Əlaqə vasitələri

İsa Qəmbər: “Rəhim Qaziyev həmişə mənə qarşı danışıb”  

“2-5 APRELDƏ YARANAN ÜMUMXALQ BİRLİYİ HAKİMİYYƏTİN XOŞUNA GETMƏDİ”

İsa Qəmbərİsa Qəmbərlə, uzun müddətdən sonra ikinci kəs müsahibə almaq üçün görüşdüm. Bu arada, bəlkə də, müəyyən tədbirlərdə, toyda, yasda ayaqüstü görüşlərimiz nəzərə alınmasa, onunla belə geniş söhbət üçün heç inkanım olmamışdı. Zarafat deyil, ardan xeyli vaxt ötüb, neçə seçkilər keçirilib, Müsavatın özündə nələr olub və ən əsası da, İsa Qəmbər artıq başqan qoltuğundan, sabiq başqan kürsüsünə əyləşib. Sözüm isə onadı ki, İsa bəyin, bir az daha çox ağaran saçlarını və bir də yaşla bağlı sifət çizgilərində hiss olunan cüzi dəyişikləri nəzərə almasaq, adam heç dəyişməyib. Yenə də, kifayət qədər mütəvazi duruşu, ənənəvi sakit görkəmi,  həmişəki kimi məntiqli danışığı, bir az ehtiyatlı, bir az da kəndi əminliyinnən gələn səlis ritorikası, ən əsası da düşüncə və fikirlərindəki məntiqi nitqinə yansıda bilməsi ilə, elə həmim İsa bəydi ki durub.  Amma, təəssüf elədiyim bir şeyi də deməsəm, bu portpetin tamlığına xələl gətirmiş ollam. İlərin gətirditi və gözlərinin artıq gizlədə bilmədiyi yorğunluğunu, eləcə də hərəkətlərinin bir az ağırlaşdığını da hiss elədim İsa bəyin. Yəni, qocalıb deməyə dilim varmasa da, xeyli yaşa dolub, müdrikləşib, zahiri görkəmcə bir xeyli ahıllaşıb demək zorundayam.
Sərdar Əlib.O ki qaldı dediklərinin və danışdıqlarının səmimiyyətinə, bilmirəm və bu məni o qədər də maraqlandırmır, adam siyasətçidi və arxasında bir dekadanı aşqın illərin təcrübəsi var. Siyasətdə səmimiyyət çox nisbi anlayışdı və o səbəbdən də, məsələnin bu boyutuna qiymət verməyi oxucuların və ictimai rəyin öhdəsinə buraxıram.
Beləliklə, növbəti müsahibim, Müsavat partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərdi.

Sərdar ƏLİBƏYLİ


İsaQəmbər“NÜMAYİŞ OLUNDU Kİ, MÜXALİFƏTDƏ OLANLAR DÜŞMƏNDİRLƏR VƏ BU XƏTT DAVAM EDƏCƏK”

 “HAKİMİYYƏTDƏ OLANLARIN NƏ VƏTƏN SEVGİSİNƏ ETİMADIM VAR, NƏ DƏ AZƏRBAYCANIN MARAQLARINA UYĞUN ADDIM ATMAQ GÜCÜNƏ!

İsa QƏMBƏR: “2-5 APREL ŞƏHİDLƏRİ AZƏRBAYCAN XALQININ BÖYÜKLÜYÜNÜ BİR DAHA BÜTÜN DÜNYAYA SÜBUT ELƏDİLƏR”


 

 I hissə

–  İsa bəy, nə var nə yox, necəsiniz?

–  Sağ olun, indi ümumi planda hamını necə görürsünüzsə, biz də eləyik. Yaranmişiq və dünyada da nəsə bir iz qoymalı, dünyanın daha yaxşı olmasına çalışmalıyıq. Və təbii ki, Azərbaycanın ictimai-siyasi sferasında fəaliyyət göstərən bir adam kimi, Azərbaycanın uğurlarına çalışır, xalqımızın xoşbəxtliyini, ölkəmizin hər bir vətəndaşının rifah halının yaxşılaşmasını istəyirəm.  Bu yöndə də əlimdən nə gəlirsə, onu edirəm, etməyə çalışıram və bu, sonadək belə olacaq.

–  Ölkədə bir müharibə ab-havası, iqtisadi-siyasi böhranla bağlı ciddi narahatlıqlar var. Amma günü ən qaynar çağıdır və qərargakınızı çox sakit gördüm, niyə belə sakitlikdir ki?

