mektub@heyderoguz.com
Baş Prokuror Zakir Qaralov əksər beynəlxalq təşkilatlar tərəfindən siyasi dustaq kimi tanınan İntiqam Əliyevin işinə yenidən baxmaq üçün kassasiya protesti verib. Onun fikrincə, İntiqam bəyin cəzası “cinayətindən” xeyli ağır olub. İşə martın 28-də, saat 12-də Ali Məhkəmənin Plenumunda baxılacaq. Ekspertlərin fikrincə, bu kassasiya protesti məhbusun həbsdən azad olunması istiqamətində atılmış bir addımdır.
Əslində ictimaiyyət İntiqam Əliyevin həbsdən azad olunmasını bir müddət əvvəl gözləyirdi. Hələ Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdiyimiz Yeni il bayramı ərəfəsində ortaya çıxan bu gözləntilər özünü doğrultmadı. Beynəlxalq və yerli ictimaiyyət bundan sonra Novruz Bayramı münasibətilə Prezidentin verəcəyi əfv fərmanına ümid bağlasa belə, İntiqam Əliyevin və onun kimi onlarla siyasi dustağın adı 148 məhbəsə azadlıq əta edən bu humanizm aktına da salınmadı. Ümidlərin tükəndiyi bir zamanda Baş Prokurorun verdiyi bu kassasiya protesti yenidən eyni gözləntilərin cücərməsinə yol açdı. Yenə hər kəsdə digər məhbusların, ələlxüsus Xədicə İsmayılın, Fuad Qəhrəmanlının, İlqar Məmmədovun azad olunacağına ümid yarandı.
Siyasi məhbus yaxınlarının könlündə bu cür ümidin cücərməsi səbəbsiz deyil. Əvvəla, Azərbaycan ictimaiyyəti hüquq-mühafizə orqanlarımızın siyasi müxaliflər barədə yalnız mənfi yöndə qərar çıxardıqlarına adətkərdə olub. Zakir Qaralovun bu “mərhəmət” dolu kassasiya protesti nadir rast gəlinən istisnalardandır ki, əslində Baş prokurorun öz təşəbbüsündən irəli gəlmədiyi, ən yüksək siyasi iradə tərəfindən verildiyi qənaətini formalaşdırır. Belə təsəvvür yaranır ki, siyasi iradə hüquqi iradənin vasitəsilə mövqeyini ortaya qoyur və məqsəd beynəlxalq qurumların ölkəmiz barəsində tutduğu “qara siyahı”nı təmizləməkdir. Bu qara siyahıda isə tək İntiqam Əliyevin adı yoxdur. Yüzdən artıq dustaq beynəlxalq təşkilatlar tərəfindən siyasi və vicdan məhbusu olaraq tanınıb və rəsmi Bakı hər gün onların azadlığa buraxılması basqısıyla üzləşir.
Kassasiya protestinin verilməsinin zamanlaması da bu ehtimalı qüvvətləndirir. Məlum olduğu kimi, Azərbaycan Prezidenti ABŞ-lı həmkarı tərəfindən Vaşinqtona dəvət olunub.Martın 31-də keçiriləcək beynəlxalq nüvə təhlükəsizliyi sammitinə dəvət, sözsüz ki, Azərbaycanın olmayan nüvə gücünün ABŞ-ın gözünü qorxutmasından qaynaqlanmır.Böyük ehtimalla, Prezident İlham Əliyevlə Azərbaycanın siyasi oriyentasiyası barədə müzakirə aparılacaq, bizim Qərblə, yoxsa Rusiya ilə bərabər olmağımız müəmmasına aydınlıq gətiriləcək.
