Elmar Vəliyev: «Gedin hara istəyirsiniz, kimə istəyirsiniz şikayət edin, nə bacarırsınız edin»
Pərvanə Isgəndərova: «Mən öz sahəmdən vaz keçməyəcəm, sonadək hüquqlarımın bərpası uğrunda mübarizə aparacam»
Aprelin 21-də Ali Məhkəmədə hakim Kəmaləddin Bədəlovun sədrliyi ilə keçiriləcək iclasda Pərvanə Isgəndərovanın Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı şikayətinə baxacaq. Zərərçəkənin şikayəti mülkiyyətinin qanunsuz sökülməsi, yerini icra başçısının mənimsəməsi və dələduzluqla bağlıdır. 5 il davam edən bu dava iki məhkəmə instansiyası və onlarca cavabsız şikayətlərdən keçib.
Gəncə sakini Pərvanə Isgəndərovanın prezidentdən üzü aşağı müraciət etmədiyi, yazmadığı qurum qalmayıb, dəfələrlə PA rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin qəbulunda olub, faydası yoxdur. Elə buna görə də ölkə başçısına son məktubunu KIV vasitəsi ilə ünvanlayır. Niyə sondan? Bu məktubda vətəndaşın hansı durumda olmasına, ya da hansı duruma gətirilməsinə işıq salacaq suallar var. Beləliklə, sondan başlayırıq.
Prezidentə açıq məktub
Cənab Prezident!
– Xahiş edirəm bildirəsiniz, mən Azərbaycan Respublikasının vətəndaşı kimi insanammı?
– Azərbaycan Respublikasının Konstitusiyası mövcuddurmu? Mövcuddursa, nə vaxt tətbiqinə başlanacaq?
– Sizə yazdığım məktublar cavabsız qalır. Hər çıxışınızda bildirirsiniz; sahibkarların yanındasınız, ancaq bu dedikləriniz nağıl kimi qəbul olunur, çünki vicdansız icra başçıları necə at oynadırdılarsa, eləcə də davam edirlər.
– Vəliyev XIX əsrə aid olan tarixi binanı söküb cinayət işlətdiyi kimi, mənim əmlakımı mənimsədiyinə görə də məsuliyyət daşıyır (Cinayət Məcəlləsi m.186, 190, 308, 309).
– Icra başçısı bizə, həmin yerin sahiblərinə guya bina tikdirdiyini bəhanə gətirərək, büdcədən külli miqdarda pul alıb, lakin əslində həmin pula özünə ticarət mərkəzi tikdirib. Konstitusiya, qanunla qorunan yerimi isə qaytarmaq əvəzinə, satıb, pulunu mənimsəyib.
– Bu qədər özbaşınalıq, hüquqsuzluq olarmı?
– Pozulmuş hüquqların bərpasını məhkəmə həyata keçirməlidir. Bu ölkədə məhkəmələr azad deyil. Bəzi məmurların əsarəti altındadır. Buna iki instansiya məhkəməsindən keçdikdən sonra şəxsən şahid oldum. Ciddi təzyiqlər altında hakimlər Elmar Vəliyevə baş əyməli oldular.
– Kassasiya şikayətim Ali Məhkəmədədir. Ali Məhkəmə haqsızlığa yol versə, Avropa Məhkəməsinə üz tutacam. Şəxsin mülkiyyət hüququnun harın dövlət məmuruna görə tapdalanması ölkəmizin adına ləkədir…
Cavadxan küçəsi 34
Keçək sualların yaranması səbəbinə. Gəncədə geniş yayılan qanunsuzluq, özbaşınalıq tam gücüylə işləyir. Heç bir səbəb göstərilmədən adamlar dədə-baba yurdlarından qovulur, qanunla onlara verilən əmlakları əllərindən alınır. Neçə-neçə adam harın, qanun tanımayan icra başçılarının, səlahiyyət yiyələrinin biznes, var-yatır artırmaq tamahının qurbanına çevrilir. Ancaq onların heç də hamısı öz hüquqları, talanmış, dağıdılmış mülkü uğrunda mübarizə aparmır. Bəzilərinin mənəvi gücü, bəzilərinin savadı, əzmi yetmir buna. Hüquqları uğrunda mübarizə aparanlar az olur, o səbəbdən onları əzmək, quru yurdda qoymaq səlahiyyət yiyələri üçün asandır. Qanunu özlərinə işlətmək dərəbəyliyi də məmur-oliqarxlara stimul verir. Ancaq bütün bunlara baxmayaraq geri çəkilməyənlər, mübarizə aparanlar olur. Pərvanə Isgəndərova da belələrindəndir. Pərvanə xanım yazır: “Mənim Gəncə şəhərinin mərkəzində, Cavadxan küçəsi 34 ünvanında yerləşən binada şəxsi qeyri-yaşayış sahəm var idi. Həmin ünvanda fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur, oradan əldə etdiyim gəlirlə 21 işçimi və ailəmi dolandırırdım. Lakin 2011-ci ilin oktyabr ayında Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev vəzifəsindən sui-istifadəyə və özbaşınalığa yol verərək, heç bir əsas və razılıq olmadığı halda, mənə məxsus əmlakı uçurub dağıtmış, bununla da mükiyyət hüququmu kobud şəkildə pozmuşdur” (mülkiyyət hüququna dair şəhadətnamələr var, surəti redaksiyaya da təqdim edilib – R.H.).
