Əlaqə vasitələri

Dövləti, hakimiyyəti, prezidenti söydürən və sevdirən hakimlər.

Epiloq əvəzi:

 “Bir gün məmləkətin baş Qazısı  Şah Abbasa sabahkı divan haqqında məlumat verir: iki oğru, bir quldur, bir də dilənçi yarğılanacaq”.
Şah Abbas soruşur:  ”Dilənçi niyə?”.
Qazı: ”Sizi bazarın ortasında söydüyünə görə, Şah.”—deyə,  cavab verir.
 Şah Abbas: “Ey Qazı, Şah Abbas nə vaxtdan dilənçilərlə oturub-duran olub ki,  dilənçi də məni söysün? Dərhal azad edin, məni söydürən məmuru tapıb dilənçinin yerinə onu yarğılayın”—deyə, əmr edir.”

Azərbaycanda xalqı prezidentdən, hakimiyyətdən, dövlətdən və müstəqillikdən narazı salan təşkilat və idarələrin başında məhkəmələr, DƏDRX və Gömrük orqanları gəlir.

Bu gün məhkəmələrdən nümunə yazacağam.

İndi məhkəmələrimizdə iki tip hakimlər var.

Biri qanundan başqa hər şeyə tabe olanlar, tapşırıq icra edənlər, qulluq və vəzifə mövqeyindən istifadə edib dost, “hörmət” qazananlar, yuxarılara yarınmaqla daha çox rüşvət toplamaq üçün bonus ələd edənlər və hakimiyyəti, dövləti xalqa söydürənlər.

Digəri isə, aldığı əmək haqqı ilə halal yaşamağa üstünlük verib, fəaliyyətində yalnız qanunları rəhbər tutaraq, qəbul etdikləri qanuni qərarlarla  xalqı prezidentə və hakimiyyətə, dövlətə dua etdirənlər.

Buyurun, konkret misallarla tanış olun.

Birinci nümunə.

2011-ci ildə mənə və ailəmə məxsus yaşayış evi Fövqəladə Hallar Nazirliyi tərəfindən söküldü. Bizi başqa abad mənzillərlə təmin etdilər. Yeni binanın mülkiyyətçisi olan firma ilə aramızda alqı-satqı müqaviləsi bağlandı. Mən  qanunlara istinad edərək,  “qabaqcadan qeydiyyat”  üçün DƏDRX-ə müraciət etdim. Bütün sənədlər yerində olmasına baxmayaraq, çox böyük rüşvət mənbəyini əldən qaçırmamaq məqsədilə, DƏDRX, təbii ki, imtina etdi. Mən Bakı 2 saylı İnzibati-İqtisad Məhkəməsinə müraciət etdim. Məhkəmə iddiamı təmin etdi. DƏDRX apellyasiya şikayəti verdi və Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzə Tağızadə həmin qətnaməni ləğv etdi. Mən kassasiya şikayəti vermədim. Vaxtıma, enerjimə heyfim gəldi.

Əslində, bunu şəxsən özümçün etməmişdim. Mülkiyyət hüququna dair “kupça”, “Çıxarış” mənə heç lazım da deyil. Bunsuz da yaşamaq olar. Necə ki, minlərlə vətəndaşımız bu günə qədər halal mənzillərinin sənədlərini ala bilmədən yaşayırlar. Mən də onlardan biri. Məmələkətimiz mirzə tağızadələrin hakimliyinin nəticəsində bu günə salınıbdır. Olsun!!

Əziz həmvətənlər!

Siz bilirsiniz ki, təkcə son 5-6 ildə yeni tikilən çıxmənzilli hündürmərtəbəli binalarda bir mənzilin bir neçə adama satılması nəticəsində minlərlə vətəndaşımız ziyan çəkib, pulları əldən çıxıb, evsiz qalıblar. Yüzlərlə də vətəndaşımız dələduzluq ittihamı ilə məhkum edilib, ailələri başsız qalıb. Həbsxanalar belələri ilə doldurulub.

Mən, əslində, bunun qarşısını almaq, bu tip cinayətlərin baş verməsi üçün münbit olan şəraiti aradan qaldırmaq üçün bir nümunə yaratmaq istəmişdim.

 Mirzə tağızadələr imkan vermədilər. Görünür DƏDRX-lə əlbir çalışırlar.

