşsaydın vəziyyətin daha dözülməz olardı, səni yeyərdilər. Dedim, Bəy, heç başa düşmürəm bu münasibəti. Güldü. Dedi, niyə başa düşmürsən, mən boyda devin yanında durmusan, deyirsən, bunu rahat həzm etsinlər? Əlbəttə, səninlə vuruşacaqlar. Mövqedən düşürməyə çalışacaqlar. Liderlərlə yanaşı durmaq hər zaman qarşıdurma, intriqa içində olmaq deməkdi. Rəqabətə dözümlüsənsə mövqeyini qoruyub saxlayacaqsan. Bu iş dünya var olandan belə olub, indi də belədir, bundan sonra da belə olacaq. Ürəyini sıxma.
Elçi Bəy o söhbətdə bir də bunu dedi, sənin üç qiymətli keyfiyyətin var;
-
Heç kəsi pisləmirsən.
-
Yalan danışmırsan.
-
Artıq sual vermirsən.
Bu nadir keyfiyyətləri görənlər və qiymətləndirənlər hər zaman tapılacaq.
Elçi Bəy bu sözlərdən sonra sanki başqa bir dünyadan danışmağa başladı. Üzü dəyişdi, qüssələnmişdi, baxışları uzaqlara zillənmişdi. O vaxt heç nəyi başa düşmədim, heç bir sözünün mənasını anlamadım. Çox fikirli-fikirli və ləng-ləng deyirdi; Çalış sınma. Heç nədən sınma. Pulun olmasa… ayaqqabın könhə olsa… dostlar tərk etsə… nə olsa belə… nə olmuş olsa belə… sınma. Sınma.
Çox sonradan Bəyin bu sözlərini və o narahat, o fikirli halını xatırlayanda anlayıram ki, o Böyük İnsan nəsə demək istəyirdi, nədənsə xəbərdarlıq etmək istəyirdi. Dedikləri isə demək istədiklərini gizləmək üçün idi. Sadəcə, sözünü deyə bilmirdi, bəlkə də mənə qıymırdı, bəlkə də hazırlıqsız olduğumu düşünürdü. Sözləri çox ehtiyatla seçirdi, kəlməbaşı susub sanki daha yumşaq söz gəzirdi. Nəyisə deməyə, nəyisə deməməyə çalışırdı. O, nə hal idi, nə idi, nəyi bilirdi, nədən narahat idi. O “nə olmuş olsa belə” nə məsələ idi. Açmadı. İndi bir az bilirəm sanki, amma yenə sirrdi. Düzünü isə Allah bilir.
Bütöv Azərbaycan Birliyi Elçi Bəyin gözbəbəyi idi. Bu iş, bu təşkilat onun sevdası idi. Bir gün köməkçisi ilə BAB-ın məramnaməsini mənə evə göndərdi. Üstündə öz əli ilə yazıb; xahiş edirəm oxuyub rəyinizi bildirəsiniz. Ümumiyyətlə, BAB-ın və Milli Müqavimət Hərəkatının işləri onun üçün çox mühüm idi. Xüsusilə, İstanbul sammiti ərəfəsində Elçi Bəy çox gərgin idi. Çox işləyir, bu müstəvidə Milli Müqavimət Hərəkatına da yön verirdi. O həm də idarə heyətinin üzvü idi. Bir dəfə dedi ki, İstanbul Sammiti ərəfəsində başağrısı tapdım, o xata sovuşdu, mənim başağrım sovuşmadı.
Elçi Bəy Qarabağın de-yuro veriləcəyindən qorxurdu, çünkü buna gizli zəmin hazırlandığından xəbərdar idi. Biz, bütün təşkilatlara, dünyanın idarəsinə yön verən bütün siyasilərə Azərbaycan demokratik qüvvələri adından etiraz məktubu göndərirdik.
Bir gün Elçi Bəy bu ağır çalışmaların içində köməkçisi ilə 2 limon göndərdi mənə. Rastlaşanda soruşdu, təəccüblənmədin? Dedim, çox sağ olun, Bəy, payınız çox olsun. Güldü. Çox təsirli gülməyi vardı. Dedi, Ordubadda bir əziz dostum var, Bakıya yolu düşəndə hər dəfə limon gətirər mənə. Keçən dəfə dördünü gətirmişdi. Birini İsa bəyə göndərdim, birini də Nəcəf bəyə. Bu dəfəki paydan, dedim, sənə göndərim.