Sonra Pərvanə xanım Konstitusiyaya üz tutur, dövlət qurumlarına yazdığı bütün məktublarda qanunu məmurlara da xatırladır.
Konstitusiyanın 13-cü və 29-cu maddələri. “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur”.
“Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər”.
Elmar Vəliyev və… tarixi abidə
Pərvanə xanım bunun ardınca məmurlara daha bir qanunsuzluq barədə xəbər verir: “Gəncə şəhəri, Cavadxan küçəsi 34 ünvanında yerləşən bina XIX əsrə aid olan tarix və mədəniyyət abidəsi idi. Buna görə də NK-nın 02 avqust 2001-ci il tarixli, 132 saylı Qərarı ilə yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi həmin bina dövlət mühafizəsinə götürülüb. Buna baxmayaraq, icra başçısı həmin binanın guya qəzalı vəziyyətdə olduğunu bəhanə gətirərək sökülməsinə göstəriş verdi. Halbuki Azərbaycan Respublikasının qanunvericiliyi tarix və mədəniyyət abidələrinin sökülməsini birbaşa qadağan edir”.
“…Gəncə şəhəri Cavadxan küçəsi 34 ünvanında yerləşən bina həqiqətən qəza vəziyyətində idisə, yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi hesab edildiyi üçün, həmin bina mütləq bərpa olunmalı idi və onun sökülməsinə heç kim göstəriş verə bilməzdi. Buna görə də biz, ölkəmizin müxtəlif səlahiyyətli dövlət orqanlarına, həmçinin icra başçısı Elmar Vəliyevə rəsmi və şifahi qaydada müraciətlər edərək, həmin binanın uçurulmasına yol verməməyi və bu təhlükənin qarşısını təcili almağı xahiş etdik. Lakin bizim müraciətlərimizə məhəl qoyan olmadı və nəticədə Elmar Vəliyev qanunun bütün tələblərini kobudcasına pozaraq, həmin binada yaşayan ailələri və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri bir neçə saat ərzində zorla küçəyə ataraq, binanı tamamilə uçurtdu. Avadanlıqlarımızı çıxartmağa belə vaxt tapmadıq. Uzun illər böyük zəhmətlə əldə etdiyimiz nə vardısa ekskavatorun qabağında, daş qalıqlarının altında qaldı.
…Hansı məqsədlə olursa olsun həmin obyektlərin uçurulması mülkiyyətçilər ilə razılaşdırılmalı və onların hüquqları mütləq nəzərə alınmalı idi. Yəni tarix və mədəniyyət abidəsi hesab edilməsinə baxmayaraq, həmin bina uçurulmalı idisə, bina xüsusi mülkiyyətdə olduğu üçün Gəncənin icra başçısı bu barədə göstəriş verərkən həmin mülkiyyətçilərin hüquq və mənafelərini nəzərə almalı idi. Lakin E.Vəliyevin bizim mülkiyyətimizlə bağlı planları var idi”.
Elmar Vəliyev binanı elə-belə uçurmayıb, vətəndaşların mülkiyyətində olan binanın onlar üçün guya “təhlükəli” olmasını bəhanə edərək, Nazirlər Kabinetinə məktub ünvanlayıb yeni binanın tikintisi üçün dövlətdən vəsait istəyib. NK 04 iyul 2011-ci il tarixli 177 s saylı sərəncamı ilə yeni binanın tikintisinə vəsait ayırır. Maraqlıdır ki, elə həmin NK-nın bu sərəncamı 10 il qabaq verdiyi (02 avqust 2001-ci il tarixli, 132 saylı) sərəncama ziddir. Ancaq onu da vurğulayaq ki, sərəncam həmin binanın sökülməsi barədə deyil. Sərəncam Gəncə şəhəri, Cavadxan küçəsi 34 ünvanında yerləşən binanın sakinlərinə 50 mənzilli binanın tikilməsi üçün pul vəsaitinin ayrılmasını nəzərdə tutur…
“Hökumət vəsaiti ayırdığı zaman, icra başçısı E.Vəliyev maddi maraqlarını güdərək, bizim hüquqlarımızın tapdalanması hesabına, başqa yararsız sahədə bina tikdirir, bizim şəhərin mərkəzində sahəmizi isə satıb pulu mənimsəyir”- Pərvanə xanım yazır.
