Əlaqə vasitələri

Sosial etirazların müəllifi kimdir?

Qənimət Zahid

Azərbaycan tamamilə yeni mərhələyə qədəm qoyub və bu mərhələnin adını şərti olaraq, “keçid dövrü” də qoya bilərsiniz. Ağlınıza başqa şey gətirməyə tələsməyin, mən ən azı, postneft dövrünə keçidi nəzərdə tuta bilərəm. Amma bir qədər dərinləşdirib, bunu, əlbəttə, postəliyev dövrü də adlandıra bilərsiniz. Həm də, ona görə ki, indiki hakimiyət komandası neft pulları üzərində dayanmağa öyrəncəli olan bir komandadır və bölüşdürəcək “xam” pulların olmadığı şəraitdə bu komandanın elə əvvəlki şəkildə və biçimdə qalacağını heç kim ağlına gətirə bilməz. Zatən, qurbanlar da verilməyə başlayıb. Qurbanlar dövlət idaələri üzərində eksperimentlər də sayıla bilər, yüksək çinli oliqarxların və mafiozların sıradan çıxarılması da. Hətta bəzən, çox gülməli şəkildə dəyişikliklər olur. Məsələn, elə bu günlərdə struktur islahatları ilə bağlı bir fərmanı yəqin ki, oxudunuz: “Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi birləşdirilərək, onların əsasında Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yaradılıb”.

Mən onu demək istəmirəm ki, Nazirlər Kabineti yanında bu hoqqalara nə ehtiyac vardı. Demək istəmirəm, çünki, az əvvəl qeyd etdim ki, neft pulları ilə idarə edilən hökumət vardı və həmin hökumət də ağlına gələn- gəlməyən eksperimentlər aparırdı. Ölkənin 87 yaşlı bir baş naziri var, onun yanını o qədər idarələrlə doldurublar ki, adam pulunun sayını bilməyən hipnotik milyonerə dönüb.

 Kor bağırsaq adına kəsilənlər

Əslində, bu da başqa bir fenomenin davamıdır ki, neft pulları kəsildiyinə görə “ümumi sandıq” üzərində nəzarət də təkmilləşdirilməli olacaq. Bu zamana qədər oliqarxların federasiyasına ayrılan faizlər kəsiləcək, bir çox hallarda isə ümumiyyətlə, lazımsız oliqarxların özləri kəsilib atılacaq. Necə ki, Ziya Məmmədovun nümunəsində və ya Milli Təhlükəsizlik Nazirliyinin nümunəsində bunu hamı görür.

Neft pullarının kəsilməsi daxili narazılıq ocaqlarını əlbəttə, alovlandırmalıdır. Pulu azalan hökumət öz sıralarlnı ixtisar etdikcə ixtisar olunanların qəzəbli sükutu cəmiyyətə siyasi balansa təsir edəcək. Yəni, kimsə susursa, o demək deyil ki, ölüb və fəaliyyət imkanı qalmayıb. Bu narazılığı həm də o şiddətləndirəcək ki, Əliyev hökuməti tipik ultramafioz davranış etiketlərinə uyğun olaraq ixtisar edilənləri sərvətlərdən də məhrum edəcək ki, onlar pullu müxalifətə çevrilə bilməsinlər. Vəzifə yoxdursa, pul da olmamalıdır, çünki pul yalnız vəzifə sahiblərinin imtiyazıdır. Belədə həm kadrlara, həm də pulun trayektoriyasına nəzarət etmək rahat olur.

Hamını bir konvertə yığıb qutuya tullamaq olarmı?

Hamının fikri rayonlardakı xalq ayaqlanmalarına yönəlib, amma deyəsən hakimiyyət düşərgəsindəki çaxnaşmalar diqqətdən kənarda qalır. Orada isə maraqlı proseslər gedir. Bu zamana qədər paket maaşı alan nomenklatur elementlərin paket maaşı verənlərə və ya paket maaşının mənbələrinə qarşı etirazları ilk sırada gələcək. Ölkədə paket maaşlar fondunun cəmləşdiyi bir neçə mənbələr var və onların hamsının başı bir yerə bağlıdır, əlbəttə. Bu, “ümummili korrupsiya sistemi”dir və ümummili liderin vahid nəzarəti altında formlaşır. Paket maaş mənbələri sistemin topladığı rüşvət fondundan və oliqarxların biznes təsərrüfatından yaranır. (Əlbəttə, bunların hər ikisi qanunsuzdur). Qətiyyən iddia etmirəm ki, Azərsun üzərinə hücuma keçən deputat Zahid Oruc paket maaşı alanlar sırasındadır, amma bu savaş çox maraqlıdır, çox ibrətamizdir.

