`Kral musiqi salonlarının əfsanəvi maestrosu, `Yeni Mosart` adını almış Cənab Ferens List ötən ildən musiqi maarifçiliyi missiyası ilə Avropa ölkələrinə qalstrola çıxmışdır. O, Rusiyada olacaq, Cənubi Qafqaza – Helenendorfa da gedəcək`.
Bu xəbəri 1840-cı ildə `Stuttgarter Zeitung` qəzeti yaymışdı. Qəzetə abunə olan Gəncəbasar və Borçalı almanları xəbərdən həyəcanlanmış, bəziləri gözlərinə, bəziləri qulaqlarına inanmamışdı. Helenendorfda Listin simfonik poemalarını Almaniyadan gələn musiqi müəllimlərinin ifasında dinləmiş, lakin əfsanəni öz gözləri ilə görəcəklərini ağıllarına belə gətirməmişdilər.
Maestronun səfərinə Helenendorf məktəbinin təsisçisi və müəllimi Yakob Kraus rəhbərlik edirdi. Qəsəbənin son seçilmiş şultsu Xristofor Forer yüksək qonağın bir həftəlik ağırlanması üçün zəngin proqram tərtib edib Krausa təqdim etmişdi. O, proqrama köhnə dostu, Alabaşlı kəndinin mülkədarı Mustafa bəyin evində qonaq olacaqları günün tarixini belə yazmışdı. Həmin gün Ferens Listi Annenfeld ətrafına ceyran ovuna aparacaqdılar. Mustafa bəy də onlara qoşulacaq, dönərkən Alabaşlıya, bəyin malikanəsinə gedəcəkdilər.
Helenendorfla Alabaşlının arası 7-8 verst olardı. Lakin bəzi sahələrdə Mustafa bəylə Xristofor ağanın biçənəkləri kəsişirdi. Xristofor ağanın və digər kolonistlərin hektarlarla uzanan üzüm bağları, eləcə də Helenendorfun salındığı Xanlıq otlağı Cavad Xanın mülkiyyəti idi. Rus qoşunları 1804-cü ildə Gəncə Xanlığına hücum çəkmiş, döyüşdə Cavad Xanı və saysız-hesabsız gəncəlini qətlə yetirmiş, Xanın mülkiyyət torpaqlarını imperator xəzinəsinə qatmış, 15 il sonra isə bu torpaqlar Vürtenberq krallığından köçürülmüş protestant və separatist təriqətli kolonistlər arasında pay-puş edilmişdi.
Əslində, bu bölgüdən Mustafa bəy də ciddi zərər çəkmişdi. Köçkünlərin yerləşdirilməsi üçün rus hökuməti atası Ələkbər bəy Qurbanbəyovun Seyfəli otlaqlarını alıb kolonostlərə vermişdi. Uzun çəkişmədən sonra məhkəmə Ələkbər bəyə sürülərini öz torpaqlarında otarmağa izin vermiş, lakin biçin etməyi yasaqlamışdı. Ələkbər bəy dünyasını dəyişənə kimi məhkəmə qapılarına ayaq döymüş, əli heç yerə çatmamış, ömrünün sonunu hirsindən-hikkəsindən boğula-boğula başa vurmuşdu. Ələkbər bəyin Tiflis Zadəgan Məktəbində hüquq oxumuş oğlu Mustafa bəy isə hökumətlə hökumətlik etməyin mənasız olduğunu qəbul etmiş, bu davanı unutmağı daha faydalı saymışdı. Çünkü neçə-neçə Gəncəbasar bəyi rus hökumətinin şəxsi mülkiyət torpaqlarına kolonistləri – rusları, almanları, erməniləri yerləşdirməsi siyasəti ilə bağlı məhkəmə münaqişəsinə girmiş, ədalətsiz qərarlara etiraz etmiş, nəticədə, Sibirə sürülmüşdülər.
Beləliklə, illər keçmiş, yerli mülkədarlar vəziyyətə böyun əymiş, əldə qalan torpaqlarda üzüm bağları salmış, idarəetmənin yüksək himayəsi ilə qol-qanad açmış çaxırçı almanlarla ticari əlaqələrə girişmişdilər.
Müstafa bəy Qurbanbəyovla Xristofor Forerin anlaşması vardı. Hər mövsüm başlayandan ta bitənə kimi Alabaşlıdan Helenendorfa araba-araba üzüm daşınırdı. Anlaşma bununla bitmirdi. Mustafa bəy Xristofor ağadan bir xeyli təsərrüfat alətləri, bir dənə `şves kələsi`, dörd dənə də cins inək almışdı. Kolonistlərin Avropadan gətirdiyi texniki yeniliklər və qaramal Qafqaza ayaq açan kimi Alabaşlıda da görünməyə başlamışdı.
Helenendorfa gələn bütün ali qonaqları Xristofor ağa Alabaşlıya qonaq aparırdı. Mustafa bəy Ferens Listin müsafirlik proqramında öz adının olması xəbərini eşidəndə ürəkdən sevinmiş, bunu özünə şərəf bilmişdi.
Mustafa bəylə Xristofor ağa həm də yaxşı həmsöhbət idilər. Illərdən bəri davam edən bu ünsiyyət onları dostluğa kimi gətirib çıxarmışdı. Arada-sırada bütün ailə üzvləri ilə bir-birinə qonaq gedib gələrdilər. Lakin fröylen Gilda əhvalatı onları qohum kimi etmiş, bir-birinə daha sıx bağlamışdı.
…Keçmiş günlərin birində Xristofor Forer zövcəsi frau Marta və 7 uşağı ilə birlikdə Alabaşlıda müsafir olur. Günün sonunda məlum olur ki, Mustafa bəyin kiçik qızı Səyyarə artıq Xristofor ağanın qızları ilə almanca danışır. Gün ərzində öyrəndiyi beş-on kəlmədən əməlli-başlı cümlə qurur, fikrini izah edir. `Səyyarə nemescə dil-dil ötür` xəbəri evin o biri güşəsinə çəkilmiş Mustafa bəylə Xristofor ağaya çatanda Mustafa bəy;
– Gəlsin görüm, mənim ağıllı balam nə danışır – deyə qızına səslənir.
Səyyarə Xristofor ağanın balaca, sarıca qızları Anna və Frida ilə birlikdə şeir deyir, mahnı oxuyur, sonra da əl-ələ verib alman rəqsi edir. Ayağı qızılı çarıxlı, qırmızı məxmər tumanlı, yaşıl çəpkənli, başı araxçınlı, bilək endə ala-qonur hörüklü Səyyarə və əyinlərinə ağ krujeva yaxalıqlı, qırmızı-qara damalı, cüt paltar, ayaqlarına bəyaz corab və məst geyinmiş, incə, sarı sünbül hörüklü Anna və Frida kəpənək kimi ortalıqda uçuşurlar. Otağın ortasında rəngbərəng bir mənzərə yaranır. Atalar baxıb gülümsünür, analar sevinir, nökər-qulluqçu əl çalır. Bircə, Səyyarənin 11 yaşlı qardaşı Bala bəy əlini toqqasına bağlı kiçik qəməsinə sıxıb durmuşdu. Qaşqabağı yerlə gedir, dişi dodağının çeynəyirdi. Səyyarənin belə atılıb düşməyi kişi qırığının xoşuna gəlməmişdi.
Xristofor ağa uşaqları seyr edə-edə dedi;
– Mustafa bəy, sizin bu qızın yaxşı qabiliyyəti var. Ona alman mürəbbi lazımdı.
– Neyləyəcək alman mürəbbini?
– Alman dili öyrənəcək, çoğrafiya və musiqi öyrənəcək.