–  Birincisi, bu gün şənbə günüdür. Partiyanın rəhbərliyi və digər təmsilçiləri bölgələrdə, tədbirlərdədirlər və ona görə də, xüsusu tədbirlər-filan olmayanda, şənbə-bazar günləri burda nisbətən sakitlik olur. Amma bu qərargah Azərbaycanın ictimai-siyasi həyatının əsas mərkəzlərindən biridir. Həm Müsavat partiyasının, həm də bir çox digər qurum və təşkilatların tədbirləri burda keçirilir. Elə biz də Milli Strateji Düşüncə Mərkəzinin tədbirlərini burada keçiririk. İstənilən normal qüvvə burda tədbir keirmək istəsə, gəlib öz konfranslarını, debatlarını və sairi rahatlıqla  keçirə bilirlər. Eyni zamanda Müsavat partiyasının rayon təşkilatlarının Bakıda öz qərargahları yoxdur deyə, onların da müəyyən tədbir və toplantıları burda keçirilir. Adətən bu cür tədbirlərin keçirilmə vaxtı günün ikinci yarısına təsadüf edir və ona görə də, hətta bu gün də, ola bilsin ki, bir azdan sonra, burda bir canlanma baş versin və gördüyünüz sakitlikdən əsər-əlamət qalmasın.

–  Çox maraqlı bir ifadə işlətdiniz ki, normal qurumlar burda tədbir keçirə bilərlər. Amma bu qurumların normal, ya da anormal olduğunu necə təyin edirsiniz ki ?

–  Yaxşi sualdır və təbii ki, burda o baxımdan hansısa bir standart müəyyənləşdirmək elə də sadə məsələ deyil. Amma çalışırıq ki, müstəqil qurumlara yer verək. Yəni, mövqeləri bizimlə eyni, ya da fərqli qurumlar da ola bilər, amma müstəqil qurumlara, özünə hörmət edən adamlara, təşkilatlara və təbii ki, həm də bu rejimə müxalif olan istənilən təşkilata Müsavat rəhbərliyi tərəfindən şərait yaradılır ki, uyğun zamanlarda burda tədbirlərini keçirə bilsinlər.

–  Tutaq ki, AXCP – təbii ki söhbət Əli Kərimlinin AXCP-sindən söhbət gedir, ya da Milli Şura müraciət eləsə, onların da tədbirlərinə burda şərait yaradılacaqmı, yəni bunları normal, yoxsa anirmal təşkilatlar sırasında gördüyünüzü bilmək istəyirəm?

milli şura–  Bu məsələlərə mən baxmıram. Amma həm təcrübədən, həm də Müsavat partiyasının rəhbərliyinin mövqeyindən bilirəm ki, əgər müraciət eləsələr, təbii ki, onlara da “yox” deyilməz. Yeri gəlmişkən, yəqin ki, siz də bilməmiş deyilsiniz ki, AXCP əvvəllər də bir neçə il Müsavat partiyasının qərargahından çox geniş şəkildə istifadə eliyə bildi. Yəni, bu da onların öz seçimiydi, onların qərargahı alınanda biz təklif etmişdik, sonra müraciət eləmişdilər və biz də buna  əsasən dəvət elədik, gəldilər. Uzun müddət də burda fəaliyytlərini davam etdirdilər. Mən hesab edirəm ki, münasibətlərdəki bəzi suallara baxmayaraq, əgər müraciət eləsələr, Müsavat partiyasının rəhbərliyi  onlara da “yox” deməyəcək.

–  Həm də ona görə bu məsələni soruşdum ki, adətən tez-tez o cinahdan da yerin yoxluğundan şikayətlər gəlir. Amma, demək yer var, sadəcə aşırı təkəbbürü və aşırı ambisiyaları aşa bilmillər?

–  Qərargah barədə, yeri gəlmişkən, sizə bir söz də deyim. Təxminən 1990-cı illərin sonlarından, Əliyev hakimiyyəti bizim mərkəzdəki qərargahımızı əlimizdən almaq istəyirdi. Bir neçə il buna çalışsalar da gücləri çatmadı. Yalnız 2003-cü ilin prezident seçkilərindən sonra, bütövlükdə müxalifətə, xüsusən də Müsavata dəhşətli zərbələr vurulduqdan sonra, məhkəmə qərarı ilə, zorakılıqla qərargahı bizim əlimizdən aldılar və bu qərargah da bizə həmin vaxt məhkəmə qərarı ilə verildi. Həmin ərəfədə münasibətlər o dərəcədə sərtləşmişdi ki, partiya rəhbərliyi məhkəmənin o qərarından imtina etməklə Apellyasiya şikayəti vermək qərarına gəlmişdi və bu qərargahı da qəbul etməmək əhval-ruhiyyəsindəydik. Amma o şəraitdə bizim həmin prosesdəki ictimai təmsilçimiz Vaqif Hacıbəyli idi. O, bizim ümumi fikrimizi yanlış hesab eliyib, öz qərarını vermişdi və məhkəmənin qərarını qəbul Müsavatın qərargahıeləmişdi ki, Müsavat partiyası bu qərargaha köçür. Biz 2003-cü ilin həmin günlərində bu qərargaha gələndə, buralar deyilməyəcək qədər bərbad bir vəziyyətdəydi. İnanın, elə bir vəziyyətdən söhbət gedir ki, adam içəri girməyə belə xəcalət çəkirdi. Amma artıq olanlara qatlaşmaq məcburiyyəti vardı və yavaş-yavaş işləri qaydaya qoymağa, səliqə-səhman yaratmağa başladıq. Və indi uzun illərdir ki, bu qərargah, bir qədər əvvəl dediyim kimi, demokratik düşərgənin əsas məkanlarından biri kimi fəaliyyət göstərməkdədir. Ona görə də, bu bina məsələsində hansısa fərqli yanaşma yoxdu və hakimiyyətin bu məsələdə, gerçək müxalifət qüvvələrinə, aşağı-yuxarı, yanaşması eynidir.

