Tofiq Yaqublu : “ Milli Şuranı Rusiyanın layihəsi adlandırmaq tam absurddur ”

Aprel 18, 2016 

Tofiq Yaqublu : “ Milli Şuranı Rusiyanın layihəsi adlandırmaq tam absurddur ”

Müsavat Partiyasının funksioneri Tofiq Yaqublu : 3 illik məhbəs dövründə cəmiyyət, siyasi dairələr, ictimai və media sektoru bir sıra çalxalanmalardan keçdi. 24saat.org olaraq onunla məhbəs həyatı və siyasi meydanda baş verən hadisələri sorğu-suala çevirib müzakirə etdik. Tofiq Yaqublunun birinci Qarabağ savaşçısı, o cümlədən, yazar olduğunu nəzərə alsaq söhbətimizin əhatə dairəsi geniş oldu.

 “Rauf Arifoğlunun məndən, yaxud başqasından istifadə etdiyini o zaman iddia etmək olar ki, biz də onun Əli Kərimli haqda dediklərini yazaq” 

  • Tofiq bəy, söhbətimizi 3 istiqamətdə aparmaq istəyirəm. Birinci Qarabağ müharibəsinin döyüşçüsü kimi son hərbi əməliyyatlara münasibətiniz, ikinci keçmiş məhbusun həbsxanalardakı vəziyyət haqda fikirləri və nəhayət, siyasətçi kimi ölkədəki duruma münasibətiniz. 2-5 aprel hərbi əməliyyatlarına ictimai sektorda da münasibət  fərqlənir, hüquqşünas Ələsgər Məmmədli və hərbçi-jurnalist Üzeyr Cəfərov bir neçə yüksəkliyin alınması naminə bu qədər itkiyə getməyə dəyərdi deyir. Amma onlarla razılaşmayıb  əməliyyatın arxasında Kremlin olduğunu  ehtimal edənlər var. Siz keçmiş döyüşçü olaraq necə düşünürsünüz?
  • Hələlik baş verənlər haqda dəqiq informasiyaya malik olmadığımızdan təhlil aparmaq imkanında deyilik. Mövcud hakimiyyətin də hər hansı sahə haqda yaydığı informasiyaya inanmıram. Çünki 10 milyon əhalinin şahid olduğu məsələ haqda məmurlarımız “qırmız-qırmızı” yalan danışırsa, hakimiyyətdəkilərin doğru deməsi ağlabatan deyil. Birincisi, 2-5 apreldə nə baş verdiyini dəyərləndirmək üçün dəqiq informasiyamız olmalıdır. Əgər hərbi baxımdan yanaşsaq, bir neçə strateji yüksəkliyi almaq üçün bir diviziyanı da qurban vermək olar.

“Son hadisələrdə hakimiyyətdən fərqli olaraq müxalifət sınaqdan uğurla çıxdı”

