Yaltaqlıq pisdir, amma yaltaq yaxşı?!
elnurastanbeyli@gmail.com
Açıq danışmaq lazımdır: azərbaycanlılar bir qayda olaraq, insanları mənsəbləri, şöhrətləri, var-dövlətləri ilə qiymətləndirirlər. Bu mənsəb necə qazanılıb? Bu şöhrət necə əldə edilib? Bu var-dövlətin qaynağı nədir? Çox az adamı belə suallar düşündürür, narahat edir. Kimi dindirsən, deyəcək ki, yaltaqlıq pisdir, iyrəncdir. Amma mən orta statistik azərbaycanlının bir dəfə də olsun hansısa yaltağa yaltaq kimi yanaşdığını görməmişəm. Əksinə, onu bəh-bəhlə məclislərin başında oturdurlar, onun əlini sıxmağı, ona toxunmağı böyük xoşbəxtlik sayırlar.
Kimi dindirsən, deyəcək oğurluq cinayətdir, günahdır, ayıbdır, amma sizi bilmirəm, mən bircə dəfə də oğurluqla, xalqın sərvətini talamaqla özünə sərvət toplayan adama orta statistik azərbaycanlının kəc baxdığını, ondan iyrəndiyini görməmişəm. Əksinə, belələrini elçiliyə aparmaq üçün dəridən-qabıqdan çıxırlar, adlarını böyük ehtiramla çəkir, onun haqqında uzun-uzadı tostlar, bəlağətli təriflər söyləməyi özlərinə borc bilirlər.
Istənilən orta statistik azərbaycanlı üçün hansısa titullu insan müqəddəsdir, toxunulmazdır, siz onun yanında hansısa xalqsız xalq şairinə, xalqsız xalq yazıçısına, xalqsız xalq rəssamına, xalqsız xalq artistinə güldən ağır söz desəniz, az qala tutub ağzınızı cırar, əlacı olsa sizi yeddi yerə şaqqalayıb hər tikənizi qulağınız boyda eləyər. Daha həmin orta statistik azərbaycanlının vecinə deyil ki, sadalanan titullar, fəxri adlar bu ölkədə heç kimin yaratdığı sənət əsərinə-filana görə verilmir, bu titulların, fəxri adların arxasında onlara layiq görülənlərin ömrü boyu ağa qara, qaraya ağ, düzə əyri, əyriyə düz, pisə yaxşı, yaxşıya pis deməsi dayanır. Şərin yanında dayanması, zülmə züy tutması dayanır. Necə deyərlər, havayı pendir tələdə olur.
Ancaq siz başqa vaxt həmin orta statistik azərbaycanlıdan həqiqətin aliliyi, yalanın eybəcərliyi haqqında təntənəli nitqlər eşidə bilərsiniz. Soruşmaq da olmur: bəy dediyin nədi, bəyənmədiyin nə? Yalandan iyrənirsən, bəs yalançını niyə sevirsən, haqlı tənqiddən qoruyursan? Yaltaqlıqdan zəhlən gedir, bəs hansısa titulu, fəxri adı, şan-şöhrəti, sərvəti olan yaltağa niyə hörmətlə yanaşırsan, ona barmağının ucu ilə toxunmağı belə böyük xoşbəxtlik sayırsan?! Axı o nə pəhrizdir, bu nə alça turşusu?!
Axı necə olur, yaltaqlıq pisdir, amma yaltaq yaxşı?!
Axı necə olur, yalan pisdir, amma yalançı yaxşı?!
Axı necə olur, rüşvət pisdir, amma rüşvətxor yaxşı?!
Axı necə olur, uşaqkən övladlarının qənddandan icazəsiz qənd götürməsindən qeyzlənən, bunun adını “qənd oğurluğu” qoyub onları tənbeh edən, onların əlinə vuran azərbaycanlılar övladları böyüyüb bir iş-güc sahibi olunca onlardan “palaza bürünüb elnən sürünməyi” tələb edirlər, onlara “dövlətin malı dəniz, yeməyən donuz” janrında öyüd-nəsihətlər verirlər?!
Ha düşünürüəm, ha fikrimdə dağı arana, aranı dağa daşıyıram, bizim toplumda artıq adiləşmiş bu cür ikiləşmənin səbəbini anlamaqda çətinlik çəkirəm. Bu cür ikiləşmələrə ad qoya, onlara məntiqli bir izah tapa bilmirəm. Bircə onu bilirəm ki, bizim onillərdən bəridir başımıza gələnlər-gətirilənlər bir az da həmin ikiləşmələrin nəticəsidir, yalanı pisləyərkən yalançıya heyranlıq duymağımızın, rüşvətdən gileylənərkən rüşvətxoru hörmətli adam kimi məclislərimizin başında əyləşdirməyimizin, bir tərəfdən yaltaqlığa ikrahla, ironiya ilə yanaşarkən o biri tərəfdən hansısa yaltağın sağlığında əlini sıxmağı böyük şərəf hesab etməyimizin, öləndə arxasınca vedrə-vedrə göz yaşı tökməyimizin məntiqi sonluğudur.
Məndən bu qədər.
Sonrasını özünüz bilərsiniz.