Elmar Vəliyevdən prezident tapşırığına hörmətsizlik
Pərvanə xanım yazır: “Prezident hər bir çıxışında deyir: ”Sahibkarlığın inkişafı dövlət siyasətidir və icra başçıları onlara dəstək verməli, işinə müdaxilə etməməli, qanunsuz tələblər irəli sürməməlidir”. Əks halda onların cəzalandırılacağını deyir. Lakin Gəncənin icra başçısı Elmar Vəliyev bu tapşırıqlara məhəl qoymur. Sahibkarlara hansı dəstəkdən söhbət gedə bilər, bizim Konstitusiya, qanunla qorunan mülkiyyətimiz belə əlimizdən alınıb, başqasına satılır?! Icra başçısı sanki bizə düşmən kəsilib. 5 ildir qazancdan məhrum edilmişik. Bu 5 ildə bir qəpik belə yardım göstərilməyib. Orada mənimlə çalışan onlarla insanın, işçilərimin vəziyyəti heç kimi maraqlandırmır.
Dəfələrlə icra başçısı Elmar Vəliyevin qəbulunda olmuşam və hüquqlarımın bərpa olunmasını tələb etmişəm. O, mənə müxtəlif vaxtlarda müxtəlif vədlər versə də, vədləri yerinə yetirməyib.
Mülkiyyətimin yerləşdiyi sahə dövlət ehtiyacları üçün alınmayıb, mülkiyyət hüququma xitam verilməyib və razılığım olmadan başqa yerə köçürülə bilmərəm. Obyektimin yerində yeni ticarət mərkəzi tikilirsə, bu halda nəyə görə mən başqa sahəyə köçürülməliyəm?! Mənimlə heç bir müqavilə bağlanılmayıb, heç kim və heç bir təşkilat üzərinə bu barədə öhdəlik götürməyib”.
Kişi sözü və… Paşayevlərə “hədiyyə”?!
Icra başçısı törətdiyi cinayəti ört-basdır etmək üçün nüfuzlu şəxslərin adından sui-istifadə edir. Azərbaycan Respublikasının qanunlarına əsasən cinayət məsuliyyəti daşıyır (Cinayət Məcəlləsi: maddə 186, 190, 308, 309). “E.Vəliyev şəxsi mülkiyyətimdə olan qeyri-yaşayış sahəmi bir neçə saata vəhşicəsinə, icazəm olmadan sökdü. Bina şəhərin mərkəzində, E.Vəliyevin cibinə böyük məbləğdə pul gətirə biləcək yerdə olduğu üçün icra başçısı tamahını saxlaya bilmədi. O məni sakitləşdirərək söz verdi: ”Bu vəzifəni daşıyıramsa, söz verirəm, yerində tezliklə bina tikib, sizin qeyri-yaşayış sahənizi qaytaracam”.
5 il keçib, bina da tikilib. Ancaq E.Vəliyev Pərvanə xanımın əmlakını qaytarmaq istəmir. “Əvəzində yararsız bir yerdə sahə təklif edir… Azərbaycanda səlahiyyəti çatan bütün dövlət məmurlarının qəbulunda olmuşam. Vəziyyəti başa salanda bu özbaşınalıqdan dəhşətə gəliblər. Ancaq E.Vəliyev onlara deyir ki, tikilən ticarət mərkəzini guya Paşayevlərə hədiyyə edəcək. Ona görə hər kəs susur. 5 ildən artıq haqsızlığa məruz qalan qadının çörək qazandığı yeri əlindən alıb, qırmızı lent bağlayıb hədiyyə etmək olarmı? Əslində bu, dələduzluqdur. Ticarət mərkəzini də özünə tikdirir”- deyir P.Isgəndərova.
Icra başçısı məhkəməni də saymır
Hər şeyin qanun çərçivəsində həllini tapmasına çalışan Pərvanə xanım məhkəməyə üz tutur. “Hüquq mühafizə orqanları heç bir tədbir görmədiyindən hüquqlarımın müdafiəsi üçün məhkəməyə müraciət etməli oldum. Gəncə Inzibati-Iqtisadi Məhkəməsində ərizəmə baxılması 2 ildən artıq vaxt apardı. Məhkəmə baxışı E.Vəliyevin göstərişi və yalan vədləri əsasında uzadılırdı.