  • Sovet İttifaqı marşalı Jukov kimi…?
  • Mən Jukovu insan faktorunu nəzərə almadığı üçün güclü sərkərdə hesab etmirəm. Sadəcə, sovet-rus tarixçiləri onu çox fetişləşdirirlər. Düzdür, faşist Almaniyası üzərində qələbə qazansalar da, Stalin, Jukov, Rokosovski mənim nəzərimdə güclü sərkərdə deyil. Çünki itkilərə baxanda, adam dəhşətə gəlir. Qayıdaq hərbi əməliyyatlara, bir daha deyirəm biz 2-5 aprel tarixlərində cəbhədə nə baş verdiyi detallı şəkildə bilmirik. Həm də yuxarıda dediyim kimi, hökumətin seçki, işsizlik, iqtisadi vəziyyət haqda rəsmi məlumatlarından hansına etibarlı yanaşa bilərik? Məsələn, ölkənin birinci şəxsinin televiziyada yalandan 1 milyon iş yerinin açılması haqda bəyanat verməsi artıq adiləşib. Yaxud Azərbaycanın dünyaya model olması, bunlar, absurddur. Aydın görünən odur ki, bizi aldatmağa cəhd ediblər.
  • Kim aldadıb?
  • Bilirsiniz, nə qədər çalışsalar da, cidanı çuvalda gizlətmək mümkün deyil, XXI əsrdə yaşayırıq, ötən əsrin 40, yaxud 70-cı illəri deyil. İnformasiya texnologiyaları zamanında heç nəyi gizlətmək mümkün deyil. Söhbət ondan gedir ki, savaş aparan tərəflər həm də informasiya müharibəsi edirlər, bu qayda belədir; rəqibin itkilərini artırmalısan. Məsələn, mənə aydın olmadı, əvvəl 12, sonra 18, nəhayət 31 şəhid verdiyimizi dedilər, ancaq son bir həftədə müstəqil mediada 90-dan çox şəhidin adı çəkildi. Hökumət rəsmiləri də bunu gizlətməyin mümkünsüzlüyünü bilirdilər, ona görə heç olmasa deyərdilər ki, Azərbaycan 100, Ermənistan da 1300 əsgər itirib. Axı adları gizlədilməklə şəhid ailələri təhqir olunur.
  • Bəs yüksəkliklərin alınması hərbi-strateji uğur sayıla bilərmi?
  • Bilirsiniz, strateji nöqtə ifadəsini tez-tez işlətmək daha çox populizmdir. Ərazi bütövlüyü pozulan Azərbaycan üçün hər bir təpə, yamac strateji nöqtədir, təki, torpaqlarımız azad olunsun. Bizim təmas xəttində bəlkə yüzlərlə Lələ təpə kimi yüksəkliklər var. Həbsxanada olanda televiziyada baş nazirin müavini Əli Həsənovun çıxışına baxırdıq, deyirdi ki, Horadizin çox mühüm ərazi olduğunu görən ulu öndər Heydər Əliyev sərkərdə qabiliyyətini işə salıb oranı azad etdi. Bax, bunların ağlı bura qədərdir. Məgər, Ağdam, Füzuli, Cəbrayıl əhəmiyyətli deyilmi?! Əgər Horadiz çox mühüm yüksəklikdirsə, nədən adlarını çəkdiyim rayonları azad etmirdi? Bir daha deyirəm, aprelin əvvəlində baş verən hadisələr haqda yalnız ehtimallar əsasında danışa bilərik. Güman ki, ordumuz gözlənilməz hücum edib haranısa azad etmək istəyib və bu, doğrudur. Ancaq iki dövlətin ali baş komandanının ölkədə olmadığı zaman müharibə başlayır – nonsens budur. Ona görə burada döyüş tapşırıqlarının