– Nəyinə lazımdı… – deyə Mustafa bəy bir anlığa fikrə getdi. Təklif ona cazibəli gəlmişdi. Onsuz da bu qız yaxında oxumağa başlamalıydı. Bir qayda olaraq Gəncəbasar mülkədarlarının qızları evdə təhsil alır, Quran, yazı-pozu, hesab öyrənirdilər. Son vaxtlar dəb düşmüşdü, bəzi zəngin bəylər qızları üçün hətta Tiflisdən mürəbbi gətirirdilər. `Xanlıqdan bir nemes mürəbbisi olsa nə ziyanı olar ki` deyə Mustafa bəy fikrində götür-qoy etdi.
– Dil bilmək yaxşı şeydi. Bizim uşaqlar indi üç dildə danışır. Məktəbdə rus dili dərsi məcburdu. Əlahəzrət İmperator bundan ötrü xəzinədən məktəbimizə pul ayırır. Badendən, Ştutqartdan dəvət etdiyimiz coğrafiya, hesab, musiqi müəllimlərimiz var. Arada sizin uşaqlardan da türkcə öyrənirlər. Sizin bu qız almanca bilsə nə ziyanı olar ki.
– Əlbəttə, ziyanı olmaz. Nə bilim, Xristofor ağa, baxarıq… gərək bildiyim adam ola..
– İstəsəniz, yaxşı bir tövsiyə edərəm. Bizim məktəbin bacarıqlı məzunları var.
– Fikirləşərik. Bir halda ki, uşağın qabiliyyəti var… fikirləşərik.
…Bir müddət sonra, qızıl payızın ətirli günlərindən birində, səhər tezdən, Xristofor ağanın ailəsinə aid fayton Helenendorfdan Alabaşlıya gənc bir fröylen gətirdi. Fayton alaqapının ağzında dayandı. Balaqapıdan içəri iki nəfər – əlində iri taxta çamadan tutmuş faytonçu arxada, fröylen öndə həyətə girdilər. Onun on yeddi – on səkkiz yaşı ancaq olardı, çəhrayıya çalan məsum üzü, gömgöy gözləri, sarı saçları, uzun qaməti, nazik təni, arxayın tavrı vardı. Əyninə boz rəngli düz ətək, ağ ipək yaxalıqlı bluz geyinmiş, başına bəyaz tüllü boz şlyapa qoymuşdu. Özünü təqdim elədi; Fröylen Gilda.
O gündən etibarən Mustafa bəyin evində Səyyarədən başqa böyüklü-kiçikli hər kəs ona `nemes qızı Güldə` dedi. İllər ötdükçə Güldə bu evin əziz üzvünə çevrildi. Çünkü, ev əhli üçün `nemes qızı`nı sevməyə xeyli səbəb vardı; yetimçiliklə böyümüşdü, qərib idi, xoşrəftar idi, yer-yataq bilən idi.
…O günün üstündən illər keçmişdi. Səyyarənin artıq 16 yaşı olmuş, ötən müddətdə alman dilini ana dili kimi öyrənmiş, fröylen Gildanın ona verdiyi bütün bilikləri mənimsəmişdi. Mustafa bəyin Xristofor ağa vasitəsi ilə Almaniyadan gətirdiyi kiçik pianoda çalmağı belə öyrənmişdi. Son vaxtlar fröylen Gilda daha çox Ferens Listin simfonik poemalarını çalırdı. Deyirdi; bu yeni janr Listin kəşfidi, Səyyarə xanım, indi bütün Avropa onu dinləyir.
Səyyarə fröylen Gildanın dərsləri ilə yanaşı molla Bacının Qurandan verdiyi bilikləri də mənimsəmiş, İslam tarixindən bəzi mühüm əhvalatları öyrənmişdi. Üstəlik, qızlar bulağından su içib, sərv kimi qamət atıb, gözəllər gözəli olub durmuşdu. Ala gözləri ceyran gözü kimi süzülmüş, kirpikləri yelpiyə dönmüş, qövsi qaşları, fındıq burnu, ay şəfəqli üzü, al yanaqları, qönçə dodaqları… bir tamaşaya dönmüşdü. Aya deyirdi, sən çıxma, mən çıxacam. Günə deyirdi, sən çıxma, mən çıxacam. Hələ gülüşü… elə bil üzündə güllər açırdı. Sanki bu qız
çıraq kimi işıq saçmaq üçün gəlmişdi dünyaya.
Fröylen Gilda bir dəfə ona baxıb təsirlənmiş, qucaqlayıb üzündən öpmüşdü;
– Səyyarə xanım, sizin gülüşləriniz bu evi əziz etdi mənə.
– Fröylen Gilda, sizi çox istəyirəm, anam kimi…
Fröylen Gilda onu yenidən bağrına basıb doluxsunmuşdu.
Fröylen Gildanın kövrəkliyinin səbəbi vardı. Bu evdə keçirdiyi illər ərzində o da eşqə düşmüş, Səyyarənin Tiflis məzunu olan kişik əmisinə vurulmuş, gənc, yaraşıqlı Müzəffər bəy də `nemes qızına` aşıq olmuş, onunla evlənmək istəmişdi. Məsələ ciddiləşmiş, dirənişlər boy vermiş, axır ki, Müzəffər bəy öz inadı ilə ailənin müqavimətini qıra bilmişdi. Nəhayət, ailə razılığa gəlmiş, Mustafa bəy kiçik qardaşının fikrini Xristofor ağaya bildirmişdi. Xristofor ağa cavab üçün vaxt istəmişdi. Bu arada Yakob Kraus Gilda ilə söhbət etmiş, ona bəzi çətinlikləri izah etməyə çalışmış, lakin qızın gözyaşlarını gördükdən və kəsin qərarını bildikdən sonra, ata-anasını vaxtsız itirmiş, nisgilli böyümüş bu ən bacarıqlı tələbəsinin gözyaşlarına dayana bilməyərək alman kolonistlərinin məsələsinə baxan Xüsusi İdarəyə üz tutmuşdu. İmperator sayarında belə tanınan, diplomatik bacarıqlarına görə bütün Qafqaz almanlarının fəxri elçisinə çevrilən Kraus məsələni təfərrüatı və həsaslığı ilə yüksək dövlət məmuruna anlatmağa çalışmışdı.
– Cənab Kraus, Əlahəzrət İmperator sizi öz cənub torpaqlarına köçürdüyü zaman bu məsələ həllini tapmışdır. Bildiyiniz kimi, almanların yerli əhali ilə nigahı yasaqdır.
– Bilirəm, cənab Sipyaqin.
– O zaman bildiyiniz şeyi niyə yenidən soruşursunuz? Müsəlmanlar qızlarını xristianlara vermir. Xristianlardan qız alanda isə əvvəlcə islamı qəbul etdirirlər. Yəqin sizin məktəbin məzunu bu şərtləri bilir.
– Bəli, bilir. – Yakob Kraus udqundu.
Rəis Krausun bu sözünə bənd imiş kimi əsəbi halda yerindən qalxdı. Yan dolabdan kök bir qovluq gətirib masanın üstünə qoydu. Oturub pensesini taxdı, vərəqlədi, sözünə davam edərək sənədləri gözdən keçirməyə başladı.
– O zaman cavab verin, cənab Kraus, köçürülmə üçün imperator xəzinəsindən ilkin iki-üç il ərzində yalnız Yelenendorf köçkünləri üçün 211min 604 rubl 98 qəpik banknot nəyə gərə sərf edilmişdi? Bilməmiş deyilsiniz, Rusiya torpaqlarına gələn almanlar əsasən yoxsullardan ibarət idi. Onların özlərinə ev tikmək, təsərrüfat qurmaq imkanları bir yana qalsın, hətta qarınlarını belə doyuzdura bilmirdilər. Bundan ötrü Əlahəzrət İmperator hər nəfər üçün xəzinədən günlük yemək xərci 10 gümüş qəpik ayırdı. Yerləşmədən sonra ev tikmək üçün dövlət qoruqlarından 1500 ağac kəsilməsinə izin verdi. Təsərrüfat qurmaq üçün hər ailəyə 500 rubl gümüş pul subsidiya verildi. 20 il keçir, hələ bir alman dövlətdən aldığı krediti qaytarmayıb. Hətta sizin separatistlər dövlət vergilərini verməyəcəklərini həyasızca bəyan etmişlər.
