Əlaqə vasitələri

SEYMUR SON SÖZÜNÜ HƏLƏ DEMƏYİB

ibrahim-ibrahimli-enyeniHəbsdə olan iki jurnalistimiz Xədicə İsmayıl UNESKO-nun “Gilyermo Kano dünya mətbuat azadlığı” mükafatına , “Azadlıq” qəzetinin yazarı, “Azərbaycan saatı” televiziyasının proqram aparıcısı Seymur Həzi isə Norveçin Oslo Fritt Ord Foundunun və Almaniyanın ZEIT-Stiftung Ebel və Gerd Bucerius təşkilatlarının Beynəlxalq Azad Mətbuat mükafatına layiq görülüb.

 Ardıcıl mübariz mövqeyi ilə seçilən hər iki yazar yalnız yaradıcılıq hüdudlarını deyil, həm də ölkənin sərhədlərini aşaraq öz imzaları ilə beynəlxalq jurnalistikaya – dünya mediyasına daxil olub. Amma onlar etdiklərinin müqabilində  heç vaxt, təmənna güdməyiblər və  heç kimdən mükafat gözləməyiblər. Sadəcə bu gözlənilməz mükafat onların əməyinə verilən beynəlxalq bir qiymət və diqqətdir.

Fritt Ord Fouandation-un saytında yeləşdirilən məlumatda qeyd edilir ki, Azərbayanda  uzun illər ərzində hakimiyyətin korrupsiya və digər qanunsuz əməlləri barədə tənqidi yazıları ilə tanınan Seymur Həzi bütün fəaliyyəti boyu müxtəlif xarakterli təzyiqlərə məruz qalıb. Və 2014- cü ilin avqustunda saxta ittihamla həbs edilib. 

Azad mətbuatın keşiyində dayanan insan…

Seymur Həzini çoxdan, lap çoxdan  tanıyıram. Əvvəl ictimai fəal kimi, sonra peşəkar siyasətçi kimi, daha sonra  isə analtik yazar  kimi yaxından tanıdım. Azərbaycan kimi bir avtoritar ölkədə həm siyasətçi, həm də yazar olmaq, bu iki çətin və təhlükəli peşəni  eyni vaxtda daşımaq çox cətindir.Çünki ağır şətrlər altında fəaliyyət göstərirsən, daim təzyiqə məruz qalırsan, şantaj edilirsən , təqib olunursan, hətta qara masqalılar tərəfindən oğurlanıb xəsarət də alırsan. Hələ həbsindən xeyli əvvəl,  2011 –çi ildə Seymuru oğulayıb hakimiyyətə qarşı tənqidi yazıları dayandırmağı, xüsusilə də İlham Əliyev və Ramiz Mehdiyev haqqında yazmamağı tələb etmişdilər.

Amma Seymur geri çəkilmədi, ən yaxşı müdafiə hücumdur, prinsipini seçdi. Belə  cəsarətli bir addım atmaq təbii ki, qorxu içərisində yaşayan toplumu xofdan çıxartmaq üçün ən doğru  yoldur. Axı bu ölkədə hər gün öz balaca mübarizəsində udan və uduzan siravi vətəndaşların, onlarla eyni məkanda və eyni şərtlər altında mübarizə aparan Seymur kimi örnəklərə ehtiyacı var.

Həbsindən qorxub ölkədən qaçanlar haqqında yaxın- uzaq tariximizdə xeyli nümunələr var. Amma  xaricdə qalıb həbsdən qurtulmaq imkanı olan insanların səfərdən dönüb “Mən həbsxanadan  qorxmuram, çünki suçlu deyiləm, istəyirsən həbs et” deməsi gerçəkdən bir qəhrəmanlıq nümunəsidir. Əslində, Xədicə İsmayıl, İntiqam Əliev və Seymur Həzinin  Azərbaycana dönüb həbs olunmaları ilə siyasi çevrələrdə, bütövlükdə isə çəmiyyətdə mövcud olan psixoloji sindiromu- həbsxana qorxusunu götürdü.