yerinə yetirilməsindən çox siyasi çalar görürəm. İkinci, hücum edən tərəfin daha çox itki verməsi barədə deyilənlər populizmdir, bu cür hərbi gediş yoxdur, düzdür, adətən belə olur. Futbolda doğma divarların sahibi qalib gəlir, amma bunu mütləq qalib gələcək kimi də demək olmaz. Müharibədə isə qəfil hücum effekti, düşməni yatmışkən yaxalamaq var, bu harda qaldı? Əməliyyatı hazırlayanda qarşı tərəfdə bütün dərə, təpə, düşmənin hərbi hissələri, hamısı nəzərə alınmalıydı. Bu mənada verilən itkini heç cür əsaslandırmaq olmur. Yəni qəfil hücum edirsənsə, düşmən daha çox itki verməlidir. Birinci Qarabağ müharibəsində şahidi olmuşam – görürdük ki, qarşıda möhkəm istehkam var, amma hücum etməliydik, düşmən atəşini susdurmaqdan ötrü itki verməlisən. Şüurlu şəkildə buna gedirdik. Yenə deyirəm, tam informasiyamız olmadığından ehtimallarla danışdıq, Ermənistan KİV- də yalan deyir, hər iki tərəfin yalan dozalarını götürdükdə, ümumən biz irəlilədik. Amma görünən odur ki, əməliyyat Qarabağın azad olunması yox, hansısa konyuktura üçün idi. Rusiya amili çox səslənir, o zaman çəkinirsənsə, gözlə. Ona görə ki, 2008-ci ildə Gürcüstanı gördük, bu mənada Rusiya amili zəifləyəndə sona qədər getmək lazımdır. Son hadisələrdə hökumətin yalan üzərində qurulan təbliğatının bir məqamı da açıqlandı – deyirlər ki, Ermənistan ordusunda “dedovşina”, fərarilik, korrupsiya baş alıb gedir, bizim orduda isə “Rembo”lar yetişir, 3 milyardlıq büdcə… amma baxanda, düz gəlmir. Əgər dedikləri kimidirsə, niyə Lələ təpəylə kifayətləndilər, niyə dayandılar?
  • Bu cür vəziyyətlərdə cəmiyyət və müxalifətin münasibəti məqbul sayıla bilərmi?
  • Azərbaycan hökuməti və komanda oğrudur, insan hüquqlarının, seçici səslərinin, büdcə vəsaitlərinin oğrusu. Bunlar birinci Qarabağ müharibəsindəki qələbəmizi də oğurlayıblar, 1992 və 93-cü illə indiki durum arasında böyük fərq var. Bununla belə müxalifət dövlət və millət naminə ordumuza dəstək oldu. Mən özüm də döyüşçü təcrübəmi əsas gətirib, sürəkli müharibə olacağı təqdirdə cəbhəyə getməyə hazır olduğumu bildirdim. Hesab edirəm ki, son hadisələrdə hakimiyyətdən fərqli olaraq müxalifət sınaqdan uğurla çıxdı. Adi bir misal, 3 günlük mahirəbədən sonra Sarkisyan ona qatı müxalifət lideri, sabiq prezident  Ter-Petrosyanın evinə gedib onunla görüşdü, bizdə isə hadisələrin birinci günündən orduya dəstək verən AXCP sədrinin yaşadığı binanın qarşısında aksiyalar təşkil olundu, özü də 5 gün dayanmadan. Bu rəzalətdir! Aydın şəkildə ermənilərin bu məsələdə də bizdən öndə olduğu göründü. Bu qafada olan məmur korpusunu necə dəstəkləyək? Amma ordumuzu həmişə dəstəkləyəcəyik! 

