“Bu hakimiyyətlə ölkənin böhrandan çıxışı yoxdur; hər işin ən pisini görürlər”
AXCP sədri Əli Kərimli hakimiyyəti indiki böhranlı vəziyyətdə düzgün siyasət yürütməməkdə ittiham edən və vətəndaşları təkcə sosial hüquqları yox, həm də ölkədə siyasi azadlıqların bərpası haqqında düşünməyə çağıran yazı yayıb. Onun feysbuk səhifəsində paylaşdığı yazını təqdim edirik:
Baxın, hakimiyyət hər şeyi tərsinə edir. İndi ixracatı stimullaşdırmaq lazımdır ki, ölkəyə neft satışından başqa yollarla da dollar gəlsin, bunlar isə olan az miqdarda dolları xalqdan necə gizlətməyi düşünürlər. Ölkənin qapılarını xaricdən gələn ucuz mallara açmaq lazımdır ki, buradakı daxili bazar bir az ucuzlaşsın, bunlar gömrük qaydalarını daha da sərtləşdirirlər, iki ay qabaq verilmiş fərmanı da ləğv edirlər. Sahibkarları dəstəkləmək lazımdır ki, onlar ticarəti canlandırıb, ölkədə bolluq və ucuzluq yaratsınlar, yerli istehsala baş vursunlar, amma bunlar sanki sahibkarları sona qədər məhv etmək istəyirlər. Xalqla dil tapmaq, dialoq içində olmaq lazımdır ki, sosial narazılıqlar xaosa çevrilməsin, bunlar isə dinc, əli yalın insanların üstünə silahla gedirlər, özləri xalqı təxribata çəkirlər. Bir sözlə, hər işin ən pisini, zərərlisini görürlər.
Bir halda ki, aclıq, çarəsizlik, yoxsulluq 100 minlərlə vətəndaşımızı ictimai-siyasi həyata yenidən qaytarır, çalışaq, hamımız birlikdə əvvəlki səhvləri etməyək. Aydındır ki, əksəriyyət üçün bu saat sosial tələblər daha vacibdir. İnsanlar praktik olaraq dolana bilmirlər. Ona görə biz də hökumətin qarşısında tez-tez konkret sosial tələblər qoyuruq. Yanacağın, unun, çörəyin qiymətinin dövlət səviyyəsində ucuzlaşdırılmasını, inhisarların ləğvilə bazarda başqa məhsulların da qiymətinin aşağı salınmasını, dollarla olan kreditlərin devalvasiyadan əvvəlki məzənnə ilə ödənilməsini və s. tələb edirik. Tələblərimiz öz yerində, amma unutmamalıyıq ki, əvvəla, bu hökumətin bu tələbləri yerinə yetirmək ehtimalı yox dərəcəsindədir, ikincisi, hətta hökumət çarəsizlikdən bu tələblərin hansınısa qəbul etsə də, müvəqqəti effekt ola bilər. Bu hakimiyyətlə ölkənin böhrandan çıxışı yoxdur.
Ölkəni böhrandan çıxarmaq üçün indiki hakimiyyətin nə bacarığı, nə iradəsi var. Üstəlik, istənilən hökumətə ciddi islahatlar həyata keçirmək üçün ictimai etimad lazımdır ki, bu hökumətə həmin etimad da yoxdur. Beləliklə, sosial tələblərimizlə paralel ölkədə azadlıqların bərqərar edilməsini, xüsusilə ölkənin hər yerində insanların sərbəst toplaşmaq azadlığının, mətbuat azadlığının təmin olunmasını, yeni parlament seçkiləri keçirilməsini, dərin siyasi islahatlar aparılmasını da tələb etməliyik. Mübarizəni isə yalnız dinc vasitələrlə aparmalıyıq, əks təqdirdə, hiyləgər hakimiyyət bəhanə tapıb repressiyaları artıra bilər. Ən vacibi isə mübarizədə ardıcıl olmalıyıq. Mübarizəmiz “bir atımlıq barıt” misalı olmalı deyil. Çətinliklə qarşılaşdıqda ruhdan düşməli deyilik. Davamlı və qətiyyətli mübarizəmizlə uğur qazanacağımıza, özümüzə, millətimizə inanmalıyıq!