Allah ümidinə buraxılmış ölkə- Türkiyə
Heydər Oğuz
mektub@heyderoguz.com
“Türkiyə 2026-cı ilə qədər özünün milli raketdən müdafiə sistemini quracaq”.
Strateq.az xəbər verir ki, bunu Türkiyənin Müdafiə Sənayesi naziri İsmayıl Dəmir bildirib.
İsmayıl Dəmirin sözlərinə görə, tamamilə yerli istehsal gücünə söykənən həmin müdafiə sistemləri NATO-nun “Patriot”larından və Ankaranın bir müddət əvvəl Çinlə bərabər qurmağa çalışıdığı raket qurğularından daha yaxşı göstəricilərə malik olacaq.
Qeyd edək ki, dörd tərəfdən düşmənlərlə əhatələnən və son zamanlar Rusiya ilə münasibətləri korlananTürkiyənin öz raketdənmüdafiə sistemləri yox kimidir. Əsgər sayına görə NATO-nun ABŞ-dan sonra ikinci böyük ordusuna sahib olmasına baxmayaraq, qardaş ölkə bütün ümidini müttəfiqlərinə bağlayıb:Yəni lazım gələrsə, NATO qüvvələri Türkiyəni düşmən hücumlarından qorumaq üçün öz “Partriot”larını qardaş ölkəyə göndərəcəklər. Amma müttəfiqlər bu vaxtadək tələb olunan yardımı elə göndəriblər ki, göndərməsəylərdi, bundan daha abırlı olardı.
Belə ki, bu cür hadisə Türkiyənin NATO üzvü olmasından bəri cəmi 2 dəfə yaşanıb: 1991-ci ilin Körfəz müharibəsində və 2013-cü ildə Dəməşqlə Ankara arasında təyyarə skandalı çıxanda. Xüsusilə 2013-cü ildə Türkiyənin müttəfiq yardımına bağladığı ümidin boş bir xəyaldan ibarət olduğu anlaşıldı. 2013-cü ildə bu ölkəyə Qərb ölkələrinin göndərdikləri “Patriot”lar əsl təhlükə yarandığı zaman – Rusiyanın Suriyaya hərbi müdaxiləsindən sonra geri çəkildi.
Maraqlıdır ki, müttəfiqini müdafiəsiz qoyan ilk dövlət də elə bu zamana qədər Ankaranın başının altına yastıq qoyan ABŞ oldu. Öz “Patriot”larını “təhlükə yoxdur” bəhanəsilə geri çəkən ABŞ-dan sonra digər NATO ölkələri də eyni addımı atdı. Ankaraya isə ölkəni qorumaq üçün Aralıq dənizində lövbər salan ABŞ-ın hərbi gəmisi “Aegis”-ə ümid bağlaması tövsiyə edildi. Halbuki o boyda ölkəni bir gəminin qoruyacağını iddia etmək uşaq başı aldatmaqdan fərqli bir şey deyildi. Üstəlik, “Aegis” gəmisi Türkiyənin yox, Yunanıstan və İtaliyanın dəniz sərhədlərində dayanacaq, lazım gəldiyi anda (“lazım”ın nə qədər astayerişli olduğuna isə Azərbaycan xalqı türkiyəli soydaşlarından daha yaxşı bələddirlər) qardaş ölkənin yardımına tələsəcəkdi. İtaliyadan və ya Yunanıstandan Türkiyəyə qədər gəlməyin nə qədər çəkəcəyi məsələnin yalnız bir tərəfi idi. Ən təhlükəli məqam bütün müdafiə sistemləri kimi, “Aegis” gəmisinin də qüsursuz olmamasıdır və yalnız bir gəminin qabiliyyətinə bel bağlamaq böyük fəlakətlərə yol aça bilər.
Müdafiə məsələsində müttəfiqə bağlanan ümidin bu xəyal qırıqlığı Ankaranı özünəməxsus raketdənmüdafiə sistemləri qurmağa təşviq etməliydi. Görünür, Türkiyənin Müdafiə Sənayesi rəhbərinin dilə gətirdiyi fikirlər də bu ehtiyacdan doğur.
Əslində Türkiyə bu çatışmazlığının fərqinə yenicə varmayıb. Ölkənin MEF Universiteti Politologiya və Beynəlxalq Əlaqələr kafedrasının müdiri Mustafa Kibaroğlunun “Əl-Cəzirə”yə verdiyi açıqlamada dilə gətirilən aşağıdakı fikirlər də bunu təsdiqləyir: “Bu məsələ ilə bağlı ABŞ-la uzun zaman müzakirə aparıldı. Amerikanın “gəlin, bərabər hazırlayaq” kimi təklifləri isə sözdən o tərəfə keçmədi. 1991-ci ildə NATO-dan raket batareyaları istəyəndə müttəfiqlərin bu məsələdə istəkli davranmadıqları ortaya çıxdı. Tələbimiz gec yerinə yetirildi. Göndərilən silahların çoxusu isə artıq köhnəlmişdi. 2003-cü ildə isə NATO-dakı müttəfiqlərimiz “bu savaş ABŞ-ın gərəksiz müdaxiləsi səbəbindən çıxacaq, legitim bir müharibə olmayacağı üçün, biz Türkiyəyə qarşı NATO öhdəliklərini yerinə yetirmək məcburiyyətində deyilik” dedilər. Keçmişdə də NATO özünü təhlükədə hiss edən Türkiyəyə yetərli təminat verməmişdi”.
