Əlaqə vasitələri

Hacıbaba Əzimov: Azərbaycan Respublikası Prezident Administrasiyasının “Qanunvericilik və hüquqi ekspertiza məsələləri şöbəsi”nin müdiri cənab Şahin Əliyevə

                                 Hörmətli cənab Ş.Əliyev!

      Bu məktubu səbrlə axıradək diqqətlə oxuyub düzgün nəticə çıxarmağınızı məsləhət bilirəm. Etiraf etməliyəm ki, indiyədək Sizi mövcud kleptokratik hakimiyyətdə yer alan çox azsaylı vicdanlı, yüksək ixtisaslı məmurlardan  biri kimi qəbul etdiyimə görə Sizə həmişə qəlbən hörmət bəsləmişəm. Ona görə də keçən uzun illər ərzində bir neçə dəfə aidiyyəti üzrə bəzi məsələlərin ədalətli həllinə yardımçı olmağınız üçün Sizə müraciət etməli olmuşam. Ancaq və lakin…Sizdən heç bir cavab almamışam. Təsadüfən, yəqin ki, Allahın lütfi olaraq ”Kaspi” qəzetinin 13 noyabr 2015-ci il tarixli sayında ANS TV-də 2011-ci ilin oktyabrında çəkilən və bu il noyabrın 12-də yenidən efirə çıxarılan bir verilişdə mənim dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulu ilə bağlı səsləndirdiyim fikirlər barəsində Sizin xidməti otağınızda jurnalistə verdiyiniz müsahibənizi oxuduqdan sonra bəzi mətləblər, Sizin keçmiş xidmətlərimə və şəxsimə münasibətiniz mənə əsasən aydın oldu. Buna görə də həm Sizə, həm də jurnalistə təşəkkür edirəm. Ona görə ki, həmin müsahibədə  Siz 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının hazırlanması və qəbul edilməsi ilə bağlı öz qəlbinizdə gəzdirdiyiniz əsassız iddiaları açıq şəkildə bəyan etmisiniz. Belə açıq danışdığınıza görə də sağ olun! Lakin mən də açıq şəkildə bildirirəm ki, Sizin müsahibədə irəli sürdüyünüz fikirlərinizin çoxu həqiqətdən uzaq və uydurma mülahizələrdən ibarətdir. Siz öz müsahibənizdə Konstitusiya Aktının hazırlanmasında iştirakınızı həddindən ziyadə şişirtmiş, mənim rolumu və xidmətlərimi isə insafsızcasına inkar etmiş, həm də tarixi faktları inanılmaz dərəcədə saxtalaşdırmısınız.

   

  1. Müsahibədə yol verilmiş uydyrmalar və saxta mülahizələr əsasən aşağıdakılardan ibarətdir:

     1.1. “Müstəqillik haqqında Konstitusiya Aktının hazırlanması təşəbbüsü ilə çıxış    etdim. Çox qısa müddətdə də akt layihəsi hazırlandı”.

      1.2. “…heç bir düzəliş və dəyişiklik edilmədən deputatlara paylanmış Konstitusiya Aktı layihəsinə səs verildi, layihə qəbul edildi”.

       1.3. “Həmin layihə Prezident tərəfindən imzalandıqdan sonra mətbuatda dərc olundu. Layihə mətbuatda işıq üzü görən gün Ali Sovetdə “tufan” qopdu. Deputatların…səsləndirdikləri təkliflərin 90 faizi mahiyyət etibarı ilə siyasi şüarlardan ibarət idi və aktın mətni ilə ziddiyyət təşkil edirdi”.

      1.4. “Bundan sonra Ali Sovet mənim fəaliyyətimi araşdırmaq üçün xüsusi komissiya yaratdı. Həmin komissiyanın sədri də Hacıbaba Əzimov oldu. Hiss edirdim ki, komissiyanın sədri Hacıbaba Əzimovun məruzəsi obyektiv olmayacaq… Hacıbaba Əzimov 13 noyabr sessiyasında ünvanıma ittihamlarla dolu nitq səsləndirdi”

       1.5. Ali Sovetin 13 noyabr 1991-ci il tarixli sessiyasında bildirmişəm ki, “müstəqillik haqqında akt layihəsini mən özüm yazmışam başdan ayağa qədər. Onun müəllifi mənəm”. “Hacıbaba Əzimov və bəzi deputatlar hesab edirdilər ki, mən öz səlahiyyətlərimi aşmışam, onların təkliflərini nəzərə almamışam… Bu təkliflərin hüquqa heç bir aidiyyəti yox idi”.

  1. Yuxarıda irəli sürülən iddialar tarixi faktlara büsbütün ziddir. Belə ki:

      2.1. Əvvələn, Sizin Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının layihəsinin hazırlanması təşəbbüsüylə çıxış etdiyinizlə və bu barədə Ali Sovetin sədri E.Qafarovayla danışdığınızla razılaşsaq belə bu işin məhz Sizin istəyinizlə baş tutması haqda iddianızın heç bir əsası yoxdur və ola da bilməz. Belə ki, hələ 1991-ci il martın 7-də Ali Sovetdə SSRİ-nin saxlanması ilə bağlı Azərbaycanda referendum keçirilməsi əleyhinə, başqa sözlə Azərbaycanın müstəqilliyinə 43 nəfər deputat səs vermişdi. Həmin deputatlar (bunların əksəriyyəti mənim də daxil olduğum “Müstəqil Azərbaycan Deputat Bloku”nun (Demblokun) üzvləri idi) ardıcıl olaraq Azərbaycanın müstəqilliyinin elan edilməsi və bununla bağlı  müvafiq qanunvericilik aktı qəbul edilməsi haqqında tələblər irəli sürürdülər. Hətta Ali Sovetin 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında Bəyannamə qəbul etməsinə baxmayaraq, istiqlalçı deputatalar bu bəyannamənin deklorativ xarakter daşıdığını əsas tutaraq (bunu Siz də etiraf edirsiniz) ölkənin dövlət müstəqilliyinə təminat verən maddələrin yer aldığı yeni, mükəmməl Konstitisiya Qanunu qəbul edilməsini tələb edirdilər.  Məhz bu tələblər qarşısında və o zaman böyük vüsət almış xalq hərəkatının təzyiqi altında respublika rəhbərliyi dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının lahihəsinin hazırlanması üçün tapşırıq verməyə məcbur olmuşdu. Odur ki,  o zaman məhz Sizin təşəbbüsünüzlə Ali Sovetin sədri E.Qafarovanın Konstitusiya Aktının hazırlanması üşün tapşırıq verməsi haqqında iddianız  qeyri-ciddi və həqiqətdən uzaq bir mülahizədir.