– Biz hələ də danışıqları davam etdiririk, cənab Sipyaqin, separatistlərin bəziləri artıq protestantlığı qəbul edərək birdəfəlik burada qalmaq qərarı veriblər. Digər hissəsi Müqəddəs Torpaqlara köçməkdən bir dəfəlik vaz keçdikdən sonra, çox güman, sözlərini geri götürəcək və vergiləri ödəyəcəklər.
– `Müqəddəs Torpaqlar` – Sipyaqin istehza ilə gülüb sözünə davam etdi – Hər ailəyə 60 desyatin bərəkətli torpaq verildi. Xatırlayırsınızmı?
– Əlbəttə, lakin bildiyiniz kimi sonradan hər ailəyə cəmi 35 desyatin çatdı, cənab Sipyaqin. Xəzinəyə aid bu qədər məhsuldar torpağın tapılmadığını dedilər – Kraus dediklərinə tələsik əlavə etdi – Bütün hallarda, cənab Sipyagin, Əlahəzrət İmperatora biz alman protestantlar ömrümüzü borcluyuq.
– Sualıma cavab vermədiniz. Icazə verin xatırladım. Siz Qafqaza Böyük Rusiyanın müstəmləkə siyasətini genişləndirmək üçün köçürülmüsünüz. Xristianlığı yaymağa, rus dilini cənub sərhədlərimizə kimi çəkib aparmağa, əraziyə yeni mədəniyyət gətirməyə mükəlləf olmuşdunuz.
– Doğrudur, cənab Sipyaqin…
– Əlahəzrət İmperator öz mərhəməti ilə sizi, Napoleon atlarının tapdağından xilas etdi, 30 krallığa və hersoqluğa parçalanmış Almaniyadakı aclıqdan, yoluxucu xəstəliklərdən, sekta savaşlarından qurtarıb bərəkətli torpaqlara yerləşdirdi. Siz isə `Müqəddəs Torpaqlar` deyib durdunuz. Bütün bunlara baxmayaraq, rus dövləti sizə xüsusi imtiyazlar verdi, vergi güzəştləri tətbiq etdi. Məktəb, ibadət evi, hər il yeni müəllimlərin gətirilməsi, qəzet, aptek, kitabxana üçün… dövlət xəzinəsindən vəsait axıdıldı. 20 ilə yaxın vaxt keçir. Nəticəyə bax!
– Doğrudur, cənab Sipyaqin.
– Siz, Yelizavetpol quberniyasında yaşadığınız bu 20 il ərzində məktəbi və apteki olan bir müsəlman kəndi gördünüzmü? Müəlliminin maaşı verilən, ibadət evi dövlət tərəfindən tikilən bir kəndə rast gəlmisinizmi?
– Xeyir, cənab Sipyaqin.
– Xeyir` deyirsiniz, cənab Kraus, amma qiymətləndirə bilmirsiniz. Şotlandiya missionerləri belə sizdən qoçaq çıxdı. Heç olmasa iki nəfəri – sizin dostlarınız Aleksanr Kazım bəyi və Rəşid Əli İsmayılovu – David Diksonu xristian etdilər. Heç olmasa bu qədər. – Siyaqin əsəbiliklə əlini yellədi – Amma bu da mənasızdı, çünki, davamçıları yoxdur. İsveçrə, Edinburq, Bazel missionerləri nə etdilər? Əvvəlcə, bizə müraciət edib Xəzər sahilində xristianlığı yaymaq üçün yardım istədilər. Əlahəzrət İmperatorun mərhəməti ilə bu yardımı etdik. Sizin dostunuz, Derpte (Tartu) Universitetinin fəlsəfə doktoru Zarembaya Dərbənddə fəaliyyət üçün izin verdik. Onlar nə etdilər? Rusiya torpaqlarına öz təriqət savaşlarını gətirdilər.
Yakob Krausun deməyə sözü çox idi. Lakin o, təmkinlə və zahiri bir razılıqla susur, bütün görkəmi ilə Xüsusi İdarə rəisinin çox haqlı olduğunu ifadə etməyə çalışırdı. Sipyaqin isə münasibətinin kəskinliyi ilə bundan sonra törəyəcək bu kimi məsələləri birdəfəlik bitirmək istəyirdi.
– Sizlərdən fərqli olaraq, Osetiyada yerləşən missionerlər on ildə altmış minə yaxın əhalini xaç suyuna salıblar. Onların arasında xevsurlar, tuşinlər, inquşlar, abxazlar, ləzgilər var. Bəs siz nə etdiniz, – Sipyaqin istehza ilə dedi – möhtərəm Vürtenbürq kolonistləri? 20 ilə yaxın bir vaxt keçir. Yerli əhalidən hələ bir nəfəri belə xristian edə bilməmisiniz. Indi isə xristian olan birini müsəlman etmək üçün izin istəyirsiniz. Təəssüfləndiricidir, cənab Kraus. Belə çıxır ki, Əlahəzrət İmperator bir protestantı fəlakətlərdən qurtarıb öz torpaqlarına köçürəcək, onun yolu, günlük yeməyi, evi üçün xərc çəkəcək, ona torpaq verəcək, məktəb tikəcək, oxudacaq, bütün bunlar üçün xəzinədən pul xərcləyəcək, o da rus dövlətinin hesabına adam olduqdan sonra islamı qəbul edəcək və dünyaya çoxlu-çoxlu müsəlman uşağı gətirəcək.
Yakob Kraus Xüsusi İdarə rəisinin ittihamları qarşısında ağır-ağır susur, bununla yanaşı həmsöhbətinin fikirlərini yenə başı ilə təsdiq edirdi.
– Cənab Kraus, nəyə görə müraciət etdiyinizi anlaya bilirsinizmi?
– Əlbəttə, bu müraciət mənim səhvimdi, cənab Sipyagin. Sadəcə gənclərin bir-birinə olan böyük sevgisi və gözyaşları mənə bəzi şeyləri unutdurdu.
– Siz çox mühüm şeyləri unutmusunuz, cənab Kraus.
…Yakob Kraus Tiflisdən Helenendorfa faytonla dönərkən yolboyu dilinə gətirə bilmədiyi sözlərin əzabını yaşamışdı. O, cənab Sipyaginə deyə bilməmişdi ki, biz buraya müvəqqəti gəlmişdik, biz Qafqaz yolunu bir müddət burada məskunlaşmaq və sonra Şərqə getmək üçün seçmişdik, biz Yerusəlimə, Müqəddəs Torpaqlara yerləşməliydik. Bunu İmperator Birinci Aleksandra acıq demiş, ondan razılıq almışdıq. Yolumuzu davam etmək istədikdə isə anlaşmanı siz pozdunuz, Birinci Nikolay qarşımıza atlı kazaklarla çıxdı. Həbslər başladı. Bizi bu bəladan Böyük Knyaginya Yelena Pavlovna qurtarmasaydı axırımıza çıxacaqdınız. Sizin etdikləriniz bizim üçün deyildi, öz siyasətiniz üçün idi. Lakin bütün bunlar məsuliyyətini bilən bir elçinin deyəcəyi sözlər deyildi.