“Ən bərbad vəziyyətdə saxlandığım 13 saylı Cəzaçəkmə Müəssisəsidir” 

tofiq-yaqublu

Tofiq Yaqublu

  • Söhbətimizin ikinci mərhələsinə keçək, Azərbaycan həbsxanalarında nadzor-məhbus münasibətləri baxımından durum necədir?
  • Əgər azadlıqda vəziyyət belədirsə, ölkənin həbsxanaları necə olmalıdır ki?! Mənim qaldığım 13 saylı kalonda 7 siyasi məhbus vardı, oğru qanunları orda işləmir. İlqar Məmmədovla bu illər əzrində Kürdəxanıda, Şüvəlanda, Yevlax və Şəki həbsxanalarında da olduq, bizə münasibət qanundan kənar olmayıb. Sonradan cəza çəkdiyim kalonda da normal münasibət gördüm, amma bütün siyasi məhbuslar haqda bunu deyə bilmərəm, fərqli münasibətlər olub. Konkret olaraq, İlqar Məmmədova haqsızlıq faktdı. Saxlandığım 13 saylı Cəzaçəkmə Müəssisəsində isə müxtəlif dini dünyagörüşlü insanlar olduğundan onlar üçün ibadət yeri var. Amma məhbusların kommunal rahatsızlığı var və sanitariya qovşaqları bərbad vəziyyətdir. Baxın, 1 ildən çoxdur Lənkəran həbsxanası tam hazır vəziyyətdədir, sadəcə, neftin qiymətinin düşməsi nəticəsində yaranan böhran məhbusların ora köçürülməsinə əngəl yaratdı. Zamanında gərəksiz layihələrə vəsait ayrırmaqdansa, bu məsələni həll etmək lazım idi. Bu gün ölkədə ən bərbad vəziyyətdə saxlandığım 13 saylı Cəzaçəkmə Müəssisəsidir, hər iki tərəf karxanadır, külək olanda məhbusların vəziyyəti dözülməz olur. İkinci, 13 saylı Cəzaçəkmə Müəssisəsində 1200-ə yaxın məhbus var, amma normaya görə 500 nəfər saxlanılmalıdır. Adamlar az qala bir-birinin üstündə yatır, antisanitariya dəhşətdir. Və belə müəssisədə kontingent müxtəlifdir, ağır cinayət törədənlər də, dəftər-qələm adamları da var. Adi bir misal, bu, İlham Əliyevin mənə qarşı qanunsuzluğunun bir sübutudur, çarpayılar sıx-sıx düzülüb, aralarından 1 nəfər ancaq keçə bilər, çarpayılar o qədər ensizdir ki, rahat çevrilə bilmirsən, bir də gördün məhbusun birinin ayağı başqasının başının üstnüdədir. Bu vəziyyət məhbusların bir-birinin ayaqlarının iyisini iyləmək məcburiyyətində qoyur, mənim qonşuluğumda olan məhbus vərəm və hepatit C xəstəliklərindən əziyyət çəkirdi.
  • Yəni siyasi məhbusların çarpayısı bir yerdə ola bilməzdimi?
  • Yox, icazə vermirdilər. Məni şərləyib həbs ediblər, xahiş edirəm ki, yanımdakı məhbus vərəm və hepatit C xəstəliklərindən əziyyət çəkir, belə adamla təmas olmaz, həmin məhbus təcrid olunmalıdır, dəfələrlə yerimi dəyişmək haqda xahiş edirəm, ancaq nəzərə alınmır. Açıq şəkildə deyirlər ki, yuxarıdan Tofiq Yaqublunun həmin yerdə yatması göstərişi var.
  • Məhbusların qidası necədir?
  • Çox keyfiyyətsiz olduğundan mən də daxil olmaqla bir çox məhbuslar evdən gələn ərzaqla qidalanırdıq. Mən 1 dəfə həbsxana yeməyini yedim, o da Şəkidə, ora da yeni açılmışdı. Yeni açıldığından özüm üçün test etdim, amma duzlu olduğundan xoşuma gəlmədi.
  • Məhbusların soyuducudan istifadə etmək imkanları necədir?