Azərbaycanda yalnız ucqar kəndlərdə televizorun alabəzək proqramlarına baxmaqla həyatın xoşbəxt ritmlərini təsəvvür etməyə üstünlük verən informasiyasız adamlar bilirlər ki, Azərsun Əliyev ailəsinin şirkətidir və bunu təsdiq edən sənədləri ortalığa çıxaran xanım jurnalist həbsxana ilə mükafatlandırılıb. Zahid Orucun bunu bilib- bilməməsinin mənə dəxli yoxdur, çünki bu bilgi proqnozların nətiəsinə təsir etmir. Demək istədiyim budur ki, Zahid Oruc- Azərsun savaşı elitanın biznes- siyasət ziddiyətlərinin qaranquş xəbəri kimi bir şeydir. Bu qaranquşların qatarını yaxın günlərdə müşahidə edə biləcəyik.

Prokurorluq siyasi partiyaları niyə ittiham edir

Bölgələrdəki sosial etirazlara hərə öz aləmində şərh verir. Prokurorluq və (yəqin ki, bütün bu qəbildən olan dövlət xanaları) tələm-tələsik elan ediblər ki, iğtişaşlarda müxalifətin əli var. Mən düşünmürəm ki, bununla onlar prezidentin xoşuna gəlmək isəyiblər. Yəni, prezidentə mesaj vermək istəyiblər ki, “xalq sizi sevir, amma bu müxalifətçilər xalqı sizə qarşı çevirirlər”. Bu, ya şox xırda biclik olardı, ya da sadəcə olaraq, İlham Əliyevi hərifləyib qabağa düşmək. Ya da, hər ikisi. Amma üçüncü epizod da var. Üçüncü epizod bundan ibarətdir ki, güc strukturları bundan sonrakı uzun bir mərhələdə prosesin onların nəzarətinə veriləcəyini bilirlər. Bu mərhələ isə yalnız müxalifətə divan tutmaq planları ilə yekunlaşmır (zatən bu istiqamətdə illərin təcrübəsi var və orada hansısa yeniliklər etmək üçün fantaziyalar tükənməlidir), həm də onunla zənginləşir ki, güc strukturları bütün digər nomenklatura ordusu üzərində hüdudsuz səlahiyyətlər əldə etdiklərini göstərmək istəyirlər. Kimə göstərmək istəyirlər? Əlbəttə, mənə yox. Çünki mənə nə nomenklaturanın dəxli var, nə mafiozların, nə də onlara qarşı hücuma hazırlaşan güc strukturlarının. Baxın, son iğtişaşlarda prokurorluq siyasi bəyanat səsləndirdikdən sonra kimi həbs etsə yaxşıdır? Füzuli rayonunda Horadiz qəsəbəsinin icra nümayəndəsi olan adamı. Bu adamın da yerli çaplı minioliqarx olduğu və hətta rayon icra başçısı postuna iddialarını gizlətmədiyi bildirilir. Rayonlarda icra başçıları ilə yola getməyən və özünü həmin posta daha layiqli sayan kifayət qədər adamlar var. Açığı, bunun obyektiv səbəbi də var. Məsələn, Cəbrayıl, Lənkəran və başqa rayonlarda iğtişaşlardan sonra icra başçılarının verdiyi açıqlamalar sübut edir ki, onların potensial alternativləri yanılmırlar. İcra başçıları ilə təması olan, onların dünyagörüşünə, mütaliə səviyyəsinə, ayaqqabısının ölçüsünə və dəyərinə diqqət edən hər kəs bu iddiaya düşə bilər. Vəziyyət belədir. Demək, Füzulidə həbs edilən Horadiz qəsəbə ucra nümayəndəsinin nümunəsi başqa bir detalı da ortalığa çıxarır. Güc strukturları və onlara siyasi istiqamət verən daha böyük strukturlar yerlərdə narazılıqların təşkilatçılarını icra başçılarının ayaqqabılarına tamah salanlar arasında da axtaracaqlar.

Sosial qiyamların ikinci dalğası nə zaman başlayacaq?

