Əlaqə vasitələri

Nümayəndəlik institunu ləğv etmək istəyənlər məhkəmə sisteminə bomba qoyurlar.

Hələ ki nümayəndəlik ləğv edilməyib və ləğv edilə də bilməz.

Bu ilk növbədə sağlam məntiqə, sonra isə beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının Konstitusiyasına zidd bir addım olardı.

Sadəcə olaraq, hələ ki respublikamızda qanunlar və qanunvericilik sahəsi bəzi şəxslərin şəxsi və korporativ maraqlarının təmini alətinə çevrilib. Hələ ki qanunvericiliyimiz də, iqtisadi sahədə olduğu kimi, bəzi adamların manapoliyasında can verir.

Nümayəndəliklə bağlı 2007-ci ildən başlayaraq törədilən bu əməllər bir tərəfdən vətəndaşların müdafiə hüquqlarının kütləvi surətdə pozulmasına səbəb olursa, digər tərəfdən də məhkəmələrin və hakimlərin işlərində çox böyük problemlər yaradır. Bunu hamı bilir.Xüsusilə də, hakimlərimiz. Ancaq susurlar.Səbəb çox sadədir: bütün sahələrdə olduğu kimi belə düşünürlər: “yuxarıdan  istəyirlərsə, deməli, belə də olmalıdır.Az aşım, ağrımaz başım”.

Ancaq kimdir bu yuxarı?

Qanunvericilik sahəsində nə baş verir?

Son vaxtların təcrübəsi sübut edir ki, “yuxarıda” qanunvericilik sahəsində bir özbaşınalıq, plansızlıq, məntiqsizlik hökm sürür. Qanunlar, qərarlar, fərmanlar ictimai münasibətlərin tələb etdiyi zəruri normalar kimi yox, ayrı-ayrı şəxslərin, oliqarxların, korrupsioner qrupların və ya sahə rəhbərlərinin maraqlarını təmin etmək məqsədilə qəbul edilir.

İki misal çəkəcəyəm.

1.Azərbaycan Respublikası Prezidentinin “Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında”  22 oktyabr 2015-ci il tarixli 714 saylı Fərmanının 1-ci bəndi ilə ilə nəzərdə tutulurdu ki, “fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2000 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçirilir.”

Fərmanın 3.1-ci bəndində qeyd edilmişdi ki, “Nazirlər Kabineti  özünün qəbul etdiyi normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.”

Bu fərman qəbul ediləndən sonra insanların nə qədər rahatladığını, sosial gərginliyin nə qədər azaldığını hamımız hiss etdik. Adamlar bu fərmanı bayram kimi qəbul etdilər və prezidentə səmimi qəlbdən dua edənlər də oldu.

Bəs sonra nə baş verdi?

Fərmanın icrasına başlamağa 28 gün qalmış, yəni 24 dekabr 2015-ci il tarixli 714 saylı fərmanla əvvəlki fərmanın 1-ci bəndi ləğv edildi.

Deməli, ya 22 oktyabr 2015-ci il tarixli 656 saylı, ya da 24 dekabr 2015-ci tarixli 714 saylı fərman verilərkən səhvə, ən azı isə tələskənliyə yol verilib.

Bəs bu təklifləri verən,  fərmanları prezidentin imzasına təqdim edən kimlərdir? Bu günədək məlum deyil.

2. “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 3 fevral 2016-cı il tarixli  762 saylı Fərman qəbul edilib. Fərmanın məzmunundan göründüyü kimi, “sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə“  verilib.

 Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş

“Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 1.1- ci bəndində göstərilir ki, “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şurası (bundan sonra – Apellyasiya Şurası) sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı mərkəzi icra hakimiyyəti orqanının və onun struktur (yerli) qurumlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) verilmiş təkrar şikayətlərə (bundan sonra – şikayət) baxan və ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır.”

İlk baxışda və zahirən çox bəyəniləsi bir fərmandır.

Ancaq yalnız zahirən belədir.

Çünki  Əsasnamənin “Apellyasiya Şurasının fəaliyyətinin təşkili” adlanan 4-cü bölməsinin 4.1-ci yarımbəndində göstərilir ki, “Şuranın tərkibi (sədri və digər altı üzvü) mərkəzi icra hakimiyyəti orqanının rəhbəri tərəfindən müəyyən edilir. Apellyasiya Şurasının sədri mərkəzi icra hakimiyyəti orqanının rəhbərinin müavinlərindən biri olmalıdır.”