İndi bu əziz xatirələrdən söz düşəndə qəhərlənirəm. Dost adımı anmışdı. Adımı necə bir Dost anıbmış. Adını anan elə bir Dostun varsa cəmi dünya düşmən kəsilsin. Qoy kəsilsin. Nə qəm.
…Zaman keçdi. BAB-ın məramnaməsini kitabça kimi nəşr etdilər. O məramnaməni ki, oxuyub rəy vermişdim, bütün İdarə Heyətinin önündə Elçi Bəy məni redaktor elan etmişdi. Adımı o nəşrə salmadılar özünə Elçibəyçi deyənlər. Elçi Bəyin deyil, öz seçimlərini etdilər.
Əlbəttə, söhbət yalnız məndən getmir. Ümumiyyətlə, Elçi Bəydən sonra onun bütün silahdaşları, hətta ən sadiqləri belə Elçi Bəyin öz əli ilə qurduğu düzəni pozdular, özlərinə Elçibəyçi deyə-deyə, ondan sitat gətirə-gətirə onun qurduqlarını əlbir olub sökdülər. Kimin düzənini pozduqlarını düşünmədilər.
Gələk Milli Şuradan çıxarılmağıma. Milli Şuranın fəaliyyətinə sayqılarımı bildirərək deyim ki, bəlkə bir il olardı koordinasiya mərkəzinin iclaslarına qatılmırdım. Bunun səbəbini maraqlanan həmsöhbətlərimə demişəm. Yəni sirr deyil. Bu yazımla da açıqlayıram – mən düşərgəiçi savaşlarda iştirak etmirəm. İçsavaşlara baş qoşmağı lüzumsuz və zərərli sayıram. Milli Şuranı yeganə müxalifət düşərgəsi, digərlərini isə “satılmış” hesab etmirəm. Bu düşüncəni normal görmürəm. Bir insanın məndən başqa hamı satılıb deməsi anormaldır, eləcə də bir çevrənin bu şüuru daşıması – özünü təmiz, digər hər kəsi natəmiz bilməsi adekvat deyil. Düşünürəm, müxalifət olaraq mübarizə aparan azı 4 səmt mövcuddur ki, onların pərən-pərən düşməsindən çox məyusam. Bundan əlavə, harada olmuş olsam belə heç kimin tətikçisi deyiləm. Vur deyəndə vur, dur deyəndə dur xarakterli biri deyiləm. Fərdlər arası, qəzelər arası və çevrələr arası dava mənim davam deyil. Mənim davam mənim üçün çoxdan müəyyən edilib və dəyişikliyə yeri qalmayıb.
Ümumiyyətlə, siyasi xarakterli deyiləm. 2003-cü ildə KXCP-nin ağır günlərində hörmətli Mirmahmud ağa Elçi Bəyin əziz dostu Həsən Baskalla evimə gəlib xahiş etdi ki, onun rəhbərlik etdiyi partiyaya gəlim. Ağadan və əziz dostdan keçmədim, getdim. Az bir zaman üçün o partiyada sədr müavini oldum. Həmin müddətdə gördüm ki, verilən qərarlarda və atılan addımlarda mənim rolum, rəyim, sözüm sıfıra bərabərdir. Sayqılarımı bildirib partiyadan getdim. Bu, mənim yeganə, azmüddətli və əhəmiyyətsiz siyasi fəaliyyətim oldu. Çünkü iştirakım olmayan qərarların icraçısı ola bilmirəm. Olmaq istəmirəm yox, məhz, ola bilmirəm. Özümdən asılı deyil, yapım belədi.
Hörmətli Cəmil Həsənliyə də bildirdim ki, Milli Şuranın partiya kimi idarə edilməsinə etiraz edirəm.
Düzdür, indiki fikirlərimlə Milli Şuranı tənqid edirəm, bu situasiyada yalan danışanı müdafiə etdiklərini qınayıram, amma haqlarını dana bilmərəm. Onlar da müxalifətin bir düşərgəsi olaraq əllərindən gələni edirlər. Mən iştirakdan imtina elədiyim yeri inkar edənlərdən deyiləm. Hər zaman da sayqılı münasibətlərimi qorumağa çalışacam.