      2.2.  İkincisi, Siz müsahibədə bildirirsiniz ki, qısa müddət ərzində Konstitusiya Aktının layihəsini hazırlamısız və həm də iddia edirsiz ki, Ali Sovetdə “…heç bir düzəliş və dəyişiklik edilmədən deputatlara paylanmış Konstitusiya Aktı layihəsinə səs verildi, layihə qəbul edildi”. Ali Sovetin katibliyində Konstitusiya Aktının ilkin layihəsinin hazırlanması zəhmətinin əsasən Sizin üzərinizə düşdüyü fikri ilə razılaşa bilsəm də, xatırlatmalıyam ki, dəfələrlə mətbuatda bu işdə katibliyin digər əməkdaşlarının, xüsusən deputatlardan Ziyad Səmədzadə, Tofiq Qasımov və Vahid Əhmədovun  əməyinin də olduğu iddiaları səsləndirilmiş,  T.Qasımov isə ilkin layihəni Sizin iştirakınızla yazdığı haqqında açıqlamalar vermişdir. Lakin əsas hal odur ki, Sizin bildiyiniz kimi, katiblikdə hazırlanmış və müzakirəyə təqdim olunmuş Konstitusuya Aktının ilkin layihəsi Ali Sovetdə deputatlar, xüsusən Demblok üzvləri, o cümlədən özünü həmin layihənin müəllifi kimi qələmə verən T.Qasımov tərəfindən sərt tənqidlə qarşılanmış və rədd edilmişdi. Məhz buna görə də Ali Sovetin sessiyası Aktın layihəsinin təkmilləşdirilməsi və ona zəruri əlavə və dəyişikliklər edilməsi üçün xüsusi deputat komissiyası yaradılması haqqında qərar qəbul etdi. Bəli, cənab Ş.Əliyev, Ali Sovet Konstitusiya Aktının layihəsi ilə bağlı Sizin iddia etdiyiniz kimi, bir dəfə deyil, iki dəfə deputat komissiyası yaradılması haqqında qərar qəbul etmişdir. Siz Aktın layihəsinin yenidən işlənilməsi üçün seçilmiş birinci komissiyanın fəaliyyəti üzərindən qəsdən sükutla keçirsiniz. Çünki, həmin komissiyanın sədri mən olmuşam.

      2.3. Üçüncüsü, Siz müsahibənizdə belə bir saxta iddiada da olmusunuz ki, güya Sizin hazırladığınız Konstitusiya Aktı layihəsi heç bir düzəliş və dəyişiklik edilmədən qəbul edildikdən, Prezident tərəfindən imzalandıqdan sonra mətbuatda dərc edilmişdir və etiraf edirsiniz ki, həmin layihə mətbuatda işıq üzü görən gün Ali Sovetdə “tufan” qopmuşdur. Bu “tufan”ın əsil səbəbini isə göstərməkdən yayınırsınız. Belə qələmə verməyə çalışırsınız ki, güya bu “tufan”lı etiraz deputatların səsləndirdikləri təkliflərin Sizin tərəfinizdən Aktın layihəsində nəzərə alınmaması üzündən Sizə qarşı olmuşdur. Sonra isə özünüzə haqq qazandırmaq üçün  iddia edirsiniz ki, güya  deputatların səsləndirdikləri “təkliflərin 90 faizi mahiyyət etibarı ilə siyasi şüarlardan ibarət idi və və aktın mətni ilə ziddiyyət təşkil edirdi”.

       2.4. Dördüncüsü, Sizin – “Ali Sovet mənim fəaliyyətimi araşdırmaq üçün xüsusi komissiya yaratdı. Həmin komissiyanın sədri də Hacıbaba Əzimov oldu. Hiss edirdim ki, komissiyanın sədri Hacıbaba Əzimovun məruzəsi obyektiv olmayacaq”, “Hacıbaba Əzimov 13 noyabr sessiyasında ünvanıma ittihamlarla dolu nitq səsləndirdi” – kimi fikirləriniz Sizə yaraşmayan, görünməmiş ağ yalan və uydurmalardır. Çünki, nə Ali Sovet şəxsən Sizin fəaliyyətinizi araşdırmaq üçün xüsusi komissiya yaratmayıb, nə  Hacıbaba Əzimov haçansa şəxsən Sizə qarşı ittihamlar söyləməyib, nə də onun Sizə qarşı qeyri-obyektiv, qərəzli münasibətini təsdiq edə biləcək hər hansı hal baş verməyibdir.

       2.5. Beşincisi,  Sizin – “Ali Sovetin 13 noyabr 1991-ci il tarixli sessiyasında bildirmişəm ki, müstəqillik haqqında akt layihəsini mən özüm yazmışam, başdan ayağa qədər. Onun müəllifi mənəm” , “deputatların təkliflərinin hüquqa heç bir aidiyyəti yox idi” – kimi sözləriniz də həqiqətə uyğun olmayan, absurd iddialar olmaqla bərabər həm də Konstitusiya Aktının son, əsas layihəsinin hazırlanmasını, müzakirəsini və qəbul edilməsini  gerçəkləşdirən əsas şəxs olaraq mənə və bütövlükdə deputatlar korpusuna qarşı hədsiz haqsızlıq və hörmətsizlikdir.

  1. Müsahibədə yer alan mülahizə və iddiaların tamamilə əsassız və yalan olduğunu aşağıdakı hallar, təkzibedilməz tarixi faktlar və dəlillər açıq-aydın sübut edir:

       3.1. Əvvələn, Konstitusiya Aktının layihəsi ilə bağlı Siz heç zaman deputatlar qarşısında çıxış etməmisiniz və buna Sizin vəzifə səlahiyyətiniz də imkan verməyibdir. Siz Ali Sovetin köməkçi-xidmətçi qurumu olan katibliyin əməkdaşı – şöbələrdən birinin müdirinin müavini kimi ancaq hər hansı qanun layihəsinin ilkin qaralama variantının hazırlanmasında iştirak edə bilərdiniz və belə də olmuşdur. Sizin hər hansı qanunvericilik aktının hətta ilkin layihəsini belə Ali Sovetin sessiya iclasına təqdim etmək, qanunvericilik təşəbbüsü ilə şıxış etmək, təklif vermək, deputatların təkliflərinə münasibət bildirmək, qəbul və ya rədd etmək səlahiyyətiniz olmadığına, Konstitusiya Aktının hətta ilkin layihəsinin belə müzakirəsində iştirak etmədiyinizə görə deputatlar təkliflərlə şəxsən Sizə müraciət etməyib və edə də bilməzdi. Odur ki, “90 faizi mahiyyət etibarı ilə siyasi şüarlardan ibarət və aktın mətni ilə ziddiyyət təşkil edən” deputat təkliflərinin  Sizin tərəfinizdən Konstitusiya Aktının layihəsində nəzərə alınmadığına görə Ali Sovetin iclasında Sizə qarşı “tufan” qopması haqqında iddianız da tamamilə yalandır. Dediyiniz səbəbdən Ali Sovetdə Sizə qarşı etiraz “tufan”ı qopmayıb. Lakin “tufan”  həqiqətən baş verib, özü də dövləti cinayət hadisəsinə görə. Ancaq deputatların etiraz “tufan”ı mənim sayəmdə şəxsən Sizə qarşı deyil, Ali Sovetdə qəbul olunmuş Konstitusiya Aktının mətninin sonradan dəyişdirilərək təhrif olunması və saxtalaşdırılması ilə bağlı olmuşdur. Bu məsələdən bir qədər sonra…