Mən o qədər də sadəlövh deyiləm təsəvvür edim ki, hakimiyyət xalqın narazılıqlarının sosial əsaslarınının olduöunu ağlına gətirməyəcək dərəcədə axmaq adamlardan ibarətdir. Oralarda informasiyalar mədə və ya bir başqasında olduğundan daha çoxdur. Onlar sadəcə bir nüansı təsəvvür edə bilməzlər: “necə ola bilər ki, bu zamana qədər bütün haqlarını tapdaladığımız, əzdiyimiz, sındırdığımız kütlələr indi hansısa sosial ehtiyaclara görə ayaqlana bilirlər?”. Belə bir əbləh təsəvvür olmasaydı, sosial iğtişaşlarda müxalifəti təhdid və ittiham etmək də ağıllarına gəlməzdi. O da ağıllarına gəlmir ki, bu zamana qədər Azərbaycan müxalifətinin örtülü aksiyaları olmayıb, həmişə elan ediblər və ortaya çıxıblar. Hətta əziləcəklərini bilsələr də…Başqa tərəfdən, bu aksiyalar müxalifətin təşəbbüsü olsa, yəqin ki, gündə bir rayonda deyil, bir gündə on- on beş və ya daha artıq rayonda olardı.

Bu etirazlar stixiyadır və birinci dalğadır. İkinci dalğa yaxın bir ay ərzində (yəni, elə günü sabahdan) başlaya bilər. Daxili qoşunların aqressiyasından mayalanan və yerli polisin kütləvi həbslərindən sonra evində fikirləşməyə macal tapan vətəndaş əlini siqaretə atanda onu tapçmayacaq, çay içmək istəyəndə çayın olmadığını görəcək, yeməyə bir şey tapmayacaq və əsəbin ikinci raundu üçün motiv artıq, mövcuddur: “bu axmaq hökumət bizi acından qırmağı bəs deyil, hələ bir yaxınlarımızı- qohumlarımızı da həbsə göndərir”.

“Politodemoqogiya” yorumları

Proses ən əbləh yanaşmaları hadisələrdə xarici qüvvələrin əlinin olduğunu iddia edənlərin nümunəsində göstərir. Qəribə politoloqlar və ondan daha qəribə ekspertlər rayonlardakı çaxnaşmaların daxili səbəblərini görmürlər və ağıllarına neft erasının ən yağlı inzibati təbliğat tezisləri gəlir: bu proseslərdə xarici qüvvələrin əli var. Hətta haraya qədər? Məsələn, Füzuli rayonu Ermənistana yaxındır, ona görə də o rayonda baş verənləri Ermənistanın təxribatı saymaq olmur. Düşüncəsizlik onunla dərinləşir ki, bu cür ekspertlər böyük- böyük rayonlarının ağır camaatını düşmən təxribatına yenilmiş adamlar sayırlar. Bu tezisi verənlər,əslində həm də İlham Əliyevi ermənilərə dəyişməyə hazır olan böyük bir əhali kateqoriyasının olduğunu iddia etmiş olurlar. Digər “xarici düşmənlər”lə bağlı ittihamları da mən bu şəkildə izah edirəm: İlham Əliyevin və onun atasının 23 illik hakimiyyəti onunla nəticələnib ki, əhali, az qala ölkənin yarısında, bu hökuməti düşmən dpvlətlərin təbliğat və təxribatlarına qara qəpiyə satmağa da hazırdırlar. Bunlar özlərini niyə bu qədər urvatsızlaşdırırlar, Allah bilir…

Qiyamların xarici səbəbini İlham Əliyev yaradır

Xarici səbəblər isə hələ olacaq. Bunu nə Rusiyadan, nə də İrandan gözləməyə dəyər. Daha doğrusu, deyilən istiqamətlərdən gələn təsirlər həlledici ola bilməz. Əsas həlledici təsir Amerikanın və Avropanın sanksiyaları ilə başlayacaq. Amma mən bunu xarici səbəblər sırasına aid etməzdim. Çünki həmin xarici təsiri İlham Əliyevin özü aktuallaşdırır. Repressiyaları daha da şiddətləndirməklə….

Xərçəng xəstəliyinin çox ilginc bir örnəyi var. Bu xəstəlik metastaz verdikdən sonra xəstə çox yeməlidir ki, orqanizmini qidalandıra bilsin. Çünki onun qəbul etdiyi qidanın çoxunu xərçəng qarət edir. Xəstə az yesə çox tez ölər. Amma çox yedikcə də xərçəngin daha da böyüməsinə və daha geniş metastaz verməsinə yardım etmiş olur ki, bu da xəstənin ölümün yaxınlaşdırır…….

Bu misalı, elə- belə çəkdim. Kimin ağlı necə kəsir, elə də izah etsin özü üçün…..

Loading