E.Vəliyev məhkəməni də saymır və onun tələblərini icra etmirdi. Belə ki, mənim əmlakımın yerində yeni bina tikildiyi üçün məhkəmədə vəsatət verərək həmin binanın kimin sifarişi əsasında və hansı məqsədlər üçün inşa edildiyi barədə müvafiq sənədlərin Gəncə şəhər Icra Hakimiyyətindən tələb olunmasını xahiş etdik. Məhkəmə vəsatətimizi təmin etdi. Lakin E.Vəliyev məhkəmənin qərarını icra etmədi. Bu halda məhkəmə məcburiyyət tədbirlərinə əl atmalı və öz qərarının icrasını təmin etməli idi. Lakin məhkəmənin buna cəsarəti yetmədi. Gəncə Inzibati-Iqtisad Məhkəməsi iddiamı təmin etmədi.
Məhkəmənin həmin qərarından Gəncə Apelyasiya Məhkəməsinə şikayət verdim. Apelyasiya Məhkəməsi qorxaqlıqdan daha da ağlasığmaz pozuntuya yol verdi. Mən və vəkilim olmadan, yəni bizə xəbər verilmədən, iclas keçirilib, qərar qəbul edildi.
Gəncə Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti vermişəm. Işə martın 10-da baxılıb, lakin dinləmələrdən sonra taxirə salınıb.
E.Vəliyev Ali Məhkəməyə də yol tapıb. O, yaxın qohumlarının köməyi ilə Ali Məhkəmənin sədri Ramiz Rzayevi də bu işə qata bilib.
Ali Məhkəmədə həmin işə baxan məhkəmə tərkibinə ciddi təzyiqlər göstərilir. Ali Məhkəmənin sədri Ramiz Rzayevin də qanunsuz hərəkətlərə yol verməsi məni daha da təəccübləndirir. Sədrin hakimlərin heç bir kənar təsir olmadan, obyektiv şəraitdə çalışması və tam qanuni və ədalətli qərarlar çıxarmasını təmin etməyə borclu olduğu halda, əksinə, hakimlərə təzyiq göstərməsi və Gəncə Apelyasiya Məhkəməsinin qanunsuz qərarını qüvvədə saxlamağa məcbur etməsi ciddi çaşqınlıq yaradır.
Bu ölkədə səsimi eşidəcək, pozulmuş hüquqlarımı müdafiə edə biləcək kimsə tapılmır.
Hələ bina uçurulmuzdan qabaq baş prokuror Zakir Qaralova, baş nazir Artur Rəsizadəyə, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə və digər səlahiyyətli şəxslərə, həmçinin Elmar Vəliyevin özünə dəfələrlə rəsmi qaydada müraciət edərək buna imkan verilməməsini və E.Vəliyevin özbaşınalıqlarının qarşısının alınmasını tələb etmişdim. Lakin E.Vəliyevə “dur” deyən tapılmadı”- deyə yazır şikayətçi.
Prezident Administrasiyasına şikayətlərdən
“…Iyul ayında sizin qəbulunuzda oldum (Z.Nağdəliyevin – red.), dinlənildikdən sonra çox böyük ümidlə ayrıldım. Iki ay keçdikdən sonra Elmar Vəliyev məni qəbul etdi və iki ilə yaxın dediyi sözləri, bir daha, daha güclü, daha kəskin şəkildə təkrarladı: ”Sizə öz yeriniz verilməyəcək, mənim pulum yoxdur ki, sizə bina tikim, ya göndərilən yerə gedin, ya da mülkünüz uçurulub, daha yoxdur. Gedin hara istəyirsiniz, kimə istəyirsiniz şikayət edin, nə bacarırsınız edin”. “Razborka” xarakterli bu söhbət məni dəhşətə gətirdi. Məni təhlükə gözlədiyini hiss etdim”.
Son
PA-ya sonuncu məktub suallardan ibarətdir, biz o sualları əvvəldə vermişik. Pərvanə xanım məktubu bu cümləylə bitirir: “Mən öz sahəmdən vaz keçməyəcəm, sonunadək hüquqlarımın bərpası uğrunda mübarizə aparacam”.
Ali Məhkəmə ya ədaləti bərpa edəcək, ya da vətəndaşın yolunu Avropa Məhkəməsindən salacaq, yəni icra başçısı Elmar Vəliyevi sudan quru çıxarıb Pərvanə Isgəndərovanı Azərbaycana qarşı qoyacaq…
Rövşən Hacıbəyli
P.S.Qarşı tərəf də mövqeyini bildirə bilər.
“Azadlıq” qəzeti, 18 aprel 2016-cı il.