“MƏNİM DİpLOMATDA QRAÇOVA VERDİYİM PULLARIN VİDEO SÜJETİNİ NİYƏ TƏLƏB EDİB, OXUCULARA TƏQDİM ETMƏDİN?!!”
“JURNALİST OLARAQ GÜZGÜ ÖNüNDƏ DAYANIB ÖZ ÜZÜNƏ TÜPÜRDÜYÜNDƏN XƏCALƏT ÇƏKİRSƏNMİ?!!”
Vətənpərvər, vicdanlı media mənsublarına.
Möhtərəm cənablar və xanımlar !
Çox düşünüb götür-qoy etdikdən sonra bu müraciəti Sizlərə ünvanlamaq qərarına gəldim. Bəşəriyyət tarixinin insanlara bəlli olan ən qədim dövrlərindən zamanımıza qədər keçən müddətdə saysız-hesabsız silahlar icad edilib. Bu silahların ən qədimi, ən kəsərlisi və heç bir zaman dəyərdən, kəsərdən, əldən-dildən düşməyəni, köhnəlib sıradan çıxmayanı “söz”dür və bu sözü yazan qələmdir.
Hörmətli media mənsubları, əlinizdə tutduğunuz bu möhtəşəm silahla bir vergülün yerini dəyişəndə belə, neçə-neçə insanların taleyi (müsbət və ya mənfi yöndə) müəyyənləşir.
Çox az saylı şəxslərdən biriyəm ki, əlinizdəki həmin kəsərli silahınızı zaman-zaman mənə tuşlamısınız. Əslində bunda da qeyri-adi bir şey yoxdur və olmazdı, əgər həmin tuşlamalar əsl həqiqəti üzə çıxarmaq xatrinə olsaydı. Ən ağrılı məqam isə odur ki, mənim adım, ölkəmizə qarşı artıq 30 ilə yaxın nankor düşmənlərimizin ərazi iddiası ilə başlamış elan edilməmiş müharibədə işğal edilmiş torpaqlarımızla əlaqədar hallandırılır.
Bəri başdan bildirirəm ki, müqəddəs torpaqlarımızın düşmən taptağı altına düşməsində xəyanəti, cinayəti, hər hansı şəkildə səhlənkarlığı aşkar edilən şərəfsizə, binamusa, qeyrətsizə zərrə qədər güzəştdən, mərhəmətdən söz belə gedə bilməz. Belə şərəfsiz(lər)in bir cəzası var – ölüm !!!
Lakin, çox təəssüflə və tam məsuliyyət hissiylə bildirirəm ki, bu qədər müqəddəs və həssas bir mövzu, bir sıra media mənsubları tərəfindən siyasi alver, maddi gəlir mənbəyinə çevrilib və “uğur”la davam etməkdədir. Ərazisinin 20%-i işğal altında, bir milyon əhalisinin qaçqın-köçkün, didərgin olduğu, hər gün qeyrətli, cəsur övladlarımızın şəhid verildiyi vətənimizdə, müqəddəs torpaqlarımızın azad edilməsinə, qələbələrimizə əngəl törədən satqınların üzə çıxarılıb ifşa edilməsinə xidmət etməli olan bəzi media mənsubları, kimlərinsə sifarişi ilə, uydurulmuş, həyasız, məqsədli yalanları olmuş həqiqətlər kimi millətə sırımaqla düşmənə xidmət etdiklərinin fərqində belə deyillər. Bəlkə də fərqindədirlər və bu şərəfsiz əməllərini bilərəkdən xalqı çaş-baş salmaq məqsədi ilə edirlər?!!!
İndi isə bu müraciəti siz cənablara və xanımlara ünvanlamaq məcburiyyətinə məni gətirən əsas mətləbə keçirəm.
