Əziz həmvətənlər!

Əziz həmvətənlər!
Manatın devalvasiyası ilə bağlı yaranmış ağır iqtisadi-sosial durumdan sui-istifadə edərək, bəzi insanlar “facebook” və sair sosial şəbəkələr vasitəsilə adamları kortəbii etirazlara, küçələrə səsləyirlər.
Bu hakimiyyətdən əzab çəkənlərdən biri də mən və mənim ailəmdir. H.Əliyevin vaxtında 5 il, İlham Əliyevin vaxtında da 3 il, tam qanunsuz və əsassız olaraq, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişəm. Birinci dəfə cəzamın tamın, ikinci dəfə bir il yeddi ayını ümumi rejimli cəzaçəkmə müssisəsində çəkmişəm. Bu dövrdə mənə yüz min manatlarla maddi ziyan dəyib. Ailəmin və özümün çəkdiyi mənəvi əzabları isə heç vaxt və heç nə ilə aradan qaldırmaq mümkün deyil. Ancaq…
İnsanları kortəbii qaydada küçələrə çağıranların arasında, bunu səmimi olaraq öz fikrilə edənlər olduğu kimi, rejim nökərləri də var və şəxsən mən buna şübhə etmirəm. Məqsəd zəif təşkilatlanmış insanları döydürüb, həbs etdirib cəmiyyətdə olan mövcud xofu bərkitmək, milləti gözüqıpıq etməkdir. Son 20 ilin acı təcrübəsi göz qabağındadır. Yüzlərlə gəncimiz, qadınlarımız, ağsaqqallarımız həbsxanalarda, rejim isə əvvəlki kimi öz işindədir.
Kortəbii etirazların xalqlara, millətlərə, dövlətlərə nə yaşatdığı hamıya bəllidir.
İndi yaranmış vəziyyətə görə hakimiyyətin 100 faiz günahı olduğu kimi, bizim də bir millət olaraq günahımız az deyil. Biz də öz yaltaqlığımız, qorxaqlığımız, saxtakarlıqlara meylimiz, biganəliyimizlə bu vəziyyətin yaranmasına imkan vermişik.
Ya zəlzələdən, ya vəlvələdən, indiki duruma düşmüşük! Təqsirkarlardan hesab sormaqla yanaşı, biz həm də vəziyyətdən çıxmağın optimal, ən az ziyanlı yollarını tapmalıyıq.
Yenə də əvvəlki kimi, “eh, mənə nə”, “əşi, nə xeyri, öz bildiklərini edəcəklər” və sair bəhanələrlə seyrçi qalacağıqsa, vəziyyətimiz daha da ağırlaşacaq oğrular öz əməllərini davam etdirəcəklər.
Günlərin birində isə, xalqı küçələrə çağıranlar öz niyyətlərinə çatacaq, süfrəsində yavan çörəyi də yoxa çıxan KÜTLƏ təbii fəlakət kimi qarşısına çıxan hər şeyi məhv edəcəkdir.
Düşünürəm ki, biz əl-ələ verib, son anadək bu hakimiyyəti zəruri islahatlara getməyə: monopoliyanı təcili götürməyə, istehsal sahəsi yaradan və mal və xidmətlərin ixracı ilə məşğul olan iş adamlarını ən azı 5 il müddətinə bütün vergilərdən azad etməyə, gömrük işləmlərini sadələşdirməyə, korrupsiyanı dərhal yığışdırmağa, rüşvətə qarşı real mübarizə aparmağa məcbur etməliyik. Bununçün təşkilatlanmalıyıq. Bir yumruq kimi birləşməliyik. Şərtlər imkan verən kimi, mitinq, küçə yürüşləri və sair qanuni yollarla öz tələblərimizi hakimiyyətə qəbul etdirməliyik.
Vətənimizi dağıtmağa, yandırmağa, yadellilərin işğalına verməyə, onların yem bazasına çevirməyə həmişə hazır olan qüvvələr bizsiz də var.
Sizi sağduyulu olmağa, provokasiyalara uymamağa, dövlətimizə sahib çıxmağa çağırıram.

 

24.12.2015

 4,080 dəfə ümumi oxunub,  8 dəfəsi bu günə aiddir.