–  Isa bəy, siz artıq bir partiya başqanı deyilsiniz, həm də Strateji Düşüncə Mərkəzini başında durursunuz deyə soruşuram. Sizcə hakimiyyətin Əli Kərimlinin üzərinə bu qədər ağir və bir az da abartılı görünən biabırçı formada getməsinin səbəbi nədir?

–  Müxtəlif səbələr ola bilər. Yəni, bu məsələdə tam informasiya olmadan son söz söyləmək çətindir. Amma …

–  Öz qənaətiniz nədir?

Əli-İsa–  Öz qənaətim budur ki, hakimiyyət Qarabağ savaşının 2-5 aprel mərhələsindən sonra, həmin günlərdə yaranmış ümumxalq birliyindən narahat olmağa başladı. Yəni, bəzən müəyyən avtoritar rejimlər xarici düşmən axtarırlar, ancaq bizim hakimiyyətin bu problemi yoxdur. Çünki Ermənistan təbii şəkildə öz düşmənçiliyini eliyir, o obrazı yaradır və gerçək düşmən kimi də fəaliyyətini göstərir. Amma eyni zamanda avtoritar hakimiyyətlərin, mütləq formada, bir daxili düşmənə də ehtiyacı olur. Və mənə elə gəlir ki, həmin o 2-5 aprel mərhələsində və ondan sonrakı günlərdə ümumxalq birliyi, həmrəyliyi  hakimiyyətin çox da xoşuna getmədi. Çünki o birlik, o həmrəylik hakimiyyət tərəfindən də xoş niyyətlə qəbul edilsəydi, o zaman, müxalifətə və bütövlükdə demokratik düşərgəyə qarşı kampaniya apara bilmək üçün bəhanələr aradan qalxmış olacaqdı. Yəni, birmənalı şəkildə təsdiq olunacaqdı ki, demokratik düşərgə və aparıcı müxalifət qüvvələri ümummilli məsələlərdə öz partiya maraqlarını arxa plana keçirib, millət, dövlət və xalq naminə ortaq mövqe sərgiləyirlər. Əslində, elə həmin günlərdə bu məsələ öz təsdiqini tapdı və bunu xalq da, hakimiyyət də, hətta beynəlxalq təşkilatlar və böyük dünya dövlətləri də gördülər. Həmin günlərdə cəmiyyət içərisində anlaşmanın artması ilə bərabər, hakimiyyətin də,  demokratik düşərgənin və müxalif güclərin mövqeyinə daha diqqətlə yanaşması zəruri idi və bu mərhələ gəlirdi. Ancaq bu, hakimiyyəti narahat elədi və yenidən düşmənçilik addımlarını atmaqla, cəmiyyətə də, hətta öz daxillərindəki qüvvələrə də  nümayiş elətdirməyə çalışdılar ki, dəyişən bir şey yoxdur. Yəni, ölkənin müxalifətində olanlar düşməndir və bu xətt davam eliyəcək. Mənim fikrimcə məsələnin məğzi və mahiyyəti bundan ibarətdir, təbii ki, başqa versiyalar və mülahizələr də ola bilər.

–  Müharibədən söz düşmüşkən, bu yaxın müddətdə genişmiqyaslı böyük müharibənin olacağını proqnozlaşdıra bilirsinizmi və bir də strateji düşüncə mərkəzindən baxanda, Azərbaycanın bu ilin sonuna hansı vəziyyətdə gələcəyini görürsünüz ?