       3.2. Xatırladıram ki, Konstitusiya Aktının ilkin layihəsi Ali Sovet tərəfindən rədd edildikdən sonra deputatların iradlarını, irəli sürdikləri təklifləri dəyərləndirmək, ona zəruri əlavə və dəyişikliklər etmək üçün mən də daxil olmaqla deputat komissiyası seçilmişdi. Ancaq komissiyanın sədri müəyyən edilməmişdi. Bir gün sonra Ali Sovetin Sədrinin birinci müavini Ziyad Səmədzadə mənimlə görüşüb bildirdi ki, Ali  Sovetin Rəyasət Heyəti həmin komissiyaya mənim sədrlik etməyim haqqında qərar qəbul etmişdir. Eyni zamanda o, rəhbərliyin bəzi şərtlərini də mənə çatdırdı. Dedi ki, bu Aktın layihəsində mitinqlərdə və parlamentin iclaslarında səsləndirilən bəzi fikirlər, tələblər, o cümlədən 1920-ci ildə Azərbaycanın Rusiya qoşunları tərəfindən işğal olunması, Sovet İmperiyasının ölkəni müstəmləkəyə çevirməsi, xalqı əsarətdə saxlaması, ölkənin təbii sərvətlərini talaması və sair bu kimi antisovet müddəalar yer almamalıdır. Mən bu şərtləri qətiyyətlə rədd etdim və bildirdim ki, əgər komissiyaya mən rəhbərlik edəcəyəmsə, onda dediyiniz məqamları və müddəaları, mitinqlərdə səslənən tələbləri Aktın layihəsində əks etdirəcəyəm, elə yazacağam ki, daha bu məsələlər barəsində mitinqlərdə, Ali Sovetin iclaslarında danışmağa ehtiyac qalmayacaq. Z.Səmədzadə qayıtdı ki, Siz ağıllı adamsınız, tanınmış alim, vəzifə sahibisiniz, inanmıram ki, belə hərəkət edəcəksiniz. Mən isə dedim: elə ağıllı olduğuma görə də söylədiyim kimi yazacağam, əks halda komissiyaya sədrlikdən imtina edirəm, gedin özünüzə başqa sədr axtarın. O, mənim bu qəti sözümdən narazı qalsa da, “Sizin sədr olmağınız haqda qərar verilib, onu dəyişdirə bilmərik” – dedi və sağollaşıb getdi.

      3.3. Göstərməliyəm ki, Aktın yeni layihəsinin hazırlanması məqsədilə yaradılmış deputat komissiyasının sədri seçilməyim heç də təsadüfi olmamışdır. Belə ki, o zaman mən Pedaqoji Universitetin siyasi tarix kafedrasının müdiri, tarix elmləri doktoru, professor, istiqlalçı “43-lər”dən, ən fəal deputatlardan biri olaraq cəmiyyətdə və deputatlar arasında böyük nüfuza malik idim. Bunu Siz də yaxşı bilirsiniz. Odur ki, üzərimə düşən bu ağır, lakin şərəfli vəzifəni ləyaqətlə icra etmək üçün uzun illər ərzində siyasi elmlər üzrə əldə etdiyim təcrübədən faydalanaraq və müzakirələrdə verilmiş təklifləri diqqətlə saf-çürük edərək Konstitusiya Aktının preambula (giriş) hissəsini, ölkəmizin dövlət müstəqilliyinə təminat verən bir sıra yeni maddə və müddəaları yazmış, ilkin layihədə əksini tapan bəzi müddəaların üzərində əlavə iş aparmış, onları təkmilləşdirmiş və Aktın layihəsinə daxil etmişəm. Bundan başqa o zaman gənc hüquqşünas Fuad Ağayev qəbuluma gəlib və deputat Etibar Məmmədovla birlikdə hazırladıqları layihəni mənə göstərib. Həmin layihədən iki maddəni bəyənmişəm və Konstitusiya Aktının layihəsinə əlavə etmişəm. Beləliklə də Siz yox, cənab Ş.Əliyev, məhz mən E.Məmmədov və F.Ağayevin 32 maddədən ibarət Konstitusiya Aktının iki maddəsinin müəllifliyinin səbəbkarı olmuşam. Aktın yeni layihəsinin hazırlanması gedişində Sizinlə də əlaqə saxlamış və əsasən mülkiyyətin formaları, vətəndaşlıq hüququ, sosial-iqtisadi məsələlərə dair verilmiş deputat təklifləri barəsində məsləhətləşmələr aparmışam. Ona görə də sonralar mətbuata verdiyim müsahibələrimdə ədalət prinsipini gözləyərək dəfələrlə Aktın layihəsinin hazırlanmasında Sizin fəal iştirak etdiyinizi göstərmişəm .