Bu qədər mühüm məsələnin müzakirə olunacağı bir tədbirə Azərbaycan rəhbəri əliboş gedə bilməzdi. Xüsusilə Qərbyönümlü müxaliflərin, qeyri-hökumət təşkilatı üzvlərinin həbsxanada saxlanıldığı, Rusiyapərəst qüvvələrin (həm də Araz Əlizadə, Tahir Kərimli kimi heç bir ictimai nüfuzu olmayan şəxslərin) deputat mandatıyla mükafatlandırıldığı bir şəraitdə Azərbaycan qətiyyən Qərb cizgisində görünmürdü. Bu duruma heç balanslaşdırılmış xarici siyasət adı vermək də mümkün deyildi.
Prezident İlham Əliyevin son zamanlar atdığı bir sıra addımlar da məhz beynəlxalq nüvə sammiti çərçivəsində təkbətək aparılacaq görüşlərdə Azərbaycanın əlini gücləndirməyə hesablanıb. İstər Novruz bayramı ərəfəsində bəzi siyasi məhbusların əfv fərmanıyla azadlığa buraxılması, istər ondan əvvəl ölkə başçısının ruslarla “qanlı düşmən” olan Türkiyə səfəri və həmkarı Rəcəb Tayyip Ərdoğanla nümayişkaranə səmimi qucaqlaşmaları, istərsə də son zamanlar ABŞ və Azərbaycan hərbi yetkililərinin bir-birilərinin ölkəsinə qarşılıqlı səfərləri bu mənada təsadüfi deyil.
Haşiyəyə çıxaraq, qeyd etmək yerinə düşərdi ki, mətbuatda bu hərbi səfərlər çox qabardılmasa da, açıqlanan bəzi məlumatlar Qərbə yaxınlaşmanın təkcə siyasi sferada yox, bir sıra sahədə, o cümlədən hərbi əməkdaşlıq təşəbbüslərində də özünü göstərdiyindən xəbər verir. Məlumata əsasən, martın 18-də ABŞ Milli Qvardiyasının quru qoşunlarının komandanı, briqada generalı Hopper Smitin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlib. Daha sonra Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti Vaşinqtona rəsmi səfərə yollanıb. ABŞ və Azərbaycan hərbçiləri arasında keçirilən görüşlərdə əsasən ölkəmizin NATO ilə əməkdaşlıq perspektivləri müzakirə olunub. Görünür, Azərbaycanın Rusiyaya qarşı addım atacağı təqdirdə qarşılaşa biləcəyi şimal təhlükəsindən sığortalanması üçün hərbi qüdrətinin vəziyyəti müzakirələrin əsas mövzusuna çevrilib və təsadüfi deyil ki, səfərlər son qərarı verəcək Prezidentin səfərindən qabaq baş tutub.
Sual oluna bilər: Ötən ilin sonlarına qədər Qərbə qarşı mövqeyiylə yadda qalan, hətta açıq şəkildə Avropa və ABŞ-a qarşı cəbhə açan Azərbaycan niyə birdən-birə öz siyasi təmayülünü dəyişdirdi? Ən əsası isə, siyası distaqların hamısı niyə Novruz bayramı ərəfəsində azadlığa buraxılmadı, üstündən az keçməmiş Zakir Qaralovun “mərhəmətinə” ehtiyac duyuldu?
İlk baxışdan, bir-biriylə əlaqəsiz kimi görünən bu iki sualı birləşdirən bir çox mətləblər var. Başlıca mətləb ölkəmizin, deputat Səməd Seyidovun məşhur kəlamıyla desək, “sendviç arasında” sıxılmış olmasıyla bağlıdır.
Əslində iqtisadi xarakteri Qərblə inteqrasiyanı tələb edən Azərbaycan bu strateji hədəflərini asan reallaşdırmaq gücündə deyil. Bir tərəfdən Rusiya, digər tərəfdən İranın basqıları altında qalmaq ehtimalı onu öz iqtisadi inkişaf strategiyasını tam reallaşdırmaq imkanından məhrum edir. Xüsusilə rus xofu siyasi iradəmizin sərbəst addım atmasının qarşısını alır. Zaman-zaman Rusiyapərəstlərin mükafatlandırılıb, Qərbyönümlü siyasilərin inkişafının qarşısının alınması siyasəti də, yəqin ki, zikr etməyə çalışdığımız bu təhlükəsizlik tədbirlərindən doğur.