  • Şəki təcridxanasında bu məsələni nisbətən həll etsələr də, Kürdəxanı və 13 saylı Cəzaçəkmə Müəssisəsində problem qalır. Bilirsiniz, soyuducu məsələsi çox çətin həll olunasıdır, birinci səbəb məhbusların çoxluğudur, bayaq dedim, 500 yerlik müəssisədə 1200 məhbus saxlanılır, bu baxımdan həll edilməsi çətindir, yeni soyudular da gətirildi, yenə də çatmır. Təsəvvür edin ki, məhbus soyuducudan yeməyini gətirtmək istəyir, özü ora gedə bilməz, qapını döyür və nəzarətçiyə deyir ki, filan soyuducuda filan rəngli paketdən mənim yeməyimi gətir, orda da onlarla yemək var, nəzarətçi səhv də gətirir, yenidən qayıdır, axtarır, yeməklər dəyişik düşür, dağılır, bax, bu cür çaşqınlıq, əsəbi durum yaranır. Nəzarətçi məhbusu da ora aparmaq ixtiyarı yoxdur, gərək icazə alsın, mən onları da qınamıram, çünki məhbus kamerada olmalıdır. Yaxşı olardı ki, soyuducular kameraya qoyulsun.
  • Saxlandığınız 13 saylı Cəzaçəkmə Müəssisəsində sabiq səhiyyə naziri Əli İnsanov da saxlanılır. Onunla təmasınız olurdumu və nazir işlədiyi zamanla bağlı etiraflarını eşidirdinizmi?
  • Bütün günü Əli müəllimlə bir yerdə olurduq, ümumiyyətlə, siyasi məhbuslar günlərini birgə keçirirdi, kitabxanada kitab, qəzet oxuyub müzakirələr aparırdıq. Amma mən ona keçmişiylə bağlı heç vaxt sual vermədim, o zaman necəydi, niyə belə oldu və s. Əsas odur ki, Əli müəllim görkəmli və dünyada tanınmış alimdir, Avropa İnsan Haqları Məhkəməsinin qərarına baxmayaraq hələ də həbsdə saxlanılır, hətta dünyanın görkəmli alimləri sabiq nazir haqda hökumətə çağırışlar da edib. Elə Avropa İnsan Haqları Məhkəməsinin qərarı İnsanovun siyasi məhbus olduğunu təsdiqləyir. Mən Əli müəllimin keçmişiylə bağlı təftiş aparmaq və qınamaq fikrim də yoxdur, amma ona qarşı qərəz açıq görünür. O, 11 illik cəzasının 10 il yarımını çəkibsə, niyə əfv olunmasın? Bu, bir daha hakimiyyətin humanizmi haqda deyilənlərin boş şey olduğunu göstərir. Necə olur ki, oğurluq edəni və qatili əfv edirlər, amma görkəmli alim həbsdə saxlanılır? Onu korrupsiyada ittiham etməzdən əvvəl indiki məmur korpusuna baxmaq lazımdır, ölkənin başçısının adı ən ciddi korrupsiya olaylarında hallanır, əgər yanlış deyirəmsə, son olaraq Panama sənədlərini izah etsinlər. Deməli, İnsanova korrupsiya ittihamı boş şeydir, Avropa İnsan Haqları Məhkəməsinin qərarına və dünyanın tanınmış tibb alimlərinin onun azad olunması baxmayaraq həbsdə saxlanılması şəxsi münasibətlərdən doğur.
  • Tofiq bəy, məhbusluq dövründə nə qədər kitab oxudunuz?
  • Təxminən 58 kitab oxudum, Kürdəxanıda, Şəkidə, Gəncədə təkadamlıq kamerada saxlanıldığımdan mütailə imkanı daha çox idi. Bir çox əsərləri yenidən oxudum, məsələn, Dostoyevskinin “Cinayət və cəza”nı, Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ni yenidən mütailə etdim. Düzdür, gənc yazarlar Anarı çox tənqid edirlər və məni də onun əsərini yaxşı hallandırmaqda qınayırlar. Dostlarımız bolşevizmin əleyhinə olsa da, özləri onları oxmağa başlayıb. İkinci zövq məsələsi var, tutalım, futbolçu Messi YAP-çıdır deyə İlham Əliyevi tərifləyir, biz də bu kontekstdə onu sərt tənqid edəcəyik. Amma bizim Messinin futbol oynaya bilməməsini deməyə haqqımız da yoxdur. Mənim oğlum Ronaldonun fanatı olduğundan Messini futbolçu hesab etmir. Mən Anarın ictimai-siyasi fəaliyyətini kəskin qınayıram, əsərləri isə xoşuma gəlir. 