Yakob Kraus düşünürdü ki, belə məqamda susmaqdan başqa çarə yoxdu, gör nə qədər soydaşının taleyi onun sözlərindən asılı qala bilərdi. Düzdür, Vürtenberq prinsesinin kölgəsi hər zaman üzərlərindədir, lakin xəbər ona yetənə qədər çox kəllələr gedə bilər. Kraus yaxşı bilirdi, Qafqaz idarəetməsinin məmurları əslində alman kolonistlərə təriqət düşməni kimi baxırlar, sadəcə, yüksək himayə ilə hesablaşır, dövlət siyasətini icra edirdilər.
…Rus hökumətinin belə bir izdivaca izin verməməsi haqqında cəmi bir kəliməlik xəbər Xristofor ağanı və Mustafa bəyi məyus etmiş, gənclərin isə qəlbini parçalamışdı. Müzəffər bəy Güldənin bu evi tərk etməməsi üçün baş götürüb buralardan getmək qərarı vermişdi. Taleyindən küsüb Kiyevə, təhsilini davam etdirməyə yollanmışdı. Bu evin əziz Güldəsi üzüntü içində qalmış, o da Müzəffər bəy təhsil alıb qayıdana kimi Səyyarəni tərk etməmək qərarına gəlmişdi. Zərnigar xanım Güldənin bu qərarından təsirlənmiş;
– Sən nə etibarlısan, ay nemes qızı. – deyə onu bağrına basmışdı.
Səyyarə xanım fröylen Gilda ilə birlikdə nökər-qulluqçu və atlı mühafizlərin müşayiəti ilə ildə bir-iki dəfə Helenendorfa gedib gəlirdi. Mustafa bəyin Xristifor ağa ilə kəsdiyi şərtə bu səfərlər də daxil idi. Fröylen Gilda cənab Forerin qızlarına musiqi dərsi verən bacısı fröylen Heleni ziyarət etməliydi. Sonradan isə bacılar belə anlaşdılar ki, bir dəfə Gilda Səyyarə ilə Helenendorfa gedir, o biri dəfə bacısı Helen Forer bacıları Anna və Fridanı alıb Alabaşlıya gəlir. Bacılar bunu öz aralarında, qızlar üçün maraqlı olsun deyə razılaşmışdılar. Həqiqətən, maraqlı olurdu, ayda-ildə bir Forer qızlarının Alabaşlıya gəlməsi Mustafa bəyin malikanəsində toy-bayrama çevrilirdi. Üç balaca şıltaq qız, iki dayə bacı bir yerdə oyun çıxarır, çalır, oxuyur, məzhəkə göstərirdilər. Gülüşlər, nəğmələr, rəqslər evi başına götürürdü. Zərnigar xanımın qohum əqrəbası qızların hoqqabazlığına tamaşa etmək tökülüşüb bəy evinə qonaq gəlirdilər. Mustafa bəyin Gəncə bəylərinin evlərində gəlin olan qızları da bu tamaşaları qaçırmır, ata evinə müsafirliyi həmin vaxta salırdılar.
Son gəlişində Helen xəbər gətirdi, dörd həftədən sonra Ferens List Helendorfda olacaq. O bacısına deyirdi;
– Bilirsənmi, bizim möhtərəm müəllimimiz cənab Yakob Kraus Ferens Listin atası Adam Listin müəllimi olub. O, xəbər tutub ki, maarifləndirici musiqi missiyası ilə Avropa səyahətinə çıxan Ferens List indi Rusiyadadır. Kraus Listə məktub göndərib, onu Helenendorfa dəvət edib. O da razılıq verib. Listin səfərinin yüksək himayəsini isə Böyük Knyaginya Yelena Pavlovna – bizim Vürtenberq prensesimiz öz üzərinə götürüb.
– Ola bilməz!
– Olub, Gilda. Artıq olub. Bu barədə hətta “Stuttgarter Zeitung” yazıb.
– Doğrudanmı? Özün oxudunmu?
– Əlbəttə, özüm oxudum. Qəzetin son nömrələri sənə də gətirmişəm.
– … Helendorfda…konsert verəcək… İnanılmaz bir şey…
– Konsert ibadət evində olacaq. Cənab Forer deyir ki, ibadət evinin yerində Lüteran Kirxası ucaltmaq üçün Qafqazın bütün şultsları bir yerdə Böyük Knyaginyaya rica məktubu göndəriblər. O, bu xahişi imperator həzrətlərinə çatdıracaq. İmperator Birinci Nikolay Yelena Pavlovnaya `ailəmizin düşünən beyni` deyir və heç zaman onun sözünü yerə salmır.
– `Ailəmizin düşünən beyni`… nə gözəl deyilib.
– Gözəl olan bu adı almaqdı, Gilda. Bu adı Prenses öz ağlı ilə alıb.
– Doğrudur. O bizim müqəddəs anamızdır. Hə, sən Listdən danışırdın.
– Bəli. Cənab Forer deyir ki, qoy bu yerin yaddaşında böyük hadisələr qalsın. Qoy tarix desin ki, Helenendorfun Lüteran kilsəsinin yerində List konsert vermişdir.
– Aman Allah, demək, List Helenendorfa gəlir, heç inana bilmirəm.
Səyyarə Müzəffər bəy əhvalatından sonra nadirən rast gəldiyi fröylen Gildanın sevinc dolu gözlərinə baxır və bu həyəcanlı söhbəti maraqla dinləyirdi.
– Gilda, deyirlər, List sarsıntı içindədir.
– Niyə?
– Qrafinya Mari d`Aqu onu tərk edib. Üç uşağını da alıb aparıb və bir daha geri dönməyəcəyini bəyan edib. Hətta deyirlər, artıq başqa birinə nişanlanıb. Bu, qrafinyanın köhnə dostlarından biri imiş. Bunu da qəzetlər yazır.
– Ah, bədbəxt List.
– Gilda, danışırlar ki, bu faciə Listi elə sarsıdıb ki, ifasının sehiri birə beş artıb. Indi Avropada krallar belə onu ayaqüstə alqışlayır. Dinləyəni həyacana salır, ona qulaq asan hər kəsin gözünə İkinci Zühur görünür. Bəziləri isə tamam başqa şey deyir… Deyirlər, Paqanini kimi onun da başı üzərində ifa zamanı şeytan görünür. Bunu öz gözləri ilə görənlər olub.
– Helen, bəlkə o, həqiqətən şeytanla əlbirdir. Əgər insan gücü çatan işdən artıq iş görürsə, mütləq, onu şeytan idarə edir.
Səyyarə bütün Avropanın heyran qaldığı, şeytanın idarə etdiyi, tərk edilmiş maestro haqda düşünürdü. Kralların ayaqüstə alqışladığı bədbəxt adam… həm də şeytan misallı… bu, necə ola bilər. Avropada hər kəsi həyacana salan bu adam – fröylen Gildanın son vaxtlar tez-tez piano dilləri ilə dilləndirdiyi bu adam Gəncəbasara gələcək…
– Gilda, cənab Forerin malikanəsində aləm biri-birinə dəyib. Böyük çaxnaşma var. Hər kəs Ferens Listi qarşılamağa hazırlaşır. Frau Marta özünə və qızlarına yeni paltarlar sifariş edib.
– Demək, krallar üçün çalan List Helenendorfda çalacaq. Bu uzaq diyarda. Bizim üçün. İnana bilmirəm. O necə razılıq verib bu qədər məsafəni qət etməyə?
– Bəlkə də List cənab Yakob Krausa etiraz edərdi… – Helen mənalı tərzdə sözünü yarımçıq saxladı.
– Sən nə demək istəyirsən?
– Əlbəttə, mən böyük müəllimimiz cənab Kraus haqda dolaşan bu alçaq şayiəyə inanmıram., lakin pis dillər and-aman edir ki, List təzəlikcə Yakob Kraus kimi “Birlik” Frankfurt masson lojasına daxil olub. Guya xahişi yerə salsaymış masson qardaşlığı bu etinasızlığı təqdir etməzmiş.
