Əlaqə vasitələri

İllərdir ki, “Lazım”ı gəlməyə qoymayan şəxs Əli Kərimliymiş???!!!

rehim-qaziyev-metbuat-konfransiO gün (09.04.2016) rejim sahiblərinin möhtəşəm əməliyyatı barədə saytlar və qəzetlərdə heyrətamiz bir məlumat oxudum. Sən demə uzun illərdi “lazım” anası ölmüşü gəlməyə qoymayan AXCP sədri Əli Kərimliymiş. Bu “tükürpədici faktdan” xəbər tutan “iqtidarsevər” gənclər tənbəllik etmədən, böyük bir dəstə və səsgücləndirici ilə özlərini yetiriblər Əli Kərimlinin yaşadığı binanın həndəvərinə, başlayıblar “Qarabağ bizimdir, Bizim olacaq!” şüarını səsləndirməyə. Bu informasiyanın doğruluğuna öncə inanmadım. Lakin az sonra öyrəndim ki, bu analoqu olmayan tragikomik şounun strateqləri 23 ildir ki, ölkəni mövcud duruma, bu günkü vəziyyətə salan rejimin başbilənləridir!

Son günlərdə qeyrətli gənclərimizin çox böyük coşqu ilə Şəhidlər Xiyabanından başlayaraq“işğal altında olan doğma torpaqlarımızın hərb yolu ilə son qarışına qədər azad olunması uğrunda” başlanan savaşın müqəddəs qələbəyə kimi davam etdirilməsi tələbi ilə keçirdikləri möhtəşəm, izdihamlı yürüşün Əli bəyin evi qarşısında piketlə sonuclanması normal ağıla, zərrə qədər vicdana, bir o qədər də ədalət hissinə malik olan hər bir vətəndaşımızda heyrət, təəccüb və qaçılması qeyri-mümkün olan çox saylı suallar doğurur. Hələ həmin suallra keçməzdən öncə deməliyəm ki, aprelin 01-də ermənilərin təxribatı nəticəsində, rəşadətli əsgər və zabitlərimizin müqəddəs torpaqlarımızın azad edilməsi uğrunda başlatdıqları,  22-ildir ki, gözlədiyimiz uğurlu savaşı, verdiyi bəyanatla dəstəkləyənlərin birinciləri sırasında Əli Kərimli və onun tərəftarları dururdu. Yəqin ki, ədalət və ləyaqət hissini unudanlar, nə qədər çalışsalar da bu danılmaz faktı inkar edə bilməyəcəklər.

Ordumuz bu savaşda çox sayda şəhid versə də, bu uğurlu savaşı sona qədər aparmaqda tam qətiyyətli idi və xalqımızın bütün təbəqələri  istisnasız olaraq Milli Ordumuzun uğurlarından ruhlanaraq bir gün içərisində vahid yumruğa çevrilib müstəqil dövlətimizin arxasında olduqlarını kimsənin şübhə edə bilməyəcəyi tərzdə ortaya qoydu. Bütün xalqımız, onun hər bir vətəndaşı siyasi-ictimai mövqeyindən asılı olmayaraq haqlı, danılması mümkün olmayan umu-küsüləri bir anda unudaraq meydanlara axışdı, doğma torpaqlarımızın şərəfsiz düşmənlərdən azad olunması istəyinin hamımızın içindən gəldiyini tam çılpaqlığı ilə düşmənlərimizin və içərimizdə olan bəzi qoyun dərisinə bürünmüş  canavarların  da gözləmədiyi halda qətiyyətlə ortaya qoydu.

Xalqımıza, müstəqil dövlətimizə, ərazi bütövlüyümüzə barışmaz düşmən münasibəti bəsləyənlər, korrupsiyalaşmış hakim rejimin öz bətnindən doğan, oğurlayıb yığdıqları milyardları bölə bilməyən quldurlar qısa bir zaman kəsiyində yaranmış bu möhtəşəm vəhidləşmədən çox narahat oldular və böyük təlaş keçirməyə başladılar. Bir baxın, övladlarını ana torpağın azadlığı uğrunda şəhid vermiş möhtərəm ATA-ANALAR övlad yanğısını içində boğaraq ərazilərimizin son qarışına kimi azad olunması uğrunda gedən savaşın dayanmaması və bu qələbəmiz naminə qalan övladlarını da şəhid verməyə hazır olduqlarını qətiyyətlə bəyan edirlər.

Cənablar! Ulu-Müdrik millətimizin zatından-kökündən gələn, qatı düşmənlərimizi vahiməyə salan bu ülvi, pak mənəvi dəyərlərin qısa müddətdə parlayıb üzə çıxması onların rahatlığını əllərindən alıb, yuxularını ərşə çəkdi. Gözləmədikləri bu möhtəşəm birliyin parçalanması üçün məkirli, dağıdıcı təxribatlar planını reallaşdırmağa başladılar.