Son zamanlara qədər Qərb ölkələri Azərbaycanın bu addımına səbrli yanaşır, rəsmi Bakını, hardasa, anlayır, Rusiyanın basqısına məruz qalmaması üçün bir sıra addımları haqlı hesab edirdilər. Moskvanın Ukrayna aqresiyasından sonra isə hər şey dəyişildi. ABŞ Azərbaycanın daha çox Qərbyönümlülük göstərməsini və bunun Ukraynaya verilən ən yaxşı dəstək olacağını düşündüyü halda, rəsmi Bakı rus aqresiyasından daha artıq çəkinməyə başladı. Dolayısıyla, Qərbdən gələn təzyiqləri azaltmaq üçün onun ölkəmizdəki “qollarını” qandallamaq yolunu tutuldu – necə olsa, “Qərblə dil tapmaq mümkündür” ümidiylə…
Görünən budur ki, rəsmi Bakı yenə Qərbin bu üzüyolalığına ümid bəsləyibmiş.Amma Qərbin bu dəfə “həmin xınadan” olmayan sərt mövqeyi siyasi məhbusların üzünə gülüb.
Bundan əvvəl yaşanan bəzi hadisələrə nəzər salanda irəli sürdüyümüz bu arqumenti dəstəkləyən bir sıra amillərlə qarşılaşa bilərik. Belə ki, istər Rusiyanın Ukraynaya təcavüzü, istərsə də Azərbaycan kimi ölkələrin Moskvaya yönəlməsi kimi amillər ABŞ və müttəfiqlərini bəzi əks addımlar atmağa vadar etdi. Əks halda, Vaşinqton qlobal güc mərkəzi olmaq savaşını bütün hərbi və iqtisadi potensialına rəğmən, itirə bilərdi. Belə bir məğlubiyyəti yaşamaq istəməyən ABŞ kifayət qədər sərt addımlar atmalı oldu: ilk əvvəl Rusiyaya qarşı iqtisadi sanksiyalara qərar verdi. Daha sonra öz neft istehsalını artıraraq dünya bazarında Rusiya və onun yanında yer alan Azərbaycan kimi ölkələrin əsas gəlir mənbələrindən birinin qiymətini aşağı salmağı bacardı. Digər tərəfdən Avropanı öz qazından asılı vəziyyətə salan Moskvanın bu imkanını da əlindən almağa çalışdı: Ukraynadan əli üzülən Rusiya Bolqarıstan üzərindən qaz kəmərini çəkmək eşqinə düşdü.Avropa Bilriliyinin və ABŞ-ın təzyiqiylə Şərqi Avropa ölkələri də bu şanslarından imtina etməli oldular.
Rusiya bu səfər yeganə çıxış yolu kimi Türkiyəyə yönəldi. Əvvəl Moskvanın bu təklifinə isti baxan Türkiyə bir müddətdən sonra müxtəlif tələblərlə Rusyanın son ümidinə də kölgə saldı. Nəhayət, Suriya-Türkiyə sərhəddində vurulan rus təyyarəsindən sonra Moskva tarix boyu Qərbin yanında dayanan Ankarayla uzun yola çıxa bilməyəcəyini anladı və xam xəyallarından əl çəkmək məcburiyyətində qaldı.