–  Çox çətin sualdır. Çünki Azərbaycan hakimiyyətində elə bir qüvvə mövcuddur ki, olanları və olacaqları proqnozlaşdırmaq çox çətindir. Yəni, mənim bu qüvvənin nə vətən sevgizinə etimadım var, nə də məsələləri soyuq ağılla təhlil edib Azərbaycanın strateji  maraqlarından irəli gələn düzgün qərarlar verə bilmək və ona uyğun da addımlar atmaq  gücünə. Burda yalnız öz maraqlarını düşünən bir, hətta bir neçə qüvvədən söhbət gedə bilər və bəlkə də əlli-yüz haldan birində bunların şəxsi  maraqları ilə Azərbaycanın ümumi maraqları üst-üstə düşərsə, düzgün bir addım ata bilərlər. Qalan bütün hallarda bunların maraqları Azərbaycanın maraqlarına uyğun olmur və buna görə də ilin axırınacan nələrin ola biləcəyini proqnozlaşdırmaq çox çətindir. Biz bir düşüncə mərkəzi olaraq önəmli məsələləri təhlil etməyə, hətta proqnozlaşdırmağa çalışırıq. Amma, eyni zamanda da, biz bir ictimai-siyasi bir qüvvə olaraq, sadəcə proqnozlaşdırmağa deyil, həm də proseslərə təsir etməyə də  çalışırıq. Biz istəyirik ki, bu hakimiyyət, heç olmasa, Qarabağ məsələsində öz şəxsi və qrup maraqlarını kənara qoyub, Azərbaycanimizin maraqlarına uyğun addımlar atsın. Və çox təəssüflər olsun ki, hələ ki, bunu görə bilmirik. Biz qəhrəman əsgər və zabitlərimizin fədakarlığını, igidliyini, vətən naminə göstərdikləri şücaəti çox yüksək qiymətləndiririk. Həmin günlərdə də yüzə qədər şəhid verdik, Tanrı onların ruhunu şad eləsin. Yəni, o şəhidlər Azərbaycan xalqının böyüklüyünü bir daha bütün dünyaya sübut elədilər, bu xalqın öz vətəninə, öz torpağına, öz dəyərlərinə nə qədər bağlı və nə qədər sadiq olduğunu yenidən nümayiş elətdirdilər. Yenə də deyirəm ki, biz bunları çox yüksək qiymətləndiririk. Amma hakimiyyət bu dəyərlərə, heç olmasa bir müddət də olsa, layiq ola bilib-bilməyəcəyini də nümayiş elətdirə bilmədi. Adətən bu mövzunun üzərinə gələndə, hakimiyyətin, artıq yumor və satira mənbəyinə çevrilmiş “lazım gəlsə” sözü ortalığa gəlir. “Lazım gəlsə” sözünün indi heç bir anlamı yoxdur və əslində bu “lazım”ın gerçək və doğru adı siyasi iradədir. Hakimiyyətin siyasi iradəsi olsa, gerçəkdən də çox işlər görmək mümkündür. Çünki Qarabağ savaşının 2-5 aprel mərhələsindən sonra Azərbaycan üçün, istər hərbi üstünlük, istərsə də diplomatik sahədəki imkamlar baxımından çox əlverişli şərtlər və istiqamətlər yaranıb. Təəssüf ki, bu imkanlardan istifadə olunmurisavə yenidən gözləmə mövqeyi, yenidən “Ermənistan nə edir”, “Rusiya nə etmək istəyir”, “beynəlxalq təşkilatlar nə edəcək” kimi  hakimiyyətin gözləmə mövqeyinə bəraət  qazandırmağa hesablanmış açıqlamalar eşidirik və bu da heç xoşa gələn bir mənzərə deyil.

–  Siz həm də bir müddət ölkə prezidenti vəzifəsini icra etmiş və bunun məsuliyytini öz çiyinlərində hiss eləmiş bir siyasi xadim və dövlət adamısınız. Bu baxımdan, İlham Əliyevin “Hücumu erməni tərəfinin və konkret olaraq prezident Serj Sarkisyanın xahişini nəzərə alaraq dayandırdıq” anlamına gələn açıqlamasını necə dəyərləndirdiniz ?

“Mən bunu beynəlxalq səviyyədə korrupsiyaya qarşı mübarizə üçün yaradılmış ASAN xidmət kimi dəyərləndirərdim”

Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər ilə müsahibənin 3-cü hissəsini təqdim edirik:
 