– Demək bu səfərin səbəb var. Amma doğrudanmı Ferens List masson lojasının üzvüdür?
– Bu barədə heç nə bilmirəm. Bir onu bilirəm ki, cənab Forer, cənab Hummel, cənab Simens və demək olar ki, bütün şultslar möhtərəm müəllimimiz Yakob Krausun rəhbərliyi ilə böyük təntənəyə hazırlaşırlar. Möhtəşəm bir proqram tutulub. Gilda, deyirlər o çox yaraşıqlıdı. 29 yaşına yenicə girib. Qrafinyanın tərk etməsi onu sarsıtsa da Avropada çoxlarını sevindirib. Buna mən də sevinirəm, Gilda. Qəzet yazır ki, onu Böyük Knyaginya Yelena Pavlovna öz Mixaylovski sarayında dinləyib və Helenendorfdan dönən kimi Qış Sarayında Birinci Nikolaya təqdim edəcək.
– Eləmi…
Bacıların söhbətində Səyyarə üçün aydın olmayan xeyli kəlimə vardı. O söhbətin nədən getdiyini tam anlamırdı. Səyyarə yalnız üç uşaqlı qrafinyanın tərk etdiyi, Avropanı həyəcanlandıran bu ifaçını düşünürdü. Həmin gün Helenendorfda olmaq, onu dinləmək istəyirdi.
– Fröylen Gilda, biz də Ferens Listi dinləməyə gedəcəyikmi?
-Əlbəttə, Səyyarə xanım. Bu, nadir bir fürsətdir, əldən buraxmaq ağılsızlıq olar.
…Nəhayət, List Helenendorfda idi. Maestro böyük həyəcanla qarşılandı. Kolonistlərin bütün şultsları və əczaçıları – Qotlib Kox, İohanes Vuhrer, Qurr, Rozendorf, Ştrazer, Altqauzen kimi təmsilçiləri – öz ailələri ilə qarşılanmada iştirak edirdilər.
İlk günlər yalnız tanışlığa həsr edilmişdi. Ferens Listi Hummelin, Forerin və digər alman mülkədarların yüksək səliqə-sahmanlı üzüm bağlarını, dəyirmanlarını, xarrat və dəmirçi dükanlarını, meyvə-su, pivə zavodlarını, çaxır və konyak zavodlarını, anbarlarını gəzdirirdilər. Gil, ağ daş və yumurta ağı ilə tikilmiş, sahəsi 3 min kvadratmetr, yerin təkində olan anbarlar daima 13-15 dərəcə, qışda isə 10 dərəcə istilikdə olurdu. Mühəndislər maestroya palıd ağacından hazırlanmış çəlləkləri, dəmir, çınqıl və yumurta ağından düzələn nəhəng çənləri göstərirdilər. Bu çənlərdə şərabı necə yetişdirdiklərindən danışır, qablara necə süzüldüyünü nümayiş etdirirdilər.
Onlar anbarın tən ortasında durmuşdular.
Adam Kraus önünə gətirilən sinidən bir qədəh alıb Ferens Listə təqdim etdi.
– Cənab List, öncə bu qədəhdən dadın. Bu şərabın 15 yaşı var. Helenendorf məktəbi ilə yaşıddır.
– Məktəblə yaşıd şərab. Çox musiqili səslənir. – deyə List güldü.
Zirzəmidə olan beş altı nəfər də ona qoşuldu. Bu gülüş divarlara dəyib əks-səda verdi. Ferens List çoxalan, dalğalanan bu səsləri Helenendorf məktəbi ilə yaşıd şərabla bir yerdə yavaş-yavaş və məmnun-məmnun içinə çəkirdi.
– Proqramda uşaq xoru gördüm. Bəlkə onları burada dinləyək. Sizin şərab anbarında yaxşı akustika var…
– Bu, maestronun bildiyi işdir və arzuladığı kimi olacaq. Bizim bildiyimiz odur ki, hər həftə bu anbarda kükürd yandırırıq. Bu, zirzəmidəki həşəratları və havadakı mikrobları məhv edir. Yaxşı çaxır həşəratsız və mikrobsuz məkanda yetişməlidir. – deyən cənad Forer onu da əlavə etdi ki – musiqi üçün də həşəratsız və mikrobsuz məkana ehtiyac olduğunu heç eşitməmişdim.
Yenə ucadan gülüşdülər.
– Cənab Forer, görürsünüz, Avropadan uzaq düşməyin yaxşı cəhətləri də varmış. Ən azı Paris musiqi aləminin həşəratlarından və mikroblarından xəbərsiz olursan.
Ferens List bütün bu gördüklərinə heyranlıqla tamaşa edir, mədəni dünyadan uzaq olan bu ucqarda soydaşlarının yaratdığı sivilizasiya barədə Avropadakı dostlarına söhbət açacağını deyirdi.
Yakob Kraus Listin bu fikrini alqışladı və əlavə etdi;
– Cənab List, gördüklərinizi, lütfən, Vürtenberq Prensesinə – bizim xilaskar anamıza da danışın. Deyin, soydaşları onun adını daşıyan Helenendorfda mədəni mühit yaratmaq və bu mühiti Rusiyanın cənub sərhədlərində möhkəmləndirmək üçün əllərindən gələni əsirgəmirlər.
– Əlbəttə, cənab Kraus. Əminəm, Vürtenberq Prinsesi mənim Qafqaz təəssüratlarımı maraqla dinləyəcək.
….Günorta idi. İcma məktəblərinin müəllimləri, tələbələri, valideynlər və bütün tamaşaçılar ibadət evinin həyətinə toplaşmışdı. Divar dibində sıralanıb intizarla Listi gözləyən gözəl geyimli xanımlar arasında Səyyarə də vardı.
Budur Ferens List göründü. O, inanılmaz yaraşıqlı idi. Arxayın bir təbəssümlə həyəcanlanmış tamaşaçılara baxdı, nəzakətli və ədalı bir təzim etdi. Sonra royalın arxasına keçdi.
…Səyyarə xanım fröylen Gildaya sığınıb Ferens Listi dinləyirdi. Hər kəs nəfəsini çəkmədən dinləyir, maestronun yüksək ifasını sürəkli alqışlarla, xoş sədalarla qarşılayırdı. Səyyarə çınqırını belə çıxarmırdı. Heyrət və heyranlıq içində donmuşdu. Bu ecazkar ifa, öz ifaçısı ilə birlikdə qəlbini alıb aparmışdı. Gözlərini xəyal kimi nazik tənli, uzun boylu, qara geyimli, saçları çiyinlərinə tökülmüş, qalın qaşları iri gözlərini sıxışdırmış bu adama, onun gah quş kimi çırpınan, gah da halsız düşən əllərinə dikilmişdi.
Bu arada xidmətçisi Mustafa bəyin xanım qızına ayaqüstə qalmamaq üçün kətil gətirmiş, ara-ara üç dəfə `kiçik xanım, əyləşin` demiş, lakin Səyyarənin ruhu belə onu duymamışdı.
…Səyyarə xanım və fröylen Gilda faytonla Alabaşlıya dönürdülər.
-Fröylen Gilda, bu, möcüzə idi…
– Bəli, Səyyarə xanım. Həm də bu möcüzəni görmək böyük səadət idi.
– Krallar onu ayaqüstə alqışlayır… mən də kral olsaydım onu yalnız ayaqüstə alqışlayardım.
– Siz də onu ayaqüstə dinlədiniz, Səyyarə xanım.
– Eləmi? Ayaq üstdə idimmi?
Səyyarə yolboyu bir daha danışmadı. Gilda da susurdu. Onların hər biri öz Ferensini öz qəlbində dinləyirdi.
