Bu hakimiyyətdən bəhrələnib xalqın, dövlətin sərvətini oğurlayanlar, talayanlar, ildə 1-2 ay yaşayacaqları, bəlkə də heç vaxt yaşamayacaqları yüzlərlə villa alan, tikdirən məmurlar, əmək haqları 2 min manatdan artıq olmayan , lakin milyonlarla dəyəri olan obyektlərə sahib olan orta səviyyəli məmurlar, eləcə də sərvəti milyardlarla hesablanan oliqarxlarla sadə vətəndaşlar nə üçün indiki vəziyyətdə eyni məsuliyyəti daşımalı, eyni taleni bölüşməlidirlər?
Niyə?
Oğruların, quldurların əvəzindən mənim millətim niyə əziyyət çəkməli, balasının boğazından son tikəsini kəsib bu quldurların vurduğu ziyanı ödəməlidir?
Niyə?
Hər rayonda, Respublikamızın səfalı guşələrində milyonlarla xərc çəkib dəbdəbəli və heç kimə lazım olmayan fantastik layihələrlə villalar tikdirən sizlərin əvəzinə bu zavallı xalq niyə cəzalandırılmalıdır?
Niyə?
Cənablar, zəhmət çəkin oğurladıqlarınızı geri qaytarın.
Bu dövləti neftin qiymətinin düşməsi yox, sizin talançılığınız bu günə saldı.
Bu məmləkətdə yüz minlərlə gənc evsiz, işsizikən sizin yüzlərlə villa və obyektləriniz, minlərlə mənziliniz haradandır?
Hansı pullarla alınıb bunlar?
Nəyinizə lazım idi bu əmlaklar ki, heç vaxt istifadə etməyəcəksiniz. Budur sizin tamahkirliyinizin, acgözlüyünüzün, harınlıq və alçaqlığınızın nəticəsi!
Sizə görə mənim millətim əziyyət çəkməyəcək.
Buna arxayın olun!
Vurduğunuz ziyanı ödəyəcəksiniz. Ya xoşluqla, ya da qanunun gücü ilə, ancaq mütləq ödəyəcəksiniz. Bu gün də olmasa, sabah ödəyəcəksiniz.
Bu gəmini batıran sizlərsiz. Bizim bir tikə çörəyimiz, sizin milyardlarınız batacaq.
Zəhmət çəkin xarici ölkələrdə gizlətdiyiniz varidatınızın, Azərbaycanda olan, lakin heç vaxt sizə lazım olmayacaq mülklərinizin hesabına bu gəmini xilas edin.
Unutmayın: ac qılınca çırpar özünü.
Xalqın əsəblərini, səbrini bunca sınağa çəkməyin.
01.01.2016