      3.4. Gərgin əmək nəticəsində hazırlanmış yeni, mükəmməl, Azərbaycanın dövlət müstəqilliyini təsbit və təmin edə biləcək zəruri müddəa və maddələrlə zənginləşdirilmiş Konstitusiya Aktı  layihəsini iki gün, oktyabrın 17 və 18-də Ali Sovetin sessiyasının müzakirəsinə təqdim etmiş, verilmiş sualları, səsləndirilən təklifləri cavablandırmış, onlara münasibət bildirmiş, bəzi təklifləri məqbul, bəzilərini qeyri-məqbul hesab etdiyimi açıq şəkildə bildirmişəm. Parlamentin tribunasından deputatların sual və təkliflərinə, iradlarına sərrast, professional cavablar vermiş, onları layihədə yer alan müddəaların dürüstlüyünə inandıra bilmiş və nəticədə oktyabrın 18-də Ali Sovetin tribunasından oxuduğum (Akt Konstitusiya Qanunu olduğuna görə orada əksini tapmış maddələr bir-bir oxunmalı idi) maddələrin hər biri ayrılıqda müzakirə olunduqdan, bəzi kiçik əlavə və dəyişikliklər edildikdən sonra səsə qoyulmuşdur. Deputatlar bütün maddələrə yekdilliklə (bir-iki maddəyə cəmi 3-5 nəfər səs verməyib) səs vermişlər. Bu iş başa çatdıqdan sonra isə Konstitusiya Aktı bütövlükdə səsə qoyuldu, səsvermədə iştirak edən deputatların hamısı (cəmi 258 nəfər) Konstitusiya Aktının layihəsinə səs verdi. Bu böyük tarixi bir hadisə idi. Dövlət müstəqilliyi elan olunduqdan sonra Konstitusiya Aktı imzalanmaq üçün Respublika Prezidenti cənab A.Mütəllibova təqdim olundu. Ancaq necə ??? Sizi də narahat edən və müxtəlif uydurmalara baş vurmağa vadar edən əsas səbəb bu məsələdir: Ali Sovet tərəfindən qəbul olunmuş Konstitusiya Aktının mətni niyə, neçə, hansı dərəcədə kim (kimlər) tərəfindən saxtalaşdırılaraq, təhrif edilərək imza üçün Respublika Prezidentinə təqdim olunmuş və cənab A.Mütəllibov da təhrif olunmuş, xeyli dərəcədə dəyişdirilmiş, bir sıra mühüm müddəaları mətndən çıxarılmış Aktı imzalamışdır.

      3.5. Yuxarıda xatırlatdığım kimi, Ali Sovetin rəhbərliyi Z.Səmədzadə vasitəsilə Sovet dönəmində tariximizin bir sıra faciəvi hadisələrinin Aktın layihəsində əksini tapmasına maneçilk törətməyə cəhd göstərmişdi. Lakin mən qəti şəkildə buna qarşı çıxmış və həmin tarixi məqamları, o cümlədən 1920-ci ildə Azərbaycanın Rusiya qoşunları tərəfindən işğal edilməsi faktını həm Aktın giriş hissəsində, həm də aidiyyəti üzrə maddələrdə əks etdirmiş və həmin maddələrin yazdığım şəkildə qəbul olunmasına nail olmuşdum. Buna baxmayaraq Aktın mətninin Ail Sovetdə qəbul olunduğu şəkildə imza üçün dövlət başçısına təqdim edilib-edilməyəcəyindən bərk narahatlıq keçirirdim. Ona görə də yəqin ki, xatırlayırsınız, dəfələrlə şəxsən Sizdən, cənab Ş.Əliyev, Prezident A.Mütəllibovun həmin Aktı imzalayıb-imzalamadığını soruşmuşam. Nəhayət, noyabrın 6-da axşamüstü, iş vaxtının qurtardığı bir məqamda Sizinlə görüşdükdə, Siz artıq Konstitusiya Aktının Prezident tərəfindən imzalandığını və sabah rəsmi dövlət qəzetlərində dərc ediləcəyini mənə bildirdiniz. Mən Sizdən Aktın mətnində hər hansı düzəliş və ya dəyişiklik ediləcəyindən narahat olduğumu, Prezidentə imza üçün təqdim edilən mətnin surətinin Sizdə olub-olmadığını soruşdum. Məlum oldu ki, Sizdə həmin mətn vardır və Allahın lütfi bu oldu ki, Siz  həmin mətnlə tanış olmağa mənə imkan yaratdınız. Buna görə də Sizdən çox razı qaldım və qabaqcadan bildirim ki, bu hərəkətinizlə də Siz əslində Konstitusiya Aktının əsil mətninin qismən bərpa olunmasına yardımçı oldunuz. Belə ki, mən Aktın Prezident tərəfindən imzalanmış mətninin Sizdə olan surətindən müəyyən etdim ki, burada çoxsaylı təhriflərə, dəyikliklərə yol verilmişdir. Buna görə də mən Sizə bu saxtalaşdırmanın çox ciddi dövləti cinayət əməli olduğunu bildirdim və bu gecə Konstitusiya Aktının əsil mətninin bərpa edildikdən sonra çapa verilməsini tələb etdim. Sağ olun ki, Siz mənimlə razılaşdınız və biz birlikdə belə qərara gəldik ki, telefonla AzərTac-ın Baş Direktoru Azad Şərifova diktə edib Aktın əsil mətnin bərpa edilməsinə nail olaq. Belə də etdik. Mən əlimdə olan əsil mətndəki cümlələri Sizə, Siz isə A.Şərifova diktə etdiniz və beləliklə də bir sıra ciddi maddə və müddəaların bərpa olunmasını təmin etdik. Lakin iş vaxtı qurtardığına, qəzetlərin çapı gecikdiyinə  görə Aktda yol verilmiş bütün təhriflərin, dəyikliklərin düzəldilməsinə vaxt çatmadı.