Etdikləri əməlin mahiyyətinə və məzmununa varmadan, bu təxribata gedən gənclərimizə aşağıda qeyd edəcəyim sualları diqqətlə oxuyub düşünməyə, cavablarını, onları bu addımı atmağa təhrik edən başsız başçılarından tələb etməyi məsləhət görərdim.

  • Cənab İlham Əliyev, Azərbaycana erməni şərəfsizlərinin torpaq iddiası 1988-ci ilin fevralın 11-12-dən başlayıb. Siz isə indi çox sevdiyinizi iddia etdiyiniz vətənimizə 1993-cü ilin 15 iyunundan – atanız Heydər Əliyevin silahlı çevrilişlə ikinci dəfə hakimiyyətə gəlişindən sonra dönmüsünüz. 1988 – 1993 – cü illərdə ərazilərimiz uğrunda qanlı döyüşlərin getdiyi dövrdə harada idiniz və hansı işlə məşğul olurdunuz?
  • Müharibənin o ağır dövründə, silahlı qüvvələrimizin yenicə formalaşmağa başladığı o dönəmdə nə əcəb ixtisasca hərbi diplomatiyaya yaxın olan siz cənab İlham Əliyev Müdafiə Nazirliyində deyil, tamamilə sizə yad olan Neft Şirkətində həm də birbaşa vitse-prezident kimi fəaliyyətə başladınız? Unutmayın ki, indi ünvanına ağıla gəlməyən böhtanlar, təhqirlər yağdırdığınız (son dəfə 29.01.2016 YAP-çı gənclərlə müşavirədə) cənab Əli Kərimli yeniyetmə yaşlarından müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda gedən mübarizənin ön sıralarında olub.
  • Cənab Ali Baş Komandan, ermənilərin növbəti təxribatı nəticəsində başlanan qısa müddətli qanlı savaşı idarə etməli olan Baş Qərərgah Rəisi olan Nəcməddin Sadıqov Moskvada qatı düşmənimiz erməni generalı ilə hansı məsələni müzakirə edirdi?
  • Hörmətli gənclər, siz “Qarabağ bizimdir, bizim olacaq” şüarı ilə Əli Kərimlinin qapısına hücum edibsiniz. Əli Kərimli nə vaxt və harada “Qarabağ bizim deyil” ifadəsini işlədib?
  • 04.2016-cı il tarixində çox sayda şəhid vermiş ordumuzun uğurlu döyüş əməliyyatı Əli Kərimlinin yoxsa ölkə Prezidenti – Ali Baş Komandan İlham Əliyevin əmri ilə dayandırılıb?
  • Rəhbər işlədiyi 11 (on bir) il iki ay müddətində normal insan təfəkkürünə sığmayan cinayətlər törətməklə, dövlətimizin onurğa sütunu olan MTN-in iflasına və ləğvinə gətirmiş, milyardlarla dövlət və xalq malını taladığı iddia edilən Eldar Mahmudov kimin fərmanı (sərəncamı) ilə nazir təyin olunub?
  • Uca şəhidlərimizin ailələrinin və möhtərəm qazilərimizin böyük əksəriyyətinin bu neft səltənətində ağır ehtiyac içində yaşamasına, övladlarına çörək ala bilməməsi üzündən özlərini yandırmasına görə kim məsuliyyət daşıyır?
  • Hakim rejimin yuxarı eşalonunda heç olmasa bircə nəfər də olsa varmı ki, anavətənimizin ərazi bütövlüyü uğrunda gedən  qanlı savaşlarda bir saat da olsa  əlində silah əbədi düşmənlərimizə qarşı vuruşmuş olsun?
  • Dövlətimizin və xalqımızın amanszcasına talanaraq vətəndaşlarımızın gözləri qarşısında tikilən, sonra da guya ki, “sahibləri tapılmadığına” görə dağıdılıb yerlə yeksan edilən villaların cinayət məsuliyyəti kimin adına yazılmalıdır?
  • Maliyyə imkanı olmadığından minlərlə tələbə gəncin təhsildən uzaqlaşdırılmasına, məscidlərimizin, məktəblərimizin qazları kəsildiyi halda erməni kilsələrinin havayı qazla təmin edilməsi kimi analoqsuz cinayətin cavabdehi kimdir?
  • Bir il ərzində manatın 100%-dən də artıq devalivasiyaya uğramasında, demək olar bütün çox işlənən malların qiymətlərinin dəfələrlə artaraq xalqın böyük əksəriyyətinin yoxsulluğun son həddinə enməsinə kim cavab verməlidir?
  • Sürətlə yoxsullaşmanın son həddə gəldiyi bir məqamda milyardlarla maliyyə vəsaitinin “Avropa Oyunları” adlanan bir qondarma idman yarışına xərclənməsində kimin cavab verməsi barədə təşkilatınızda məsuliyyət məsələsini müzakirə edibsinizmi?
  • Azərbaycanın rayonlarında və kəndlərində yeniyetmələrin XlX əsrin sonu, XX əsrin əvvəlində tikilmiş keçmiş bəylərinin tövlələrində yerləşən məktəblərdə təhsil aldıqları halda Heydər Əliyev fondu və digər maliyyə mənbəyi bəlli olmayan “xeyriyyə” cəmiyyətləri tərəfindən Vatikanda, Fransada, Rusiyada və digər dövlətlərdə kilsələrin bərpası, məktəblərin, uşaq bağçalarının tikilməsinə sərf dilən milyardlardan xəbərdarsınızmı?
  • Müəlliminin, həkiminin, təqaüdçüsünün öz hökumətinin müəyyən etdiyi minimum istehlak səbəti dəyərindən 2-3 dəfə az məvacib aldığı hal-hazırkı zamanda yüz milyonlarla ABŞ $(dolları) sərf edib “Formula-1”, arxasınca “İslam oyunları” keçirməkdə qərarlı olan iqtidar sahibi siz gəncləri 29 yanvar 2016-cı il tarixində müşavirəyə toplayanda cənab İlham Əliyevə bu qeyd etdiyim (bunlardan dəfələrlə çox qeyd etmədiyim) danılması qeyri-mümkün olan problemlər barədə heç olmasa bir dənə də olsa sual vermək barədə düşünməyə belə cürət etdinizmi, ürəyinizdən də olsa keçirdinizmi?