Seymurun  məhkəmədəki son çıxışını dinlədikcə mənə elə gəlirdi ki, bu sözləri çoxdan, özü də lap çoxdan, necə illər bundan əvvəl ya hardansa oxumuşam ya da kimdənsə eşitmişəm. Yaddaşın hərdən belə qəribəlikləri olur: bəzən hec üzünü görmədiyin, səsini belə eşitmədiyin, amma sevdiyin bir tarixi şəxsiyyətin xəyalında yaratdığın obrazını real həyatda ona oxşar birinin timsalında görüb xatırlayırsan. Çünki Xeyirlə Şər arasında gedən əzəli və əbədi mübarizədə zaman anlayışı nisbidir,  insanlardan biri əsrin əvvəlində digəri isə sonunda yaşasa  da onlar  eyni dəyərlər uğrunda mübarizə apardığına görə  biri digərini mənən tamamlayır və assosiasiya yaranır.

Sokrat və Seymur                                               

Sokratın şagirdi olmuş Ksenofont “Sokrat haqqında xatirələrim” kitabında yazır ki, Afinanın 500 nəfərlik andlı məhkəmə iclasçıları Sokratı “tanrılara hörmətsizlik etməkdə və gəncləri yoldan çıxarmaqda” ittiham edərək barəsində ölüm hökmü vermişdilər. Hətta Sokratın hər tərəfli əsaslandırılmış özünü müdafiə  çıxışı da onları bu fikirdən daşındıra bilməmişdi. Çünki Sokrata ölüm hökmünün verilməsini   birbaşa “hökmdar sifariş” vermişdi.

Sokratın çıxışlarını meydanlarda izləyən miletlər, yəni ziyalılar onun  öldürülməsini deyil, ya həbs olunmasını, ya da ölkədən sürgün edilməsini  istəyirdilər.Və Sokratın məhkəmədə özünü “yaxşı aparacağına” ümid edirdilər. Ki məhkəmə iclasçıları Sokratın bu “üzüyola davranışını” nəzərə alıb yüngül cəza verərlər. Ancaq Sokrat məhkəmədə özünü çox ötkəm apardı, sanki bilərəkdən məhkəmə iclasçılarını  ən ağır cəzanı verməyə təhrik etdi. Və məhkəmə Sokrata ölüm cəzası kəsdi.

Sokratın məhkəmədə son sözü:

Mən bilirəm, ağlayıb gözümün qorasını sıxsam, sizin üçün xoş olar. Amma nə mənə, nə də başqalarına yaraşmaz ki, ölümdən ləyaqətsiz yolla qaçaq. Bütün təhlükəli zamanlarda ölümdən çıxış yolu var, əgər özünə hörmət etməsən. Şərdən qaçmaq ölümdən qaçmaqdan daha çətindir. Şər ölümdən daha cəlddir və adamı daha tez yaxalayır. Mən dünyaya bir də gəlsəydim, yenə  bu cür yaşayardım.

Əgər bir adam hər şeyi edəcək və söyləyəcək qədər gücsüzsə, hər təhlükə qarşısında ölümdən qaçmaq üçün saysız yol tapa bilər. Çətin olan – ölümdən qaçmaq deyil, haqsızlıq və pislik etməkdən qaçmaqdır. Sizin istədiyiniz kimi danışıb yaşamaqdansa, öz istədiyim kimi danışıb ölməyi üstün tuturam.

Əgər siz insanları öldürərək həyatda yaşadığınız pis əməllərə görə qınaqlardan qurtulacağınızı güman edirsinizsə, yanılırsınız. Bu, nə mümkün, nə də şərəfli bir yoldur. Əsl ləyaqətli yol başqalarını susdurmaq deyil, özünüzü mümkün olduğu qədər dəyişməkdir…

Həqiqət budur ki, yalnız bir gerçək müdrik var, o da Tanrıdır. Və Tanrı bu tapmacası ilə insan müdrikliyinin çox az şey ifadə etdiyini göstərmək istəyir. O, bu işdə sadəcə olaraq mənim adımı misal kimi çəkir. Və demək istəyir ki: “Ey insanlar, sizin ən müdrikiniz – Sokrat tək heç nə bilmədiyini biləndir”.