Eyni prinsip aşağı səviyyəli apellyasiya şuralarının təşkilində də nəzərdə tutlub. Bəlkə də,  bu prinsip Prezident Aparatının və Nazirlər Kabinetinin Apellyasiya Şuralarının təşkilində effektli ola bilər. Ancaq, məsələn,  Gəncə şəhər İH-nin AŞ-nın bu prinsiplə təşkili onun fəaliyyətinin səmərələliyini sıfıra, heçə endirir.

Ona görə ki, tərkibi rəhbər tərəfindən formalaşdırılan, rəhbərin müavinlərindən birinin də sədrlik etdiyi AŞ-nın, şəxsən Gəncə şəhər İH-nin başçısı Elmar Vəliyev tərəfindən hüquqları pozulan hansısa iş adamının hüquqlarını müdafiə edəcəyinə inanmaq sadəlövhlükdür.

Bəs insanların narazılığına səbəb olan, onları ümidsizləşdirən bu fərmanları kimlər hazırlayır, imzaya kimlər təqdim edir?

Məlum deyil. Bu sahə qaranlıq meşədir.

Nümayəndəliklə də eyni şeylər baş verir.

Nümayəndəliyin qətlinə yönəlmiş bu hərəkətlər hələ 2007-ci ildən başlayıb.

17 aprel 2007-ci il tarixli 319-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu  ilə Mülki Prosessual Məcəllənin  407.3-cü maddəsi yeni redaksiyada verildi.

 Əvvəl orada deyilirdi: “407.3. Şikayət onu verən şəxs tərəfindən, yaxud onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onların səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir”.

İndi isə deyilir: “407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.”

Bu dəyişikliyi təklif edənlər öz çirkin niyyətlərini vətəndaşların Konstitusiyanın 61-ci maddəsində nəzərdə tutulan keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsi ilə pərdələməyə çalışırlar.

Məqsəd isə başqadır: müdafiə hüququnu, inzibati qaydada təsir etmək, yönəltmək, cəzalandırmaq  imkanı olan qurumların səlahiyyətinə vermək, yəni manapoliyaya almaq. İndiki halda Vəkillər Kollegiyasının.

Son vaxtlar müstəqil mövqe sərgiləyən, müdafiə vəzifələrini icra edərkən prinsipiallıq göstərən onlarla vəkilin başına açılan qanunsuzluqlardan bütün dünyanın xəbəri var. Əsas məqsəd, siyasi baxımdan mənim kimi, İntiqam Əliyev, Ənnağı Hacıbəyıi, Namizəd Səfərov, Lətifə Əliyeva, Xalid Bağırov və onlarla başqaları kimi “persona non-qrata” elan edilmiş şəxslərin qazanc imkanlarından və əmək hüquqlarından məhrum edilməsidir. Bu qədər bəsitdir hər şey.

İndi qanunvericiliyə diqqət edin.

  1. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin (insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi) I hissəsinə əsasən, “Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.”

 46-cı maddəyə (şərəf və ləyaqətin müdafiəsi hüququ) əsasən, “I. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır.”

60-cı maddəyə (hüquq və azadlıqların məhkəmə təminatı) əsasən, “II. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər.”

 127-ci maddəyə (hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri) əsasən, “II. Hakimlər işlərə… tərəflərin hüquq bərabərliyinə,.. əsasən …baxırlar. IV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir.VII. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir.VIII. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur”.

Bu maddələrin məzmunundan göründüyü kimi, hər kəs məhkəməyə şikayət vermək, öz hüququnu məhkəmənin istənilən mərhələsində şəxsən müdafiə etmək hüququna malikdir. Tərəflər arasında hüquq bərabərliyi olmalı və onlar arasında çəkişmə prinsipi təmin edilməlidir.

Vacib olan da odur ki, indi aşağıda istinad edəcəyim beynəlxalq və milli hüquq normaları nəzərdə tutur ki, insanlar bu hüquqlarını ya şəxsən, ya da öz seçdikləri nümayəndələri və ya vəkilləri vasitəsilə həyata keçirə bilərlər.