Əslində bütün bu yaşananlar təsadüfi deyildi və ABŞ-ın Rusiyanı öz mərkəzinə doğru sıxışdırmaq strategiyasından irəli gəlirdi. Bu strategiyanın məqsədi Rusiyaya qarşı Baltik dövlətlərindən Azərbaycana qədər qövsvari cəbhə xətti formalaşdırmaqdır. Adına şərti olaraq “Qərb qövsü” deyə biləcəyimiz bu cəhbədə yer alan bütün dövlətlərin özünəməxsus missiyası var.Hərbi qüdrət baxımından özünü müdafiə etmək gücünə sahib Türkiyə, yeri gələndə, Rusiya ilə burun-buruna gələrək onun hərbi imicini zəiflətməli, Ukrayna onunla vuruşacaq qədər cəsarətli olmalı, Polşa və Baltikyanı dövlətlər NATO hərbi qüvvələrinə öz torpaqlarında yer verərək Moskvanın ən təhlükəli əsgəri gücü sayılan nüvə silahını öz üzərində partlada biləcək qədər risk altına girməliydi…
Təsadüfi deyil ki, Polşa NATO-nun raket hücumlarından müdafiə sistemlərini öz ölkəsində yerləşdirmək istəyəndə rus hərbçiləri bunu kinayə ilə qarşılamış və bildirmişdilər ki, Polşa və Baltikyanı respublikalar bu qərarı verərkən iki dəfə fikirləşib bir dəfə addım atmalıdırlar:“Bizim başqa ölkələrə atacağımız bombalar onların üzərində partlaya bilər və bundan ən çox həmin ölkələr zərər görərlər”.
Amma rus hərbçilərinin bu cür təhdidvari xəbərdarlığı Qərb ölkələrində ciddi qarşılanmır. Çünki Rusiyaya qarşı Qərb cəbhəsi qövsünün şimal ayağında partladılacağı gözlənilən nüvə silahlarının təkcə həmin ölkələrə zərər vurmayacağı aydındır. Rusiyanın ikinci paytaxtı və rus imperiyasının simvol şəhəri sayılan Sank-Peterburq bu xəttin cəmi 145 km uzaqlığında yerləşir. Söhbət Baltikyani respublikalardan gedir. Sözsüz ki, onların üzərində partlaması gözlənilən istənilən nüvə silahı Sank-Peterburqu da xəritədən silə bilər. Üstəlik, NATO qüvvələri artıq Baltik dənizində də güclənir və Rusiyaya qarşı əsas təhdid gücünü formalaşdırır.
Azərbaycanın da bu Qərb qövsündə özünəməxsus missiyasi var. Rusiyanın əsas canı sayılan Moskva və ya Sank-Peterburqdan xeyli uzaqlarda yerləşsə belə, ölkəmiz bu cəbhədə əvəzedilməz rola sahibdir. Başlıca gücümüz isə əsrarəngiz enerji potensialımız ilə əlaqədardır.
Qərb qövsünü təşkil edən ölkələr nə qədər Rusiyaya qarşı cəbhədə yer alsalar da, öz enerji ehtiyaclarında Moskvadan asılıdırlar. Məlumata görə, Qərb qövsünün şimal ayağına rəhbərlik edən Polşa hazırda enerji ehtiyaclarının 90%-dən yuxarısını Rusiyadan alır. Eyni sözləri Baltikyanı ölkələr üçün də demək olar. Düzdür, qövsün şimalından cənubuna endikcə, bu ehtiyac azalsa da, yenə kifayət qədər böyük rəqəmlərdən söhbət gedir. Məsələn, Macarıstan enerji idxalatının 86%-i Rusiyaya bağlıdır.
Rusiya qaz və neftinin əsas alternativlərindən biri isə Azərbaycanın enerji potensialıdır.Ölkəmiz Rusiya qaz kəmərinin, heç olmasa, cənub xəttini zərərsizləşdirməyi öz üzərinə götürə bilər. TANAP layihəsiylə Türkiyəyə, ordan isə Balkanlara qaz idxalı ən azından qardaş ölkəni və Bolqarıstanı bu asılılıqdan xilas edər. Beləcə, Qərb qövsünün Rusiyanı öz mərkəzinə sıxışdırmaq strategiyasında aktiv rol oynamasının önü açılar. Əks halda, ya Bolqarıstanın, ya Türkiyənin rus qazını Avropaya daşıyan xəttə qucaq açması Ukrayna xalqının ödədiyi bədəli heçə endirər və nəticə ABŞ üçün tamamilə hüsran olar.