      3.6. Noyabrın 7-də müstəqillik Aktı rəsmi dövlət qəzetlərində çapdan çıxdı. Noyabrın 8-də isə Ali Sovetin sessiyasında Sizin ifadənizlə desək, “tufan” qopdu. Konstitusiya Aktının mətbuatda dərc edilmiş mətni ilə tanış olan deputatlar, xüsusən Müstəqil Azərbaycan Deputat Blokunun üzvləri Aktın mətnindən bir sıra müddəaların çıxarılması və ya dəyişdirilməsinə kəskin etiraz etdilər, bu halın dövləti cinayət hadisəsi olduğunu, günahkarın (günahkarların) ciddi şəkildə cəzalandırılmasını tələb etdilər (Məsələn, sonralar Daxili İşlər Naziri işləmiş, polkovnik Vaqif  Novruzov belə tələblə çıxış etdi). Həmin iclasda qaldırılan məsələlər və qəbul olunmuş qərarla bağlı Ali Sovetin rəsmi orqanı olan “Həyat” qəzeti 9 noyabr 1991-ci il tarixli sayında yazmışdır: “Sonra Azərbaycan parlamenti təcrübəsində görünməmiş bir məsələyə baxıldı. İş burasındadır ki, kimlərsə parlamentdə qəbul olunan qərarlara (yəni qanunlara – H.Ə.) sonralar düzəliş və əlavələr edirlər, qanunlar dəyişdirilir. Bunu müəyyənləşdirmək və sözün həqiqi mənasında müqəssirləri məsuliyyətə cəlb etmək üçün xüsusi komissiya yaradıldı”. Mən Sizin iddia etdiyiniz kimi, həmin komissiyanın sədri yox, üzvü, xalq deputatı, Ali Sovetin Sədrinin müşaviri Tofiq Bağırov isə sədri seçildi. Komissiya üzvləri müstəqillik Aktının mənim Ali Sovetə təqdim etdiyim və əsasən əlyazması halında olan mətnini və sessiyanın stenoqramını mətbuatda dərc olunmuş mətnlə diqqətlə tutuşduraraq Aktın çapdan çıxmış mətnində həqiqətən də bir sıra ciddi təhriflərə və dəyikliklərə yol verildiyini müəyyən etdilər və komissiya sədri T.Bağırov bu barədə Ali Sovetin 13 noyabr tarixli iclasında məlumat verdi. Həmin iclasda mən də çıxış edərək baş vermiş hadisə barəsində açıqlama verdim. “Həyat” qəzeti mənim Ali Sovetin 13 noyabr tarixli sessiyasında çıxışım barəsində yazmışdır: H.Əzimov “…Ali Sovetin qəbul etdiyi bir sıra sənədlərin mətnlərinin mətbuatda təhrif olunmuş halda dərc edilməsi ilə əlaqədar ötən iclasların birində yaradılmış deputat komissiyasının işi haqqında parlamentə məlumat verdi. Bildirildi (yəni H.Əzimov tərəfindən – H.Ə.) ki, Azərbaycan Respublikasının dövlət istiqlaliyyəti (mətndə belədir – H.Ə.) haqqında Konstitusiya Aktının mətni yoxlanılarkən bu faktlar təsdiq edilmişdir. Məlum olmuşdur ki, düzəlişləri Ali Sovetin aparat işçiləri (seçmə mənimdir-H.Ə.) etmişlər” (bax: “Həyat” qəzeti, 14 noyabr 1991-ci il). Qəzetin bu məlumatından göründüyü kimi, mən öz çıxışımda günahkarların “aparat işçiləri” olduğunu bildirmişəm. “Ali Sovetin aparat işçiləri” sözləri isə o zaman Ali Sovetin Rəyasət Heyətinə daxil olan rəhbər şəxsləri (sədr, sədr müavinləri), onların müşavir və köməkçilərini ehtiva edirdi. Mən də çıxışımda yəqin ki, onları nəzərdə tutduğuma görə  “katibliyin işçiləri” deyil, “aparatın işçiləri” ifadəsini işlətmişəm. Ən əsası isə budur ki, mən çıxışımda günahkar qismində nəinki Sizin, ümumiyyətlə heç kimin adını çəkməmiş, heç kimə qarşı ittihamlar səsləndirməmiş, sadəcə baş vermiş faktı və deputat komissiyasının gəldiyi nəticəni dilə gətirmiş,  Aktın əsil mətninin bərpa olunmasını və mətbuatda dərc edilməsini tələb etmişəm. Mənim və digər çıxış edən deputatların tələblərini nəzərə alaraq Ali Sovetin sessiyası “əvvəllər deputatlar tərəfindən irəli sürülmüş və səsvermə zamanı qəbul edilmiş, lakin mətbuata verilən sənədə (yəni Konstitusiya Aktına – H.Ə.) düşməmiş” müddəaların Konstitusiya Aktının mətnində bərpa olunaraq respublikanın kütləvi informasiya vasitələrində dərc edilməsi haqqında xüsusi qərar qəbul etdi (bax: “Həyat” qəzeti, 14 noyabr 1991-ci il).

     3.7. Göründüyü kimi, Siz, cənab Ş.Əliyev, öz müsahibənizdə “Hacıbaba Əzimov 13 noyabr sessiyasında ünvanıma ittihamlarla dolu nitq səsləndirdi” – deməklə mənə qarşı çox qərəzli mövqe tutmuş və ciddi böhtana yol vermisiniz. Bu və digər oxşar fikirlərinizlə Siz həm də imza üçün Prezidentə göndərilən Aktın mətninin dəyişdirilməsində iştirak etdiyinizi və buna görə də Sizə qarşı “ittihamlarla dolu nitq” səsləndirildiyini, deputatların etiraz “tufan”ı qopduğunu etiraf etmiş olmusunuz və bununla da özünüz özünüzü pis duruma salmısınız. Sizdən fərqli olaraq mən nə o vaxt, nə də sonralar Sizi Aktın mətninin saxtalaşdırılmasında ittiham etməmişəm, bu çox ciddi cinayət hadisəsində Sizin yer aldığınızı dilimə gətirməmişəm, daha doğrusu Sizi ümidverici gənc bir hüquqşünas hesab etdiyimə görə və qorumaq məqsədilə  bu cinayət əməlində iştirakınızı bilə-bilə gizlətmişəm. Halbuki, hələ noyabrın 6-dakı görüşümüzdə Siz Aktın Prezidentə göndərilən mətninin surətini mənə göstərəndə oradakı dəyişikliklərin məhz Sizin tərəfinizdən həyata keçirildiyini başa düşmüşdüm. Çünki, Aktın həmin mətninin surətində Sizin  vizanızın olduğunu görmüşdüm. Bəli, cənab Ş.Əliyev, yəqin ki, “yuxarıların” göstərişi ilə məhz Sizin tərəfinizdən Moskvanı qəzəbləndirə biləcəyi güman edilən, lakin müstəqilliyimiz və cəmiyyətimiz üçün zəruri olan bir sıra müddəalar Aktın mətnindən çıxarılmış və  dəyişdirilmiş, təhrif olunmuş Konstitusiya Aktı Sizin vizanızla imza üçün Prezidentə göndərilmişdir.  Mən bunları müəyyən etdiyimə baxmayaraq, (ilk dəfədir ki, bunu deyirəm) həm yoxlama komissiyasının üzvləri, həm haqqında danışdığınız 13 noyabr tarixli iclasda iştirak edən deputatlar, xüsusən Demblokun üzvləri, aidiyyəti üzrə hüquq mühafizə orqanlarının nümayəndələri təkidlə məndən Konstitusiya Aktının mətnini saxtalaşdıran şəxsin (şəxslərin) kimliyini soruşsalar da, bunu bildiyim halda “bilmirəm” – demişəm və “bizim məqsədimiz Aktın əsil mətninin bərpa olunmasına nail olmaqdır, başqa istəyimiz yoxdur” – deyib adamların “tufan” püskürməsinin qarşısını almağa çalışmışam.

