Əlaqə vasitələri

Böyümə, qızım, böyümə, böyüməəəə….

Rumiyyə Miraslan

Onunla ilk dəfə qapımızın kandarında rastlaşmışdım.
Hava qaralmışdı artıq, telefonun işığına darvazanın kilidini açmağa çalışırdım. Qəfildən arxadan “Axşamın xeyir” səsinə diksindim. Düzünü deyim ki, gül dəstəsi ilə oğurluq edənlər barəsində yayılan xəbərlərdən sonra yaman qorxaq olmuşam, elə onda da qorxdum. Astaca arxaya çevrildim, qısa ağ gödəkcə, dizə qədər ağ çəkmə geyinmiş arıq, bəstəboy bir qız idi. Qaranlıq olduğundan üzü aydın görünmürdü, arxada dayanıb sakitcə mənə baxırdı. Telefonu üzünə tutub kimliyini ayırd etməyə çalışdım, amma tanımadım. Üzündə o qədər boya var idi ki, sanki bolluğuna düşmüşdü. “Kimsiz, nə lazımdır” soruşaraq sükutu mən pozdum.
– Bu qarşıdakı evdə kirayə qalıram, açarı itirmişəm, qapını aça bilmirəm. Səndə balta olmaz ki?
Artıq ikinci dəfə mənə sən deməyindən əsəbiləşərək acıqla cavab verdim:
– Açarı itirmisən bəs baltanı neynirsən? Qapını qıracaqsanmı?
– Kilidi qıra bilsəm, sabah yeni kilid qoşduraram.
– Kilidi niyə qırırsan ki, ev sahibəsinə zəng vur gəlsin, onda ehtiyat açar olmamış olmaz.
– Zəng vururam, ancaq nömrəsinə zəng çatmır.
– Gözlə, mən indi evlərinə zəng vurub xəbər edərəm.
Evə girib evini ona kirayəyə vermiş köhnə qonşuma zəng vurdum və vəziyyəti danışdım. Dedi ki, gözləsin, yarım saata oğlum açarı gətirər. Yenidən həyətə düşdüm ki, xəbəri buna çatdırım, hasarla darvazanın arasında dizlərini qucaqlayıb yerdə oturmuşdu, soyuqdan titrəyirdi. O soyuqda iti belə bayırda bağlasaydın donardı. Ürəyim dözmədi, evə dəvət etdim, bir neçə dəfə təkid etsəm də dəvətimi qəbul etmədi. “Çox sağ ol, bura rahatdı” deyib ordaca oturdu. Mən də evə qayıtdım və başım iş-gücə qarışdı. Bəlkə də üzərindən bir saatdan çox vaxt keçmişdi ki, qapımızın zəngi bir dəfə çalındı. Zəng səsinin davamı gəlmədiyindən əhəmiyyət vermədim. Saat 23:00-da uşaqlar zəng vurdu ki, ana bizik, gəl qapını aç. Həyətə düşüb darvazanın kilidini çəkdim ki, uşaqlar həyətə girsin. Ancaq uşaqlar hər zamankından fərqli bir əhvalda, sanki qorxmuş kimi, yavaşca həyətə girə-girə “Ana, orda “piyan” yatıb, ata getdi onu oyatmağa” dedilər. Tez bayıra çıxdım, iki saat əvvəl məndən balta istəyən qız bayaqkı yerdəcə büzüşüb qalmışdı, həyat yoldaşım da onu yerdən qaldırmağa çalışırdı.  Sanki başımda ildırım çaxdı, tez onların yanına qaçdım. Köməkləşib qızı evə gətirdik, isinməsi üçün yun yorğana bükdük. Ayaqlarını isti suya qoydum, mürəbbəli isti çay verdim, soyuqdan necə üşümüşdüsə stəkanı da əlində tuta bilmirdi, gözlərini yerə zilləyib durmuşdu. Bacardığım qədər yardım etdikdən sonra yavaş-yavaş “dovu” açılırdı sanki. Bir də baxdım ki, səsi çıxmır, ancaq yanaqlarından yaş süzülür. Həm danışdırmaq istəyirdim, həm də danışdırmamaq. Saat birdə qonşunun oğlu gəlib çıxdı, açarı gətirmişdi. Qız getmək üçün ayağa qalxdı, büründüyü yorğanı açıb ehmalca gödəkçəsini geyindi. Razılıq edərək sağollaşıb getdi.