“Partiya o tələbi qoymayacaq və qoya da bilməz”

  • Tofiq bəy, söhbətimizin siyasi istiqamətinə yön alaq. Həbsdən çıxanda AXCP ilə Müsavat arasında buzları əritməyə çalışacağınızı bildirmişdiniz. Havalar da istiləşir, bəs buzların əriməsi ehtimalı varmı?
  • Məncə, var. Amma 100 faiz təminat vermirəm. Ən azı mən Müsavat Partiyasının Divanında və müavinlikdə iştirak zamanı barış mühitinin münbit olduğunu gördüm. Elə Milli Şuranın Koordinasiya Mərkəzinin toplantısında da iştirak etdim, “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin redaksiyasında oldum. Həbsdə olduğum zaman adlarını çəkdiyim qəzetlərdən, AXCP və Milli Şuradan ciddi dəstək almışam. Bu mənada tərəflər arasında “buzların əriməsi”ylə bağlı məsələdə indi daha ümidliyəm.
  • Müsavat Partiyasının rəhbərliyində ola-ola həm də Milli Şura üzvüsünüz. Ancaq Gülağa Aslanlı bunun nizamnaməyə zidd olduğunu deyib…
  • Məncə, nizamnaməyə zidd deyil.
  • Bəs partiya ya Milli Şura, ya da Müsavat tələbi qoysa…?
  • Çox güman ki, partiya o tələbi qoymayacaq və qoya da bilməz. Çünki nizamnamə pozuntusu yoxdur. Partiya şərt qoysa, bunu qərar şəklində verməlidir. İnanmıram ki, ona buna getsinlər. İştirak etdiyim toplantılardan da bunu gördüm.
  • Müsavat Partiyasında münbit mühit varsa, bəs nədən Milli Şuradan çıxdı?
  • Mövqeyim əvvəlcədən bəlli olduğundan bununla bağlı rahat danışa bilirəm. Bəli, hər bir funksioner partiyanın mövqeyini müdafiə etməlidir, demokratik ölkələrdə də belədir, daxili müzakirələr daxildə qalmalı, ictimaiyyətə açıqlanmalı məsələlər açıq diskusiya olunmalıdır. Mən bir daha deyirəm, Müsavat Partiyasının Milli Şurada qalmağın tərəfdarı olmuşam, qərarı da səhv hesab edirəm və bununla bağlı gətirilən arqumentlərlə də razılaşmıram. Ancaq Müsavat Partiyasını da buna görə linç etməyi yanlış sayıram.
  • Bəzi müsavatçılar Milli Şuranın Rusiya layihəsini olduğunu da gizlətməyib qərarlarını düzgün sayırlar, bu barədə nə deyə bilərsiniz?
  • Milli Şuranı Rusiyanın layihəsi adlandırmaq tam absurddur, normal məntiqlə izah olunası deyil. Dini rəvayətlərə inanan insanlar olduğu kimi belə şeylərə də inanalar var. Milli Şurada da dedim ki, bizim bir yerdə olmağımız zəruridir. Mənim baxışımda AXCP-nin də, Müsavatın da baxışında səhv var. Amma mən AXCP-nin səhvlərini qabardıb heç onun üzərinə getmirəm. Düşünürəm ki, bu qüvvə çox vacibdir və biz bir yerdə olmalıyıq. Çünki əsas hədəf daha vacibdir, xırda məsələləri kənara qoymalıyıq. Kimsə bunu banal və bəsit saya bilər, amma bu da mənim baxışımdır. Gəlin məsələni belə qoyaq, Arif Hacılı, Əli Kərimli, İsa Qəmbər, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Gözəl xanım, Nüşabə xanım, hansından “Azərbaycanda demokratiyanın qalib gəlməsi üçün həyatınızı qurban vermək lazımdır” deyə soruşsanız, inanıram ki, düşünmədən hamısı müsbət qərar verərlər. İndi onlara sual verirəm, demokratiyanın qalib gəlməsi üçün hər şeyə razısınız, ancaq səhvlərinizi bağışlamağa hazır deyilsiniz, bunu necə başa düşək?! Ona görə hikkədən uzaq olmalıyıq, başqa yol yoxdur. 

“Rauf Arifoğlunun keçdiyi yol var”