Şuşanın işğalının ildönümü ərəfəsində, yəni 06.05.2016 tarixində, trend.az xəbər portalında Şuşanın işğalı ilə əlaqədar qəribə bir video-süjetin oxuculara təqdim edildiyi barədə mənə, hörmət etdiyim saytın bir xanım jurnalisti xəbər verib, münasibət bildirməyimi istədi. Bu videodan bixəbər olduğumu deyib, tanış olandan sonra münasibət bildirəcəyimə söz verdim. Doğrusu həmin ana kimi trend.az xəbər portalı ilə heç bir münasibətim yox idi. Həmin portalda 1992-ci ildə Şuşanın işğalı ərəfəsində, Şuşada doğulmuş, həmin vaxt da MTN-nin Şuşa şöbəsinin rəisi işləmiş peşəkar KQB zabiti olan Əliyev Ağalar Xasay oğlunun, işğalın 24-cü ilində video-müsahibəsi oxuculara və geniş tamaşaçı kütlələrinə təqdim olunmuşdur. Həmin süjetə diqqətlə baxdım. Bu KQB zabitinin Şuşanın işğalından 24 il sonra ekran qarşısında durub xəcalət çəkmədən, hallanmış narkoman sayağı, sayıqlamasına baxdıqca təəccübdən və təəssüfdən tüklərim biz-biz oldu. İnanın ki, ekran qarşısında danışanın (əgər buna danışmaq demək olarsa – R.Q.) əslən Şuşalı, 1992-ci ildə isə, Şuşanın işğalı ərəfəsində MTN-in Şuşa şöbəsinin rəisi, peşəkar KQB zabiti olmasına inanmaq qeyri-mümkün idi. Danışan sanki 24 il Azərbaycandan kənarda yaşamış, bu işğalda zərrə qədər də məsuliyyəti olmayan, əhlikef birisinin vicdan əzabı çəkməyən sayıqlaması təsirini bağışlayırdı.
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qeyrətli, mərd-cəsur oğullarımızın bu savaşda pələng kimi döyüşüb şəhid olduqları çox məsuliyyətli, həlledici bir vaxtda, bu sərsərinin hayasızcasına uydurduğu yalanları, böhtanları olmuş həqiqətlər kimi xalqa təqdim edən Trend xəbər portalının kimin sifarişini və ya kimə, nəyə və niyə xidmət etdiyini heç cürə anlaya bilmədim. Elə bu səbəbdən də Trendə (012) 497-31-72 saylı telefonla zəng vurub, bir neçə operatorun məni birləşdirdiyi Emin (və ya Emil) adlı əməkdaşla danışıb Əliyev Ağalar Xasay oğlu ilə elə həmin redaksiyada, vicdanlı, namuslu, vətənpərvər jurnalistlərin iştirakı ilə debat keçirilməsini təkidlə tələb etdim. Möhtərəm media mənsubları, bu çıxışla bağlı , həm də mənim cavab haqqım olduğunu yəqin ki, bilməmiş deyilsiniz. Bu yazını qələmə aldığım 11.05.2016 tarixinə kimi keçən vaxtda, nə həmin portaldan səs çıxıb, nə də ki, mənim cavab haqqım tanınıb.
Şuşanın işğalı ilə əlaqədar 1993-cü ilin oktyabrın 16-dan ibtidai istintaqa cəlb olunub ifadələr vermişəm, 1994-cü il 29 ilul – 21 sentyabr tarixinəcən məhkəmə prosesində iştirak etmişəm və bu müddətdə mənim iştirakımla keçirilən məhkəmə proseslərinin, sonra 22 may 2002-ci il – 26.12.2003-cü il tarixində qapalı Qobustan həbsxanasında keçirilən Şuşanın işğalı ilə əlaqədar ikinci açıq (“Qapalı həbsxanada keçirilən açıq məhkəmə” ifadəsi jurnalistlərin nöqteyi-nəzərindən çox poetik səslənir-deyilmi? – R.Q.) məhkəmə proseslərinin yüz hissədən ibarət video-çəkilişlərinin hamısı “Youtube”də var.
Möhtərəm, vicdanlı, vətənpərvər, peşəsinə layiqli qiymət verən jurnalist bəylər və xanımlar!
Bu qədər həssas dönəmdə, Şuşanı o Ağalar adlanan birisinin öz dediyi kimi, mayın 6-da deyil, mayın 4-də qoyub qaçan, əslən Şuşalı, MTN-in Şuşa şöbəsinin rəisi, peşəkar xüsusi xidmət orqanının zabiti ilə o məşhur sifarişli, bədnam müsahibəni götürən üzdəniraq həmkarınızın verməyə borclu olduğu, ya vəlvələdən, ya zəlzələdən, ya da ki, apardığı müsahibənin vacibliyinin dəyərini kütbeyinliyi sarıdan anlamadan vermədiyi çoxsaylı, zəruri suallardan sizin icazənizlə bir neçəsini ona ünvanlamaq istiyirəm. “Trend” xəbər portalının qeyd etdiyim video-müsahibəni aparan cənab jurnalist;
1. 24 ildən sonra həmin müsahibəni kimin göstərişi ilə və nə məqsədlə gündəmə gətirmisiniz?