Üzərindən üç-dörd gün keçməsinə baxmayaraq bir də onu görməmişdim, ancaq evində işıq yanırdı. Bu gün bişirdiyim mərci şorbasından bir kasaya töküb qapısını döydüm. Evdəydi deyəsən, yaman öskürək səsi gəlirdi. Ehmalca “kimsən” deyə soruşdu.
– Mənəm, qonşu, şorba bişirmişdim, dedim görüm evdəsənsə sənə də verim.
Qapını açdı, o gün gördüyüm qız üç gündə nə hala düşmüşdüsə zorla tanıdım. Gözlərinin altı qaralmışdı, onsuz da çəlimsiz bədəni bir qədər də zəifləmişdi, illərin yataq xəstəsinə bənzəyirdi. Onun dəvətini gözləməyib içəri keçdim, otağı dərman qoxusu bürümüşdü. Ətrafa göz gəzdirdim, əlimdəki şorba kasasını qoymaq üçün masa axtardım. Pəncərənin qabağına qoyulmuş köhnə balaca masanın üstündə iynə-dərman, kağız-kuğuz, yarım butulka su, bir də içində qəndin tozu qalmış kiçik qənddan vardı. Şorbanı masaya qoyub “isti-isti iç, canınına yarısın” dedim, özüm də elə masanın yanındakı stulda əyləşdim və onunla danışmağa başladım.
– O günkü soyuqda xəstələnmisən yüz faiz.
– Hə, öskürək, hə…
– Dərmanlarındırmı?
– Hə…
– Şorbanı iç sonra dərmanlarını da verərəm.
Mətbəxdən gətirdiyi çay qaşığıyla şorbanı asta-asta qurtumladıqca mən də masanın üzərindəki kağızlara göz gəzdirirdim. Müayinələr, analiz cavabları, reseptlər, o qədər kağız var ki, nə olduğun zorla ayırd edə bildim. Başlığında  “Qanda infeksiyaların yoxlanması” yazılmış kağız diqqətimi çəkdi və oxumağa başladım. Oxuduqlarımdan dəhşətə gəldim: “Bu nədir, nə yaşın var ki, səndə bu virus da tapılıb” deyərək qızın üstünə şığıdım. İttiham edirmiş kimi sul dolu baxışlarımı gözünə zillədim. Əlindəki qaşığı kasaya qoydu, başını aşağı dikdi. Səsimin tonunu bir qədər də qaldırdım:
– Ay qız sən heç bilirsənmi bu nədir, nə deməkdir? Bəlkə heç düz yoxlamayıblar? Gəl sabah mənlə gedək, yenidən müayinə etdirək.
Elə bu sözümə bənd imiş kimi hönkürtü vuraraq ağlamağa başladı. Ağlaya-ağlaya ayaqlarıma düşdü, əllərimi tutub içini çəkərək danışmağa başladı. Hər şeyi danışdı mənə, şəhərli olmaq eşqiylə kənddən Bakıya qaçdığı gündən tutmuş, əxlaqsızlıq yuvalarında sağalmaz “Siflis” virusuna yoluxduğuna qədər hər şeyi danışdı… İyirmi yaşlı bu qız “xam” xəyalları, ağılsızlığı ucbatından sanki qırx ildən çox yaşamışdı.
İyirmi yaşında özünü ölümə məhkum etmiş bu qızla bərabər o qədər ağladım ki, sanki gözlərim də hədəqəsindən çıxırdı. Cəld oturduğum stuldan qalxıb tez evimizə qaçdım. Otağında kitab oxuyan on yaşlı qızımı  qucaqlayıb var gücümlə bağrıma sıxdım. Ağlaya-ağlaya “Böyümə qızım, böyümə, böyüməəə” deyərək layla çaldım…

Loading