  • “Mənim siyasi formulam belədir: biz insanlara, ictimai xadimlərə, vətəndaş cəmiyyətinə, partiyalara münasibəti özümüzə görə yox, onların hakimiyyətə münasibətinə görə müəyyənləşdirməliyik”, bu açıqlama sizə məxsusdur.
  • Bəli, mən belə düşünürəm.
  • O zaman sualım konkretdir – Rauf Arifoğluna və “Yeni Müsavat” qəzetinə münasibətiniz niyə dəyişmir?
  • Rauf Arifoğlunun keçdiyi yol var, demokratiya və insan haqları, müxalifətin qələbəsi uğrunda çox ciddi risklər edib, sərmayə yatrıb, fiziki enerjisini itirib. Bəli, qəzetin mövqeyi kəskin dəyişib, amma mən bu mövqeyi qətiyyən bölüşə bilmərəm və təqdir etmirəm. Üstəlik də qəzetin AXCP sədri Əli Kərimliyə hücumunu qəti şəkildə qınayıram. Amma bu qəzetdə Zamin Hacı, Xalid Kazımlı yazır, bunu da dəyərləndirmək lazımdır. Həm də qəzet nəşr olunur, “Azadlıq” qəzeti kimi olmasa da, orda da tənqidi materiallar verilir, amma müqayisə olunmazdır. Məsələ ondadır ki, “Yeni Müsavat” doğma kollektivdir, mənə mənəvi və maddi dəstək göstərib. Həbsdə olduğum zaman həftəlik qonararımı artırılmış məbləğdə həbsdən çıxan günə qədər ödəyiblər. Baxmayaraq ki, Rauf Arifoğlu mənim ona əks mövqedə olduğumu bilir. Bunları dəyərləndirməyə bilmərəm.
  • Sizə elə gəlmir ki, Tofiq Yaqublu və Zamin Hacı qəzetin müxalif mövqedə olduğunu göstərmək üçün Rauf Arifoğluna lazımdır?
  • Bir şeyi deyim, bir salama və bir tikə çörəyə görə mövqeyimi də dəyişmərəm. Ümid edirəm ki, qəzet kursuna korrektələr etməyə məcbur olacaq. Nəhayət, qəzet partiya deyil, Rauf Arifoğlunun şəxsi müəssisəsidir. Mövqeyini dəyişirsə, oxucusunu və reklamını itirəcək. Bütün hallarda qəzetin kursunu dəyişdiyi görünsə də, tam itirilmiş saymıram, çünki keçmiş fəaliyyət olub və orda adlarını xatırlatdığım yazarlar var.
  • Mən sualı bir daha xatırladıram, bəlkə ona qəzetin müxalif mövqedə olduğunu göstərmək üçün Tofiq Yaqublu və Zamin Hacı lazımdır?
  • Tutaq ki, lazımdır, amma Zamin Hacı da sözünü deyir və bununla da qəzet umulacaq işinin bir hissəsini yerinə yetirir. Bəziləri Rauf Arifoğlunun tam hakimiyyətin yanında olduğunu deyir, o zaman gərək Zamin Hacıya da yazmaq imkanı verilməsin. Tutaq ki, İlham Əliyev yalan danışır, Zamin Hacı da onu yazır. Rauf Arifoğlunun məndən, yaxud başqasından istifadə etdiyini o zaman iddia etmək olar ki, biz də onun Əli Kərimli haqda dediklərini yazaq. Mən axı onları etmirəm, ya da Zamin Hacı etmir…
  • Siz də qəzətin ildə 5-10 dəfə hakimiyyətin islahatlara gedəcəyi manşetləri bölüşürsünüz?
  • Mən ümumiyyətlə bu cür xəbərlərə inanmıram. Çünki mövcud hakim elitanın islahat düşüncəsi yoxdur. İslahat deyəndə, onlar oğurladıqları pulları İsveçrə yox, Braziliya banklarına yatırılmasını düşünürlər. Bu adamlar heç demokratiyanın əlifbasını bilmirlər.
  • Bəs Arifoğlunun həmin manşetləri verməkdə nə məcbur edir?
  • Bilmirəm.
  • Bəs özüylə görüşdə bu sualı verdinizmi?
  • Yox, mən onun yazdıqlarını təftiş etmirəm. Ola bilsin, informasiyası var, ya da deyirlər və o da inanır. 2003, heç olmasa 2004 və 2005-ci ildə islahat barədə düşünmək olardı, amma bu gün ağlıma gəlmir.
  • Ancaq prezident bugünlərdə neftin qiymətinin enməsinin islahatlara təsir edəcəyini də vurğulayıb…
  • Onun üçün islahat tamam başqa anlam daşıyır, məsələn, Tofiq Yaqublunu İsmayıllını yandırmaq adıyla şərləyib həbs etdirdi, bu dəfə narkotikayla tutduracaq. Başqa nə ola bilər ki…?!

24saat.org

 13,948 dəfə ümumi oxunub,  2 dəfəsi bu günə aiddir.