     3.8. Hörmətli cənab Ş.Əliyev, keçən uzun illər ərzində bəhs olunan tarixi hadisələr barəsində müxtəlif  KİV nümayəndələrinə onlarla müsahibələr vermişəm, bəzi müsahibələrimdə Prezident A.Mütəllibovun imzaladığı Konstitusiya Aktının mətnində təhriflərə, dəyişikliklərə yol verildiyi, lakin sonra Ali Sovetin qərarı ilə Aktın əsil mətninin bərpa olunduğu haqqında danışsam da, bu işdə kimin günahkar olmasını göstərməmişəm, başqa sözlə heç yerdə, heç zaman nəinki Sizi ittiham etməmişəm, ümumiyyətlə bu rüsvaçılıqda kimin (kimlərin) iştirakçı olduğunu dilə gətirməmişəm  . Ona görə yox ki, Sizin yüksək dövlət vəzifəsi tutduğunuza görə Sizdən çəkinmişəm, əsla yox. Mən həyatım boyu hansısa mənsəb, vəzifə sahibindən çəkinib həqiqəti deməkdən qaçmamışam. Belə olsaydı, A.Mütəllibovun xahişini nəzərə alıb Ali Sovetin 7 mart 1991-ci il tarixli iclasında SSRİ-nin saxlanması haqqında referendum keçirilməsi əleyhinə çıxış etməz, səs verməzdim, Z.Səmədzadənin yuxarıda göstərdiyim şərtlərini rədd etməzdim və ən əsası o zaman SSRİ rəhbərliyinin, hazırda isə Putin Rusiyasının antiazərbaycan siyasətinə qarşı mübarizə aparmazdım. Bəs o zaman nəyə görə Sizi qorumağa çalışmışam və qorumuşam? Bildiyim budur ki, indiyədək Allah-Təalanın hökmü ilə Sizə qəlbən rəğbətim və hörmətim olub və Sizin həyatınızın korlanmasını istəməmişəm.  Bəli, cənab Ş.Əliyev, əgər o zaman mən Aktın mətninin Sizin tərəfinizdən dəyişdirilməsini Ali Sovetin sessiyasında bəyan etsəydim, Sizə qarşı ittihamlarla dolu nitq söyləsəydim, Siz çox bərk cəzalandırıla bilərdiniz və ən azı tutduğunuz vəzifədən kənarlaşdırılar, gələcək vəzifə perspektivindən məhrum olardınız. Cənab A.Mütəllibov isə bəhs olunan rüsvayçılıqdan qısa müddət sonra, 1991-ci il dekabrın axırında cəsarət edib Sizi Prezident Aparatında Qanunvericilik və hüquq ekspertizası şöbəsinin müdiri kimi yüksək dövlət vəzifəsinə təyin edə bilməzdi. Bu yüksək postu tutduğunuza görə də Siz ömrünüz boyu həm də mənə minnətdar olmalısınız. Lakin görünür ki, Siz başqa cür düşünürsünüz. Zənnimcə, zaman Sizi də dəyişmişdir. Görünən budur ki, indi Siz böyük əksəriyyəti Azərbaycanı çapıb talayan, azğınlaşmış kriminal elementlərdən ibarət olan  məmur korpusunun təsiri altında yaxın keçmişdə baş vermiş tarixi həqiqətləri təhrif olunmuş şəkildə təqdim edirsiniz. Sizin açıqlamalarınızdan belə başa düşülür ki, yaxın tariximizin, milli müstəqil dövlətimizin qurucusu, ilhamvericisi elə Sizin təmsil olunduğunuz indiki məmur zümrəsi omuşdur və başqa heç kim bu Vətən, bu dövlət üçün heç bir iş görməyib, heç bir xidmət göstərməyib…

     3.9. Siz, cənab Ş.Əliyev, Ali Sovetin 13 noyabr 1991-ci il tarixli iclasında qəbul olunmuş Konstitusiya Aktının sonradan  saxtalaşdırılması ilə bağlı müzakirələrin gedişində çıxış edərək Aktın layihəsini hazırladığınızı, onun müəllifi olduğunuzu söylədiyinizi bildirirsiniz. Siz həqiqətən də təxminən belə bir  iddia ilə çıxış etmisiniz. Ancaq yuxarıda göstərilən hallar və faktlar sübut edir ki, Sizin bu iddianız da tamamilə əsassızdır. Bunu mən elə həmin iclasda da Sizin haqsız çıxışınızdan dərhal sonra söz alıb bildirmişəm. Həmin çıxışımda mən Ali Sovetin katibliyində hazırlanmış layihənin deputatlar tərəfindən rədd edilməsindən sonra orada bir sıra ciddi dəyişikliklər və əlavələr edildiyini və buna görə də Sizin bu iddianızın həqiqətə uyğun olmadığını göstərmişəm. İndi isə aydın olur ki, Siz o zaman göstərilən iddia ilə çıxış etməklə qanunsuz hərəkətlərinizi ört-basdır etmək və  deputatları düzgün qərar qəbul etməkdən yayındırmaq məqsədi güdmüsünüz. Çunki, Siz bir hüquqşünas kimi bilirsiniz (bilməlisiniz) ki, deputat statusunuz olmaya-olmaya hər hansı qanun müddəası barəsində qanunvericilik təşəbbüsü ilə çıxış etmək və ya hər hansı qanunun layihəsini hazırlayıb müzakirəyə təqdim etmək, hər hansı hüquq normasının, qanun maddəsinin səsə qoyulmasında  səsvermə hüququ ilə iştirak etmək hüququnuz olmayıb. Belə olduğu halda, Siz Konstitusiya Aktının layihəsinin müəllifi olduğunuzu necə iddia edə bilərsiniz? Əgər belə iddia irəli sürməkdə haqlı olsaydınız, onda özünüzü sonralar əsasən Sizin rəhbərlik etdiyiniz şöbədə hazırlanmış Konstitusiyanın və çoxsaylı digər qanunvericilik aktlarının da müəllifi hesab etməliydiniz. Ancaq göstərilən səbəbdən belə iddiada deyilsiniz və ola da bilməzsiniz. Odur ki, Siz özünüzü deyil, digərləri də Sizi deyil, Konstitusiyanı hazırlayan komissiyanın sədri və qanunvericilik təşəbbüsü  ilə çıxış etmək hüququ olduğuna görə mərhum H.Əliyevi ölkənin Əsas Qanununun yaradıcısı, müəllifi adlandırırsınız. Belə olduğu halda, onda təbii ki, Siz ədalətlilik prinsipinə əməl edərək mənim də Konstitusiya Aktını hazırlayan deputat komissiyasının sədri olaraq Aktın son və əsas mətninin layihəsinin hazırlanıb qəbul edilməsindəki rolumu, xidmətimi etiraf etməli və müəlliflik haqqımı tanımalısınız.

