Əziz dostlar!
Azərbaycanın “məhkəmə” adlı bazarında haqqınızda çıxarılmış qanunsuz hökmə etiraz əlaməti olaraq aclıq aksiyasına başladığınız barədə xəbər məni sarsıtdı, həm də çox təəcübləndirdi.
Çünki bu mübarizə metodu sivil, mədəni və qanunun ali olduğu, eləcə də insana dəyər verilən, təməl insan haqqlarına hörmət olunan cəmiyytətlər üçün keçərlidir.
Şübhə etmirəm ki, vaxt gələcək Azərbaycanda “8 GÖZƏL ADAM” adlı çoxseriyalı bir film çəkiləcək. Bu günə qədər apardığınız şərəfli və qəhrəman mübarizəniz, nümunəvi əxlaqınız, müasir dünya görüşünüz, millətə məhəbbətiniz, dövlətə və dövlətçiliyə sədaqətiniz, eləcə də dövlətimizin və millətimizin bu gününə və sabahına yüksək vətəndaşlıq məsuliyyətiniz ilə o filmin baş qəhrəmanları sizlər olacaqsınız.
Xalqımız və tariximiz öz dəyərli övladları kimi sizləri daim qoruyacaqdır. Siz bizim qürur mənbəyimiz və şərəf qaynağımızsınız. Siz bu millətin ləyaqət rəmzisiniz.
Əziz dostlar!
Ermənilərlə bu rejimin məqsədləri eynidir.
Azərbaycan xalqının ləyaqətli və cəsarətli övladlarını, passionar şəxsiyyətlərini fiziki cəhətdən məhv etmək, onların sağlamlığına və əqli qabiliyyətlərinə ağır zərbə vurmaq, onların bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti – iqtisadi, siyasi və mənəvi dözümsüzlük mühiti yaratmaq, eləcə də milli sayımızın artımının qarşısını almaq üçün qeyri-normal doğum şəraiti yaratmaqdır bunların istəyi.
Bir sözlə, bu əslində millətimizin və milli genofondumuzun soyqırımı siyasətidir.
Əziz gənclər, milləti aclığa düçar etməklə, onu fiziki məhvə məhkum eləmək bu rejimin əsas məqsədlərindən biridir. İndiki şəraitdə “aclıq” mübarizə üsulu seçmək, elə bunu istəyən rejimin özünə yardım etmək kimi bir şeydir.
Siyasi mübarizədə adekvat vasitələr seçmək çox vacibdir. Hesab edirəm ki, üstümüzə qanunsuz silahlı dəstələr, yalançı şahidlər ordusu, “məhkəmə”, “polis”, “prokurorluq” adlı rejim dəyənəkləri, qanunsuz həbslər, təqiblər, terror, partlayışlar, fiziki işgəncələr və sair zorakı üsullarla gələn bu anti-xalq, dünyəvi və mənəvi dəyərlərdən uzaq, beynəlxalq hüquq normalarına hörmətsizlik göstərən, qaba zoru əsas mübarizə vasitəsi seçən bu rejimə qarşı mübarizədə “aclıq” təsirli mübarizə vasitəsi hesab edilə bilməz.
Dinimiz İslama görə də “aclıq” bədənə-Allahın verdiyi əmanətə xəyanət kimi qiymətləndirilir və İslam tarixində belə bir mübarizə üsuluna rast gəlinməmişdir.
Bu rejimə qarşı yalnız sağlam bədən və sağlam ruhla mübarizə aparmaq lazımdır.
Ruhunuzun sağlamlığına heç bir şübhə, bədəninizi zəiflətməyə isə heç bir haqqınız yoxdur.
Aclığı dərhal dayandırmağınızı və insanlıqdan uzaq olan bu rejimə qarşı onun özünün tələb etdiyi və layiq olduğu mübarizə vasitələri ilə siyasi fəaliyyətinizi davam etdirmənizi xahiş edirəm.
Kimin nə deyib, nə etməsindən asılı olmayaraq, Azərbaycanın gələcəyi gənclərə məxsusdur və onların istəyi üzərinə formalaşacaq. Sizləri bu gəncliyin avanqardı kimi salamlamaqdan qürur duyur və sizə apardığınız şərəfli mübarizədə uğurlar diləyirəm. Tanrı köməyiniz olsun!
21 aprel 2014