Bəri başdan qeyd edim ki, AR Ali Məhkəməsinin Plenumu qərar qəbul edib ki, Vəkillər Kollegiyasının üzvü olan şəxs öz şəxsi işi üzrə prosesdə tərəf olarsa, məsələn, nikahın ləğv olunması, qonşu ilə mübahisə və s. kimi proseslərdə, MPM-nin 407.3-cü maddəsinin tələbləri ona şamil edilmir.

Ancaq həmin vəkilə vaxtilə dərs deyən, onu yetişdirən, onu vəkilliyə qəbul edən hüquq elmləri doktoru, professor olan birisi, yaxud da əvvəllər mənim kimi Vəkillər Kollegiyası Rəyasət Heyyətinin üzvü olmuş, ya da 30-40 illik vəkillik təcrübəsi olan, lakin indi VK-nın üzvü olmayan birisi  kassasiya instansiyasında mütləq vəkillə təmsil olunmalıdır, yoxsa ona kassasiya instansiyasında danışmaq, hüquqlarını şəxsən müdafiə etmək imkanı vermək olmaz.

Bu qədər absurd bir şey siz təsəvvür edə bilərsinizmi?

  1. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında” 04 noyabr 1950-ci il tarixli Avropa Konvensiyasının 3-cü maddəsinnin “c” bəndinə əsasən,  “şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək, cinayət törətməkdə ittiham olunan hər kəsin hüququdur.”

İndi diqqət edin: kassasiya instansiyasında insanların müdafiə olunmaq hüququ varmı? Ümumiyyətlə, Ali Məhkəmə, kassasiya və əlavə kassasiya instansiyaları məhkəmə sisteminə daxildirmi? Daxildirsə və ədalət mühakiməsinin bu mərhələlərində də insanların öz hüquqlarını, Konvensiyada göstərildiyi kimi, şəxsən müdafiə etmək hüquqları varsa, onda nə üçün hüquq elmləri doktorundan, hüquq elmləri üzrə professordan, 30-40 illik hüquqşünaslıq, vəkillik təcrübəsi olan adamlardan özünü yalnız Azər Tağıyevin kontorunun üzvü vasitəsi ilə müdafiə etmək tələb edilir?

Bu gün bilirsinizmi Ali Məhkəmədə nə baş verir?

Əgər sənin rəsmi vəkilin varsa, yəni kassasiya şikayətinə vəkil orderi əlavə edibsənsə,  vəkil bir kəlmə müdafiə çıxışı etməsə də, sən kassasiya məhkəməsində şəxsən özünü müdafiə etmək üçün danışa bilərsən. Vəkilin, vəkil orderin yoxdursa, deməli sənin ağlın yoxdur, özünü müdafiə edə bilməzsən.

 Bu dərəcədə məntiqsizlik olarmı? Kimdir qanunların başına bu oyunları açanlar? Hansı hüquq düşüncəsidir? Bəs deyilmi milləti doladıqları, dövləti hörmətdən saldıqları?

  1. AR Mülki Prosessual Məcəlləsinin 49-cu maddəsinə (mülki prosessual fəaliyyət qabiliyyəti) əsasən, “49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur”.

69.1-ci maddəyə (nümayəndə vasitəsi ilə işin aparılması) əsasən, “hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia Məcəllənin  70-ci  (məhkəmədə nümayəndə ola bilən şəxslər) maddəsinə əsasən, “bu Məcəllənin 71-ci maddəsində sadalanan şəxslər istisna olmaqla, məhkəmədə iş aparmaq üçün səlahiyyəti lazımi qaydada rəsmiləşdirilmiş hər hansı fəaliyyət qabiliyyətli şəxs nümayəndə ola bilər”.

Cinayət Posessual Məcəlləsinin 102.2-ci maddəsinə əsasən, “cinayət prosesində  mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi qismində müvafiq şəxs tərəfindən verilmiş və notariat qaydasında təsdiq edilmiş etibarnaməsi olan vəkillər və digər şəxslər iştirak edə bilərlər. “

 Bu normalarda aydın olmayan, başa düşülməyən nəsə varmı? Yox !!!

Bəs onda  28 dekabr 1999-cu il tarixli yeni, indiki  MPM qəbul edilərkən  67.1-ci maddənin bu məzmunda verilməsi hansı məntiqlə edilmişdi:

“Kassasiya və əlavə kassasiya şikayətləri, yeni açılmış hallar üzrə işlərə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilə və yalnız vəkilin iştirakı ilə baxıla bilər.”

