Əlaqə vasitələri

Sizə kim deyir daş atıb qışqırın?..

Zümrüd Yağmur

Yazıçı Anarın oğlunu bu dəfə də Misirə səfir təyin ediblər.

Bir yazar üçün bundan gözəl nə ola bilər ki? Övladı üçün vəzifə “ala” bilir. Azərbaycan reallığında “oxuyub- oxuyub montyor” olunduğu kimi, susub -susub axırda səfir atası olmaq olur.

Tural Rzayevin kimliyini bilmirəm, bəlkə də qabiliyyətli adamdır, amma onun səfir təyin olunmasında bu qabiliyyətinin rol oynadığına kimsə məni inandıra bulməz. Çünki ölkədə yüzlərlə eyni keyfiyyətləri daşıyan insan var ki, onların atası Anar olmadığından qul bazarlarında müştəri yolu gözləyir.

Yəqin ki, bu yazını oxuduqdan sonra “525”-ci qəzetdə mənə cavab olaraq yazdığı məqalədə dediyi kimi, F. Qoca yenə deyəcək ki, “ay bala, atan yaşında kişidir, nə işin var Anar, Elçinlə…”

Xalq yazarı adı ilə alver edib ancaq övladlarına atalıq edənlərlə niyə işim olmasın? Xalq yazarısansa, onda bu xalqa da valideyinlik edəcəksən. “Xalqa xidmət edirəm” deyib müsahibələr verirsənsə, bu millətin “xaç atası”olmağa iddialısansa, zəhmət çəkib yükünü daşıyacaqsan.

Bu gün sizin “xidmət” dediyiniz nədir? Xalqa qorxaqlıq və cəsarətsizlik, vəzifəyə görə hər şeyə getmək kimi mənfi keyfiyyətlərlə örnək olmaqmı?

Fikrət Qocasa bəhs edilən məqalədə susmağın örnəyini göstərib mübarizə aparmağın “barbarlığından” danışmışdı. Sən demə elə mübarizə küçədə daş atıb qışqırmaqdan ibarətmiş.

Sizə kim deyir daş atıb qışqırın?

Saday Şəkərlinin azad olunması üçün İlham Əliyevə müraciət edən rusiyalı yazarlar məgər bu müraciəti etmək üçün küçəyə çıxıb qışqırdılar?

Bəs siz nə etdiniz Saday Şəkərli, Tofiq Həsənli həbs olunanda?

Başqa vaxt müsahibələrinizdə deyirsiniz ki, AYB bir ailəndir. Axı o ailənin üzvlərini şərləyib tutublar. Niyə ailənizə sahib çıxmırsınız?

Azərbaycanda Saday Şəkərli, Tofiq Həsənli həbsdədir. Onlar bu gün həbsdə olmalıdırmı? Olmalıdırlar, bu labüddür, onlar həbsdə, məhz siz vəzifədə olmalısınız…

Cingiz Abdullayevin dedektiv əsərlərinin qəhrəmanlarından da böyük cinayətkarların tüğyan etdiyi ölkədə dediktiv yazar susur. Böyük fəlsəfi və psixoloji məqamlar axtarmayacam.

Niyəsi bəllidir!

Zənn etməyin bu adamlardan nəsə gözləyirəm. Yazdım ki, hərdən onların da varlığını xatırlayaq, yazıqdırlar, hər nə qədər özlərini oturduqları kürsülərə gömsələr də, hələ nəfəsləri gedib gəlir axı…

Faciə o da deyil ki, bu adamların başı övladlarına kürsü , vəzifə qapmağa qarışıb.

Faciə heç o da deyil ki, bu gün Saday Şəkərli, Tofiq Həsənli həbsdədir. Olsun, bu gün həbsxanada olmaq, AYB- də sədr , nazir müavini olmaqdan daha şərəflidir.

Faciə bilirsiniz nədir?

Dünən Anarı, Elcini tənqid edənlərin bu gün onlarla eyniləşib bərabərləşməs. Bizim “demokrat” yazarlar oxuyub-oxuyub montyor olmadılar, amma əvəzində Anarlaşa, Elçinləşə bildilər.

Yaxında Zəlimxan Yaqub dünyasını dəyişdi və bu “gənc” yazarların bir çoxu onunla nə zamansa, çəkdirdiyi şəkilləri paylaşdılar, Allahdan da ona rəhmət dilədilər.

Amma Saday Şəkərli həbs olunanda ondan nə bir kəlim yazan tapıldı, nə də onunla çəkdirdiyi şəkili paylaşan…

Demək dava heç də Anarın avtoritarizminə qarşı deyimiş, primitiv bir yorğan davasıymış.

Hərə üstünə o yorğandan bir parça çəkib hər hansı saytda rəhbər, işci olan kimi dünən tənqid etdiyindən də artıq avtoritar və susqun oldu.

Tək bir fərq var, bunlar daş atmaqdan, qışqırmaqdan dirək “siyasətə qarışmıram, azadlığımı qısıtlayar” a qədər yol aldılar.

Bir sözlə, dilənməyin adını nəsə başqa şey qoymağa çalışıb müdrik müsahibələr verməklə, Novruzəlidən, özlərindən əvvəl yaşamış yazarlardan yazıb gündəmdə qalmaqla məşğuldurlar.

Cahili Novruzəli adlandırıb hətta təhqir edirlər, nə ziyanı? O bədbəxt Novruzəlinin nə həbsxanası, nə də polisi var…

Amma bu ölkənin başında duran Novruzəlilərdən yazmağa gələndə nədirsə, siyasətə qarışmış olurlar, azadlıqlarına xələl gəlir.

Amma nə hikmətdirsə, ölkədəki durumdan yazmağı “azadlıqlarına” sığışdırmayanlar, məsələn, C. Oruelin “ 1984” əsərinin təhlilini yazıb böyük sözlər sərf edirlər.

Gülünc deyilmi?

Bu arada, mən də siyasətə “qarışmıram”, sadəcə, mövqeyimi ortaya qoyuram ki, o siyasət mənə qarışında üzüm ağ, başım uca olsun…

Eybi yox, məni də həbs etsələr, “azad” yazarlarımız qoy haqqımda heç nə yazmasınlar..

Şərəf olur!

Loading