Əlaqə vasitələri

“Dövlət niyə bankla müştəri arasına girməlidir?” – Maliyyə naziri sual yox, cavab verməlidir…

 30.01.2016 17:00

samir-serifov-3.jpg

“İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir”

Azərbaycan Respublikasının Konstitusiyası, 12-ci maddə

Maliyyə naziri Samir Şərifovun və Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun dollar kreditləri ilə bağlı açıqlamaları hökumətin hər hansı güzəştlər paketi təqdim edəcəyi ilə bağlı əhalinin gözləntilərinə son qoydu. İstər Maliyyə naziri, istərsə də baş bankir ilk növbədə dollar krediti götürən vətəndaşın və kredit verən bankların məsuliyyətini ön plana çəkdilər. Xüsusən, S.Şərifov bankların vətəndaşlarla, vətəndaşların isə banklarla dil tapmalı olduğunu vurğlamaqla, bu mübahisənin ikitərəfi olduğunu açıq şəkildə bəyan etdi. Obrazlı ifadə etsək, hökumət faktiki olaraq, öz yaxasını kənara çəkməyə çalışır və banklarla vətəndaşları üz-üzə qoyur. Heç vasitəsçi kimi də çıxış etmək istəmir.

S.Şərifov deyir: Dövlət niyə bankla müştəri arasına girməlidir? Vaxtilə yüksək faizlə kredit verəndə, gəlir əldə edəndə, heç dövlət yada düşmürdü. Banklar öz müştəriləri ilə bağlı məsələni öz aralarında həll etsin. Faizlərdən azaltsın, ödəniş müddətini uzatsın və s. Bu məsələdə Mərkəzi Bank da banklara güzəşt edə bilər”.

Əslində, doğrudan da çox yerində verilmiş və aydınlaşdırılması vacib sualdır: “Dövlət niyə bankla müştəri arasına girməlidir?”

İlk  növbədə, ona görə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində bəyan edilir:İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir”.

Konstitusiyanın 16-cı maddəsində isə qeyd olunur: “Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır”.

Yəni vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin edilməsi bilavasitə dövlətin ali vəzifəsidir. 2015-ci il fevralın 21-dən sonra milli valyutanın 100%-dən çox ucuzlaşması isə hökumətin qərarları ilə baş verib.

Digər tərəfdən, hələ 11 aydır ki, hökumət öz vətəndaşını xarici iqtisadi şoklar qarşısında niyə aciz  qoyduğunu aydın şəkildə izah edə bilmir. Axı ötən il fevralın 21-dən sonra – dekabrda, bir gündə növbəti, 50%-ə yaxın devalvasiyanın baş verməməsi üçün hökumət zamanında bircə səmərli addım atdığını göstərə bilməz. Əksinə, Maliyyə naziri və baş bankir hər gün efirdən vətəndaşları və iqtisadi fəaliyyət subyektlərini əmin edirdilər ki, manat duruş  gətirəcək…

Digər tərəfdən, 50% dövlətə məxsus olan, ölkənin və Cənubi Qafqazın ən böyük bankı Azərbaycan Beynəlxalq Bankının vəsaitlərinin dəyər-dəyməzinə pay-püşk edilməsinin və ölkənin maliyyə ehtiyatlarının azalmasının əsas günahkarlarından biri hökumət adından bankın idarəetməsində söz sahibi olan Maliyyə Nazirliyidir.

“Maliyyə xəyanəti” kimi qiymətləndirilən Beynəlxalq Bankın aktivlərinin yoxa çıxması və indi, faktiki olaraq, “ümidsiz kreditlər”ə çevrilməsinin bir məsuliyyətini də elə Samir Şərifov daşıyır. Axı hələ 2011-ci ilin dekabrında “Fitch” agentliyi bankın reytinqini aşağı salmış və xəbərdarlıq etmişdi. 

Agentlik hələ  o zaman qeyd edirdi ki, Azərbaycan Beynəlxalq Bankının Moskva filialı Rusiya maliyyə bazarı üçün kiçikdir, yüksək kredit riski ilə üz-üzədir, tikintiyə, daşınmaz əmlak biznesinə ayırdığı kreditlərin vaxtında geri qaytarılmaması problemi var.