Aydındır ki, sənədli, “kupça”lı daşınmaz obyektlərin alqı-satqısında belə cinayətlərin törədilməsi mümkün deyil. Çünki alqı-satqı zamanı tələb edilən “yüklülüyə dair arayış”, Forma-1 buna imkan vermir. Deməli, yeni tikilən binalarda da satılan mənzillərə dair Forma-1 arayışının verilməsi,  bir mənzilin bir neçə adama satılmasına imkan verməz. Ancaq bununçün yeni tikilən və ya tikiləcəcyi nəzərdə tutulan mənzillərin DƏDRX-də qeydə alınması lazımdır ki, Forma-1 arayışı verilə bilsin.

Mövcud qanunlarımızda yeni tikilən və tikiləcək mənzillərin “qabaqcadan qeydiyyatı” haqqında kifayət qədər normalar olsa da, DƏDRX-dəki rüşvətin yüksək  səviyyəsi və açıq şəkildə qanunlara əməl edilməməsi buna imkan vermir və nəticədə vətəndaşlarımız həm külli miqdarda ziyan çəkir, həm də mövcud münbit şəraitdə cinayətə meyillənərək  həbsxanalara doldurulurlar.

Mirzə tağızadələrin isə heç vecinə də deyil baş verən proseslər. Sanki onlar ədaləti yox, ədalətsizliyi təmsil etmək üçün hakim təyin ediliblər.

Nəticədə isə, xalqın söydüyü, nifrət etdiyi, narazı qaldığı  hakimiyyət, prezident və dövlətimiz olur.

İkinci nümunə.

Vətəndaş “A” Bakı şəhərinin mərkəzində, ümumi istifadədə olan həyətin bir hissəsini zəbt edərək, sahəsi 120 kv. metr olan qanunsuz ev tikib. Nəsimi rayon İcra Hakimiyyəti öz sərəncamı ilə həmin qanunsuz tikilini, MM-nin 180.4-cü yarımmaddəsinə əsasən sökdürmək əvəzinə, tikili üzərində “A”nın mülkiyyət  hüququnun qeydə alınması barədə sərəncam verib. Həmin qanunsuz sərəncamla nəzərdə tutulan mülkiyyət hüququ,  minlərlə vətəndaşımızın “qabaqcadan qeydiyyat” hüququnu pozan, özgə vaxt icra hakimlərinin sərəncamlarını, hətta məhkəmə qətnamələrini belə təftiş etməkdən çəkinməyən  DƏDRX tərəfindən rahatlıqla qeydə alınıb.

Bu sərəncam nəticəsində evinin yarısına sahiblik və istifadə hüququndan, ümumi istifadədə olan torpaq sahəsindən istifadə hüququndan məhrum olan qonşu “B”, Nəsimi rayon İH-nin sərəncamının ləğv edilməsi üçün Bakı 1 saylı İİ məhkəməsinə müraciət edib. Məhkəmə araşdırması 6-7 ay davam etdikdən sonra, hakim Müseyib Bayramovun yadına düşüb ki, sən demə vətəndaşın “bu iddianı qaldırmaq üçüb subyektiv hüququ yox imiş”. Yəni, qanunsuz sərəncam “B”nin hüquqlarını pozmur.  Bu qərarı qəbul edərkən isə, hakim Müseyib Bayramov başqa bir iş üzrə, yəni  vətəndaş “B”nin DƏDRX-ə qarşı “qeydiyyatın ləğv edilməsinə dair” iddiası üzrə Ali Məhkəmənin  qəbul etdiyi qərara istinad edir. Məhz həmin qərarda Ali Məhkəmə göstərir ki, İcra Hakimiyyətinin sərəncamı qüvvədə olduğuna gərə DƏDRX-ə qarşı iddia qalıdrmağa vətəndaş “B”-nin subyektiv hüququ yoxdur.

Müseyib Bayramovun qərardadından verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Nurəddin Mustafayevin sədrliyi və məşhur Mirzə Tağızadənin iştirakı ilə baxılır və şikayət rədd edilir. “Sübut edilir”  ki, vətəndaş “B”nin heç bir hüququ pozulmayıb.

 “Hadisə yeri”nə baxış keçirən hakimlər gözləri ilə görürlər ki, vətəndaş “A” evini ümumi istifadədə olan həyətdə tikib və divarının da birini  vətəndaş “B”-nin mənzilinin düz ortasına dirəməklə onu öz evinin iki divarına xidmət etmək imkanından məhrum edib, havasını, günəşini, evinin arxasına olan yolunu kəsib.

Ancaq nurəddin mustafayevlərin, mirzə tağızadələrin nə vecinə ki, xalq , hökuməti və dövləti söyür, onlardan və prezidentdən narazı qalır !!!

Təki onlara tapşırıq verənlərin “molodes”ini və sair şeylər alsınlar.