Artıq ayrılmaq vaxtı gəldi. Hərə öz yoluyla getsin. Mən ölməyə, siz isə yaşamağa. Hansı daha yaxşıdır? Bunu Tanrıdan başqa heç kəs bilə bilməz”.

Zəruri qeyd: Sokratın haqqında ölüm hökmü şxarıldığını eşidən dostları onu xilas etmək, daha doğrusu, qaçırtmaq üçün həbsxanaya gələndə filosofun saxlandığı arakəsmədən gələn həzin musiqi səsləri eşidirlər.  Yaxına gəldikdə Sokratın arfa çaldığını görüb,  edamına hökm verilən dahinin ölümü  musiqi sədaları altında belə soyuq qanlıqla qarşılamasına təəccüb edirlər. Qaçmaq təklifini qəbul etməyən Sokrat dostlarının təəccübləndiyini görüb deyir: “Əgər arfanı bu gün də çalmasam, bəs nə vaxt calacağam? Axı sabah artıq gec olacaq.”

Seymurun məhkəmədə son sözü :   

“ …Bu həm də mənəviyyat məhkəməsidir. Bu gün Azərbaycanda mənəviyyatın, əxlaqın buzlaşması prosesi gedir. Biz buna qarşı mübarizə aparırıq.Bu iqtidar-müxalifət qarşıdurması deyil. Bu, Xeyirlə Şərin əzəli və əbədi mübarizəsidir. Biz bu mübarizədə haqqın, ədalətin, adil olanın- Xeyrin yanındayıq. Biz nə istəyirik? Bunun cavabı çox sadədir. Biz istəyirik ki, Azərbaycan insanı özünə, xalqına,  hakimiyyətinə, dövlətinə güvəni olsun. Müəllimlər  məktəbdə uşaqlarımıza rüşvət almağı və verməyi öyrətməsinlər. Həkimlər saxtakarlıqla yox, andına sadiq qlıb öz peşə borcunu yerinə yetirsinlər.Daha hamilə qadınlar, xəstələr, qocalar başqa ölkələrin xəstəxanalarının qapısında boyunlarını bükməsinlər

Bəzən insanlar fikirləşir ki, bu hakimiyyət əbədidir. Amma yanılırlar tarix göstərib ki, bu çür rejimlər-hökumətlər hec vaxt əbədi olmayıb və olmayacaq. Tarixin müəyyən inkişaf mərhələsində xalqlar qalib gəlib öz hakimiyyətlərini qurublar. Sadəcə, bizm xoşbəxtliyimiz ondadır ki, biz artıq bu yolun  çoxunu qət etmişik.                                                                                                                         Bu məhkəmədən heç bir ədalət gözləmirəm. Çünki mənim həbsim, sadəcə  yuxarıdan verilən siyasi sifarişidir. Təbii ki hakimlər sifarişə uyğun olaraq hökm çıxaracaq. Neçə il həbsdə olacağım məni qorxutmur, heç bu barədə düşünmürəm də. Allahdan istədiyim yalnız şərəfli bir ömür yaşamaqdır.                                                                                                                                                                                                    

Zəruri qeyd: Seymur Həzi hələ xaricdə olanda dostları ona yazmışdı ki, gəlmə, gəlsən səni tutacaqlar. O, isə gəldi. Bu xəbərdarlıqdan sonra  Seymurun məntiqlə qayıdacağını gözləməyən dostları  şaşırdılar.  Dostlarının şaşırdığını görən Seymur soyuqqanlıqla  “Azərbaycandan niyə qaçmalıyam, axı- deyir.  Mən həbsimi gözləyirdim. Ramil Usubova məktubumda da yazmışdım ki, məni həbs eləmək üçün arxamca bir dəstə adamı töküb izlətdirməyə ehtiyac yoxdur. Çağırın, özüm gəlim.”

Loading