…Səhəri gün həmyerliləri yüksək qonaq üçün ceyran ovu təşkil etmişdilər. Ferens o qədər də ov həvəskarı deyildi, lakin bu təklifdən imtina edə bilmədi. Helenendorfun görkəmli sakinləri və möhtərəm qonaq, atlı-arabalı, xidmətçilər və bir sürü ov iti ilə birlikdə Annenfeldə ova yollandılar. List əvvəlcə könülsüz olsa da yola çıxandan bəri çox məmnun idi. Maraqlı insanların məclisi, həmfikirlər, gözəl təbiət, təmiz hava, qalın meşəlik, hər addımda rast gəlinən bulaqlar, qıjıltıyla axan arxlar ona hər şeyi unutdurmuş… ürəyini açmışdı. Ov da uğurlu keçirdi. Ovçuların kefi kəllə-çarxda idi. Zarafatlaşır, biri-birinə sataşır, ucadan qəhqəhə çəkir, özlərini öyürdülər.
Lakin… bu uğurlu ovun axırı dilxorçuluqla başa çatdı.
Ferens nişan alıb kolluğa atdığı güllənin canlı hədəfə dəydiyini hiss etdi. Bunu ovçu yoldaşları da duydular. Kolluğa tərəf irəliləyərək;
– Cənab List, deyəsən güllə hədəfə dəydi. Özünüzü yetirin. Birinci görməkdə uğur var.
– Birinci mən görüm.
Ferens kolluğu aralayıb qarşı tərəfə boylandı. Yerində donub qaldı. Onsuz da solğun üzü sapsarı saraldı, qolları yanına düşdü. Tüfəngi taqətsiz açılan əlindən sürüşdü. Ovçular məsələni anlamaq üçün irəli atıldılar.
Kolluğun arxasındakı çəmənliyə yaralı bir ceyran çökmüşdü. Sinəsindən qan şorlanan ceyran çarəsizçə çırpınır, dizini yerə basıb ayağa qalxmağa çalışırdı. Lakin… əbəs. Ferens gözlərini, yerə çökməkdə olan ceyranın gözyaşı süzülən ala gözlərinə dikib lal-dinməz durmuşdu… Ceyranın qarnında balası vardı.
List bu mənzərədən sarsıldı.
… Artıq Ferensin gözünə heç nə görünmür, heç nə eşitmir, dinib danışmır, baxışlarını məchullardan ayırmırdı. O, həm də qorxmuşdu, qəlbində izahedilməz bir təşviş oyanmışdı. Düşünürdü, bu, bir əlamətdi, böyük fəlakətdən xəbər verən əlamət. Həyatı ehtiyaclardan ibarət olan, zənginlərə xidmətdən usanmış, sənətə atdığı ilk addımdan Paris mentorlarının düşmən kəsildiyi, sevdiyi qadının belə tərk etdiyi List şeytanın onu izlədiyinə, ən uzaq diyarlarda belə onu rahat buraxmadığına onsuz da əmin idi. Bu da əminliyinin əlaməti – qarnında balası olan ceyranı vurdu. Demək, onu yaxşı heç nə gözləmir.
Cənab Forer ovu təşkil etdiyinə bərk peşman olmuşdu. Lakin peşmançılıqdan keçmişdi. O da balalı ceyran əhvalatını pis xəbər sayır, təlaşlanır, lakin Listi özünə gətirmək, fikrini yayındırmaq istəyirdi.
Bu dilxorçuluqdan sonra ovu davam etdirmək mənasız idi. Xristofor ağa Mustafa bəyə artıq onlara sarı yol almağın vaxtı gəldiyini dedi. Şults, Alabaşlıya, dostu Mustafa bəy gilə gedəcəklərini söyləsə də List öz aləmində idi, qəlbi sızıldayırdı, etirazsız və təqdirsiz idi, sadəcə deyiləni edirdi. Ürəyində isə onu gözləyən yeni fəlakət haqqında düşünür, təşvişi və həyacanı get-gedə artır, ceyranın yaş süzən gözləri gözü önündən çəkilmirdi.
…Ovçular, Alabaşlı mülkədarı Mustafa bəyin malikanəsinə yetişdilər. Bəy evinin darvazaları taybatay açılmış, qonaqları qarşılamağa xeyli adam çıxmışdı.
Atlılar, furqonlu arabalar, coşmuş ov tulalarını zəbt etməyə çalışan xidmətçilər hay-küylə geniş həyətə doluşdular. Nökərlər atların üzəngini basaraq sayqı ilə ağaları atdan endirib eyvana sarı yönəldirdilər.
Ferens List sanki bir qədər özünə gəlmişdi. Düşdüyü bu mühit diqqətini çəkmiş, onu yenidən canlandırmışdı. O, ətrafda gördüyü hər şeyə böyük maraqla baxırdı.
Ev sahibi qonaqları layiqincə qarşılamaq üçün böyük tədarük görmüş, manqallar qalanmış, şişlər çəkilmiş, təndirlər salınmış, qazanlar asılmış… təm-təraqlı məclis qurulmuşdu. Xoş qoxular bir-birinə qarışmışdı. Xidmətçilər vurnuxur, ortalıqda şadyana bir həyəcan çağlayırdı.
Həqiqətən, Mustafa bəyin evində olmazın bir təlaş vardı. Ağadan nökərə, xanımdan qulluqçuya, qohumdan qonşuya hər kəs bilirdi ki, bu qonaq hər gələn qonağa bənzəməz. Bu, padşahların alqışladığı bir əlahəzrətdi. Uzaq Avropadan gəlmişdir. Rus imperatoru Birinci Nikolayın qardaşı arvadının himayəsində olan bir zatdır. Ona görə hər kəs əldən ayaqdan getmiş, boynuna düşəni etmək üçün özünü həlak etmişdi.
Zərnigar xanım əlini belinə qoyub pilləkanın başında durmuş, xidmətçilərə əmr verirdi. Süfrənin bəzəyinə-düzəyinə nəzarət etməyi `nemes qızına` tapşırmışdı. Hətta Mustafa bəyin qızı, kiçik xanım, səs-küyü, cikkiltisi ilə aləmi başına götürən Səyyarə belə süfrə bəzəməyə həvəslə kömək etmişdi. Əslində, Səyyarənin məqsədi kömək zad deyildi, qonağı görmək üçün bəhanə idi.
…Fröylen Gilda əziz müəllimi cənab Krausu və cənab Foreri salamlamaq üçün onlara tərəf üz tutdu. Yaxınlaşıb yüngülcə dizlərini bükdü və başı ilə təzim etdi. Ferens List də onlarla idi. Yakob Kraus qısa bir səlam-kəlamdan sonra Gildanı maestroya təqdim etdi;
- Cənab List, fröylen Gilda bizim məktəbin məzunudu. Artıq bir neçə ildi o, Mustafa bəyin evində yaşayır, kiçik xanımın mürəbbisidir.
Gilda bu sözlərdən sonra başı ilə maestroya təzim etdi. List eyni hərəkətlə ona cavab verdi. Yakob Kraus isə davam edirdi;
– Fröylen Gilda və bacısı fröylen Helen bizim məktəbin əlaçılarındandı. Indi bizim məzunlardan 12 nəfər Yelizavetpol mülkədarlarının evlərində mürəbbilik edir. Onlar yerlilərin yeni nəslinə Avropa mədəniyyəti və musiqisi öyrədirlər. Bu, bizim missiyamızın mühüm istiqamətlərindən biridir, cənab List.
– Həqiqətən, bu, çox mühüm işdir, cənab Kraus.