“Deloitte & Touche” şirkətinin auditor rəyində isə qeyd olunurdu ki, Beynəlxalq Bankın maliyyə vəziyyətinin pisləşməsi ona gətirib çıxarıb ki, Bank iki ildir dalbadal Azərbaycan Mərkəzi Bankının səhmdar (6%) və məcmu (12%) kapitalın adekvatlığı tələbini ödəyə bilmir.

Təsadüfi deyil ki, 780 milyon manatdan çox problemli kreditin çox böyük hissəsi Beynəlxalq Bankın payına düşüb.

Yəni illərlə ekspertlərin və beynəlxalq maliyyə qurumlarının, qiymətləndirmə şirkətlərinin xəbərdarlığına baxmayaraq, hökumət adından Maliyyə Nazirliyi bu maliyyə fəlakətinin qarşısının alınması üçün ciddi addımlar atılmayıb.

Dövlət niyə bankla müştəri arasına girməlidir?” – sualını səsləndirdən cənab nazirdən də soruşmaq olar ki, o, şəxsən niyə 50% dövlətə məxsus bankın talan edilməsinə qarşı zamanında ölçü götürməyib?! 

Bu maliyyə fəlakətinin miqyası barədə onu deyək ki, Beynəlxalq Bankın verdiyi və indi geri ala bilmədiyi kreditlərin həcmi Sahibkarlığın İnkişafına Yardım Fondunun verdiyi kreditlərdən çoxdur.

Ümumiyyətlə, S.Şərifov ritork sullar verilməsində usta hesab oluna bilər. Bir müddət əvvəl cənab nazir Beynəlxalq Bankda baş verənlərə münasibət bildirərkən demişdi: “Hansı səbəbdən heç bir girov olmadan Azərbaycan Beynəlxalq Bankı müəyyən sahənin adamlarına iri məbləğdə kreditlər verib? Halbuki sadə vətəndaşlara adi kredit verəndə həmin bank kredit məbləğindən az qala üçqat artıq girov tələb edib”.

Əslindəsə, bu sualları ictimaiyyət Maliyyə nazirindən soruşmalıdır. Maliyyə naziri isə sual yox, cavab verməlidir. Yaxud yunan alimləri timlasında olduğu kimi, özü sual verib, özü də cavab verməlidir. Bizim Maliyyə naziri isə yalnız sual verməyi xoşlayır: “Dövlət niyə bankla müştəri arasına girməlidir?”

Bu suala bir cavab da var. Ona görə ki, banklar yalnız öz mənfəətini güdən sahibkarlar tərəfindən yaradılıb. Sahibkar üçün ilk növbədə mənfəət əsasdır. Bu da təbiidir. Amma bankların fəaliyyətini də məhz Mərkəzi Bank, hökumət tənzimləyir! Yaxud biz elə bilmişik ki, tənzimləyir. İndi S.Şərifovun açıqlamasından belə anlaşılır ki, Banklar ağıllarına gələn faizlə kredit verib, fantastik qazanc əldə ediblər. Tənzimləmə isə yaddan çıxıb…

Hökuməti isə xalq tərəfindən seçilən prezident və parlament formalaşdırır. Hökumət vətəndaşların qanuni mənafelərinin qorunmasının keşiyində durmaldır. İctimai əhəmiyyət kəsb edən məsələlərdə hökumət özünü hamıdan eyni məsafədə duran 3-cü tərəf kimi apara bilməz. Çünki tənzimləmə qaydalarını o müəyyənləşdirib və məsuliyyətin bir hissəsi də onun üzərinə düşür. Məhz buna görə, hökumət vətəndaşlarla bankların arasına girməli və bu mübahisələrdə ədalətli hakim rolunu oynamalıdır.

Ukraynada, Qazaxıstanda, Rusiyada bu istiqamətdə hökumət çox ciddi addımlar atıb. Ətraflı bir neçə gün əvvəl dərc etdiyimiz məqalədə tanış ola bilərsiniz: “Samir Şərifovun diqqətinə: Ukrayna və Qazaxıstanda kredit borclularına necə kömək edirlər?

Əks halda vətəndaşlar da hökuməti, nazirləri istefaya çağırmaq hüququ üzərində ciddi düşünməli olacaqlar…

Zaur İbrahimli

Strateq.az

Loading