III hissə
– Siz ölkənin birinci şəxsi olmusunuz, informasiya əldə etmək imkanlarınız hamıdan çox olub. Rəhim bəy həm siz prezident vəzifələrini içra elədiyiniz zaman, həm də ikinci şəxsi olduğunuz hakimiyyətin dönəmində müdafiə naziri olub. Ayrıca da hər ikiniz Xalq Hərəkatından hakimiyyətə gəlmişdiniz. Yəni, bu sualı verməyimin də səbəbləri çoxdur və həm də bu məsələyə bir nöqtə qoyulmalıdır.
– Düşünmürəm ki, mənim sözümlə bu məsələyə nöqtə qoyula bilər. Gərək ki, ötən söhbətlərdən birində Sizə də demişdim ki, adətən mövzular üç qrup olur. Yəni, bəziləri adamları müzakirə etməyi xoşlayırlar. Məsələlərə bir az daha ciddi yanaşanlar hadisələri müzakirə edirlər. Daha ciddi və daha geniş yanaşa bilənlər isə, proseslərdən və ideyalardan danışır və onları müzakirə masasına yatırırlar. Mən də, gücüm çatan qədər, ideyaları və prosesləri müzakirə etməyə, onları qiymətləndirməyə üstünlük verirəm. Zərurət olanda hadisələrə də qiymət verməyə hazıram. Amma insanlarla bağlı danışmağa mən maraq göstərmirəm. Təbii ki, yeri gələndə sözümüzü də deyə bilərik və deyirik də. Ancaq məsələ bu deyil axı. Tutaq ki, konkret insanların əməllərini qiymətləndirməyə başlayanda, hər şey bir tərəfdə qalır və həmin insanlar arasındakı münasibətlər ortalığa gəlir, aktuallaşır. Bu baxımdan, bilirsiniz ki, adını çəkdiyiniz şəxsin də ən sevimli mövzularından biri Elçibəyi və məni söymək, təhqir eləməkdi.
– Rəhim bəyin əksər yazılarını mən dərc eləmişəm və əsasən tənqid edildiyinizi də bilirəm, amma təhqir, ya da söyüş olmayıb axı.
– Hər halda adam həmişə mənə qarşı, bizə qarşı danışıb. Mən də yeni bir şəxsi münaqişədə qətiyyən maraqlı deyiləm. Ortada olan faktlar və bir də ictimai rəy var. Məncə, məsələlərə qiymət verə bilmək üçün də bunlar kifayət edir. Əgər bilsəm ki, mənim sözümlə, bizim sözümüzlə nə isə dəyişə bilər, ya da dəyişəcək, o zaman sözümüzü bir daha deyərik.
– Isa bəy, bu günlərdə Mədən Sənayesində Şəffafıq Koalisiyasına seçkilər oldu və sizcə, orda olan proseslərin, əsasən siyasi palitranın müxalif cinahında yer alan adamlar üçün nə önəmi var ki? Və necə ola bilir ki, irili-xırdalı bütün seçkilərdə, müxtəlif tədbirlərdə, adicə mitinqlər, piketlər məsələsində müxalif kəsimə göz açmağa imkan verməyən hakimiyyət, orda seçkini çox rahatlıqla uduzur və bunlar da hətta bayram edəcək qədər havaya girirlər? Ümimiyyətlə orda nə olub və bu məsələlərdən xəbəriniz varmı?
– Mətbuatda yazılanları oxuyur, izləyirik və elə o həddə də məlumatımız, bilgilərimiz var. Sadəcə olaraq, “hakimiyyət uduzub” deyiminiz mənə bir az təəccüblü gəldi.
– “Oqtay Güləliyevin Milli Şuraya hesabatı” adlanan bir yazı var və orda qeyd olunur ki, hakimiyyətin planlarını darmadağın elədik və “50+1”-lə qələbə çaldıq. Hətta hakimiyyətin layihəyə sərf elədiyi hansısa 400 000 manatın belə işə yaramadığı deyilir orda.
– Dediyim kimi, mən də bu məsələlərdən mətbuatda gedən məlumatlar qədər xəbərdaram. Dediyiniz “hesabat”a gəlincə, bu da “hesabat” müəllifinin fikirləridir və əlbəttə ki, o da öz fikirlərini istədiyi formada və ya formatda deyə bilər. Ama gəlin, bir qədər əvvəldə də dediyim kimi, adamları yox, prosesləri və ideyaları qiymətləndirməyə çalışaq. Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası beynəlxalq bir qurumdur və zamanında İngiltərənin baş naziri Toni Bleyer vəzifədən getdikdən sonra, onun təşəbbüsü ilə yaradılıb. Bu qurum mandatına və hədəfinə görə, böyük şirkətlərin və dövlətlərin mədən sənayesi sahəsindəki fəaliyyətlərində şəffaflığın təmin olunmasını nəzərdə tutur. Qurumun hər ölkədə bir koalisiyası olur və sonra da onların ortaq beynəlxalq koalisiyası formalaşdırılır. Yəni o qurum belə bir sistemdən ibarətdir. Və əgər istəyirsinizsə buna mütləq bir ad verək, o zaman mən bunu, beynəlxalq səviyyədə korrupsiyaya qarşı mübarizə üçün yaradılmış ASAN xidmət kimi dəyərləndirərdim. Necə ki Azərbaycan hakimiyyətinin