– Cənab List – fröylen Gilda söhbətə qoşuldu – biz bacımla çox erkən yaşlarında valideynlərimizi itirdik. Köçdüyümüz ilk illərdə Helenendorfda yoluxucu xəstəliklər tüğyan etmiş, atamız vəbadan ölmüşdü. Sibir xorası yayılanda isə anamızı apardı. Bacımla mən demək olar ki, valideynlərimizi xatırlamırıq. Bizi Cənab Kraus himayəsinə aldı. Helenendorfda bizim kimi valideynsiz uşaq çox idi. Indi də çoxdu. Möhtərəm müəllimimiz heç kəsi diqqətdən kənarda qoymur. O, öz missiyasını şərəflə davam etdirməkdədir. Mən onunla fəxr edirəm. Sizi bu uzaq məmləkətdə dinləyə bildiyimiz üçün də ona və sizə minnətdaram.
List Gildanı dinləyir, arada cənab Krausa nəzər salaraq məmnuniyyətlə başını tərpədirdi.
…Başları söhbətə qarışmış bu adamları diqqətdən qoymayan Səyyarə hürkək addımlarla və tərəddüd içində mürəbbisinə yaxınlaşmaqda idi.
Fröylen Gilda qolunda təmas hiss edib geri çevrildi, Səyyarənin əlindən tutub maestroya təqdim etdi;
– Tanış olun, Cənab List, bu da tələbəm, Səyyarə xanım. O almanca danışır və sizin əsərlərinizi çalır. Helenendorfda sizi birlikdə dinlədik.
Səyyarə bir addım önə keçib Gilda ilə yanaşı durdu. Ferens Səyyarə ilə göz-gözə gəldi. Bu baxışdan Ferensin cismindən ildırım sürətli titrəmə keçdi. Səyyarənin gözləri Ferens Listə az əvvəl qəza ilə vurduğu ceyranın gözlərini xatırlatdı. Bayaqkı o məşum mənzərə, sinəsi qan daman yaralı ceyran, gözü yaş süzən balalı ceyran bir daha Ferensin gözləri önündə canlandı. Listin gözləri qaraldı… yenicə avazımış sarsıntını bir daha yaşadı…
…Bütün təkidlərə və təriflərə baxmayaraq maestro o gecə lətif ceyran ətinin dadına baxmadı. Dilinə heç nə vurmadı. Məclisin sonunda isə titrətmə-qızdırma içində huşunu itirdi.
Ferensi tələm-tələsik yorğan-döşəyə uzatdılar. Gecəni sübhə kimi Səyyarə və Gilda onun başı üzərindən çəkilmədilər, od tutub yanan alnına sirkə-dəsmal qoydular.
List huşsuz halda sayıqlayır, boğulur, çarəsiz vəziyyətdə Səyyarənin zərif əllərinə sarılırdı. Ferens hər dəfə gözü yumulu Səyyarənin əllərini axtarırkən, küncdə, xalça üzərində oturub gözünü bir an da olsa xəstədən ayırmayan Məşədi Bala bəy yerindən atılıb xəncərinin soyuq qəbzəsindən yapışırdı.
Səhərə yaxın hər şey keçib getdi. Ferens toxtadı, nəfəsi açıldı və uşaq kimi dərin bir yuxuya daldı. O, yuxudan çox gec oyandı. Gün günorta olmuşdu. Pəncərədən düşən günəş şüaları gözlərini qamaşdırmış, yuxusunu qaçırmışdı. Həyətdən, pəncərənin altından qırt toyuğun qaqqıltısı eşidilirdi. Qonaq otağından isə cingiltili bir qəhqəhə səsi gəlirdi.
Ferens dikəlib yerində oturdu. Bir qədər dinlədikdən sonra qalxıb qonaq otağına boylandı. Yavaşca pərdəni araladı. Səyyarə otağın ortasında tamaşa göstərir, gecəboyu qızdırmadan sayıqlayan Listi yamsılayırdı. Arada qaraçı mahnıları oxuyur, Karolinanı çağırır, qraf Sen-Krikə lənətlər yağdırırdı. Hətta qısqanclıqla bacısını qoruyan, Ferensin Səyyarənin əllərinə uzanan əllərini gördükcə qəzəblənərək əlini xəncərinə atan Məşədi Bala bəyin özünü də məsxərəyə qoyurdu.
Otaqda xeyli adam vardı. Hər kəs qəh-qəhə çəkib gülürdü. Gilda da bir tərəfdə durub Səyyarəni alqışlayır, tamaşanı ilhamlandırmaq qəsdi ilə replikalar atır, `bravo` deyirdi.
Qonaq otağına daxil olan List gördüyü səhnədən pərt oldu. Onun qəfil gəlişini görənlər də duruxdular. Səyyarə isə gülməyinə davam edir, uğunub gedirdi. List, bir an sonra dayana bilməyib özü də bu gülüşməyə qoşuldu.
…Helenendorf şultsları Mustafa bəyin malikanəsini sübh tezdən tərk etmiş, Listin arxasınca fayton göndərəcəklərini demişdilər. Fröylen Gilda Ferens Listin tək müşayiətçisi olaraq qalmışdı. O, məmnuniyyətlə, maestroya bələdçilik edir, həyət-bacanı, gülbaxçanı gəzdirir, bir an belə tək buraxmırdı. Səyyarə isə mürəbbisindən əl çəkmirdi. Məşədi Bala bəy də bacısını gözdn qoymur, hər şeyi diqqətlə izləyir, `nə deyir` deyə hər sözü bacısına tərcümə etdirirdi. Səyyarə isə bəzi söhbətlərin üstündən keçir, qardaşına tamam başqa şeylər deyirdi.
Ferens yerli adət-ənənələrlə bağlı xeyli suallar vermiş və bir əcnəbinin yerli bir gözələ aşıq olarsa onu buralardan alıb aparmaq üçün necə davranacağı barədə yarızarafat, yarıgerçək suallar yağdırmışdı. Səyyarə də, Fröylen Gilda da gedişatın hara vardığını artıq yaxşı bilirdilər.
…List Səyyarənin kiçik pianosunda çalmaq istədiyini bildirəndə gənc xanımlar maestronun bu istəyinə hədsiz sevindilər. Bu, misilsiz fürsət oldu.
…Günortadan keçməmiş xidmətçi xəbər gətirdi; cənab Listi Helenendorfa aparacaq fayton qapıda gözləyir.
Ayrılıq zamanı çatmışdı. Ferens həycanlı idi. Əmin idi, Səyyarə onun xilaskar mələyidi, onunla olarsa bütün acılarını unudacaq, bütün çətinliklərini aşacaq, qəm-qüssəsi belə sevincə çevriləcəkdi. Onu artıq həyatının qadını, gələcəyi, səadəti kimi görürdü. Qətiyyən əl çəkəcək, fikrindən daşınacaq deyildi. Nəyin bahasına olursa olsun, bütün maneələri aşacaqdı. O, bu günə qədər qarşısına çıxan çox maneələri aşmışdı. Bunu da aşacaqdı.
Ferens bütün qəlbi, varlığı ilə aşiq idi və qərarlı idi.
Vidalaşma anı gəldi. List on yeddi yaşından bəri barmağında gəzdirdiyi üzüyü Səyyarəyə verdi. Üzüyün üstündə “usanmadan gözləyəcəyəm” sözləri nəqş edilmişdi.
List özlüyündə qəti qərara gəlmişdi, o, ən tez zamanda Səyyarənin arxasıyca Yelizavetpola qayıdacaqdı. O, sözünü Səyyarəyə demiş və ondan `usanmadan gözləyəcəyəm` cavabını almışdı.
…Ferens List faytona oturub Alabaşlıdan uzaqlaşırdı. Səadət içində idi, sevgi dolu bir qəlblə gedirdi. Səyyarənin vida anında dolmuş ceyran gözlərini də xəyalında aparırdı.