Üçüncü nümunə.

Xöşbəxtlikdən, heç də bütün hakimlərimiz Mirzə Tağızadə və ya Nurəddin Mustafayev kimi prezidentin, hakimiyyətin, dövlətin və qanunların taleyinə biganə deyillər və öz qanuni, ədalətli qərarları ilə millətimizdə öz dövlətinə qarşı inam və hörmət hissləri aşılayırlar.

Bəlli səbəblərdən, burada həmin hakimin adını çəkməyəcəyəm. Əvvəla, o öz vəzifəsini yerinə yetirib, bu onun borcudur. İkincisi isə, düzgün başa düşülməyə bilərəm deyə, bunu etmirəm. Ancaq istəsələr, hörmətli  Ədliyyə Nazirimiz və ya Məhkəmə Hüquq Şürası bunu müəyyən etməkdə çətinlik çəkməzlər.

Qanunu pozan hakimlər cəzalandırıldığı kimi, məncə, qanunlara əməl edən və nəticədə  hamıda dövlətimizə inam və hörmət aşılayan hakimlərimiz də mükafatlandırılmalı, təqdir edilməlidirlər.

Son vaxtlar çoxlarında belə bir fikir formalaşıb ki, Azərbaycan Ali Məhkəməsi Naxçıvan məhkəmələrinin qərarlarını ləğv edə bilməz.

Keçən həftə Azərbaycan Ali Məhkəməsinin Mülki  Kollegiyası, “Moderator”az-ın oxucularına da yaxşı bəlli olan bir məsələyə dair, Naxçıvan Ali Məhkəməsinin qərarını ləğv etdi.

Etiraf edim ki, qərar elan ediləndə məni qəhər boğdu, çox duyğulandım. Daxilimdə bir inam qığılcımı parıldadı ki, demək, ədalətə nail olmaq olarmış.

Xatırlayırsınızmı, “Moderator az”-ın 06 noyabr 2015-ci il tarixli sayında “Qurban Məmmədovdan Zakir Həsənova açıq məktub…” başlıqlı yazı yayınlanmışdı.

Yazıda hörmətli Müdafiə Nazirimiz cənab Z.Həsənova müraciət etmişdim ki, Naxçıvanda “döyüş təminatı tapşırığını yerinə yetirib hərbi hissəyə dönərkən, yolda ürək çatışmamazlığından ölən  Hənifəyev Seyran Eynalı oğluna şəhid statusu verilmir. Bu barədə Naxçıvan İİ Məhkəməsində qaldırdığımız iddia  rədd edilmiş, Naxçıvan Ali Məhkəməsi də həmin qətnaməni qüvvədə saxlamışdı.

Bu problem fərdi yox, ictimaidir. Vətənpərvərlik, dövlət quruculuğu məsələsidir. Bir ailənin dərdi-səri deyil, bütün millətin problemidir.

Azərbaycanın Ali Məhkəməsinin üç hakiminin qəbul etdiyi qərar bir vətəndaş kimi məndə öz dövlətimə inam və etibar hissləri aşılayırsa,  mirzə tağızadələrin, nurəddin mustafayevlərin qanunsuz əməlləri hakimiyyətə qarşı bir o qədər də inamsızlıq, hörmətsizlik və nifrət aşılayır.

Həm hakimlərimiz, həm də hakimiyyət bunun fərqində olmalıdırlar. Dövlətindən, hakimiyyətindən, prezidentindən  narazı olan kütlə, xalq, millət və ya fərd ağır gündə onların yanında olmayacaqlar. Bu bir aksiomadır.

İki ay bundan öncə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira xanım Nağıyeva  180 min manatlıq iddia üzrə, heç bir təmənna güdmədən qanuni qərar qəbul edəndə,  vətəndaşın prezidentə və dövlətə necə dua etdiyinin şahidi olmaq lazım idi ki, bəzi hakimlər və məmurlar söhbətin nədən getdiyini anlaya bilsinlər.

 Bir sözlə, iki hakim tipi var ölkəmizdə:

Biri nurəddin mustafayevlər, mirzə tağızadələr kimi hakimiyyətə, dövlətə və prezidentə qarşı xalqda nifrət aşılayanlar,

O biri isə, öz qanuni qərarları ilə bunun əksini edənlər.

Təəssüf ki, hamısı hakim adlanır.

Müstəqil məhkəmə sistemi olmayan, hakimi qanundan başqa hər şeyə və hər kəsə tabe olan dövlət güclü ola bilməz.

07 fevral 2016-cı il.

Hüquqşünas Qurban Məmmədov.

Loading