Türkiyə müttəfiqlərinə bağladıqları ümidlər özünü doğrultmayınca, məcburən Çinlə ortaq raket istehsalına qərar verdi. 2014-cü ildə iki dövlət arasında imzalanan müqaviləyə əsasən, Çinin CPMİES şirkəti ehtiyat hissələrinin yarısını Türkiyə, yarısını isə öz istehsalına söykənərək, qardaş ölkənin müdafiə sistemlərini yaratmaq öhdəliyini boynuna götürdü. Ankaranın hesablamalarında 4 milyard dollara başa gələcəyi proqnozlaşdırılan bu məqsədi reallaşdırmaq üçün Çin şirkəti cəmi 3 milyard dollarlıq vəsait tələb etdi. Gözlədiyindən 25% ucuz başa gələcək bu təklif Ankara üçün də göydəndüşmə idi.
İntəhası, bu plana da NATO imkan vermədi. Bəhanəsi isə NATO üzvü olmayan bir ölkənin istehsal etdiyi raketlərin ittifaqın təhlükəsizlik sistemlərinə inteqrasiya oluna bilməyəcəyi və hərbi sirlərin başqa ələ keçmə ehtimalıyla bağlıydı. Dolayısıyla, Türkiyəyə “Ya Çinlə, ya bizimlə ol” deyildi. Bu qədər çətin anında NATO-dan kənara atılmasını özü üçün yırtıcılarla dolu cəngəlliyə atılmaq anlamına gələcəyini dərk edən Türkiyə, sonunda, Çinlə qol-boyun olmaqdan vaz keçdi.
Beləcə, daş qayaya rast gəldiyindən, Türkiyənin öz silahlarını özü istehsal etməkdən başqa çarəsi qalmadı. Onun indiyə qədər bu istiqamətdə atdığı addımlar isə kifayət qədər ləngliyilə seçilir. Qonşu İran ötən illər boyunca 2000, hətta 3000 km mənzilli raketlərini sınaqdan çıxarmağı bacarsa da, Türkiyənin bu müddət ərzində istehsal etməyi planlaşdırdığı HİSAR-A və HİSAR-0 tipli raketlərin mənzili xeyli qısadır.
2014-cü ildə Duz gölündə uğurla sınaqdan çıxarıldığı bildirilən ortamənzilli HİSAR-0-nun vuruş məsafəsi cəmi 25 km, uçuş məsafəsi isə 10 km-dir. Hisar-A qısamənzilli raket olduğundan onun məharəti isə 5 km yuxarıya, 10 km isə üfiqi uçmağa çatır. Bu isə hətta Suriyanın əlindəki rus istehsalı “Skad”lararla belə müqayisə edilməyəcək güc deməkdir. HİSAR-lar İranın hətta Yunanıstanı vurmaq qabiliyyətinə malik olan 2000 km mənzilli Fəcr-3, Şahab-3, Qədr-1, Saçil tipli raketləriylə ümumiyyətlə müqayisə belə edilə bilməzlər. Biz hələ təyyarəsi vurularaq düşmənə çevrilən Rusiyanın hərbi qüdrətindən danışmırıq. Ən pisi isə odur ki, sınaqdan uğurla çıxarılmasına baxmayaraq, ilk türk milli raketlərinin kütləvi istehsalı hələ 2017-ci ildə tamamlanacaq.
Türkiyənin hərbi sənaye kompleksinin rəhbərinin mətbuata açıqlamaları qardaş ölkənin havadan müdafiəsinin 10 ildən sonra Çin istehsalı olan raket qurğularından, hətta NATO-nun artıq köhnəlmiş “Patriot”larından daha mükəmməl olacağına ümid verir. 10 il isə az müddət deyil və Yaxın Şərq hər an nə baş verəcəyi bəlli olmayan məkana çevrilib.
Prinsipcə, Türkiyənin Müdafiə Sənayesinin rəhbərləri də bu çətinliyin fərqindədirlər. İsmayıl Dəmirin keçirdiyi brifinqdə dilə gətirdiyi aşağıdakı fikirlər də bunu təsdiqləyir və qardaş ölkənin təhlükələrlə dolu 10 ili Allahın ümidinə keçirməyə məhkum olduğundan xəbər verir: “”Bu fəaliyyət 3 ildə nəticələnər və biz hava müdafiə sistemi qurarıq” desək, həddindən artıq optimizm nümayiş etdirmiş olarıq. Bu milli proje 5-10 il ərzində ərsəyə gələ biləcək”.
Heydər Oğuz
Strateq.az