“Çovdarovun orada oturmasının sirlərini açmaq üçün həyatımı verərdim”  


Tükürpədici olaylarda iştırakının miqyasına görə əsrin qanqsteri Hacı Məmmədovu kölgədə qoyan keçmiş MTN generalı Akif Çovdarovla vaxtilə ilginc polemikada olmuş (həmin polemika silsilə yazılar şəklində oxuculara təqdim edilib) tanınmış hüquqşünas Qurban MəmmədovModerator.az əməkdaşının aşağıdakı sualına cavab verib:
Akif Çovdarov Sizə köhnə tanış kimi onun hüquqlarını qorumağı təklif etsə qəbul edərdinizmi?Beləsini müdafiə etmək hüquqi baxımdan bəllidir, bəs mənəvi baxımdan nə dərəcədə ədalətlidir? Bu adam onlarla adamın ölümünə, yüzlərlə adamın həyatının məhv olmasına səbəb olubsa, onun müafiə olunmaq haqqı varmı?
Q. Məmmədov olduqca maraqlı cavab verib və hətta Akif Çovdarovun müdafiə olunmasını dövlətçilik və insan hüquq və azadlıqları baxımından vacib hesab etdiyini bildirib:
“Maraqlı sualdır. Eyni zamanda olduqca da vacib sualdır. Çünki çox vaxt bəzi vətəndaşlarımız bizim hərəkətlərimizin mahiyyətini, fəlsəfəsini başa düşə bilmədiklərindən dolayı bizə qızırlar, hüquqşünasları, vəkilləri başa düşə bilmirlər.
İlk baxışdan, həqiqətən də, qeyri-mənəvi görsənir. Ağır cinayətlərdə ittiham ediləni, qətllər törədən, qadınları zorlayan, hamilə qadınları amansızcasına qətlə yetirən birisini necə müdafiə etmək olar ki? Bunlar təbii ki, Çovdarova aid deyil.
Ancaq bilinməsi lazımdır ki, “təqsirsizlik prezumpsiyası” deyilən bir anlayış var. Təəssüf ki, bizim bəzi vəzifəli şəxlərimiz, ağına-bozuna baxmadan, hələ istintaq bitməmiş, öz siyasi rəqiblərini cinayətkar adlandırmaqdan da çəkinmirlər.
Azərbaycan Respublikası Konstitusiyasının  63-cü maddəsinə əsasən,
“I. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.
II. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.
III. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.
IV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.
V. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.”
Bir daha təkrar edirəm, çox təəssüf ki, Konstitusiyamızın bu norması tez-tez pozulur.
Akif Çovdarov da bu dövlətin vətəndaşıdır. Onun da təqsirsizlik prezumpsiyası hüququ var. Vəkil olsaydım, mənə müraciət edilsəydi, mütləq onu müdafiə edərdim.
Baxın, biz hələ ki A.Çovdarovun özünü eşitməmişik. Yalnız ittiham tərəfinin arqument və məlumatlarını dinləyirik. Bu arqumentlərin nə dərəcədə doğru olduğu da hələ heç kimə bəlli deyil. Məsələn, tutaq ki, həmin Baş Prokuror Zakir Qaralov dünənə kimi A.Çovdarovla əl verib görüşənlərdən biri olub. Cəmiyyət nə üçün Z.Qaralova inanmalı, A. Çovdarova isə inanmamalıdır?
Yaxud da Hacı Məmmədovu xatırlayın.
Onun işi tam, hərtərəfli və obyektiv aparıldımı?
General Zakir Nəsirov doğrudanmı həmin cinayətlərin iştirakçısı olub? Mən şəxsən Zakir müəllimi az-çox tanıyan adam kimi buna qəti inanmıram. Çünki adamların müdafiə hüquqları pozuldu. Obyektiv araşdırma aparılmadı o vaxt.
Ölkədə normal məhkəmələr, normal vəkillik institutu olsaydı, bu qədər şübhələr qalardımı cəmiyyətdə?
Kimin nə dərəcədə haqlı olub-olmaması yalnız ədalətli məhkəmə araşdırması nəticəsində  müəyyən edilir. Bununçün isə, ölkədə güclü vəkillik institutunun olması vacibdir. Hər bir vətəndaşın, hər bir şübhəli şəxsin, hər bir təqsirləndirilənin və hər bir məhkumun qanunda nəzərdə tutulan bəlli hüquqları vardır. Hətta ölüm cəzasına məhkum edilənin də məhz qanunda göstərilən qaydada edam edilməsi hüququ vardır. Biz onların bu hüquqlarını müdafiə edirik, məhkəmə qaydasında sübuta yetirilmiş cinayət əməllərini yox.
Məşhur Şotlandiya kraliçası Mariya Styuartı xatırlayırsınızmı? Cəlladdan xahiş etmişdi ki, boynunu vurandan sonra saçlarını qaydaya salıb kötüyün üstünə qoysun ki, daimi rəqibi İngilis kraliçası Yelizaveta onu çirkin görməsin. Bu da onun hüququ idi. Beləsini, Sizcə, müdafiə etmək gərəkməzmi?
Bu mənada Akif Çovdarovun müdafiə olunması dövlətçilik və insan hüquq və azadlıqları baxımından vacibdir. Məmnuniyyətlə onu müdafiə edər, anadan hamı kimi məsum doğulan birisinin hansı şəraitdə, kimlərin hesabına bu gün müttəhimlər kürsüsündə oturmasının sirlərini açmaq üçün həyatımı verərdim.”

 6,329 dəfə ümumi oxunub,  2 dəfəsi bu günə aiddir.