yaratdığı və fəxr elədiyi ASAN xidmət, insanların bəzi problemlərini həll etsə də, onların daha asan şəkildə, əksər hallarda da rüşvətsiz, bir sıra məsələlərini həll etmək imkanını yaratsa da, böyük mənada, irimiqyaslı korrupsiya hallarına təsir etmək imkanı və gücü yoxdur, eləcə də həmin koalisiyanın, böyük şirkətlərin və dövlərlərin fəaliyyətlərindəki şəffaflığa tam nəzarət eləmək imkanları yoxdur. Əslinə qalanda, bu ASAN xidmətin yaradılması dövlət səviyyəsində iki həqiqətin etiraf və təsdiq olunması anlamına gəlir. Birincisi, hakimiyyət ASAN xidmət yaratmaqla etiraf elədi ki, dövlət idarələrində və nazirliklərdə ciddi bürokratiya, süründürməçilik, eləcə də rüşvətxorluq var və bu rüşvətxorluqla bu bürokratiya insanları bezdirib. Ikincisi də, bu xidmətin yaranması ilə, bir daha təsdiq olundu ki, bizim xalqımız rüşvətxor xalq deyil və onu məcbur eləməsən, tələb eləməsən, sıxmasan, xalqın özü də işlərini keyfiyyətli, sürətlə və rüşvətsiz həll etməyə meyllidir. Göründüyü kimi, rüsumları da xalq çox asanlıqla və rahat ödəyə bilir, çünki bilir ki, həmin pullar dövlətin xəzinəsinə gedir. Adətən, bu xidmət olana qədər, bəziləri bilərəkdən qərəzli şəkildə, bəziləri də bilməyərəkdən deyirdilər ki, əşi, bu xalqın özü belədir, özü rüşvətxorluğa meyllidir, verməyə-almağa alışıb və bunu dəyişmək mümkün deyil. Bəs nə oldu, ASAN xidmət yarandı və insanlar da rahatca bu xidmətdən istifadə etməyə başladılar. Demək istədiyim odur ki, bu iki həqiqət burada təsdiq olundu. O baxımdan, mən bu koalisiyanı da beynəlxalq miqyasda yaradılmış ASAN xidmət kimi dəyərləndirirəm. Heç şübhəsiz müəyyən faydaları da, üstün cəhətləri də var, ancaq mahiyyət etibarı ilə beynəlxalq birliyin öz üzvlərinə, öz daxilində fəaliyyət göstərən böyük şirkətlərə təsir gösrərmək imkanından imtina etməsi kimi bir şeydi bu. Yəni, dövlətlər öz işlərini elə qura bilməlidirlər ki, orda rüşvətxorluq və korrupsiya olmasın. Dövlətlərin özləri bu rüşvətin və korrupsiyanın ortadan maksumum dərəcədə qaldırılmasını istəyirlərsə, o zaman niyə özləri buna nəzarət eləmirlər və götürüb hansısa koalisiya qurur və korrupsiyaya nəzarəti də onun öhdəsinə buraxırlar? Təbii ki, bu, vətəndaş cəmiyyətinin formalaşması və inkişafı baxımından faydalı da ola bilər. Amma sözsüz ki, dediyim o məqam da burda var. Dediyim bu sistem ötən zaman ərzində xeyli keşməkeşlərdən və qalmaqallardan keçdi. Və son dövrlərdə Azərbaycan bir sıra məsələlərə görə burdan kənarlaşdırıldı.
– Hansı məsələlərdən söhbət gedir?
– QHT-lərə edilən təzyiqlərə, siyasi məhbus sayının artıq bütün rekordları örtdüyünə, insan haqlarının və təməl hüquqların, o cümlədən iqtisadi azadlıqların və mülkiyyət toxunulmazlığının addımbaşı pozulmasının kütləvi hal aldığına, söz azadlığına qoyulan məhdudiyyətlərə, müstəqil mətbuata olunan hücumlara, jurnalistlərin şərlənərək həbsxanalara salınmasına və sair səbəblərə görə belə bir qərar verildi və Azərbaycan həmin koalisyanın gerçək üzvlüyündən kənarlaşdırıldı. İndi böhran dövründə Azərbaycan beynəlxalq birliyin mövqeyi ilə daha çox hesablaşmaq məcburiyyətində olduğu və beynəlxalq brliklə münasibətləri yumşaltmağın yollarından biri də bu koalisiyanın fəaliyyətindən keçdiyi üçün hakimiyyət imkan verib ki, onlar öz tədbirlərini keçirsinlər, bu qədər. Qalan orda olan hadisələr, yaranan problemlər bu qurumun öz işidi, iştirakçılar da öz qərarlarını verə, oz bildikləri formada açıqlama və ya şərhlərlə çıxış edə bilərlər. Sadəcə olaraq, burda baş verən hadisələrin bəzi məqamlarından o qədər də xoşlanmadım.
– Bəs bu məqamlarla-filanla Milli Şuranın və bizum tanıdığımız müxalifətçilərin nə əlaqəsi, nə maraqları var?