Bununla da ürəkləri soyumadı,  26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə indiki məzmun peyda oldu:

“67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər”.

Yəni, məhkəmə iclası  təyin edildiyi gün vəkil iclasa gəlsə, tərəf danışa bilər, gəlməsə, danışa bilməz. Tərəfin ağlı, qabiliyyəti və hüquqlarını şəxsən müdafiə etmək hüququ vəkilin fiziki olaraq məhkəmə iclasında iştirak edib-etməməsindən asılı edilib.

Hakimiyyət nümayəndələri, təyinatla deputat olanlar guya Azərbaycan qanunvericiliyini Almaniyanın qanunlarına uyğunlaşdırmaq, “alman standartları”nı ölkəmizə gətirmək istəyirlər.

 Əsl məqsədləri isə, yuxarıda qeyd etdiyim kimi, insan hüquqlarının müdafiəsi kimi ciddi bir sahəni manapoliyaya almaq, müdafiəçilərə-vəkillərə inzibati təsir mexanizmlərini əldə saxlamaqdır.

Azərbaycanda minlərlə hüquqşünasın Vəkillər Kollegiyasına üzv olmasına maneçilik törədildiyi, ölkədə alternativ Vəkillər Kollegiyalarının yaradılmasına imkan verilmədiyi bir şəraitdə “alman standartları”ndan danışmaq, yumşaq desək, gülüncdür.

İndi də çalışırlar ki,  kassasiya instansiyasında tətbiq edilən qaydalar aşağı instansiya məhkəmələrində də tətbiq edilsin.

Yəni vətəndaşlarımızı məcbur etmək istəyirlər ki, onlar yalnız Azər Tağıyevin nəzarətində olan, istədikləri vaxt susdurmaq, təsir etmək imkanları olan Vəkillər Kollegiyasının üzvlərini müdafiəçi kimi tutsunlar. Azər Tağıyevə “zorən müştəri” ordusu yaratmaq istəyirlər.

 Digər bir niyyətləri də mənim kimi “arzuolunmaz” hüquqşünasları iqtisadi məngənədə boğmaq, bu yolla zərərsizləşdirməkdir. Daha anlamırlar ki, ruzini verən ALLAH(c.c)dır.

Bizim əksər normativ aktların Rusiya qanunlarının  pis  tərcümə edilmiş variantı olması heç kimə sirr deyil. Adını “alman, Avropa standartı” qoysalar da.

Rusiya Cinayət Prosessual Məcəlləsinin 45-ci maddəsinə əsasən, “hakimin qərarı ilə vəkil, eləcə də zərərçəkmişin və mülki iddiaçının yaxın qohumları və ya başqa şəxslər (“inoye litço”) zərərçəkmişin və mülki iddiaçının nümayəndəsi kimi işə buraxıla bilərlər”.

Hətta RF CPM-nin 49-cu maddəsinə əsasən, “müdafiəçi qismində vəkillə birlikdə təqsirləndirilən şəxsin yaxın qohumları və ya təqsirləndirilən şəxsin vəsatəti əsasında hakimin qərarı ilə istənilən şəxs işə buraxıla bilər. ”

Rusiya Federasiyasının  Mülki Prosessual Məcəlləsinin 49-cu maddəsinə əsasən, “fəaliyyət qabiliyyətli istənilən səlahiyyətli şəxs nümayəndə kimi məhkəmədə iştirak edə bilər”.

 Həmin Məcəllənin 50-ci maddəsinə əsasən, nümayəndə qismində vəkil yalnız, yaşayış yeri məlum olmayan cavabdeh üçün, məhkəmənin qərarı ilə  təyin edilir.

Qalan bütün hallarda nümayəndənin kim olmasını, yəni vəkillərin sırasındanmı, yoxsa istənilən adamlardan seçmək hüququ vətəndaşın müstəsna səlahiyyətindədir.

Xüsusilə qeyd etməyi lazım bilirəm ki, RF MPM-nin,  kassasiya instansiyasında icraat qaydalarını nəzərdə tutan 40-cı fəslində rusların heç ağlının ucundan da keçməyib ki, vətəndaşların kassasiya instansiyasında iştirakına problem yaratmaq üçün onların vəkillə müqavilə bağlamalarını şərt kimi irəli sürsünlər.