     3.10. Yuxarıda göstərilən hallar və faktlar sübut edir ki, Konstitusiya Aktının mətninin hazırlanmasında əsas iş mənim üzərimə düşmüşdür. Deputat korpusunun təklifləri və tövsiyyələri də məhz mənim tərəfimdən saf-çürük edilmiş və mətnin yazılmasında müəyyən dərəcədə nəzərə alınmışdır. Aktın son layihəsinin hazırlanması mərhələsində isə apardığım məsləhətləşmələrdə Siz həqiqətən bir hüquqşünas kimi fəal iştirak etmisiniz. Lakin tarixi dərslər və dünyanın sivil ölkələrinin təcrübəsi öyrədir ki, hər bir kollektiv işin, əsərin, parlamentdə hazırlanıb qəbul edilən qanunun və ya tarixi sənədin əsas müəllifi və müəllifləri olur. Bu baxımdan ABŞ Konqresi tərəfindən qəbul olunmuş 4 iyul 1776-cı il tarixli İstiqlal Bəyannaməsinin müəllifliyinin necə müəyyən edilməsi məsələsi çox ibrətamizdir. Belə ki, İstiqlal Bəyannaməsi Konqresin 5 nəfər konqresmendən (A.Adams, B.Franklin, T.Cefferson, R.Livinqston və R.Şerman) ibarət seçdiyi komissiya tərəfindən hazırlanmışdır. Lakin həmin komissiyanın rəhbəri olduğuna, bir sıra mühüm müddəaları şəxsən yazdığına və Bəyannamənin Konqresə təqdimatını həyata keçirdiyinə görə ABŞ-da məhz Tomas Ceffersonu bu tarixi sənədin əsas müəllifi kimi qəbul ediblər. Başqa sivil ölkələrdə də tarixi sənədlərin müəllifliyi məsələsinə oxşar yanaşma tərzi tətbiq edilir. Bütün dünya da belə yanaşma tərzini qəbul edir. Bu beynəlxalq təcrübədən yanaşsaq (belə də olmalıdır), Konstitusiya Aktını hazırlayan komissiyanın sədri olduğuma, sənədin son layihəsinin giriş hissəsini, dövlət müstəqilliyini şərtləndirən və ona təminat verən bir sıra əsas müddəa və maddələri yazdığıma, Aktın layihəsinin təqdimatını həyata keçirdiyimə və Ali Sovet tərəfidən yekdilliklə qəbul edilməsinə nail olduğuma görə heç şübhəsiz ki, mən də bu tarixi sənədin əsas müəllifi sayılmalıyam. Bu həqiqəti Ali Sovetin 17 və 18 oktyabr 1991-ci il tarixli iclaslarının canlı yayımından çəkilmiş video görüntülərindən (bu video çəkilişi mənim şəxsi arxivimdə də vardır) və 18 oktyabr 1991-ci il tarixli iclasının rəsmi dövlət qəzetində dərc olunmuş stenoqramından (bax: “Həyat” qəzeti, 23 və 24 oktyabr 1991-ci il) da açıq-aydın görmək olar. Bunu haqq-ədalət, vicdan və iman sahibi olan hər kəs bilir, etiraf edir və etməlidir.

  1. İstiqlalçı deputatlara qarşı repressiyalar və onun ağır nəticələri

     4.1. Yuxarıda göstərilənlərə söz ardı olaraq belə bir həqiqəti də xatırlatmalıyam ki, dünyanın bütün sivil ölkələrində, hətta postsovet  respublikalarında dövlət müstəqilliyinin əldə edilməsində xidmətləri olan deputatlar iftixarla “siqnatorlar” adlandırılaraq ən yüksək dövlət təltiflərinə və sosial imtiyazlara layiq görülüblər. Lakin keçən uzun illər ərzində Rusiyanın və digər xarici ölkələrin kəşfiyyat şəbəkəsinə xidmət göstərən antimilli qruplaşma mövcud hakimiyyətdə mühüm dövlət vəzifələrini ələ keçirərək Azərbaycanda dövlət müstəqilliyinin əldə edilməsində və daimi fəaliyyət göstərən ilk parlamentin – Milli Məclisin təşkili və fəaliyyətində görkəmli xidmətləri olan istiqlalçı deputatlara (siqnatorlara), o cümlədən mənə qarşı amansız repressiyalar həyata keçirir, maddi-mənəvi təzyiqlər və “məxməri terror” tətbiq edirlər. Son dərəcə acınacaqlıdır ki, ilk Milli Məclisin hazırda pensiya yaşına çatmış (cəmi 20 nəfər) deputatlarından tən yarısı, o cümlədən Ədalət Rəhimli, Mürşüd Məmmədli, Xanlar Məmmədov, Telman Əliyev uzun illər ərzində işsiz saxlanıldıqlarına, həm də halal deputat pensiyalarını almaqdan məhrum edilərək ağır maddi-mənəvi-ruhi sarsıntılara, “məxməri terrora” məruz qoyulduqlarına görə vaxtsız vəfat etmişlər.

     4.2. Rüsiyanın Azərbaycandakı “beşinci kalon”unun əsas fiqurlarından biri də Milli Məclisin Aparatının rəhbəri Səfa Mirzəyevdir O, tutduğu vəzifədən sui-istifadə edərək və səlahiyyətlərini aşaraq  dəfələrlə mətbuatda ilk Milli Məclisin varlığını, onun deputatlarının statusunu və xidmətlərini, onların sabiq deputatlar üçün müəyyən olunmuş güzəştli pensiya almaq hüququnu inkar edən açıqlamalar vermişdir. Onun idarəçiliyində olan Milli Məclisin saytının (bax: meclis.gov.az) “Milli Məclisin tarixi” səhifəsində 1991-1995-ci illəri əhatə edən dövr boş buraxılmışdır. Saytda həmin dövrdə Milli Məclisin, ümumiyyətlə qanunvericilik hakimiyyət orqanının varlığı əks etdirilmir və belə təqdim olunur ki, güya Milli məclisin tarixi 1995-ci ildən başlayır. S.Mirzəyev və onun mənsub olduğu antimilli qruplaşma istiqlalçı deputatların dövlət müstəqilliyinin əldə edilməsində müstəsna xidmətlərini, bütövlükdə Azərbaycanın dövlət müstəqilliyinin tarixi əhəmiyyətini gözdən salmaq və unutdurmaq məqsədilə 2006-cı ildə Milli Məclisdə “Dövlət Müstəqilliyi Günü” dövlət bayramının iş günü olması haqqında qərar qəbul edilməsinə və faktiki olaraq bu əsas dövlət bayramının dövlət səviyyəsində keçirilməsinin qarşısının alınmasına nail olmuşdur ki, bu da milli müstəqil dövlətçiliyimiz üçün üz qarası və dünyada analoqu olmayan rüsvayçı bir hadisədir.