– Hələ 1990-cı illərin əvvəlində Azərbaycanda vətəndaş cəmiyyəti formalaşmağa, QHT-lər yaranmağa başlayanda Müsavat partiyasının da bir çox üzvləri QHT-lər yaradırdılar, bu sahədə fəaliyyət göstərmək istəyirdilər. O zaman biz partiyanın rəhbərliyində bu məsələnu müzakirə elədik və belə hesab etdik ki, QHT fəaliyyəti ilə siyasi fəaliyyət bir-birinə yaxın olsa da, ancaq bunlar fərqli sahələrdir. Ona görə də qərara alındı ki, burda bir əmək bölgüsü olmalıdır və QHT işi ilə məşğul olan şəxslər siyasi partiya üzvü olmalı deyillər. Beləliklə ümumi bir mövqe formalaşdı və ona görə də bizim Müsavatçı dostlarımızın qarşısında seçim qoyuldu ki, siyasi fəaliyyətlə məşğul olanlar partiyada qalsın, QHT fəaliyyətini seçənlərə də gerçəkdən uğurlar diləyirik və bunun üçün də kimsədən hər hansı incikliyimiz yoxdur. Əslində biz gerçəkdən sevinirdik ki, Azərbaycanda vətəndaş cəmiyyəti formalaşır, ancaq QHT fəaliyyəti ilə məşğul olanların bunu müstəqil şəkildə həyata keçirmələrini daha məqbul hesab edirdik. Və indiki tanınmış QHT nümayəndələrinin bir çoxu, o zaman Müsavatdan ayrılaraq bu fəaliyyətə başlayanlardı. Amma təəsüf ki, bizim bu yanaşma ölkənin digər siyasi qüvvələri tərəfindən qəbul edilmədi. Və bir sıra digər siyasi qüvvələr QHT-lərlə sıx birlik şəraitində fəaliyyət göstərməyə başladılar. Təbii ki, bunun bütün müsbət və mənfi təzahürləri ilə bir yerdə. Sonrakı dönəmdə, xüsusilə də, 2000-ci illərdən başlayaraq artıq biz də bu məsələdəki iki əsas mövqeyimizdən birində güzəştə getdik. QHT fəaliyyəti ilə məşğul olan şəxslərin mütləq Müsavatdan kənarda olması şərtini aradan qaldırdıq və Müsavatın da bəzi üzvləri artıq QHT fəaliyyəti ilə məşğul ola bildilər. Amma ikinci şərtimiz yenə də qüvvədə qaldı ki, heç bir şəkildə QHT-lərin fəaliyyətinə qarışmadıq, heç bir şəkildə QHT-lərdə fəaliyyət göstərən dostlarımızdan, elə QHT-çi müsavatçılardan da öz fəaliyyətlərini Müsavata tabe tutmalarını tələb etmədik. Bu fəaliyyətdən əldə etdikləri qazancları, yəni qrant pullarını hər hansı şəkildə partiyaya yönəltmələrini nəinki tələb etmədik, heç bu haqda düşünmədik və bunda maraqlı olmadıq. Bizim yanaşmamız budur. Başqa qüvvələrin yanaşması nə cürdürsə, bu da onların seçimidir və bunlara cəmiyyət qiymət verməlidir.
– Bu seçim özlərinin olsun, amma o koalisiyada olanlara etiraz elədiyinə görə Mehriban Vəziri Milli Şuradan çıxarıblar. Yəni, orda iplərin kimi əlində olduğu da bəlli. Amma məsələ burasındadır ki, bu Şura özünü hakimiyyətlə mübarizənin ön cəbhəsində görsə də, həmin qərara səs verənlərin tam əksəriyyətinin toplam fəaliyyətləri Mehriban Vəzirin bircə yazısı, bircə hekayəsi boyda olmaz. O zaman kim kiminlə və necə mübarizə aparır ki?
– Taninmiş bir ziyalının o şəkildə, o cür kənarlaşdırılması o qədər də xoş görünmür və burda söhbət Mehriban Vəzirdən gedir. Mehriban Vəzir Azərbaycanın ən istedadlı, ən çox hörmətə layiq və tanınmış ziyalılarından biridir. Mən Mehriban xanımı 20 ildən çoxdur ki, tanıyıram və bu müddət ərzində o, hansı qurumlarda olubsa, hansı koalisiyalarda fəaliyyət göstəribsə, hər zaman Azərbaycan cəmiyyətinə, Azərbaycanın mənəviyyatına, sənətinə, ədəbiyyatına və imkamları daxilində, gücü yetdiyi qədər milli mücadiləsinə, demokratikləşməsinə xidmət göstərməyə çalışıb, bu yöndə bir çox uğurlar da qazanıb. Ona görə də, bu cür ziyalılarımıza yanaşmada, xüsusulə hassas olmağın tərəfdarıyam.
– Foyedə 2018-ci ilin prezident seçkilərinə namizədin – İsa Qəmbərin təbliğat xarakterli böyük plakatı asılıb. Əvvəllər bu tezliklə heç belə şeylər olmazdı və təbliğat, eləcə də seçki hazırlıqları, ən yaxşı halda seçkidən 1-2 ay əvvəl başlayardı və əməlli-başlı start belə götürə bilməmiş bitərdi. Bu yeniliyin arxasında, indidən seçkilərə ciddi hazırlıqların getdiyini söyləmək olarmı, yoxsa elə belə plakat asılıb, vəssalam? Siz həm də Müsavatın 2018 – ci il prezident seçkilsinə namizədisiniz, elə deyilmi?