Azərbaycanın bu böyük plan içərisində ən mühüm yer tutan oyunçuya çevrilməsi özüylə bərabər ciddi risklər gətirir. Hərçənd Tehranla bağlanan nüvə sazişindən sonra keçirilən parlament və Üləmalar Şurasına seçkilərdə Qərbyönümlü islahatçıların hakimiyyətə gəlməsi ölkəmizdə İran təhlükəsini xeyli zəiflətmişdir. Buna baxmayaraq, şimaldan gələn təhlükə günü-gündən artır. Xüsusilə Suriyadan öz qoşunlarını çıxaran Rusiya üçün artıq mübarizəni öz daxilində aparmaq zərurəti yaranıb. Başının Suriyada qatıldığını gec də olsa anlayan Rusiya indi özü ətrafında yaranan Qərb qövsünü zərərsizləşdirməklə məşğul olmalıdır. Bu qövsün şimal xəttində NATO qüvvələri oturduğundan, zəif həlqə kimi cənub xətti ön plana çıxır. Üstəlik, yuxarıda da qeyd etdiyimiz kimi, qövsün şimalının da taleyi cənub xəttindən, daha konkret desək, Azərbaycan enerji mənbələrindən asılıdır.
Anlaşılan budur ki, bütün beynəlxalq diqqətlər Azərbaycana yönəlib. Rəsmi Bakı artıq öz qərarını vermək məcburiyyətindədir: Ya cəhənnəmə getməyə yoldaş axtaran Rusiyayla bir cərgədə dayanmalı və aclıqdan ölümlə sınağa çəkilməli, ya da cənnətə getmək üçün risk altına girməlidir.
Zira ölkəmizin artıq öz əsrarəngiz neft və qaz silahına söykənmək şansı da qalmayıb. Bir tərəfdən dünya bazarına yolu açılan İran, digər tərəfdən Gürcüstanda son zamanlar kəşf olunan zəngin qaz yataqları bizim enerji potensialımızı rahatlıqla əvəz edə bilər.Azərbaycan ondan tələb olunan addımları atmasa, bir tərəfdən ağır sanksiyalarla üz-üzə qaldığı kimi, digər tərəfdən də öz mövcud bazarını da itirmək talesizliyi yaşayaya bilər.
İki yolayrıcında qalan ölkəmizin cəhənnəm yoldaşları kimi, cənnət dostları da ortaya çıxıb. Bunlar Türkiyə və Balkan ölkələri olacaq. Ölüm içindən ölüm seçmək alternativləri arasında, sözsüz ki, ən yaxşı variantın cənnət yolçuluğu olduğunu anlayan rəsmi Bakının Qərb cəbhəsi xəttində ona ayrılan yerə doğru yürüdüyü müşahidə olunur.
Bu addımlardan biri də Qərbyönümlü siyasi dustaqların azadlığa buraxılmasıdır. Görünən budur ki, ölkə başçısı da bu mütləqləri nəzərə alıb, beynəlxalq nüvə sammitinə yeni töhfələrlə getmək istəyir.
Sammitdən sonra digər siyasi məhbusların azadlığa buraxılması və yəqin ki, hakimiyyətdə yer alan bir çox “rusqafalıların” öz postlarından uzaqlaşdırılması növbəti addım olacaq. Hətta mümkündür ki, bugünkü müxalifət sabahın müttəfiqinə, eyni komandanın üzvləri isə yeni müttəfiqlərin düşməninə çevrilsin.
Heydər Oğuz
Strateq.az