Həqiqətən də su aydınlıqdır. Tarif Şurasının suyun qiymətini artırması bir daha aydın etdi ki, çox amansız bir hökumət bizi idarə edir. Bu hökumət ağır durumda olan camaatı sakitləşdirmək üçün çörəyi ucuzlaşdırır, dalınca suyu bahalaşdırır. Ölkə gerçək iqtisadi çöküş yaşayıb, milli valyuta kəskin dəyər itirib, iqtisadi münasibətlər çöküb, neftin üzərində dayanan gəlirlər çox aşağı düşüb, işsizlik daha da artıb, qiymətlər qalxıb, əhalinin sosial durumu hədsiz çətinləşib, adamlar müxtəlif rayonlarda ayağa qalxıb və hökumət durumu yüngülləşdirmək üçün çörəyin qiymətini aşağı salıb. Bunun üstündən bir neçə ay keçməmiş, vəziyyət yaxşıya doğru dəyişməmiş problemlərə görə birbaşa günahkar olan hakimiyyət suyu bahalaşdırıb. Xeyli bahalaşdırıb.
O dağların, çayların, bulaqların suyunu da bu xalqa çox görürlər!
Su daha bir məsələni aydınlaşdırdı. Bu hakimiyyətin olduqca bacarıqsız olduğunu. Neft düşəndə bu hakimiyyət xalqı normal qiymətə su ilə də təmin edə bilmədi, bacarmadılar. Bacarıqlı hökumət qiymət endirər. Bu necə olur ki, neft qiymətdən düşür, su bahalaşır? Azərbaycan əhalisi dolanışıq və məişət problemləri ilə üz-üzə qalmış, yüklənmiş durumdadır, bunları həll edə bilməmək səriştəsizlikdir, bir də suyu bahalaşdırmaq əfəllikdir. Əlinizdən gələn budur, su ilə də təmin edə bilmirsiniz əhalini.
Manat öldü, qiymətlər qalxdı, dedilər ki, çox şey xaricdən dollarla alınır, ona görə də qiymətlərin bahalaşması məntiqlidir. Su da xaricdən gəlmir ki? Su ki, heç haradan alınmır, ölkənin yeraltı, yerüstü sərvətidir. Kimisə tutub cəzalandırdınız ki, bahalaşmaya yol verib(?), indi özünüz suyu bahalaşdırırsınız. Həm də nəyi, suyu!
Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsinə fantastik xərc qoyulub, vaxtilə jurnalistlər bu kəmərin layihəsini Oğuz-Qəbələ-Bakı korrupsiya layihəsi adlandırırdı. Yaxşı, yeyənlərin haramı olsun, amma 780 milyon manat (1 milyard dollar) bir nəticə verməli idi ən azı. Su çoxalmışdı, bahalaşmalı deyildi. O qədər pullar xərcləndi ki, su bahalaşsın?
Nəticə ortadadır, su özü hər şeyi dedi: amansız və bacarıqsız hökumət bizə heç su da verməz.
Amma bir məsələ yenə arxa planda qalıb. Suyu bahalaşdırdınız, bəs su hanı? Hələ də Bakı daimi su ilə təmin olunmayıb. Xalq arasında deyirlər ki, yeni kəmərin suyunu tankerlərlə Türkmənistana satırlar. Doğru deyilsə, su hanı bəs?
Bölgələrdə isə vəziyyət lap gərgindir. Bir dəfə söhbət zamanı təcrübəli tanışımız hələ də yadından çıxmayan fikir söylədi: “Bilirsinizmi niyə şairlərimiz sərin və buz bulaqlara şeir qoşur? Çünki ölkənin yaşayış yerlərində əməlli-başlı içməli su qıtlığı var”.
Su qıtlığı isə özünü təkcə suyun yoxluğunda göstərmir, suyun keyfiyyətində də büruzə verir. Hansı həkimə gedirsən deyir: su içmə, dükandan yaxşı su al iç, xəstəlikdir. Uşağı hansı həkimə aparırsan deyir: qaynatsan belə, krandan gələn suyu uşağa vermə, xəstəlikdir. Əhali də bir-birinə deyir: bu suyu içməyin, xəstəlikdir, mikrobdur.
Məsələ ondadır ki, biz heç dükandakı suya da etibar edə bilmirik. Tərkibə necədir bu suların – krandan axan, qablarda satılan, butulkada aldığımız? Onları ekspertiza edəcək müstəqil laboratoriya da yoxdur. Təmiz nə var bu ölkədə?
Suyun təmizliyi barədə biliklərimi bu yazıda sadalamaq istəmirəm, amma Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su harada var, hansıdır, buna heç kim əmin deyil. Buna bizi əmin edəcək təmiz hökumətimiz olmadığı üçün. Bunlar yanan binanın üzlüyünə sertifikat verənlərdir.