– Bu, partiyanın qurultayının qərarıdır. Bu sual mənim yadıma köhnə bir rəvayəti saldı. Demək, bir nəfər bir rəssama öz portretini çəkməyi xahiş edir. Rəssam da oturub bir saatın içərisində onun qəşəng və çox da səviyyəli portretini yaradır. Adam öz portretinə baxıb çox bəyənir və qiymətini soruşur. Rəssam  qiyməti deyəndə adam təəccüblənir və deyir ki, bir saat üçün bu qiymət çox deyilmi? Rəssam da cavabında bildirir ki, bu iş bir saatlıq deyil, bütün mənim ömrüm və üstəgəl bir saatdır və mən də bunun qiymətini dedim. Indi, rəssamım sözü olmasın, siyasət elə bir sahədir ki, siyasətçi bütün fəaliyyəti dönəmində xalqa xidmətini göstətməlidir və xalqın da ona daha yüksək qiymət verməsi üçün çalışmalıdır. Mənim özümün də, hələ gənclik illərindən qəbul etdiyim bir prinsip var və bu sadə prinsip həm də xalq arasında tez-tez işlənən bir deyimə çevrilib. Adı da belədir ki, ən böyük biclik düzlükdür. Sən düz və dürüst şəkildə cəmiyyətinə, xalqına xidmət eləsən, düz şəkildə yaşayıb fəaliyyət göstərsən, əminəm ki, xalq buna həmişə qiymət verib və bundan sonra da verəcək. Bu baxımdan biz daimi hazırlıqdayıq, Azərbaycanda hakimiyyətə gəlib, ölkəmizin, xalqımızın problemlərini köklü şəkildə yaxşıya doğru dəyişməyə, həll etməyə iddialı olan bir qüvvəyik. Ona görə də, bütüm fəaliyyətimiz dövründə, seçkilərdə xalqın bizə səs verməsinə əminliklə çalışırıq. Bu mənada da hazırlıqlarımız davam edir. Ancaq sualınız bilavasitə prezident seçkilərinə hazırlıqlara başlamısınızmı mənasında verilibsə, təbii ki, hələ başlamamışıq. Çünki  hər şeyin öz zamanı var.
– Qardaş Türkiyədə 14 ildir ki, iqtidarını sürdürən AKP-nin rəhbərliyində ciddi çat vermələrlə bağlı ehtimallar var və görünən odur ki,  prezident Ərdoğanla, baş nazir Davudoğlunun yoları ayrılır. Bu mənada, soruşmaq istədiyim bir məsələ var. Müsavatda, Allah qorusun, yeni başqanla köhnə başqan arasında hansısa problemlər-filan yoxdur ki?
– Bü mümkün deyil, yənu münasibətlər sistemi  də, mövcüd situasiya o deyil. Türkiyədə 2002-ci ildən başlayaraq AK parti hakimiyyətdədir və bu partiya çoxlarının da gözləntilərinin əksinə olaraq seçkidən-seçkiyə səslərinin sayını artıran bir qüvvədir. Və həmin qüvvənin də çox xarizmatik, olduqca dinamik, həmçinin də güclü natiq olan bir lideri  var. Həmin liderin sözü, xüsusən də partiya daxilində həmişə qanun səviyyəsində qəbul edilib. Öz liderinin məsləhəti ilə Əhməd Davudoğlu həm AK parti sədri, həm də baş nazir təyin edildi. Deməliyəm ki, mən Əhməd Davudoğlunu çox uzun illər əvvəldən, bir intellektual kimi, elm adamı kimi tanıyıram. O, həm də olduqca mədəni bir ziyalı, prinsipial bir şəxsiyyətdir və mən onun bu xüsusiyyətlərini hər zaman çox yüksək qiymətləndirirəm. Və görünür indi, Əhməd Davudoğlunun bir çox məsələlərə müstəqil yanaşmaları və prinsipial mövqeyi ilə dövlət başçısının yanaşma və mövqeləri arasında ziddiyyətlər yaranmağa başlayıb. Yəqin ki, elə bu səbəblərdən də Əhməd Davudoğlu baş nazirlikdən gedir. Bu bir situasiyadır. Türkiyəlilərin özləri demişkən: “Türkiyə üçün hayırlısı olsun”. Burdaki situasiya isə tamam fərqli bir situasiyadır. Burda mən, nizamnamənin hərfinə və ruhuna əməl edərək, başqanlığa namizədliyimi verməmişəm. Partiya qurultayı da çox yüksək səviyyədə seçki keçirərək yeni başqan seçib. Allaha şükür ki, yeni başqan da çox təcrübəli, güclü bir siyasətçidir və bu günkü ağır şəraitdə uğurlu şəkildə partiyaya rəhbərlik edir. Inanıram ki, bu uğurlu rəhbərlik bundan sonra da davam edəcək və daha böyük uğurlar da əldə olunacaq. Mən isə partiyanın qurultayda prezidentliyə namizəd göstərdiyi bir şəxsəm və bu etimada görə də partiyaya təşəkkür etmişəm, həm də bu etimadı çox yüksək qiymətləndirirəm. Indi də Milli Strateji Düşüncə Mərkəzini rəhbəri olaraq cəmiyyətə xidmətimi davam etməyə çalışıram. Bütün bunları ona görə deyirəm ki, bir daha cəmiyyətin də, sizin də nəzərinizə çatdıra bilim ki, qardaş Türkiyədəki vəziyyət də, münasibətlər də, situasiya da burdakından fərqlidir. Ona görə də burda elə bir problemin yaranması ehtimalı da sıfırdan aşağıdadır.(ps-nota.co
Sərdar Əlibəyli, ps-nota.com

Loading