Həyat daima məni sınağa salır. Elə hər kəsi. Həyatın sanki insanla qəsdi, qərəzi var. Insan taleyi onsuz da əzab əziyyət içindədir. Siyasi mühit ədalətsiz olanda bu əzab-əziyyət işgəncəyə, bitməz sınağa çevrilir. Çünki pis siyasi mühit həm iqtidarı, həm müxalifətı, həm də hər kəsi pis edir, mənəvi aşınmaya uğradır. Belə zamanlarda iqtidar da, müxalifət də və hər kəs də yalanın kökünü kəsmir, görənin gözünü tökür.
Mənim növbəti sınağım MHŞT Koalisiyasının seçki nəticələrindən Milli Şuraya göndərilən “hesabat” məktubunu “görməyim” və gördüyümə göz yummamağım oldu. 40 qəzetin yazdığı “Milli Şuradan çıxarıldı” xəbərinin səbəbi bu idi. Məktub qarşıma çıxanda bir xeyli durub yalan və böhtan dolu “camalına və kamalına” tamaşa etdim. Susmaq şəriklik olardı. İctimailəşdirmək… çətin iş idi. Hansı şəbəkə ilə üz-üzə qalacağımı bilirdim. Amma hər zaman çətini seçmişəm. Bu, mənim seçimim deyil, görünür, arı yuvasına çöp uzatmaq taleyimin seçimidi.
Zatən, susmağı bacarsaydım, gördüyümə göz yuma bilsəydim, yalana, böhtana şərik olsaydım üzümə taybatay açılan qapılardan keçərdim. O qapılar düppədüz parlamentə açılırdı.
…Yeri gəlmişkən, maraqlıdır, doğrudanmı hörmətli Cəmil Həsənli belə hallarda susmağın, gördüyünə göz yummağın tərəfdarı ola bilər?
…Aztv-də işləyəndə düz iki dəfə çox alçaq seçim önündə qaldım. Birinci belə idi – yəqin xatırlayırsınız, 90-ların sonunu – bütün Aztv jurnalistləri deyirdi ki, Elçi Bəy hakimiyyəti fərsiz idi, səriştəsiz idi, indiki hakimiyyət fərlidi, səriştəlidi. Gedəni söymək, gələni öymək gərəkirdi. Bu, günlük öhdəlik idi. Yuxarıdan göstəriş vardı, hər kəs efirə çıxıb bunu dedi, istisnasız olaraq bütün jurnalistlərimiz, hətta cəbhəçi olmuşlar belə etdi. Mən etmədim, bilin. AZTV-nin yüzlərlə jurnalisti içində bunu tək mən etmədim. Bunun nə demək olduğunu anlata bildiyimə əmin deyiləm. Amma gözdən salmanın həddini bir düşünün, 20 il bir yerdə işlədiyiniz yoldaşlarınızın abırlıları sizə salam verməmək üçün yollarını dəyişəcək, abırsızları isə böyrünüzdən düz keçəcək. Və saysız-hesabsız bu kimi sarsıdıcı hallar…
Nə isə, mədhiyyə və söyüş növbəsi mənə çatanda dedim, elə düşünmürəm, düşünmədiyimi isə deyə bilmərəm.
O zamanın Aztv sədri Nizami Xudiyev gözümün içinə dedi ki, “nə oldu, bu üç min adamın içində bir sən kişi çıxdın?”
Amma insaf naminə deyim, onu da əlavə etdi ki,
“bu, səni işdə saxlaya bilməyimin yeganə yoludur, başqa cür müdafiə edə bilmirəm, getməyini də istəirəm, mənim efirim zəifləyir”.
Mən də ona cavab verdim ki, sizə təzyiq olsa xəbər edin, ərizəmi yazıb gedərəm.
Bir müddət işdən deyil, efirdən uzaqlaşdırdılar. Yəni tisbağanı ya öldürdün, ya arxası üstə çevirdin, fərqi yoxdur. İşim yox, verilişim yox, boşuna gedib gəlirəm.