      4.3. S.Mirzəyev həm də vəzifə cinayəti törədərək pensiya ilə bağlı qanuna rəsmən  və qəsdən antikonstitusion şərh (təfsir) vermiş və bununla da ilk Milli Məclisin üzvlərinin güzəştli pensiya almaq hüququnun pozulmasına rəvac vermişdir. O, eyni zamanda qardaşı, Ali Məhkəmənin kollegiya sədri H.Mirzəyevin vəzifə mövqeyindən yararlanaraq məhkəmə yolu ilə mənim və digər sabiq deputatların güzəştli pensiya almaq hüququnun təmin edilməsinin qarşısını almışdır. Bundan başqa hakimlər tərəfindən sızdırılan məlumata görə  mübahisələndirilən işə baxan məhkəmələr qərarlar qəbul edərkən həm də Sizin, cənab Ş.Əliyev, rəyinizi və mövqeyinizi əsas tutmuşlar. Halbuki, məhkəmə qərarları Avropa Konvensiyasının və Azərbaycan Konstitusiyasının bir sıra maddələrinin, Avropa Məhkəməsinin president hüququnun tələblərinə tamamilə zidd, ədalətsiz olmuşdur. Bütün bunlar haqqında mən Sizə göndərdiyim 5 iyun 2015-ci il tarixli ərizəmdə (ərizə PA-da 12 iyun 2015-ci il tarixdə Ə-3168 nömrə ilə qeydiyyata alınıb) ətraflı və əsaslı şərh vermişəm (bax: Əlavə 1).

     4.4. Cənab Ş.Əliyev! İlk Milli Məclisin deputatlarının güzəştli pensiya almaq hüququnun pozulması ilə bağlı dəfələrlə cənab Prezident İ.Əliyevə ünvanladığım şikayətlər baxılmaq üçün üç ünvana, o cümlədən Sizə göndərilib. Bundan başqa məsələyə ədalətli və vicdanlı münasibət göstərəcəyiniz ümidilə bir neçə dəfə şəxsən Sizə müraciət etmişəm. Ancaq cəmi bir dəfə, 5 iyun 2015-ci il tarixli son ərizəmlə bağlı Sizin imzanızla 9 iyul 2015-ci il tarixli cavab məktubu almışam. Həmin məktub əslində Dövlət Sosial Müdafiə Fonduna, surəti isə mənə göndərilib və məsələyə baxılması barədə şöbəyə, həmçinin ərizəçiyə məlumat verilməsi istənilib. Bundan 5 aydan artıq vaxt keçməsinə baxmayaraq Dövlət Sosial Müdafiə Fondu hələ də mənə cavab verməyib, verməyəcək də. Çünki, mən   öz ərizəmdə Dövlət Sosial Müdafiə Fondundan deyil, Sizdən xahiş etmişəm ki, dövlət müstəqilliyinin əldə edilməsində dəyərli xidmətləri olan sabiq deputatlara, ilk Milli Məclisin üzvlərinə qarşı həyata keçirilən “mənəvi-məxməri terror”un qarşısının alınması üçün səy göstərəsiniz və hazırda sabiq deputat Məryəm Həsənova ilə mənim pensiya hüququnun pozulması ilə bağlı Konstitusiya Məhkəməsinin icraatında olan şikayətimizin qanuni, ədalətli həllini tapmasına yardımçı olasınız (bax: Əlavə 1). Belə hesab edirdim ki, bizim, istiqlalçı deputatların Sizdən ədalət gözləməyə mənəvi haqqı vardır və Siz belə bir xeyirxah addım atmaqla Vətən və xalq qarşısında öz övladlıq borcunuzun ödənilməsinə töhfə vermiş olacaqsınız. Lakin çox təəssüflər olsun ki, Siz nəinki istiqlalçı deputatların ümidini doğrultmadınız, əksinə, bilərəkdən və ya bilməyərəkdən mənim ərizəmi gedər-gəlməzə göndərməklə onların güzəştli pensiya almaq hüququnun “dəfn” edilməsinə, “vicdanını xarici kəşfiyat şəbəkəsinə satan antimilli ünsürlər”in (ifadə  Prezident İ.Əliyevə məxsusdur) istiqlalçı deputatlara qarşı daha bir repressiv addım atmasına, cəmiyyətə və dövlətə təhlükə yaradan cinayət əməli törətməsinə rəvac verdiniz. Bəli, Siz, cənab Ş.Əliyev, mənim ərizəmdə göstərdiyim görünməmiş qanunsuzluqlara etinasız yanaşdığınıza görə Konstitusiya Məhkəməsinin palatası antimilli mafioz qruplaşmasının, şəxsən Səfa və Hikmət Mirzəyev qardaşlarının istəyini yerinə yetirərək, mənim güzəştli pensiya almaq hüququmun pozulmasına dair 17 fevral 2015-ci il tarixli şikayətimin məhkəməyə daxil olmasından 8 ay yarım müddət keçəndən sonra icraya qəbul edilməməsi haqqında 30 noyabr 2015-ci il tarixli  dünyada analoqu olmayan antikonstitusion qərardad qəbul etdi ki, bu da həqiqətən şəxsiyyətə, cəmiyyətə və dövlətə təhlükə yaradan ağır cinayət əməlidir. Konstitusiya Məhkəməsi bu qərardadı ilə bir daha  Azərbaycanda müstəqil məhkəmənin mövcud olmadığını göstərdi, ölkəmizin beynəlxalq nüfuzuna sarsıdıcı zərbə vurdu.  Bu qərardad əslində müstəqillik tariximizin kobud şəkildə saxtalaşdırılmasına yol açan akt, milli müstəqil dövlətçiliyimizə qara ləkə, həqarət və xəyanətdir. Bu həqarət və xəyanətdə “əməyi” olanlara  isə Allah əvəzini verəcək və bunu mən də, Siz də görəcəksiniz, inşallah!

     Qoşma:

  1. Əzimovun PA-da şöbə müdiri Ş.Əliyevə 5 iyun 2015-ci il tarixli ərizəsinin surəti

 

    Hörmətlə                            

                                                                                          Prof. Hacıbaba Əzimov

 

                                                                                                                                    Bakı, 21 dekabr 2015-ci il              

                                                                    

    P.S. Bu məktub 24 dekabr 2015-ci il tarixində Prezident Administrasiyasında alınıb və Ə– 3162 nömrə ilə qeydiyyata alınıb.

Loading