Bizimkilər ruslardan da, yəni öz ağalarından da ağıllı görsənməyə çalışırlar.

Bütün bunların tək bir siyasi səbəbi var: bu hakimiyyətin məqsədi Azərbaycan insanına xidmət etmək deyil, onu istənilən yolla incitmək, ələ salmaq, dolamaq, hüququnu tapdalamaq, süründürmək, alçaltmaq, heysiyyətini tapdalamaqdır.

Əsas məqsədləri isə, millətin başını məhz bu üsullarla özünün məişət problemlərinə qatıb onun sərvətlərini cəzasız və nəzarətsiz talamaqdır.

Fakt göz qabağındadır: mən bu məqaləni yazmağa sərf etdiyim vaxtı hansısa korrupsionerin ifşası ilə bağlı başqa bir yazıya, ya da hansısa elmi məqaləyə həsr edə bilərdim.

Azərbaycan Respublikasının keçmiş, 11 dekabr 1964-cü il tarixli Mülki-Prosessual Məcəlləsinin (28 dekabr 1999-cu ildə qüvvədən düşüb) nümayəndəliklə bağlı müddəaları indikindən dəfələrlə mütərəqqi idi.

Həmin Məcəllənin 42-ci maddəsinə (işlərin nümayəndələr vasitəsi ilə aparılması) əsasən,

“vətəndaşlar məhkəmədə öz işlərini şəxsən və ya nümayəndələr vasitəsi ilə apara bilərlər. Vətəndaşın işdə şəxsən iştirakı onu həmin iş üzrə nümayəndəsinin olması hüququndan məhrum etmir…”

44-cü maddəyə (məhkəmədə nümayəndə ola bilən şəxslər) əsasən isə, vəkillərlə yanaşı, istənilən şəxs işə baxan məhkəmə tərəfindən həmin iş üzrə nümayəndəliyə buraxıla bilərdi.

Azərbaycan Respublikasının  8 dekabr 1960-cı il tarixli Cinayət-Prosessual Məcəlləsinin  (14 iyul 2000-ci il tarixli 907-IQ nömrəli Qanuna əsasən qüvvədən düşüb)  54-cü maddəsinə  (zərər çəkmiş şəxsin, mülki iddiaçının və mülki cavabdehin mənafeyinin nümayəndələri) əsasən, “zərər çəkmiş şəxsin, mülki iddiaçının və mülki cavabdehin mənafeyinin nümayəndələri sifəti ilə aşağıdakılar işdə iştirak edə bilərlər: vəkillər kollegiyasının üzvləri, yaxın qohumlar, zərər çəkmiş şəxsin, mülki iddiaçının və mülki cavabdehin müvafiq qanuni nümayəndələri, habelə təhqiqat aparan şəxsin, müstəntiqin və ya məhkəmənin icazəsi ilə digər şəxslər…”

Elə düz olanı da budur !!!

Çünki müdafiə hüququ vətəndaşa məxsus hüquqdur. Bu hüquq vəkilin deyil. Vəkil, sadəcə olaraq, onunla müqavilə bağlayan vətəndaşı müdafiə etmək vəzifəsi daşıyır. Nə az, nə də çox.

Hüquq sahibi isə özünün istənilən hüququndan öz istədiyi kimi, qanunda nəzərdə tutulan qaydada istifadə edə bilmirsə, artıq bu hüquq yox, icazə sistemidir, təhkimçilikdir, diktatura və avtoritarizmin məhsuludur. Nədirsə, təkcə hüquq deyil !

Beləliklə də, nümayəndəlik və müdafiə institutu ilə bağlı bu gün Azərbaycanda qüvvədə olan qaydalar, nəzərdə tutulan dəyişikliklər hamısı insanların müdafiə hüququnu məhdudlaşdırmağa və tədricən formallaşdırmağa yönəlib. Biz sürətlə Şimali Koreya yoluyla gedirik.

Bunun qarşısı vaxtında alınmasa, vətəndaşlarımızla birlikdə bütövlükdə məhkəmə sistemimiz də çox böyük problemlər yaşayacaqdır.

Hüquqşünas Məmmədov Qurban Cəlal oğlu.

12 mart 2016-cı il.

Loading