Bir gün sonra Xristofor Forer və Yakob Kraus Ferens Listin ən tez zamanda Yelizavetpola – Mustafa bəyin qızı Səyyarənin dalıyca qayıdacağını öz qulaqları ilə eşitmişdilər. Kraus xəbəri çox təmkinlə dinləmiş, bu işin çətinliklərindən bir-iki kəlmə söz etmiş, kilsənin və rus hökumətinin məsələyə münasibəti barədə düşünməyin, İslamı qəbul edərsə Avropa musiqi çevrəsindəki perspektivlərini müzakirə etməyin zəruri olduğunu, sanki yerigəlmişkən qeyd etmişdi. Əslində isə Kraus eşitdiklərindən dərin təşvişə düşmüşdü.
Ferens List Yakob Krausun dediklərinə qətiyyən məhəl qoymadı. Belə əngəllər onun iradəsinə hökm edə bilməzdi. O, Səyyarəyə görə, antixristin meydan suladığı lənətlənmiş Avropanı belə bir dəfəlik tərk edə bilər, elə bu an hər şeyi atıb, Səyyarəni alıb, Müqəddəs Torpaqlara üz tuta bilərdi.
…Helenendorf səfəri sona yetdi. List Sank-Peterburqa yollandı. Onunla yanaşı bir məktub da gedirdi. Bəlkə də bir neçə ünvana eyni məzmunda bir məktub. Həmin məktublardan birini Yakob Kraus Böyük Knyaginya Yelena Pavlovnaya yazırdı; o, burada yerli mülkədarın qızına aşıq oldu. Evlənmək üçün tez bir zamanda Yelizavetpola geri dönəcək- deyir. Belə bir nigahın yeganə şərti İslamı qəbul etməkdi…
…Vürtenberq Prensesi məktubu oxuyub masaya qoydu. Dərin fikrə getdi. O, öz soydaşlarının həyatını yüngülləşdirmək üçün əlindən gələni edirdi. Onların bütün çətinliklərindən, yollardakı fəlakətlərindən, yoluxucu xəstəliklərə tutulmaqlarından, iqlim fərqinə görə doğulan uşaqların yarıbayarı tələf olmasından, Müqəddəs Torpaqlara yollanmaq istərkən atlı kazakların tapdağı altına salınmaqlarından, yerli məmurların imperatora hesabatlarından – alman kolonistlərin cənub sərhədlərində xristianlığı yaymaq işini doğrultmamaqlarından və xəzinədən çəkilən xərclərin boşa getdiyindən qalaq-qalaq hesabatlar gəldiyindən xəbərdar idi. Indi isə…. Belə bir hadisə baş verərsə… dillərə düşərsə… soydaşlarının aqibəti necə olar… kilsə buna nə deyər, onun protestanlıqdan çıxıb provaslav təriqətini qəbul etməsini fürsət düşdükcə şübhə altına alan düşmənləri bu fürsətdən onun əleyhinə yaxşıca istifadə edərlər. Bundan sonra sarayda onun səsi bir daha eşidilərmi…
…Bütün hallarda qarşıda bir konsert vardı, Peterburq Musiqi Konservatoriyasının himayəçisi Böyük Knyaginya Yelena Pavlovnanın razılaşdırdığı konsert. Birinci Nikolay ailəsi və yaxın əshabələri ilə birlikdə, Qış Sarayında Ferens Listi dinləyəcəkdi.
…List artıq Sank-Peterburqda idi. Uzun və üzücü yol boyu bir an belə Səyyarəni unuda bilməmişdi. O, Rusiyada planlaşdırılmış işləri bitirib təcili Avropaya dönməli, oradakı işlərini sahmana salıb yenidən Qafqaza – Səyarənin dalıyca qayıtmalı idi. Çox tələsirdi. Itirəcək bir anı belə yox idi. Lakin nə qədər təşviş içində olsa belə qəlbi sevgi dolu idi. Mutlu və umudlu idi. Səbirsizliklə konsert gününü, bundan sonra Mixaylovski Sarayda Vürtenberq Prensesinin təşkil edəcəyi gecəni gözləyirdi. Onun Böyük Knyaginyaya təşəkkür borcu vardı. Hər şeyə görə təşəkkür, xüsusilə, Səyyarəyə rast gəldiyinə görə, həyatında ilk dəfə qəlbinin səsini eşitdiyinə görə… prinsesə dərin bir minnətdarlıq duyğusu vardı. Bu yüksək duyğunu onunla mütləq bölüşəcək, ona olan ithafını səsləndirəcəkdi.
…Qış Sarayının Mərmər Salonuna imperator ailəsi və idarəetmənin zirvəsi toplanmışdı.
Avropanın `Yeni Mosartı` Ferens List İmperator Birinci Nikolaya və yaxın əshabələrinə konsert verirdi. O, bütün Avropanı salon-salon dolaşan, misilsiz simfonik poemalarını ifa edirdi. Maestronun gözləri qapalı idi, xəyalları Qış Sarayından çox-çox uzaqlarda dolaşırdı. Səyyarənin ay kimi şəfəq saçan üzünə, gülüşlərinə, ceyran gözlərinə tamaşa edirdi. Əslində, Ferens yalnız o gözlər üçün çalırdı. O, bəxtiyar anları təkrar yaşayırdı. Musiqi bütün məsafələri aradan almış, onu sevgilisinə aparmışdı.
Bu anda maestronun aləmində sanki şimşəklər çaxmağa başladıdı, xəyal dünyasına yad səslər soxuldu. O, sanki yuxudan ayıldı. Gözlərini açdı. Səs salondan, lap yaxından gəlirdi. Və ara vermədən davam edirdi. Maestro özü belə hiss etmədən əllərini royalın dillərindən çəkdi. Gözlərini bir nöqtəyə zilləyərək ətrafı dinlədi. Uca səslə danışıq davam edir, ona toparlanmağa imkan vermirdi. Artıq harada qaldığını, hətta nə çaldığını belə xatırlamırdı.
Ferens ağır-ağır üzünü çevirib salona – səs gələn tərəfə baxdı. Salonun mərkəzində, dəbdəbəli taxtda oturmuş Birinci Nikolay öz yavəri ilə danışırdı. Həmin anda salonda olan bütün tamaşaçılar gah səhnədə ifasını yarımçıq kəsmiş Listə, gah da söhbətini davam etdirən Birinci Nikolaya baxırdı. Imperator musiqinin susduğunu görüb söhbətinə ara verdi, üzünü maestroya tutdu;
- Niyə çalmırsınız, cənab List?- deyə Birici Nikolay sual etdi.
- Rus çarı danışırsa hər kəs susmalıdı, Əlahəzrət. – deyə List cavab verdi.
- Sizin ekipaj sizi gözləyir, cənab List. – Qış Sarayının Mərmər Salonunda rus imperatorunun soyuq və ağır səsi yüksəldi.
Salondan vahiməli bir uğultu keçdi.
List kübar bir təmkinlə royalın arxasından qalxdı, çaxnaşmış salona təzim edib yerini tərk etdi.
Çox keçmədən Listin qaldığı mehmanxana otağına polismeyster daxil oldu və ali qərarı maestroya təqdim etdi: Ferens List altı saat ərzində Sank-Peterburqu tərk etməli və bir daha Rusiya torpaqlarına ayaq basmamalıdır.
… İllər keçir… Mustafa bəy gözəl qızını nə qədər dilə tutsa da Səyyarə heç kimə ərə getmir. O, atasının çarəsiz təkidləri altında inadla susur, dolmuş ceyran gözlərini barmağındakı üzüyə zilləyirdi; `usanmadan gözləyəcəyəm`.
18.12.16
Bu kədərli məhəbbət əhvalatından 200 ilə yaxın bir vaxt keçir.