Nəhayət, ölüm-dirim sınağına düşdüm. Təklif gəldi ki, Əbdülrəhman Vəzirov haqda veriliş hazırlayım, deyim ki, anası ermənidi. Cavan idim, naşı vaxtlarım idi, elə bildim bilmirlər, çoxları kimi qara təbliğata uyublar, dedim, nə danışırsız, Tovuz xala erməni deyil, tər-təmiz türk qızıdı. Dedilər, bilir, deyir ki, öz qohumu desin. Desin, olsun bizim adam, bütün qapılar üzünə açıq olacaq, bizim siyahıda adı olacaq, nə istəyir alsın-satsın, istəyir hər gün efirə çıxsın.
Dəhşətə gəldim.
Bu imtinadan sonra işdən çıxardılar. Daha doğrusu, söz verdiyim kimi; sədr xəbər yolladı, ərizəmi yazdım. Adımı qara siyahıya saldılar. Heç yerdə işə götürmədilər. Halbuki yaşamaq üçün, övladlarımı saxlamaq üçün işləməliydim. İşləmək haqqımı əlimdən aldılar. İctmai işlərlə məşğul olmağa başladım. Havayı hamballıq eləməyə belə qoymadılar. Hara əl atdım, əlim yandı. Aydınlar Birliyindən də çıxardılar. Sonra da oturub öyündülər. BAB da elə elədi.
Heç nə ilə müqayisə olunmaz faciə – oğlumun müsibətini yaşatdılar.
Hal əhli anlayar… bütün bunlar deyildiyi qədər olmur, hər saniyəsinin öz işgəncəsi var, öz ağrısı, öz əzabı var.
Həqiqətən, insan taleyi keşməkeşlidir. Bunun üzərinə pis rejimlərin sınaqları da gələndə həyat cəhənnəmə dönür. Bu cəhənnəmi maddi “cənnətə” çevirənlər üstümə qəh-qəhə çəkir. Üzlərinə açılmış fürsət qapılarından alçalıb keçənlər haqqımda qərar verir. Dünən iqtidara ləbbey deyən buyruq qulları, bu gün müxalifətin qoltuğuna sığınan büqələmunlar belə zamanlarda çox yekə-yekə danışır. Onlar sabah harada olacaqlar? Aydınlar Birliyini məhz buna görə xatırladım. Haqqımda qərar verənlər indi haradadırlar? Mən isə elə həmin durduğum yerdəym ki durmuşam.
Amma inanın, heç kimi qınamıram. Hətta anlayışla yanaşıram. Çünki insan dünyaya gələndə mahiyyəti ilə gəlir. Adam ya adam doğulur, ya yox. Adamda vicdan ya olur, ya yox. Nə pul, nə kitab adamı adam eləmir.
Mən bu ömürdə bunu anladım. Bu isə hər şeyə anlayışla yanaşmağı öyrətdi mənə. Hər şeyə. Hətta nizamnamə pozuntularına da.
Elçi Bəyin qəm-qüssəli üzü, məchullara zillənmiş əfkarlı baxışları, sınıq kəlimələri xəyalımdan keçir arada… sınma… nə olmuş olsa belə sınma…
Bu kəlimələr mənə deyilmirdi, burda mənlik bir iş yox idi, sanki bu kəlimələr ruhuma nəqş edilirdi. Ona görə rahatam, haqqımda istədiyiniz qərarı verə bilərsiniz, şayiələrinizi metastaz edə bilrsiniz. Nə olmuş olsa belə… mən buradayam. İcra etdiyim isə öz qərarlarımdır.
Qeyd:
Bu yazını bitirib oxuyanda bir nəsnəni müşahidə etdim. Adlarını çəkdiyim və çəkmədiyim bəzi yoldaşları qınamışam, amma heç kəs haqqında “hökumətə işləyirdi” deyə işarə etməmişəm. Niyə? Axı bu söz dəbdədi. Görünür belə “əlaqələrdən” keçmiş adamlar kompleks yaşayır və hər kəsi qaralamaqla özlərinə təsəlli verirlər. Bu, bizim cəmiyyətin xəstəliyidir, buna da anlayışla yanaşıram və əminəm ki, bu dərd də öz şəfasını bulacaq.
18 May 2016