Hörmətli iqtidarçı gənclər, çox istərdim ki, tam tərəfsiz, qərəzsiz yazdığım bu məktubu diqqətlə oxuyasınız, doğru-düzgün nəticə çıxarıb bundan sonra piket keçirmək üçün zəruri  ünvanları dəyişik salmayasınız, doğru-düzgün  müəyyənləşdirəsiniz.

Yuxarıda qeyd etdiyim problemlərin ədalətli həllinin tapılması üçün bilavasitə məsuliyyət daşıyan, qanun və xalq qarşsında cavab verməli olan ünvan sahibləri aşağıdaklardır:

  • Prezident – Ali Baş Komandan – Prezident iqamətgahı
  • Baş Nazir – Nazirlər kabineti
  • Milli Məclis – Spiker – Təyinatlı deputatlar
  • Vergilər Nazirliyi
  • DKK
  • Səhiyyə Nazirliyi
  • Təhsil Nazirliyi
  • İdman Nazirliyi
  • Bakı şəhər İcra Hakimiyyəti – Hacıbala Abutalıbov və.s.

Azərbaycanda 23 ildir hakim olan müdafiə etdiyiniz rejimin sahibləri son 13 ildə tez-tez “Lazım gəlsə biz Qarabağı da, işğall altında olan didər ərazilərimizi də qısa müddətdə azad edərik”deyirdi. İndi bəlli olur ki, “Lazımı” gəlməyə qoymayan Əli Kərimli imiş ?!…

Sizi uydurulmmuş ağır ittihamlarla cənab Əli Kərimlinin yaşadığı evə göndərən başsız başçılarınızdan nə əcəb xəbər almadınız ki, bəs onları vahiməyə salan bu şəxsin sədri olduğu AXCP-nin yerləşdiyi ünvan haradadır? Vətənimiz və millətimiz üçün çox həssas məqamda sizi açıq görünən bu təxribata yönəldənlərin milli kimliyini araşdırın, belə şərəfsizliklərdə istifadə edilən  alət olmayın!

Hörmətli gənclərimiz! Sizlərin, xalqımızın qürur, ümid, güvənc tarixinə çevrilmiş Hüseyn Cavidlərdən, Mikayıl Müşviqlərdən, Üzeyir Hacıbəylilərdən, Əhməd Cavadlardan, nəhayət müasirlərimiz olan Şikar Şikarovlardan, Mübariz ibrahimovlardan, hələ torpağa axıtdıqları mübarək qanlarının qurumadığı şəhid balalarımız Rasim Məmmədovlardan örnək götürüb, bu müqəddəs yolda ANA VƏTƏN və xalq uğrunda mərd mübarizlər olacağınıza ürəkdən inanaraq bu düşüncə və təkliflərimi qələmə aldım .

Rəhim QAZIYEV

Azadliq qezeti. 19 aprel 2016/

Loading