İki gənc yenə həbs olundu, biri müstəqil, digəri NİDA-nın üzvüdür. Günahları da ondan ibarətdir ki, Heydər Əliyevin heykəlinin üzərinə bir cümlə yazıblar. Tək bir cümlə. Və bu cümlənin bir sözünü “yanlış” yazmaqqları kifayət edib ki, “narkoman” olsunlar. Bir cümlədə cəmi bir kəlimə kifayət edib ki, onların cibindən də, yaşadığı evdən də narkotik maddə çıxsın.
Nədir bir cümlədəki kəlimənin gücü ki, iki gənc oğurlandı, üzə çıxandasa, çevrilib narkoman oldu?..
Nə məsələdirsə, ölkədə hakimiyyətin siyasətini bəyənməyənlərin hamısı narkomandır və heç birinin də ağlı-filan “yoxdur”. Bunlar evlərində və ciblərində narkotik maddə, silah saxlaya-saxlaya etiraz edirlər. Heçmi düşünmürlər ki, bu heroini evdə, özü də belə açıq şəkildə “saxlamaq” olmaz?
Yox, vallah, bizim bu gənclərin heç ağlı-filan “yoxmuş”…
Evi demirəm, heç olmasa cibinizdəkini bir yerə qoyub gedəydiniz, ay evi tikilmişlər… Cibində o qədər heroin ola-ola gedib etiraz edərlər, belə bir cümlə yazarlar? Özü də kimin heykəlinə…
Heç eşitmisiniz ki, qədim misirlilər özlərinin ən böyük bütləri, Raya qarşı çıxıb onun heykəlinə nəsə yazsınlar?! Bu ağılla siyasətçi olacaqsınız?
Dünya gör-götür dünyasıdır, bir baxın YAP-çılara, görlarına aparmayacaqlar ki, öyrənin, görün necə “ağıllı” siyasətlə məşğuldurlar?!
Siz bir kiloqram narkotiki gizlədib saxlaya bilmirsiniz, onlarsa ölkənin sərvətini oğurlayıb ofşor zonalarda, xarici banklarda gizlətməyi bacarır…
Bu NİDA-çılara heç dərs olmadı! Bundan əvvəl evdə “molotof kotleti” saxlayırdılar, necə saxladılarsa, xarab oldu, hətta qoxusu Səyavuş Novruzova qədər gedib çıxdı. İndi də bu narkotik maddə… Nədir bunların əlindən Səyavuş Novruzovun çəkdiyi? Heç yeri idi ki, gedib heykələ yazasan “Qul bayramına xoş gəlmisiniz?”
Hələ bu azmış kimi heykəldən üzr də istəməyiblər. Bu lap ağ oldu. Sizin nə həddinizə, niyə üzr istəmədiniz? Şimali Koreyada Kim Çen Inın əmri ilə atasının heykəlinin qarşısında başına döyüb ağlaşan gənclərdən nəyiniz artıqdır? Deyirlər üzr istəyin, istəyin də…
Niyə öz həyatınızı belə çətinliyə salırsınız? Başınızı salın aşağı, narkoman da olun, küçədə də veyillənin, işsiz də gəzin, rüşvət də verin, alın, görün sizə bir söz deyən olacaq?! Yox, vallahi də. billahi də o zaman olacaqsınız “yaxşı vətəndaş”?
Hətta bir az özünüzü ora-bura vursanız, YAP-a üzv olub, məsələn, Əli Kərimlinin evinin qabağında qışqırsanız vəzifədən-zaddan da alıb oturacaqsınız otağınızda, isti çayınız da qabağınızda. Sizə lazım idi bu?
Vallah, o “molotof kotleti”ndən sonra ağıllanıb, heç uzağa demirəm, elə Səyavuş Novruzovun yanına gedib səhvinizi etiraf etsəydiniz, indi bəlkə aranızdan deputat belə seçilən vardı. Ya da Aqil Abbasın sözünü dinləyib soğan əksəydiniz, Hadi Rəcəblinin məsləhətini eşidib bənnalıq etsəydiniz, indi əməlli-başlı pul qazanardınız.
Nəymiş, əl öpmək, yalan danışmaq, kiməsə quyruq bulamaq, yaltaqlanmaq pismiş… Onu kim deyir?
Bu ölkədə pis olan odur ki, dürüstsən, əl öpmürsən, prinsiplərinlə yaşamağa cəhd edirsən. Bu zaman olursan ya “molotof kotleti”, ya da narkoman, xuliqan..
Niyə dərs almadınız, görmürsünüz YAP-a və onun şanlı əvəzolunmazlarına qarşı getmək nə deməkdir, nələr olur?
Deputat olmaq yox, demokrat olmaq istəyirsiniz?! Di onda gedin həbs olunun!
P.S. Son və işin ciddi yönünə gəlincə…
İndi sözüm “ağıllı” YAP-çılaradır. İllərdir M. Ə. Rəsulzadənin heykəlini qoymağa bu ölkədə nə yer tapdınız, nə də pul. Əvəzindəsə, Heydər Əliyevin heykəlləri bütün ölkədə az qala “ayaq tutub yeridi”. Gəncədə Rəsulzadənin bir büstü vardı, çuvalda gizlədiniz. İndi nə oldu, bir cümləyə dözmədiniz? Axı gərək biləydiniz ki, etdikləriniz bir gün sizə qayıdacaq. Əmin olun, gələcəkdə bu “heykəldən üzr istə” məsələsi Azərbaycanın indiki tarixinin səhifələrində ən gülünc hadisə kimi qalacaq…
Heç nəyi və kimsəni yalanla qürurlandırmaq, böyütmək və ya şərəfləndirmək olmur.
Bəlkə bu, Rəsulzadənın ruhunun qisasıdır… Ya da bəlkə bir xalqın heysiyyatı ilə oynamağınıza cavab?!