2. Ağalar adlı peşəkar KQB zabitindən, MTN-nin Şuşa söbəsinin rəisi olaraq, nə üçün vəzifə borcunu yerinə yetirmədən xidməti yerini qoyub qaçmağının səbəbini, nəyə və ya kimə xatir xəbər almayıbsan?

3. Ağaların dediyi “mənim diplomatda Qraçova verdiyim pulların” video-süjetini nə əcəb tələb edib, hörmətli oxuculara təqdim etməmisən?
4. Xalqa təqdim etdiyin Əliyev Ağaların sadaladığı “xəyanət faktları”nı – hansı səbəbdən 24 il xəcalət və vicdan (əgər varsa! – R.Q.) əzabı çəkmədən saxlayıb açıqlamamısan? – sualını bir peşəkar jurnalist olaraq unutmusan, yoxsa həmin müsahibəni götürməyi sənə əmr edən ağaların məsləhət bilməyib?
5. Mənim cavab haqqımı tanımamağa səni vadar edən kim və ya kimlər olub?
6. Həmin müsahibəni götürən cənab, təbii ki, mən sənin adını-soyadını tapardım və adınla sənə müraciət edərdim. Lakin onu heç lazım da bilmədim. Necə deyərlər, “su axar, çuxurunu tapar”. Müsahibə götürdüyün Əliyev Ağalar hansı səviyyəli vətənpərvər, vicdanlı, peşəkar KQB zabitidirsə, sən də elə həmin xüsusiyyətlərə malik, hələ ondan da aşağı səviyyəli “jurnalistsən”. Belə bir video-müsahibəni götürməklə, Allah eləməmiş, peşəkar jurnalist olaraq, güzgü önündə dayanıb, öz üzünə tüpürdüyünü, heç olmasa, anlayıb xəcalət çəkirsənmi?
Vicdanlı, namuslu, vətənpərvər, çətin, təhlükəli və çox gərəkli jurnalist adını şərəflə daşıyan möhtərəm cənablar və xanımlar!
Mən həmin bədnam video-müsahibə ilə əlaqədar Şuşanın işğalı səbəbləri, səbəbkarları, edilən xəyanətlər, bu xəyanətləri edən, bu gün də yüksək dövlət, hökumət, hərbi vəzifəli, yüksək ranqlı məmurlar barədə sizə söhbət açmadım. Əvvəla ona görə ki, bir çoxlarınız Şuşanın işğalı ilə əlaqədar həm birinci, həm də ikinci məhkəmədə dəfələrlə iştirak etmisiniz. Hər birinizin öz mövqeyiniz var. İkinci, həmin məhkəmələrin sənədləri, video görüntüləri vicdanlı, peşəkar jurnalistlər tərəfindən araşdırılıb və sosial şəbəkələrdə yayımlanıb. Nə qədər ki, müqəddəs torpaqlarımız şərəfsiz düşmən taptağından təmizlənməyib, Şuşanın və digər işğal altında olan rayonlarımızın işğal səbəblərini həyasızcasına təhrif edərək, onları siyasi alver, kimlərdənsə qərəzli qisas alma alətinə çevirmək namussuzluqdur, vətənə, millətə ən böyük xəyanətdir.
Mənim ömrümün elə bir çağıdır ki, hər an sona yetə bilər. Nə qədər ki, mən sağam, Müqəddəs Şəhidlərimizin ruhuna, Möhtərəm Qazilərimizin qüruruna xatir, Sizin qarşınızda duraraq, hər an zəhərdən acı, xəncərdən iti, hər birinizin qəlbini narahat edən bütün suallarınıza doğru-düzgün cavab verməyə hazıram!
Müraciətimin tərəfinizdən cavabsız qalmayacağına böyük ümidlər bəsləyən:
Rəhim QAZIYEV
11.05.2016